1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq;
22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. [108]
22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının(Prezidentin) müəyyən etdiyi orqan (qurum) (Prezident) (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) tərəfindən müəyyən edilir. [109]
22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. [110]
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. [111]
[112] 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının(Prezidentin) müəyyən etdiyi orqanın (qurumun) (Prezident) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. [113]
22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. [114]
22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının(Prezidentin) müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) təsdiq edir.
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur. [115]
Maddə 22-1. Dövlət qulluqçusunun əlavə təhsili [116]
22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir. [117]
22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq stajına daxildir. [118]
22-1.3. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün aşağıdakılar əsasdır: [119]
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi; [120]
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.
22-1.4. Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir. [121]
22-1.6. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam edilə bilər. [122]
22-1.7. Dövlət qulluqçusunun əlavə peşə təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir. [123]
22-1.8. Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı(Nazirlər Kabineti) tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 2-ci-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının(Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasıdır) tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər. [124]
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [125]
23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. [126]
23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının(Prezidentin) müəyyən etdiyi orqan (qurum) (Prezident) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. [127]
[128] 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. [129]
23.4. Dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı (Prezident) tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. [130]
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir.
Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti [132]
1.1.26. intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət növü;
25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: [133]
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
25.2.6. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı(Prezident) tərəfindən müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına(tabelik qaydasında yuxarı kateqoriya dövlət orqanı ) şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. [134]
25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
V fəsil
Dostları ilə paylaş: |