ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


MİSKİN VƏLİNİN TƏCNİSLƏRİ



Yüklə 1,28 Mb.
səhifə6/14
tarix31.01.2017
ölçüsü1,28 Mb.
#7185
1   2   3   4   5   6   7   8   9   ...   14

MİSKİN VƏLİNİN TƏCNİSLƏRİ

Qərb zonası aşıq mühitinin son yüzillikdə yetişən ustad sənətkar­la­rından biri Miskin Vəlidir. Bu böyüklüyü ilkin olaraq onun zəngin yaradıcılığı diqtə edir. Çünki bu ustad aşıq şeirinin müxtəlif janrlarında kifa­yət qədər mükəmməl sənət nümunələri yaratmışdır. Həmin mükəm­məlliyin göstəricisi isə xalqın yaddaşında yaşam haqqı qazanma­dır. Miskin Vəli bu haqqı çox erkən yaşlarından qazanmış ustadlardandır. Aşıqlığa qədəm qoyduğu ilk günlərdən eldə-obada məşhurlaşmışdır. O, yara­dıcılığının ilk çağlarından Gədəbəy və Şəmkirdə məclislər aparmaqla tanın­mağa başlamışdır. 1930-cu ildən sonra isə tanınmış ustad aşıq və hazır­cavab bir şair kimi el arasında ad-san, hörmət qazanmışdır. (2, 414).

Onun bədahətən dediyi şeirlər az keçməmişdir ki, eldə-obada camaat arasında yayılmışdır. Həmin nümunələrin böyük bir qismi indi də məc­lis­lərdə, xalq arasında yaşayır. Çox təəssüflər olsun ki, bu zəngin yaradıcılıq indiyə qədər bütövlükdə yaddaşlardan köçürülüb yazıya gətirilməmişdir. Düzdür, bu istiqamətdə müəyyən işlər görülmüş, az da olsa, fikirlər söylənmişdir. Hə­min böyük işin başlanğıcı keçən əsrin otuzuncu illərində görkəmli folklor­şünasımız, xalq ədəbiyyatının yorulmaz toplayıcısı H. Əlizadə tərəfindən qoyulmuşdur. Sonrakı çağlarda nədənsə bir neçə onillik ərzində bu sənətkarın şeirlərinin nəşri istiqamətində heç bir addım atılmamışdır. Ancaq yetmi­şinci illərdən başlayaraq ayrı-ayrı toplularda Miskin Vəli yaradıcılığından bəzi nümunələr, haqqında kiçik qeydlər verilmişdir. Son iki onillikdə isə bu iş bir qədər artan istiqamətdə nəzərə çarpır. Bu, ilk öncə Azərbaycanın müstəqilliyindən sonra aparılan uğurlu işlərin bir hissəsi kimi görünür. Çünki müstəqillik bütün sahələrə olduğu kimi, xalq ədəbiyyatımıza da bir canlanma, yeni ruh gətirdi. Ən başlıcası isə, bütün müstəvilərdə millilik düşüncəsi aparıcı müstəviyə keçdi. Xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi istiqamətində gərəkli addımlar atıldı. Köhnə nəşrlərin təkrar çapı prosesi getdi və bu gün də davam edir. Regional folklorşünaslığın öyrənilməsinə xüsusi diqqət yetirildi. Aşıq yaradıcılığı bu prosesdə bir sıra yeni nəşrlərlə zənginləşdi. Ayrı-ayrı mühitlərin, ustad sənətkarların tədqi­qi istiqamətində gərəkli addımlar atıldı. Miskin Vəlinin yaradıcılığı da həmin sıradadır. Belə ki, mətbuat orqanlarında bu ustadla bağlı bir-birin­dən maraqlı məqalələr dərc olundu. Şeirlərindən nümunələr verildi. Son olaraq «İki ustad» adlı şeirlərindən ibarət toplu çap olundu. Bunların hamı­sı ustadın yaradıcılığına olan böyük sevginin ifadəsidir. Bu rəğbət günü-gündən artmaqdadır. Düzdür, həmin toplu ustadın yaradıcılığının bir hissəsini əhatə edir. Onun xalq arasında çap olunmamış onlarla şeiri yaşayır. Ancaq bu Miskin Vəlinin böyük­lüyünü Azərbaycan ictimaiyyə­tinə, bütövlükdə Türk dünyasına təqdim etmək anlamında da çox gərəkli addımdır. Heç şübhəsiz, gələcəkdə də hə­min işlər davam etdiriləcək, mət­buatda çap olunmayan şeirləri, haqqında dolaşan hekayətlər xalq arasın­dan toplanaraq ayrı-ayrı kitablarda özünə yer tapacaqdır. Bu, klassiklə­rimiz üçün xarakterik haldır.

Onun yaradıcılığı mövzu rəngarəngliyindən tutmuş, forma rənga­rəng­liyinə qədər da­vam edir. Dövrün ictimai-siyasi vəziyyəti, vətən, tor­paq sevgisi, təmiz insan məhəbbətinin təcəssümü, dünya, zaman haqqında düşüncələr ardıcıl olaraq aşıq poeziyasında yaşanır. Miskin Vəlinin yara­dıcılığında da bu rəngarənglik özünə yer tapır. Dediyimiz kimi, digər is­tiqamət forma zənginliyidir. Miskin Vəli aşıq şeirinin müxtəlif forma­larında qələmini sınamış, bir-birindən gözəl sənət nümunələri yaratmış ustaddır. Deyilənə görə, «Aşıq Vəli klassik aşıq sənətini, şeir və dastanları mükəmməl bilir və çox ustalıqla ifa edirdi. Onun şeir xəzinəsi zəngindir, onlardan yalnız bir qismi çap edilmişdir. Miskin Vəli aşıq şeirinin bir çox şəkillərindən istifadə etmişdir. O, həm də ustadnamə müəllifi kimi tanın­mışdır» (2, 414). Onun əlimizdə olan şeirləri bunu aydın göstərir. Eyni zamanda usta­dın yaradıcı imkanlarını ortaya qoyur. Həmin nümunələr digər istiqamətdə araşdırılma zərurətində görünür, aşıq şeirinin əski za­man­larından gələn in­ki­şa­fında nələrə qadirliyini aydınlaşdırmağa imkan verir. Miskin Vəlinin qoşmaları, gəraylıları, təcnisləri, müxəmməsləri, di­vaniləri, qıfılbəndləri – hər biri özlüyündə tədqiqatlar problemidir. Burada ustadın yaradıcılıq imkanları müəyyənləşir. Ustad kimi aşıq yaradıcı­lığında hansı mərtəbədə dayanması aydınlaşır. Onu da qeyd edək ki, Mis­kin Vəli aşıq ədəbiyyatı­mızın, xalq şeirinin ensiklopediyası kimi səciyyə­lənir. Onun hafizəsində neçə-neçə klassik dastan nümunələri, əski hava­catlar özünə yer tapmışdır. Məhz bunun nəticəsi idi ki, ustadlar hansısa problem olan məqamlarda ona müraciət edib bir sıra dəqiqləşdirmələr aparmışlar. Məlum olduğu kimi, Miskin Vəli heç bir təhsil görməmişdir. Ancaq əlimizə gəlib çatan şeirləri, sözün həqiqi mənasında mükəmməl sənət nümunəsidir. Aşıq şeirinin müxtəlif şəkillərində yaratdığı nümunələr onun zəngin yaradıcı qabiliy­yətə malik olduğunu diqtə edir. Ustad­namələri, qıfılbəndləri, təcnisləri bu mənada xüsusi maraq doğurur.

Təcnis aşıq yaradıcılığında mürəkkəb struk­tur­lu şeir şəklidir. «Lirik janrın nisbətən az yayılmış şəkillərindən biri»dir (3, 175). H.Əlizadə, V. Xuluflu, H. Arif, M. Həkimov, V. Vəliyev, P. Əfəndiyev, Q. Namazov, Q. Vəkilov, M. Allahmanlı və baş­qaları təcnisin strukturu, semantikası ilə bağlı bir-birindən maraqlı fikirlər söyləyiblər. Folklorşünas alim E. Məm­mədli isə təcnisləri bir problem kimi dissertasiya səviyyəsində araşdırıb. Bu forma aşıqdan xüsusi məharət tələb edir. Miskin Vəli bu formada bir-birindən gözəd nümunələr yarada bilmişdir. Onun dodaqdəyməzləri, cığalı təcnisləri, dodaqdəyməz cığalı təcnisləri bu mənada çox məsələləri diqtə edir. Bir növ iyirminci əsrdə ənənənin uğurlu davamı kimi dəyər kəsb edir. Məlum olduğu kimi, klas­sik ədəbiyyatımızda, həm aşıq yaradıcılı­ğın­da, həm də el şairlərinin yara­dı­cılığında kifayət qədər mükəmməl təcnis nümunələri vardır. Qurbaninin, Abbas Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Valehin, Aşıq Alının, Dədə Ələsgərin yaradıcı­lığında böyük bir hissəni müxtəlif formalı təcnislər təşkil edir. Onlar bu nümunələrlə türk şeirinin inkişafına özləri­nin əlavələrini ediblər. Hətta bəzi sənətkarlar müxtəlif formalı şeirlərin ustadı kimi aşıq şeirimizdə məşhurlaşmışlar. Məsələn, Sarı Aşıq bayatı ustadı, Aşıq Alı Təcnis Alı kimi ad-san qazanıb.

İyirminci əsrdə bu ənənə ustad­ların yaradıcılığında bir istiqamət kimi davam etdirilir. Molla Cümə, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Ağdabanlı Qurban və başqa­ları XIX əsrlə ХХ əsrin hüdüdunda özlərinin klassik sə­nət nümunələrini yaradıblar və bir növ bu yaradı­cı­lıqları ilə ustadların yolunun davamçısına çevriliblər. Нəmin ustadların yaradıcılığının uğurlu davamçısı kimi Miskin Vəli aşıq şeirimizdə mü­hüm dəyər qazanır. Bunu, ilk növbədə, onun deyişmələri, ustadnamələri, qıfılbəndləri, son olaraq təcnisləri göstərir. Bu nümunələr onu diqtə edir ki, Miskin Vəli dərsini pirindən almış sənətkarlardandır. Çünki əlimizdə olan şeirlər hadisə və dəlillərin mükəmməlliyi ilə xarakterik təsir bağış­layır. «Yenə» rədifli təcnisi klassik aşıq şeirimizin mükəmməl nümunə­lərindəndir. Burada fikrin mükəmməlliyi, sözün dəqiqliyi var:

Bu sinəmdi, bu yarası, bu dağı,

Ya insaf et, ya dəfn eylə bu dağı,

Leyli də, Məcnun da gəzmiş bu dağı,

Fərhad Şirin deyib budağlar yenə (1, 68).

Məlum olduğu kimi, «təcnis Azərbaycan aşıq yaradıcılığında ən çox müraciət olunan şeir formasıdır. Təcnisdə qafiyələr cinas sözlərdən dü­zəlir. Ustad aşıqlar öz yaradıcılıqlarında bütün şeir formalarında təcnis yarat­mış­lar. Təcnisin aşağıdakı formaları vardır: «Təcnis» («Qara təc­nis»), «Ba­yatı təcnis», «Gəraylı təcnis», «Xətəngi təcnis», «Ayaqlı təcnis» («Müs­təzad-səqir təcnis»), «Cığalı təcnis», « «Nəfəsçəkmə təcnis», «Do­daq­­­dəyməz təcnis», «Zəncirləmə təcnis», «Öyüdləmə cığalı təcnis», «Əv­vəl-axır hərf üstə təcnis». Bütün təcnislər öyüdləmələr, nəsi­hətlər, atalar sözü və məsəllər üzərində qurulur» (4, 335-336). Bu yüksək əxlaqi də­yər­lər yuxarıdakı nümunədə də aydın görünür. Doğrudan da belədir. Ustad sənətkar tarixi hekayətləri, əfsanələri şeirə gətirməklə ideal sevgi düşüncəsini, onun ağrılarını xatırlayır. Həmin əzabların şairin hiss və duy­ğular aləmindən keçməsini aydın ifadə edir. Leylinin, Məcnunun, Şirinin, Fərhadın məhəbbət simvolu kimi yaddaşlarda yaşamasını aydın vurğu­la­yır. Eyni zamanda son olaraq həmin ideallığın təbliğatçısı təsiri bağışlayır, və «bu sinəmdi, bu yarası, bu dağı» deyərək sevgilisinə vəziyyətini, çək­diyi ağrıları göstərməyə çalışır. Bundan sonra «ya insaf et, ya da dəfn eylə bu dağı» qənaətinə gəlir. Ancaq onu da qeyd edək ki, məhəb­bət dağının dəfn olunması görünmür. O, aşiq üçün bir əzaba çevrilir, onun varlığına, düşüncəsinə hakim kəsilir. Bütün məqam­lar­da yol yoldaşı olur. Axşamlar, səhərlər onunla birgə gəlir. Şeirin son­rakı bəndində oxuyuruq:

Vəli ağlar, yandı oda sinəmə,

Tifil sızlar, nalə çəkər sinəmə,

Bir bivəfa yar əlindən sinəmə,

Çəkildi çal-çarpaz bu dağlar yenə (1, 68)

Göründüyü kimi, bu bənddə ustad öz hiss və duyğularını «sinəmə» sö­zünün çalarları üzərində ifadə etməyə çalışmışdır. Burada Miskin Vəli odanın qəlb ağrılarından yandığını, bir bivəfa yarın hansı dağlar çəkdiyini və s. məqamları aydın ifadə edir. Bu poetik məqamlar ustadın digər şeir­lə­rində də daşınır. Məsələn, «İndi» rədifli təcnis həmin ənənənin davamlı inkişafıdır. Daha doğrusu, bir düşüncənin müxtəlif dəlili kimi bir-birilə bağlanır.

Dedim: – Mən əbəsəm səni sevməsəm,

Dedi: – Bir atam var, bir anam indi.

Dedim: – Mən qəribəm, tənha bir kəsəm,

Dedi: – Könül verim bir anam indi.

Dedim: – Bir şikəstə qulunam, sənəm,

Dedi: – Ləblərimdən, səbr elə, sən əm,

Dedim: – Həsrətindən əsirdi sənəm,

Dedi: – Kim səməndi bir ana mindi? (1, 68).

Aşıq yaradıcılığında «Dedim, dedi»nin çox əski çağlara gedib çıxa­caq tarixi var. Bu, şifahi ədəbiyyatın ayrı-ayrı nümunələrində ilkin təsəv­vürlərdən ta zamanımıza qədərki dualist düşüncəni ifadə edir. Mə­sələn, qışla yazın deyişməsi tipik nümunədir. Həmin ənənənin bu və ya digər fərqliliklə davamını klassik ədəbiyyatda, N. Gəncəvinin «Xosrov və Şi­rin» poemasında görürük. Sonrakı mərhələdə orta çağ aşıq yaradı­cılı­ğında ustadların şeirlərində bu forma özünü göstərir. Tədqiqatçılar bunu güllü qafiyə kimi də vurğulayırlar. «Aşıq ədəbiyyatında isə güllü qafiyənin ən bitkin nümunələrinə Qurbani və Əmrahın yaradıcılığında rast gəlirik» (4, 214). Qurbanidə oxuyuruq:

Dedim: Dilbər, getmə, bir dəm danışaq,

Dedi: Sözün yoxdur, bəhanədir bu.

Dedim: Bir nəzər sal aşıq halına,

Dedi: Əcəb dəli-divanədir bu!

Göründüyü kimi, Qurbanidə bu, ancaq dedim-dedilər üzərində qurulub. Miskin Vəli isə bir qədər də irəli gedərək bu formanı daha da zənginləşdirmək istiqamətində xeyli iş görmüşdür.

O, bir növ həmin formaya cinas əlavələrini etmişdir. Aşıq Əmrahda isə bu formanın bir başqa maraq­lı tipik nümunəsini görürük:

Dedim: Gülşən nədi? – Dedi: Bağımdı,

Dedim: Səfalıdı? – Söylədi: Yox-yox.

Dedim: İşrət nədi? – Dedi: Səfamdı.

Dedim: Gəlsən sürək? – Söylədi: Yox-yox (4.s.214).

Göründüyü kimi, burada bütün fikirlər sual üzərində qurulmuşdur. Eyni zamanda onu da deyək ki, Aşıq Əmrahda digər bir fərqlilik həmin sualların qarşılıqlı cavab üzərində misrada özünün ifadəsini tapmasın­da­dır. Klassik­lər­dən Miskin Vəliyə gələn yolda bunlar bir silsilə təşkil edir və aşıq yaradıcılığında ənənəvi hadisə kimi səciyyələnir. Məlum olduğu kimi, aşıq yaradıcılığı ənənə üzərində inkişafdadır. Onun ilkinliyə, tarixi kökə bağlılığını əks etdirən çox məqamlar var. Bu, sinkretiklikdən tutmuş ta ha­va­catlara qədər böyük bir sənət şəcərəsini özündə əks etdirir. Miskin Vəli də bütün yaradıcılığı ilə həmin ənənədə görünür. Məhz «yuxarıdakı mis­ralar göstərir ki, aşıqların böyük hünəri, əsasən poeziyamızda forma­lizm sayılan təcnisi məhdudluq buxovlarından xilas etməlidir. Aşıqlar təcnis­lə­rində nəinki misralar, hətta ayrı- ayrı bəndlər arasında belə güclü məntiqi əlaqə yaratmışlar. Beləliklə də, onlar forma əsiri olaraq qalma­mış­lar» (4, 338). Dədə Ələsgərdə bu bir silsilə təşkil edir və ayrıca açılma məqsədi daşıyır. Onun cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, dodaq­dəy­məz cığalı təcnisləri, müstəzad təcnisləri və s. buna nümunədir. Onun «Ayağa Qar­qar», «Ay ana, ana», «»A yara məndən», «Yaradar məni», «Narın üz» və s. kimi təcnisləri sözün həqiqi mənasında sənət hadisəsidir. Ustadın «Aya­ğa Qarqar» təcnisi tarixilik və tipiklik baxımından daha xarakterikdir:

Var olsun Qarabağ, əcəb səfadı,

Başa Xaçın axar, ayağa Qarqar.

Göyçə qar əlindən zara gəlibdir,

Muğan həsrət çəkər: a yağa qar, qar (8, 243).

Göründüyü kimi, burada ustadın həyat dəlillərini, Azərbaycanın coğ­ra­fi landşaftını kifayət qədər dəqiqliklə ifadə edə bilməsi bacarığı aydın nəzərə çarpır. Eyni zamanda, fikrin ifadəsinin qeyri-adiliyi həmin faktlara yeni dəyər verir, daha doğrusu, poetikliyi artırır. Bu hal Miskin Vəlinin yaradıcılığında da bir ənənə kimi təkrarlanır. Bütün məqamlarda fikrin aydınlığına, forma komponentlərinin dəqiqliyinə xidmət edir. Usta­dın təcnislərində bir ifadə rəngarəngliyi var. Fərqi yoxdur, hansı mövzuda yazmasından asılı olmayaraq aşıq öz fikirlərini sözün poetik məqamında cilalaya bilir. Bununla da şeirin təsir gücünü, sənət hadisəsi olması faktını fikir yükündə aydın ifadə edir. «Ya tarix» rədifli təcnisi sırf siyasi səciyyə daşıyır, sənətkar düşüncəsinin müxtəlif məqamlarını aydınlaşdırır:

Ustadımdan dərsim aldım bir sinə,

Biri əlif, biri beydi, birsi nə?

Üç ovum var çatammadım birsinə,

Mən cılızam, yolum uzaq, yat arıx (1, 69).

Burada eyni zamanda Miskin Vəli şeirinin digər tərəfi, təcnislərin müəmma üzərində qurulması halı var. Ustad bədii suala müraciət etməklə şeirinə bir rövnəqlik gətirmiş, onun bədii gücünü xeyli dərəcədə artır­mış­dır. Birinci misrada ustadından dərsin alan sənətkar sonrakı misralarda üç ovun­dan birisinə çata bilmədiyini, eyni zamanda özünün uzaq yolda gücsüz­lüyünü deməyə çalışır. Bu məhz bədiilik faktıdır və ona görə də təsirli görünür. «Bədiilik elə ondan ibarətdir ki, bir cizgi, bir sözlə elə bir şey bizə canlı və hərtərəfli təqdim edilir ki, bədiilik olmasa həmin şeyi heç on cilddə də ifadə edib qurtara bilməzsən» (6, 226). Bu, doğrudan da belədir.

Təcsnisdə bədiiliyi şərtləndirən faktorlar sırasında başlıca olan ritm­dir. Ritmlə omonimlik burada fonemlər, morfemlər və sintaqmlar mə­qamında birləşir. «Ritm şeir üçün başlıca vasitələrdən biri kimi özünü göstərir» (5, 103). Bu şerin, bütövlükdə isə aşıq yaradıcılığının mahiy­yətindən bir xətt kimi keçir. Miskin Vəli yaradıcılığında isə ritmin plato­nik bir səciyyəsi müşahidə olunur. Təcnislərinin isə mahiyyətində dayanır və bu, ustadın bütün təcnislərində görünür.«Yanara», «Yar almasına», «Ya sənə» və s. buna nümunədir. «Hey dərin-dərin» təcnisində oxuyuruq:

Süsən sünbül, tər bənövşə, ha lala,

Dostlar dərə, dəstə tuta, hal ala,

Əmək sevən haram qatmaz halala,

Açar həqiqətin hey dərin, dərin (1, 71).

Bu misralarda aşığın dünyagörüşü, hansı düşüncələrlə yaşaması, sə­nət qüdrəti aydın görünür. Eyni zamanda təcnisdə onun bir yaradıcı kimi nələrə qabil olmağı aydınlaşır. Təcnis aşıq yaradıcılığında kifayət qədər mürək­kəb, eyni zamanda məsuliyyət tələb edən bir formadır. O, ustadın bir növ deyişmələr kimi bir istiqamətdə yükünü ortaya qoyur. Yuxarıdakı bənddə “halal” sözü məhz bu mənada cinas kimi işlənmiş, eyni zamanda şeirə bir poetiklik, rövnəqlik gətirmişdir. Bəndin birinci misrasında «ha lala» gül, ikinci misrada «hal ala» hal-əhvat tutmaq, üçüncü misrada «halala» halal anlamında işlədilmişdir. Burada digər istiqamət təcnisin ustadnamə xa­rak­terli olması hadisəsidir. Yəni Miskin Vəli öz düşün­cələrini bir ustad kimi müdriklik anlamında poetikləşdirir. Bu isə şeirə digər istiqamətdə poetik dəyər verir. Məhz belə xüsusiyyətləri ilə «aşıq yaradıcılığı milli-mənəvi sərvətimizin mühüm tərkib hissəsidir. Rişə və kökləri ilə ulu əcdadlarımıza bağlanan bu sənət zaman-zaman xalqın ağrı-acısını sevin­cini, kədərini, siyasi-fəlsəfi dünyagörüşünü ümumiləşdirmiş­dir» (5,3). Miskin Vəli də, qərb aşıq mühitinin sənətkarlarından biri kimi, həmin ənənənin davamında, ustad olaraq müqəddəs dəyərləri sazı-sözü ilə qoru­yub-saxlamaq amalında görünür. Belə ustadnamə səciyyəli təcnislər Mis­kin Vəli şeirlərində topluluqla nəzərə çarpır. Onun ədəbi mühitdə tutduğu yeri müəyyənləşdirməyə, sənətkar kimi hansı xarakterik keyfiy­yətlərlə seçildiyini aydınlaşdırmağa əsas verir. Burada eyni zamanda ustadın tale ağrılarını, hansı həyat şəraitində yaşaması və s. kimi mə­sələləri də aydın öyrənmək olur. Məsələn, «Bax-bax» rədifli təcnisində sənətkar əzəl gündən bəxtinin qaranlıqlarla dolu olduğunu vurğulayır.


Əzəl başdan bəxtim oldu zil qara,

Uca dağda yolum düşdü zil qara,

Tökülübdü gərdən üstə zil qara

Bulud kimi saçlar bu dala bax-bax (1, 71).

Miskin Vəlinin şeirlərində həyatın müxtəlif tərəflərinin mənalandırıl­ma­sı var. Bu, həyatın ağrılarından, siyasi mühitin hadisələrindən tutmuş, ta sənətkarın şəxsi iztirablarına qədər böyük bir mövzunu əhatələyir. Ona görə də bu şeirlərdə təkcə sözün cazibədarlığı deyil, eyni zamanda fikrin dəqiqliyi, hansısa xarakterik hadisəni özündə əks etdirmə xüsusiyyəti görünür. Bu mənada Miskin Vəlinin şeirlərinin poetik məqamlarının rəngarəngliyi kimi, mövzu dairəsinin də müxtəlifliyini görürük. Həmin təcnislərin bir qismi sırf ustad məhəbbətinin təcəssümü ilə bağlıdır. «İndi» rədifli təcnisi təmiz duyğuların təcəssümünə yüklənməsi ilə seçilir:

Səhərin sübhündə bir dan ulduzu,

Gördüm işıq salır Həmayəm indi.

Dedim: – Gözəlliyi hardan alıbsan,

Dedi: – Həm ulduzam, həm ayəm indi (1, 73).

Məlum olduğu kimi, aşıq yaradıcılığı ucu-bucağı görünməyən sənət faktları ilə səsiyyələnir. Onun bir hissəsini mövzu əhatəliliyi, havacatlar təşkil edirsə, digər bir hissəsini şeir şəkilləri tutur. Təcnislər də öz orji­nal­lığı ilə diqqəti cəlb edir. Cığalı, gedər-gəlməz, dodaqdəyməz təcnislər və s. buna nümunədir. Azərbaycan folklorşünaslığının görkəmli tədqiqat­çısı prof. P. Əfəndiyev təcnislə bağlı danışarkən onun zənginliyini belə vurğulayır: «Təcnislərin cığalı təcnis, ayaqlı təcnis, hərf üstə təcnis, do­daq­dəyməz təcnis və s. kimi şəkilləri də vardır. Bunların içərisində dodaq­dəyməz təcnis daha çətindir» (7, 247). Həmin nümunələrdə məna rənga­rəngliyini isə prof. M. Həkimov belə qeyd edir: «Bütün təcnislər öyüdlə­mələr, nəsihətlər, atalar sözü və məsəllər üzərində qurulur» (4, 335-336). Miskin Vəli də bu zənginlikdən yaradıcılığında bəhrələnmiş, müxtəlif for­malarda qələmini sınamışdır və hər bir nümunədə də, demək olar, böyük uğur qazanmışdır. Bu onun sənətini mükəmməl bilməsi, xüsusi istedad sahibi olması ilə bağlı məsələdir:

Şəyird oldun, qulluq eylə ustada,

Al dərsini, öyrən, hey başa yetir.

Mən aşığam, hey başa,

Bax ayaqdan hey başa.

Kamil ayaqda qalmaz,

O çəkilər hey başa.

Ya can deyib heç bir dosta söz vermə,

Ya qurban sözünü hey başa yetir (1, 75).

Burada Miskin Vəlinin yaradıcılığının daha bir tərəfi, aşıq yaradıcı­lığının mürəkkəb formalarından istifadə etmək bacarığı aydın görünür. Bu nümunələr ustadın klassik aşıq sənətini mükəmməl mənimsədiyini aydınlaşdırır. Çünki belə sənət nümunələri yaratmaq və xalqın yaddaşına adını yaza bilmək elə də asan məsələ deyildir. Özü də XX əsrdə, istedad­ların cəmləşdiyi bir zamanda. Bunun isə digər tərəfində mühit zəminində fər­din yaradıcılığını izləmək gərəyi ortaya çıxır. Çünki Miskin Vəli Ağda­banlı Qurbanın, Aşıq Ələsgərin, Növrəs İmanın, Hüseyn Bozalqanlının, Aşıq Mirzənin, Aşıq Əsədin, Dədə Şəmşirin mühitinin yetirməsi idi. Bu zənginlikdə formalaşıb özü də bir ustad kimi ad-san qazanmışdı. Bunu yuxarıdakı cığalı təcnisin hər misrasında aydın görmək olur. Xalqdan gələn bir qənaət var ki, şəyird oldun ustada qulluq eyləmək lazımdır. Ustad qulluğunda kamilləşən isə ayaqda qalmaz, mütləq başa çəkiləcək. Miskin Vəli xalqdan gələn bu təcrübəni özü də yaşayır və onu şeirin poetik məqamında daha da cilalayır. Məhz bu mənada çox haqlı olaraq “Ustad pirimin nüsrəti, şeirin, sözün sərvəti məndədir” deyir:

Pirimin nüsrəti ruzi- əzəldən,

Zərimin sevdası ayə məndədi.

Aşıq deyər məndədi,

Mədəni var, məndədi.

Şeirin, sözün sərvəti,

Nə istəsən məndədi.

Misalı gözəldən, mənası ləldən,

Xublar iltiması ayə məndədi (1, 76).

Bütün bunlar aşıq yaradıcılığında Miskin Vəlinin sənət qüdrətini, hansı yaradıcılıq imkanlarına malik olduğunu göstərir. Eyni zamanda qərb zonası aşıq yaradıcılığının sənət axtarışlarını sərgiləyir. Burada ənənənin davamlılığı, yaradıcılıq axtarışları aydın nəzərə çarpır. Son olaraq Miskin Vəlinin bir ustad kimi böyüklüyünü ifadə edir. Ancaq çox təəssüflər olsun ki, bu zəngin yaradıcılıq indiyə qədər xalqdan toplanıb qiymətini almayıb. Biz onun təcnisləri səviyyəsində məsələlərə aydınlıq gətirdik. Ətraflı şəkildə araşdırılması isə aktual olaraq qalmaqdadır.



ƏDƏBİYYAT

  1. Miskin Vəli, Növrəs İman. İki ustad. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1996.

  2. Namazov Q. Aşıqlar. I kitab, Bakı, Səda, 2004.

  3. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, Maarif,1978.

  4. Həkimov M. Azərbaycan aşıq şeir şəkilləri və qaynaqları. Bakı, Maarif, 1999.

  5. Allahmanlı M. Aşıq Valehin sənət dünyası. Bakı, ADPİ, 1991.

  6. Belinski V. Seçilmiş məqalələr. Bakı, Gənclik, 1979.

  7. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992.

  8. Aşıq Ələsgər. I kitab, Bakı, Elm, 1972.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin