CƏFƏrqulu rüSTƏmov



Yüklə 225,42 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix25.04.2017
ölçüsü225,42 Kb.
#15724
1   2   3   4   5   6   7   8   9   10

QOBUSTANA SƏYAHƏT 
 
Qobustan  böyük  bir  coğrafi  rayondur.  Onun  adı  artıq  müxtəlif  ölkələrdə, 
milyonlarla  adamın  dilində  səslənir.  Bunun  səbəbi  heç  də  Qobustanın  ərazicə 
böyük olmasında deyil. Elə coğrafi rayonlar var ki, ərazisi Qobustandan bir neçə, 
bəlkə do on dəfələrlə böyükdür. Lakin onların adını nəinki çox adam bilmir, hətta 
heç iri miqyaslı xəritələrdə belə tapmaq olmur. 

25 
 
Qobustanı  tək  Azərbaycanda  deyil,  onun  sərhədlərindən  kənarda,  başqa 
ölkələrdə  də  tanıtdıran  onun  qədim  qayaüstü  təsvirləri  və  qədim  qobustanlıların 
məskənləri  olmuş  arxeoloji  abidələrdir.  Qobustanda  aparılmış  arxeoloji  qazıntılar 
göstərir  ki,  Qobustan  qayaları  arasında  orta  Daş  dövrünün  əvvəllərindən  başlayan 
həyat  min  illər  boyu  qaynamış,  onların  bizə  miras  qoyduqları  qədim  qayaüstü 
təsvirlər  və  qədim  insan  düşərgələrindən  tapılmış  maddi  qalıqlar  (daş  alətlər, 
təsərrüfat  və  məişət  əşyaları,  gil  qablar,  bəzək  şeyləri  və  s.)  tariximizin  10  min 
ilindən  çox  dövrünü  araşdırmaq  üçün  yazısız,  dilsiz  arxivə,  kitabxanaya 
çevrilmişdir. 
Oxucum,  gəlin  Qobustan  abidələri,  onların  dövrü  yaşı,  yaranma  səbəbi  və 
məqsədi,  qədim  qobustanlıların  təsəvvüründə  həyatın  əhəmiyyəti  və  s.  haqda 
söhbət açmazdan əvvəl Qobustanın keçmişinə səyahət edək. Bu səfərdə icazə verin 
sizə  artıq  30  ildən  çox  bu  abidələrin  arxeoloji  qazıntısı  və  tədqiqi  ilə  məşğul 
olduğuma görə mən, Cəfərqulu Namaz oğlu Rüstəmov, bələdçilik edim, bu səfərdə 
sizin nümayəndəniz kimi ulu baba və nənələrimizi dindirim, onların keçmişdə necə 
həyat keçirmələri, məşğuliyyətləri və s. haqda söhbətlərinə birgə qulaq asaq. 
Yol.  Təsəvvür  edək  ki,  Bakıda  avtobusa  oturub  Qobustana  yola  düşürük. 
Məqsədimiz  yol  boyu  vətənimizin  daşı-torpağı,  ab-havası  və  sözsüz  ki,  tarixi 
yerlərilə də tanış olmaqdır. 
Budur,  Bibiheybət  məscidi  bünövrəsinin  yanından  keçib  sıx  burnunu 
dolanır.  Şıx  çimərliyinə  çıxırıq.  Maşınımızı  saxlayıb  çimərliyin  şərq  tərəfindəki, 
dənizə  tərəf  uzanmış,  yarıya  qədər  dalğalar  örtmüş  kiçik  daş  təpəyə  yaxınlaşırıq. 
Onun  qərbə  baxan  üzündə  eni  4,  uzunu  10  metrə  qədər  sahədə,  qaya  üzərində 
qazılmış böyük bir balıqçılıq səhnəsinə tamaşa edirik. Burada üç balıqçı yönü bir 
tərəfə  (quruya  tərəf)  olmaqla  hər  üçünün  çiynindən  keçən  ipi  çəkir.  Şəkildəki 
balıqçılar elə dinamik təsvir edilmişlər ki, elə bil ipi çəkmək üçün etdikləri gücdən 
yorulub əldən düşmüşlər. Arxadakı balıqçının ayağı yanında şəbəkəli naxış qalığı, 
söz yox ki, balıq torunun hissəsidir. Ətrafda isə 10-a qədər real balıq təsviri vardır. 
Onların  mütənasib  ölçüdə,  üzərlərində  pulları,  üzgəcləri,  suya  baş  vurarkən 
bədənləri ilə quyruğu arasında  əmələ  gələn əyinti elə dinamik  və realdır  ki, adam 
ustasına  (rəssamına)  heyran  qalır.  Hər  balıqçının  başı  üstündə  isə  uçuş 
vəziyyətində bir qağayı təsvir edilmişdir. 
Bu səhnənin yaranma dövrü ilk orta əsrlərə aiddir. Şəkillər, xüsusən balıqçı 
kişilər  ölçücə  heç  bir  qayaüstü  təsvirlər  kolleksiyasında  olmayan  qədər  iri 
(hündürlükləri  4  m-ə  yaxın),  lakin  çox  real  və  mütənasibdirlər.  Xətlərinin  eni  5, 
dərinliyi  2-3  sm-ə  çatır.  Bu  səhnə,  görünür,  qədim  Bakıda  şəhərin  təminatı  üçün 
balıqçılıq  təsərrüfatının  mühüm  yer  tutması  ilə  əlaqədardır.  Buradakı  şəkillər  tək 
ölçüsü ilə deyil, çəkilmə texnikası, reallıq dərəcəsi və mövzusu ilə də Qobustanın 
qədim qayaüstü təsvirlərindən fərqlənirlər. 
Tunc dövrünün axırlarından başlayaraq Qobustanda təbiət dəyişməyə, iqlim 
qurulaşmağa,  Xəzər  dənizi  vaxtaşırı  (elə  əsrimizin  əvvəlində  də)  olduğu  kimi 

26 
 
çəkilib uzaqlaşmağa başlayır. Artıq indiki Qaradağ-Ələt arasında qədim Qobustan 
qayıqları  üçün  dəniz  limanları  yararsızlaşır.  Beləliklə,  həyat  yavaş-yavaş 
Qobustandan  Bakı  buxtasına,  Abşeron  yarımadasına  üz  tutur.  Nəticədə  ticarətin 
inkişafı,  Bakı  limanında  yaşayış  məskənlərinin  get-gedə  böyüyüb-birləşib  şəhərə 
çevrilməsi  ilə  nəticələnir.  İqlimin  quraqlaşması,  dənizin  çəkilməsi  ilə  quruya 
çevrilmiş  Xəzəryanı  torpaqların  şoranlığı  yerli  qəbilələrin  əkinçi-maldar 
təsərrüfatının  inkişafına  əngəl  törətdikcə,  vaxtilə  yardımçı  təsərrüfat  olmuş 
balıqçılıq yeni vüsət alır, Çox güman ki, Şıx çimərliyindəki balıqçılıq səhnəsi də o 
dövr  və  ondan  sonrakı  zamanlarda  Qobustan  adət-ənənəsinin  saxlanması 
təcəssümüdür. 
Biz  avtobusa   qayıdıb yola  davam  edirik.   Qabaqda yol haçalanır.  Biri 
sağa, sağ tərəfdə dağın döşündə görünən Lökbatan qəsəbəsinə, biri sola gedir. Sol 
yolla  (Salyan  şosesi  ilə)  gedirik.  Bir  az  getmiş,  solda,  təpənin  üstündəki  mayakı 
keçdikdən sonra yol boyu qabaqda əhəng daşı örtüklü dağın qoşa zirvəsi görünür. 
Onlar Kərkəz dağının qoşa zirvələridir. 20-ci əsrdən başlayaraq ona  Korgöz dağı, 
dağın şimal dibindəki kəndə də Korgöz kəndi deyirlər. Sözsüz ki, rus dilindən bizə 
dəyən zərbələrdəndir. 
Kərkəz dağından sağa, bir qədər uzaqda  əhəng daşı örtüklü daha bir dağın 
zirvəsi görünür. O Şonqar dağıdır. Dağ öz adını saxlayıb. Yaxınlığındakı qəsəbə də 
Şonqar adlanır. Kərkəz  və  Şonqar iki qoşa  dağ,  iki qardaş  hərəsi qartal  cinsli bir 
yırtıcı  quşun  –  kərkəzin  və  şontarın  adını  daşıyır.  Çox  güman  ki,  bunlar  şərqi 
Azərbaycanda  atəşpərəstlik  dövründə  yaranmış  adlardır.  Bu  adlar  ölüləri 
«daxma»ya  qoymaq  adəti  ilə  bağlıdır,  ölünün  ətini  sümükdən  ayırıb  -  yeyən 
quşların adlarıdır. 
Şonqar  dağında  Daş  dövrünün  orta  (Mezolit)  mərhələsinin  sonuna  aid 
düşərgə  -  sığınacaq  və  qədim  qayaüstü  təsvirlər  aşkar  edilmişdir.  Bu,  qədim 
qobustanlıların  tək  Böyükdaş  və  Kiçikdaş  dağları  ərazisində  deyil,  daha  böyük 
ərazidə məskən saldıqlarını, Qobustanın 10 min il bundan əvvəllər insan yaşaması 
üçün indikindən daha əlverişli şəraitə malik olduğunu göstərir. 
Yolumuza    davam    edirik.    Qaradağ  dəmir      yol    stansiyası,  və  Sahil 
qəsəbəsini keçirik. Yoldan sağa, şimal-qərbə, qabağımızı  Qaradaq dağı kəsir. Yol 
istiqamətində  Kənizə  vulkan  dağı,  ondan  sağa,  azca  uzağa,  yanları  maili  olmaqla 
üstü  duz,  trapesvari  uzun  bir  dağ  görünür.  Bu,  Cingirdağdır.  Qobustan  qayaüstü 
təsvirlərinin  yığcam  sahələrindən  biri  –Yazılıtəpə,  o  dağın  şimal  (buradan  sağ 
tərəf)   dibindədir.   Cingirdağın   arxasında, Qobustanda ən hündür palçıq vulkanı 
olan Torağay dağı görünür. Qəribədir, Kərkəz və Şonqar kimi əhəng   daşı   örtüklü   
dağlar   yırtıcı   quşların   adı ilə səsləndiyi halda, zirvəsi od püskürən  (o son dəfə 
1947 və 1950-ci   illərdə   püskürmüşdür),   vulkan   dağı sərçə boyda quşun adı ilə 
Torağay adlandırılmışdır. 
Yolumuza  davam  edirik.  Səngəçal  qəsəbəsinə  çatmamış  yoldan  sola, 
dənizin  kənarındakı  kiçik  təpənin  döşündəki  kəsikdən  bir  süni  mağaranın  qapısı 

27 
 
yola baxır. O bərk, qumlu torpaqda qazılmış iki tağvarı otaqdan ibarət idi. Ortası 
təbii torpaq sütunla ayrılır, qapıları ümumi girişdə birləşirdi. İçərisi əhənglə suvaqlı 
idi. 
Səngəçal  süni  mağarası tipli  orta  əsrlərin  süni qazma evləri Ceyrankeçməz 
çayı hövzəsində, Mərəzə kəndi yaxınlığında (Diribaba piri yanında) çoxdur. Bu cür 
orta əsr süni mağaralarının özləri xüsusi tədqiqat obyektləridir. 
Nəzərə alsaq ki, Səngəçal süni mağarası XV əsr Səngəçal karvansarasından 
beş-altı  yüz  metr  aralıdadır,  onun  da  karvan  yolu  üzərində  qazıldığını  söyləmək 
olar. Səngəçal karvansarası  göstərilən süni mağara ilə Səngəçal qəsəbəsi arasında, 
mənbəyini Şıxqaya zonasından götürüb dənizə axan kiçik çayın sağ sahilində, şose 
və  dəmir  yolunun  bilavasitə  sağ  (qərb)  tərəfindədir.  Dördbucaqlı  formada,  kiçik 
həyətə malik, qapısı dənizə tərəf, yonma əhəng daşından tikilmiş kiçik qala kimidir 
(2-ci tablo, şəkil A). 
Qapısı  üstündəki kitabədə  karvansaranın  hicri ilə  843-cü (miladi  ilə  1439-
cu)  ildə  I  Xəlilullah  Şirvanşahın  vaxtında  tikildiyi  göstərilir.  Karvansaranın 
yanında  Bakı  -  Abşeron  zonası  üçün  xas  su  anbarı  -  ovdan  var.  Səngəçal 
karvansarası ilə eyni formalı daha bir karvansara buradan təxminən 10 km qərbdə, 
Sofu  Həmid  qəbiristanı  yanından  keçib  qərbə,  Şamaxıya  gedən  qədim  yolun 
üstündə,  Şıxqaya  dağlarına  çatmamış  yolun  sağındadır  (yuxarıda  qeyd  etdiyimiz 
Qaraçı və ya Miyəcik). Bu karvansaranın yanında isə su   quyusu   var. 
Səngəçal  və  Qaraçı  karvansaraları  cənubdan  (İran)  şimala  (Bakıya, 
Dərbəndə  və  Rusiyaya)  gedən  qədim  karvan  yolunun  Qobustandan  kəçən 
hissəsində tikilmişdir. Bu qədim yol cənuba və şimala tərəf bir sıra şaxələrə ayrılsa 
da  Qobustanın şərqində, indiki Ələt qəsəbəsilə  Qaradağ arasında  (birləşib Kənizə 
və  Böyükdaş  dağının  şərqindən,  dənizlə  onların  arasından  keçmişdir.  Buradan 
yolun bir qolu hər yerdə dənizin qərb tərəfi ilə cənuba, ikincisi Kür çayı ilə qərbə, 
üçüncüsü,  Cavaddan  (Kürlə  Araz  çayının  qovuşduğu  yerdən)  Naxçıvan 
istiqamətində  gedirdi.  Şimala  tərəf  isə  bir  qolu  yenə  dəniz  boyu  indiki  Puta 
stansiyasından  keçib    Bakıya,  ikincisi,  Qaraçı  karvansarasından  qərbə,  Şamaxıya, 
biri  isə  Qaraçı  karvansarasından  şimala  tərəf  Ağ  -  Arqun  karvansarasına  gedir, 
sonra  Gülbax  deyilən  yerdən  keçib  indiki  Sumqayıta  tərəf  dənizə  çıxır  və  şimala 
davam  edirdi.  Qobustan  ərazisində  bu  yolun  şahidi  olan  daha  iki  tikili  -  körpü 
qalığı  var.  Onlardan  biri  Səngəçal  qəsəbəsindən  1,5  km  cənubda,  Ceyrankeçməz 
çayı  üzərində  1926-cı  ildə  tikilmiş,  tağvari  gözlü  ensiz  körpüdən  təxminən  200 
metr  aşağıda  olmuşdur.  Abşeron  əhəng  daşından  tikilmiş,  eni  415  sm  olmuş  bu 
körpünün indi yeri və sol sahildə bir hissəsi qalmışdır. 
İkinci  bu  cür  tağvari,  lakin  ikigözlü  körpünün  orta  hissəsi  və  yeri  Ələt 
qəsəbəsindən  cənub-qərb  tərəfdə,  Qalmaz  dağının  şərq  ətəyində,  köhnə  su 
yatağındadır. 

28 
 
Böyükdaş  dağının  cənub-şərq  qurtaracağı  ətəyindəki  latın  dilli  kitabə  də 
şahidlik edir ki, I əsrdə Roma qoşunları bu yolun hansı qolu ilə isə Xəzər sahilinə, 
Böyükdaş dağının ətəyinə gələ bilmişdir. 
Yolumuza davam edib Qobustan qəsəbəsinə çatırıq. Qəsəbənin mərkəzində 
şosedən sağa ayrılan bir küçənin başında 4 metrə qədər hündürlüyü olan iri və dik 
bir  qala  daşı  basdırılıb.  Ətrafı  kiçik  məhəccərlə  hasarlanıb.  Daşın  üstündə  qalın 
dəmir  lövhədən  kəsilmiş  kəmərçinli  siluet  şəkildo  ox  atan  adam  fiquru 
bərkidilmişdir.  O,  oxunu  (qərbə,  küçə  boyu  Böyükdaş  istiqamətinə  tuşlamışdır. 
Daşın  döşündə  isə  yenə  də  həmin  istiqaməti  göstərən  ox  işarəsi,  rus  və  latın 
qrafikası ilə «Qobustan» və «Gobustan» sözləri yazılıb. Bu yol göstəricisi 1969-cu 
ildə  düzəldilmişdir  və  o  vaxt  Qobustan  qoruğuna,  Böyükdaş  dağına,  Qobustan 
abidələri  ilə  tanış  olmağa  buradan  dönüb  getmək,  dəmir  yol  relsləri  üstündən 
keçmək lazım idi. İndi isə qəsəbənin cənub hissəsində tikilmiş körpünün üstündən 
keçmək lazımdır. 
Tarixi  dövrlərlə  üz-üzə.  Maşınımız  dəmir  yolunun  üstündən  keçid 
körpüsünə  qalxıb  sağa  dönür.  Qarşımızda  üzəri  qalın  əhəng  daşı  ilə  örtülü,  üstü 
mizin  üstü  kimi  düz  və  hamar,  ətəklərinə  çoxlu  iri  qaya  parçaları  səpələnmiş  iki 
dağ - Kiçikdaş və Böyükdaş dağları durur. Bu dağların hər biri öz quruluşuna görə 
təbii və tarixi abidədir. Hər ikisi, geoloji cəhətdən yuxarıda qeyd etdiyimiz kimi III 
dövr Abşeron dənizinin qalığı - əhəng daşı ilə örtülü, təbii formasına görə orijinal 
şəklə  malikdir.  Onların  düz  zirvəsinin  kənarları  10-15  metr  hündürlüyündə 
uçurumdur.  Bu  dağların  hər  birinin  üstünə  yalnız  bir  tərəfdən  təbii,  uçurum 
olmayan  ensiz  zolaqdan  çıxmaq  olar.  Ona  görə  onlar  tarixi  cəhətdən,  daş  dövrü 
insanlarının ov etməsi və yaşaması üçün xüsusi əlverişli şəraitə malikdir. 
Dağların  bu  cür  təbii  quruluşu  12-15  min  il  bundan  qabaq  Daş  dövrü 
insanlarını  özünə  cəlb  etmişdir.  O  vaxt  qədim  qobustanlılar  vəhşi  heyvanları 
ovlamaq  üçün  bu  dağların  zirvəsindən  təbii  tələ  kimi  istifadə  etmişlər.  Ətrafdakı 
vəhşi  heyvanları  qəbilə  üzvlərinin  birgə  köməyi  ilə  bu  dağların  üstünə  qovmuş, 
dağın uçurumuna qısnayıb uçurmuş, bol ət əldə etmişlər. Bu baxımdan Böyükdaş 
və  Kiçikdaş  dağları  qədim  ov  yeri  -  təbii  tələ  olmaqla  öz  quruluşuna  görə  təbii-
tarixi abidədir. 
Söhbət, zirvəsi mizin üstü kimi düz, hər tərəfdən 10-15 m hündürlükdə qaya 
kəsiyi ilə əhatələnmiş Böyükdaş və Kiçikdaş dağlarının, öz quruluşuna görə, ibtidai 
dövrdə sürək üsulu ilə təbii tələ kimi istifadə edilməsinin ovçuluq üçün gözəl şərait 
yaratmasından   getdi.  Onu   da   qeyd edək  ki,  bu  əlverişli  ov   şəraiti  elə bu 
dağların    ətrafına    səpələnmiş    qayalar  «meşəsi»  arasında  da    vardır.  Məsələ 
burasındadır  ki,  adi  daş  alətlərlə,  elə  yenicə  yaranmaqda  olan  bəsit  yay-oxla  da 
düzən  sahələrdə hər vəhşi heyvanı, iti  qaçan ceyranı, guru, dağ  keçisini, maralı, 
güclü  vəhşi  öküzü  və    s.    daş      ucluq      keçirilmiş      nizə    və      ya  çapacaq,  bıçaq,  
balta   və  bu  kimi  daş  alətlərlə heyvanları ovlamaq o qədər də asan iş deyildi. 
Göstərilən daş alətlərlə heyvanlara açıq şəraitdə fərdi zərbə endirməklə ov etməyə 

29 
 
az bel bağlamaq olardı. Qəbilə belə müvəffəqiyyətlərə ümid olsa idi ac qalardı. İri 
heyvanları  ovlamaq  üçün  onu  qayadan  uçurmaq,  yarğana  salmaqdan  başqa  bir  də 
kollektivin eyni zamanda zərbə endirməsi  lazım   idi.  Lakin  açıq,  düzən   yerdə 
hansı  vəhşi  heyvan  insanı  elə  yaxına  buraxar  ki,  insan,  özü  də  bir  yox,  bir  dəstə 
adam yaxın məsafədən eyni vaxtda ona zərbə endirsin? Bu işdə, yenə də Böyükdaş 
və Kiçikdaş dağları ərazisindəki qayalıqlar «meşəsi» arasında  örüşə  gedən  və   ya  
suya    gələn      (Böyükdaşda      su  bulağı  və  qaynamalar  indi  də  var)  heyvanların 
keçdikləri  cığırların  qayaların  arasından  keçən  dar  sahələrində      pusquda    durub   
onları      müəyyən      yerə    buraxıb,  sonra    qabağı  və  arxanı  kəsib  ovlamaq 
mümkündür, 
Maşınımız  Qobustan  qəsəbəsinin  qərb  tərəfindəki  yeni  salınmaqla  olan 
məhəlləni,  dəmir,  beton  zavodu  və  boru  bazasını  keçib  qərbdə  Böyükdaş  dağına 
çatır.  Burada  bizi  təbii  qayalıqlar,  bu  yerlərdə  Daş,  Tunc  və  orta  əsrlərə  qədərki 
müxtəlif tarixi dövrlərdə yaşamış qədim qobustanlıların qayalar üzərində çəkdikləri 
rəsmlər,  qayalar  arasında  sırlaşmış  əncir,  nar,  dağdağan,  meynə,  albalı,  armud, 
itburnu və s. ağaclar və kəkliklərin oxuması qarşılayır. 
Əgər  biz  bu  yerlərə  12-15  min  il  əvvəl  gəlmiş  olsaydıq,  bizi  daş  dövrü 
düşərgələrinin  sakinləri,  ibtidai  adamlar  qarşılayar,  təbiətin  onlara  bəxş  etdiyi 
qayaaltı  yaşayış  düşərgələrinə  aparar,  ovladıqları  gur  və  ceyran  ətinə  qonaq 
edərdilər.  Gəlin  hesab  edək  ki,  biz  buraya  elə  12-15  min  il  bundan  qabaqkı  kimi 
qarşılanmağa,  ulu  babalarımızın  nəfəsini  duymaq,  xəyalən  onların  ruhunu 
dindirməyə və bizim üçün qoyub  getdikləri ibtidai sənət əsərlərinə tamaşa etməyə 
gəlmişik. 
Budur,  qayalar  zümzümə  edir.  Qayalar  arasından  qalxan  cəngisayaq  yallı 
havası sel  kimi axır, qavaldaşla  çalınır, burada  isə  bir dəstə  boylu-buxunlu  cavan 
kişi   əl-ələ   tutub   yallı   oynayır.   Bu   yanda   isə   iri, vəhşi öküzlər durmuşlar. 
Onların  bəzisi  bizi  görüb  nərə  çəkməyə,    qabaq    ayaqları    ilə  torpağı    qazmağa 
hazırlaşır,  bəziləri    isə  dayanıb  gövşəyir.  O  tərəfdə  bir  it  vəhşi  qabanı  qovur.  Bu 
tərəfdəkilər gurlardır. Onlar ürkək-ürkək bizə baxırlar. O biri yanda vəhşi at ilxısı 
otlayır. Atlar sahibsizdir, ilxıçısı yoxdu. Onları vəhşi ayğır otarır. Bu yandakı atlar 
hürküb  fınxırdılar.    Onlara    nə  oldu?      Biz    ki    onlara    toxunmadıq?  Yox,  onlar 
bizdən yox, ilxının içindəki yay-oxlu adamlardan   hürkmüşlər.   Onlar   ovçulardır,   
atları ovlamağa  gəliblər. Bu  yanda, sol tərəfdəki  qayada  isə  öküzləri   ovlayırlar.   
Ovçular      öküzləri      qayanın      uçurumuna      sıxışdırmışlar,    onlara    ox    atırlar.  
Qabaqdakı  öküz  isə  çıxılmaz  vəziyyətdədir,   buynuzlarını irəli verib adamlara 
hücum  edir.  Bəs  bu  nədir?  Əlində  qalxan  tutmuş  bir  nəfər  nizəni  başqa  birinin 
sinəsinə  yönəldib.  O  isə  yazıq-yazıq  əllərini  qaldırıb  təslim  olur.  Bu  ki  Tunc 
dövrünün  adamıdır.  O  yandakı  başı  dəbilqəli  atlı  isə  orta  əsr  cəngavəridir.  Sağ 
əlində toppuz tutub, sol əli ilə atın  yüyənini dartır. Qayalardakı keçilərə bax, bir-
birindən  gözəl,  iri,  kök  və  mehriban  keçilər.  Elə  qatarlanıblar  ki,  elə  bil  «yallı» 
tutublar. Görünür şifahi xalq ədəbiyyatında belə bir bayatı boş yerə deyilməyib: 

30 
 
 
Anam a xallı keçi,  
Məməsi ballı keçi.  
Uca qaya başında  
Tutubdur yallı keçi. 
 
Yoldaşlardan biri qıy vurdu: «Keçiyə bax halay tutub». 
Keçinin səsi mələməyə çevrilir, qayalarda uğuldayır. Dağdan güclü gurultu 
qopur. Kənizə dağı püskürür, göyə od-alov qalxır. Qədim qobustanlılar kimi bir an 
bizi  də  vahimə  bürüyür.  Dönüb  dala  baxırıq,  gəldiyimiz  yola  tərəf.  Yol  hanı? 
Dənizin  dalğaları  dağın  ayağında  qayaları  döyəcləyir.  Dalğalar  üzərində  isə 
gəmilər  üzür,  özləri  də  elə  bil  Tur  Heyerdalın  düzəltdiyi  «Tiqris»  gəmisidir.  Çox 
qəribədir. Yoxsa yuxu görürük? Bəlkə əfsanəvi bir aləmə düşmüşük? (13-cü tablo, 
şəkil A). 
Yox-yox,  bu  belə  deyil.  Biz  heç  bir  əfsanə  və  ya  yuxu  görmürük.  Biz 
Qobustandayıq,  gördüklərimiz  də  qədim  qobustanlıların  həyat  səhnələri,  daş  və 
qayalar  üzərində  qoyub  getdikləri  sənət  əsərləridir.  Onların  heç  biri  canlı  deyil, 
qayalar  üzərində həkk edilmiş şəkillərdir. Lakin ibtidai rəssamlar bu təsvirləri adi 
daş alətlə, elə dinamik və real işləmişlər ki, onlar gözlərimiz qarşısında canlanmaq, 
uzaq keçmişdən söhbət   açmaq   qabiliyyətinə   malikdirlər. 
Bu səhnələrin yanından keçib Böyükdaş dağında Qobustan qoruğunun baza 
binasına  çatırıq.  Maşından  düşüb  kiçik  təpəni  qalxır  və  sığırla  30-40  metr  qərbə 
tərəf  gedirik.  Qarşımızda,  böyük  qaya  parçalarının  altında,  Qobustanda  qədim 
insan  düşərgələrindən  «Ana  zağa»dır.  Biz  oraya  yönəlirik  və  özümüzü  bir  anlığa 
daş  dövründə  hiss  edirik.  Bu  vaxt«  «Ana  zağa»dan  qarşımıza  boylu-buxunlu, 
əllərində  yay-ox  tutmuş,  belələrindən  kəmərçin  sallanan,  pəhləvan  cüssəli  kişilər, 
onların  qabağında  isə  iri  döşlü,  yoğun  baldırlı,  dərisi  günəşin  istisi  və  küləyin 
təsirindən  mis  kimi  qaralmış,  sağlam  bədənli,  maral  baxışlı  bir  qadın  çıxır.  Onun 
da əlində ox, çiynində kaman var. Biz yerimizdə donub qalırıq. Bir an bizi vahimə 
götürür. 
Qabaqdakı  qadın  irəli  çıxıb  «bizi  salamlayır,  onları      yada      saldığımıza   
görə      razılığını  bildirər  və  içəriyə,    qədimdə    yaşamış  olduqları  «Ana  zağa»ya 
dəvət   edir.   Bizi   qarşılayan   dəstənin   kişiləri və başqa qadınlar bizə yol verib 
divara çəkilir, qədim şəkillərə çevrilirlər. 
Biz  başçı  qadının  dalınca  «Ana  zağa»ya,  onun  birinci  otağına  giririk.  Sol 
tərəfimizdəki divar Böyükdaş dağı yuxarı səki üzrə 29 №-li daşın şimal üzüdür (3-
cü  tablo).  Budur,  bir  an  əvvəl  qarşımıza  çıxan  kişilərin  bir  neçəsi  bu  daşda  şəkil 
olub bizə baxırlar. Bizi içəri dəvət edən qadın - Ana, daşın orta hissəsini işarə ilə - 
Mənim  yerim  buradır,  -  deyir,  -  siz  gedəcəksiniz,  yenə  burada  şəkil  olub 
qalacağam. Sonra bir an susub əlavə edir: 

31 
 
 -  Mənim  şəklimin  qrafitlə  sürəti  çıxarılıb  kitablara  nəqş  edilib,  dəfələrlə 
rəngli-rəngsiz  foto-plyonkalara  köçürülüb.  Beləliklə,  məni  bütün  dünyaya 
tanıtmısınız,  əvəzində  sizə  nə  qulluq  edim?  -  Sonra  daşdakı  yay-oxlu  bir  kişi 
şəklinə, ərklə, - A bala, nə durmusan, düş daşdan, özünə gəl, gurlar Atbulaq kəndi 
tərəfdə, Qalmaz dağının dibindədir,  get birini tut  gətir, qonaqlara  təzə ətdən dadlı 
kabab verək, - dedi. Mən irəli çıxıb geyirəm: 
-  Ulu nənə, zəhmət çəkməyin, indi Azərbaycan ərazisində heç zooparkda da 
gur  tapılmaz.  Sizin,  bizdən  çox-çox  qabaq,  8-9  yüzil  əvvəl  yaşamış  nəvələriniz 
onları ovlayıb bu yerlərdən kökünü kəsiblər. 
-  Bəli, mən bilirəm, mən il bundan qabaq nəvələrimdən Bəhram adlı bir şah 
gurları ovlamağı çox sevirdi. Xalq arasında opa «Bəhram gur» ləqəbi vermişdilər. 
Özü  də  7  ölkədən  7  gözəl  alıb  gətirmişdi.  Şəkillərini  də  bir  az  buradan  yuxarı 
(qərbə tərəf) 78 №-li daş üzərində qazdırıbdır (4-cü tablo, şəkil A). 
-  Bəli,  -  dedim,  -  Ulu  nənə,  onu  bilirik.  Böyük  şairimiz  Nizami  Gəncəvi 
onun - Bəhram gurun şərəfinə bir dastan «Yeddi gözəl» poeması yazıb, oxumuşuq. 
Siz  bizə  özünüzdən  danışın.  Niyə  sizin  şəklinizi  belə  xüsusi  yerdə,  daşın  mərkəzi 
hissəsində  və  başqa  qadınlarınkından  çox  iri  çəkiblər,  özü  də  silahlı?  Sizin 
vaxtınızda bu yerlər necə idi. Qəbiləniz nə ilə məşqul olur, necə dolanırdı? Bunlar 
haqda məlumat bizim üçün ən böyük qonaqlıqdan artıqdır. 
  Onda, - dedi ulu nənə, - bizim vaxtımızdakı kimi daşları   çəkin   oturun   
üstündə.  Qorxursunuz   ki,  daş soyuq olar?  Qorxmayın, odur  o küncdə üst-üstə  
yığılmış  ceyran  dərilərindən  götürün  qoyun  daşın  üstünə  oturun.  Biz  də  belə 
edərdik. sonra, bir qədər qurcalanıb və elə bil özünü ələ alaraq dedi: 
- Əvvələn, onu deyim ki, mən sizin kimi oxumuş - savadlı deyiləm. Bizim 
məktəbimiz  çöldə,  ov  arxasınca  qaçmaq,  ox  atan  atalarımızın,    yeməli    meyvə 
yığan,  ev  işləri  görən  anaların  barmaqlarına  baxmaqla  müxtəlif  işləri  öyrənmək 
olub. İndi əgər səhvə yol versəm, danışığımda cümlələri düz qura bilməsəm məni 
barışlayın.  Bir  də  yeri  gəldikcə  sizi  maraqlandıran  məsələləri  suallarla  yadıma 
salın. 
-  Mən  anayam,  qəbiləmizin  ağbirçəyiyəm.  Qəbilə  üzvləri  və  ağsaqqallar 
mənə  hörmət  və  ehtiram  edirdilər.  Çünki  mən  həm  kişilərlə  bərabər  ovda  iştirak 
edərdim,  həm də ov uğursuz olan zaman gəlin  və  qızları başıma  yığıb qəbilənin 
ac qalmaması üçün meyvə, göbələk,  yeməli otlar  və  s.   yığımını  təşkil  edərdim. 
Gecədə  neçə  dəfə  durub  ocağa  odun  atar,  odu  sönməyə  qoymazdım.    Qəbilə  
üzvləri  arasında  ərzaq bölgüsünü mən aparardım.   Qızlara  həsir   toxumaq, səbət 
hörmək və s. kimi  müxtəlif əl işləri öyrədərdim. Mən öləndən sonra mənə hörmət 
əlaməti  olaraq  və  mənim  həmişə  onlarla  birgə  olmağım  arzusu  ilə  qəbilə 
ağsaqqalları qərar verdilər ki, qəbilə rəssamı mənim surətimi qəbilə «albomunun» 
ortasında təsvir etsin. Budur, məndən soldakı kişi təsvirləri də çox iri çəkilmişlər. 
Onlar qəbilənin  mahir ovçuları, igid ərlərdir. Onlar  ovda   olan   gün   qəbilə  ac   
qalmayacağına      arxayın  olardı.  Onlar  yaşa  dolandan  sonra  qəbiləyə  ağsaqqallıq 

32 
 
edərdilər.  Bu  öküz  isə    (səhnənin  ortasındakı  iri  öküz    şəklini    göstərir)        bizim   
totemimizdir.      Bizim  ovçular  əsasən  ceyran  və  gur  ovlayardılar.  Ətdən  korluq 
çəkməzdik.  Bir  də  burada,  qayalar  üzərində  gördüyünüz    qədim      şəkillərin    heç  
biri  elə-belə,  boş  yerə təsvir olunmayıb. Onlar Qobustanda  yaşamış qəbilələrin 
min illər boyu yaratdığı mədəniyyətin kölgəsi, keçmiş həyatın güzgüsüdür. hər bir 
rəsmin qayada döyülməsi bir hörmətli qəbilə üzvünün xatirəsi, uğurlu ovun  şənliyi  
mərasimidir.    Şəkillər    qayada    bu  və    ya  başqa    məqsədlə  və      yalnız    qəbilə 
ağsaqqalının  göstərişi    ilə  həkk  edilirdi.    Bu  təsvirlər    arasında    bir  nəfər  də 
qorxağın, tənbəlin şəkli  yoxdur. Odur ey, bu daşın o biri üzündə bizim oğlanların 
ovdan qayıtma səhnəsi təsvir olunmuşdur (5-ci tablo, şəkil A). Ovçularımız ovdan 
iri  heyvan  cəmdəyi  ilə  qayıdan  gün  bayram  olurdu.  Tonqal  qalanırdı.  Cavanlar 
yallı  gedər,  qızlar  çəpik  çalar,  onları  ruhlandırardılar.  Qocalar  və  ağsaqqallar  bu 
mənzərəyə  baxıb  fərəhlənər,  qəbilənin  sağlamlığına,  cavanların  gücünə, 
çevikliyinə, dözümlülüyünə sevinər, qəbilənin gələcəyindən nigaran qalmazdılar. 
Bu vaxt dəstəmizdən bir nəfər dillənir:   
-  Nənə, ay nənə, bəs sizin oğlanlar yallı rəqsini 
musiqisizmi oynayırdılar? 
Nənə: 
-  Yox, ruhumun günəşi, - deyir musiqimiz var idi. 
Yallı  oynananda  Qavaldaşın  səsi  dağı,  dərəni  lərzəyə  gətirirdi.  Odur  ey, 
onlardan biri Cingirdağda, biri isə burada, dağın aşağısındadır. 
Yoldaşlarımızdan biri: 
-  Hə,  hə  nənə,  -  deyir,  -  yadıma  düşdü,  məşhur  qaval  çalanımız,  rəhmətlik 
Çingiz Mehdiyev o daşda çaldığı qədim ritmləri televizorda görüb eşitmişəm. 
Çox gözəl, əsl  qavaldan da  yaxşı səslənirdi. 
-  Hə,  bala,  Qavaldaş  çox  yaxşı  səslənir.  Bir  də  ki,  qavaldaşdan  başqa  da 
qamışdan,  dəridən  düzəldilmiş  musiqi  alətlərimiz  var  idi.  Qavaldaş  isə  həm  də 
bizim  xəbərçimiz  idi.  Deyəcəksiniz  necə?  Belə  ki,  Qavaldaşda  yallı  havasının 
səslənməsi  cavanları  oyuna  çağırıldı.  Başqa  bir  hava  ağsaqqalları  yığırdı.  Hətta, 
qabaqcadan  şərtləşdirilmiş  bir,  iki,  üç,  beş  və  s.  zərbənin  səsi  bu  və  ya  başqa 
ağsaqqalın  və  ya  deyək  ki,  təcrübəli  bir  qadının  uşaq  gözləyən  cavan  qadına 
köməyə çağırılması demək idi. 
Nənə, sizin  vaxtınızda  bu  yerlərin  havası, təbiəti, görkəmi necə idi? 
- Niyə ki, o vaxtlar, yəni bizim vaxtımızda burada hava, iqlim mülayim idi. 
Nə çox isti, nə də çox soyuq idi. Qış çox mülayim keçirdi. İl uzunu çöldə, meşədə 
qida axtarırdıq. Deyəcəksiniz hansı meşə, bu tərəflərdə meşə var ki? Bəli, ruhumun 
günəşləri, indi yoxdu, lakin o vaxt bu tərəflər indi sizlərin Savanna adlandırdığınız 
iqlim  və  təbii  şəraitə  malik  diyarlar  kimi  idi.  Seyrək  də  olsa  meşələrimiz  var  idi. 
Orada palıd da, şam da bitən vaxtlar olub. 
Bunu  deyib  ulu  nənə  üzümə  baxdı  və  sualedici  görkəm  aldı.  Elə  bil  bu 
baxışlarla  mənə  demək  istəyirdi  ki,  niyə  durmusan,  sözümü  təsdiq  elə,  axı  siz 

33 
 
burada,  «Ana  zağa»  adlandırdığınız  bizim  bu  düşərgədə  qazıntı  apararkən 
ocaqlarda  qalmış  kömür  qırıqlarından  yoxlanmağa,  analizə  göndərmişdiniz  sonra 
isə  dəfələrlə  bu  haqda,  elə  burada  qonaqlarınıza,  mən  bu  divardan  eşidə-eşidə 
deyirdiniz ki, göndərdiyim ocaq külünün içindən palıd və şam ağaclarının zərrələri 
tapılıb. Mən başımı tərpədərək ona: 
-  Düz  deyirsiniz  nənə,  -  deyib  onun  sifətindən  oxuduğum  bu  məlumatları 
daha genişliyi ilə dəstəmizin iştirakçılarına danışıram. 
Ulu nənəmiz söhbətdən razı qalıb sözünə davam edir: 
- O vaxtlar indi gördüyünüz bu düzlər, terraslar 
şoran  deyildi,  hər  yan  yaşıl  otlarla,  çəmənlərlə  örtülü  idi.  Dərələrdə,  çayların 
ağzında qamış bitərdi. 
Kişilər  qamışlardan  qayıq  düzəldir,  balıq  ovlamaq  üçün  dənizə  çıxırdılar. 
Lakin bir vaxt dəniz qalxıb daşdı, ətrafı basıb şoranlaşdırdı. Deyəsən indi də, sizin   
vaxtınızda  da   suyu   qalxır,   çoxalır,   sahələri  basır. Vallah, qınamayın deyəsən 
qocalmışam,  gözlərim  yaxşı  görmür,  əvvəllər  buradan  baxanda  dənizin  kənarında 
balıqçılarımızın  toruna  hansı  balıq  düşdüyünü  belə  seçərdim.  Bilirsinizmi, 
qəbiləmiz  tək  ovçuluqla  deyil,  balıqçılıqla  da  məşğul  olurdu.  Biz  o  zaman 
qamışdan  və  qarğıdan  qayıq  hazırlamağı  öyrənmişdik.  Qayalardakı  qayıq 
şəkillərini görmürsünüz? Onların   burnunda   günəş   şəkli   çəkilib.  Çünki   biz 
həmişə,    səhərlər    günəşə,    dənizə    tərəf      şərqə,    axşam  isə  dənizdən  evə,  yenə 
günəşə  tərəf,  qərbə  üzürdük.  Bir  də  ki,  əsl  allah  elə  günəşdir.  Günəş  sönsə  dünya 
qaranlıq  olar,  hər  şey  -  insanlar  da,  heyvanlar  da,  bütün  canlılar,  bitkilər,  həyat 
məhv olar. Günəşsiz  yaşamaqmı olar? Biz ona sitayiş edirdik. Günəşə məbədlər də 
quran  vaxtlarımız  olub.  Gəmilərimizin  başında  günəş  bizə  yol  göstərməklə  həm 
balıqçılarımızı,  sonrakı      dövrlərdə  həm  də  döyüşçü  dənizçilərimizi  fəlakətdən,  
qasırğadan  qoruyar,    onlara      güc    və    inam  verərdi.  Yadımdadır,  bir  dəfə,  hələ 
cavan  idim,  axşam  tərəfi  qayanın  üstündən  dənizə,  balıqçılara  baxırdım. 
Qınamayın, bala, mənim  istədiyim oğlan da, indi mənim   sol   tərəfimdəki   şəkil,  
orada   idi.   Gördüm   çox iri, qayıq uzunluqda bir balıq tutublar, sahilə çəkirlər.   
Böyük      qız    olsam      da      «bölgə-bölgə»    deyə-deyə    evə,  düşərgəyə    qaçdım.   
Anam   soruşdu:   «Nə  qışqırırsan, hanı  bölgə?» Dedim:  «Tutublar, bölgə balığı 
tutublar,  sahilə  çəkirlər,  özü  də  çox  iridir,  lap  qayıq  uzunluğunda».  Balıqçılar 
gələndə  məlum  oldu  ki,  mən  düz  görmüşəm.      Bir     bölgə     balığı      tutublar      ki,   
uzunluğu  dörd    metrdən    çoxdur      (6-cı    tablo,    şəkil    A).    Şənlik  quruldu,  yallı 
oynandı.  İndi  o  balığın  təsviri,  odur  ey,  Kiçikdaş  dağında,  bu  nəvəmin  (məni 
göstərir)  Qayaaltı»  adlandırdığı  qədim  şəkillər  qrupunun  5  №-li  daşındadır.   
Bölgənin   şəkli   Kiçikdaşda   ona   görə çəkildi ki, onu bizim balıqçılar Kiçikdaş 
qəbiləsinin balıqçıları ilə köməkli tutmuşdular. Sonra balığın ətini bizim və onların 
qəbilə  üzvlərinin  sayına  və  ehtiyacına  uyğun  böldülər.  Balığın  şəklini  harada 
çəkmək  məsələsini  isə  çöp  atma  ilə  həll  etdilər.  Bu  şərəf  Kiçikdaş  qəbiləsinə 
qismət  oldu.  O  vaxt  ağsaqqalların  məsləhəti  ilə  qəbilələr  biri-birinə  kömək  edər, 

34 
 
ovu  uğurlu  keçmiş  qəbilə  ovdan  uğursuz  qayıtmış  qonşu  qəbiləyə  əl  tutardı.  Hər 
işdə  hörmətlə,  mehribançılıqla  qonşuluq  edərdik.  Qəbilələrimiz  əyrilik,  xainlik, 
pislik bilməzdilər. Bu sözlər heç dilimizdə belə yox idi. 
Yenə dəstəmizdən bir nəfər soruşur: 
- Ay nənə, o vaxt nə çox şəkil çəkmisiniz? Bu muzeyin bələdçisi deyirdi ki, 
Qobustanda qədim şəkillər 6 mindən çoxdur. 
-  Yox,  bala,  6  min  nədir  ki,  sizin  babalar  Qobustanda  10  min  ildən  çox 
yaşamışlar. 6  mindən  heç  hər ilə  bir şəkil də  düşməz. Bu  qayalarda  doğrudan da 
şəkil  çox  çəkilmişdir.  Lakin  onların  çoxu  zamanın  təsirindən,  küləyin  yalaması, 
yağışın  yuması  və  s.  üzündən  ovulub  tökülüb,  indiyə  qalmayıb.  Bir  hissəsi  də 
torpaq  altında  qalıb  və  hələ  alimlərimizin  tapıb  qeydə  almadıqları  da  var.  Sizə 
məlum olanlar isə qədim rəssamlarımızın   yaratdığı   ibtidai   sənət   əsərlərinin az 
bir hissəsidir. 
Yenə  dəstəmizdən  bir  nəfər  Ulu  nənədən  bu  yerlərin  o  vaxtkı  vəziyyəti, 
xüsusən  Böyükdaş  dağının  keçmişdən  bəri  başına    gələnləri    soruşur.  Cavabında 
Ulu nənə bildirir ki, «Böyükdaş» adlandırdığınız bu dağ 15 min il əvvəl, biz burada 
məskən salarkən də elə belə, təxminən bu vəziyyətdə idi. Sonradan dağın indiki su 
quyusundan  cənuba  olan  hissəsinin  qaya  örtüyü,  əmələ  gəlmiş  böyük  və  dərin 
çatdan ayrılıb yatdı. Oradakı mağaralarımızda   çəkilmiş   şəkillərimiz   qayaların 
altında qaldı. 
Kimsə yenə soruşdu. 
-  Ulu  nənəmiz,  bəs  o  uçqunun  altında  qalan  olmadı?  -  Yox,  qaya  çox 
aralanıb  uçmaq  dərəcəsinə  çatanda,  indi  qayanın  altında  qalmış  düşərgə  -
sığınacaqlardan,  artıq  buraya  köçmüşdük.  Orada  indi  bu  sizi  qarşıladığım    «Ana 
zağa»dan  çox  qabaqlar    yaşamışdıq.  Bura  da  qəbiləmizin    yaşayış  düşərgəsi  idi. 
Özü  də  vaxtilə  böyük  sahəyə  malik  olmuş  bu  düşərgəmiz,  indi  üzərinə  31 
yazdığınız bu daşın  bizdən xeyli sonra, 5-6 min il bundan qabaq buraya düşməsi 
ilə  düşərgəmizi  iki  otağa  ayırıb.  Odur,  düşərgənin  arxa  (qərb)  tərəfini  tutmuş  dik 
daş da o vaxt örtük qayanın  üstündən lay kimi qopub düşərək düşərgəmizin qərb 
divarını əmələ gətirən daşda (siz onun üzərinə 32 yazmısınız) çəkilmiş   şəkillərin  
qabağını tutub.  Dağın bu sahəsində, «Ana zağa» ilə qaya kəsiyi arasında da bir çox 
qayalar  yıxılıb,  biri-birinin  üstünə  düşüb,  bir  çox    rahat  düşərgələrimiz  və  çoxlu 
qədim    şəkillərimiz  onların  altında  və  arasında  qalıb.  Bu  nəvəm  (yenə      məni 
göstərir)   onların   çoxunun   yerini bilir, onların bəzini görmək üçün qayanın çatı 
arasından bir gözlə baxmaq lazımdır. İstəsəniz o sizə göstərə bilər. Bilirsinizmi, bu 
sahədə «Ana zağa» ilə «7 gözəl» mağarası   arasında   qədim   şəkil   niyə   çoxdu?   
Çünki,  bura  bizim  vaxtımızda,  10  -  12  min  il  bundan  qabaq  da,  sonrakı 
nəsillərimizin    vaxtında  da      ibtidai    qəbilələrin  yaşayış  ocağı  olub.  Eh,  siz  bu 
ocaqdan  hələ  nə  öyrənmisiniz  ki?  Doğrudur,  bu  nəvəm,  bu  mədəniyyət  ocağında 
xeyli tədqiqat işi aparıb. Lakin hələ də açılmamış sirlərimiz, tariximizin sizin üçün 
qaranlıq  səhifələri  çoxdur.  Deyim  siz  də  biləsiniz?  Yox,  ruhumun  çıraqları,  buna 

35 
 
mənim ixtiyarım yoxdu. Bir də tariximizin necə keçdiyi haqqında danışsam da bu, 
quru  söz  olar,  yuxuya  bənzər.  Bu  balaca  söhbətimiz  kimi,  heç  kəs  inanmaz,  
deyərlər  ruh  da  danışar?  Odur  ki, tariximizi  istədiyimiz  kimi öyrənmək  üçün 
bizim  maddi  qalıqları    daha      çox      araşdırmaq,    dindirmək  lazımdır.  Onda  hər 
dövrün ruhu sizə söhbət açar. Bir də ki, həyat da, elə tarix də öyrənmək deməkdir, 
öyrənmək  tələb  edir.  Bunsuz,    əməksiz,    zəhmətsiz    həyatın    nə      mənası,    nə  də 
ləzzəti olar, xüsusən də insan üçün. 
Sual: - Bəs o dövrə aid başqa, indi salamat qalmış düşərgələriniz yox idimi? 
-  Var  idi,  -  deyir  Ulu  nənə.  -  Odur  ey,  birini  Kiçikdaşın  cənub  baxarında 
qazıb  öyrənmisiniz.  Mən  gördüm  (siz  bizim  ruhumuzu  görməsəniz  də  biz  sizin 
əməllərinizi görürük), mənim bu nəvəm orada qazıntı apararkən oranı «Qayaarası» 
düşərgə  adlandırıb.  Bu,  indi  görüşdüyümüz  yerə  isə  «Ana  zağa»  adını  başqası 
verib.  Yadımdadır,  qabaqlar  bu  yerlərlə  bizim  şəkilləri  bir  kişi  və  bir  qadın 
(görünür,  İshaq  müəllimlə  Səriyyə  xanımı  deyirdi)  kağıza  köçürürdü.  O  vaxt  o 
mənim ruhumla danışmamışdı, amma yazısında bizim bu məskənimizi «Ana zağa» 
adlandırmışdı.  12  il  bundan  qabaq  (yanvar  1982-də)  o  sizin  aləmdən  bizim 
dünyaya  köçdü. Bir dəfə ruhu buraya baş çəkməyə  gəlmişdi. Məni  görüb dedi ki, 
mən bu düşərgəni sizin  şərəfinizə  «Ana zağa» adlandırmışam. Nə olar,  Allah ona 
rəhmət eləsin. 
Bizim bir neçə mağara yaşayış yerimiz də bu dağın qərb  tərəfində,  qayanın   
altında      idi.    Dağın    üstünün  daşını  sizinkilər  maşınlarla  doğrayıb    apardılar, 
tozunu  isə  kürüyüb  dağın  dalına  tökdülər.  Bizim  oradakı  düşərgələrimiz  o  yana 
tökülən torpağın altında qaldı. 
Yenə bir arxeoloq yoldaşımız soruşur: - Nənə, ay Ulu nənə, yəqin mağara - 
düşərgələrinizdə o   dövrü   öyrənmək   üçün   zəngin   şahid tapıntılar qalıb. Nə 
olar,  o  mağaraların  yerini  bizə  göstərin,  tökülmüş  torpağı  daşıyıb  mağaranı 
təmizləyərik. 
- Yox bala, bu  mümkün deyil. Axı, sizlə  mənim ruhum danışır, özümü isə 
su səthinin aynasında, güzgüdə görən kimi görürsünüz. Mən yerimdən, qəbrimdən 
qalxa bilmərəm, qəbrimi açıb narahat edərsiniz. 
İndi mən şükür edirəm ki, qəbrim olan, sümüklərim saxlanan yerdə qazıntı 
aparılmayıb.  Yoxsa,  məni  dünyaya  tanıdan  nəvəm  çoxdan  onu  açıb  sümüklərimi 
bıçağın burnu ilə didik-didik etmişdi ki, bəzək əşyalarımı muzeyə qoysun, kəlləmi 
də verərdi o sizin, insanları kəllə sümükləri ilə öyrənən antropoloq arvada,  adı da 
nəydi,  hə,  Rəbiyyəyə  ki,  apar  öyrən  görək  bizim  nənələrdəndir  yoxsa  yox.  O  da 
aparıb  qoyardı  şkafa,  məndən  6-cı  arxa  sonrakı  bir  qrup  nəvələrimin  «Firuz» 
düşərgəsində açdığınız qəbrin kəllələri kimi. 
Mən bilmirəm, sizin bəzi müasirləriniz niyə kökünüzə şübhə edir, niyə onu 
kənarlarda axtarırlar;  Axı, sizin arxeoloqların üzə çıxartdıqları  materiallar göstərir 
ki, onlar biri-birinin davamı kimi mən illər boyu inkişaf edib və həmişə də biz baba 
və nənələrin dəsti-xəttini yaşadıblar. Onların ən qədimlərinin tarixi buradan, «Ana 

36 
 
zağa»dan  başlayır.  Bu,  sizin  bizlərin  nəvə-nəticələrimiz  olmanıza  sübut  deyilmi? 
Siz  niyə  kökünüzü  başqalarında  axtarırsınız?  Bilmirsiniz  ki,  onlar  istərlər  sizi  bu 
əraziyə  gəlmə  kimi  qələmə  versin,  sıxışdırsın,  torpağınıza  yiyələnsinlər.  Atalar  
deyiblər  ki, peyğəmbər də  gözü öz qabağına çəkir. 
Siz  öz  kökünüzlə,  biz  baba-nənələrinizin  keçmişdə  necə  yaşaması,  nə  ilə 
məşğul  olmağımızla  maraqlandığınız  kimi  mən  də  siz  nəvələrimin  necə  inkişaf 
etdiyi,  mədəniyyəti,  dolanması  ilə  maraqlanıram.  Bunun  üçün  ruhum  bütün 
Azərbaycanı (bizim o vaxt  yaşadığımız  ərazini indi siz belə adlandırırsınız)  gəzir, 
gözünüzə  görünmədən  yığıncaqlarda  olur,  məruzələrinizi  dinləyirəm  və  fəxr 
edirəm.  Sizin  mədəniyyətinizdən  də,  elmi  səviyyənizdən  də  razıyam.  Məni  yalnız 
sizin, necə dedim, qətiyyətsizliyiniz, öz ünvanınızı başqasının dili ilə deməyə adət 
etməniz narahat edir. Çəkinin, başqalarından asılı olmaqdan! Öz  tarixinizi özünüz 
yazın.  Mən  görürəm,  buna  mənim  alim  nəvələrimin  gücü  çatar,  lakin  bu  işdə 
başqalarının  yox  öz  tədqiqat  və  məntiqinizə  inanın.  Mənbələr  dediyiniz  qədim 
yunan,  ərəb  və  s.  tarixçilərinin  məlumatları  həmişə  olduğu  kimi  düzgün 
yazılmayıb, onlar da hər şeyi özləri görüb yazmayıblar, çox vaxt eşitdiklərini, özü 
də öz istədikləri kimi  yazıblar.  Hələ bu harasıdır, onların  əyri-düz  məlumatları da 
sizə başqalarının tərcüməsində, onların da öz xeyrlərinə yozması ilə gəlib çatıb. 
Mən  istərdim  ki,  qədim  kitabları  mənim  nəvələrim  özləri  əslindən  oxuyub 
istifadə edəydilər. Axı buna onların qabiliyyəti də, gücü də çatar. 
Görürəm və eşidirəm, bəzi nəvələrim də var ki, başqasının qoltuğuna  girib, 
tariximizi  onların  dili  ilə  ucuzlaşdırır,  kökümüzü  heçə  endirirlər.  Mənim  ruhum 
buna  dözməyir.  Az  qalıram  Allah  qoyan  qanunu,  yəni  ölünün  dirilməməzliyi  və 
ruhun  sizin  dünyaya  qayıtmamazlığı,  dirilərlə  danışmamazlığı  qanununu  pozam, 
düşəm bu qayadan, qalxam qəbrimdən, kənd-şəhər gəzib qışqıra-qışqıra nəvələrimə 
deyəm  ki,  inanmayın  onlara,  inanmayın  ki  siz,  sizin  baba-nənələr,  bu  torpağa 
haradansa  gəlməyik,  guya  dilinizi  də  dəyişib  başqasının  dilində  danışırsınız. 
Deyəsən,  sizi  çaş-baş  salırlar.  Vallah,  belə  ki  oldu,  dözmürəm,  lap  məni  indidən 
sonra cəhənnəmə də anarsalar, kimliyiniz haqda az da olsa deyəcəyəm. 
-  Hələ  lap  mənim  də  ulu  babalarımın  vaxtından  biz  elə  sizin  indi 
«Azərbaycan»  sözü  altında  birləşən  geniş  ərazidə  yaşamışıq.  Bizim  ulu  babaların 
məskəni  «Azıx»,  «Daş  salahlı»,  «Tağlar»,  «Damcılı»  kimi  Daş  dövrü  mağaraları 
olub.  Babaların  bunlar  kimi  qədim  düşərgələri  çoxdur,  mən  yalnız  şərtimizə  görə 
sizin  qazıb      öyrəndiklərinizin  adını  deyirəm.  Sonra  isə  Qobustanı  elm    aləminə 
tanıtdıran, bəşər tarixi  ilə  maraqlanan  turistlər   və   qonaqlarınızın ziyarətgahına 
çevirən  qədim  qayaüstü  təsvirlər  kolleksiyasını  -  bu  mədəniyyəti  yaratdıq. 
Çaşmayın,  kökünüzü  türkdilli  xalqlar  yaşayan  başqa  ərazilərdə  axtarmayın,  bilin, 
bu  qayaüstü  təsvirlər  mədəniyyəti  bütün  türk  aləminə,  türkdilli  qəbilə  və  xalqlar 
yaşayan ərazilərə buradan yayılmış və sizin bizdən qalma gözəl dilinizi də özü ilə 
yaymışdır.  Özü  də  bizdən  mən  nənənizin  bu  dünyada  olub,  bu  qayalar  arasında 
gəzdiyi vaxtdan xeyli sonra. Fikir verin, mənim surətim çəkilmiş bu daşda məndən  

37 
 
başqa  da    bizim  dövrün  adamları  kölgə  kimi  qazılıb.      Bizdən    sonrakı  dövrlərin  
insan təsvirləri isə belə deyil. İndi də bizdən şərqdəki böyük dənizə qədər türkdilli 
xalqlar yaşayan ərazilərdəki qayaüstü təsvirlərə  fikir   verin.  Görərsiniz  ki, orada   
bizim dövrün kölgəvari döyülmüş şəkilləri yoxdu. Olanların hamısı bizdən sonrakı 
dövrlərdə,   Qobustan ruhunda çəkilmiş  rəsmlərdir. Yadda  saxlayın ki, türk aləmi 
dediyiniz  ərazidə ən  qədim  xalq  sizsiniz. Mənim  dediklərimi təsdiq etmək üçün 
qazıntılarla  aşkara  çıxardığınız  maddi      qalıqlarımızı,  arxeoloji  materialları  yaxşı 
öyrənin,  tariximizi  havadan  deyilən  sözlərlə  yox,  o  materialları  dindirməklə 
öyrənib  yazın.  Onda  hər    şey  öz    yerinə  düşər    və  görərsiniz  ki,  sizin  babalarınız 
kim  olub,  onlarla  fəxr  edərsiniz.  Çalışın,    öyrənin,  aldanmayın.  -  Ulu  nənə  sonra 
sözü  dəyişdi,  -  hə,  ruhumun  çiçəkləri,  deyəsən,  söhbətim  sizin  suallardan  kənara 
çıxdı, özüm də qanunu pozdum. Bəlkə də buna görə cəzalanacağam. Nə olar, təki 
söhbətimin  xeyiri  olsun.  İstəyirəm  tarixinizi    öyrənmək  üçün  düzgün  istiqamət 
götürəsiniz. 
İndi  də  qayıdaq  bayaqkı  söhbətimizə.  Dedim  ki,  dağın  dalında  torpaq 
altında  qalmış  Qobustanda  ən  qədim  mağara-düşərgələrimizin  yerini    göstərmək 
üçün  cismani  olaraq  qəbirdən  çıxa  bilmərəm.  Çünki  siz  bəylərə  etibar  qalmayıb. 
Son  əsrlə  lap  yolunuzu  azmısınız.  Aləmi    qarışdırır,  bir-birinizi    istismar    edir, 
aldadır, nə bilim nə oyunlardan çıxırsınız. Bizim dövrdə belə deyildi. Nə hakim var 
idi, nə məzlum. Nə bəy var idi, nə nökər. Qəbiləmizin üzvlərinin hamısı bacardığı 
qədər  çalışar  və  bərabər  bəhrələnərdilər.  Anaya,  ağsaqqala,  ovda  və  əməkdə 
seçilənlərə  hörmət  var  idi,  onların  şərəfinə  çəkilən  şəkillərdir  bu    qayalarda  
gördükləriniz.  Qaldı  bizim    keçmişdəki      dolanacaq  və  məşğuliyyətimiz?  Sizin 
alimlər  öyrənib  düzgün    müəyyənləşdiriblər  ki,  insanlar  həyata  ilk    addımlarını  
ovçular  kimi  atmışlar. Ovçuluq   sizin Daş dövrü adlandırdığınız zamanın bütün 
mərhələlərində,  bizdən  də  çox-çox  sonrakı  nəsillər  heyvanları  əhliləşdirənə  və 
əkinçiliyə  başlayana  qədər  ovçuluq  və  yığıcılıqla,  balıqçılıqla  məşğul  olmuşdur. 
Onlardan  da  əsası  ovçuluq  idi.  Lakin  Daş  dövrünün  müxtəlif  vaxtlarında  ovçu 
babalarımızın  ovçuluq  təsərrüfatı  da  müxtəlif  səviyyədə  davam  edib.  Hər  dövrün 
özünə xas daş alətləri, ov obyektləri, şəraiti olub və biri-birindən fərqlənib. 
Bizim  ulu  babalarımız,  bayaq  dediyim  kimi,  «Azıx»,  «Daş  salahlı», 
«Tağlar»,  «Damcılı»  və  hələ  indiyə  qədər  aşkar  edilməyən  onlarca  mağaralarda 
yaşamışlar. Bu yerlərə də orta Daş dövrünün sonlarında ov dalınca gəlib çıxmışlar. 
Sonra  onları  bu  yerə  bağlayan,  o  dövrdə  bu  ətrafda  ovlanmalı  heyvan  sürülərinin 
çoxluğu,  ov  üçün  əlverişli  şərait,  balıqçılıq  üçün  dənizə  yaxınlığı,  yaşamaq  üçün 
hazır evlərin - qayaaltı sığınacaqların varlığı olmuşdur. 
Sizin  orta  Daş  (Mezolit)  dediyiniz  dövrdə  bu  qayaların  arasında  həyat 
qaynayırdı.  Ov  heyvanları  da  çox  idi,  balıq  da,  yeməli  meyvə  və  bitkilər  də, 
Kişilərimiz ceyran və gur ovlayar, balıq tutar, qadınlar isə ətraf -  yaxın yerlərdən 
meyvə,  göbələk,  dombalan  və  bu  kimi  bitkilərin  məhsulunu  yığardılar.  Əvvəllər 
alətimiz  çaxmaqdaşından,  qopardılmış  tək  qəlpədən  və  ya  lövhədən  düzəldilirdi. 

38 
 
Onlarda kəsər ağız kiçik idi, iş yavaş gedirdi. Sonra kişilərimiz çox kiçik lövhələri 
ağaca  bərkitməklə  yığma  alətlər  -  nizə,  xəncər,  bıçaq,  ox  ucluğu,  dənli  otları 
yığmaq  üçün  iri  ağızlı  çin  bıçaqlar  hazırlamağı  öyrəndilər.  Əlbəttə,  təsərrüfatın 
bəzi  sahələrində  bütün  işləri  yığma  alətlərlə  görmək  olmurdu.  Çaxmaqdaşından 
qaşov, siyirqaç, kəsər, mişar kimi alətlər də işlənməkdə davam edirdi. Bir sıra işləri 
görmək, məsələn, dəridən paltar düzəltmək (tikmək) üçün biz və iynə, balıq tutmaq 
üçün  qarmaq,  balıq  toru  toxumaq  üçün  alətlər  və  s.  sümükdən  hazırlanırdı.  Eləcə 
də  iri  ölçülü  işlər,  deyək  ki,  ağac  gövdəsinin  içini  yonub  kiçik  qayıq  düzəltmək, 
gördüyünüz bu təsvirləri qayada əhəng daşı üzərində döymək, yeməli dənləri əzib 
yumşaltmaq  və  s.  kimi  işlər  də  yığma  alətlərlə  həyata  keçirilə  bilməzdi.  Bu 
məqsədli  alətlər  -  zərb  alətləri,  gərki  tipli  çopperlər,  çapacaqlar,  isgənələr, 
sürtgəclər,  dəstəklər,  balıq  toru  üçün  ağırlıq  daşları  və  s.  iri,  bərk  bazalt  cinsli 
çaydaşılardan  düzəldilərdi.  Adlarını  çəkdiyim  və  çəkmədiyim  alətlərin  bütün 
formalarını (5-ci tablo, şəkil B), siz odur o qabaqdakı muzey etdiyiniz binada görə 
bilərsiniz.  Sizi  buraya  gətirən  bu  nəvəm  (yenə  məni  göstərir)  bizim 
düşərgələrimizdə  -  burada  «Ana  zağa»da  yaxındakı  «Kənizə»  və  «Öküzlər» 
düşərgələrində,  «Ovçular  zağası»  və  «Çardaq  zağa»da,  dağın  aşağısındakı 
«Daşaltı»  düşərgəsində,  Kiçikdağ  dağı  ərazisində  «Ceyranlar»,  «Firuz», 
«Qayaarası»  düşərgələrində,  nisbətən  son  dövrlərə  aid  «Çapmalı»,  «Böyük  daş», 
«Dairə»  yaşayış  yerlərində  apardığı  qazıntılardan  bu  alətlərdən  minlərlə  tapıb 
yığıb, muzey də düzəldib, Qobustan qoruğunun arxeoloji fondunu da o materiallar 
təşkil edir. O, qayalar arasında qazıntı apara-apara özü də qocalır. Bir də bu işləri 
xanımı ilə birgə görüb, uşaqlarını da burada böyüdüblər. 
Mən gördüyüm işlər üçün tərif olunmaqdan utanaraq, tələsik: 
-  Nənə,  -  dedim,  -  mən  sizin  düşərgələrdə  apardığım  qazıntılarla 
ulularımızın,  kökümüzün  kimlər  olduğunu  öyrənməyə  çalışmışam.  İstəyirəm 
mənim  həmvətənlərim  bilsinlər  ki,  biz  kimik  və  kimlərdən  törəmişik?  Sizlərdən 
sonra bu yerlərin torpağına, sərvətinə göz tikənlər azmı olub? Bizə qarışıb burada 
məskunlaşanlar  da  olub.  Necə  deyərlər,  meşə  çaqqalsız  olmaz.  İndi  elələri  var  ki, 
siz  deyən  kimi,  özləri  bu  yerlərə  gəlmə  olduqları  halda  özünü  buralı,  elə  bizim 
qanımızdan olanlar da var ki, bizi kəlmə sayır. 
Mənim  Qobustanda  apardığım  qazıntılar  və  qədim  təsvirlər  üzərindəki 
müşahidələrimin  nəticələri  sizin  bayaq  dediklərinizi  təsdiqləyir.  Doğrudan  da 
Qobustanda 
yaranan 
mədəniyyət 
ətraf  regionlarda  öyrənilmiş  oxşar   
mədəniyyətlərin    kökünü  təşkil  edir.  Qobustanda  ulu  baba  və  nənələrimizin 
portretlərinin,  siluet    (kölgə  kimi)  çəkilmiş  adam  şəkillərinin  tam  oxşarı  qonşu   
ərazilərdə  yoxdur. Oralardakı, yəni nəinki Qafqaz, eləcə də dənizin o tayında, Orta 
Asiyada, Sibirdə ta Sakit okeana qədər yayılmış qayaüstü şəkillər, Uralda Paleolit 
dövrü  ulularının  Kap  mağarasında  çəkdikləri  bizən  və  mamont  kimi  üst  Paleolit 
şəkillərindən    başqa,    Qobustanın    siluet    adamlarından gecdir. Onlar  yalnız 
buradakı  Mezolitin  sonundan  başlayaraq  çəkilmiş  təsvirlərlə  yaxınlaşır.  Bu    o  

39 
 
demək    deyilmi      ki,    qayaüstü    təsvirlər  yayılmış  ərazilərdəki  mədəniyyət  öz 
kökünü Qobustandan başlayır. Belə olduqda niyə biz Mərkəzi Asiyadan gəlmişlər 
olaq və ya onlar gəlib bizə dil öyrətmiş olsunlar? 
Mən  Qobustanı  öyrənməklə  yanaşı,  vətənimizin  başqa  bucaqlarında  və 
qonşu ərazilərdə aparılan arxeoloji qazıntılar, qədim mədəniyyət qalıqları, tapılmış 
əşyalar və s. abidələrlə də bir arxeoloq kimi az-çox tanış olmuşam. Mən görürəm 
ki,  Qobustandan  başlanğıc  götürmüş  qədim  mədəniyyətimiz  bütün  sonrakı 
dövrlərdə  də  eyni  dəsti-xətti  saxlamaqla  ilk  əkinçi-maldar  qəbilələrin  Kültəpə, 
Şomutəpə,  Töyrətəpə,  Qarğalar  təpəsi,  Çalağantəpə  və  s.      kimi      yaşayış   
yerlərində  daha  da  inkişaf  edir.  İlk  Tunc  dövründən  Qobustanda,      xüsusən   
göstərilən      abidələrdə      qəbilə      birləşmələri  böyüyüb  daha  da  möhkəmlənir  və 
onların bir-milli   ruhdan   törədiyi   özünü   daha   aydın   göstərməyə başlayır. Bu 
dövrdə  Kültəpə,  Töyrətəpə,  Şomutəpə  kimi  ilk  əkinçi-maldar  qəbilələrin 
mədəniyyətləri əsasında babalarımızın yaratdığı Kür-Araz mədəniyyəti Baş Qafqaz 
dağlarının  cənub  ətəklərindən  Göyçə  gölü  ətrafına,  Şərqi  Kiçik  Asiyaya,  Urmiya 
gölü ətrafına, Xəzər dənizi boyu Şimali Qafqaza qədərki ərazilərə yayılır. Sonralar 
bir mədəni kökdən olan tayfa, qəbilə birləşmələri bu geniş ərazidə Midiya, Manna, 
Atropatena,  Albaniya  kimi  dövlətlər  yaradırlar.  Ayrı-ayrı  ərazilərdə  yaranan  bu 
dövlət  birləşmələri  ümumi  kökə  malik  qədim  mədəniyyətimiz  daxilində  ərazi  
xüsüsiyyətlərinə  malik  yeni-yeni  və  dövrü  mədəniyyətlərin:  Naxçıvanda  boyalı 
qablar,  Kiçik  Qafqazın  şərq  hissəsində  Üzərlik-Göyçə,  Xocalı-Gədəbəy,  sonra 
Yaloylutəpə  kimi      mədəniyyətlərin      yaranmasına      gətirib      çıxarır.  Ayrı-ayrı  
ərazilərdə    yaranan  mədəni  lokalizasiyalar  ümumi  kökə  malik  dilimizdə  də  ləhcə 
fərqlərinə  səbəb  olur.  Beləliklə,  mən  hesab  edirəm  ki,  Azərbaycan  xalqı 
Qobustandan    başlayıb    sonrakı  dövrlərdə  də  onun  inkişafının  nəticəsi  olan 
mədəniyyətləri  yaradanların varisləridir. 
Söhbətimə diqqətlə qulaq asan Ulu nənə söhbətim üçün razılıq edib dedi: 
-  Nəvələrim,  insan  kimliyini  bilməli,  özünü  dərk  etməlidir.  Heç  bir 
kəlmənin  özünü  yerli,  yerlinin  özünü  kəlmə  kimi  qələmə  verməsi  Allaha  da  xoş 
getməz. Düzdür, indi elələri də belələri də var. Lakin ataların bir kəlamını yaddan 
çıxarmaq  olmaz:  «Əsil-nəslini  danan  haramzadədir».  Adam  gərək  mənliyini, 
qürurunu itirməsin. İndi sizlərdə bir adət düşüb, deyirsiniz mənim hansı mahaldan, 
vilayətdən,  şəhərdən,  kənddən  olmağımı  soruşma,  bilirsən  ki,  azərbaycanlıyam, 
kifayətdir. 
Yox,  bala,  mən  razı  deyiləm.  Hər  kəs  kəndlər  arasında  öz  kəndi,  rayonlar 
arasında  öz  rayonu,  öz  şəhəri,  öz  vilayəti,  nəhayət,  öz  ölkəsinin  təəccübünü, 
qürurunu  gözləməli,  gördüyü  ümumi  yaxşı  iş  üçün  onlar  qarşısında  qürurlandığı 
kimi,  pis  işi  üçün  də  cavab  verməli,  utanmalıdır.  Millət  adından  alver  edən, 
başqasının təsirinə düşüb  kimliyini danan, şəxsi məqsədlər üçün başını başqasının 
pencəyinin  altına  soxan  heç  vaxt    millətinə,  xalqına  xeyir  verə  bilməz.  Aman 

40 
 
Allah,  nəvələrimdən belələri  varsa ona rəhmin  gəlməsin, başına bu qayalar boyda 
daş sal! 
sonra  Ulu  nənə  yorulduğunu  bildirib,  qayada  öz  yerini  tutub  daşa  döndü. 
Dəstəmizdən  bir  nəfər  gileyləndi  ki,  bu  nənə  nə  tez  yoruldu?  Heyvanların  necə 
əhliləşdirilməsi əkinçiliyin yaranması,   qayalardakı   bir sıra şəkil və səhnələrin nə 
vaxt, nə üçün çəkilmələri və s. haqda da danışsaydı yaxşı olardı. 
Ulu nənə yenidən daşda qabardı, lakin tam düşməyib dedi: 
- Ay oğul, mən onsuz da «ölü kordan qayıtmaz» kəlamını pozub az-çox sizə 
məlumat verdim. Mən bunu etdim, amma etməli deyildim. Mən sizin rejimlə işləyə 
bilmərəm.  Narahat  olma,  ömrünü  bu  qayalar  arasında  keçirmiş  nəvəm  apardığı 
qazıntıların  nəticələri  və  müşahidələri  əsasında  fikirlərini  söyləsə  mənim 
deyəcəklərimi  demiş  olar.  Allah  canınızı  sağ  eləsin,  nə  qədər  sizin  dünyadasınız 
çalışın, çalışın bizim dünyaya köçənə  kimi elə  hörmət qazanasınız  ki,  sonra  sizin 
də surətiniz abidə olaraq əbədiləşsin, ruhunuz üçün ev olsun. 
Sonra ekskursiyanı mən davam etdirməli oldum. 
* * * 
Heyvanların nə vaxtdan və necə əhliləşdirilməsi hatda arxeoloji ədəbiyyatda 
çox yazılıb. Əlbəttə, bu proses dünyanın müxtəlif yerdərində müxtəlif minilliklərdə 
olsa da təsərrüfat və inkişaf baxımından əsasən Neolit (yeni Daş) dövründən, bəzən 
də  kökləri  lap  Mezolitdən  götürülür.  Bu  ədəbiyyatdan  məlum  olur  ki  ov  zamanı 
anası ovlanmış balalar düşərgəyə gətirilir, ovda əldə edilmiş ət, yemək bol olduqca 
balalar  bağlanıb  yedizdirilir  və  bir  müddətdən  sonra  insanlara  öyrəşib  onlardan 
qaçmır və beləliklə əhliləşir. Əlbəttə, çox yerdə, elə Qobustanda da müəyyən qədər 
belə  olmuşdur.  Lakin  Qobustanda  heyvanların  əhliləşməsi  iki  mərhələdən 
keçmişdir. Birinci mərhələ ikincinin işini yüngülləşdirmişdir. 
İlk  qobustanlılar  bu  qayalar  arasında  məskən  salan  zaman,  üst  Paleolitin 
axırlarında Qobustanda o qədər heyvan sürüsü var idi ki, ilk qobustanlı babaların 
ov  etməsi  də  asan  idi.  Onlar  ətrafda  otlayan  heyvan  sürülərini  yavaş-yavaş 
Böyükdaş  və  Kiçikdaş  dağlarının  10-15  metrlik  dik  uçurumla  əhatə  olunmuş 
zirvəsinə qovub qayadan uçurardılar. Bu vaxt heyvanların yaşlıları da, cavanları da 
qayadan  düşüb  parçalanar,  ət  o  qədər  bol  olardı  ki,  heç  balığa,  yeməli  meyvə  və 
bitkilər  yığmağa  da  ehtiyac  qalmazdı.  Sonradan  get-gedə  ov  heyvanları  azaldı. 
Həm  onları  ovlamaq  çətinləşdi,  həm  də  ağsaqqallar  gördülər  ki,  belə  getsə  onları 
qırıb  qurtararlar,  deməli  onsuz,  ətsiz  qalarlar.  Bu  vaxt  artıq  yay-ox  da  ixtira 
olunmuşdu. Ağsaqqallar qərar çıxarırlar ki, heyvanlar bir müddət yalnız yay-oxla, 
bayram şənliklərində  və  qəbilə  xüsusi şəraitdə, ac  qalarsa,  lazımi  sayda  ovlansın. 
Qəbiləni yedirmək üçün, on çox balıq ovlansın, müxtəlif xırda heyvanların, meyvə 
və  yeməli  otların  yığımı  artırılsın.  Bir  müddətdən  sonra  belə  vəziyyət  yaranmışdı 
ki,  heyvan  ovlamaq  lazım  gələndə  qoçaq  ovçuya  sürüdəki  hansı  heyvanın  tək 
ovlanması tapşırılırdı. 

41 
 
Bu  vəziyyətdə  Qobustanda  olan  heyvan  sürüləri  elə  bil  burada  yaşayan 
qəbilənin xüsusi sürüsünə çevrilmişdi. Bu əsasən Qobustanın şəraiti ilə də bağlı idi. 
Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ qayalıqları Kənizə və Torağay dağları 
ətrafındakı  düzən  sahələr  dağ  keçisi,  ceyran,  gur  və  s.  sürüləri  üçün  bağlı  sahə 
təşkil  edirdi.  Buradakı  heyvanların  uzaq  sahələrə  getməsinə  yol,  şərait  yox  idi. 
Dağın  deyək  ki,  şərq  tərəfi  düzənlikdəki  ceyran  sürüsü  hürkdükdə,  o  biri  dağın 
qərb tərəfindəki düzənliyə, dağın bu başı qayalıqdakı keçilər hürkəndə dağın o biri 
qayalıq  başına  qanırdı,  vəssalam.  Beləliklə,  onlar  bir  növ  bu  dağlarda  məskən 
salmış  qəbilələrin  xüsusi  heyvanlarına  çevrilmişdilər.  Artıq  Qobustan  qəbilələri 
ətraflarındakı  heyvanların  balalarını  qurdun-quşun  aparmamasının  qeydinə 
qalırdılar. Heyvanlar da daim rastlaşdıqları insanlara isinişir, onlardan qaçmırdılar. 
Qobustanda heyvanların əhliləşməsinin birinci mərhələsi belə keçdi. Get-gedə keçi 
və  öküz  kimi  heyvanlar  qayalar  arasında  balasından  uzağa  getmədiyindən 
insanlardan  o  qədər  də  qaçmırlar.  Qəbilə  üzvləri  bundan  istifadə  edib  balaları  və 
elə  iriləri  də,  xüsusən  qış  vaxtları,  müəyyən  yerlərə  ot  qoymaqla,  yedirməklə 
özlərinə  yaxınlaşdırırlar.  Beləliklə,  Neolit  dövründən  Qobustanda  heyvanların 
(öküz və keçinin)  əhliləşməsi başlanır   (4-cü tablo, şəkil B). 
Sual  ola  bilər  ki,  o  vaxt  Qobustanda,  bu  qapalı  ərazidə  nə  qədər  heyvan 
yaşaya  bilərdi?  Çox,  lap  çox,  artımı  ilə  qəbilənin  ehtiyacını  ödəyə  biləcək  qədər. 
Oxucuya elə gəlməsin ki, mümkün olmazdı. Nəzərə alaq ki, o vaxt təbiət mülayim, 
bitki  örtüyü  zəngin  idi.  İkincisi,  elə  indinin  özündə  Qobustan  qəsəbəsi  və  Şıxlar 
kəndinin minlərlə mal və qoyununu il uzunu bu ərazi saxlayır. Əhalinin ehtiyacını 
müəyyən qədər ödəyir. Qədim Qobustanda əhali indikindan dəfələrlə az, əsas işləri  
isə ovçuluq və maldarlıq idi. 
Qobustanda  yığıcılıq  təsərrüfatından  bitkilərin  becərilməsinə,  əkinçiliyə 
keçidə də əlverişli şərait səbəb olmuşdu. 
Hələ  Daş  dövründə  yeməli  otları,  onların  kökü  və  dənini,  meyvəsini  yığan 
qədim  insanlar  çoxillik  təcrübələri  əsasında  meşədə  meyvə  ağaclarının  yerini, 
çöldə  müəyyən  otun,  göbələyin,  dombalanın  və  s.  harada  bitdiyini  və  onların  nə 
vaxt baş verib  yetişməsini  yaxşı bilir,  yadlarında  saxlayırdılar. Söz  yox  ki, qədim 
qobustanlılar 
yeməli  bitkiləri 
yığıb  düşərgəyə  gətirir, 
«evdəkilərlə» 
bölüşdürürdülər.  Tökülmüş  toxumların  gələn  mövsümdə,  düşərgə  yanında 
(həyətdə) bitib yetişməsi insanların diqqətindən yayınmır. Onlar bunun sirrini dərk 
etməyə  başlayaraq  yeməli  bitkilərin  toxumlarından  yığıb  düşərgələrinə  yaxın 
yerlərdə  özləri  əkməyə  başlayırlar.  Sonra,  get-gedə  meyvə  ağaclarını  da  düşərgə 
yanında bitirməyə nail olurlar. Antik və ilk orta əsrlərdə Qobustanda güclü bağçılıq 
olduğuna  qayalar  arasında  sırlaşaraq  indiyə  qədər  qalmış,  bir  sıra  meyvə 
ağaclarının qalıqları şahidlik edir. 
«Ana zağa»da Tunc dövrü təbəqəsinin qazıntısı zamanı anbar kimi istifadə 
edilmiş  kiçik  daş  qurğuların  içində,  bir  yerdə  olmaqla,  dağdağan  meyvəsinin 

42 
 
toxumları aşkar edilmişdi. Görünür, Tunc dövrü qobustanlıları dağdağan meyvəsini 
qurudub əzuqə kimi saxlamışlar. 
Son illərdə, xüsusən yaz yağmurlu keçəndə, iyun ayının sonunda, Böyükdaş 
dağı yuxarı səki sahəsində, qədim düşərgələrin ətrafındakı dinc sahələrdə diqqətimi 
alçaq, qaraqılçıq ot cəlb etmişdi. Mən onları yoxladıqda məlum oldu ki, onun kiçik 
gövdəsi,  taxıl  gövdəsidir,  3-4  buğumdan  ibarət  qaraqılçıq  sünbülü  var.  Sünbülün 
içində  isə  3-4  ədəd  (bəlkə  də  quraqlıq,  susuz  olduğundandır)  adi  buğda  dənələri 
var.  Bu  növ  bitkinin  Qobustanda  yalnız  qədim  düşərgələr  ətrafında  olması,  bəlkə 
də onların vaxtilə düşərgələr ətrafında əkilməsini göstərir. 
Yüklə 225,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin