AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Koksidioz və onun müalicəsi zamanı orqanizmdə baş verən biokimyəvi və fizioloji dəyişkənliklər



Yüklə 4,12 Mb.
səhifə4/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   2   3   4   5   6   7   8   9   ...   34

1.4.Koksidioz və onun müalicəsi zamanı orqanizmdə baş verən biokimyəvi və fizioloji dəyişkənliklər
Parazitlərin sahib heyvanın orqanizmində gedən biokimyəvi proseslərə təsiri, ilk növbədə onların maddələr mübadiləsinin son məhsulları və ifraz etdikləri toksinlər vasitəsilə olur. Hər iki proses eyni zamanda paralel surətdə getdiyindən sahibin maddələr mübadiləsində ciddi pozğunluqlar yaranır, onun bərpa oluna bilmədiyi bütün hallar ölümlə nəticələnir. Heyvanların və quşların eymeriyozları zamanı orqanizmdə baş verən biokimyəvi dəyişikliklər haqda geniş ədəbiyyat məlumatları vardır. Bu məlumatların sistemləşdirilməsindən və təhlilindən aydın olur ki, eymeriyozlar zamanı sahib heyvanın orqanizmində nuklein turşularının, amin turşuların, zülalların, yağların, sulu karbonların, vitaminlərin, fermentlərin, mineral maddələrin mübadiləsində ciddi pozğunluqlar baş verir [82, 80, 59, 81, 83, 43, 40, 44, 57, 58, 6, 7, 8, 10, 11, 22, 84 s.45-68, 84, s.68-76, 84, s.74-80, 84, s.94-108, 26].

Struktur-morfoloji xüsusiyyətləri və funksional təyinatına görə fərqlənən toxuma və orqanlarda baş verən müxtəlif mübadilə prosesləri də bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Quşların orqanizmində mübadilə prosesləri digər orqanimzlərdə olduğu kimi mürəkkəb biokimyəvi reaksiyalar ilə xarakterizə olunur. Sağlam orqanizmə daimi olaraq mübadilə proseslərin müxtəlif maddələri – metabolitləri daxil olur, onların miqdarı tez bir anda tarazlaşır və kifayət qədər sabit olaraq qalır (homeostaz). Ancaq mübadilə proseslərində baş verən hər hansı bir dəyişikliklər qanda metabolitlərin və mübadilə proseslərinin son məhsullarının miqdarında özünü göstərir.

Parazitar xəstəliklər zamanı öyrənilən əsas biokimyəvi komponentlərdən biri orqanizmin həyatı vacib funksiyalarının yerinə yetirilməsində əsas rol oynayan zülallardır. Zülallar orqanizmin bütün maye mühitində mövcud olub, onun qanda keyfiyyət və kəmiyyət tərkibi, ümümilikdə zülal mübadiləsinin vəziyyətini ifadə etdiyindən qan zərdabı zülallarından diaqnostika məqsədilə istifadə olunur.

Orqanizmin fizioloji və müdafiə funksiyalarında qan zülalları mühüm rol oynadığı üçün xəstəliklər zamanı əsas fikir qan zərdabı zülallarının tədqiqinə verilir.

Zülallar hüceyrənin struktur və funksional komponenti olub, hüceyrə arası substansiyanın tərkibinə daxildir. Qan zərdabında olan zülalların əsas hissəsi bir-birindən fiziki-kimyəvi və bioloji xüsusiyyətlərinə görə fərqlənən albumin və qlobulin fraksiyalarından ibarətdir. Bütün qlobulin fraksiyaları müxtəlif qida maddələrinin və antitellərin daşınmasında iştirak edir.

Heyvanların orqanizmində zülal mübadiləsində qaraciyər əsas rol oynayır. Qaraciyərdə orqanizm üçün albuminlər, protrombin, antirtombin, fibrinogen, qlobulinlərin bəzi fraksiyaları kimi həyati vacib maddələr sintez olunur. Zülalların və amin turşuların parçalanmasında qaraciyər əsas rol oynayır.

Koksidioz sahibin mədə-bağırsaq sistemi ilə yanaşı qaraciyərdə, dalaqda, ağ ciyərdə, böyrəklərdə, beyində və digər orqanlarda degenerativ dəyişikliklərə də səbəb olur.

Qaraciyərin funksiyasının pozulması öz növbəsində qan zərdabında albumin-lərin və immunoqlobulinlərin miqdarının dəyişməsinə səbəb olmaqla ümumi zülalın miqdarına da təsir edir [41, 42, 6, 4, 7, 8, 9, 10, 24]. Müxtəlif xəstəliklər, o cümlədən də koksidiyozlar zamanı qaraciyərin immunoloji göstəricilərinin öyrənilməsi aktual olaraq qalır.

Bir qayda olaraq parazitlərin immunlaşdırıcı, yoluxdurucu və hətta letal dozaları belə sahib heyvanların qanında və digər toxumalarında immunoqlobulinlərin miqdarının artması ilə nəticələnir.

Qan zərdabında ümumi zülalın miqdarında normadan kənarlanmaların baş ver-

məsi orqanizmdə zülal mübadiləsində baş verən dəyişiklikləri göstərir. Ümumi zülalın miqdarı iki əsas zülal fraksiyasının albuminlərin və qlobulinlərin sintezindən və parçalanmasından asılıdır. Antitellərin də hamısı spesifik zülal olan γ-qlobulinlərdir. Təbbi antitellər praktiki olaraq həmişə qanda mövcud olur və qeyri-

spesifik müdafiədə iştirak edir.

Müxtəlif növ koksidilərin – E.tenella, E.acervulina, E.maxima və qarışıq invaziyanın cücələrin qan zərdabı zülallarına təsiri A.E. Xovanskiy tərəfindən öyrənilmişdir. Təcrübələr lekkorn (kross 288) cinsindən olan cücələr üzərində aparılmışdır. Koksidilərdən steril şəraitdə 14 sutka saxlanılan cücələrin hər biri E.tenella-nın 30.000, E.acervulina-nın 2000000, E.maxima-nın 60000 sporlaşmış oosistası və həmən dozada eymeriyaların qarışıq kulturası ilə yoluxdurulmuşdur. Müəyyən edilmişdir ki, hər iki halda yoluxdurulan cücələrin qan zərdabında ümumi zülalın miqdarı 1,3 dəfə azalır. E.tenellaE.maxima ilə yoluxdurma zamanı həmən müddətdə ümumi zülalın miqdarında dəyişiklik baş vermir. İnvaziyanın 6-cı günü E.tenella ilə yoluxdurma zamanı ümumi zülalın miqdarı 1,4 dəfə, E.acervulina ilə yoluxdurma zamanı 1,5 dəfə, eyni zamanda hər üç növ ilə yoluxdurma zamanı isə 2,2 dəfə azalır [84, s.87-88].

Cücələri E.maxima ilə yoluxdurma zamanı ümumi zülalın miqdarının artması müşahidə edilsə də bu göstərici statistik dürüst olmamışdır. Patent dövrünün sonu, yəni invaziyanın 10-cu günü E.tenella, E.acervulina ilə yoluxdurulan cücələrdə ümumi zülalın miqdarının 1,3 dəfə, hər üç növlə eyni zamanda yoluxdurulan cücələrdə isə 1,8 dəfə azalır [84 s.87-89].

Orqanizmin ümumi vəziyyətinin, ümumilikdə həzm sisteminin fəaliyyətinin qiymətləndirilməsində qan zərdabında ümumi zülalla yanaşı, albuminlərin və qlobulinlərin miqdarında baş verən dəyişikliklərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir [53].

A.E.Xovanskiy tərəfindən müəyyən edilmişdir ki, eymeriyalar ilə yoluxma zamanı albuminlərin miqdarı azalır qlobulinlərin miqdarı isə artır. Təkrar yoluxmalar zamanı isə invaziyanın 3-cü günü ümumi zülalın miqdarı azalır, 5-ci gün bir qədər artır, 7-ci gün normaya qayıdır, α- və β-qlobulinlərin miqdarı artır, albumin və γ-qlobulinlərin isə azalır.

Cücələrin qan zərdabında koksidioz zamanı γ-qlobulinlərin miqdarının öyrənilməsi göstərir ki, E.tenella ilə yoluxdurma nəticəsində bu fraksiyaların miqdarı invaziyanın 4 və 6-cı sutkasında 1,2-1,4 dəfə azalır. İnvaziyanın 10-cü günü və γ-qlobulinlərin səviyyəsi fizioloji norma səviyyəsinə qədər yüksəlir. 15-ci sutka γ-qlobulinlərin miqdarı kontrol cücələrin göstəricilərinə nisbətən 1,3 dəfə artır. E.acervulina ilə yoluxdurulmuş cücələrdə də γ-qlobulinlərin miqdarı invaziyanın 4 və 6-cı günləri müvafiq olaraq 1,5 və 1,6 dəfə azalır. 10-cu gün normaya çatır. 15-ci gün γ-qlobulinlərin miqdarı kontrol cücələrin göstəricilərinə nisbətən 1,2 dəfə artır. E.maxima ilə yoluxdurma α-qlobulinlərin miqdarının invaziyanın 10 və 15-ci günləri müvafiq olaraq 1,2 və 1,3 dəfə artır. Yoluxdurmadan 2, 4 və 6 sutka sonra γ-qlobulinlərin miqdarında kontrol qrupun göstəricilərinə nisbətən dəyişkənlik baş vermir. Hər üç növ eimeria ilə eyni zamanda yoluxdurma invaziyanın 4 və 6-cı günləri γ-qlobulinlərin miqdarının 1,8 və 1,9 dəfə azalmasına səbəb olsada, invaziyanın 10 və 15-ci sutkaları bu fraksiyanın miqdarının 1,2-1,3 dəfə artmasına səbəb olur [84 s.89].

Beləliklə, eymeriyaların toksiki təsiri nəticəsində zülalların həzmi və bağırsaqdan amin turşuların sorulması proseslərinin pozulması zülal mübadiləsinin patologiyasını daha da dərinləşdirir.

Orqanizmin müxtəlif patoloji vəziyyətinin qiymətləndirilməsində müxtəlif orqanlarda və toxumalarda sərbəst amin turşuların və onların metabolitlərinin dinamikasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Qaraciyərdə, qanda və digər toxumalarda sərbəst amin turşuların miqdarı dinamik göstərici olub, müxtəlif xəstəliklərin təsirindən tez bir anda dəyişir.

Sağlam cücələrin qanının və əzələlərinin amin turşularının öyrənilməsinə həsr edilən məlumatlara tək-tək [179, 258] təsadüf edilsə də koksidioz və onun müalicəsi zamanı cücələrin qanında, müxtəlif orqanlarında amin turşularının və onların metabolitlərinin dinamikasında baş verən dəyişikliklərin öyrənilməsinə həsr edilən tədqiqat işləri çox azdır [79, 84 s.94-99, 42, 44]. Əldə etdiyimiz ədəbiyyatlarda cücələrin E.tenella ilə yoluxdurulması zamanı bu məsələlərin öyrənilməsinə son illərdə həsr edilən məlumatlar demək olar ki, yoxdur. Bu məsələnin öyrənilməsi eyni zamanda müxtəlif xəstəliklərin patogenezi zamanı mübadilə proseslərinin öyrənilmə-sində müəyyən maraq doğurur.

E.acervulina ilə yoluxdurulmuş cücələrin əzələlərində və qan plazmasında 3-metil histidinin miqdarı yoluxdurulmanın 1-29-cü günləri öyrənilmişdir. Yoluxdurulmuş cücələrin qanının plazmasında və əzələlərində 3-metil histidinin miqdarı artmışdır. İnvaziyanın 15-ci günü qan plazmasında və əzələlərdə normaya qayıdır. Alınan nəticələr göstərir ki, E.acervulina ilə yoluxdurma zamanı parazitinin inkişaf mərhələlərindən asılı olaraq qanda və əzələlərdə 3-metil histidinin miqdarı artır. Bunun səbəbini tədqiqatçılar iştahanın aşağı düşməsi ilə əlaqədar parazitin inkişaf mərhələsində qidadan imtina etməsi ilə izah edirlər. 3-metil histidinin miqdarının artması ilə infeksiyanın ağırlığı arasında korrelyasiya olduğu müəyyən edilmişdir [179].

Xalikovun məlumatlarına görə E.tenella ilə yoluxdurmanın 3-cü günü sahibin orqanizmində - qanda sərbəst amin turşuların miqdarında dəyişikliklər baş verir, amin turşuların miqdarında maksimal dəyişkənlik invaziyanın 6-cı günü müşahidə olunur. Yoluxdurma dozası ilə paralel olaraq amin turşuların miqdarında daha dərin dəyişikliklər baş verir belə ki, bəzi amin turşuların miqdarının dəyişmə xarakteri fərqlənir. Alanin, valin, leysin+izoleysin, serin, treonin, sistin+sistein, histidin. qlutamin turşusu və asparagin turşusunun miqdarı artır, metionin, fenilalanin, tirozin və triptofanın miqdarında dəyişiklik baş vermir, qlisin və lizinin miqdarı isə əhəmiyyətli dərəcədə azalır [79].

Yolçiyev müəyyən etmişdir ki, eksperimental koksidioz (E.tenellaE.mitis) zamanı qan zərdabında amin turşuların miqdarında əsaslı dəyişikliklər baş verir. 20, 40 və 60 sutkalıq cücələrin E.tenella-nın 5000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı asparagin turşusu+serin, qlutamin turşusu+treonin, alanin, lizin, tirozin, fenilalanin, leysin və argininin miqdarı artır. Sistinin miqdarı 20 və 40 günlük cücələrin qanında dəyişsə də, 60 günlük cücələrdə dəyişmir, qlisinin miqdarı isə 20 günlük cücələrdə artır, 40 və 60 günlük cücələrdə azalır. Metionin+valinin miqdarı 20 günlük cücələrdə artır, 40 günlük cücələrdə azalır, 60 günlük cücələrdə isə dəyişmir. E.mitis ilə yoluxdurulan 20 və 40 günlük cücələrin qanında sistin, asparagin turşusu+serin, qlutamin turşusu+treonin, alaninin miqdarı artır, lizin, histidin və qlisinin miqdarı azalır [42, 40].

Müəyyən edilmişdir ki, plimutrok cücələrinin eksperimental koksidiozu zamanı qan zərdabında, qaraciyərdə, beyin və əzələlərdə amin turşular kəmiyyət dəyişkənliklərinə uğrayır. Cücələri E.tenella-nın 30000 sporlaşmış oosistası ilə yoluxdurduqda qaraciyərdə ümumi amin turşuların 68%-ində, 3000 oosistası ilə yoluxdurduqda isə 46%-ində statistik dürüst dəyişkənliklər baş verir. Həmçinin müəyyən edilmişdir ki, toxumalarda sərbəst amin turşuların metabolitlərinin miqdarında baş verən dəyişikliklər parazitin sahibin orqanizmində endogen inkişaf

mərhələlərindən asılıdır [44].

Məlumdur ki, iltihab prosesləri bir çox biokimyəvi komponentləri özünə cəlb edir ki, onların içərisində fermentativ sistemlər mühüm rol oynayır. Fermentlərin aşkar edilməsi, onların aktivliyinin öyrənilməsi bu maddələrin orqanların və toxumaların fəaliyyət göstərməsində roluna və həmçinin orqanizmdə patoloji proseslərin inkişafını müəyyən etməyə imkan verir.

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, cücələri E.tenellaE.mitis ilə yoluxdurduqda cücələrin nazik bağırsağında qələvi fosfatazanın aktivliyi azalır. Bu zaman E.mitis E.tenella-ya nisbətən bu fermentin aktivliyinə daha çox təsir göstərir [57, 11].

A.E.Xovanskiy və b. 14 günlük cücələrin E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qanda transferazaların aktivliyini öyrənərək müəyyən etmişlər ki, invaziyanın 3, 5 və 7-ci günləri AST-nin aktivliyi 1,2-1,4 dəfə azalır. Fermentin aktivliyinin maksimum azalmasına invaziyanın 5 və 7-ci günləri təsadüf edilir. Alaninaminotrasferazanın aktivliyində kontrola nisbətən dəyişkənlik müşahidə edilməmişdir [84 s.99-102].

Əliyeva F.Z. müəyyən etmişdir ki, plimutrok cinsindən olan 20 günlük cücələrin eksperimental koksidiozu zamanı (E.tenella) qaraciyərdə amin turşu mübadiləsində iştirak edən aminotrasferazaların aktivliyi yoluxdurma dozasından asılı olaraq qaraciyərdə artır. Fermentlərin aktivliyi ən çox invaziyanın 5 və 7-ci günləri dəyişikliyə məruz qalır [22 s.121].

Eksperimental olaraq Eimeria acervulina ilə yoluxdurulmuş Kobb-500 broyler toyuq cücələrin antioksidant statusunu öyrənmək üçün qan plazmasında malondialdehidrogenaza, superoksiddismutaza, katalaza, həmçinin qanda karotin, A vitamini və C vitaminin miqdarı öyrənilmişdir. Tədqiqatın nəticələri göstərir ki, eymerioz zamanı kontrol cücələrə nisbətən malondialdehidrogenazanın miqdarı artır (р<0,05), superoksiddismutazanın aktivliyi azalır (р<0,001). Yoluxdurulmuş toyuqlarda karotin, A və C vitaminlərinin miqdarı kəskin azalır (müvafiq olaraq P<0,001, P<0,01 və P<0,05) [215].

Başqa bir tədqiqat işində Ventsislav Koinarski və b. E.acervulina ilə yoluxdurul-

muş cücələr üzərində 2Gly.ZnCl2.2H2O birləşməsinin antioksidant təsirini öyrənmişdir. Tədqiqatın nəticələri göstərir ki, yoluxdurulmuş cücələrin qanında malatdehidrogenazanın və katalazanın aktivliyi artır, superoksiddismutazanın aktivliyi azalır. C, A və E vitaminlərinin hipovitamonozu baş verir, həmçinin yoluxdurulmuş cücələrin qaraciyərində Zn-in miqdarı azalır. 2GlyxZnCl2x2H2O birləşməsinin quşlara per oral verilməsi qeyd edilən göstəricilərin bərpa olunmasına, eyni zamanda cücələrin çəki artımına səbəb olur [322]

Vorobyov və Lapuşkina mikrob mənşəli, tərkibində patogen Bacillus subtilisBacillus licheniformis bakteriyalarının inaktivləşdirilmiş ştamlarının immuno-stimulyator təsirini aydınlaşdırmaq məqsədilə broyler cücələrinin qanında alaninaminotransferazanın aktivliyinə təsirini öyrənərək müəyyən etmişdir ki, alaninaminotransferazanın aktivliyi 19,89±4,12 U/L dən 3,9±1,74U/L qədər azalır ki, bu da qaraciyərin fəaliyyətinin və orqanizmin ümumi fizioloji statusunun normallaşdırdığını göstərir [34].

Orqanizmin hər hansı bir toxumasına olan təsir ilk növbədə qanın biokimyəvi və hematoloji göstəricilərində özünü büruzə verir.

Sağlam toyuqların və cücələrin hematoloji göstəriciləri bir çox tədqiqatçılar tərəfindən öyrənilmişdir. Bu zaman müəyyən edilmişdir ki, qanın hematoloji göstəriciləri arasında quşların cinsindən, cinsiyyətindən, yaşından, ilin fəsillərindən, saxlama şəraitindən, temperaturdan, iqlim şəraitindən, dəniz səviyyəsindən asılı olaraq fərqlər vardır [168, 327, 302, 198, 306, 247, 119, 131, 91, 23, 102].

Bir tədqiqat işində isə Ross-308 broyler toyuqlarının eritrositlərinin ölçülərinin cinsiyyətindən asılılığı öyrənilmişdir. Eritrositlərin uzunluğu, eni və eritrositin çevrəsnin uzunluğu ölçülmüşdür. Əldə edilən nəticələr göstərir ki, fərələrdə eritrositlərin ölçüləri xoruzlardan böyükdür. Hər iki cinsiyyətdən olan quşlarda Hb doyması 875-dir. MCV göstəricisi xoruzlarda fərələrə nisbətən 3,35 dəfə, eozinofillər isə 1.77% çoxdur [266].

Hematokritin, eritrositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərin orta həcmi, eritrositlərdə hemoqlobinin miqdarının sutkalıq dəyişkənliyi qara tetralarda öyrənilmişdir. Müəyyən edilmişdir ki, leykositlərin sayı, hemoqlobinin miqdarı, eritrositlərdə hemoqlobinin miqdarı və hemoqlobinin korpuskulyar konsentrasiyası-nın orta qiyməti sutkanın saatlarından asılı olaraq dəyişir. Bu göstəricilərin ən yüksək miqdarına axşam saat 10.00 təsadüf edilir. Bu vaxt quşların gecələmə vaxtıdır ki, bu saatlarda orqanizmdə metabolik proseslərin aktivliyi zəifləyir [119].

Qanda hemoqlobinin miqdarının, eritrositlərin və leykositlərin sayında, xüsusilə leykositar formulada baş verən dəyişikliklər orqanizmdə baş verən fizioloji və patoloji prosesləri əks etdirir.

Bu tədqiqat, təsərrüfatlarda 8 həftə müddətində 4 əsas broyler (Ross, Cobb, Arbor-Acres və Arian) cücələrinin qanın leykoqramma və hemoqrammasının öyrənilməsi üçün aparılmışdır. Bu məqsədlə müxtəlif yaşlardan olan cücələrdən (1-56 günlük) qan 7-gün intervalı ilə götürülmüşdür. Müəyyən edilmişdir ki, cücələrin yaşı qanın hematoloji profilinə statistik dürüst təsir göstərir (Р<0,05). Yaşla əlaqədar olaraq eritrositlərin (eritrositlərin orta həcmi, eritrositlərdə hemoqlobinin miqdarı, hemoqlobinin korpuskulyar konsentrasiyası orta qiyməti istisna olmaqla) və leykositlərin (heterofillər və H/L nisbəti istisna olmaqla) sayı əhəmiyyətli dərəcədə artır (P <0,01), lakin eritrositlərin orta həcmi, hemoqlobinin miqdarı və heterofillərin sayı, həmçinin H/L nisbəti azalır (P <0,01) [306].

Ross 308 broyler cücələrinin xoruz və fərələrinin qanının hematoloji parametrləri və biokimyəvi göstəricilərini Bahman Abdi-Hachesoo və b. öyrənərək müəyyən etmişlər ki, xoruz və fərələrinin qanının biokimyəvi göstəriciləri (ümumi zülal, qələvi fosfataza, qələvi transferaza, kalsium, fosfor, maqnezium, qlükoza, triqliserid və xolesterol), hematoloji göstəricilərdən (leykositlər, hematokrit) isə hematokrit istisna olmaqla digər göstəricisi arasında elə bir əhəmiyyətli fərq olmamışdır [123].

Buyarov B.S. və Çervonova İ.V. isə Ross-308 cücələrinin hematoloji göstərici-lərinə, məhsuldarlığına qanının morfoloji və biokimyəvi xüsusiyyətlərinə ekofiltrum preparatının təsirini öyrənərək müəyyən etmişdir ki, kontrol qrupun göstəricilərinə nisbətən təcrübə qrupundan olan quşların qanında eritrositlərin sayı, ümumi zülal və zülal fraksiyalarının – albuminlərin və qlobulinlərin miqdarı artır [33].

Müxtəlif parazitar xəstəliklər, o cümlədən protozoy xəstəliklər zamanı qanın hematoloji göstəriciləri də dəyişir. Eimeria tenella, Eimeria maximaEimeria acervulina ilə yoluxmuş toyuqların qanında kontrolla müqayisədə eritrositlərin sayı 1,45 mil./mkl və hemoqlobinin miqdarı isə 4,97q/100 ml azalır. Yoluxdurmanın 6-cı sutkası leykositlərin sayı 29,10 min/mkl qədər artır, 10-cu sutka 22,13 min/mkl-ə qədər azalır [78].

Eimeria tenella ilə youxdurulan Lowman broyler cücələrin eymeriozunun probiotiklər (Salinomycin və Poultrystar) ilə müalicəsi zamanı qanın hematoloji göstəricilərinin öyrənilməsi göstərir ki, probiotik qırmızı qan hüceyrələrinin, hemoqlobinin və hematokritin azalmasına, ağ qan hüceyrələrinin sayının artmasına səbəb olur. Ümumi zülalın, qlobulinlərin miqdarı artır, albuminlərin, ümumi xolestrinin və triqliseridlərin miqdarı isə əhəmiyyətli dərəcədə azalır. Bu probiotiklərin koksidioza qarşı istifadə edilməsi məsləhət bilinir [250].

E.tenella parazitinin 20000-25000 oosistası ilə yoluxdurulmuş cücələrin qan zərdabında yoluxdurmadan 5, 7 və 10 gün sonra baş verən dəyişkənliklər öyrənilmiş və müəyyən edilmişdir ki, qan zərdabında qlükozanın, ümumi xolesterinin aspartataminotrasferazanın, həmçinin albuminlərin, qlobulinlərin, triqliseridlərin miqdarı infeksiyanın dərinliyindən asılı olaraq azalır [162].

Müəyyən edilmişdir ki, eymeriozun kəskin inkişaf dövründə (invaziyanın 5-ci dövrü) eritrositlərin sayı fizioloji norma həddindən 26,7%, hemoqlobinin isə miqdarı

28,8% azalır, leykositlərin sayı 2,25% artır [73].

Maddələr mübadiləsinin tənzimlənməsində müxtəlif maddələrin, bitki mənşəli dərman preparatlarının, dərman bitkilərinin, probiotiklərin rolu müəyyənləşdirilmiş və onların effektliyini qiymətləndirmək üçün biokimyəvi üsullar işlənib hazırlanmış, invaziya zamanı onları quşların yeminə qatmaqla xəstəliyin müalicə və profilaktikasında tətbiqi təklif edilmişdir.

Müəyyən edilmişdir ki, antibiotiklərdən ampisilin və amoksisilinin (ampisilinin analoqudur) cücələrin qanının hematoloji göstəricilərinin (hemoqlobin, hematokrit, eritrositlər, eritrositlərim orta həcmi, eritrositlərdə hemoqlobinin miqdarı) miqdarında statistik dürüst dəyişikliklərin baş verməsinə səbəb olur. Az yaşlı cücələrdə bu göstəricilər arasındakı fərq kontrolla müqayisədə az olsa da, yaşlı cücələrinin göstəri-

ciləri arasında olan fərq kontrolla müqayisədə statistik dürüst olmamışdır [97].

Salinomitsinin müxtəlif dozalarının 5 gün müddətində (1q/kq məsləhət bilinən doza və 5q/kq) Hyuksal xəstəliyinə qarşı vaksinasiya olunan toyuqların hematoloji, biokimyəvi, immunoloji və histopatoloji göstəricilərinə təsiri öyrənilmişdir. Alınan nəticələr göstərir ki, salinomitsin çəkinin azalmasına, leykopeniyaya, neytropeniyaya, limfositoza səbəb olur. Həmçinin salinomitsinin qan zərdabında alaninamino-transferza və aspartataminotransferazanın aktivliyinin dəyişilməsinə, lipidlərin, keratinin, sidik cövhərinin, kalsiumun, fosforun, ümumi zülal və zülal fraksiyalarının miqdarının azalmasına, həmçinin antitellərin fəaliyyətinin dayanmasına səbəb olur [229].

Ədəbiyyat məlumatlarının təhlilindən aydin olur ki, eymeriozun inkişafı nəticəsində heyvanlarda və quşlarda zülal fraksiyalarında disbalans yaranır, qan zərdabında, toxumalarda, mədə-bağırsaq sistemində fermentlərin aktivliyi dəyişir, lipidlərin mübadiləsi pozulur, qanın morfoloji mənzərəsində dəyişikliklər baş verir. Onların metabolizmini öyrənməklə antieymerioz preparatların effektliyini qiymətləndirmək və pozulmuş mübadilə proseslərini qismən də olsa tənzimləmək mümkündür.

Antieymerioz preparatların effektliyi təkcə onların parazitləri məhv etməsində deyil, eyni zamanda paraziti məhv etməklə, sahib heyvanın orqanizminə təsirinə görə də qiymətləndirilir. Ona görə də, hər hansı bir preparatın effektliyi haqqında fikir yürüdülərkən onun sahib heyvanın orqanizminə təsiri mütləq nəzərə alınmalıdır.

Eymerioz əleyhinə tətbiq olunan mövcud preparatlar bu və ya digər dərəcədə sahib orqanizmin maddələr mübadiləsinə təsir göstərir. Ona görə də, antieymerioz maddələrin axtarışında ekoloji cəhətdən təmiz, orqanizm üçün yad olmayan, xəstəlik zamanı orqanizmin immun sistemini möhkəmlədən maddələrin axtarışına üstünlük verilir.

Eymeriyozların müalicə və profilaktikasında tətbiq edilən kimyəvi preparatlar, kimyəvi birləşmələrin müxtəlif siniflərinə aid olduğundan, onların parazitlərin maddələr mübadiləsinə biokimyəvi təsir mexanizmi də müxtəlif olur. Bu baxımdan indiyə qədər eymeriyalara qarşı mübarizədə işlədilmiş, yeni preparatların sintezi və sınaqdan keçirilməsində sahib orqanizmində baş verən biokimyəvi proseslərin öyrənilməsi təkcə praktiki deyil, eyni zamanda böyük nəzəri əhəmiyyət kəsb edir.

II FƏSİL
TƏDQİQATIN MATERİAL VƏ METODİKASI
2.1. Oosistaların çoxaldılması, təmizlənməsi, cücələrin yoluxdurma və müalicə üsulları
Dissertasiya işi 2001-2013-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutu Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında yerinə yetirilmişdir.

Təcrübələrdə yerli cinsdən olan sutkalıq qara və çil-çil toyuq cücələrindən istifadə olunmuşdur. Təcrübə cücələri təcrid olunmuş otaqlarda dəmir qəfəslərdə 1-30 günlüyə qədər böyüdülmüşdür. Cücələrin spontan yoluxmasının qarşısını almaq üçün su və yem qabları mexaniki təmizləmədən sonra, qaynaq lampasının alovu vasitəsilə dezinvaziya edilmişdir. Bütün qrupdan olan cücələr üçün saxlama şəraiti, optimal temperatur və rütubət eyni olmuşdur. Cücələr tərkibində koksidiostatik və antibiotik olmayan standart kombinə olunan yemlə qidalandırılmışdır.

Təcrübələrdə istifadə edilən Eimeria tenella –nın ilkin kulturası eymeriozdan ölüm faizi yüksək olan təsərrüfatlardan toplanılmışdır. Toplanan E.tenella oosistaları steril 10-20 günlük cücələr üzərində çoxaldılmışdır. Yoluxdurma oral üsulla parazitin oosistalarını cücələrin çinədanına pipetka vasitəsilə daxil etməklə yerinə yetirilmişdir. Tələb olunan sayda kultura almaq üçün yoluxdurmadan 6 sutka sonra quşların zılları oosistalar ilə birlikdə toplandıqdan sonra Darliq metodu [27 s.21-25] ilə oosistalar kənar qarışıqlardan təmizlənmişdir. Bu üsulla toplanan oosistalardan cücələrin yoluxdurulmasında istifadə edilmişdir. Toplanan kulturanın təmizliyinə əmin olmaq üçün yoluxdurulan cücələrin bəziləri kəsilmiş, parazitin bağırsağında endogen inkişaf mərhələlərinin lokalizasiya olunduğu yer yoxlanılmışdır və oosistaların morfoloji ölçüləri müəyyən edilmişdir.

Cücələrin yoluxdurulması üçün parazitin lazım olan dozasını müəyyən-ləşdirmək üçün oosistaların suspensiyasından 0,1ml pipetka vasitəsilə götürərək əşya şüşəsi üzərinə töküb üzəri örtücü şüşə ilə örtüldükdən sonra mikroskop vasitəsilə oosistaların ümumi sayı hesablanmışdır. Dəqiq nəticələr almaq üçün hesablamalar bir neçə dəfə təkrar edildikdən sonra orta qiymət tapılmışdır. 0,01 ml suspenziyada olan oosistaların sayı müəyyən edildikdən sonra, sadə riyazi hesablamalar aparmaqla təcrübələrin gedişindən asılı olaraq lazım olan doza müəyyən edilmişdir.

Qarşıya qoyulan məqsəd və vəzifələrdən asılı olaraq dissertasiyanın müvafiq fəsillərində, konkret hal üçün istifadə edilən metodlar, quşların və qrupların sayı, yoluxdurma dozaları və müalicə üsulları haqqında ətraflı məlumat verilir. Təkrarçılığa yol verməmək üçün ona görə də bu fəsildə, konkret təcrübələr üçün xarakterik olan metodlar haqqında məlumat verməyi məqsədəuyğun hesab etmədik.

Tədqiqat işini yerinə yetirən zaman yoluxdurma materialı kimi Eimeria tenella parazitinin 20000-100000 arasında sporlaşmış oosistalarından istifadə edilmişdir. E.tenella-nın 20 günlük bir cücə üçün letal dozası (LD50) 20-30 min sporlaşmış oosista olmuşdur.

Bizim apardığımız təcrübələrdə E.tenella oosistalarına invaziyanın 6-cı gününün sonu 7-ci gününün əvvəllərində təsadüf edilmişdir. Ona görə də biokimyəvi təcrübələr parazitin inkişafının 2 mərhələsinin prepatent (invaziyanın 3 və 5-ci günləri), patent (invaziyanın 7 və 10-cu günləri), parazitoloji tədqiqatlar isə əlavə olaraq parazitinin inkişafının son mərhələsi - post patent mərhələsini (invaziyanın 20-ci günü) əhatə etmişdir. Cücələr invaziyanın 3, 5, 7 və 10-cu günləri hər dəfə 5-10 cücə olmaqla təcrübə cücələri ilə birlikdə kontrol qrupundan olan cücələr də kəsilmişdir.

Cücələrin müalicəsində koksidiostatik preparat 2,5%-li baykoksdan (toltrazuril) (Bayer, Almaniya) istifadə edilmişdir. Yemə əlavə kimi isə Artemisia absinthium-un vegetativ və generativ orqanlarının toplanmış yaş kütlənin qurudulmasından sonra onların əzilərək hazırlanmış undan istifadə edilmişdir. Cücələrin baykoksla müalicəsinə yoluxdurmadan 1 sutka sonra başlanılmış və 2 sutka davam etmişdir. A.absinthium da cücələrin yeminə əlavə edilməsinə yoluxdurmadan 1 sutka sonra başlanılmış və invaziyanın sonuna kimi davam etdirilmişdir.

Xüsusi təcrübələrlə, qarşıya qoyulan məqsəddən asılı olaraq, cücələrin kor

bağırsağının zədələnmə dərəcəsi, xaric olunan oosistaların sayı, cücələrin gündəlik orta çəki artımı hesablanmışdır.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin