Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 299.97 Kb.
Pdf просмотр
tarix10.07.2017
ölçüsü299.97 Kb.

48 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Sosial-siyasi elmlər seriyası   

 

2013 

 

 



 

 

UOT 343.61 



 

QƏSDƏN ADAM ÖLDÜRMƏ CİNAYƏTLƏRİNDƏ İŞTİRAKÇILIĞIN 

NÖVLƏRİNƏ GÖRƏ CƏZA TƏYİNİ MƏSƏLƏLƏRİ 

 

N.K.ƏLİYEV 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 

aliyev-1973@list.ru 

 

Məqalədə  Azərbaycan  Respublikasınının  qüvvədə  olan  CM-nə  əsasən  qəsdən  adam 

öldürmə  cinayətlərində  iştirakçılığın  növlərinə  görə  cəza  təyini  məsələləri  araşdırılır. 

Məhkəmə təcrübəsinin materialları əsasında qeyd olunan cinayətlərə görə cəza təyini zamanı 

yaranan çətinliklər, yol verilən səhvlər müəyyən edilir. İştirakçıların cinayətkar məqsədə nail 

olunmasında payları müxtəlif olduğundan, cinayət qanununda iştirakçılığın hər hansı növünün 

məsuliyyətə konkret təsirinin təsbit edilməməsi düzgün mövqe sayılır. 

  

Açar  sözlər:  qəsdən  adam  öldürmə,  iştirakçılığın  növləri,  icraçı,  təşkilatçı,  təhrikçi, 

köməkçi, cəza təyini 



 

Cinayətkarlığa  qarşı  mübarizədə  uğurlu  nəticələrə  nail  olunması  üçün 

hüquqi dövlətin qarşısında  bir sıra vacib vəzifələr dayanır.  Bunların sırasında 

cinayət  hüququ  normasının  düzgün  tətbiqi,  cinayət  törətmiş  şəxs  haqqında 

ədalətli  cəzanın  tətbiqi  mühüm  yer  tutur.  F.Y.Səməndərov  bununla  əlaqədar 

göstərmişdir ki, bəşəriyyət cinayətkarlıqla mübarizədə cəzadan daha «dəyərli», 

«təsirli» vasitə kəşf edə bilməmişdir (9, 120).  

Cinayət hüququ üçün cinayəti təkbaşına törədənlərlə müqayisədə iştirak-

çılıq  qaydasında  və  ya  qrup  halında  törədənlərə  daha  sərt  cəzanın  təyin  edil-

məsi xarakterik olmuşdur. Əksər müəlliflərə görə bir neçə şəxsin qəsdən cina-

yətdə  birgə  iştirakı  əməlin  ictimai  təhlükəliliyini  artırır  və  cinayətin  təkbaşına 

törədilməsi  ilə  müqayisədə  təqsirli  şəxslərə  daha  ağır  cəzanın  tətbiqini  şərt-

ləndirir  (12,  9).  Lakin  bəzi  müəlliflər  hesab  edirlər  ki,  iştirakçılıqla  cinayət 

törətmiş  şəxslər  təkbaşına  cinayət  törətmiş  şəxslər  ilə  bərabər  səviyyədə 

məsuliyyət daşımalıdırlar (15, 81). Sonuncu mövqeyin əsasında hər bir şəxsin 

yalnız özünün təqsirli əməlinə görə cavab verməli olması tezisi dayanır.  

Azərbaycan  Respublikası  CM-nin  33.1-ci  maddəsinə  əsasən  cinayətin 

iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki 

iştirakının xarakteri və dərəcəsindən asılı olaraq müəyyən  edilir. İştirakçılıqla 

cinayət  törətmiş  şəxslər  ümumi  cinayətkar  məqsədə  nail  olmaq  üçün  birgə 



49 

 

fəaliyyət  göstərdiklərindən,  onların  məsuliyyəti  törədilən  əməldə  və  ictimai 



təhlükəli  nəticənin  baş  verməsində  göstərdikləri  səyə  uyğun  müəyyən  edil-

məlidir.  Cinayətin  ictimai  təhlükəliliyinə  bir  neçə  şəxsin  birgə  iştirakı  ilə 

yanaşı  birgə  iştirakın  nəticəsi  də  təsir  göstərir.  Hesab  edirik  ki,  eyni  əməlin 

təkbaşına törədilməsi ilə müqayisədə iştirakçılıq qaydasında törədilməsi hər bir 

halda  əməlin  ictimai  təhlükəliliyini  artıran  amildir.  Bununla  belə,  cinayətkar 

məqsədə nail olma iştirakçılığın növ və formaları ilə yanaşı, həmçinin bu və ya 

digər iştirakçının əməlinin fəallığı səviyyəsindən asılıdır. 

İştirakçılıq  ya  rolların  bölgüsü  ilə  müşayiət  olunan  sadə  iştirakçılıq,  ya 

birgə  icraçılıq,  ya  da  rolların  bölgüsünün  də  olduğu  birgə  icraçılıqda  ifadə 

olunur.  Rolların  bölgüsü  ilə  olan  iştirakçılıqda  cinayətin  törədilməsində  icraçı 

ilə  yanaşı  ya  təşkilatçı,  ya  təhrikçi,  ya  köməkçi,  ya  onların  bir  neçəsi  və  ya 

hamısı  iştirak  edir.  Birgə  icraçılıq  zamanı  cinayət  iki  və  daha  çox  icraçının 

birgə  iştirakı  ilə  törədilir.  Rolların  bölgüsünün  olduğu  birgə  icraçılıqda  isə 

cinayət iki və daha çox icraçının birgə iştirakı ilə törədilsə də, burada həmçinin 

rolların  bölgüsü,  yəni  təşkilatçı,  təhrikçi  və  ya  köməkçi  mövcud  olur.  Bu, 

əsasən  iştirakçılığın  daha  təhlükəli  formaları  sayılan  mütəşşəkil  dəstə  və 

cinayətkar  birliklər  üçün  xarakterikdir.  Qeyd  edilən  təsinifata  uyğun  olaraq 

iştirakçılıq  üç  üsul  ilə  tövsif  olunur:  ya  sadə  cinayətdə  iştirakçılıq  (məsələn, 

CM-nin  32.5,  120.1-ci  maddələri),  ya  tövsifedici  cinayətdə  iştirakçılıq 

(məsələn,  CM-nin  32.5,  120.2.1-ci  maddələri),  ya  da  müstəqil  qrup  cinayəti 

kimi (məsələn, CM-nin 120.2.1-ci maddəsi). 

İcraçı olmadan qəsdən adam öldürmə cinayətinin iştirakçılıqla törədilmə-

si  mümkündürmü?  Ədəbiyatda  bu  barədə  vahid  mövqe  yoxdur.  Bir  mövqeyə 

görə  iştirakçılıq  əsas  əməldən  asılıdır,  digər  iştirakçılar  ilə  əməlin  nəticəsi 

arasında öz davranışı ilə icraçı dayanır, qalan iştirakçılar isə nəticə ilə səbəbli 

əlaqədə deyillər və özgənin əməlinə görə cavab verirlər. Digər mövqeyə görə 

isə  iştirakçılar  əməllərin  məcmusuna  görə  deyil,  öz  konkret  əməllərinə  görə 

məsuliyyət  daşıyırlar.  Azərbaycan  Respublikasının  qüvvədə  olan  CM-də  hər 

iki  mövqe  müəyyən  dərəcədə  öz  əksini  tapmışdır.  Belə  ki,  CM-nin  64-cü 

maddəsi iştirakçıların hər birinə öz əməllərinə görə cəza təyin edilməsini, CM-

nin 34.8-ci maddəsi isə bütün iştirakçıların birgə məsuliyyətini nəzərdə tutur.  

Azərbaycan  Respublikasının  qüvvədə  olan  CM-də  qrup  tərəfindən 

törədilən  cinayətlərdən  fərqli  olaraq,  yalnız  rolların  bölgüsü  ilə  müşayiət 

olunan  sadə  iştirakçılığın  təkbaşına  törədilən  cinayətlərlə  müqayisədə  yüksək 

ictimai  təhlükəli  olması  xüsusi  vurğulanmamışdır.  Belə  ki,  CM-nin  34.8-ci 

maddəsində iştirakçılığın formaları sayılan bir qrup şəxs, qabaqcadan əlbir olan 

bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik  tərəfindən  törədilən 

əməllərin cinayət qanununda nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq 

daha  ciddi  cəzalara  səbəb  olması  təsbit  olunmuşdur.  Cinayətdə  iştirakçılığın 

qabaqcadan  əlbir  olmayan  bir  qrup  şəxs  forması  istisna  olmaqla,  digər 

formaları  tərəfindən  törədilməsi  cəzanı  ağırlaşdıran  halların  siyahısında  da 

nəzərdə tutulmuşdur (CM-nin 61.1.3-cü maddəsi). İştirakçılığın formaları CM-



50 

 

nin  Xüsusi  hissəsinin  ayrı-ayrı  maddələrində  məsuliyyəti  ağırlaşdıran  hallar 



qismində  təsbit  olunmuşdur.  Beləliklə,  CM-nin  həm  Ümumi,  həm  də  Xüsusi 

hissələrində  qrup  tərəfindən  törədilən  cinayətlərin  yüksək  ictimai  təhlükəliliyi 

öz  əksini  tapsa  da,  rolların  bölgüsü  ilə  olan  sadə  iştirakçılığa  belə  münasibət 

ifadə  olunmamışdır.  Bunun  səbəbi  müəyyən  dərəcədə  aydındır;  qanunda 

iştirakçılığın  növlərinin  məsuliyyətə  təsiri  nəzərə  alınsaydı,  bu,  cinayətin 

törədilməsində  icraçılıq  istisna  olmaqla  müxtəlif  funksiyaları  həyata  keçirən 

şəxslərin əməllərinin iştirakçılığın daha ağır növü ilə əhatə olunmasına gətirib 

çıxarardı. 

Ədəbiyyatda  cinayət  qanununun  bu  mövqeyinə  tənqidi  yanaşan  bəzi 

müəlliflər bu növ iştirakçılığın birgə icraçılıqdan daha təhlükəli olduğunu qeyd 

edirlər  (14,  91).  Biz  bu  mövqe  ilə  razı  deyilik  və  hesab  edirik  ki,  cinayət 

tərkibinin  obyektiv  cəhətini  təşkil  edən  hərəkətlərin  cinayətin  ən  azı  iki  və  ya 

bütün iştirakçıları tərəfindən birlikdə törədilməsini nəzərdə tutan birgə icraçılıq 

qrup tərəfindən törədilən cinayəti ifadə etdiyindən, eyni əməlin yalnız rolların 

bölgüsü ilə müşayiət olunan sadə iştirakçılıq formasında törədilməsi ilə müqa-

yisədə daha ictimai təhlükəlidir. Cinayətin iştirakçılıqla törədilməsi cinayətkar 

nəticənin  əldə  olunmasına  öz  təsirini  göstərir,  təşkilatçının,  təhrikçinin  və  ya 

köməkçinin cinayətin törədilməsində «töhfələri» nə qədər çox olursa, icraçının 

«töhfəsi» buna müvafiq olaraq bir o qədər az olur.  

Bəzən cinayətin törədilməsində faktiki iştirakın dərəcəsi və xarakteri bir-

biri  ilə  eyniləşdirilir,  iştirakın  dərəcəsi  anlayışına  iştirakçılığın  növləri  daxil 

edilir.  «Xarakter»  yunan  mənşəli  «charakter»  sözündən  olub  xasiyyət,  mahiy-

yət,  keyfiyyət,  xüsusiyyət  mənalarını  ifadə  edir  (2,  426).  «Dərəcə»  isə  ərəb 

mənşəli söz olub bir şeyin müqayisəli kəmiyyəti, ölçüsü, keyfiyyəti, səviyyəsi 

mənalarını  ifadə  edir,  bir  sıra  sözlərə  qoşulduqda  həmin  sözlə  ifadə  edilən 

şeyin həddini, qədərini, əhəmiyyətini bildirir (1, 592).

 

Cinayətin törədilməsində 



faktiki  iştirakın  dərəcəsi  iştirakçının  ümumi  cinayətkar  məqsədə  nail  olun-

masına  verdiyi  «töhfəni»  nəzərdə  tutur.  Bu  «töhfə»  müəyyən  dərəcədə 

cinayətin  törədilməsində  faktiki  iştirakın  xarakteri  ilə  şərtlənir,  eyni  zamanda 

iştirakın fəallığı, əməlin tövsifi və s. amillərdən asılı olaraq, ondan əhəmiyyətli 

dərəcədə fərqlənə bilər. İştirakçılığın xarakteri birgə törədilən cinayətdə hər bir 

iştirakçının  hərəkətinin  keyfiyyət  tərəfini  xarakterizə  edir.  İştirakçılıqla 

törədilən  cinayətdə  xarakterinə  görə  müxtəlif  funksiyaları  yerinə  yetirən 

iştirakçıların hər birinin cinayətdə iştirak dərəcəsi müxtəlif ola bilər.  

CM-nin 61.1.4-cü maddəsində cəzanı ağırlaşdıran hal qismində cinayətin 

törədilməsində  xüsüsilə  fəal  iştirak  etmə  əlaməti  nəzərdə  tutulmuşdur.  Bu 

əlamət  iştirakçılıqla  törədilən  cinayət  əməllərinin  törədilməsi  zamanı  nəzərə 

alınan  cəzanı  ağırlaşdıran  hal  sayılır.  Cinayət  qanunu  cinayətdə  iştirak  edən 

şəxsin  sadəcə  fəal  rolunu  deyil,  «xüsusilə  fəal  rolunun»  olmasını  qeyd  edir. 

Xüsusi fəallıq şəxsin sadəcə cinayət edərkən təşəbbüs göstərməsini, müəyyən 

təklif  verməsini,  qarşıya  çıxan  maneələrin  dərhal  çevikliklə  aradan 

qaldırılmasını deyil, həmçinin dəstə daxilində möhkəm intizam yaradan, dəstə 



51 

 

üzvlərinin  sıx  birliyini  təmin  edən  yüksək  təşkilatçılıqda,  habelə  liderlikdə 



özünü göstərən fəaliyyəti nəzərdə tutur (9, 236).  

Fikrimizcə,  CM-nin  qeyd  edilən  normaları  rolların  bölgüsü  ilə  müşayiət 

olunan  sadə  iştirakçılıq  qaydasında  cinayət  törətmiş  şəxslərə  ədalətli  cəzanın 

təyin  edilməsinə  imkan  verir.  Cinayətin  törədilməsində  iştirakın  dərəcəsi  və 

xarakteri  əməlin  və  onu  törətmiş  şəxsin  ictimai  təhlükəliliyinin  dərəcəsinə  və 

xarakterinə öz təsirini göstərir. Hüquqtətbiqetmə orqanı tərəfindən bu hallar hər 

bir konkret cinayət işi üzrə ayrıca aydınlaşdırılmalı və cəzanın fərdiləşdirilməsi 

zamanı nəzərə alınmalıdır. Fikrimizcə, ədəbiyyatda düzgün olaraq göstərilmiş-

dir  ki,  cəzanın  fərdiləşdirilməsi  imkanı  heç  bir  halda  istisna  edilməli  deyildir, 

əks halda məhkəmə təqsirli olan şəxsə törətdiyi cinayətin ağırlıq dərəcəsinə və 

şəxsiyyətinə  uyğun  ədalətli  cəza  təyin  edən  subyekt  deyil,  sadəcə  ayrı-ayrı 

halların qeydiyyatını aparan subyektə çevriləcəkdir (16, 245).  

Qanunda cinayətdə iştirakın xarakterinə görə icraçı, təşkilatçı, təhrikçi və 

köməkçi fərqləndirilsə də (CM-nin 32-ci maddəsi), onların məsuliyyətə konk-

ret  təsiri  müəyyən  edilməmişdir.  Müəlliflərdən  E.V.Blaqova  və  R.X.Şaipova 

görə  iştirakçılar  ictimai  təhlükəliliklərinin  azalma  səviyyəsinə  görə  bir  qayda 

olaraq aşağıdakı ardıcıllıqla düzülürlər: icraçı, təşkilatçı, təhrikçi, köməkçi (12, 

18).  Hesab  edirik  ki,  iştirakçılığın  növləri  bir-birindən  keçilməz  səddlə  ayrıl-

mamışdır, məsələn, əgər adamöldürmə əməlini sifariş etmiş şəxs icraçıya cina-

yətin qurbanının ancaq adını, familiyasını və ona bu qəsdi həyata keçirməsinə 

görə ödəniləcək pul məbləğinin miqdarını deyirsə, onun bu əməli təhrikçiliyə 

daha uyğun olur. Lakin əgər o, bu hərəkətləri ilə yanaşı killerə cinayətin törə-

dilməsini  asanlaşdıran  silah,  nəqliyyat,  informasiya  verərsə,  cinayətdə 

təhrikçidən daha çox təşkilatçısı rolunda çıxış edəcəkdir.  

Bəzi  müəlliflər  iştirakçılığın  növləri  içərisində  cinayətin  təşkilatçısının 

daha  təhlükəli  olduğunu  qeyd  edir  və  onun  məsuliyyətinin  sərtləşdirilməsini 

təklif  edirlər  (11,  179).  A.R.Zaynutdinova  cinayətin  təşkilatçısı  üçün  mütləq-

müəyyən sanksiyaların müəyyən edilməsini məqsədəuyğun hesab etmişdir (13, 

189.).  Həqiqətən  digər  iştirakçılarla  müqayisədə  təşkilatçıların  təhlükəliliyi 

adətən  yüksək  olur.  Lakin  burada  da  istisnalar  mümkündür.  Belə  ki,  bəzən 

bacarıqsız,  səriştəsiz  təşkilatçılar  öz  hərəkətləri  ilə  icraçıya  cinayəti  törətmək 

üçün nəinki şərait yarada bilər, əksinə, onun törədilməsini çətinləşdirə bilər və 

hətta belə hərəkətləri ilə cinayətkar qrupun ifşa olunmasına səbəb ola bilərlər. 

İcraçı iştirakçılığın bütün növləri sırasında əsas fiqur sayılır. Azərbaycan 

Respublikasının  qüvvədə  olan  cinayət  qanununun  bir  sıra  müddəaları  rolların 

bölgüsünün olduğu iştirakçılıqda icraçının aparıcı rolunu təsdiq edir. Məsələn, 

CM-nin 33.3-cü maddəsinə əsasən əgər icraçı cinayəti törədərkən iştirakçılığın 

digər  növlərinə  xas  olan  rolları,  funksiyaları  həyata  keçirdikdə,  bütün  əməli 

icraçılıqla əhatə olunur. CM-nin 33.4-cü maddəsinə əsasən Məcəllənin Xüsusi 

hissəsinin  müvafiq  maddəsi  ilə  cinayətin  xüsusi  subyekti  olmayan  və  həmin 

maddə  ilə  nəzərdə  tutulmuş  cinayətin  törədilməsində,  yəni  obyektiv  cəhətin 

icra  olunmasında  faktiki  iştirak  edən  şəxslər  cinayətin  icraçıları  deyil,  başqa 



52 

 

növ iştirakçıları sayılır və törədilən cinayətə görə ya təşkilatçı, ya təhrikçi, ya 



da  köməkçi  kimi  məsuliyyətə  cəlb  olunur.  CM-nin  33.5-ci  maddəsinə  əsasən 

isə əgər icraçı cinayəti iradəsindən asılı olmayan səbəblər üzündən başa çatdıra 

bilmirsə, digər iştirakçılar cinayətə hazırlığa və ya cinayət etməyə cəhddə işti-

rakçılığa görə məsuliyyətə cəlb edilirlər. Bəzi müəlliflər cinayət qanununda di-

gər iştirakçıların, ən azından təhrikçinin və köməkçinin icraçıdan ağır məsuliy-

yət  daşıya  bilməmələrini  nəzərdə  tutan  normanın  yaradılmasını  mümkün 

sayaraq,  bu  növ  iştirakçılara  cəzanın  maksimal  həddinin  təyin  edilməsini 

yolverilməz  hesab etmişlər (16, 120). Hesab edirik ki, iştirakçılıqla törədilmiş 

hər bir konkret cinayət işi üzrə ayrı-ayrı iştirakçıların şəxsiyyətinin təhlükəlili-

yini  əhəmiyyətli  dərəcədə  artıran  və  ya  azaldan,  yaxud  onların  əməllərinin 

tövsifini dəyişdirən hallar mövcud ola bilər. Ona görə də qanunda təhrikçi və 

ya köməkçi üçün icraçı ilə müqayisədə nisbətən yüngül məsuliyyətin müəyyən 

edilməsi və ya maksimal cəzanın yolverilməzliyinin müəyyən edilməsi təklifini 

məqbul hesab etmirik. 

Məhkəmə  təcrübəsindən  gətirdiyimiz  misallar  əsasında  bu  məsələlərə 

diqqət yetirək. I instansiya məhkəməsinin 15 aprel 2009-cu il tarixli hökmü ilə 

H.S.İ.  Azərbaycan  Respublikası  CM-nin  32.5,  120.2.1-ci  maddəsi  ilə  təqsirli 

bilinib, cəzasının ilk 2 ilini həbsxanada, qalan 13 ilini ciddi rejimli cəzaçəkmə 

müəssisəsində  çəkməklə,  15  il  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına 

məhkum  edilmişdir.  H.S.İ.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 

törədilən qəsdən adam öldürmə cinayətində köməkçi qismində iştirak etməkdə 

təqsirli bilinmişdir. Belə ki, H.S.İ. qardaşları Ç.S.-vin 15 fevral 2007-ci ildə və 

Ş.S.-vin 29 avqust 2007-ci il tarixdə Moskva şəhərində öldürülməsində onlarla 

yaxın münasibəti olmuş R.B.R.-un iştirak etdyini güman etdiyi üçün, 2007-ci 

ilin sentyabr ayında tanışı Ş.M.V. ilə Bakı şəhərində görüşüb ondan aldığı mə-

lumatdan şübhələrinin əsaslı olduğu qənaətinə gəlmiş və Ş.M.V.-in Rusiyadan 

Azərbaycana  gəlmiş  R.B.R.-u  öldürmək  məqsədilə  axtardığını  bildikdə, 

qardaşlarının  öldürülməsinə  görə  qisas  almaq  niyyəti  ilə  Ş.M.V.-ə  məqsədini 

həyata  keçirmək  üçün  əlverişli  şərait  seçməkdə  yardımçı  olmağı  vəd  etmiş, 

aralarında  olan  razılığa  əsasən  Ş.M.V.  ilə  əlaqələrinin  gizliliyini  təmin  etmək 

üçün 2007-ci ilin sentyabr-oktyabr aylarında özü və qohumları vasitəsi ilə Ucar 

və  Göyçay  rayonlarından  uydurma  şəxslərin  adlarına  mobil  telefon  nömrə 

kartları  əldə  edərək  onlar  vasitəsi  ilə  və  eləcə  də  gizli  görüşlərində  Ş.M.V.-ə 

R.B.R.-un  qardaşı  A.Sarıyevlə  əlaqəsi,  onların  görüşməli  olduqları  yerlər 

barədə məlumatlar vermiş, 25 noyabr 2007-ci il tarixdə A.S.-in və qardaşı oğlu 

Ə.S.-in  Bakı  şəhəri,  akademik  Həsən  Əliyev  küçəsində  yerləşən  "Tonqal" 

restoranında  günorta  saatlarında  R.R.  ilə  görüşüb  nahar  edəcəklərini  yəqin-

ləşdirdikdən  sonra  bu  barədə  Ş.V.-ə  məlumat  vermiş,  sonuncu  qeyd  olunan 

yerə  gəlib  gözləmiş,  saat  17  radələrində  R.R.  restorandan  çıxıb  öz  avtomaşı-

nına əyləşərkən Ş.V. qanunsuz olaraq əldə edib gəzdirdiyi odlu silah olan 7.65 

mm  kalibrli  “Çeska-Zbrocovka”  markalı  tapançadan  ona  atəşlər  açıb  müxləlif 

xəsarətlər, o cümlədən, sol gicgah nahiyyəsinin kəllə boşluğuna keçməklə kəllə 



53 

 

sümüklərinin sınıqları və baş beyin toxumasının əzilib dağılması ilə müşayiət 



olunan,  yetirildiyi  an  həyat  üçün  təhlükəli  olan  və  ölümə  səbəb  olmuş  ağır 

zərər yetirərək R.R.-u qəsdən öldürmüşdür. Beləliklə, H.S.İ. R.B.R.-un qəsdən 

öldürülməsində  cinayətin  icraçısına  məlumatları  ilə  yardım  etməklə  köməkçi 

qismində iştirak etmişdir. 

Hökmdən H.S.İ.-un müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti-

nə baxan Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2009-cu il tarixli qərarı ilə I 

instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, H.S.İ.-ya Azərbaycan Respubli-

kası CM-nin 32.5, 120.2.1 maddəsi ilə təyin edilmiş cəzanın ilk 2 ilini həbsxa-

na  rejimində  çəkməsi  barədə  hissəsi  ləğv  edilmiş  və  ona  təyin  edilmiş  15  il 

müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssi-

səsində  çəkməsi  qərara  alınmışdır.  H.S.İ.-in  müdafiəçisinin  verdiyi  kassasiya 

şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2009-

cu  il  tarixli  qərarı  ilə  apellyasiya  məhkəməsinin  qərarı  qüvvəsində  saxlanıl-

mışdır (4). 

Cinayət işinin materiallarından görünür ki, 5 dekabr 1967-ci ildə anadan 

olmuş  H.S.İ.  evli  olmaqla  himayəsində  iki  azyaşlı  uşağı  olmuşdur,  əvvəllər 

məhkum olunmamışdır, bəhs olunan cinayətdə yalnız köməkçi qismində iştirak 

etmişdir.  Cinayətin  törədilməsində  özünü  təqsirli  bilərək  əməlindən  peşman 

olmuşdur.  H.S.İ.-un  əməlində  CM-nin  59.1.4-cü  maddəsində  nəzərdə  tutulan 

cəzanı yüngülləşdirən hal mövcud olmuşdur. İşdə məhkəmənin digər halları da 

cəzanı  yüngülləşdirən  hal  qismində  tanımaq  imkanı  olmuşdur.  Lakin  I 

instansiya  məhkəməsi  H.S.İ.-u  cəzasının  ilk  2  ilini  həbsxanada,  qalan  13  ilini 

ciddi  rejimli  cəzaçəkmə  müəssisəsində  çəkməklə,  15  il  müddətinə  azadlıqdan 

məhrum  etmə  cəzasına  məhkum  etmişdir.  Apellyasiya  məhkəməsi  təyin 

edilmiş  cəzanın  ilk  2  ilini  həbsxana  rejimində  çəkməsi  barədə  hissəsini  ləğv 

etsə  də,  15  il  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasını  qüvvəsində  saxla-

mışdır. Kassasiya məhkəməsi bu qərarı dəyişdirməmişdir. Fikrimizcə, H.S.İ.-a 

nisbətən  ağır  cəza  təyin  edilmiş,  cəza  təyin  edilərkən  cinayətdə  iştirakının 

xarakteri, şəxsiyyəti, ailə vəziyyəti, cinayəti törətməyə vadar edən motiv və s. 

zəruri hallar lazımi səviyyədə qiymətləndirilməmişdir.  

Başqa misal gətirək. I instansiya məhkəməsinin 12 avqust 2008-ci il ta-

rixli  hökmünə  əsasən  1963-cü  ildə  anadan  olmuş,  evli,  orta  təhsilli,  əvvəllər 

məhkum  olmamış,  işsiz  N.A.A.  Azərbaycan  Respublikası  CM-nin  32.5, 

120.2.1  və  120.2.5-ci  maddələri  ilə  təqsirli  bilinərək  13  il  müddətinə  azadlıq-

dan  məhrum  etmə  cəzasına  məhkum  edilmişdir.  Həmin  hökmlə  A.V.F.  və 

Ə.A.Q. da məhkum edilmişlər. N.A.A. ona görə məhkum edilmişdir ki, tanışı 

M.T.Ş.-dan borc aldığı 10.000 ABŞ dolları məbləğində pulu geri qaytarmamaq 

və  həmin  pulu  mənimsəmək  üçün  əri  A.V.F.  və  axırıncının  dostu  Ə.A.Q.  ilə 

qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək M.T.Ş.-nın qəsdən öldürülmə-

sini  planlaşdırmış,  25  yanvar  2008-ci  ildə  ona  dəfələrlə  mobil  telefonla  zəng 

edərək  inşaat  materialları  almaq  üçün  ərinin  dediyi  yerə  -  Ə.A.Q.-nın  Hövsan 

qəsəbəsində  kirayədə  yaşadığı  bağ  massivinə  gəlməsini  təmin  etmişdir.  Lakin 



54 

 

bağ  sahibi  K.A.  gözlənilmədən  bağa  gəldiyindən  onlar  planlaşdırdıqları  cina-



yətin  həyata  keçirilməsini  təxirə  salmışlar.  Bundan  sonra  o,  qrupun 

planlaşdırdığı  cinayətin  həyata  keçirilməsi  üçün  A.V.F.-ə  məxsus  “Vinçestr” 

tipli  ov  tüfənginini  27  yanvar  2008-ci  ildə  Ə.A.Q.-a  vermiş,  A.V.F.-in  öz 

avtomaşını ilə M.T.Ş.-nın inşaat materialları almaq adı ilə aldadılaraq Ə.A.Q.-

un qaldığı bağ evinə aparılmasında iştirak etmişdir. M.T.Ş. bağ evinə gəldikdə 

Ə.A.Q. ov tüfəngindən bir dəfə atəş açmaqla onu öldürmüşdür (3). 

 Cinayət  işinin  materiallarından  görünür  ki,  M.T.Ş.  N.A.A.-dan  aldığı 

10.000  ABŞ  dollarını  qaytarmaq  istəməməsi  ilə  əlaqədar  öldürülmüşdür. 

N.A.A.  əvvəlki  misalda  cinayətin  köməkçisi  olmuş  H.S.İ.  ilə  müqayisədə 

köməkçilik hərəkətlərini fəal həyata keçirmiş, cinayətin törədilməsində iştirak 

dərəcəsi  yüksək  olmuş,  cinayətkar  məqsədə  nail  olunmasında  iştirakı  daha 

əhəmiyyətli  olmuşdur.  Bundan  əlavə,  N.A.A.-nın  əməlində  təşkilatçılığın  da 

müəyyən  elementləri  olsa  da,  məhkəmələr  buna  diqqət  yetirməmişlər.  Lakin 

məhkəmələr H.S.İ.-a 15 il, N.A.A.-ya isə 13 il müddətinə azadlıqdan məhrum 

etmə cəzası təyin etmişlər. 

İştirakçılıq  ilə  törədilən  qəsdən  adam  öldürmə  cinayətlərinə  görə 

müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilərmi? Fikrimizcə, bu 

sualın  cavabı  təsdiqedici  olmalıdır.  Çünki  eyni  əsaslarla  məsuliyyət  yaradan 

əməllər və bu əməlləri törədən şəxslər müxtəlif dərəcəli sosial təhlükəli olurlar. 

Cəza  təyin  edilərkən  yalnız  daxili  inama,  intuisiyaya  arxayın  olmaq  olarmı? 

İ.M.Rəhimov  intuitiv  qərar  qəbul  edilməklə  tətbiq  edilən  cəzanın  baş  verə 

biləcək nəticələrinin idrakının müvafiq məntiqə əsaslanmadan həyata keçirildi-

yinə,  intuisiyanın  çoxsaylı  təsadüfi  məqamlardan,  hakimin,  qanunvericinin 

peşəkarlığı,  həyat  təcrübəsi,  dünyagörüşü  və  sair  bu  kimi  subyektiv  keyfiy-

yətlərindən  asılı  olduğunu,  yüksək  səviyyədə  fərdi  xarakter  daşımasını,  elmi 

nəzəriyyələrin qurulması və qiymətləndirilməsi üçün meyar olmamasını nəzərə 

almaqla  yanaşı,  ədalətli  cəzanın  təyin  edilməsi  üçün  onun  rolunu  heçə 

endirməyin  əleyhinə  olan  müəlliflərin  mövqeləri  ilə  də  razı  olduğunu  ifadə 

etmişdir (17, 189-190).  

 Cinayət qanunu sanksiya hüdudunda cəzanın fərdiləşdirilməsini nəzərdə 

tutur.  Lakin  sanksiya  hüdudunda  cəzanın  fərdiləşdirilməsi  də  bəzən  ədalətli 

cəza  təyin  etməyə  imkan  vermir.  Bu  zaman  cinayətə  görə  müəyyən  edilmiş 

cəzadan  daha  yüngül  cəza  təyin  etmə  institutundan  istifadə  olunur.  Beləliklə, 

CM-nin  62-ci  maddəsinə  əsasən  cəza  təyin  etmək  zərurəti  o  halda  yaranır  ki, 

əməlin  tövsif  edildiyi  maddənin  sanksiyasında  göstərilən  yüngül  cəzanın 

həddində  cəzanın  təyin  edilməsi  işin  vəziyətinə  və  təqsirkarın  şəxsiyyətinə 

uyğun olmur, məhkəmə sanksiyada göstərilən cəzadan daha yüngül olan cəza 

növünün təyin edilməsini məqsədəuyğun hesab edir.  

CM-nin  62-ci  maddəsində  istifadə  olunan  «müstəsna  hallar»  ifadəsi 

ətrafında  vahid  fikir  yoxdur.  Bir  qrup  müəlliflərə  görə  sanksiyada  nəzərdə 

tutulduğundan  da  yüngül  cəza  təyin  etməyə  əsas  olan  müstəsna  hallar  cəzanı 

yüngülləşdirən  halların  siyahısında  nəzərdə  tutulmamışdır.  Digər  qrup 



55 

 

müəlliflərin  fikrincə,  müstəsna  hallar  həm  qanunda  göstərilən  cəzanı  yüngül-



ləşdirən  hallar,  həm  də  qanunda  göstərilməyən,  lakin  cinayətin  ictimai 

təhlükəliliyini  azaldan  hallar  ola  bilər.  S.Ə.Vəliyev  göstərir  ki,  CM-nin  62-ci 

maddəsinin «təməl daşı», əsas məsələsi «müstəsna hal» anlayışıdır… Müstəsna 

hal  kimi  o  hallar  qəbul  edilməlidir  ki,  onlar  adi  hallar  çərçivəsindən  kənara 

çıxır,  adi  halların  hüdudlarına  sığmır  (10,  274-275).  Ədəbiyyatda  düzgün 

olaraq  göstərilmişdir  ki,  «müstəsnalıq»  qiymətləndirici  anlayışdır  və  hər  kəs 

onu öz baxışına uyğun şərh edə bilər (12, 63). 

 Məhkəmələr CM-nin 62-ci maddəsini də bəzən düzgün tətbiq etmirlər. I 

instansiya  məhkəməsinin  hökmü  ilə  A.  CM-nin  120.1-ci  maddəsi  ilə  nəzərdə 

tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-nin 62-ci 

maddəsi  tətbiq  edilməklə,  4  il  müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına 

məhkum  edilmişdir.  Cəzanın  yüngüllüyündən  zərərçəkmişin  verdiyi  şikayətə 

baxan  apellyasiya  məhkəməsi  hökmü  ləğv  edərək  göstərmişdir  ki,  işə  baxan 

məhkəmə  tərəfindən  CM-nin  62-ci  maddəsinin  tətbiqinə  əsas  verən  hallar 

müəyyən  edilməmişdir.  Çünki  qarşılıqlı  dalaşmada  zərərçəkmişin  yol  verdiyi 

davranış müstəsna hal hesab edilə bilməz (6). Fikrimizcə, müstəsna hallar həm 

CM-nin  59-cu  maddəsində  nəzərdə  tutulan,  həm  də  qanunda  göstərilməsə  də, 

obyektiv məzmununa görə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilən 

hallardır. Məhkəmə sanksiyada göstərilən cəzanın aşağı həddindən də az cəza 

təyin  edərkən,  sanksiyada  alternativ  müəyyən  olunmuş  cəzaların  ağır  növünü 

seçməkdə haqlı deyildir. Məhkəmə əmələ görə sanksiyada göstərilməyən başqa 

yüngül  cəza  növünü  də  seçə  bilər.  Buna  əsasən  sanksiyasında  ancaq  bir  əsas 

cəza növü nəzərdə tutulan normalar üzrə yol verilir. 

S.N.Rzayeva  və  E.E.Əliyev  CM-nin  62-ci  maddəsində  ifadə  olunan 

müstəsna halın məzmununu aşağıdakılarla izah etmişlər: 

- cinayətin motiv və məqsədi alçaq niyyətlərlə bağlı olmamalıdır; 

-  cinayət  törədən  zaman  və  cinayəti  törətdikdən  sonra  təqsirkarın 

davranışı pozitiv məzmuna malik olmalıdır; 

- cinayətin ictimai təhlükəliliyini azaldan başqa hallar mövcud olmalıdır; 

- iştirakçılıqla törədilən cinayətlərdə iştirakçı həmin cinayətin açılmasına 

fəal kömək etməlidir (8, 180-181). 

CM-nin 62-ci maddəsində müstəsna hallardan biri kimi nəzərdə tutulmuş 

iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal 

kömək  etməsi  əlaməti  CM-nin  cəzanı  yüngülləşdirən  halları  nəzərdə  tutan 

59.1.9-cu maddəsində də əksini tapmışdır. CM-nin 60-cı maddəsinə əsasən isə 

əməldə  CM-nin  59.1.9  və  59.1.10-cü  maddələrində  göstərilən  cəzanı  yün-

gülləşdirən  hallar  mövcud  olduqda  və  cəzanı  ağırlaşdıran  hallar  olmadıqda, 

təqsirli  şəxsə  sanksiya  hüdudunda  maksimal  həddə  cəza  təyin  edilə  bilməz. 

Beləliklə,  qeyd  edilən  hal  eyni  zamanda  həm  cəzanı  yüngülləşdirən,  həm  də 

müstəsna  hal  sayılır.  O,  birinci  keyfiyyətində  cəzanın  yuxarı  həddini,  ikinci 

keyfiyyətində  isə  aşağı  həddini  korrektə  edir.  Hesab  edirik  ki,  bu  hal  həm 

iştirakçılıqla  və  onun  müxtəlif  təzahür  formaları  ilə  törədilən  cinayətlərin 



56 

 

açılması  işinə,  həm  də  cəza  təyini  zamanı  məhkəmənin  seçim  imkanlarının 



genişlənməsinə kömək edir.  

CM-nin 62-ci maddəsinin tətbiqi əsasları və şərtləri məqalənin predmeti 

olmadığından, sadəcə onu qeyd etməklə kifayətlənirik ki, iştirakçılıqda törədi-

lən  qəsdən  adam  öldürmə  cinayətinə  görə  müvafiq  şərtlər  daxilində  CM-nin 

62-ci  maddəsinin,  hətta  şərti  məhkum  etmə  institutunun  tətbiqi  mümkündür. 

Məhkəmə təcrübəsində də belə faktlara rast gəlinir. I instansiya məhkəməsinin 

16  mart 2006-cı il tarixli hökmü ilə A.A.T. Azərbaycan Respublikası CM-nin 

120.2.1-ci maddəsilə təqsirli bilinib 13 il müddətinə, M.B.Tağıyev Azərbaycan 

Respublikası  CM-nin  120.2.1-ci  maddəsilə  təqsirli  bilinib  12  il  müddətinə, 

1955-ci  il  noyabrın  11-də  Yevlax  rayonu  Varvara  kəndində  anadan  olmuş, 

ailəli,  orta  ixtisas  təhsilli,  işləməyən,  məhkum  olunmamış,  Yevlax  rayonu 

Marzılı  kəndində  yaşayan  N.M.T.  CM-nin  32.4,  120.2.1-ci  maddəsilə  təqsirli 

bilinib  CM-nin  62-ci  maddəsi  tətbiq  edilməklə  7  il  müddətinə  azadlıqdan 

məhrum  edilmiş,  N.M.T.-vaya  eyni  zamanda  CM-nin  70-ci  maddəsi  tətbiq 

edilməklə təyin edilmiş cəza 5 il sınaq müddəti ilə şərti hesab edilmişdir. 

Məhkəmənin hökmünə əsasən A.A.T. 2005-ci il iyul ayının 10-da saat 18 

radələrində Yevlax rayonunun Marzılı kəndində böyük qardaşı A.T.-in dalaşma 

zamanı  döyüldüyünü  və  bibisi  Diləfruzun  evinə  aparıldığını  eşidib  qardaşının 

yanına  getmiş,  onun  Varvara  kənd  sakinin  R.İ.S.  tərəfindən  döyüldüyünü 

öyrənib, qisas almaq üçün evdən mətbəx bıçağını götürüb saat 19-da Varvara 

kəndinin  kənarındakı  çayxananın  qarşısında  R.S.-u  tapıb  onunla  dalaşmağa 

başlamış, dalaşma zamanı A.Tağıyevin əmisi M.B.Tağıyev, anası N.M.Tağıye-

va ora gəlmiş, M.T. A.T. ilə birlikdə R.S.-u döyməyə başlamış və ona alın na-

hiyəsinə  şişkinlik  və  sıyrıq,  sol  aşağı  ətraflarına  sıyrıqlarla  nəticələnən  xəsa-

rətlər yetirməklə müqavimətini qırmış, N.T. isə qışqıra-qışqıra R.S. tərəfindən 

oğlunun döyülməsi, başının sümüklərinin qoparılmasını deyərək əlində mətbəx 

bıçağı olan A.T.-ə R.S.-u nəzərdə tutaraq «ə, vur öldür köpək oğlunu, uzaq başı 

3 il yatıb çıxarsan» deyə onu öldürməyə təhrik etmişdir. A.T. bu zaman M.T. 

ilə  dalaşan  R.S.-un  arxa  hissəsinin  ona  tərəf  olduğunu  görüb  əmisinin  R.Sə-

mədovun  əllərini  tutduğunu  onu  qəsdən  öldürmək  üçün  əlverişli  şəraitin 

yarandığını  yəqin  edərək  özündə  olan  mətbəx  bıçağı  ilə  ona  ağ  ciyərin  zədə-

lənməsilə  döş  boşluğuna  dəlib  keçən,  qara  ciyərin  və  dalağın  zədələnməsilə 

qarın  boşluğuna  dəlib  keçən  xəsarətlər  yetirmiş,  onu  bir  qrup  şəxs  təşkil 

etməklə qəsdən öldürmüşlər.  

Hökmdən zərərçəkmişin verdiyi apellyasiya şikayətində göstərilmişdir ki, 

N.T.-vaya yüngül cəza təyin edilmiş, haqqında CM-nin 62 və 70-ci maddələri 

əsassız tətbiq edilmişdir. Apellyasiya məhkəməsi təqsirli şəxslərə təyin edilmiş 

cəzaları  cinayətlərin  xarakterinə,  ictimai  təhlükəlilik  dərəcəsinə  və  onların 

şəxsiyyətlərinə  müvafiq  hesab  etmiş,  I  instansiya  məhkəməsinin  hökmünün 

dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir (7).  

Məhkəmə  təcrübəsində  yalnız  rolların  bölgüsü  ilə  müşayiət  olunan 

qəsdən adam öldürmə cinayətlərinə görə cəza təyini zamanı aşkar səhvlərə yol 



57 

 

verilməsinə  də  rast  gəlinir.  Keçmiş  Ağır  Cinayətlərə  Dair  İşlər  Üzrə  Azər-



baycan Respublikası Məhkəməsinin 20 oktyabr 2000-ci il tarixli hökmü ilə ata-

oğul  A.S.  və  E.S.  Azərbaycan  Respublikası  CM-nin  120.1-ci  maddəsi  və  15, 

94-cü  maddəsinin  4-cü  bəndi  ilə  (1960-cı  il  CM-nin  redaksiyası)  təqsirli  bi-

linmiş, A.S. 10 il müddətinə, E.S. isə 11 il müddətinə azadlıqdan məhrum etmə 

cəzasına  məhkum  edilmişlər.  Onlar  qabaqcadan  əlbir  olub  cinayət  əlaqəsinə 

girərək  E.M.  və  A.S.-vadandən  qisas  almaq  və  onları  ağırlaşdırıcı  hallarda 

qəsdən  öldürmək  məqsədilə  6  aprel  2000-ci  ildə  saat  9  radələrində  özləri  ilə 

balta  və  bıçaq  götürmüş,  sonuncuların  müvəqqəti  yaşadıqları  Bakı  şəhəri, 

Şüvəlan  qəsəbəsi  «Hacı  Mövlam»  adlanan  525  saylı  bağ  evinə  gələrək,  E.S. 

atası A.S.-ın köməyi ilə bacısı A.S.-vanı baltanın arxa hissəsi ilə bir neçə dəfə, 

E.M.-i isə baltanın kəsici hissəsi ilə bir neçə dəfə vurub onların hər birinə ağır 

dərəcəli  bədən  xəsarəti  yetirmiş,  hər  ikisini  ölmüş  bilib  hadisə  yerindən 

qaçmışlar. Xəstəxanada göstərilən tibbi yardım nəticəsində A.S.-in həyatı xilas 

edilmiş, E.M. isə 14 aprel 2002-ci il tarixdə ölmüşdür.  

Azərbaycan  Respublikası  Prokurorluğu  təqsirləndirilən  şəxslərə  təyin 

olunmuş cəzaların yüngüllüyündən apellyasiya protesti vermişdir. Apellyasiya 

məhkəməsinin  30  yanvar  2001-ci  il  tarixli  qərarı  ilə  prokurorluğun  protesti 

təmin edilmiş birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək E.S.-a 14 

il, A.S.-a isə 12 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 

Azərbaycan Respublikası Ali Məhkəməsi hesab etmişdir ki, Azərbaycan 

Respublikası  CM-nin  63.3-cü  maddəsinə  əsasən  cinayət  etməyə  cəhdə  görə 

cəzanın  müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 

maddəsində  başa  çatmış  cinayətə  görə  müəyyən  edilmiş  daha  ciddi  cəza 

növünün  yuxarı  həddinin  dörddə  üçündən  çox  ola  bilməz.  CM-nin  10.3-cü 

maddəsinə  görə  əməlin  cinayət  sayılmasını  və  bu  əmələ  görə  cəzanı  aradan 

qaldıran,  cəzanı  yüngüllləşdirən  və  yaxud  cinayət  etmiş  şəxsin  vəziyyətini 

başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin 

qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə 

cəza  çəkən,  yaxud  cəzanı  çəkmiş,  lakin  məhkumluğu  üstündən  götürülməmiş 

və  ya  ödənilməmiş  şəxslərə  şamil  edilir.  Belə  olan  halda  apellyasiya  instan-

siyası məhkəməsi A.və E.S.-lərə CM-nin 15, 94-cü maddəsinin 4-cü bəndi ilə 

ayrı-ayrılıqda on bir il üç aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzası 

təyin  edə  bilməzdi.  Lakin  Apellyasiya  Məhkəməsi  qanunun  tələbini  pozaraq 

məhkumlara qanunda nəzərdə tutulduğundan ağır cəza təyin etmişdir. Ona görə 

də  Ali  Məhkəmənin  4  dekabr  2001-ci  il  tarixli  qərarı  ilə  Apellyasiya  Məh-

kəməsinin A.S. və E.S. haqqında qərarı dəyişdirilməklə, onlara CM-nin 15, 94-

cü  maddəsinin  4-cü  bəndi  ilə  ayrı-ayrılıqda  11  il  3  ay  müddətinə  azadlıqdan 

məhrum etmə cəzası təyin edilmişdir (5).  

Qeyd  edilənlərə  yekun  vuraraq  göstəririk  ki,  Azərbaycan  Respublikası 

CM-nin 33.1-ci maddəsində iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyə-

tin  differensiasiyasının  əsasları  (hər  bir  iştirakçının  cinayətin  törədilməsində 

faktiki iştirakının xarakteri və dərəcəsi) düzgün müəyyən olunmuşdur. Cinayət 



58 

 

qanunu iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsini iştirakçılar-



dan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcə-

si, hər bir iştirakçının cinayətkar məqsədə nail olunmasında iştirakının əhəmiy-

yəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri ilə əlaqələndirmişdir 

(CM-nin  64.1-ci  maddəsi).  Bununla  belə,  məhkəmələr  iştirakçılıqla  törədilən 

cinayətə görə cəza təyin edərkən, təkcə CM-nin 64-cü maddəsini deyil, həmçi-

nin 58-ci maddəsinin tələblərini nəzərə alırlar. Fikrimizcə, CM-nin qeyd edilən 

normaları  rolların  bölgüsü  ilə  müşayiət  olunan  sadə  iştirakçılıq  qaydasında 

cinayət törətmiş şəxslərə ədalətli cəzanın təyin edilməsinə imkan verir. 

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. I c. Bakı: Şərq-Qərb, 2006, 744 s.  

2.

 



Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə. II c. Bakı: Şərq-Qərb, 2006, 792 s. 

3.

 



Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivi // Cinayət işi № 1(102)-34/2009. 

4.

 



Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivi // Cinayət işi № 1 (102) - 609/2009. 

5.

 



Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni, 2003, № 2. 

6.

 



Bakı Apellyasiya Məhkəməsinin arxivi // Cinayət işi № 2 Cİ-64, 2002. 

7.

 



Bakı Apellyasiya Məhkəməsinin arxivi // Cinayət işi № 2 Cİ-762, 2006. 

8.

 



Rzayeva S.N., Əliyev E.E. Cinayət qanununda nəzərdə tutulan cəzadan daha yüngül cəza 

təyin edilməsi. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə 

həsr  olunmuş  «Dövlət  və  hüquq  quruculuğunun  aktual  problemləri»  mövzusunda  12-ci 

Respublika elmi-praktik konfransının materialları (10-11 may). Bakı, 2012, s. 177-181. 

9.

 

Səməndərov F.Y. Cinayət hüququnda cəza problemi: tarix və müasirlik. Bakı: BDU, 2009, 



286 s. 

10.


 

Vəliyev S.Ə. Cinayət hüququnda cəza və cəza təyin etmə. Bakı: Elm, 2004, 408 s. 

11.

 

Балеев С.А. Ответственность за организационную преступную деятельность по рос-



сийскому уголовному праву. Автореф. дис. … канд. юрид. наук. Казань, 2000, 29 с.  

12.


 

Благов  Е.В.  Об  особенностях  назначения  более  мягкого  наказания,  а  также  по 

совокупности преступлений и приговоров // Проблемы уголовной ответственности и 

ее дифференциации. Ярославль. 1994, 65 с. 

13.

 

Зайнутдинова  А.Р.  Ответственность  за  организованные  формы  соучастия  в 



преступлении по российскому уголовному праву. Дис. … канд. юрид. наук. Казань, 

2001, 217 с. 

14.

 

Комментарий к УК РФ. Общая часть. Под ред. Ю.И.Скуратова и В.М.Лебедева. М.: 



Норма,1996, 896 с.  

15.


 

Кригер  Г.А.  Применение  наказания  по  советскому  уголовному  праву.  М.:  МГУ, 

1958, 311 с. 

16.


 

Кругликов Л.Л., Васильевский А.В. Дифференциация ответственности в уголовном 

праве. СПб.: Юридический центр “Пресс”, 2003, 300 с. 

17.


 

Рагимов И.М. Преступность и наказание. М.: ОЛМА Медиа Групп, 2012, 304 с.  

 


59 

 

ВОПРОСЫ НАЗНАЧЕНИЯ НАКАЗАНИЯ ПО ВИДАМ  



СОУЧАСТИЯ ЗА УМЫШЛЕННЫЕ УБИЙСТВА 

 

Н.К.АЛИЕВ  

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются вопросы  назначения  наказания  по  видам  соучастия за 

умышленное убийство на основе анализа действующего Уголовного Кодекса Азербайд-

жанской  Республики.  Автор  указывает  на  практические  трудности  и  судебные  ошибки 

при  назначении  наказаний  за  указанные  преступления,  ссылаясь  на  эмпирические 

материалы.  В  силу  того,  что  роли  соучастников  в  достижении  преступной  цели 

отличаются,  позиция  законодателя,  которая  не  предусматривает  в  уголовном  законе 

указания на конкретное влияние к уголовной ответственности вида соучастия, считается 

правильным. 

  

Ключевые  слова: умышленное убийство, виды соучастия, исполнитель, органи-

затор, подстрекатель, помощник, назначение наказания 

 

QUESTIONS OF ASSIGNING PUNISHMENTS BY TYPES OF PARTNERSHIP  

FOR DELIBERATE MURDERS 

 

N.K.ALIYEV 

 

SUMMARY 

 

The  article  studies  questions  of  assigning  punishments  by  types  of  partnership  for  a 

premeditated  murder  on  the  basis  of  the  analysis  of  the  existing  Criminal  Code  of  the 

Azerbaijan  Republic.  The  author  points  to  practical  difficulties  and  miscarriages  of  justice  at 

assignation  of  punishments  for  the  specified  crimes,  referring  to  empirical  materials.  As  the 

roles  of  accomplices  in  achievement  of  a  criminal  intent  differ,  the  position  of  the  legislator 

which doesn't provide in the criminal law the instruction to the concrete influence of the type 

of partnership to criminal liability is considered correct. 



  

Key  words:  deliberate  murder,  types  of  partnership,  performer,  organizer,  instigator, 

assistant, assignment of punishment 



 

 

Каталог: Xeberler%20Jurnali -> Sosial%20%202013%20%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Sosial%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Sosial%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Sosial%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə