Azərbaycanda sığorta sektorunun real vəziyyətinin qiymətləndirilməsi



Yüklə 14,38 Kb.
tarix13.04.2023
ölçüsü14,38 Kb.
#97157

  1. Azərbaycanda sığorta sektorunun real vəziyyətinin qiymətləndirilməsi

İlk olaraq, onu qeyd etmək lazımdır ki, sığorta xidmətləri inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı sektorlar sırasında gedir və iqtisadiyyatda ciddi şəkildə dəyər yaradan sahələrdən hesab olunur. Sığorta sektoru bir xidmət sferası olaraq, cəmiyyəti daimi əsasda xoşagəlməz və arzuolunmaz hadisələrdən irəli gələ biləcək zərərlərdən qoruyur.İnkişaf etmiş ölkələrdə insanlardigər cəmiyyətlərdən fərqli olaraq, müxtəlif zərərlərin ola bilməsi ehtimalını dərk edərək sığortaya könüllü şəkildə müraciət edirlər. Aparıcı ölkələrdən olan sığorta ekspertləri sığorta bazarının inkişafını və ya konkret hər hansı bir ölkənin sığorta bazarının həcminin ölkə ÜDM-sində olan payının(ümümi daxili məhsul) faiz nisbətilə nə qədər az və ya çox olmasının həmin ölkənin sığorta bazarının inkişafı ilə, eyni zamanda ölkə vətəndaşlarının sığortaya olan münasibəti ilə birbaşa əlaqələndirirlər. Əgər Azərbaycanın iqtisadiyyatını və sığorta bazarını inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə deyil, bəzi keçmiş sosialist düşərgəsindən olan Şərqi Avropa ölkələri ilə müqayisə etmiş olsaq, görərik ki, bu ölkələrin çoxunda sığorta bazarının ÜDM-dəki payı 2% və ya daha çoxdur. Azərbaycanın 2015-cı ilin nəticəsinə uyğun olaraq, sığorta bazarının toplam yığımlarının 442,9 milyon manat və ÜDM həcminin 54,4 milyard manat təşkil etdiyini qeyd etmiş olsaq, bu o deməkdir ki, sığorta yığımlarının ÜDM-də olan payı 0,8% təşkil edir.Eyni zamanda qeyd etmək lazımdır ki, inkişaf etmiş sığorta bazarlarında toplanan ümumi sığorta yığımlarının strukturu, həyat və qeyri-həyat arasında 20:80, 25:75, 30:70, 35:65, 40:60 faiz nisbətində çoxluq olaraq həyat sığortasının xeyrinə dəyişir. Həyat sığortasının ümumi sığorta yığımlarında üstünlük təşkil etməsi bir daha ondan xəbər verir ki, inkişaf etmiş ölkələrin vətəndaşlarının pensiya təminatı daha dayanıqlı və fundamentaldır. Bu isə həmin ölkələrin daha çox sosial yönümlü olmasının nəticəsidir və təqaüddə olan vətəndaşlar həyat sığortası hesabına kifayət qədər maliyyə baxımından təminatlıdırlar. Bu göstərici hal-hazırda Azərbaycanda 30:70 faiz nisbətində qeyri-həyat sığortasının xeyrinədir. Həyat sığortasının başlanğıcı illərində isə bu rəqəm, yəni həyat sığortası yığımları ümumi yığımların 10%-ni təşkil edirdi. Son 5 ildə həyat sığortasının artması hesabına və xüsusilə könüllü həyat sığortası məhsulu olan “həyatın yaşam sığortası” məhsulunun tanınması hesabına bu rəqəm yuxarıda göstərildiyi kimi illər ərzində artmışdır. Azərbaycan sığorta bazarında baş verənləri və mövcud durumu daha yaxşı başa düşmək üçün son 15 ildəki mühüm hadisələrə diqqəti yönəltmək məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, sığorta sahəsində də durğunluq müşahidə olunurdu. Sovetlər İtttifaqı dağıldıqdan sonra, təxminən 1992-ci ildən etibarən müəyyən sektorlarda özəl şirkətlərin yaranması erası başlandığı dövrdə, özəl sığorta şirkətlərinin qeydiyyatdan keçməsi və bazara atılması dövrü başlanmışdır. Eyni zamanda Sovetlərdən miras qalmış “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” bazarın əsas aparıcı sığorta şirkəti olaraq qalırdı. 1990-cı illərdə və sonrakı dövrdə yaradılmış və qeydiyyatdan keçmiş şirkətlərin sayı təxminən 45 ətrafında olsada, bu şirkətlərdən yarıdan çoxu illər ərzində müxtəlif səbəblərdən lisenziyasını itirmiş və bu günə qədər gəlib çıxan şirkətlər demək olar ki, artıq rəqabətli bazar şəraitində fəaliyyət göstərməkdə davam edirlər və təbii haldır ki, növbəti illərdə kəskin rəqabət şəraitində onların sayı bir qədər də azalacaq. Keçən əsrin 90-cı illərini bütövlükdə sığorta bazarı üçün uğurlu olmadığını nəzərə alsaq, qeyd etmək lazımdır ki, yerli sığorta şirkətlərinin əsas inkişaf mərhələsi əsasən 2003-2004-cü illərdən sonrakı dövrə təsadüf edir. Bu isə əsasən onunla əlaqədardır ki, yerli bank və kredit təşkilatları bu illərdən etibarən beynəlxalq maliyyə qurumlarından ucuz maliyyə vəsaitlərini cəlb etməyə başladılar. Cəlb olunmuş vəsaitlər isə öz növbəsində müxtəlif kredit məhsullarının realizə olunmasına səbəb oldu və müxtəlif kredit məhsullarının satışı kütləvi xarakter almağa başladı.Verilən kredit məhsulları arasında əsasən avtomobil kreditləri və biznes kreditləri xüsusilə sığorta bazarının aktivləşməsinə təkan verdi.
Yüklə 14,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin