Zirzəmili evlər, əsasən, şəhər və şəhər tipli qəsəbələr üçün səciyyəli olmuşdur. Bir qayda
olaraq imarət tipli daş evlər zirzəmili tikilirdi. Bu halda zirzəmi təsərrüfat məqsədi ilə, ən çox isə
anbar kimi istifadə olunurdu.
Xalq yaşayış evləri, habelə dam örtüyünün formasına (yastı, balıqbeli, günbəzli,
damdabaca, çatma damlı) və örtük materialına (torpaq, qamış, lığpuş, taxtapuş, sufal (kirəmit),
tənəkə) görə də bir-birindən fərqlənirdi.
Yaşayış evinin tipindən asılı olaraq, onların memarlıq ünsürləri (bünövrə, divar, döşəmə,
dam, eyvan, başmaqçıxan, pilləkan və s.), inşaat texnikası, işıqlandırma və qızdırılma sistemləri
bir-birindən seçilirdi.
Ənənəvi yaşayış evləri, habelə otaqların düzülüş qaydasına (kəllə-baş, əndərun-birun,
dəhlizli, tövlə-səki, alt-üst, balaxanılı, ləməli və s.) görə də fərqlənirdi.
Evlərin tipi onun məişət bölmələrinə (yataq, yemək, qonaq otağı, mətbəx, dəhliz, eyvan,
seyvan, küləfirəngi, pilləkan qəfəsəsi, ləm və s.) əsaslı təsir göstərmişdir. Bir sıra zəruri divar
açrımları və evin daxili sahmanını tənzimləyən məişət ünsürləri (camaxatan, taxça, dolab,
çıraqdan, sərdan, rəf, yük yeri, çarpayı, taxt, habelə döşəməyə salınmış həsir, keçə, nəməd,
xalça-palaz, dör-döşəyi, nimdər, püştü, mütəkkə) ənənəvi ev tipləri ilə üzvi surətdə bağlı
olmuşdur..
Ənənəvi ev tiplərinin bir qismində ocaq evin ortasında, baca onun damında, qapı-pəncərə
cənub və ya cənub-şərq səmtindəki divarda yerləşirdi.
İnşaat texnikasının təkmilləşməsi və buxarının meydana gəlməsi nəticəsində orta ocağın
ənənəvi mövqeyi dəyişmişdir. Bununla əlaqədar olaraq, həm də qaradam (xaçkəran), damdabaca
evlərə xas orta baca tədricən özünün əməli əhəmiyyətini itirib aradan çıxmışdır. Bəzi ev
tiplərində (qaradam, damdabaca, alaçıq və b.) isə orta baca özünün funksional əhəmiyyətini uzun
müddət qoruyub saxlaya bilmişdir. Mədəni-texniki tərəqqi artdıqca buxarının müxtəlif tipoloji
növləri (yanlama, asma, küncbasma, divariçi) yaranmış və onların bədii tərtibatı təkmilləşmişdir.
İnşaat təcrübəsinin təkmilləşməsi, yeni tikinti materiallarının (yonma daş, bişmiş kərpic,
sufal, əhəng, gəc, kirənc, singir və b.) tətbiqi nəticəsində yoxsul icma üzvlərinə məxsus bəsit ev
tipləri ilə yanaşı, «imarət» adlanan varlı evləri və qəsrlər meydana gəlmişdir. Orta əsr Abşeron
qəsrləri, bir sıra feodal şəhərlərində hələ də qalmaqda olan bəy, xan evləri və saray kompleksləri
buna parlaq nümunədir.
Azərbaycanda antik şəhərlərin yaranması ikimərtəbəli, yaxud kürsülü (səkili) evlərin
artmasına təkan vermişdir. Yonma daş və ya bişmiş kərpicdən tikilən iki, yaxud çoxotaqlı, geniş
pəncərəli şəhər evlərində buxarı, taxça, dolab, camaxadan, yük yeri, rəf kimi bir sıra zəruri
məişət ünsürlərinin peyda olması mənzilin daxili sahmanında xoşagəlimli səliqə yaradılmasına
imkan vermişdir. Azərbaycanın şəhər və kənlərində kirənc mala ilə hörülmüş bu sayaq evlərin
müxtəlif nümünələri son zamanlaradək qalmaqda idi.
Feodalizm dövründə şəhərlərdə evtikmə təcrübəsi daha da təkmilləşməklə, kənd evlərinə
də təsir göstərmişdir. Bu evlərdə mətbəx, anbar, təndirxana, balaxana və s. təsərrüfat-məişət
ünsürləri tədricən arakəsmə divarla digər otaqlarından ayrılmağa başlamışdır.
Birmərtəbəli evlərdə məişət və təsərrüfat tikililəri çox vaxt yaşayış binası kompleksindən
kənarda inşa edilirdi. İkimərtəbəli binalarda isə, adətən, evin alt mərtəbəsində dükan və ya
emalatxana, yaxud tövlə yerləşir, üst mərtəbədəki otaqlar yaşayış məqsədilə istifadə olunurdu.
119
Orta əsrlərdə Azərbaycan şəhərlərində feodal sarayları və əyanlara məxsus imarət tipli
yaşayış binaları geniş yayılmışdı. Xalq memarlıq ənənələrindən bəhrələnən saray tipli binalar,
adətən, peşəkar bənna və memarların köməyi ilə inşa olunurdu. Azərbaycanda bu tip binaların
tikintisi daş və kərpic memarlığı olmaqla, iki istiqamətdə inkişaf etmişdir.
Şirvan-Abşeron memarlıq mərkəzi daş tikililəri ilə səciyyələnirdi. Aran, Təbriz, Marağa
və Naxçıvan inşaat mərkəzləri isə kərpic memarlığı ilə diqqəti cəlb edirdi. Hər iki halda saray
kompleksinin memarlıq görkəminə, onun daxili və zahiri tərtibatına xüsusi diqqət yetirilirdi. Orta
əsrlərdə imarət tipli kərpic binaların divar hörgüsündə kaşı üzlüklərdən istifadə olunduğu nəzərə
çarpır.
Feodalizm dövrünə xas olan səksəkəli, sərt həyat tərzinin tələblərinə uyğun yeni ev
tiplərindən biri də qəsr olmuşdur. Qəsrlər, adətən, müdafiə üçün əlverişli ərazilərdə tikilməklə,
özlərinin uca və möhtəşəm müdafiə divarları ilə diqqəti cəlb edirdi. Qəsrlərin ətrafında çox vaxt
xəndək qazılır, bənd atılır, bürclü qala divarları çəkilirdi. Qəsrlər təkcə yaşayış məqsədi
güdməyib, həm də zaman keçdikcə tədricən dini, ictimai, təsərrüfat tikililəri və müdafiə
qurğuları ilə tamamlanaraq mürəkkəb memarlıq kompleksinə çevrilmişdir. Orta əsrlərdə
Azərbaycanda bir sıra qəsrlər: Bayıl qəsri (XIII əsr), Mərdəkan qəsri (XIII əsr), Ramana qəsri
(XIV əsr) tikilmişdir. Son orta əsrlərdə artileriyanın inkişafı ilə əlaqədar qəsr tipli tikililər
özünün müdafiə əhəmiyyətini itirmiş, onun bir sıra memarlıq elementləri (bürc, mazğallı qala
divarları) dekorativ bəzək ünsürünə çevrilmişdir. Sonralar müdafiə qəsrləri şəhər və şəhərətrafı
möhtəşəm saray kompleksləri ilə əvəz olunmuşdur.
Planlaşdırma baxımından feodal şəhərlərində yaşayış evlərinin müxtəlif tipləri
yaranmışdır. Bunların arasında islam dininin naməhrəmlik tələblərinə uyğun olan əndərun-birun
tipli evlər xüsusi yer tuturdu. Belə evlərdə «qonaq otağı» və «məişət» bölmələri dal-qabaq
olmaqla, iki cərgədə planlaşdırılırdı.
Son orta əsrlərdə Azərbaycan şəhərlərində şəbəkəli ev nümunələrinin geniş yayılması
əlamətdar hala çevrilmişdir. Hakim zümrələr bu tip evlərin biri-birindən yaraşıqlı, mükəmməl
nümunələrini tikdirir, sanki, bu sahədə bir-biri ilə bəhsə girirdilər. Şəki xan sarayı,
Şəkixanovların evi, Qarabağda Pənahəli xanın sarayı, Əsədbəy və Xan qızı Xurşid banu
Natəvanın evləri xalq memarlarının yüksək bədii düşüncə və inşaat ustalığından soraq verir.
XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq ölkədə yaranan mədəni-texniki
tərəqqi ilə əlaqədar olaraq, əhalinin sosial-məişət şəraitində baş verən irəliləyişlər ənənəvi ev
tiplərində bir sıra yeni elementlərin (ləmə, balaxana, tənəbi, eyvan, seyvan, aynabənd, külafirəngi,
mətbəx, dəhliz və b.) yaranmasına, beləliklə də yaşayış binasının kompleks halına düşməsinə
səbəb olmuşdur.
Azərbaycanda kapitalizmin inkişafı ilə əlaqədar olaraq, ev tikintisi sahəsində əlverişli
inşaat bazası yaranmışdır. Şəhər və qəsəbələrin ətrafında daş karxanaları, kərpic zavodları,
kirənc, əhəng, gəc, sement istehsalı müəssisələri yaranmış, dəmir yolu və su nəqliyyatının
inkişafı sayəsində ağac materialı təchizatı kökündən dəyişmişdi. Kapitalist cəmiyyətinin müxtəlif
sinfi təbəqə və sosial zümrələrinə, xüsusilə burjua – mülkədarlara (qolçomaqlara), fəhlə və
kəndlilərə məxsus evlər təkcə memarlıq-plan quruluşuna və bəzək tərtibatına görə deyil, habelə
daxili sahmanına, avadanlığına, abadlığına, yaraşıqlı və işıqlı olmasına görə bir-birindən kəskin
surətdə fərqlənirdi. Kapitalist münasibətlərinin daha da dərinləşməsi və sosial təbəqələşmənin
güclənməsi yaşayış evlərinin, ümumi mənzərəsinə möhtəşəmlik bəxş etməklə yanaşı, yoxsulluq,
səfalət də gətirmişdir. Evlərin təkcə memarlıq quruluşu deyil, onların daxili sahmanı, avadanlıq
və məişət müxəlləfatı da sosial təbəqələrin iqtisadi tavanasına uyğyn olaraq bir-birindən
fərqlənirdi.
XX əsrin əvvəllində Bakı şəhərinin sürətlə böyüməsi və burada əhalinin artması ilə
əlaqədar olaraq, kirayə yolu ilə gəlir əldə etmək məqsədi ilə fərdi həyətlərdə və satınalma yolla
əldə olunmuş torpaq sahələrində müasir şəhər məişəti tələblərinə uyğun çoxmərtəbəli mülk evləri
tikdirən sahibkarların sayı artmışdı. Digər tərəfdən, milyonlar səltənətinə çevrilmiş neft şəhəri
olan Bakıda böyük sənaye sahibləri fəhlələr üçün ayrıca yaşayış qəsəbələri saldırır, «barak» tipli
evlər tikdirməli olurdular. Normal məişət rahatlığından məhrum olan baraklardan ibarət bu sayaq
qəsəbələr, adətən, neft mədənlərinin yaxınlığında, çox vaxt isə onların aralarındakı neft-qaz
120
qoxulu namunasib iqlim şəraitinə malik olan sahələrdə salınırdı.
Dostları ilə paylaş: |