Azərbaycan Respublikasının Seçki Məcəlləsi


SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI. MƏHDUDİYYƏTLƏR



Yüklə 1,64 Mb.
səhifə3/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   2   3   4   5   6   7   8   9   ...   29

SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI. MƏHDUDİYYƏTLƏR


   Maddə 12. Aktiv seçki hüququnun mənsubiyyəti

12.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllənin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır.

12.2. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

12.3. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

12.4. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar.

   Maddə 13. Passiv seçki hüququnun mənsubiyyəti

13.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

13.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

13.3. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ yoxdur:

13.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

13.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

13.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.[9]

   Maddə 14. Vəzifələrin uzlaşmaması

14.1. Vəzifələrin uzlaşmaması halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir.

14.2. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:

14.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

14.2.2. hakimlər (hakim olduqları müddətdə);

14.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

14.2.4. din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).

   Maddə 15. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin seçkilərdə (referendumda) iştirakına yol verilməməsi

15.1. Bu Məcəllənin 12.2-ci maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.

15.2. Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir.

15.3. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra — xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.

15.4. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.

15.5. Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

   Maddə 16. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

16.1. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər.

16.2. Səsvermə günü üzən gəmilərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.3. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (bundan sonra — neft platformalarında) səsvermə günü bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar səsvermədə iştirak etmirlər.

16.4. Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.

16.5. Səsvermə günü xarici dövlətlərdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

16.6. Səsvermə günü üzən gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir.

 

II bölmə



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin