Azərbaycanın dəmir yolu nəqliyyatı
Azərbaycanda dəmir yolu nəqliyyatı-qədim tarixə malikdir və əsas nəqliyyat vasitələrindən biri sayılır. Ölkə üzrə yük daşımalarının 40%-ə qədəri, sərnişin daşımaların isə 25%-ə qədəri dəmir yolunun payına düşür. Dəmir yollarının ümumi uzunluğu
2820 km-dir. Ondan 2068 km-i ümumi istifadədədir və bunun 1240 km-i elektrikləşdirilmişdir. Ölkənin metropoliteni Bakı şəhərində fəaliyyət göstərir və ümumi uzunluğu 34,6 km-dir. 2013-cü ilin yekunu üzrə dəmir yolu vasitəsi ilə yükdaşımaların həcmi 23,1 mln.ton olmuşdur. Həmin il üzrə dəmir yolunda yük dövriyyəsinin ümumi həcmi 8 mln. ton-km-ə yaxın təşkil etmişdir. Daşınan sərnişinlərin sayı isə 2,5 mln. nəfər olmuşdur. 2013-cü ilin yekununda ölkənin dəmir yolu üzrə əldə etdiyi gəlirlərin məbləği 223,3 mln. manat təşkil etmişdir. İl ərzində dəmir yoluna çəkilən xərclərin ümumi məbləği 146,4 mln. manat təşkil etmişdir. Ölkənin dəmir yolu sistemində 11,9 min nəfər, metropolitendə isə 4,9 min nəfər işləyir. Dəmir yolu üzrə orta aylıq əmək haqqı 239 manata yaxın, metropolitendə isə 576 manata yaxın olmuşdur. 2013-cü ildə dəmir yolu nəqliyyatına 5,9 mln. manat investisiya yönəldilmişdir. Dəmir yolunda yük vaqonlarının sayı 17,9 min ədəd, sərnişin vaqonlarının sayı 669 ədəd və konteynerlərin sayı isə 3 min ədəddən çoxdur.
Son illər ərzində Azərbaycan Respublikasının Nazirlər kabineti, Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("ADY" QSC) beynəlxalq məsləhətçilərin iştirakı ilə dəmir yolunun müasirləşdirilməsi tədbirləri gücləndirilmişdir. Azərbaycan dəmir yollarında etibarlılıq, qiymət və keyfiyyət baxımından daşımalarda müasir tələbata cavab verən yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün kompleks tədbirlər müəyyənləşdirilmişdir. Qeyd olunan problemlərin həll edilməsi məqsədilə "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 - 2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində dəmir yolu infrastrukturunun və hərəkət heyəti parkının yeniləşdirilməsi üzrə tədbirlər və başlanılmış islahatların davam etdirilməsinin, dəmir yolunda normativ-hüquqi bazanın təkmilləşdirilməsinin və dəmir yolu kadrlarının hazırlığının əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |