AZƏrbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu fərhad Mİrzə Qacar


Qafqazın münəccimbaşısı ilə görüş və pambıq-parça toxunan fabrikaya tamaşaya və teatra getdik



Yüklə 2.55 Mb.
səhifə6/27
tarix10.06.2017
ölçüsü2.55 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

Qafqazın münəccimbaşısı ilə görüş və pambıq-parça toxunan fabrikaya tamaşaya və teatra getdik

1292-ci il, şəvval ayı seşənbə (1875, 2 noyabr). Günortadan əvvəl Qafqazın münəccimbaşısı gəldi və onun mütərcimi Mirzə Mustafa idi. Ondan «Tiflisin qütbdən meylliyini kompas necə göstərir?» soruşduqda o dedi: 3 dərəcə yarımdır.

O getdikdən sonra Tiflis əyalətinin hakimi Orlovskinin dəftərdarı sahibmənsəb şəxsiyyət olan knyaz Arqutinski-Dolqoruki gəldi. O, bizi pambıq parça toxunan fabrikə aparmaq istəyirdi. Deyirdi ki, bizim əslimiz Ərdəşiri-Derazdəst tayfasıdır ki, vaxtilə bu tayfanın məlikləri Gürcüstana gəlmişdir.

Mən dedim: Ərdəşiri-Derazdəst (uzun əl Ərdəşir) Bəhmən bin İsfəndiyarın ləqəbidir ki, yunan əhli ona Artəksis Lanci Menus deyir. O, xeyli təəccübləndi ki, mən bunları haradan bilirəm? Bu adam çox xoşsifət, qaraqaş, qaragöz bir kişi idi və iranlılara oxşayırdı. O, dörd nəfər kazakı bir zabitlə bizim faytonu müşayiət etmək üçün göndərmişdi. Bu toxucu fabrikində ipi Tehrandakı kimi əyirirdilər, lakin əlavə kətan da toxuyurdular. Buradan mənzilə qayıtdıq. Prins Baqration Mixranski Mirzə Fətəli Axundovu bizim evə göndərmişdi ki, bizi çəharşənbə günü axşam tamaşaya, teatra dəvət etsin. Dəvəti qəbul etdim. Axundovun dediyinə görə tamaşa salonunda şahzadə üçün xüsusi yer ayırmışdı. Pəncşənbə günü isə saat on və on bir arası yola düşmək üçün vidalaşacaqdım.

Şəvval ayının üçü çəharşənbə günü cənab prins Mixranskinin xahişi ilə axşamdan üç saat yarım keçəndə teatra getdik.
Tiflis. Mirzə Fətəli Axundovun ixtira etdiyi yeni əlifba ilə tanışlıq

1292-ci il, çəharşənbə, üç şəvval (1875, 3 noyabr). Mirzəyev gəldi və bizi öz evinə və bağına dəvət etdi. O, bizə Kür çayından 100 gəz (1 gəz 3 futa bərabər uzunluq ölçüsüdür. – T.H.) hündürlükdə yerləşən evinə və bağına suyu maşınla necə gətirdiyini göstərdi.

Müsyö Bəylərov Luvarsab mərhum Xaqanın və vəliəhdin fərmanlarını gətirmişdi, Ziyarət etdim. Mərhum Xaqanın fərmanı h. 1235-cı ilin zilhiccə ayında müşarileyh Şah Mirzəyə xan titulu verilməsi və ordenlə təltif olunması haqqında idi. Bu fərman h.q.1237-ci (1821) ilin rəbiül əvvəl ayında vəliəhd tərəfindən də imzalanmışdı. Bu haldan xəcalət çəkdim ki, fərmanın tuğrası Xarici İşlər nazirliyində qızıl suyu ilə yazılmadan sahibinə verilmiş, o özü sonralar həmin işi icra etmişdi.

Rusların «Axundov» deyə müraciət etdikləri polkovnik, bütün Qafqazın canisininin mütərcimi Mirzə Fətəli Axundzadə özünün ixtira etdiyi əlifbanı gətirmişdi. Bu üç qisim layihədən, ixtiradan ikisini bəyəndim.

Layihənin birində hərflər ayrı-ayrı, həm də soldan-sağa yazılır. Şəkillərinə görə latın əlifbasının hərfləridir. Dedim: «Avropa yazısına oxşadığı üçün Xaqani demişkən «Fələk kəcrəftar əst əz xətti-tərsa» islam əhli bunu qəbul etməyəcək. Lakin o biri iki növ əlifba mümkün olsa, yaxşıdır. Necə ki, İbn Müqlə kufi yazısını nəsxlə əvəz etdi və işi asanlaşdırdı».

Axundzadə bu əlifbaları ixtira etməkdə çox zəhmət çəkmişdir. Ərəb və fars dillərində bəzi hərflər səslənir, lakin hərf kimi şəkli yoxdur. Ona görə də əgər bir sözün yazılışında nöqtələr qoyulmasa, onda fikir ayrılıqları, ixtilaf yaranacaq. Məsələn, əgər bir şəxs «Müxbir» sözünü oxuya bilməsə, o sözü müxtəlif cürə oxuyacaq; yəni müxbir yox, mocir, mobir, məxiz, müxəyyər, mühəyyer kimi oxuyacaq.

Hərflərin ayrı-ayrı yazıldığı layihə isə oxumağı xeyli asanlaşdırardı və uşaqlar üçün və oxumağa yeni başlayanlar üçün dərs xeyli asan olardı. Lakin indi iki yüz milyon islam milləti bu əlifbaya öyrəşib, onu dəyişmək çətindir.

Sədi be ruzgaran mehri neşande dər del

Birun nemitəvan kərd illa beruzgaran.

(Sədi həyatda ürəklərə məhəbbət bəxş etmişdir

Onu heç vaxt ürəkdən çıxarmaq olmaz.)

Bu da mümkündür ki, bəzi avam insanlar, adi xalq kütləsi əlifbanın dəyişdirilməsini dində bidət, küfr hesab edələr. İbn Müqlə də Kufi xəttini dəyişdirdi.

Müşarüleyhin ixtira etdiyi iki yazıdan nümunə üçün öz əli ilə mənə yazdığını məmurların xəbəri olsun deyə dərc edirik:

Xülasə, müşarileyh fazil bir insandır, rus dilini yaxşı bilir və yaxşı tərcümə edir. Ərəb, fars və türk dillərini də bilir, şeir yazmaq təbi də vardır. Şiəməzhəb olsa da, on ikinci imamın zühuruna inanmır. O, Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz» da yazdığı bu beyti tez-tez oxuyur:

Hər an kəsra ke məzhəb qeyri-cəbr əst,

Təbi fərmud kou manəndi-qəbr əst.

(Cəbrdən başqa yolu seçənlər üçün

Peyğəmbər buyurdu ki, onlar atəşpərəst kimidirlər.

Sətri tərcümə M.Nağısoylunundur).

Mirzə Fətəli Axundzadənin atası Mirzə Məhəmməd Tağı Xamnənin Ərvənq adlanan kəndindən idi. Ərvənq Təbrizin 18 qəzasından biridir. Anası Şəki əhlindən idi. Onun əsli isə vaxtilə Şəkiyə köçmüş Marağanın Müqəddəm tayfasındandır. Mirzə Fətəli bir neçə il Qaradağda yaşamış, sonra Rusiyanın və İranın iğtişaş dövründə, 28 yaşında olarkən Qarabağa və Şəkiyə gəlmiş, burada, dayılarının yanında qalmışdır. Onun İrana qayıtmaq meyli olmamışdır. Rus dövləti tərəfindən bir sıra işlə təmin olunaraq vəzifə almış sahibmənsəb bir şəxs kimi tanınır.

Günortadan sonra muzeyə tamaşaya getdik. Burada çox yaxşı quşlar nümayiş etdirilir. Həmçinin böyük və qara rəngli bir balıq vardır ki, onun dərisi qalın və qaradır, sanki üstünə aşılanmış dəri parçası çəkilmişdi. Bu balığı keçən il Salyanda tutmuşlar. Balığın uzunluğu 3 zərə yaxın olar. Burada iki gözəl pələng vardır və vəhşi meşə camışı xeyli güclü və nəhəng görünür, beləsini heç görməmişdim.

Oradan şimaldakı dağın ətəyində yerləşən hərbi zavoda, silah saxlanan yerə və əsgərlərin qaldığı qışlaya baxmağa getdim. Kür çayının üzərində salınmış dəmir körpüdən keçdik. Orada Kür iki qola ayrılır, arada ada əmələ gəlmişdir. Həmin adada abadlıq, eyni zamanda dükanlar gözə çarpır. Körpünün əvvəlində bir çeşmə vardır, axırında isə altı çeşmə düzəldilmişdir. Körpü ilə üzbəüzdə sabiq canisin prins Voronsovun şəkli görünür, yəni ona tunc heykəl düzəltmişlər. Bu şəxs Rusiya kübarlarının nəslindəndir. Əlində durbin tutmuş Voronsovun heykəlinin ətrafında zəncirlə bir-birinə bağlanmış və çevrilmiş vəziyyətdə olan Osmanlı dövlətinin səkkiz topu hazırlanmışdır.

Yəni topların ağzı torpağadır. Voronsov 1856-cı ildə 74 yaşında vəfat etmişdir. Rusiya dövləti üçün çox işlər görmüşdür.

Voronsov on iki il Qafqaza hökmranlıq etmişdir. Qafqaz əhalisi ondan xeyli razılıq edirlər. O, Tiflisdə abadlıq işləri aparmış, yaxşı işlər görmüşdür. Günorta yeməyinin ortasında topdan bir güllə atmaqla, Müşarileyh qərar verirdi ki, insanlar bununla öz saatlarını düzəldirlər.

Kür çayının üstündə salınmış dəmir körpü Voronsovun tapşırığı və vəsaiti ilə tikilibdir. Oradan hərbi zavoda və cəbbəxanaya getdik. Həmin müəssisələrin rəisi gəldi. O şəxs Qafqazın artilleriyasının rəisidir və knyaz Meriyskiyə tabedir. Rəis bizi hər bir silahla bir-bir tanış edir. Bir yüngül atlı kazak tüfəngini də bizə həbiyyə etdi. Lakin mən ona minnətdarlıq edib, indi ziyarətə getdiyim üçün və bu qadağan olduğu üçün həmin hədiyyəni götürə bilməyəcəyimi bildirdim. O razılığını bildirdi. Sonra yenə silah hazırlanan zavoda dülgərxanadan, silah ambarında yeni işlərdən və tüfənglərin yenisinin hazırlanması barədə məlumat verərək dedi ki, biz gərək Qafqaz qoşununun silah ehtiyacını ödəyək ki, Moskva və Peterburqun silah zavodlarına ehtiyac olmasın. Rus oradan öz atlı kazakları və polis rəisinin müşayiətilə öz mənzilinə yollandı.
Tiflisdə. Prins Baqration Mixranski və Mirzəyevlə görüş

Pəncşənbə günü, 4 səvval, 1292-ci il (4 noyabr, 1875). Saat 10 və 11 arası, Günəşin çıxmasından beş saat sonra cənab prins Baqration Mixranski təşrif buyurdu və xeyli söhbət etdik. Mirzə Fətəli Axundov tərcümə edirdi. Gedərkən dedi: «Nə yaxşı olardı ki, qayıdarkən yenə bu yolla gələ idiniz, və yenə də, bir daha sizin xidmətinizdə olaydıq. Burada dayanmağa elə imkan ola idi ki, Tiflisə bundan daha artıq tamaşa edəydiz». Dedim: «Sizin bu məhəbbətinizə və mehribanlığınıza görə mən də istərdim ki, bu yolla gələk, lakin bir şərtlə ki, məni Tiflisdən Bakıya Gəncəyə getmədən çatdırasınız». Dedi: «Baş üstə! Bir neçə istiqamətdə yol vardır ki, inşallah sizi salamat çatdıraram».

Onlar getdikdən sonra Mirzə Fətəli dedi: «Gəncə məsələsini yaxşı dediniz. Prins Mixranski də Gəncə qubernatorundan sizin şikayətinizə maraq göstərmişdir». Günortadan sonra Osmanlı dövlətinin Baş konsulu Behcət Əli öz birinci müavini Rauf əfəndi ilə gəldi. Behcət Əli əslən ermənidir və islam dövlətinin konsulu olduğu üçün ona Behcət əfəndi deyirlər, çox məlumatlı, hər şeydən xəbərdar bir insandır. Rauf əfəndi müsəlmandır.

Mən Müşarileyhdən (Behcət əfəndidən. – T.H) Beytülmüqəddəsdə (Qüds şəhərinin. – T.H.) vəziyyətin necə olduğu barədə soruşdum. O dedi: «Yafədən Beytülmüqəddəsə və Həbrunadək gedin və qayıdın, 8 gün çəkəcək, iki gün də Beytülmüqəddəsdə və Həbrunda qalın». Behcət Əli səfərin müsəlmanlar üçün çox xoş keçdiyini bildirdi.

Müsyö Bəylərov gələrək Tiflis əyalətinin hakimi Orlovskinin sabah səhər vidalaşmaq üçün gələcəyini bildirdi.

Günortadan iki saat keçmiş Mirzəyevin maşınına tamaşa etmək üçün getdik. Bu maşın buxarın gücü ilə işləyir və Mirzəyev, Kürdən suyu 200 metr məsafədən yuxarı aparıb orada böyük bir hovuz düzəltmiş, su ilə dolduraraq böyük bağını suvarır. Bağda iki yüzə yaxın ağac mövcuddur. Narıngi, limon və sair sitrus meyvə ağaclarının sayı iki yüzdür.

Qürub vaxtı konsulxanaya qayıtdıq. Mən Kür çayının mənbəyi və Xəzər dənizinə tökülməsi barədə geniş məlumatın Tiflisin və ona tabe ərazinin hakimi Orlovskinin kitabında olduğunu bildiyim üçün kitabı ondan istəmişdim. Həmin kitabı Mirzə Fətəli Axundov mənim üçün tərcümə etdi. Həmin məlumatı burada olduğu kimi dərc edirəm:

Çayın başlanğıcı Ermənistan və Osmanlı dövlətlərinin torpağından, dağlıq ərazi Taverin şimalında vaqe olan hündür bir dağın ətəyindəndir, yəni Kür və Araz çaylarının mənbəyi oradan, hündür dağın ətəyindən başlayır.

Həmin dağın adı bütün cədvəllərin də istinad etdiyi bir yerdə Motelcan adlandırılmışdır. Kürün mənbəyinin çeşmələri Motelcanın cənub səmtindən axır. Bu çeşmələrdən ən böyüyü Ərdəhan adlanan kürd kəndinin torpağında axır. Bu vilayətin əhalisi çeşməni, suyu çox şəffaf olduğu üçün Mərcansu adlandırırlar, yəni Mirvari suyu.

Mərcansu çeşməsi Xəzər dənizinin səthindən iki min dörd yüz altmış altı fut hündürlükdə yerləşir.

Mərcansudan şimala üç yüz zər məsafədə aralı olan çeşmə Buncuq Ponardır. Başqa sözlə ona mirvari çeşməsi deyirlər.

Bu çeşmə və yuxarıda zikr olunan çeşmələr bir-biri ilə birləşərək kiçik bir çay əmələ gətirirlər ki, bu da Kiver çayıdır. Kür çayı bu çeşmələrin sayəsində get-gedə bir neçə fərsəx onlardan uzaqlaşaraq böyük bir çaya çevrilir. Osmanlı torpağında Qıznafarı qəsəbəsi, Ərdəhan və sair kəndlərdən keçərək axan çayın uzunluğu 90 verstdir. Ondan sonra Kür çayı Axısqa çuxuruna daxil olur və çay Osmanlı sərhəddindən həzrət canişinin imperatorun bağışladığı yaylağı olan Borjomi mülkünədək (Rusiya dövlətinə aid canisinin istirahət olan yer bulaqdır) 95 verst məsafədə axır. Borjom mülkündən Tiflis vilayətinin hüdudunadək məsafə 200 verstdir. Bu yerdən Kür çayı Gəncə torpağına daxil olub, Badkubə kimi şöhrətli Bakının əyaləti olan Salyan qəsəbəsinədək axır. Burada çayın suyu iki qola ayrılır, yəni iki yerə bölünərək, Xəzər dənizinə tökülür.

Çayın Xəzər dənizinə töküldüyü yer Qara dənizin səthindən 86 fut aşağıdır.

Kür böyük bir çaydır. Bir çox çaylar, o cümlədən Axalkələk ona daxil olur, sonra Axısqa şəhərində Vafrinin suyu ona tökülür. Çayın adı Pesxovçaydır. Oradan Kür Asxqur vadisindən və Borjomdan keçərək, Yuxarı Kartildən keçib Aşağı Kartilə tökülür.

Bu yerdə Kür çayına dörd çay da tökülür. Bunlardan Ləxva, Ləxur, Kəsan və Ərğva. Tiflis şəhərinin cənubundan başlıca olaraq Təryalit, Sumasti, Alget və Xram çayları da Kürə birləşirlər.

Gəncə vilayətinin torpağında, Samux mahalından aşağıda Kuran və Alazan (başqa istilahla Qanıq deyilir), Tərtər, Xaçın çayları Qarabağ torpağının bərabərində Kürə tökülür.

Badkubə quberniyasının torpağında Zərdab kəndindən bir qədər aşağıda, dənizin yaxınlığında yerləşən Cavad kəndində Kür çayına Araz çayı da daxil olur.

Tiflis yer kürəsinin 41 dərəcə və 41 dəqiqə en dairəsində, 45 dərəcə 16 dəqiqə uzunluq dairəsində yerləşir. Qərb tərəfə meyl 15 dərəcə və 44 dəqiqə, qütbə meylliyi 3 dərəcə 30 dəqiqədir.


Tiflisin hakimi ilə görüş

Cümə günü, 5 şəvval 1292-ci il (15 noyabr, 1875). Səhər saat 9-da Tiflis əyalətinin hakimi Orlovski təşrif buyurdu. Çox üzügülər və fəhmli insandır.

Deyirdi: «Qırx iki ildir ki, Qafqaziyyə və Gürcüstanda xidmət edirəm». Və dəmir yolundan, buxar kareti (hər tərəfi örtülü, dörd təkərli minik arabası. – T.H.) və paroxod barədə xeyli söhbət oldu, kürreyi-ərzi həqir etdi.

Deyirdi: «Keçmiş rus İmperatoru mərhum Məhəmməd şah vaxtında İrəvana gəldi». Biz buradan İrəvana dəvələrlə yük aparırdıq, ondan sonra araba oldu, xəyal edirdik ki, bundan yaxşı heç nə yoxdur. İndi buxar kareti vardır. Əlbəttə, iki yüz ildən sonra başqa kəşflər olacaq, onda buxar kareti da dəyərsiz olacaq. Əvvəllər hakimlər buxar kareti ilə hərəkət edirdilər. Əgər bir ərizəçi yol üstündə durub, əlindəki şikayət kağızını hakimə vermək istəsə idi, mümkün olmurdu, hakim yoldan bir verst aralı keçirdi.

Mən camaatın halına yandığım üçün həmişə buxar karetində gedərkən, ata minərək yolun kənarı ilə gedirəm ki, camaatın halından xəbər tutum». Dedim: «Əgər rəis nəzakətli olmaq istəyirsə, gərək belə rəftar eləsin. Mən sizi dünən küçədə gördüm». Dedi: «O uzaqlıqdan yaxşı tanımısız». Dedim: «Əgər mən öz dostumu uzaqdan tanımıramsa, yaxından da tanımayacağam».

O, çox təşəkkür etdi və bir saata yaxın oturdu, sonra vidalaşaraq getdi.

Əvvəlki söhbətlərindən məlum idi ki, Hakim Orlorvskinin ailəsi Lehistandandır (Polşa. – T.H.), əsli Balkanın serb və Əflaq əyalətindəndir. Soyadının sonunda «ov» isə onun rus ailəsindən olduğunu göstərir. Orlovski də xahiş etdi ki, qayıdarkən yenə bu yolla gəlim. Mən cənab prins Baqrationa dünən dediyim sözləri ona da dedim və səfərimin Gəncə yolundan olmasını istəmədiyimi bildirdim. O dedi: «Hamımız sizin xidmətinizdə hazırıq və çox yol var, sizə hansı xoş gəlsə, oradan da keçərsiniz».

Günortadan sonra şəhərin xəstəxanasına getdik. Orada həkimbaşı Yusif Aqanoviç Karanoviçdir. O, sərtip (general-mayor) rütbəsinə malik idi. Xoşsifət və xoşxasiyyət bir insandır.

Xəstəxana əla imarətdə yerləşmişdir. Burada şərait qəribədir. Kür çayının suyunu maşınla yuxarı gətirmişlər. Bir neçə baxçası səfalıdır. Xəstəxanada iki yüz xəstəyə şərait yaradılmışdır. Ehtiyac olarsa, üç yüz xəstəni qəbul etmək olar. Xəstəxanaya hər il dövlətdən 62 min manat pul verilir. Hər bir xəstə şəhər əhalisi oraya müraciət edə bilər. Otaqlar ümumidir, hər ay 5 manat ödənilir. Dərman və yemək xərci xəstəxananın hesabınadır. Əgər müalicə olunmaq istəyən kimsə aristokratdırsa, ona ayrıca otaq şəraiti yaradılır. Bu zaman həmin şəxs ayda 5 manat yox, 30 manat ödəməlidir.

Xəstəxanada xidmət edənlərin məvacibi, istər qadın, istərsə kişi olsun, digər karxanalarda olduğu kimidir.

Xəstəxananın binası İmperator sarayının Həkimbaşısı Andrey Andreiç Liboa tərəfindən həzrət canisin Mixailin yardımı ilə inşa edilmişdr.

İki ildir ki, həmin Həkimbaşı vəfat etmişdir. Onun şəkli yadigar kimi xəstəxananın divarından asılmışdır, o, tibbə aid olan öz kitablarını xəstəxanaya vəqf etmişdir.

Xəstəxanada iki kiçik kilsə də tikilmişdir. Onlardan biri erməni kilsəsidir, digəri rus kilsəsidir. Əgər xəstələr istəsələr, xəstəxanadan çıxmadan, bilet almadan, burada ibadət edə bilərlər.

Xəstələr arasında iki nəfər İran təbəəsi olan erməni vardı. Onlar özlərini mənə təqdim etdilər və dedilər ki, burada iki nəfər İrandan olan müsəlman da vardı, sağalıb xəstəxanadan çıxmışlar. Mən dedim: «Həkimbaşı üçün fərq etməz ki, xəstəsi erməni və ya müsəlman olsun. O, Allah yolunda müalicə edir, hər kəs gərək bərabər olsun». Həkimbaşı mənə təşəkkür etdi və dedi ki, elə siz buyurduğunuz kimidir.


Tiflisdən hərəkət edərək Poti limanına daxil olduq.

1292-cı ilin şəvval ayının 6-da şənbə günü (1875-ci il 6 noyabr) Tiflisdən yola düşdük. Yola düşməmişdən yarım saat əvvəl şəhərin bəylərbəyisi olan həmin polis polkovniki Bilək öz tərəfindən və Tiflis əhalisi tərəfindən vidalaşmaq üçün gəlmişdi. O, çox təəssüflə dedi ki, Tiflis əhalisi şahzadənin tez getməsindən gileyləndilər. Yaxşı olardı ki, qayıdarkən yenə bu yoldan keçəydi ki, biz onun qədəmlərinin gəlişinə sevinə idik.

Tiflisdən Potiyədək məsafə ikiyüz səksən doqquz verstdir. Tiflisdən Qoriyədək olan yolda şimali-qərb istiqamətində, Qoridən Suramadək və Kutaisinin yaxınlığınadək şimali-qərb istiqamətində hərəkət etdik. Kutaisidən Potiyədək isə yol cənub-qərbə, yolun yarısından Potiyədək yenə qərbə tərəfdir.

Suram dağından keçərkən isti iqlim müşahidə olunur və bu dəmiryolu Qori şəhərinin yaxınlığından və Suramdan keçir. Bu dəmir yolu, eləcə də Kutaisi şəhərinin yaxınlığından keçib Potiyə çatır.

Xülasə, günortadan dörd saat əlli beş dəqiqə keçmiş Şemen Defer adlanan buxar karetasına əyləşdik. Bu sözün mənası Fransada yol mənasındadır, yəni dəmir yolu.

Gecədən yeddi saat beş dəqiqə keçmiş vaqon dayandı və biz Potiya çatdıq. On dörd saat on dəqiqə yolda olmuşduq. Tiflisdən Potiyədək olan məsafə belədir: Tiflisdən hərəkət edərək yarım saat yol getdikdən sonra Kürdən keçdik. Kür sağ tərəfdə qaldı. Bir saat da getdikdən sonra yenə də Kürdən keçdik. Kür sağ tərəfdən axırdı və yol boyu on altı dayanacaq məntəqəsi oldu ki, hər birində bir saat qırx dəqiqə dayandıq. Sağ tərəfdə olan Qori şəhəri gözəl bir şəhərdir. Onunla üzbəüzdə dəmir yoluna tərəf Kür çayı keçir və onun digər tərəfindən iki başqa çay axır və Kürə tökülür. Qoridən Tiflisə qədər yetmiş iki verstdir. Şəhərin ortasında bir yaxşı qala vardır ki, onu Gürcüstanın qədim valiləri tikdirmişlər. Qala indi dağılmışdır və təpənin üstündədir. Yolun sağ tərəfindən Qoriyədək üç axan çay Kürə qovuşur. Onlardan böyüyü Sənqadır ki, Cacerud çayı uzunluğunda olar.

Qoriyə çatmamış, sağ tərəfdə, dağın ətəyində bir kənd vardır ki, Oplisixe adlanan bu kəndin evləri dağdan yonulmuş, mağaralar kimidir, adi, qədim yeraltı evlərdir.

Kür çayı həmin dağın yanından keçir və vaxtilə dağın yuxarısında su götürmək üçün oraya yol çəkilmişdi, indi uçmuşdur.

Dəmir yolunda teleqrafdan əlavə təhlükəsizliyi təmin etmək məqsədilə yaşıl bayrağı göstərməklə dəmir yolunun salamat olduğu bildirilir, qırmızı bayrağı qaldırmaqla təhlükə olduğu bildirilir, qatarın asta idarə edilməsinin vacibliyi xəbərdar edilir. Əgər qırmızı və qara bayraq qaldırılırdısa, bu onu bildirirdi ki, Şemen Defer yolun xarab olduğu, təhlükə olduğu xəbəri verilir. Gecələr yaşıl və qırmızı fanardan istifadə olunurdu. Bir fanara iki şüşə qoyulurdu, biri qırmızı, digəri isə yaşıl. Bu da bayraq funksiyasını yerinə yetirirdi.

Üç saat qırx dəqiqə olardı ki yol gəlirdik, yenə Kürdən keçdik. Burada Kür çox sürətlə axdığı üçün dəmir körpü düzəldilmişdi. Kür çayı yenə sol tərəfimizdə qalırdı. Biz Kürdən uzaqlaşdıq və dörd saat yarım getdikdən sonra Mixayloya yetişdik.

Orada dəmir yolu üçün ləvazimat hazırlayan yaxşı zavodlar vardır və həzrət canişin burada çox yaxşı binalar tikdirir.

Burada iyirmi dəqiqə dayanmalı olduğumuz üçün karetadan düşmək imkanı yarandı. Karetadan düşərək camaatın yığışdığı yerdən bir qədər uzaqda günorta və axşam namazını qıldım. Buradan Surama dörd verst məsafə vardır və Suram mötəbər bir kənddir, dağın sağ tərəfində, onun ətəyində yerləşir. Təpənin üstündə bir daş qala da görünür, görünür ki, kənarında bir kənd olmuşdur və onun qalıqları nəzərə çarpır. Dəmir yolunun mühəndislərinin orada yaşayış yerləri vardır.

Bu stansiyanın adına Suram deyirlər. Fransızca “istasyon” deyilir. Suramdan Tiflisə gedən su kəməri yerləşən dağ keçidinə qədər olan ərazi Tiflis əyalətinin qubernatoru Orlovskinin ixtiyarındadır.

Burada dağlar sıx meşəlikdir. Indi əqrəbin ortaları olduğu üçün hər tərəf yaşıllığa, gül-çiçəyə bürünmüşdür. Baharda bu yerlər bir zümrüd məkanını xatırladır. Ağacların əksəriyyəti geniş və azaddır. Həqiqətən buralar dünyanın səfalı yerlərindəndir. Suramdan Bicitəvinə qədər olan məsafə əlli dörd verstdir. Bicitəvin yaxınlığında ortası ovulmuş dağdan (tuneldən – tərc.) keçdik. Bu ovuq təxminən yüz on rus sajeninə bərabərdir.

Suramdan Bicitəvinədək vaqonlar iki maşına bağlanmışdılar ki, yoxuşda və enişdə onların gücü çatsın və onlardan biri sonra açıldı, digəri Potiyədək kifayət oldu. Digər bir dağı da yararaq yol açmışdılar və iyirmi saniyə dağın arası ilə yol qət etdik. Mən qırx dörd ədəd arakəsmə saydım. Lakin hər iki tərəfdə daşdan divar yonulub ucaldılmış, tağ kimi düzəldilmişdir. Bir qədər məsafə qət etdikdən sonra digər bir tunel başladı, burada da daş tağ var idi, tunel on beş saniyədən sonra qurtardı. Sonra çox yaxşı düzəldilmiş bir dəmir korpünün üstündən də keçdik. Tiflisdən çıxaraq doqquz saat yarım yol getdikdən sonra gecədən iki saat yarım keçmişdi ki, Quvirile kəndinə çatdıq. Bu kənd mötəbər bir kənd olub, bazarı vardır. Burada 12 dəqiqə ləngidik, mən Məğrib namazını qıldım, gecə duasını oxudum. Əliməhəmməd xan Qəcər ağa yaxınlaşdı ki dayanıb söhbət etsin, elə bu vaxt 3-cü zəng çalındı, əgər vaqonlar bizim karetanın arxasına bağlanmasa idi, axırıncı otaqdan bayıra atılmasa idi, yəqin ki, o, qala bilərdi və sabah da gəmi yola düşəcəkdi.

Quvirile adlanan böyük bir çay kəndin yanından keçir ki, kənd də onun adı ilə adlanır. Burada bir yaxşı dəmir körpü düzəldilmişdir. Bu körpü heç vaxt su altında qalmamışdır.

Bir neçə verst getdikdən sonra yolun sol tərəfindən axan Quvirile çayı sağ tərəfimizdə qaldı. Burada çayın suyu sel kimi geniş axdığı üçün üzərində, iki yerdə dəmir körpü də tikilmişdir.

Poti limanının yaxınlığında Şemendefer dayanmışdır. Oradan Potiya faytonla gəldik. Şemendefer və Poti limanı yolunun arasından bir böyük çay keçir, çayın adı Riondur. Üzərində çox gözəl dəmir körpü düzəldilmiş, gördüyümüz bütün körpülərdən, hətta Tiflis şəhərindəki körpüdən də gözəldir. Onun uzunluğu üç yüz qırx beş qədəmdir. Körpünün ortasında iki tərəfdən ikibaşlı qartal bərkidilmişdir.

Bu körpüyə dördyüz əlli min manat vəsait sərf olunmuşdur. Hər kəs o körpüdən keçir, istər piyada, istərsə atlı, adambaşına bir qəpik alırlar. Əgər bir gündə zərurət üzündən körpüdən on dəfə də keçsən, on qəpik ödəməlisən.

Bu çay Kutaisidən başlayaraq axır. Quvirile və sair çaylar Rion çayına tökülür və o, Poti yaxınlığında iki qola ayrılaraq dənizə (Qara dənizə - tərc.) tökülür. Tiflis şəhərindən keçərkən geniş səhra görünür və Beynülcəbəl (iki dağ arası – tərc.), genişlik adlanır. Dağların ətəyində, sağ və sol tərəfdə yaxşı kəndlər salınmışdır. Sol tərəf xeyli abaddır, çox yerdə dağları yonaraq dəmir yolu düzəltmişlər. Sol tərəfdə bəzi yerlər elə yaxındır ki, əldə əsa ilə dağa toxunmaq mümkündür.

Təxminən Potiyə qırx verst qalmış yenidən səhra göründü və dağlar uzaqlaşdı. Gecə olsa da, səhrada çoxlu meşəlik müşahidə olunurdu və sağ tərəfdə yol Qafqaz dağlarınadır. Onun adı Meqreldir. Arxada isə Qafqaz vilayətləridir. Buralarda çox vaxt qar olur, hətta yayda da.

Poti limanında çoxlu zavodlar vardır. Məskun yerdir. Lakin havası çox pisdir və burada rütubət Gilandan da çoxdur.

Potidə İran dövlətinin vəkili Mirzə Əsədulla xan tərəfindən göndərilmiş müsyo Tiqran ermənidir ki, o, yolun üstündəki Şemendeferdə Poti naçalniki ilə dayanmışdılar. Onlar bizim üçün kirayə edilmiş mənzilin qarovolçusu ilə birlikdə gəldilər. Poti qırx iki dərəcə və on dəqiqə en dairəsində, qırx bir dərəcə və 27 dəqiqə uzunluq dairəsində yerləşir.

Poti limanından “Babuşka” gəmisi ilə yola düşdük. 1292-cı il 7 şəvval yekşənbə (7 noyabr1875,) günortadan beş saat yarım keçmiş Potidən ayrılıb, “Babuşka” adlı kiçik buxar gəmisinə əyləşdik. Müsyö Bəylərov Luvarsab məni gəmiyə çatdıraraq xudahafizləşdi. Bu gəminin uzunluğu səksən bir futdur, “Babuşka”nın mənası rus dilində “atanın anası” deməkdir.

Axşama bir saat qalmış, saat altıda yola düşdük. Gəminin arxasına bir gəmi də bağlanmışdı ki, insanları böyük gəmi ilə Batuma çatdırsın.

Bu kiçik gəmiyə İran dövlətinin “Sir və Xurşid” bayrağı bağlanmışdı. İran şahzadəsinin bu gəmi ilə getdiyini ehtiramla bildirmək üçün cənab Bəylərovun göstərişi ilə belə edilmişdi.

Poti çox bədxər və bəd ləngərgahdır. Gəmi düz qırx beş dəqiqədən sonra dənizə daxil ola bildi. Çayın dərinliyi 3-4 futdan artıq olmadığı üçün buxar gəmisinin çarxları gili dibdən qaldırır, suyu lilləndirirdi. Harada çay qurtarır, orada lilli su görünür, dənizdə isə mavi su ondan fərqlənir.

Potidə çayın mənsəbində bir minarə ucaldılmışdır. Deyirlər ki, onun hündürlüyü yüz iyirmi futdur. Bu, təxminən otuz altı zərə bərabərdir ( 1 zər – 107 sm). Onun üzərinə çıraq qoyurlar ki, bəzi gecələr ay işığı olmadıqda Batum limanından iyirmi mil məsafədə olan yola işıq salsın və gəmilərin gediş-gəlişi asan olsun (Mayak vəzifəsini icra edəndir – tərc.). gecələr Poti limanının ləngərgahı təhlükəlidir və gecələr gəmilərin hərəkəti mümkün deyil, xüsusən tufan və külək əsən vaxtlar. Batum limanında isə dənizdə tufan olsa da, belə təhlükə yoxdur.

Poti ilə Batum arasında otuz ingilis mili məsafə vardır. Çıraq minarəsindən Batumadək məsafə isə iyirmi səkkiz ingilis milidir.

Rus dövlətinin bu limana çox ehtiyacı vardır. Bir vaxt ya zorla, ya da pulla ələ keçirəcək, yaxud pulla alacaqdır. Yaxud xahiş edərək tutacaqdır. Böyük gəmilər adətən limandan on qədəm aralı dayanırlar. Xülasə, bu gün ilahinin fəzlindən dərya aramdır və əsən şimal küləyi gəminin arxa hissəsindəndir və Batum limanına qədər gəminin hərəkəti üzü cənub istiqamətinədir. Günəşin batmasına yarım saat qalmış “Buk” adlanan böyük gəmiyə çatdıq.

Əvvəlinci gəmi kapitanının adı Straskidir. Bu gəminin uzunluğu ikiyüz on altı fut, eni iyirmi səkkiz futdur, hündürlüyü on səkkiz fut, gəminin gücü isə 160 at gücünə bərabərdir. Gəminin yük götürmə qabiliyyəti 914 İngilis tənidir. Gəminin adı çayın adındandır. Bu gəmi ilə inşallah İstanbuladək gedəcəyik və həmin çay şimal tərəfdən Odessa limanının yaxınlığında dənizə tökülür və böyük gəmiyə daxil olmamışdan əvvəl “Babuşka”da idik. Əvvəl Əli bəy tərcüman və müvəkkil, İranın Baş konsulu Trabzonda olan Hacı mirzə Həsən xan gəldilər. Sonra Batum valisi Həmdi Paşa digər şəxslərlə: Şura üzvləri, ordu, topxana, idarə üzvləri, bəyzadələr və qazilərlə mübarəkbadlığa gəldilər. Daha sonra Rusiya dövlətinin konsulu Cudici gəldi və bir dəstə musiqiçi əsgər də körpünün yanında musiqi səsləndirdilər.

Sonra böyük gəmiyə yaxınlaşdıq. Həmdi paşa öz adamları ilə yaxınlaşdı, xudahafizləşdilər və təklif etdi ki, gəmi altı saat burada dayanacaq, şəhərə çıxa bilərəm. Mən üzr istədim ki, gəlmək və qayıtmaq zəhmətdir, həm də gecədir, şəhərə tamaşa etmək münasib deyildir.

Osmanlı dövlətinin burada bir hərbi hissəsi (polk) vardır, sayı yeddi yüz nəfərdir, iyirmi beş araba topa və ikiyüz nəfər də topçuya sahibdir. Vidalaşmaq vaxtı çatdıqda hərbçilər nizami qaydada təzim etdilər, Paşa və divanxana üzvləri ətəyimi öpdülər, təmənna etdilər. Mən ordunun rəisi Şəhab bəyə dedim: “Mən buradan getdikdən sonra mənin salamımı və təşəkkürümü hər bir əsgərə söylə ki, zəhmət çəkiblər”. Rəis çox təşəkkür etdi, dedi ki, “çatdıracağam”.

Gəmi yola düşən vaxt rus konsulu vidalaşmaq üçün gəldi və dedi: “sizə lazım olan hər bir şeyi gəminin məmurundan alın” və sonra naziri tanış etdi. Dedim: “Lazım olan hər bir ləvazimatı Tiflisdə əldə etmişik, əlbəttə, lazım gəlsə, zəhmət verəcəyik və siz xeyli zəhmət çəkmisiz ki, Batumdan gecənin bu vaxti, gecə yarısı gəmiyə gəlmisiz”.

Dedi: “Məqsədim bu idi ki, sizin xidmətinizdə olum”. O, xoşsifət, nurani bir kişidir və türkcə də yaxşı bilir, səsi bir qədər qalındır.

Batum qırx bir dərəcə qırx dəqiqə en dairəsində, qırx bir dərəcə iyirmi yeddi dəqiqə uzunluq dairəsində yerləşir.

Gücədən yeddi saat keçmiş, ayın 8-i, düşənbə günü gəmimiz yola düşdü.

On bir saatdan sonra, günortadan altı saat keçmiş Trabzona çatdıq və “Buk” gəmisində də, İran dövlətinə ehtiram əlaməti olaraq gəmi dayanan limanlarda Şir-və-Xurşid bayrağı dalğalanırdı.

Potidən İstanbula qədər məsafə birbaşa beş yüz səksən doqquz ingilis millinə bərabərdir və sahillərlə hərəkət daha uzaq olur. Kapitanlar havanın tüğyan etdiyi vaxtlar sahildən gah uzaqlaşır, gah da yaxında hərəkət edirlər.

Gəminin Trabzon limanında dayanması.

Əhməd Rasim paşanın Fərhad Mirzə ilə gəmidə görüşü.

1292-cı il, 8 şəvval ül mükərrəm, düşənbə (1875,8 noyabr). Səhər yuxudan oyandım. Gəmi beşik kimi yırğalanırdı. Əhvalım korlandı. Namaz qılmaq mümkün olmadı, nə oturmaq olurdu, nə də ayaq üstündə durmaq. Yanı üstə düşərək nə yata bilirdim, nə də oyaq qala bilirdim.

Ləngər sədasını eşitdikdə bildim ki, Trabzona çatmışıq. Birtəhər qalxıb, gəminin göyərtəsinə çixdım. Trabzon paşası bizi salamlamaq üçün öz dəftərdarını göndərmiş, həm də İran dövlətinin Baş Konsulu Mirzə Həsən xan gəlmişdir. Mirzə Həsən xan təkid edirdi ki, nahar tədarükü görmüşdür, o, şəhərdə gəzməyi mənə təklif edirdi.

Dedim: “Bağışlayın, halım yoxdur qayıqda gedib-gələm, ona görə məzurəm”. Gəminin göyərtəsindən qalxıb, otağa qayıtdım. Çox keçmədi ki, Vali paşa dedikləri Trabzon hakimi Əhməd Rasim paşa gəldi.

Gəminin salonunda fransızlar nahar edirdilər. Onların yerlərindən qalxmağı uzun çəkdi. Halım olmadığından mən yenə göyərtəyə çıxdım Müşarileyh (Əhməd Rasim paşa – tərc.) rəsmi libasda deyildi və belə deyirdi ki, rəsmi libas Osmanlıda ordu əhli üçün saxlanmışdır. Vali paşa əhli-nizam olmadığı üçün hərbi libas geyməmişdir.

Rus dövlətində əksinə, dövlət əyanları hər lazım və mühüm işdə, vacib görüşlərdə rəsmi libasda olmalıdırlar. Əlbəttə, Rus dövlətinin bu adəti ədəb qaydalarına daha yaxındır.

Vali Paşadan Bosniya Serb əsgərinin əhvalını soruşdum ki, orada işlər nə yerdədir?

Dedi: - İş tamam olubdur.

Dedim: - Əsgərə qayitmağa icazə veribdir, ya oradadırlar?

Dedi: - Hələ qayıtmayıblar.

Dedim: - Məlumdur, hələ iş tamam olmayıbdır.

Vali Paşa dörddə bir saat oturdu, qəhvə içdi və sonra gedərkən dedi: “Əlbəttə, İstanbulda çox qalacaqsınız”.

Dedim: - İstanbula bu yaxın zamanlarda tamaşa etməmişəm. Düşünürəm ki, əgər fürsət olsa, Beytül-müqəddəs və Beytülləhm və Həbrun ziyarətinə gedərəm. Bilmirəm ki, sizin o yerlərdən xəbəriniz var?

Üzr istədi ki, o səfərlərə getməyibdir və xəbərdar deyildir.

Hacı Mirzə Həsən xan da getdi.

Trabzon latın sözü olub, dördbucaq mənasındadır. Orada inşa edilmiş qala da həmin şəkildədir. Rumlular Trabzus deyirlər. “Möcəmül-buldan” əsərində “İtrabzonde” kimi yazılmışdır. Qədim kitablarda bu cür qeyd olunmuşdur. Ərdəşir Babkan bu məkana qədər qoşun çəkmişdi. Ordu meşəlikdə xeyli bal aşkar etmişdi, burada ağaclarda arılar yuvalarında bal yetirmiş, lakin bu baldan yeyən əsgərlər zəhərlənərək tələf olmuşdular.

Trabzon dağın ətəyində yerləşir. Burada evlər bir-birinin üstündədir. Buralar çox səfalı və gözəldir. əhalisinin sayı təxminən 30 mindir. Dünyanın çox ölkəsinin diplomatik nümayəndəsi, konsullar fəaliyyət göstərir. Trabzon qırx bir dərəcə, on dəqiqə en dairəsində, 9 dərəcə qırx beş dəqiqə uzunluq dairəsindədir.

Istanbuldan vəziri-muxtarı (səlahiyyətli nümayəndə - tərc.) cənab Müinulmülk İstanbul səfirliyinin mütərcimi Hacı Ağa bəyi buraya göndərmişdi.

Günəşin batmasına bir saat qalmış, günortadan sonra saat dörd tamamda gəmi Trabzondan hərəkət etdi və Potidən İstanbuladək yol getdi.

Əvvəl Batum, ikinci Trabzon, üçüncü Poladxanə, dördüncü Kirezum, beşinci Ordou, altıncı Samsun. Yeddinci İnepoli. Gəmi gün batana yaxın Polad xanə kəndinin kənarında lövbər saldı. Burada bir saata yaxın dayanıb, yüklərin gəlməsini gözlədik. Kapitan dedi: “Daha bu gecə Kirezumda dayanmayacağıq. Birbaş gedirik.

Dənizin sahili, sol tərəfdə, hər yer dağlıq və meşəlikdir, kəndlər də burada yerləşir, ləpələr dağın ətəyini yuyur. Buralardan fərqli olaraq Mazandaran və Gilanda dənizin sahilləri səhradan ibarətdir.

Ayın 9-u seşənbə günü, gecədən 1 saat 15 dəqiqə keçmiş Poladxanə limanından yola düşdük. Allaha çox şükür olsun ki, dəniz sakit və salamat idi. Günortaya bir saat qalmış gəmi Ordon yaxınında lövbər saldı və mən bu səsə oyandım.

Bir saata yaxın burada dayandıq. Ordon yan almaq üçün, çox narahat limandır. Fars əhalisinin təbirincə xor (günəş) deyirlər və qeyd etmək lazımdırki, heç yerdə Batum kimi yaxşı liman yoxdur. Bəziləri deyirlər ki, Batumdan sonra Trabzondur.

Günortadan yarım saat keçmiş gəmi yola düşdü. Bu gecə dəniz xeyli yaxşı və mülayim idi. Ona görə də heç kəsin halında dəyişiklik olmadı. Mən qalxıb namaz qıldım, sakitlik idi. Heç kəs heç nə hiss etmədi.

Gəmi Batumdan Samsuna tərəf üzü məğrib istiqamətində yol aldı. Samsundan Sinop limanına gəminin hərəkəti şimali-qərb istiqamətində davam etdi və Sinopdan ta İnepoliyadək yol yenə qərb istiqamətinə idi. Inepolidən isə boğazın mənsəbinədək cənub-qərbədir. Məğrib istiqamətinə bir qədər mailidir. Boğazın mənsəbindən İnstanbula qədər yol üzü cənub istiqamətinədir və dənizin eni şimalda Odessa limanından cənubda Ereqli limanına qədər olan sahədir.

Ereqlidən boğazın mənsəbinədək məsafə 100 ingilis milinə qədərdir. Dənizin en cəthi Kərim pey ilə Sarıcəst burnunadək olan ərazidir, bu Krım məmləkətindədir. Cənub-şərqdə Sevastopol vaqedir. Orada dənizin en səthi iki dərəcə iyirmi beş dəqiqədir. Dənizin dərin yeri Novorossiysk limanının yaxınlığındadır. Novorossiysk Qara dənizin şimal limanlarındandır. Burada dərinlik 1021 qulacdır (Bu ölçü vahidi dəniz sajeninə bərabərdir, 1 sajen 2, 134 metrdir).

Dənizin şimal kənarları cənuba nisbətən daha dərindir, heç ada yoxdur, Odessa tərəfdə iki-üç naqabil ada varsa da, onlar kiçik olduqları üçün xəritələrin çoxuna düşməmişdir.

Samsun limanı bərabərində dayandıq.

1292-ci il 9 şəvvalül-mükərrəm, seşənbə (1875, 9 noyabr). Günəşin batmasına iki saat qalmış gəmi Samsun limanının bərabərində lövhər saldı. Bugün dəniz çox aram və sakitdir, heç bir dəyişiklik yoxdur.

Ordondan Samsunadək 9 saat yarım yol gəldik və Samsunun limanı bir o qədər də yaxşı deyildir. Gəmi yarım fərsəxlikdə dayandı. Şəvval ayının 10-u gecədən on saat keçmiş gəmi hərəkət etdi.

Samsun da dağın ətəyində yerləşir, çoxlu meşə ilə əhatə olunmuşdur. Samsunun iki mənzilliyində yerləşən Amasiya vilayətindən çoxlu sayda qutularda heyva və alma gətirmişdilər ki, buradan Istanbula aparsınlar. Iran tacirləri Mirzə Bəhram Vəkillə gəmiyə gəldilər. Gecədən üç saat yarım keçmiş dənizdə tufan başladı. Allaha pənah, allah qəzəbindən qorusun. Yağış yağdı. Zəvvarların halı pisləşdi. Onların nə qalxmağa, nə də oturmağa halətləri olmadı. Burada Qazı Yəhya bin Əksəmin bu beyti yadıma düşdü:

Qoft begir, qoft dəstəm fərman nemi bərəd,

Qoft bərxiz, qoft payəm təvanai nədarəd.

Bu insanların niyyəti ziyarət olduğu üçün, inşallah, xuda hifz edəcək. Samsun qırx bir dərəcə, iyirmi dəqiqə şimal en dairəsində, otuz altı dərəcə iyirmi dəqiqə uzunluq dairəsində yerləşir.





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə