AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə5/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

1.3.   QAFQAZ ALMAN KOLONĠYALARININ  
SOSĠAL-ĠQTĠSADĠ HƏYATININ TƏġƏKKÜLÜ 
 
XVIII 
əsrin sonu — XIX əsrin I yarısında Rusiya imperiyasının sosial-
iqtisadi  həyatı  feodal  quruluşunun  dağılması  və  eyni  zamanda  yeni  —  kapitalist 
münasibətlərinin  formalaşması  ilə  səciyyələnirdi.  Kapitalizmin  təşəkkülü  və 
inkişafı üçün zəruri olan ən vacib şərtlərdən biri azad işçi qüvvəsinin olması idi və 
təhkimçilik  qaydalarının  hökm  sürdüyü  Rusiyada  bu  problem  daha  qabarıq  hiss 
olunurdu.  Çar  hökuməti  mütləqiyyətin  siyasi  və  iqtisadi  dayaqlarını  təmin  edən 
feodal-təhkimçilik  qaydalarının  ləğvinə  yönəlmiş  hər  hansı  bir  addım  atmaqdan 
çəkinir,  bununla  da  yeni,  tərəqqipərvər  burjua  münasibətlərinin  formalaşmasına 
əngəllər  yaradırdı.  Mütləqiyyət  Rusiyada  mövcud  olan  siyasi  və  iqtisadi 
münasibətlər  sisteminə  xələl  gətirmədən  yaranmış  problemi  həll  etməyə  çalışırdı 
və  bu  məqsədə  çatmaqda  əcnəbi  kolonistlərin  ölkəyə  cəlb  edilməsi,  onların 
köməyi  ilə  azad  işçi  qüvvəsinə  olan  tələbatın  ödənilməsi  və  yeni  iqtisadi 
münasibətlərin inkişaf etdirilməsinə böyük ümidlər bəsləyirdi. 
Rusiya  imperiyası  siyasi  stabillik  və  iqtisadi  potensial  cəhətdən  əcnəbi,  o 
cümlədən  alman  mühacirləri  üçün  əlverişli,  cəlbedici  ölkə  idi.  Geniş, 
mənimsənilməmiş  torpaq  sahələri,  hələ  tədqiq  olunmamış  təbii  sərvətləri,  yeni 
texnologiya  və  yüksəkixtisaslı  kadrlara  ehtiyacı  olan  sənaye  sahələri  —  bütün 
bunlar əcnəbi  ustalara, ticarət adamlarına, əkinçilərə  əhəmiyyətli iqtisadi  mənfəət 
vəd edirdi. Bu baxımdan Qafqaz regionu istisna təşkil etmirdi. 
XIX  əsrin  I  yarısında  Qafqaz  almanlarının  iqtisadi  həyatının  təşəkkülü 
Qafqaz  regionunun  iqtisadi  və  siyasi  həyatında  baş  verən  hadisələrlə  sıx  əlaqəli 
olmuşdur.  Hələ  Qafqaz  Rusiya  tərəfindən  işğal  edilməmişdən  öncə  bu  regionun 
təbii  sərvətlərinin  ələ  keçirilməsi  və  istismar  olunması,  ümumiyyətlə,  Qafqazın 
Rusiya  sənayesi  üçün  xammal  bazasına  çevrilməsi  kimi  ideyalar  irəli  sürülmüş, 
hətta bu istiqamətdə praktiki addımlar atılmışdı.
165
 
XIX  əsrin  20-ci  illərində  Cənubi  Qafqazın  işğalının  başa  çatması  ilə 
Qafqazda nisbi siyasi stabillik yarandı. Dağıstanın dağlıq ərazilərini çıxmaq şərtilə 
Şimali və  Cənubi Qafqazda iqtisadi yüksəliş üçün münbit şərait yarandı. Şovinist 
rus  hərbçilərindən  fərqli  olaraq,  Rusiyanın  işgüzar  dairələrində  Qafqazın  inkişafı 
perspektivləri  haqqında  mütərəqqi  fikirlər  irəli  sürülürdü.  Tanınmış  publisist 
N.S.Mordvinov, yazıçı və Rusiyanın İrandakı gələcək səfiri A.S.Qriboyedov, Tiflis 
mülki  qubernatoru  P.D.Zavileyski  Qafqazın  iqtisadi  inkişafına  dair  konkret 
təkliflərlə  çıxış  edir,  Qafqazın  silah  gücünə  fəth  edilməsinə  nisbətən  onun 

64 
 
Rusiyanın iqtisadi həyat orbitinə cəlb edilməsinin, siyasətdə ağırlıq mərkəzinin bu 
diyarın iqtisadi istilasına keçirilməsinin strateji əhəmiyyətini vurğulayırdılar.
166
 
A.S.Qriboyedov  və  P.D.Zavileyski  1828-ci  ilin  sentyabrında  Rusiya 
Zaqafqaziya  ticarət  kampaniyasının  layihəsini  hazırladılar.
167
  Bu  layihənin 
ideyasının  mahiyyəti  ondan  ibarət  idi  ki,  Cənubi  Qafqazda  emal  tipli  fabrik  və 
zavodlar  şəbəkəsi  yaradılmalı  və  paralel  olaraq  üzümçülük,  şərabçılıq,  ipəkçilik, 
tütünçülük  və  sair  strateji  təsərrüfat  sahələri  inkişaf  etdirilməli  idi.  İşçi  qüvvəsi 
kimi 
kampaniyanın 
təsərrüfatlarında  təhkimçilikdən  azad  edilmiş  rus 
kəndlilərindən istifadə edilməsi nəzərdə tutulurdu. Başda Qafqazın baş komandanı 
baron Q.V.Rozen olmaqla rəsmi dairələr bu proyektə düşməncəsinə yanaşdılar.
168
 
Beləliklə, XIX əsrin 20-ci illərində çar hökumətinin Qafqaza qarşı apardığı 
iqtisadi  siyasətin  əsas  istiqamətləri  müəyyənləşdi:  əsas  məqsəd  Qafqazı 
«Rusiyadan  manufaktura  məmulatları  alan»  və  Rusiya  «fabrikləri  üçün  xammal 
verəcək  müstəmləkəyə»  çevirməkdən  ibarət  idi.  Bu  siyasət  sonralar  Qafqazdakı 
iqtisadi  dəyişikliklərin,  o  cümlədən  çoxsaylı  alman-kolonist  təsərrüfatlarının 
inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qeyd etdiyimiz kimi, alman kolonistlərini 
Rusiyada,  o  cümlədən  Qafqazda  yerləşdirməklə  çar  hökuməti  onların  vasitəsilə 
sənətkarlığın, ticarətin, ayrı-ayrı kənd təsərrüfatı sahələrinin inkişafına nail olmaq,
 
kolonistlərin  simasında  xüsusi  mülkiyyətçi  təbəqəsini  formalaşdırmaq,  yeni 
təsərrüfatçılıq  metodlarını  tətbiq  etməklə  cəmiyyətə  Avropa  mədəniyyətini 
aşılamaqdan  ibarət  idi.  Hələ  12  dekabr  1801-ci  il  tarixində  çar  I  Aleksandrın 
imzaladığı fərmana görə dövlət kəndlilərinə, o cümlədən əcnəbi kolonistlərə xüsusi 
mülkiyyətə  torpaq  sahəsi  almaq  üçün  geniş  imkanlar  açıldı.
169
  Çarın  20  fevral 
1803-cü il tarixində imzaladığı «Azad əkinçilər haqqında» fərmanı da kəndlilər və 
kolonistlər arasında xüsusi mülkiyyətçilərin formalaşmasına xidmət edirdi.
170
 
Çar  hökumətinin  siyasəti  əcnəbi  kolonistlərin  dövlət  torpaqlarında 
yerləşdirilməsinə  yönəlmişdi  ki,  onlar  iqtisadi,  hüquqi,  şəxsi  cəhətdən  daha  çox 
sərbəst  olsunlar,  mülkədarlardan  asılı  vəziyyətə  düşməsinlər.  Ancaq  Rusiyaya 
axışan kolonist kütlələrinin sayının artması dövlət torpaq fondunda defisit yaratdı 
və yeni köçmüş mühacirlərin torpaqla təmin olunması məqsədilə 25 avqust 1817-ci 
il  tarixdə  I  Aleksandr  «Əcnəbi  kolonistlərin  xüsusi  mülkiyyət  torpaqlarında 
yerləşdirilməsinə yardım haqqında» fərman imzaladı.
171
 
Bu fərmana görə II Yekaterina tərəfindən əcnəbi kolonistlərə verilən bütün 
hüquqlar və imtiyazlar bir daha təsdiq olundu. 
Qeyd etmək yerinə düşərdi ki, Qafqazda məskunlaşan kolonistlər Rusiyanın 
cənub-Qara  dəniz  sahili  regionlarında  məskunlaşan  kolonistlərlə  müqayisədə  o 
qədər də geniş hüquqlara malik deyildilər. Məsələn, Novorossiyada 15 iyun 1764-
cü  il  fərmanına  əsasən,  hər  kolonist  ailəsinə  60  des.  torpaq  verilirdi.  Bundan 
savayı, hər koloniyanın ixtiyarında «ehtiyat sahələr» var idi ki, bu rezevr sahələrin 
hesabına gələcəkdə yaranacaq torpaq çatışmazlığı aradan qaldırılmalı idi.
172
 Ancaq 
nə  Şimali,  nə  də  Cənubi  Qafqazda  kolonistlərin  torpaqla  təminatı  məsələsində 

65 
 
vahid  yanaşma  yox  idi.  Burada  koloniyaya  ayrılan  torpağın  sahəsi  koloniyada 
yaşayan əhalinin sayından deyil, ayrı-ayrı təsərrüfatların sayından asılı idi. Bundan 
savayı,  hər ailəyə ayrılan pay torpağının  miqdarı koloniyanın  yerləşdiyi regionun 
coğrafi  xüsusiyyətlərindən,  burada  mövcud  olan  dövlət  torpaq  ehtiyatının 
miqdarından  asılı  olurdu.  Hər  ailəyə  ayrılan  torpağın  sahəsi  yerli  hakimiyyət 
orqanları  tərəfindən  təyin  edilir  və  koloniyanın  hüquqi  tərtibi  zamanı  qeydə 
alınırdı.  Regiondan  asılı  olaraq  kolonist  ailələrinə  30,  35,  60,  65  desyatin  ölçüdə 
pay  torpağı  ayrıla  bilərdi.  Məsələn,  1840-cı  ildə  Kizlyar  —  Mozdok  dairəsində, 
Kanovo koloniyasında məskunlaşan 180 kolonist ailəsinin hər birinə 60 des. torpaq 
ayrıldığı  halda,  Azov  dənizinin  sahillərində,  1852-ci  ildə  yaranan  Mixelstal 
koloniyasında hər ailəyə 30 des. torpaq payı ayrılmışdı.
173
 
Cənubi  Qafqazda  yaranan  8  koloniyanın  hamısı  dövlət  torpaqlarında 
salınmışdı.  Volqaboyu  və  Novorossiya  regionlarından  fərqli  olaraq,  çar  hökuməti 
Cənubi  Qafqazın  alman  kolonistlərinin  dövlət  torpaqlarında  məskunlaşmasını 
həyata  keçirərək  onların  yerli  torpaq  sahiblərindən  mümkün  asılılığının  qarşısını 
almağa çalışırdı. 
XIX  əsrin  ortalarında  Cənubi  Qafqazda  mövcud  olan  koloniyaların 
ixtiyarında aşağıdakı miqdarda torpaq sahəsi vardı: 
1)
 
Tiflis quberniyasının Tiflis qəzasında salınan Petersdorf koloniyası 711, 
26  des.,  Freydental  koloniyası  -  393,  95  des.,  Marienfeld  -  1341,  83  des.  və 
Aleksandersdorf koloniyası 1636, 06 des. torpaq sahəsinə malik idi. 
2)
 
Həmin  quberniyanın  Borçalı  qəzasında  mövcud  olan  Aleksandersqilf 
koloniyası 2126, 39 des., Yekaterinenfeld - 4199, 94 des. 
3)
 
Yelizavetpol 
quberniyasının 
Yelizavetpol 
qəzasında 
yaranan 
Yelenendorf  koloniyası  8445,  75,  des.  və  Annenfeld  koloniyası  4272  des.  torpaq 
sahəsinə malik idilər.
174
 
Bundan  savayı,  bəzi  kolonistlər  şəxsi  mülkiyyətə  torpaq  sahəsi  əldə 
edirdilər. 
İxtiyarında  lazımi  qədər  dövlət  və  şəxsi  mülkiyyət  torpağı  olan  Cənubi 
Qafqaz  kolonistlərinin  torpaq  sahiblərindən  icarəyə  torpaq  götürməyə  ehtiyacları 
yox idi. Gürcüstanda mövcud olmuş koloniyalardan Petersdorfda, Marienfelddə və 
Azərbaycan ərazisində  salınan  Annenfelddə  heç bir koloniya  üzvü icarəyə  torpaq 
götürmədi. Yerdə qalan koloniyalarda da icarə təsərrüfatlarının sayı o qədər də çox 
deyildi və icarə ilə əsasən torpaqsız kolonistlər —  «beyzatslar» məşğul olurdular. 
Ayrı-ayrı  koloniyalarda  icarənin  formaları  və  şərtləri  müxtəlif  idi.  Məsələn, 
Yelizavettal  kolonistləri  qonşu  kəndlərin  mülkədarlarından  hər  il  20  des.  bostan 
üçün  və  100  des.  əkinəyararlı  sahə  icarəyə  götürürdülər.  Yekaterinenfeld 
kolonistləri  qonşu  azərbaycanlı  kəndlilərdən  və  mülkədarlardan  hər  il  60  des., 
Aleksandersqilf  kolonistləri  isə  200  desyatinə  yaxın  torpaq  icarəyə  götürürdülər. 
Tiflis  şəhəri  yaxınlığında  yerləşən  Aleksandersdorf  koloniyasının  əsas 
məşğuliyyəti heyvandarlıq olduğundan onlar hər il əlavə olaraq yerli gürcü knyazı 

66 
 
F.Quramovdan  və  Kuki  kəndinin  sakinlərindən  ümumilikdə 250 des.  otlaq sahəsi 
icarəyə  götürürdülər.
175
  Yelenendorfun  və  Freydentalın  aztorpaqlı  kolonistlərinin 
götürdüyü icarə torpaqlarının ümumi sahəsi ayrı-ayrılıqda 10-15 desyatindən artıq 
olmurdu.  İcarə  haqqı  heç  də  bütün  koloniyalarda  eyni  deyildi  və  torpağın 
keyfiyyətindən və istifadə formasından asılı idi. Məsələn, Yelizavettal, Freydental 
koloniyalarında bostan üçün icarə olunan torpağın hər desyatininə görə 20-24 rubl, 
buğda əkilmiş sahəsinin hər desyatininə görə isə 4 rubl ödəyirdilər. Otlaq sahəsinin 
hər desyatini üçün Aleksandersdorf kolonistləri 5-7 rubl, kartof əkilmiş sahə üçün 
isə  yelenendorflular  10  rubl  ödəyirdilər.
176
  Bəzən  icarədar-kolonist  icarə  haqqını 
natural formada, yəni məhsulla ödəyirdi. 
Məsələn, Yekaterinenfeld sakinləri icarəyə götürdükləri əkin sahəsinə görə 
icarə  haqqı  kimi  yığılmış  məhsulun  torpaq  sahibinə  25%-ni  və  yaxud 
Aleksandersdorf  kolonistləri  gürcü  kəndlərindən  icarəyə  götürdükləri  ot  sahəsinə 
görə yığılmış otun 50%-ni ödəyirdilər.
177
 
Ümumiyyətlə  götürdükdə,  Cənubi  Qafqazın  alman  koloniyalarının  Qərbi 
Ukraynadan,  Şimali  Qafqazdan  fərqli  olaraq,  heç  biri  bütövlükdə  icarədarlar 
koloniyası (das Zinskolonie) xarakteri daşımırdı. 
Cənubi  Qafqazda  kolonistlərin  icarədar  kimi  fəaliyyəti  müvəqqəti  və 
mövsümi  xarakter  daşıyır,  icarə  ilə  bütövlükdə  bütün  koloniya  deyil,  onun 
aztorpaqlı  və  torpaqsız  üzvləri  məşğul  olurdular  və  bu  fəaliyyət  əsas  təsərrüfata 
yardımçılıq məzmunu daşıyırdı. 
Kolonistlərin 
məskunlaşma 
xüsusiyyətləri 
müxtəlif 
kateqoriyalı 
koloniyaların  yaranması  ilə  yanaşı,  həm  də  koloniyalarda  torpaqdan  istifadə 
formalarının  da  müxtəlifliyini  şərtləndirirdi.  Rusiya  almanlarının  tarixinə  dair 
çoxsaylı  arxiv  sənədlərinin  və  xüsusi  ədəbiyyatın  təhlili  əsasında  deyə  bilərik  ki, 
Cənubi Qafqaz koloniyalarında torpaqdan istifadə Volqaboyu, Novorossiya, Volın 
kimi  regionlardan  əsaslı  fərqlənirdi.
178
  Məsələn,  bütün  Rusiya  imperiyasında 
olduğu  kimi,  Volqaboyu  koloniyalarında  da  torpaq  bütün  icmaya  məxsus  idi  və 
icma  torpaqları  2-3  il  intervalla  cana  görə  icma  üzvləri  arasında  vaxtaşırı 
paylaşdırılırdı. Novorossiyada, əsasən həyət təsərrüfatı, Qərbi Ukraynada isə xutor 
təsərrüfat formaları daha  çox  yayılmışdı.  Cənubi Qafqazın  alman koloniyalarında 
torpaqdan istifadənin özünəməxsus forması mövcud olmuşdu. Koloniyaya məxsus 
torpaqlar icma üzvləri  arasında bölüşdürülmüşdü və bu bölgü bərabər olmadığına 
görə  ayrı-ayrı  kolonist  təsərrüfatları  müxtəlif  miqdarda  torpaq  sahəsinə  məxsus 
olduğuna görə belə torpaqdan istifadə icma xarakteri daşımırdı. Hər kolonist ailəsi 
uzun  müddətə  konkret  torpaq  sahəsi  ilə  təmin  olunduğundan,  torpaqdan  bu  cür 
istifadə  həyətyanı  təsərrüfata  oxşasa  da,  ayrı-ayrı  torpaq  sahələrinin  daimi 
sərhədlərinin olmaması, zərurət yarandıqda koloniyaya məxsus torpaqların yenidən 
bölüşdürülməsi  onu  göstərirdi  ki,  Cənubi  Qafqaz  koloniyalarında  torpaqdan 
istifadə  «qarışıq  formaya»  məxsus  idi.
179 
Yəni,  burada  biz  həm  Volqaboyu 
koloniyalarına  xas  olan  icmaçılar,  həm  də  Novorossiyaya  aid  olan  həyətyanı 

67 
 
təsərrüfatçılıq  elementləri  görürük  və  buna  görə  Cənubi  Qafqazda  kolonistlərin 
torpaqdan istifadə formasını «həyət təsərrüfatı—icma» adlandırmaq olar. 
Rusiyanın  müxtəlif  regionlarında  alman  kolonistlərinin  torpaqdan 
istifadəsinin bu cür müxtəlifliyinin səbəbi nə idi? 
Məlumdur ki, əcnəbi kolonistlərin köməyi ilə çar hökuməti kənddə  fermer 
təsərrüfatlarını  və  sənayedə  manufakturaların  inkişafına  nail  olmaq  istəyirdi. 
Ancaq  Volqaboyu  regionunda  Volın,  Qafqaz  və  Novorossiyadan  fərqli  olaraq, 
kənd təsərrüfatında əmtəə istehsalının inkişafı mümkün olmadı və bu, ilk növbədə 
Volqaboyunun  təbii-iqlim  şəraiti  ilə  izah  olunur.  Quraqlıq  şəraitində  Volqaboyu 
kolonistləri,  nəinki  əlavə  məhsul  əldə  edə  bilmir,  hətta  koloniyaların  daxili 
tələbatını  ödəmək  üçün  çox  vaxt  dövlət  büdcəsindən  yardım  alırdılar.
180
  Qeyri-
qaratorpaq  regionlarında  ümumi  hal  bundan  ibarət  idi  ki,  yaxşı  halda  koloniyalar 
yalnız  öz  daxili  tələbatlarını  ödəməyə  nail  olurdular.  Ağır  iqlim  şəraiti,  kənd 
təsərrüfatı texnikasının aşağı səviyyəsi şəraitində ayrı-ayrı kolonist təsərrüfatlarının 
inkişafı mümkün deyildi və adı çəkilən amilləri nəzərə alaraq Volqaboyunda bütün 
Rusiyada olduğu kimi torpağın becərilməsində icma formasına daha çox üstünlük 
verildi.  Bundan  savayı,  məsələnin  sosial  tərəfini  də  nəzərə  almamaq  olmaz. 
Volqaboyu  şəraitində  «həyət-təsərrüfat»  formasının  tətbiqi  çoxsaylı  kolonist 
təsərrüfatlarının  müflisləşməsinə  və  beləliklə,  «sosial  fəlakətə»  gətirib  çıxara 
bilərdi. 
Qeyd etmək yerinə düşər ki, torpaqdan istifadənin icma forması Volqaboyu 
kolonistlərini də qane edirdi, belə ki, bu regionda minorat sistemi tətbiq olunmur, 
ailənin  bütün  oğulları  icma  torpaqlarından  pay  alırdılar.  Nəticədə,  ildən-ilə 
torpaqdan istifadə edən ailələrin sayı artır və müvafiq olaraq hər təsərrüfata düşən 
torpaq  sahəsi  azalırdı.  Dövr  aşırı  icma  torpaqlarının  icma  üzvləri  arasında 
bölüşdürülməsi  Volqaboyu  kolonistlərinin  təsərrüfat  fəaliyyətinə  mənfi  təsir 
göstərirdi.  Belə  ki,  onlar  torpaq  sahələrində  meliorasiya  və  sair  torpağın 
keyfiyyətinin  yaxşılaşdırılmasına  yönələn  tədbirlər  aparmırdılar,  çünki  növbəti 
bölgü zamanı bu torpaq sahəsi başqa kolonistə verilirdi. 
Cənubi Qafqazda isə torpaq sahəsi icma mülkiyyətində olsa da, hər kolonist 
ailəsinin öz torpaq sahəsi, öz təsərrüfatı vardı və bu torpaq sahəsi onlara koloniya 
yarandığı  vaxtdan  etibarən  daimi  istifadəyə  verilmişdi  və  nəsildən-nəslə  ötürülə 
bilərdi. Cənubi Qafqaz koloniyalarında da torpaqların yerindən bölüşdürülməsi baş 
verirdi və bu haqda qərar koloniyanın ümumi iclasında qəbul edilirdi. 
Torpağın  yenidən  bölüşdürülməsi  müxtəlif  koloniyalarda  müxtəlif 
müddətdən  sonra  keçirilirdi.  Məsələn,  Annenfeld  və  Yelenendorf  koloniyalarında 
torpaqların bölüşdürülməsi hər il payız aylarında keçirilirdi. 
Yekaterinenfeld,  Yelizavettal,  Marienfeld,  Petersdorf  və  Freydental 
koloniyalarında  torpaqların  bölüşdürülməsi,  bunun  üçün  zərurət  yarandıqda, 
müxtəlif  vaxtlarda,  Aleksandersdorf  və  Aleksandersqilf  koloniyalarında  isə  8-10 
ildən bir həyata keçirilirdi.
181
 

68 
 
Vurğulamaq  lazımdır  ki,  Gürcüstan  və  Azərbaycanda  mövcud  olan 
koloniyalarda yalnız əkin və biçənək sahələri bölüşdürülürdü: həyətyanı torpaqlar 
və  bağ  sahələri  (üzüm,  tut  və  s.)  kolonist  ailəsinin  daimi  istifadəsində  idi  və 
nəsildən-nəslə ötürülürdü. Otlaq sahələri ümumi icmanın istifadəsində olduğundan 
bölüşdürülmürdü. 
Qafqazda  yaranan  koloniyaları  kənd  təsərrüfatı  məşğuliyyəti  spesifikasına 
görə 3 kateqoriyaya bölmək olar. 
Birinci  qrupa  əkinçiliklə  məşğul  olan  koloniyalar  aiddir.  Bunlara 
Gürcüstanda  yaranan  Marienfeld,  Petersdorf,  Aleksandersdorf  və  1842-ci  ildə 
yaranan  Freydental  koloniyalarını  göstərmək  olar.  Bu  koloniyalarda  əkinçiliklə 
yanaşı,  üzümçülük  və  şərabçılıq,  bağçılıq,  heyvandarlıqla  da  məşğul  olurdular, 
lakin bu sahələr  yalnız  daxili tələbatın  ödənilməsinə  xidmət  edirdi. Koloniyaların 
əsas  gəlir  mənbəyi  əkinçilik  idi.  Bu  sahədə  əldə  edilən  nailiyyətlər  həm 
koloniyalara  məxsus  torpaq  sahələrinin  münbitliyi,  həm  də
 
bu  koloniyaların 
Qafqazın inzibati  mərkəzi Tiflisin  yaxınlığında  yerləşməsi  ilə izah olunurdu. Belə 
ki,  kolonistlər  yetişdirdikləri məhsulu  şəhər bazarlarına  çıxarmaq imkanına  malik 
idi. 
Adı  çəkilən  koloniyalarda,  əsasən  payız  buğdası,  arpa,  yulaf,  qarğıdalı  və 
kartof yetişdirilirdi. 
Kənd  təsərrüfatı  bitkilərinin  əkinini  bioloji  və  texnoloji  cəhətdən  düzgün 
planlaşdıraraq kolonistlər hər ildə iki dəfə məhsul götürməyə müvəffəq olurdular. 
Əkinçilik koloniyalarında təsərrüfatlarda perelojna sistemi, yəni sahələrdən 
növbəli  istifadə  sistemi  tətbiq  olunurdu.  Müasirlərin  yazdığına  görə,  adı  çəkilən 
koloniyaların  yerləşdiyi  ərazilərdə  torpaqlar  o  qədər  münbit  idi  ki,  hətta  eyni 
sahədən fasiləsiz 6-8 il istifadə etmək mümkün olurdu.
182
  Qafqazda  mövcud  olan 
əkinçilik  koloniyalarında  məhsuldarlıq  torpaqla  yanaşı,  ilk  növbədə  əkin 
sahələrinin su təchizatı ilə sıx bağlı idi. 
Marienfeld  və  Petersdorf  koloniyalarında  əkinçilik  suvarma  xarakteri 
daşıdığından  bu  koloniyaların  sakinləri  su  çatışmazlığından  daha  çox  əziyyət 
çəkirdilər.  Üzümlüklərin,  bostanların  və  qarğıdalı  sahələrinin  suvarılması  üçün 
koloniya  ərazisində  su  mənbələri  olmadığından  bu  koloniyalara  İori  çayından  su 
kanalının çəkilməsinə zərurət yaranmışdı. 
1840-cı  ilin    aprelində    Gürcü-İmeretiya    qubernatoruna  Marienfeld  və 
Petersdorf  kolonistlərinin  ünvanladıqları  xahişnamədə  İori  çayından  suvarma 
kanalının  çəkilişinə  icazə  istəyirdilər.
183
  Kolonistləri  narahat  edən  əsas  məsələ 
kanalın keçəcəyi Sartiçala kəndinin əhalisini razı salmaq idi. 
Bu məsələ ilə bağlı Sartiçalanın azərbaycanlı əhalisi ilə kolonistlər arasında 
münaqişələr  yaranırdı,  çünki  kanalın əsas hissəsi azərbaycanlıların  torpaqlarından 
keçdiyi  üçün  onların  əkin  sahələrinə  ziyan  dəyirdi,  kanalın  çəkilişi  ilə  sahələr 
yararsız hala salınırdı. 

69 
 
1842-ci ilin fevralında Gürcü-İmeretiya Dövlət Əmlak palatası kolonistlərin 
xahişini nəzərə alaraq onlara İori çayından kanal çəkilişinə icazə verdi və sənəddə 
göstərilirdi  ki,  «kanal  ondan  istifadə  edənlərin  öz  şəxsi  hesablarına 
çəkilməlidir».
184
 
Kanalın çəkilişi 1843-cü ildə başa çatdı və kanal azərbaycanlıların yaşadığı 
Sartiçala  kəndindən  keçdiyi  üçün  suyun  5/10  hissəsindən  azərbaycanlılar,  4/10 
hissəsindən  Marienfeld  və  1/10  hissəsindən  Petersdorf  kolonistləri  istifadə  etmək 
hüququna malik idilər. 
Ayrı-ayrı kolonist təsərrüfatları arasında su saat hesabı bölüşdürülürdü. Bir 
desyatin  sahənin  suvarılmasına  10  saat  tələb  olunduğundan  kolonist  təsərrüfatları 
su sarıdan əziyyət çəkirdilər və bu yeni su kanalının çəkilməsi məsələsini gündəmə 
gətirirdi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun göstərişi ilə hələ XVIII 
əsrin  sonlarında  çar  İrakli  tərəfindən  çəkilən  köhnə  su  kanalı  bərpa  edildi. 
Tədqiqatçı Nikiforovun yazdığına görə, bu kanalın bərpasına «dövlət xəzinəsindən 
on  minlərlə  rubl  vəsait  xərclənsə  də,  qısa  bir  müddətdən  sonra  dağılaraq  itib 
batdı».
185
 
Gürcüstanda  mövcud  olmuş  digər  alman  koloniyalarında  su  problemi  bu 
qədər kəskin olmasa da, kolonistlər su sarıdan müəyyən sıxıntılar keçirirdilər. 
İkinci  kateqoriyaya  üzümçülük  və  şərabçılıq  koloniyaları  aid  idi.  Bu 
təsərrüfat  sahəsi  daha  çox  Gürcüstandakı  Yelizavettal,  Yekaterinenfeld  və 
Azərbaycanda  yaranan  Yelenendorf,  Annenfeld  koloniyalarında  inkişaf  etmişdi. 
Üzümlüklər,  əsasən  dəmyə  ərazilərində  salındığından  onların  su  ilə  təchizatında 
problemlər yaranmırdı. 
Onlar  həm  təbii,  həm  də  süni  şəkildə  suvarılırdılar.  Üzümçülük  bu 
koloniyalarda hələ 1820-ci illərdən başlamışdı və ilk illər kolonistlər yerli—Qafqaz 
üzüm sortlarının yetişdirilməsi ilə məşğul olurdular. XIX əsrin I yarısında Cənubi 
Qafqaz  koloniyalarında  ən  çox  yayılan  üzüm  sortu  ənənəvi  olaraq  Kaxetiyada 
yetişdirilən  Tarkveri  sortu  idi.  Bu  sortdan  alınan  qatı,  qırmızı  şərab  Qafqaz 
bazarlarında yüksək qiymətləndirilirdi.
186
 
Məskunlaşdıqları  ilk  illərdə  kolonistlərin  üzümçülük  və  şərabçılıqda 
nailiyyətləri o qədər də nəzərəçarpacaq deyildi: məhsuldarlıq çox aşağı idi, məhsul 
yetişməmiş quruyur  və  yaxud  yetişmə  prosesi  yarımçıq qalırdı.  İldən-ilə bu  halın 
təkrarlanması  kolonistlərin  maddi  durumuna  mənfi  təsir  etdi  və  yalnız  yerli 
azərbaycanlı  əhalinin  köməyi  ilə  kolonistlər  bu  problemi  həll  etdilər: 
azərbaycanlıların tətbiq etdiyi çiçəklənmə dövrü cır üzüm (qora) çiçəyi ilə üzümün 
tozlandırılması  metodu  alman  koloniyalarında  məhsuldarlığın  artmasına  müsbət 
təsir göstərdi.
187
 
Üzümçülüklə  məşğul  olan  koloniyalarda  əlavə  təsərrüfat  növləri  ilə  də 
məşğul olurdular — əkinçilik, arıçılıq, heyvandarlıq koloniyaların daxili tələbatının 
ödənilməsinə  xidmət  edirdi.  Bəzi  epizodik  hallarda  kolonistlər  artıq  məhsullarını 
qonşu kəndlərin sakinlərinə satırdılar. 

70 
 
Ümumiyyətlə,  XIX  əsrin  I  yarısında  Qafqazın  alman  koloniyalarında 
təsərrüfat  həyatı  təşəkkül  mərhələsində  idi:  koloniyalarda  məqsədyönlü  şəkildə 
əmtəə  istehsalı  yox  dərəcəsində  idi,  bazarla  əlaqələr  müvəqqəti,  fraqmentar 
xarakter daşıyırdı. Bir çox koloniyalar nəinki artıq məhsul istehsal edir, hətta özləri 
yoxsulluqla yaşayır və tez-tez rəsmi dövlət orqanlarına maddi yardım göstərilməsi 
xahişi ilə müraciət edirdilər. 
Üçüncü  qrupa  —  heyvandarlıqla  məşğul  olan  koloniyalar  daxildir.  Cənubi 
Qafqazda  heyvandarlıq  üzrə  ixtisaslaşan  yeganə  koloniya  —  Aleksandersqilf 
koloniyası  idi.  Bütün  koloniyalardan  ayrıca  yerləşən  bu  koloniya  «törəmə» 
koloniya kateqoriyasına aid edilir. XIX əsrin ortalarında Yelizavettal koloniyasında 
əhalinin  torpaq  təminatı  ilə  bağlı  yaranan  problemin  həlli  38  kolonist  ailəsinin 
Tsalka  adlı  yerə  köçürülməsi  ilə  nəticələndi.
188
  Çoçian  adlı  bu  sahədə  torpaq 
əkinəyararlı 
olmadığından 
Aleksandersqilf 
kolonistləri 
heyvandarlıqla 
məşğuliyyətə üstünlük verdilər. Əlavə təsərrüfat sahəsi kimi çox məhdud miqyasda 
əkinçiliklə, bostançılıqla,  bağçılıqla  məşğul olurdular və  bu sahələr onların daxili 
tələbatının  ödənilməsinə  yönəlmişdi.  Bu  koloniyalarda  üzümçülük,  ümumiyyətlə, 
inkişaf  etməmişdi.  Həm  Şimali  Qafqaz,  həm  də  Gürcüstandakı  alman 
koloniyalarında  heyvandarlığın  inkişafı  XIX  əsrin  II  yarısı,  XX  əsrin  əvvəllərinə 
təsadüf edir. 
Çar  hökuməti  alman  kolonistlərini  Qafqazda  yerləşdirməklə  ölkə  sənayesi 
üçün  vacib  xammal  istehsalına  yönələn  sahələrin  inkişafına  müəyyən  ümidlər 
bəsləyirdi.  İnkişafda  olan  toxuculuq  sənayesində  maşın  istehsalına  keçid  yuna 
nisbətən  pambığa  və  xam  ipəyə  tələbatı  artırdı.  Təkcə  1806-cı  ildə  Rusiya 
xaricdən, əsasən də İtaliya və Fransadan 13554 pud xam ipək idxal etmişdi.
189
 XIX 
əsrin  əvvəllərində  xam  ipəyin  alınmasına  dövlət  büdcəsindən  0,5  mln.  qızıl  rubl 
sərf edilmişdi ki, bu da XVIII əsrin ortalarından Rusiyanın apardığı merkantilizm 
siyasəti ilə uzlaşmırdı. 
Rusiya çarları hələ XVII əsrdən başlayaraq Həştərxan, daha sonralar isə Ön 
Qafqaz ərazilərində ipəkçiliyin yayılmasına yönələn addımlar atmışdılar və 1798-ci 
ildə,  hətta  çar  I  Parel  ipəkçiliyin  inkişafına  aid  fərman  imzalamışdır.
190
  Amma 
əhalinin  tarixi  təsərrüfat  vərdişləri  və  iqlim  şəraiti  ilə  bağlı  bu  mühüm  sahə 
Rusiyada geniş yayılmadı. 
Qədim  zamanlardan  ipəkçiliyin  mərkəzlərindən  biri  kimi  tanınmış  Cənubi 
Qafqazın  işğalı  hələ  başa  çatmamış  çar  hökuməti  bu  regionda  ipəkçiliyin 
vəziyyətini  öyrənmək  və  lazımi  tədbirlər  planının  tərtib  edilməsi  məqsədilə 
Peterburqdan ipəkçilik üzrə baş  müfəttiş baron Biberşteyni Cənubi Qafqaza ezam 
etdi.  Qafqaz  Xüsusi  korpusunun  Baş  komandanı,  general  Knorinq  Gürcüstan 
quberniyasının rəisi P.Kovalenskiyə  baron Biberşteynə  hərtərəfli  yardım edilməsi 
haqqında  göstəriş  verdi.
191
  Bir  qədər  sonra  ipəkçiliyin  təşkilində  mühüm  təşkilati 
dəyişikliklər  baş  verdi:  Cənubi  Rusiya  və  Gürcüstan  üzrə  ipəkçilik  müfəttişliyi 
yaradıldı,
 
ipəkçilik  məktəbləri  açıldı  və  əhali  arasında  ipəkçilik  məşğuliyyətinin 

71 
 
təbliğinə başlandı.
192
 1836-cı ildə «Zaqafqaziyada ipəkçiliyin və ticarət sənayesinin 
yayılması  üzrə  cəmiyyət»  yaradıldı.
193
  Cəmiyyətin  təşkil  etdiyi  4  illik  təcrübə 
məktəblərində  dövlət  kəndliləri və  rəncbər  uşaqları təhsil alırdılar. Dövlət Əmlak 
palatasının  tabeliyində  olan  bu  məktəblərdə  alman  kolonistləri  sırasından  çıxmış 
yeniyetmələrin  də  oxumasına  diqqət  yetirilirdi.  Bu  məqsədlə  1841-ci  ildə  Nuxa 
şəhərindəki  təcrübə  ipəkçilik  məktəbinə  5  nəfər  alman  mənşəli  yeniyetmə 
göndərilmişdi  və  təhsili  başa  vurduqdan  sonra  onlar  öz  doğma  koloniyalarında 
ipəkçiliyin  yayılmasında  əhəmiyyətli  rol  oynadılar.
194
  Belə  ki,  1845-ci  ildə  təkcə 
Yelenendorf  koloniyasında  40  alman  ailəsi  ipəkçiliklə  məşğul  olurdu  və  bu 
məqsədlə 14 min ağacdan ibarət tut bağları salınmışdı.
195
 
Kolonistlər 1845-ci ildə 4,5 pud ipək xammalı əldə etdilər və 1846-cı ildə 
ipəkçiliyə  marağı daha  da  artırmaq  məqsədilə çar hökuməti kolonistlərə  250 rubl 
mükafat ayırdı
196

XIX  əsrin 40-cı  illərində  ipəkçilik  Cənubi Qafqazda  sürətlə inkişaf edərək 
regionun  iqtisadi  həyatının  əsas  sahələrindən  birinə  çevrilmişdi.  1846-cı  ildə 
Qafqaz  canişini  M.Vorontsov  öz  fəaliyyəti  haqqında  hesabatda  yazırdı  ki, 
«İpəkçilik  Zaqafqaziyanın  kənd  təsərrüfatının  ən  əhəmiyyətli  sahəsidir»  (38). 
1848-ci  ildə  Cənubi  Qafqazda  barama  istesalı  21456  pud  təşkil  etmişdir  ki,  bu 
məhsulun da 60%-i Şamaxı və Nuxa qəzalarının payına düşürdü
197

Ümumi  regionda  ipəkçilik  yüksək  templərlə  inkişaf  etsə  də,  alman 
koloniyalarında  ildən-ilə  barama  istehsalı  aşağı  düşür,  tut  bağları  məhv  edilir, 
əvəzinə üzümlüklər salınırdı. 
Kolonistlərin fikrincə, ipəkçilik daha çox əmək tələb edir və üzümçülükdə 
az əmək  sərf olunmaqla  yanaşı,  həm də daha  çox  gəlir  götürmək  mümkün idi
198

Bu  səbəbdən,  alman  koloniyalarında  tədricən  tut  bağları  üzüm  plantasiyaları  ilə 
əvəz edildi. 
1840-cı ildən tütünçülük də əmtəə istehsalı sahəsinə  çevrilmişdi və Cənubi 
Qafqazda  bu  sahə  ilə  məşğul  olan  qəzaların  sayı  artırdı.  Rusiya  bazarlarında 
yüksək  keyfiyyətli  tütün  növlərinə  tələbatın  artması  xaricdən  Havana,  Alban  və 
Perqam tütün növlərinin Cənubi Qafqazda becərilməsinə marağı artırırdı. 
1848-ci  ildə  çar  hökumətinin  təşəbbüsü  ilə  alman  koloniyalarında  da 
tütünçülüyün  inkişaf  etdirilməsinə  cəhd  edildi.  Tədqiqatçı  Nikiforovun  əsərlərinə 
istinadən  demək  olar  ki,  koloniyalarda  tütün  sortları  yaxşı  məhsul  versə  də, 
kolonistlər bu təsərrüfat sahəsi ilə də məşğul olmaqdan imtina etdilər, çünki onların 
fikrincə, tütün «çox qulluq tələb edir, gəliri isə çəkilən əməyə dəymirdi»
199

Sonrakı  illərdə  alman  koloniyalarında  tütünün də  becərilməsi dayandırıldı. 
1849-cu  ildə  Çindən  1,25  pud  çəkidə  yüksək  göstəricilərə  malik  saraçin  buğda 
sortu gətirildi
200
. Buğda sahəsinin suvarılmaması ucbatından yüksək məhsul almaq 
mümkün  olmadı.  Elə  həmin  il  İrəvandan  yonca  toxumu  gətirilsə  də,  kolonistlər 
onun  səpilməsinə  maraq  göstərmədilər.  Çünki  bunun  üçün  suvarıla  biləcək  boş 
torpaq sahələri yox idi. 

72 
 
Nəhayət, 1863-cü ildə Hindistandan tezyetişən Tibet düyü sortu gətirildi və 
koloniyalarda onun becərilməsinə başlandı. 
Düyünün becərilməsi çox əmək tələb edirdi və məhsuldarlıq sahələrin su ilə 
təchizatından asılı olduğundan kolonistlər bu sahəyə də maraq göstərmədilər.
201
 
Beləliklə,  koloniyalarda  yoncanın,  saraçin buğda  və  Tibet  düyü sortlarının 
yetişdirilməsinə  edilən  cəhdlər  praktiki  nəticə  vermədi  və  hökumət  dairələrinin 
alman  koloniyalarında  strateji  xammal  istehsalının  həyata  keçirilməsi  planları  baş 
tutmadı. 
XIX  əsrin  40-cı  illərində  Cənubi  Qafqazın  alman  koloniyalarında  torpaq 
çatışmazlığı yarandı. 
Bununla bağlı Gürcüstan Mülki Qubernatoru 24 dekabr 1840-cı il  tarixində   
«Gürcüstanda  məskunlaşan    Vürtemberq  kolonistlərinin  hər  təsərrüfatına  50 
desyatin torpaq sahəsinin ayrılması» haqqında 476 saylı qərar qəbul etdi
202

Koloniyalardan  torpaq  çatışmazlığı  ilə  bağlı  şikayətlərin  davam  etməsi  bu 
tipli  qərarların  yerlərdə  yerinə  yetirilməməsindən  xəbər  verirdi.  Belə  ki,  1842-ci 
ilin 1 aprel tarixində Aleksandersdort koloniyasının sakinləri Gürcüstan-İmeretiya 
mülki  qubernatoruna  müraciətdə  onların  torpaq  qıtlığından  əziyyət  çəkdikləri  və 
onlara əlavə torpaq sahəsinin ayrılmasını xahiş edirlər. Kolonistlərin müraciəti ilə 
tanış  olan  qubernator  Gürcüstandakı  alman  koloniyalarının  nəzarətçisinə 
Aleksandersdorf  koloniyasının  torpaqla  təminatı  barədə  məlumat  toplanması 
haqqında göstəriş verdi.
203
 
Zaqafqaziya  diyarı  Baş  rəisinin  30  may  1843-cü  il  tarixli  sərəncamı  ilə 
aztorpaqlı  2  kolonist  ailəsinin  Yekaterinenfelddən  və  30  ailənin  Yelizavettaldan 
Annenfeld  koloniyasına  köçürülməsinə  icazə  verildi
204
.  Sənədlərdən  göründüyü 
kimi, bu koloniyada 1750 des. əlavə torpaq sahəsi var idi. 
Pyatiqorsk  şəhəri  yaxınlığında  yaranan  Nikolayevsk  koloniyasında 
məskunlaşdırılan bir qrup Saratovdan köçmüş alman kolonistlərinin 15 aprel 1848-
ci  il tarixdə  Qafqaz canişininə  göndərdikləri  məktubda  göstərilirdi ki,  adı çəkilən 
koloniyada  məskən  salsalar  da,  onların  kolonist  cəmiyyətinə  qəbul  edilməsi  baş 
tutmadı  və  bunun  da  səbəbi  «kolonistlərin  qabaqcadan  təyin  edilmiş 
proporsiyalarda torpaq payı ilə təmin edilməsi üçün şəraitin olmaması idi»
205

Nəticədə  ağır  maddi  duruma  düşən  18  kolonist  ailəsi  17  mart  1848-ci  il 
tarixində  Stavropol  Mülki  Qubernatoruna  və  Qafqaz  Canişininə  müraciət  edərək 
onların  Stavropol  şəhəri  yaxınlığındakı  «boş  qalmış  xəzinə  torpaqlarında» 
məskunlaşdırılmasını  xahiş  edirlər.  Məktubda  qeyd  olunur  ki,  əgər  onlar  tez  bir 
zamanda torpaqla təmin edilməsələr 18 ailəni bədbəxtlik və dilənçilik gözləyir.
206
 
Artıq XIX əsrin ortalarında «Stavropol ətrafında məskunlaşma və təsərrüfat 
fəaliyyəti üçün boş torpaq sahələri qalmamışdı» və buna görə 18 ailənin Stavropol 
ətrafında  məskunlaşmasına  icazə  verilmədi
207
.  Stavropol  quberniyasında, 
ümumiyyətlə,  bütün  Qafqazda  kənd  təsərrüfatı  və  əcnəbi  koloniyalarda  məşğul 
olmaq üçün xüsusi idarə yaradılmışdı.
208
 

73 
 
Xüsusi  idarənin  rəisinin  Stavropol  Dövlət  Əmlak  palatasına  göndərdiyi 
məktubda  «ona  həvalə  edilən  idarənin  işlərində  Stavropolda  mövcud  olan  əcnəbi 
koloniyalar  haqqında  məlumatların»  olmamasından  şikayətlənir  və  xahiş  edir  ki, 
palata  tez  bir  zamanda  hər  koloniya  haqqında,  onların  təsərrüfat  həyatı, 
fəaliyyətlərindəki çatışmazlıqlar haqqında tələb olunan formada məlumat versin
209

1840-cı  illərdə  kolonistlərlə  yerli  knyaz  nəsilləri  arasında  yaranan  münaqişələrin 
əsas  səbəbi  kolonistlərin  məskunlaşdığı  dövrdə  onlara  knyaz  torpaqlarının 
paylanması  və  knyazların  bunun  əvəzində  hökumətdən  heç  bir  kompensasiya 
almaması  olmuşdur.  6  iyun  1842-ci  il  tarixdə  dövlət  müşaviri  Rozenin  ünvanına 
knyaz  Baratov,  saray  müşaviri  Dolinskaya  və  sairlərinin  adından  şikayət 
göndərilirdi  və  bu  şikayətnamədə  1820-ci  ildə  onlardan  alınaraq  Yelizavettal 
koloniyasının  kolonistlərinə  paylanan  torpaq  sahələrinin  əvəzinə  «eyni  ölçüdə 
xəzinə torpağının» ayrılması tələb olunurdu
210

30 noyabr 1842-ci il tarixdə Ali Senat Baraton, Dolinsnaya və sair şəxslərə 
dövlət torpaq fondundan müvafiq ölçüdə sahələrin ayrılması haqqında qərar qəbul 
etdi
211

XIX əsrin I yarısında Cənubi Qafqazın alman koloniyalarında sənətkarlıq da 
geniş yayılmağa başlamışdı. Yeganə sənətkar koloniyası 1818-ci ildə Tiflis şəhəri 
ətrafında yarandığından o Tiflis koloniyası adlandırıldı. 
XIX  əsrin  əvvəllərindən  çar  hökumətinin  məskunlaşdırma  siyasətində 
müəyyən  dəyişikliklər  baş  vermişdi  və  bu  dövrdən  etibarən  çar  hökuməti  əkinçi 
məskunlaşdırılmasına  nisbətən  sənətkarların  Rusiyaya  köçməsinə  daha  çox  önəm 
verdi. 30 sentyabr 1825-ci il tarixdə I Aleksandr «Əcnəbilərə Rusiya imperiyasının 
bütün şəhərlərində sənətkarlıqla məşğul olmağa icazə verilməsi haqqında» fərman 
imzaladı
212

Bu  fərmana  görə  yəhudilərdən  savayı,  bütün  əcnəbi  sənətkarlara  sexlər 
açmaq  hüququ  verildi.  Fərmana  görə  bütün  sex  təşkilatlarının  Dövlət  Əmlak 
palatasında  qeydiyyatdan  keçməsi  və  əcnəbi  sənətkarlar  tərəfindən  Rusiya 
sənətkarlarına  aid  olan  bütün  mükəlləfiyyətlərin  yerinə  yetirilməsi,  Ümumrusiya 
qaydalarına  riayət  olunması  nəzərdə  tutulurdu.  Əcnəbi  kolonistlər  güzəşt  kimi 
yalnız hərbi mükəlləfiyyətdən azad olunurdular
213

Gürcüstandakı  çar  hökuməti  orqanları  şəhər  sənətkarlığının  inkişafında 
maraqlı  idi  və  bu  məqsədlə  Rusiyanın  başqa  regionlarından  sənətkarlar  dəvət 
olunurdular. 
Rusiya  imperiyasında  fabrik-zavod  sənayesinin  ləng  inkişafı  səbəbindən 
əhalinin sənaye malları ilə təminatında çətinliklər yaranırdı və çar hökuməti idxala 
üstünlük verməyə məcbur olurdu. 
Bu isə öz növbəsində ölkənin qızıl ehtiyatlarının azalmasına gətirirdi ki, bu 
hal  rəsmi  dairələri  narahat  edirdi.  Rusiyada  sənaye  cəhətdən  inkişaf  etmiş 
regionlar, əsasən qərb regionları — Polşa çarlığı, Baltikyanı quberniyaları, Cənubi-
Qərb  və  Şimali-Qərb  diyarları  (indiki  Qərbi  Ukrayna  və  Qərbi  Belorusiya)  Qara 

74 
 
dəniz sahili quberniyaları sayılırdı. Mərkəzi quberniyalarda, o cümlədən Qafqazda 
sənayenin, sənətkarlığın inkişaf etdirilməsi çar hökumətinin prioritet vəzifələrindən 
biri idi. 
Tiflis  koloniyalarında  yaşayan  sənətkarların  hüquqi  status  məsələsində  bir 
qədər qeyri-müəyyənlik vardı. Yarandığı vaxt koloniya kimi fəaliyyət göstərən bu 
məntəqə  Tiflis  şəhəri  böyüdükcə  onun  aqlomeratına  çevrildi  və  bu  da,  öz 
növbəsində  kolonistlərə  qarşı  vergi  qanunlarının  tətbiqində  anlaşılmazlıqlara 
gətirdi.  Gürcüstan  Mülki  Qubernatoru  Poavandrovun  adına  Tiflis  koloniyasında 
məskunlaşan  sənətkarların  göndərdiyi  şikayətnamədən  görünür  ki,  Tiflis
 
şəhər 
polisi  11  sənətkar  ailəsindən  toxuculuqla  məşğul  olduqlarına  görə  vergi 
ödənilməsini  tələb  edir
214
.  Şikayətnamədən  görünür  ki,  kolonistlər  toxuculuqla 
məşğul olsalar da, hüquqi statusa görə  kənd sakinləri sayılırlar və  kənd prikazına 
vergi ödəyirlər. Eyni zamanda şəhər büdcəsinə də  vergi ödəyən  sənətkarlar 1834-
cü  ilə  görə  tələb  olunan  102  rublu  ödəməkdə  çətinlik  çəkdiklərini,  «hökumət  və 
polis  orqanlarına  itaət  etmək  arzusunda  ola-ola,  bu  tələbi  yerinə  yetirməkdə 
imkansız  olduqlarını»  vurğulayırlar
215
.  Kolonistlər  qubernatordan  xahiş  edirlər  ki, 
«onları şəhər vergiləri ödəməkdən xilas etsin» və hüquqi əsas kimi «onlara şəhərdə 
sənaye ilə məşğul olmaq üçün yazılı icazə versin»
216

Mənzil  mükəlləfiyyəti  kolonistlər  üçün  ağır  yük  olmuşdu.  Bu  məsələ 
ətrafında tez-tez rəsmi orqanlarla koloniyalar arasında münaqişələr baş verirdi. 07 
iyun 1830-cu il tarixli Gürcüstan mülki qubernatorunun adına göndərilən raportda 
Tiflis  mənzil  komissiyası  Tiflis  alman  koloniyasının  mənzil  mükəlləfiyyətini 
yerinə  yetirməkdən  boyun  qaçırması  faktı  göstərilir  və  bu  məsələyə  aydınlıq 
gətirilməsini xahiş edir
217

Gürcüstan  mülki  qubernatorunun  8357  saylı  qərarında  deyilir  ki,  kolonist 
kontoru  göstəriş  verməlidir  ki,  kolonistlər  yerinə  yetirmədikləri  mənzil 
mükəlləfiyyətinin  əvəzini  nağd  pulla  Komissiyaya  ödəsinlər,  yəni  onlar  bütün 
Tiflis şəhərinin sakinləri kimi mənzil mükəlləfiyyətini yerinə yetirməlidirlər
218

XIX  əsrin  I  yarısında  Qafqaz  almanları,  o  cümlədən  bütün  Rusiya 
almanlarının  xarici  ticarət  sahəsində  fəaliyyətinə  müəyyən  məhdudiyyətlər 
qoyulmuşdu. Belə ki, 01 yanvar 1807-ci il tarixdə çarın imzaladığı Manifestə və 20 
avqust  1820-ci  il  tarixli  Senatın  qərarına  görə  Rusiya  təbəəliyini  qəbul  etməyən 
əcnəbilərin  tacir  silkinə  qəbul  edilməsinə  qadağa  qoyulmuşdu.  Onlara  yalnız 
dənizkənarı və sərhədyanı ərazilərdə «əcnəbi qonaq» kimi topdan ticarətlə məşğul 
olmaq  hüququ  verilmişdi  və  qərara  görə  «əcnəbi  qonaqlar»  I  kateqoriyaya  aid 
tacirlərlə eyni miqdarda vergi ödəməli idi
219

Ancaq 27 fevral 1825-ci il tarixdə Rusiya ilə Prussiya arasında «Ticarət və 
gəmiçilik» haqqında dövlət konvensiyasının bağlanmasından sonra situasiya əsaslı 
şəkildə dəyişdi. Bu konvensiyaya görə «Prussiya təbəələri ilə Rusiyada və Polşada 
ticarət  münasibətlərində  yerli  əhali  ilə  davranıldığı  kimi  davranılacaqdır»
220
.  Bu 

75 
 
sənəd  bütün  Rusiya,
 
o  cümlədən  Qafqaz  almanlarının  həm  daxili,  həm  də  xarici 
ticarət  fəaliyyətinin canlanmasına təkan verdi. 
XIX əsrin I yarısında Qafqazda xarici ticarətlə məşğul olan alman firmaları 
çox  deyildi.  Daxili  ticarət  şəhərlərdə  və  qəsəbələrdə  cəmləşmişdi  və  əsasən  bazar 
və yarmarkalar vasitəsilə həyata keçirilirdi. Daxili bazarlarda alman kolonistlərinin 
payı  o  qədər  də  böyük  deyildi.  Satılan  malın  xüsusiyyətlərindən  asılı  olaraq 
ticarətçilər  bir  neçə  kateqoriyaya  bölünürdülər.  Kolonistlərin  böyük  əksəriyyəti 
kənd  təsərrüfatı  məhsullarının  və  gündəlik  tələbat  mallarının  satışı  ilə  məşğul 
olurdular. 
Ümumilikdə,  XIX  əsrin  I  yarısında  həm  daxili,  həm  xarici  ticarət 
sahələrində alman iş adamlarının rolu nəzərəçarpacaq dərəcədə olmamışdır. 
Kənd  sənətkarları  həm  alman  kolonistlərini,  həm  də  yerli  azərbaycanlı, 
gürcü  əhalisini  kənd  təsərrüfatı  alətləri  ilə  arabalarla  təmin  edir,  onlar  üçün 
təsərrüfat  obyektləri,  at  tövlələri,  anbarlar  inşa  edirdilər.  Alman  tarixçisi  Yozef 
Vayz kənd sənətkarlarının rolunu vurğulayaraq yazır ki, «məhz alman sənətkarların 
əməyi sayəsində koloniyalar alman simasına düşmüşdülər»
221

Bütün  sənaye  sahələri  arasında  almanların  daha  çox  nailiyyət  qazandığı 
üzümçülük  və  şərabçılıq  olmuşdur.  Şərabçılıq  alman  koloniyalarında  onların 
məskunlaşdığı  ilk  illərdən  əsas  məşğuliyyət  sahəsinə  çevrilmişdi.  Bu  sahə  çox 
gəlirli olduğundan, bir çox kolonist ailələri onunla çox maraqla məşğul olurdular. 
Dünyada şərabçılıq məhsullarına tələbin get-gedə artması daha çox kolonist 
təsərrüfatlarının bu sahəyə üz tutmasına gətirdi. 
XIX  əsrin  ortalarında  şərabçılıq  sənayesində,  hətta  işçi  qüvvəsinə  ehtiyac 
yarandı  və  bunları  nəzərə  alaraq  18  oktyabr  1838-ci  il  tarixdə  Rusiyanın  Daxili 
İşlər Nazirliyi ixracat  məhsullarının  istehsalı  ilə   məşğul   olan   firmalara yerli 
kəndliləri muzdla işə götürməyə icazə verdi
222

Sənətkarlıq şəhərlə yanaşı, həmçinin koloniyalarda, yəni kəndlərdə də geniş 
yayılmışdı.  Kənddə  sənətkarlar  təbəqəsinin  yaranması,  əsasən  iki  amillə  izah 
olunurdu: 
1) 
quberniyaların 
şəhərlə 
kəndləri 
arasında 
nəqliyyat 
kommunikasiyalarının  yarıtmaz  vəziyyətdə  olması;  2)  bəzi  kolonist  ailələrinin 
torpaq  sarıdan  çətinlik  çəkməsi.  Kolonistlər  kənd  təsərrüfatı  alətləri  almaq  üçün 
şəhərə  gedə  bilmirdilər,  çünki  bu  böyük  maddi  və  fiziki  məhrumiyyətlərə  başa 
gəlirdi.  Koloniyalarda  kənd  təsərrüfatı  alətlərinə  daim  ehtiyac  olduğundan  bəzi 
kolonistlər onların hazırlanması ilə məşğul olmaqda ixtisaslaşır, əkinçiliklə yanaşı, 
sənətkarlıqla da məşğul olurdular. 
XIX əsrin ortalarında koloniyalarda sənətkarlıqla məşğul olan kolonistlərin 
sayı əhəmiyyətli dərəcədə artdı ki, bu da həm torpaqsız və aztorpaqlı kolonistlərin 
sayının artması, həm də sənətkarlığın gəlirli bir sahəyə çevrilməsi ilə izah olunur. 
Koloniyalarda  sənətkarlığın  inkişafı  koloniyadaxili  sənətkarlar  məhəlləsinin 
yaradılması  kimi  təkliflərin  irəli  sürülməsinə  gətirdi.  Məsələn,  Yekaterinoslav 
quberniyasının  Moloçansk  koloniyasının  sakini  İvan  Kornis  Rusiyanın  bütün  iri 

76 
 
koloniyalarında  xüsusi  sənətkarlar  məhəlləsinin  yaradılması  proyekti  ilə  çıxış 
etdi.
223
  Onun  fikrincə,  hər  kolonist-sənətkar  ailəsi  3  des.  torpaqla  təmin  olunmalı 
idi  ki,  onlar  həm  də  əkinçilik  və  heyvandarlıqla  da  məşğul  ola  bilsinlər.  Lakin 
İ.Kornisin proyekti  koloniyalar tərəfindən qəbul edilmədi,  çünki  heç  bir koloniya 
sənətkarlara  torpaq  sahəsi  ayırmağı  arzulamırdı.
224
  Qeyd  edək  ki,  İ.Kornisin 
proyektinin yaranması koloniyalarda çoxsaylı sənətkar sexlərinin mövcudluğundan 
doğmuşdu.  XIX  əsrin  ortalarında  böyük  alman  koloniyalarında  50-yə  yaxın 
sənətkar  peşəsinə  rast  gəlinirdi.  Onlar  arasında  ağac
 
və  metal  üzrə  tokar,  dəri 
aşılayan və sair nadir sənətkarlıq peşələrinə rast gəlinirdi. 
Alman  kolonistlərinin  Cənubi  Qafqazda  məskunlaşdırılması  dövlət 
büdcəsinə  baha  başa  gəldi.  Tarixi  mənbələrdən  göründüyü  kimi,  alman  əhalisi 
Almaniyadan 
Rusiyaya 
yollandığı 
andan 
çar 
hökuməti 
tərəfindən 
maliyyələşdirilmişdir. Kolonistlərin Gürcüstana gəlişinə qədər hökumət tərəfindən 
onlara 488 min 342 rubl 32 qəpik xərclənmişdir.
225 
Gürcüstana çatdıqdan sonra da 
kolonistlərin  ərzaqla  təminatı  təsərrüfat  həyatını  qurmaq  üçün  onların 
sağlamlığının  qorunması,  Aleksandersdorf,  Marienfeld  və  Yelizavettal 
koloniyalarında  dəyirmanların  inşası  üçün  daha  434  min  687  rubl  13  qəp.  sərf 
edilmişdir.
226
 
1822-ci  il  sentyabrın  1-də  kolonistlərə  maddi  yardım  göstərilməsi 
dayandırıldı. Bu vaxta qədər artıq dövlət büdcəsindən onlara 923 min 029 rubl 45 
qəp. pul xərclənmişdi.
227
 
Kolonistlər  Vürtemberqdən  İzmailə  çatanadək—57918  rubl  78  qəpik, 
İzmail və Odessada qışladıqları dövrdə isə 84694 rubl 55 qəp. pul vəsaiti almışlar. 
Ümumiyyətlə,  Almaniyadan  köçüb  Gürcüstanda  məskunlaşdıqları,  yəni  1817-
1823-cü  illər  ərzində  çar  hökumətinin  büdcəsindən  kolonistlərə  ümumi  hesabla  1 
mln. 065 min 642 rubl 78 qəpik vəsait ayrılmışdır ki,  bu  da  o dövrdə  çox böyük 
məbləğ idi.
228
 
Qeyd edək ki, çar hökumətinin alman kolonistlərinə maddi yardımı sonrakı 
dövrlərdə də davam etmişdir. Məsələn, 1826-1828-ci illərin II rus-iran müharibəsi 
illərində  Cənubi  Qafqazın  alman  koloniyaları  talanlara  məruz  qaldılar,  xüsusən 
Borçalıda  yerləşən  Yekaterinenfeld  koloniyasının  itkiləri  daha  ağır  idi:  20  nəfər 
öldürülmüş, 76 nəfər itkin düşmüşdü.
229
 Bütün bunları nəzərə alaraq çar hökuməti 
Cənubi  Qafqazda  məskunlaşan  hər  alman  ailəsinə  yenidən  172  gümüş  rubl 
civarında  ssuda  ayırdı  və  ümumilikdə  Cənubi  Qafqaz  kolonistlərinə  201,  830 
gümüş rubl borc ayrıldı.
230 
Gürcüstan  Mülki  Qubernatoru  alman  kolonistlərinə  maddi
 
vəsaitlərin 
ayrılması  məsələsində  sərt  mövqedə  dayanırdı.  Onun  fikrincə,  sosial-iqtisadi 
sahədə  kolonistlərin  üzləşdiyi  problemlər  kolonistlərin  rasional  təsərrüfat  apara 
bilməməsindən  yaranırdı.
231
 
Məsələn,  Yelenendorf  və  Yekaterinenfeld 
kolonistlərinin  1829-cu  ilin  yanvarında  onlara  maddi  yardım  edilməsi  haqqında 
Gürcüstan  Mülki  Qubernatoruna  ünvanladıqları  xahişnaməyə  cavabda  göstərilirdi 

77 
 
ki, «kolonistlər artıq iki mövsüm səpin etmişlər, lakin yenə yardım kimi pul xahiş 
edirlər  və  bununla  da,  öz  tənbəlliklərini  və  təsərrüfat  apara  bilməmələrini  büruzə 
verirlər».  Kolonistləri  yerli  kəndlilərlə  müqayisə  edən  Qubernator  ədalətli  olaraq 
vurğulayır ki, kolonistlər «maddi rifah hallarını yaxşılaşdırmaq üçün vəsait alır və 
bunun  müqabilində  heç  bir  mükəlləfiyyətlər  yerinə  yetirmirlər.  Yerli  kəndlilər 
onlardan  da  acınacaqlı  vəziyyətdə  olsalar  da,  müxtəlif  mükəlləfiyyətlər  yerinə 
yetirirlər və xəzinədən heç bir kömək  almırlar»
232

Gürcüstan  qubernatorunun  fikrincə,  kolonistlərə  heç  bir  maddi  yardım 
göstərilməməlidir,  «kolonistlər  əməksevərliyi  sayəsində  öz  rifah  halını 
yaxşılaşdırmalıdırlar»
233

Cənubi  Qafqaz  kolonistləri  10  il  müddətinə,  yəni  1822—1832-ci  illər 
ərzində  vergilərdən,  mükəlləfiyyətlərdən  və  ümumiyyətlə,  hər  hansı  bir 
ödənişlərdən azad olmuşdular. Çar hökumətinin kolonistlərə ayırdığı maddi vəsait 
iki kateqoriyaya bölünürdü: pulun bir hissəsi təmənnasız yardım kimi, qalan hissəsi 
isə ssuda kimi borca verilmişdi. Ssudanın qaytarılması üçün kolonistlərə 20 il, yəni 
1832-ci ildən 1851-ci ilədək müddət təyin olunmuşdu. 
Kolonistlər  üçün  çar  hökuməti  tərəfindən  yaradılan  əlverişli  şəraitə 
baxmayaraq, ayrılan 20 il ərzində Cənubi Qafqaz almanları büdcəyə borclarını tam 
şəkildə qaytara bilmədilər. 1851-ci ildə Cənubi Qafqaz kolonistlərinin borclarının 
qaytarılması ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün hökumət tərəfindən xüsusi 
komissiya  yaradıldı  və  komissiyanın  araşdırmalarından  sonra  koloniyalara  ayrılan 
maddi yardımın və ssudanın tam miqdarı kolonistlərin qaytaracağı borcun məbləği 
aydınlaşdırıldı. 
 
Cədvəl 2. 1851-ci ilin məlumatlarına görə, Cənubi Qafqazın alman 
koloniyalarının dövlətə borcları
234 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə