Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Əylisin ikinci gözəgəlimli ermənisi hamının “Anıx” dediyi Anikoydu



Yüklə 192,11 Kb.
səhifə6/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   2   3   4   5   6   7   8   9   ...   71
Cərrahiyyə otağının ikitaylı qapısı örtüləndən sonra Nüvariş Qarabağlı elə bil birdən-birə dünyadan büsbütün təcrid olundu.

Uzun, alaqaranlıq koridorda bir qəribə, ürəksıxan qəbiristanlıq ab-havası vardı. İşıq yanmırdı. Adam gözə dəymirdi. Dəhlizin o biri başındakı iri, laybalay pəncərələr də eşiyin işığını içəriyə buraxmırdı: pəncərələri ya möhkəm toz basmışdı, ya da hava, hələ axşam düşməmiş qaralmışdı.

Koridorun bircə yerində - şüşəbənd tikilidən bir qədər aralıdakı qapının ağzında bir yekə skamya gözə dəyirdi. Dəhlizdə ondan savayı oturmağa yer yox idi. Və yavaş-yavaş o skamyaya sarı gedən Nüvariş Qarabağlının başı hərlənirdi, ürəyi bulanırdı. Bayaqdan siqaret çəkmək istəyirdi, ancaq əlini uzadıb siqaret qutusnu cibindən çıxarmağa da ərdəmi gəlmirdi, gücü çatmırdı.

Skamyaya yaxınlaşanda qapının bir tərəfində alt-alta divara vurulmuş iki yazılı lövhə diqqətini cəlb elədi. Üstdəki lövhədə iri, qara hərflərlə: “ОТДЕЛ ТРАВМАТОЛОГИ И ХИРУРГИИ”, altdakı lövhədə nisbətən kiçik hərflərlə “Зав.отдел ФАРЗАНИ Фарид Гасанович” sözləri yazılmışdı və doktor Fərzaninin kabinetinin qapısı açıq idi.

Oturub dincəlməyə əşhədi-ehtiyacı olsa da, Nüvariş Qarabağlı həkimin kabineti ağzındakı o skamyada oturmaqdan vaz keçdi. Ona elə gəldi ki, əgər otursa, bir də heç vaxt ayağa dura bilməyəcək. Açıq qapının arasından qorxa-qorxa kabinetin içərisinə baxdı: bir stol, bir-iki köhnə stul, divan, seyf, soyuducu, xırdaca köhnə televizor, elektrik çaydanı, əlüzyuyan... Cibindən siqaret çıxartdı, ancaq onu yandırıb çəkməyə yenə ürək eləmədi. Ürəyi bulana-bulana pəncərəyə tərəf getdi və hələ pəncərənin yanına çatmamış cərrahiyyə otağının bu biri tərəfində də bir uzun koridor olduğunu gördü. Girişində doktor Fərzaninin kabineti yerləşən o boş koridordan fərqli olaraq, bu koridorun çoxlu pəncərələri vardı və koridor boyunca yan-yana düzülmüş palataların nömrələnmiş göy qapılarının hər biri o pəncərələrdən birinin kül rəngli tutqun işığına baxırdı.

Pəncərələrdən birinin qabağında ayağının biri gipsə salınmış bir oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Bir nəfər qolu sarıqlı yaşlı qadın palatalardan birinin açıq qapısı qabağında dayanmışdı. Koridorda bu iki adamdan savayı ins-cins gözə dəymirdi.

Nüvariş Qarabağlı bayaqdan əlində saxladığı siqaretini yandırdı, ancaq tüstünü bircə qüllab nəfəsinə çəkən kimi gözlərinə qapqara tor gəldi. Qəfildən yıxılacağından qorxub, divardan yapışa-yapışa özünü həkimin qapısı qabağındakı skamyaya çatdırdı. Və o skamyada bir xeyli oturandan sonra onun gözlərinə gələn o tor seyrəlib, yavaş-yavaş çəkilib getdi.

Nüvariş Qarabağlı gözlərinin qaralmağından narahat deyildi. Buna öyrəncəliydi.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin