AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 5.04 Kb.
PDF просмотр
səhifə29/35
tarix23.12.2016
ölçüsü5.04 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

Sərinləşdirici içkilər. Azərbaycan süfrəsində ayran, atlama, körəməz kimi sərinlədici içkilər 
isti mövsümdə, çöl-təsərrüfat işlərini görən zaman daha çox işlənirdi. Azərbaycanın aran 
kəndlərində havalar xeyli isti olduğundan burada sərinlədici içkilərə daha çox üstünlük verilmişdir. 
Yay aylarında, demək olar ki, çox vaxt çay əvəzinə ağartıdan hazırlanmış müxtəlif növ sərinlədici 
içkilər içilirdi.  
Kənd əhalisi isti yay mövsümündə yemək süfrəsində qatıq, ayran, atlama, körəməz  ovduğa 
üstünlük verərdi. Xüsusilə taxıl, ot biçini, döyüm, yığım və s.  zamanı ayran və atlama əvəzsiz 
sərinləşdirici içki növü sayılırdı.  
Ayran, adətən, nehrə çalxanıb yağı götürüləndən sonra yerdə qalan turşməzə suyu müxtəlif 
məqsədlərlə, o cümlədən susuzluğu aradan qaldıran sərinlədici içki növü kimi içilmişdir. Xarab 
olmamaq üçün çox vaxt ayranı torbaya töküb suyunu süzərək  süzmə edirdilər. Lazım gəldikdə 
süzməyə su qataraq, onu yenidən ayran halına salıb içirdilər. 
Atlama ən çox boyat qatıqdan hazırlanırdı. Bu məqsədlə iri qaba müəyyən qədər qatıq və su 
töküb qaşıqla atılayıb qarışdırırdılar. Suda həll olunmuş qatıq Azərbaycanın qərb bölgəsində 
«atlama», Naxçıvanda «qatıq ayranı»
40
 adlanırdı. Lənkəran və Muğan bölgələrində «ovduq», Bakı 
və Qubada «oduğ», Gəncədə «avdığ» adlanan ayrana xırda doğranmış xiyar və göyərti də 
qarışdırılırdı. Tamlı olsun deyə, içilməzdən əvvəl ona bir qədər duz vurulurdu. 
Keçmişdə maldar elatlar köç yollarında sudan korluq çəkməmək üçün çoxlu atlama ehtiyatı 
görərmişlər. Qocaların söylədiyinə görə, keçmişdə Qazax mahalında çox miqdarda atlama 
düzəltmək üçün tuluğa qatıq və su doldurub atlı bir cavan oğlanın tərkinə yükləyərmişlər. O, atı o 
tərəf bu tərəfə çapırdarmış. Bunun sayəsində tuluq çalxalanar və qatıq suda yaxşı həll olunarmış.
41
 
Vaxtilə köçəbə maldarlar yaylaqdan qışlağa, qışlaqdan yaylağa köçərkən kifayət qədər ayran 
tədarükü görərmişlər.
42
 Qarabağ maldarları, həmçinin köç zamanı ovduq düzəltmək üçün qatığı 
tuluğa yığıb yüklü heyvanın belindən asar, istədikləri vaxt ona su və duz qatıb içərdilər.
43
  
Şirvan elatları qatıq süzməsindən hazırlanmış atlamaya daha çox üstünlük verərdilər.
44
 Muğan 
əhalisi ovduq hazırlamaq üçün iri qabda qatıqla suyu qarışdırandan sonra, onun üzərinə bir qədər 
nanə və yarpız doğrayırdı. Sonra ona azca duz vurub içir və bu yolla susuzluğu yatırırdılar.
45
  
Körəməz. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq 
qarışdırmaq yolu ilə hazırlanan körəməz olmuşdur. Turşməzə tama malik olan və bir növ məzə 
içkisi sayılan körəməz,  əsasən isti yay aylarında düzəldilib içilirdi. Körəməz Azərbaycanın qərb 
bölgəsində daha geniş yayılmışdı.   
«Dədə Qorqud dastanlarında «qımız»dan bəhs edilsə  də,
46
 Azərbaycan  əhalisinin XIX əsr 
məişətində dəbdə olmuş ənənəvi içkilər arasında qımızdan istifadə faktı qeydə alınmamışdır. 
Ölkədə islam dini sabitləşib möhkəmlənəndən sonra spirtli içkilər  əhalinin məişətindən 
tamamilə  çıxmışdır. Bunun əvəzinə süfrəyə  sərinlədici və  iştahaçan alkoqolsuz içkilər (ayran, 
atlama, körəməz, ovşala, qəndab, xoşab, iskəncəbi,  şərbət və s.) verilərdi. Sovet hakimiyyəti 
illərində sosialist bayramları, təntənəli günlər, beynəlmiləl toylar və s. dəb düşəndən sonra 
Azərbaycanın ziyafət süfrələrinə spirtli içkilər yol açmağa başlamışdır. 
Alkoqollu içkilər (çaxır, araq, konyak, pivə və s.) uzun müddət Azərbaycan əhalisinin yemək 
süfrəsində yer tutmamışdır.  Kakao, qəhvə  və s. kimi Şərq süfrəsinə  məxsus içkilər də keçmişdə 
kəndli ailələrinin məişətinə sirayət etməmişdir.  İstisna kimi, şəhərin kübar ailələrində ziyafət 
süfrəsində qəhvə içilirdi. 
Tədqiq edilən dövrdə Azərbaycanın xristian əhalisinin məişətində spirtli içkilər, o cümlədən
xristian ingiloyların gündəlik yemək öynəsi və mərasim süfrələrində  çaxır  və «cecə» adlanan tut, 
zoğal və digər meyvələrdən hazırlanmış  əldəqayırma  araq növləri geniş yayılmışdır.  İngiloy 
süfrəsində «buza» ən çox xoşlanan içki növü olmuşdur.
47
  
Vaxtilə Azərbaycanda üzümçülüyün inkişafı, habelə antik və erkən orta əsrlərə aid arxeoloji 

 
190
abidələrdən iri şərab küplərinin tapılması faktı burada spirtli içkilərdən qədim zamanlardan istifadə 
olunduğunu söyləməyə əsas verir. Bunu Dədə Qorqud boylarından da görmək olur. Elə xalqımızın 
müasir leksikonunda hələ də qalmaqda olan «çaxır», «buza» kimi arxaik terminlərin mövcudluğu da 
spirtli içkilərin Azərbaycanın qədim sakinlərinin məişətinə yad olmadığını göstərir. Görkəmli 
Azərbaycan  şairi Xaqani Şirvaninin arpa suyu (buza) adı ilə  vəsf etdiyi pivə spirtli içkilərin bir 
nümunəsi kimi, islamın hələ güclü olduğu XII əsrdə  dəbdən düşməmişdi. Nizami Gəncəvinin 
əsərlərində «saqi», «qədəh», «şərab» istilahlarının tez-tez işlənməsi və hökmdarlara məxsus saray 
süfrələrində  şərab içilməsi faktı da bunu sübut edir. Bununla belə, spirtli içkilərə, o cümlədən, 
çaxıra İslam dini tərəfindən yasaq qoyulması və onun «haram» təam növləri sırasına daxil edilməsi 
nəticəsində erkən orta əsrlərin sonlarından etibarən Azərbaycanda üzümçülük və  şərabçılıq 
tənəzzülə  uğramışdır. Alman kolonistlərinin köçürülməsi ilə  əlaqədar XIX əsrin ortalarından 
etibarən Azərbaycanda üzümçülük və şərabçılıq yenidən dirçəlməyə başlamışdır. Lakin İslam dini 
yasaqlarının müsəlmanlara spirtli içkiləri qadağan etməsi ilə  əlaqədar olaraq, Sovet hakimiyyəti 
illərinə  qədər  şərab ölkənin müsəlman  əhalisinin gündəlik və ziyafət süfrələrinə yol tapa 
bilməmişdir. 
 
 Qablar 
Azərbaycan  əhalisinin ev məişətində  işlənən qablar və  mətbəx ləvazimatı XIX əsrə  gəlib 
çatana qədər böyük təkamül yolu keçmişdir.  Şəhər və  kənd  əhalisinin ev məişətində  gərək olan 
mətbəx qabları və ev avadanlığı xammalın səciyyəsinə görə daş, ağac, saxsı, metal, dəri və hörmə-
toxuma olmaqla müxtəlif tipoloji qruplara ayrılır. 
Daş  məmulatı.  Əvvəlki tarixi dövrlərdən fərqli olaraq, XIX əsrdə daş  ən sərfəli tikinti 
materialına çevrilmişdir. Bununla belə, o, hələ  təsərrüfat və ev məişətində özünün əməli 
əhəmiyyətini itirməmişdir. Ev məişətində hələ də onlardan müxtəlif məqsədlərlə istifadə olunurdu. 
Su daşı, xırman daşı, kirkirə, hovuz, axur, həvəng, dibək, yalaq, qıstab və s. daş məmulatı keçmiş 
məişətdə hələ də qalmaqda idi.  
Daş  məmulatının hazırlanması tarixi çox qədim dövrlərə gedib çıxır. Daş dövrünü sonu və 
erkən metal dövrünə  keçid mərhələsində daş qablar peyda daş buta, çam, dən daşları, kirkirə, dibək 
və s. aşkar olunmuşdur. 
Daş məmulatının hazırlanması tarixi çox qədim dövrlərə gətirib çıxarır. Daş dövrünün sonu və 
erkən  metal dövrünə keçid mərhələsində daş qablar peyda olmağa başlamışdır. Arxeoloji qazıntılar 
zamanı daş buta, cam, dən daşları, kirkirə, dibək və s. aşkar olunmuşdur. K.Xatisov XIX əsrin 
sonlarında Zaqafqaziyada daşişləmə  sənətinin  ən çox inkişaf etdiyi istehsal mərkəzləri arasında 
Bakı, Naxçıvan, Qazax, Cəbrayıl və Şamaxı qəzalarını xüsusi olaraq qeyd edir.
48
 
Ənənəvi daş  məmulatı içərisində  su daşı xüsusi yer tuturdu. Su daşı «gəvək» adlanan 
məsaməli daş növündən düzəldilirdi. Həcmindən asılı olaraq belə daşlar 15-20 litrədək su tuturdu. 
Adətən, daşdan süzülən su damcılarını toplamaq üçün onun alt hissəsi sferik formada düzəldilirdi. 
Süzülmüş suyu bir yerə toplamaq üçün su daşı kürsüsayağı  ağac çərçivə üzərində quraşdırılır və 
onun altında iri tutumlu saxsı və ya mis qab qoyulurdu. Çox vaxt süzülmüş suyun sərin qalmasını 
təmin etmək üçün su damcıları  çərçivənin altında basdırılmış saxsı küpə tökülürdü. Bununla da 
süzülmüş suyun sərin qalması  təmin edilirdi. XIX əsrdə su daşı başlıca olaraq, Azərbaycanın 
düzənlik, qismən isə bulaq suyu çatışmayan dağətəyi yaşayış məskənlərində geniş yayılmışdı. Aran 
kəndlərində bulanıq çay (arx) suyunu süzmək üçün su daşı əvəzsiz durultma vasitəsi sayılırdı. 
Dibək.  Ev məişətində tez-tez təsadüf edilən dibək nisbətən bərk daş növündən yonulub 
hazırlanırdı. Daş dibək forma etibarı ilə su daşını xatırlatsa da, ondan xeyli kiçik olurdu. Dibəyin 
müxtəlif ölçülü növləri fərqli məqsədlərlə istifadə olunmuşdur. Onun kiçik ölçülü növü əzmə 
məqsədi ilə həvəng kimi işlənmişdir. Bu halda ona daş və ya ağacdan «dəstək» əlavə edilirdi. Belə 
halda o, «həvəng-dəstək» adlanırdı. 
Dibəyin böyük ölçülü növü «dibçək» adlanmaqla yalaq, yaxud ev quşları üçün su qabı kimi 
işlənirdi. 
Ənənəvi daş  məmulatı arasında dən  əzmə  və  dən üyütmə vasitələri xüsusi yer tuturdu. 
Bunların arasında qayıqvari dən daşı («əzmə») və kirkirə (əl dəyirmanı) kütləvi səciyyə daşıması ilə 
fərqlənirdi. Keçmiş ev məişətində daş məmulatının bu növlərinə bütün ailələrdə rast gəlinirdi. 

 
191
Kütləvi məişət aləti sayılan kirkirə forma və quruluş etibarı ilə başlıca dənüyütmə vasitəsi 
olan  dəyirman daşı ilə eyni idi. Əslində tipoloji baxımdan dəyirman daşı kirkirədən törəmə olub 
onun davamı kimi meydana gəlmişdir. Təsadüfi deyil ki, köçəbə  məişətində un hasil etmək üçün 
başlıca üyütmə vasitəsi olduğundan çox vaxt kirkirə  «əl dəyirmanı» adlanırdı. Bu fakt bir daha 
onların arasında mənşə əlaqəsindən soraq verir. Kirkirə və dəyirman daşları yalnız ölçülərinə görə 
bir-birindən fərqlənirdi. Bunların hər ikisi girdə və yastı formada olub ortası oyuq şəkildə yonulub 
düzəldilirdi. Bundan əlavə, kirkirəni fırladan dəstək dəyirman daşında təvərənin köməyi ilə üst 
daşını  fırladan mərkəzi oxa çevrilmişdir.  İşləmə qaydasına görə, həm kirkirə, həm də  dəyirman 
daşının alt daşı sabit qalırdı. Bütün bu xüsusiyyətlər dəyirman daşının tipoloji cəhətdən kirkirədən 
törəndiyi və onun tipoloji davamı olduğuna dəlalət edir. 
Azərbaycanın bir sıra bölgələrində daşdan «girgino» adlanan yuvarlaq formalı  damdaşı  və 
xırmandaşı düzəldilməsi ənənəsi yaxın keçmişədək davam etməkdə idi. 
Daş  mədənlərinə yaxın olan kəndlərdə daşdan, həmçinin,  hovuz, nov, novça (şırdan),  axur, 
qıstab və s. hazırlandığı qeydə alınmışdır. 
Ağac məmulatı.  Azərbaycanda ağac məmulatı istehsalı  qədim tarixə malikdir. Azərbaycan 
meşələri istehsal əhəmiyyətli ağac növlərinin: qarağac, palıd, göyrüş, vələs, çökə, dəmirağacı, 
zoğal, alça, yemişan,  əzgil,  şabalıd, qoz, fındıq, fıstıq (pir) və s. zəngin ehtiyatına malikdir. Bu 
qiymətli xammaldan müxtəlif növ ev avadanlığı və mətbəx qabları hazırlaması geniş yayılmışdır. 
Keçmişdə  hər bir azərbaycanlı ailəsinin ev məişətində istifadə edilən mətbəx ləvazimatı - 
çömçə, kəfgir, qaşıq, təknə, tabaq (hövsər), aşsüzən, qənd çanağı, qənddan, sandıq mücrü, nehrə, 
çanaq(qaqqa), saqan, yağdan, god, arı pətəyiyuxayayan (dördayaq), oxlov, vərdənə, həvəngdəstə 
və s. yerli ağac ustaları tərəfindən hazırlanırdı.  
Keçmişdə  təknə-tabaq istehsalı sahəsində Quba qəzasının Xaltan, Quşçu, Gömür, Zıxır 
kəndləri,  Şamaxı  qəzasının Cülyan, Ximran kəndləri daha çox məşhur idi. Etnoqrafik materiallar 
göstərir ki, təknə, tabaq, hövsər, çanaq və  nəhrə qoz və  qızılağacdan, çömçə, qaşıq cır armud, 
yemişan və fıstıq ağaclarından düzəldilirdi. Əgər təknə süd sərmək məqsədilə nəzərdə tutulurdusa, 
onda onu qovaq ağacından düzəltməzdilər. Çünki xalq təcrübəsi əsasında müəyyən olunmuşdur ki, 
qovaqdan düzəldilən təknə (çanaq) südü qıcqırdıb korlayır. Ona görə  də süd sərmək məqsədilə 
hazırlanan təknə, əsasən, qızılağac, qoz, fıstıq ağaclarından düzəldilirdi. Bunun əksinə olaraq, xəmir 
təknəsi çox vaxt yüngül qovaq və ya cökə  ağacından hazırlanırdı.
49
  Əməli təcrübədə müəyyən 
edilmişdir ki, cır armud, yaxud tut ağacından düzəldilən  çömçə  və qaşığın  səthi çox hamar 
olduğundan xörəyin yağlaşovu onlara o qədər bulaşmır və onlar hərarətə daha çox davamlı olurdu. 
Buna görə də çömçə, qaşıq istehsalında bu ağaclar daha üstün tutulurdu. 
Maldarlıq təsərrüfatı ilə  məşğul olan kənd  əhalisinin məişətində  ağac nehrə  (arxıd) mühüm 
yer tuturdu. Etnoqrafik materiallar əsasında Azərbaycanda ağac nehrənin ortası xaşal və silindrik 
olmaqla, iki növü müəyyən edilmişdir. Xaşal nehrə, əsasən, Gəncəbasar və Naxçıvan bölgələrində, 
silindrik nehrə isə Qazax-Borçalı  və Böyük Qafqazın cənub və  cənub-şərq  ətəklərində geniş 
yayılmışdır. Şəki-Zaqatala bölgəsində o, çox vaxt «arxıd» adlanırdı. 
Yüngül və qaim ağac növlərindən hazırlanan nehrəni düzəltmək üçün yoğun ağac kötüyünün 
qabığını soyandan sonra hər iki başdan olmaqla, onun içini «əydi» adlanan xüsusi alətlə yonub 
çıxarırdılar. Sonra onun hər iki başına girdə qapaq düzəldib bərkidirdilər. Ağac nehrə «çatma» və ya 
«çatma ayağı» adlanan 3 ədəd haça ağacdan asılmaqla çalxanırdı. Bunun üçün çatmalar başbaşa 
çatılandan sonra nehrə sicim vasitəsilə onlardan asılır və içərisi ağartı ilə doldurulurdu. 
Ağacdan düzəldilmiş cürbəcür mücrü, qələmdan, sandıq, rəhil, beşik, ovşala qaşığı, qənddan 
və s. kimi məişət əşyaları, adətən zərif oyma nəqşlərlə bəzədilirdi. 
Keçmiş məişətdə işlənən ağac qablar arasında xəmir tabağı, hövsər tabağı, taxıl çanağı, qənd 
çanağı, çömçə, kəfkir, qaşıq, qənddan, həvəngdəstə xüsusi yer tuturdu. 
Xəmir tabağı böyük və kiçik ölçüdə düzəldilirdi. Böyük tabaqda un ələnib xəmir yoğrulur, 
şəkərçörəyi bişirmək üçün «iç» hazırlanırdı. Kiçik tabaqda şəkərbura hazırlamaq üçün qənd və 
badam döyülərdi. 
50
 
Hövsər müxtəlif formada hazırlanardı. Onda, əsasən, düyü, buğda, noxud, lobya və s. arıtlanıb 
hövsələnirdi. Bundan əlavə, hövsər tabağında təndir üstünə kündə daşınar, yaxud onun arxasında 
fətir kündəsi yastılanıb yayılardı.
51
 

 
192
Sarımsaqdöyən ölçü etibarilə masqura boyda olub  nisbətən qısa dəstəyə malik idi. Bir qayda 
olaraq, sarımsaq dənələlənib onun içərisinə tökülür və ağac dəstək vasitəsilə döyülürdü. Bu mənadə 
o, həvəngdəstəni xatırladırdı. 
Qənd çanağı kiçik ölçülü ağac qutudan ibarət idi. Onun  ortasındakı çıxıntının üzərində xüsusi 
qənd çəkici ilə  qənd sındırılırdı. Qənd çanağı formaca girdə  və dördkünc olmaqla, iki cür 
hazırlanırdı. Kəllə  qənd xüsusi qənd çəkici vasitəsi ilə iri qəlpələrə parçalandıqdan sonra tabağa 
tökülüb qənd çanağında xırda doğranırdı. 
Yaymakeş müxtəlif böyüklükdə  və formada düzəldilirdi. Tayqıç yuxayayan palıd ağacından 
xarrat çarxında bütöv halda yonulurdu. Yüngül olmaq üçün onun ayaq çıxıntısının içi yonulub 
çuxur hala salınırdı. Azərbaycanın bir sıra bölgələrində o, «ayaqlı» adı ilə tanınırdı. Yuxayayanın 
digər forması yenə  də palıddan yonulmaqla, alt hissədə özündən iki cüt qoşa ayağı olurdu. Buna 
Azərbaycanın bir sıra rayonlarında «dördayaq» deyilirdi. Yuxayayanın üçüncü növü «qurama» olub 
şam və ya cökə  ağacından hazırlanırdı. Onun taxta ayaqları paralel vəziyyətdə altına mıxlanıb 
bərkidilirdi. 
Üst səthi girdə və hamar olan yuxayayanların üzərində xəmir kündəsini yayıb doğramaqdan 
əlavə, həm də lavaş yayılıb yağlanırdı. Ondan, həmçinin, fətir, şora, qatlama, fəsəli kimi bişmişlərin 
hazırlanmasında da istifadə olunurdu. Adətən yaymakeş oxlov və ya vərdənə ilə dəst hazırlanırdı. 
Vərdənə, adətən, qalın xəmir yuxasının yayılmasında istifadə olunurdu.
52
 
Saxsı qablar. Azərbaycanda dulusçuluq sənəti çox qədim tarixə malik olmuşdur. Saxsı 
məmulatı istehsalı özünün əməli  əhəmiyyətini sonralar, o cümlədən XIX əsr və XX əsrin 
əvvəllərində də qoruyub saxlamışdır. Ev məişətinin elə bir sahəsi yox idi ki, orada dulus məmulatı 
işlənməsin. Bu cəhət orta əsrlərdə Azərbaycanda olmuş Avropa səyyahlarının da diqqətini cəlb 
etmişdir.
53
  Zəngin çeşidə malik olan dulus məmulatı, hər  şeydən öncə, məişət ehtiyaclarını təmin 
etməkdən irəli gəlmişdir. Ona görə  də, Azərbaycanın dulus ustaları  əhalinin zəruri məişət və 
təsərrüfat ehtiyaclarını ödəmək üçün müxtəlif növ saxsı məmulatı istehsal etmişlər.  
İstifadə məqsədlərindən asılı olaraq ənənəvi dulus məmulatı aşağıdakı qruplara ayrılır: 
I.  Ərzaq məhsullarının emalı, hazırlanması  və saxlanmasında işlənən saxsı  məmulatı geniş 
çeşidə malik olub aşağıdakı tipoloji qruplara ayrılır: 
1.
 
çörəkbişirmə vasitələri: təndir, kürə, xərək, firni, sac, külçəbasan, xaş dopusu, xəmir fəşiri; 
2.
 
xörəkbişirmə vasitələri: çölmək, küvəc, piti dopusu, mətbəx küpəsi, kiranə (kiyə), manqal; 
3.
 
mətbəx qabları:  küpə (bəkməz, bal, yağ küpəsi),  bəsti,  bərni, qalqa, bəqqə, badya, xeyrə, 
kərəğan, əngənək, dəndənə,  həlimdan, aşsüzən, süzək, qapaq (duvaq); 
4.
 
süfrə qabları:  ləngəri, boşqab, kasa, piyalə,  şərbəti, masqura, nəlbəki  (bölmə), nimçə, 
qənddan, duzqabı, duşbərəxor, yəxnikeş; 
5.
 
ağartı qabları: sərnic, goduş, yağ küpəsi, bal küpəsi, pendir küpəsi, maya küpəsi, nehrə, çalası 
(maya) dopusu; 
6.
 
təsərrüfat küpləri: kür, küpcə, xum, ximçə, ləh, şəhrəng. 
II. Məişət müxəlləfatı: kürsü manqalı, silvic, daxıl, dibçək, qəlyənbaşı, çıraq (qaraçıraq), qıf, 
mey qazanı, quyubaşı. 
III. Su qabları: səhəng, güyüm, fərş, bardaq, kuzə, qur-qur, qum-quma, kürni, sovça, çürdək, 
(aftafa), ləyən, parç (tayqulp), dolça, gülabdan. 
IV. Su kəməri üçün saxsı məmulatı: bulaq sərnici (sugözü), tüng, lülənovça.
54
 
Mətbəx qabları arasında çölmək, qazança, güvəc, müxtəlif ölçülü piti dopuları, çilovsüzən, 
həlimdan və s. ləziz milli xörəklərin hazırlanmasında müstəsna əhəmiyyət kəsb edirdi. Bu qablarda 
bişirilən xörəklərin tamı mis qabları üstələyirdi. 
Ənənəvi xörək və çörəkbişirmə vasitələri olan kürə, təndir, sac, manqal və s. saxsı məmulatı 
qədim tarixə malik olmaqla, bir sıra etnoqrafik bölgələrdə əməli əhəmiyyətini hələ də itirməmişdir. 
Əsrlər boyu kənd və şəhər əhalisinin keçmiş təsərrüfat və ev məişətində mühüm yer tutmuş kürənin 
bir neçə tipoloji növü: xörək kürəsi, kürsü kürəsi, zəfəran kürəsi, dulus kürəsi, zərgər kürəsi, misgər 
kürəsi, dəmirçi kürəsi və s. yaranmışdır. 
Keçmiş ev məişətində, xüsusilə aran kəndlərində hər bir ailədə müxtəlif böyüklükdə küplərə 
təsadüf edilirdi. Su küpləri çox vaxt mətbəxdə yerə basdırılardı. Ayda bir-iki dəfə su küpü 
təmizlənib yuyulur və sonra yenidən doldurulurdu. Su küpünə taxta qapaq, onun üstünə isə mis 

 
193
birəlli (parç, tayqulp) qoyurdular. Küpdən su birəlli ilə götürülərdi.  
Kiçik ölçülü küplər bərni, qalqa, bəqqə adlanmaqla müxtəlif məqsədlərdə işlənirdi. Pendir və 
ya şor küpəsi nisbətən böyük olurdu. 
Təsərrüfat küpləri forma və həcm etibarilə bir-birindən seçilən müxtəlif tipoloji növləri (küp, 
ləh, ximçə, bərni, qalqa, küpə) zəmanəmizədək gəlib çatmışdır. 
Lənkəran-Astara bölgəsində su quyularını  kənar çirkab sularından mühafizə etmək üçün 
«quyubaşı» adlanan çəlləkvari saxsı məmulatı geniş yayılmışdır. 
Azərbaycan  əhalisinin məişətində istifadə olunan dulus məmulatı arasında  maye qabları 
özünün əməli əhəmiyyətini uzun müddət qoruyub saxlamışdır. 
Su səhəngi  (bardaq, cürdək). Keçmişdə içməli su ya bulaqdan gətirilər, ya da kəndirlə 
quyulardan çəkilərdi. Ona görə də, hər bir ailədə su daşımaq üçün saxsı səhənglər işlənərdi. Ölçü 
etibarı ilə bunlar müxtəlif boyda və formada olardı. «Cürdək» adlanan balaca səhənglər suyu sərin 
saxladığından çöl təsərrüfat işlərində daha çox işlənərdi. Səhəngin nisbətən böyük növü «bardaq» 
adlanırdı. Kiçik ölçülü, uzun boğazlı kuzə şirli bəzəyi ilə seçilirdi. 
Aftafa- Formaca şüşə sürahıya oxşayırdı. Onun gövdəsinin aşağısı nisbətən dar, yuxarıya 
doğru getdikcə gen olub, boğazı yenidən daralırdı. Su axıtmaq üçün ön hissəsində lülək, arxa 
tərəfində  dəstək düzəldilirdi.  Ən çox «əl suyu» vermək üçün istifadə olunurdu. Kasıb ailələrdə 
avtafada çay qaynadılırdı.  
Ağartı qabları.  XIX  əsr ev məişətində  işlənən saxsı  məmulatının bir qismini ağartı qabları 
təşkil edirdi. Bunların arasında  godus, kasa, yağ bardağı  (bərni),  xeyrə,  qatıq güvəci, masqura 
xüsusi yer tuturdu. Bu qrup qablar tipoloji cəhətdən daha zəngin olmuşdur.
55
 Bunların böyük 
əksəriyyəti özlərinin əməli-məişət əhəmiyyətini uzun müddət qoruyub saxlamışdır.  
 Dəhmərdan – müxtəlif böyüklükdə  və formada (girdə  və uzunsov) olurdu. Böyük ölçülü 
dəhmərdan «xeyrə»ni xatırladır, lakin ondan bir qədər kiçik olurdu. Paxırı çıxmadığı üçün onda çox 
vaxt xörək saxlanar, yumurta çalınar, qaymaq tökülüb saxlanardı. Bunlardan əlavə ona xörək 
çəkilib müştərək yeyilmək üçün süfrə üzərinə qoyulardı.
56
 
Yağ bardağı qulplu və qulpsuz, dar və gen ağızlı olmaqla müxtəlif tipoloji növə malik idi. 
Bunların  əksəriyyətinin içi, bəzilərinin isə  hər iki üzü şirli olurdu. Şirli qab yağlaşovu bayıra 
sızdırmadığından yağı uzun müddət itkisiz saxlayırdı.
57
 
Qatıq güvəci. Ölçü etibarilə güvəclər müxtəlif böyüklükdə hazırlanırdı. Formaca onlar ayaq 
tərəfdən dar olub yuxarı getdikcə genişlənir, ortadan başlayaraq yenidən yığcam  şəkil alırdı. 
Keçmişdə şəhər və oturaq kənd əhalisinin ev məişətində bir qayda olaraq, qatıq güvəcdə çalınardı. 
Kiçik ölçülü küvəclər yemək zamanı  masqura kimi də istifadə olunurdu. Ona qatıq tökülərək 
süfrəyə qoyulurdu. Balaca güvəcdə  bəzən bir nəfərlik qatıq çalınardı.
58
 Keçmişdə, adətən, 
«kəhrikazma»nın qarşısını almaq məqsədi ilə yüksək kalorili yağlı xörəklərin yanında süfrəyə xırda 
masquralarda çalınmış qatıq (kasamas) qoyulurdı. «Kasamas» qatığı keçmiş  məişətdə süfrə 
mədəniyyətinin yüksək göstəricilərindən sayılırdı. 
Xörək güvəci (çölmək). Qazan kimi istifadə olunan xörək güvəcində ən çox bozbaş, fisincan 
bişirilərdi. Bəzən onda səbziqovurma, hətta dəmyəçilov da bişirilərdi.
59
 Naxçıvan bölgəsində xörək 
güvəci «çölmək», Qərbi Azərbaycanda isə «qazan» və ya «tava» adlanırdı. 
Masqura formaca xırda kasaya bənzəməklə, müxtəlif böyüklükdə olurdu. Şirli boya ilə 
bəzədilmiş masquranın rəngləri ağ, göy, güllü, zərli olmaqla, milə-mil, buta və qeyri nəqşlərlə 
bəzədilirdi. Əsasən, xörək yanında içərisinə sirkə-sarımsaq, qatıq tökülüb süfrəyə qoyulurdu. Çox 
vaxt isə bunda «kasamas» deyilən qatıq çalardılar.
60
 
Küpə  mətbəxdə müxtəlif məqsədlərlə  işlədilməkdən  əlavə, soyuqdəymə zamanı «qançır» 
məqsədi ilə xəstənin kürəyinə küpə qoyulardı. Küpəni götürdükdən sonra ülgüclə onun şişkin yerini 
çərtərək qan götürür, yaxud həcəmət qoyulurdu. 
Nehrə. Azərbaycanın  Şərq rayonlarında yağ hasil etmək üçün saxsı nehrələrə üstünlük 
verilirmişdir. Erkən tunc dövründən bəlli olan saxsı nehrələr çox böyük təkamül yolu keçmişdir. 
Saxsı nehrələrin boğazdan azacıq aşağı hissəsində üfüqi vəziyyətdə yerləşən qulpu, onun altında isə 
yağ çalxama prosesində yaranmış qazlı havanın çıxması üçün 1 sm diametrdə kiçik deşik 
qoyulurdu. Saxsı nehrələr xüsusilə oturaq maldarların məişətində geniş yer tutmuşdur.
61
 
Saxsı  məmulatları arasında  məişət müxəlləfatı (dibək, çıraq, qıf, silvic, daxıl, dəmi, manqal 

 
194
xüsusi qrup təşkil edirdi. 
Beləliklə, dulus ustaları 50-dən çox növdə müxtəlif formalı qab-qacaq və digər məişət əşyaları 
hazırlayırdılar. Bunların bir qismi XX əsrin əvvəllərində əhalinin ev məişətində hələ də qalmaqda 
idi. 
1   ...   25   26   27   28   29   30   31   32   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə