Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə220/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   216   217   218   219   220   221   222   223   ...   232
Faizə Müslİhİ

(Əlyazmalar İnstİtutu)
İslamda sosİal ehtİyacların

rasİonal tənzİmləmə üsulu
Hər bir fəlsəfi və sosioloji məktəbin dünya və insanın yaradılışı haq­qında baxışa iqtisadi-sosial sistemin tənzimlənməsində mühüm rola ma­likdir. İslam iqtisadi sistemi vəhydən dogan bir təlimə əsaslanaraq in­sanı ağıl, iradə, ixtiyar və məsuliyyət sahibi kimi tanıyır. Həmin keyfiy­yətlər insana öz iqtisadi fəaliyyətində və təbii sərvətlərdən istifadədə düzgün və rasional seçim etməyə imkan verir. Hər bir fərdin mülkiyyət sa­hibi olmaq istəyi onun təbiətindən doğur və həmin meyl insanı təbii sərvətlərdən daha səmərəli faydalanmağa sövq edir.

İslam həmin istək və meyli düzgün istiqamətə yönəldir. İslam bilik sa­hibi olmaqla həm də seçim haqqına malikdir və bu cəhətdən o, ilahi xilafət məqamına yetişməyə qabildir. Ona mülkiyyət hüququ verilir və de­məli, o, olduğu sərvətdən maddi və mənəvi tələbatını ödəmək üçün ya­rarlana bilir (1.s.75). Məsələyə bir qədər dərindən yanaşdıqda, islam mal və sərvəti ilahi nemət sayır, insanı isə yer üzərində xəlifə edərək ona bütün təbii sərvətlərdən bəhrələnmək haqqı verir. İnsan eyni za­man­da dünyanı abadlaşdırmağa borcludur. (Mumin:62; Bəqərə:255).

İslam sosial ədalət tərəfdarı kimi təbii nemətlərdən faydalanmağa hamı üçün eyni bilir, burada kimsə başqasından üstün deyil, yalnız təq­va baxımından insanlar bir-birindən üstün ola bilərlər (2.c.3.s.239). İslam insana gerçək dəyər vermək üçün gəlmişdir və bu təlim onun şəxsiz ictimai və sosial-iqtisadi həyatını dəyişdirməyə imkan verir, onu ruhi zənginliyə qovuşdurur. İslamın sosial qanunları insanın ehtiyac və tələbatına daha doğru cavab verir, onun rəftarını təkmilləşdirir (3.s.7).

Rəvayətə görə bütün nemət və sərvətlər bəndələr üçün Allahın əma­nəti sayılır. Insanlar ondan orta həddə yeməli, orta həddə içməli, orta həddə geyməli, qalanını isə ehtiyac olanlara verməlidir. (3.s.229). Həd­dən artıq istifadə haram və qeyri-rasional sayılır.

Təbiidir ki, insan malik olduğu şeydən istədiyi kimi istifadə edə bi­lər, lakin burada mühüm bir məqam vardır: məsrəfin həddi və ölçüsü ol­malıdır. Malikiyyət baxımından burada məhdudiyyət yoxdur, yəni hər kəs sahib olduğu şeydən faydalana bilər. Lakin əxlaq və rasional dü­şün­cə baxımından müəyyən hədd vardır, belə ki, insan məsrəfləri orta həd­də və məntiqli şəkildə tənzimləməli və israfa yol verməməlidir (4.s.44).

Bu baxımdan islam sosial-iqtisadi sistemi bir yandan israfa qarşı çıxırsa, o biri yandan başqalarına ehsan və yardım prinsipinə əsaslanır. Birinci tərəf məhsulun istehsal və məsrəfində minimum istifadəni və lüzumluluq meyarını nəzərdə tutursa, ikinci tərəf şükür və yaxşılıq (eh­san) nməfhumu ilə bağlı olaraq əxlaqi-mənəvi dəyər kəsb edir (1.s.91). Deməli, burada sosial tənzimləmə iki əsasa dayanır: rasional münasibət və əxlaqi davranış.

İslam sosial-iqtisadi düzənində istehlak və məsrəf sərbəstliyi vardır, çünki insanların zəruri həyati ehtiyaclarının təminatı təbii məsələdir və islam rifah içində yaşamağı onların təbii haqqı sayır (6.s.1340; 7.c.15.s. 249). İslam heç vaxt firavanlıq və bolluq içində yaşamağı rədd etmir, sadəcə ifrata icazə vermir. İnsan həyatının sağlam və normal davamı və orqanizmin zəruri tələbatının ödənilməsi üçün Allah tərəfindən təmiz nemətlər halal buyurulmuşdur (Maidə: 87-88).

Bütün nemətlər Allah tərəfindən insan üçün yaradılmışdır və hamı onlardan öz ehtiyaclarına uyğun faydalana bilər. Eyni zamanda məsrəf­lərin hüdudları və miqdarı normal haldan çıxmalı deyil (8. c.6.s.444).

Vacib məsrəflərlə yanaşı, ibadət baxımından vacib olan işlər – Həcc, zəkat, xüms və s. eyni zamanda ailənin rifahı, yaxınlara kömək, eh­tiyac içində olanlara yardım kimi məsrəflər vardır.

Bütün hallarda məsrəflər üçün müəyyən məhdudiyyətlər və ölçülər qoyulur. İnsan hər hansı bir şeyin məsrəfində həmin ölçülərdən kənara çı­xarsa, bu israf sayılar. Əlbəttə, israfın nisbəti inkişaf və rifah səviy­yə­sin­dən asılı olaraq müxtəlif cəmiyyətlərdə fərqli olur. Burada rasional ölçü olaraq orta hədd götürülür.

İslamda bədxərclik də haramdır və israf kəmiyyət baxımından mal itkisi sayılırsa, bərxərclik keyfiyyət nöqteyi-nəzərdən itki hesab edilir. Bərxərclik də mahiyyətcə israfdır və malın boş boşuna və qeyri-rasional sərf edilməsi deməkdir ki, bu da haram sayılır (9. c.75.s.302).

Məsərfin stimulları vardır və bunları belə ümumiləşdirmək olar:

1. Həyati ehtiyacların ödənilməsi.

İnsan doğulandan öz yaşamını davam etdirmək üçün müxtəlif mal­lara, məhsullaravə xidmətlərə ehtiyac duyur. Onun təmin edilməsi üçün sərf edilən imkanat vacib və təbiidir. İslam baxımından cəmiyyət bütün insanların ehtiyaclarını ödəməyi öz öhdəsinə götürür (7.c.6.s.365). Bu­rada gerçəkləşən məsrəflər fərdi xarakter daşımır və cəmiyyətin bütün üzvlərini – ailədən başlayaraq, qohumlar, yaxınlar və bütün zümrələri əhatə edir. Başqa sözlə desək, islam icmasinda yaşayan hər bir fərd in­sa­nın layiq olduğu şərafətə uyğun öz həyatını davam etdirmək üçün lazım olan mal və xidmətlərdən bəhrələnmək haqqına malikdir. Eyni zamanda hər bir müsəlman öz imkanatından asılı olaraq öz qohum­la­rı­nın və yaxınlarının, eyni zamanda, cəmiyyətin ümumi ehtiyaclarının ödə­nilməsi üçün səy göstərməlidir.

2. İlahi nemətlərdən faydalanmaq.

İslam baxımından hər bir müsəlman fərdin məsrəfləri dar çərçivədə məhdudlaşa bilməz. Qaynaqlara görə ilahi nemətlərdən faydalanmaq və həyatdan öz payını götürmək və rifah içində yaşamaq hər bir insanın təbii haqqıdır. Başqa yandan, onu həmin nemətlərdən məhrum etmək haram sayılır. Bir rəvayətdə deyilir: “Allah gözəlliyi və camalı sevir, özü­nü kasıb göstərməyi xoşlamır. Bəndəsinə bir nemət bəxş edəndə onun xoş təsirini bəndənin üzündə görmək istəyir” (7. c.2.s.341).

Deməli, islama görə, insanın ilahi nemətlərdən faydalanması təbii və halal sayılır, lakin onun madiyyata hərisliyinin qarşısını almaq və sosial həyatını rasional şəkildə tənzimləmək üçün izafi məsrəfləri haram bilmiş, bir sıra hallarda məhdudiyyətlər qoymuşdur.

Haram məsrəflər nədir? Bu tip məsrəflər cəmiyyətin və fərdin ümu­mi mənafeyinə zidd olan şeylərə şamil edilir. Bu yöndə bir neçə mə­qama diqqət yetirmək lazım gəlir.

1. Haram sayılan şeylər.

İslam şəriətində bəzi şeylərin məsrəfi haram sayılır. Məsələn, spirtli içkilər, əti haram bilinən heyvanlar, şəriətə uyğun kəsiləməyən heyvan­ların əti, natəmiz paltar, qızıl və gümüş qab-qacaq, kişilər üçün xalis ipək­dən paltar, qumar və fasadlı əyləncə vasitələri və s.

Şübhəsiz bütün şəriət hökmləri insanın maddi və mənəvi maraq­la­rının təminatı və ona yetişə biləcək zərərin qarşısını almaq üçündür. Bir sözlə, bunlar rasional məqsəd daşıyır.

Allahın haram buyurduğu şeylər dəlilsiz deyildir və bunların hər bi­rinin insan üçün zərəri vardır. Rəvayətlərə görə, Allah şərab, donuz əti və murdar qanı elm əsasında haram buyurmuşdur.

İmam Sadiqdən nəql olunan rəvayətdə şərabın fəsadları rasional əsas­larla izah olunur: “şərab fəsad və pisliklərin qaynağıdır və şərab içən şəxs ağlını itirir, Allahı tanımır və günahdan çəkinmir, kimsənin haq­qına ehtiram bəsləmir, imandan uzaqlaşır, Allahı, mələkləri və pey­ğəmbərləri unudur. Qiyamət günü onun üzü qara olur” (3. c.16.s.646).

Bir sıra şeylərin mahiyyətində haram yoxdur, ancaq onlar ictimai əxlaq və psixoloji amillərə görə haram sayılır. Qızıl-gümüş qab-qacaq və ya kişi üçün ipək paltar bu qəbildəndir. Bəzən isə yerli istehsala ma­ne olan xarici malların yersiz idxalı qeyri-rasional sayılır. Ümu­miy­yətlə, islam insanın sağlamlığına və həyatına birbaşa dolayı ilə zərər ye­tirən malların işlənməsini yasaqlayır.

3. Haram niyyətlə məsrəf olunan meylər.

Bəzən mal mahiyyətcə haram deyildir və insana da heç bir zərəri yoxdur. Lakin fərd onu qərəzli və haram məqsədlə işlədir. İslam baxı­mın­dan bu cür məsrəflər haram sayılır:

Bəzən fərd və ya bir dəstə insan islama zidd olan mədəniyyətə xas mal­ları işlədir və onun məqsədi müsəlmanların dini və əxlaqi dəyər­lə­rini hörmətdən salmaqdır. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur:

“Mənim düşmənlərimin geyimini geyməsin, onların yeməyindən ye­məyin, onlar kimi rəftar etməyin ki, mənim düşmənlərim ola bilərsiniz” (7. c.3.s. 279).

b. İftixar və qürrələnmə.

Birinci fəsildə qeyd edildiyi kimi, təmtəraqlı həyat tərzi israf amillə­rindən biridir. Bu cür məsrəflər qürrələnmək məqsədilə edilir, belə ki, bəzi şəxslər və ailələr öz var-dövlətini başqalarına nümayiş etdirmək üçün zəruri olmayan və qeyri-rasional xərclərə yol verirlər. Həmin məs­rəflər eyni zamanda ayrı-ayrı fərdlər və zümrələr arasında qeyri-sağlam rəqabət motivinə çevrilir. İslam insan nəfsinin lüzumsuz istək­lərini tənzimləmək və fərdlər arasında gedən qeyri-sağlam rəqabətin qar­şısını almaq üçün qeyri-rasional məsrəfləri qadağan etmişdir. Pey­ğəmbər (s) nəql edilən rəvayətdə deyilir: “Hər kim geyindiyi paltarla qür­rələnərsə, Allah onu həmin libasla cəhənnəmin ağzına atır” (2. s.429).

Haram sayılan məsrəflərin mahiyyətinə diqqət yetirsək, onların qa­da­ğası cəmiyyətin sosial-iqtisadi həyatında üç müsbət təsirə malikdir:

1. Cəmiyyət bu cür qeyri-rasional məsrəflərdən azad olur və onun im­kanları mühüm ehtiyaclarının ödənilməsinə sərf olunur;

2. Cəmiyyət bir çox hallarda iqtisadi asılılıqdan azad olur;

3. Lüzumsuz malların istehsalına sərf edilən işçi qüvvəsi və xərclər faydalı və zəruri sosial tələbatın ödənilməsinə yönəlir.

Bütövlükdə, islamın iqtisadi doktrinası cəmiyyətin təkcə sosial həyatını deyil, həm də onun əxlaqi-mənəvi dayaqlarının möhkəmlən­mə­sini nəzərdə tutur.

Fövqəladə hallarda məsrəflərin halal-haram olması şəraiti fərqlənir və bəzən haram şeylər halal və mübah sayılır.

Mərhum Təbrəsi yazır: “Bir sıra hallarda, məsələn, aclığın şiddət­lən­diyi anda insan dözümsüz olur və başqa carə tapa bilmir” (1. s. 257). Bəzən isə xəstəlik zamanı həkimin göstərişi ilə halal sayılmayan şey­lərin məsrəfi qaçılmaz olur. Qurani-Kərim həmin zəruri hallara işarə edə­rək buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, do­nuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq öl­müş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi hey­van­lar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininiz­dən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorx­mayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl et­mək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Maidə:3).

Məsrəflərin məhdudlaşdırılması.

İslam haram məsrəflərin qarşısını almaqla yanaşı, cəmiyyətin sosial ehtiyaclarının rasional şəkildə təmin edilməsi məqsədilə məsrəflər üçün kəmiyyət və keyfiyyət baxımından müəyyən qaydalar nəzərdə tutur ki, onları bu cür ümumiləşdirmək olar:

1. Gəlirin tənzimlənməsi.

İstehlakçı adətən məsrəfləri gəlirə uyğun tənzimləyir və bununla lüzumsuz borcların yığılmasının qarşısını alır. Həzrəti Əli (ə) buyurur: “Lüzumsuz yerə borca girməyin, çünki borc gecənin qəm-qüssəsi və gündüzün zillətidir” (7. c.12.s.77). Əlbəttə, dini mətnlərdə borc daha çox gündəlik məsrəflərin qarşılanması ilə bağlı ortaya çıxır. Müasir iq­tisadi sistemdə isə borc daha çox istehsal sahələrinin dinamik inkişa­fı­nın təmin edilməsi üçün gündəmə gəlir.

2. Cəmiyyətin ümumi mənafeyinin qorunması islamda sosial ədalət prinsipi önəmli yer tutur və məsrəflərin tənzimlənməsində bu amilə bö­yük əhəmiyyət verilir. Ona görə məsrəflərin ölçü və miqdarı tək-tək fərd­lərin firavan yaşaması ilə deyil, cəmiyyət üzvlərinin ümumi mə­nafeyi və hamının normal həyatı nəzərə alınmaqla müəyyən edilir. Cə­miyyətin böyük bir qismi iqtisadi-sosial problemlə üzləşdiyi bir şəraitdə bir zümrənin harın həyatı və israfçılığı məqbul sayılmır.

Mədinədə qıtlıq baş verərkən İmam Cəfər Sadiq (ə) öz köməkçisinə ambarda olan buğdanı bazara çıxarmasını əmr edir və buyurur: “Ək­sə­riy­yət qıtlıq içində keçinirkən bizim buğda çörəyi yeməyimiz, qalan camaatın isə pis çörək yeməyə məcbur olması bəyənilən iş deyil”.

Bütövlükdə islam sosiologiyası istər sərvət və gəlirlərin, istərsə də məsrəflərin rasional şəkildə tənzimlənməsinə böyük önəm verir. Burada tarazlıq və balans pozularsa cəmiyyətin ümumi rifahına xələl yetişər. İs­lama görə bütün insanların mövcud imkanlardan bərabər səviyyədə bəhrələnmək haqqı vardır.

İslam ayrıseçkiliyə qarşı olmaqla yanaşı, fəzilətli toplum tərəfdarıdır və həmin toplumda rasional bərabərlik prinsipi diqqət mərkəzində da­yanır. Burada imtiyazlar güclülərə deyil, hamıya şamil edilir. Mütəhhəri həmin məsələyə işarə edərək yazır: “Rasional bərabərlik odur ki, möv­cud imkanlar ümumi qaydada hər kəsin ixtiyarına qoyulur, zülmə əsas­lanan imtiyazlar isə ləğv edilir” (10. s.123).

Beləliklə, islam mədəniyyətində qarşılıqlı əməkdaşlıq və yardıma, ictimai ədalət və qardaşlıq prinsiplərinə əsaslanan sosial münasibətlər mövcud imkan və sərvətlərdən rasional istofadəyə önəm verir. Belə ol­duq­da cəmiyyətdə ümumi mənafe və hüquqlar qorunur, israfçılığın və lüzumsuz məsrəflərin qarşısı alınır.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin