AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu folklor və DÖVLƏTÇİLİk düŞÜNCƏSİ


vahidə  birə konsentrasiya olunursa, ikin­ci pillədə Oğuz xanın oğlanlarının səviyyəsində ikiləşir –



Yüklə 6.46 Mb.
səhifə6/17
tarix26.05.2017
ölçüsü6.46 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17
vahidəbirə konsentrasiya olunursa, ikin­ci pillədə Oğuz xanın oğlanlarının səviyyəsində ikiləşir – dual sistemə çevrilir.

 Yay və üç ox oğuz dünya modelinin duallaşmasının semio­tik universumları kimi çıxış edir. Yayın üç yerə parçalanması ilə oğuz dünya modelinin simvolik-semiotik harmoniyası təmin edilir: 6 yay-ox = 6 oğlan.

 Oğuz xalqının hamısının iştirakı ilə keçirilən ritualda “ovda əldə edilmiş ətin” mütləq element kimi iştirakı ov ətini xüsusi semiotik vahidə çevirir. Oğuzun bir bütöv olaraq iştirak etdiyi mətndə dadılan ov ətləri, şübhəsiz ki, təyinatı baxımından ritual xarakterlidir. Rituala bağlılıq həmin ov heyvanlarını oğuz dünya modeli ilə əlaqəli işarə vahidləri (totem klassifikatorlar) kimi bərpa etməyə imkan verir. Çünki ritual kosmoqonik yara­dılışı təcəssüm etdirən işarələr sistemidir və ona aid olan hər bir element, o cümlədən ov ətləri oğuz dünya modelini öz səviy­yəsində universumlaşdıran işarə vahidləridir.

Təqdim olunmuş informasiya bütövündə ovlanmış heyvan­ların adları çəkilməsə də, onları digər etnokosmik ritualların ver­diyi informasiya əsasında bərpa etmək mümkündür. Belə ki, eyni məna sütununda duran rituallar bir-birinin fərqli diaxron paradiq­maları və sinxron əvəzediciləridir. Onların yanaşı (sinxron) düzü­münü dünya modelinin müxtəlif qatlarından reallaşma imkanları müəyyənləşdirir. Ona görə də dünya modelinin bir qatında gör­düyümüz semiotik işarənin o biri qatda kosmik əvəzedicilərini görə bilərik. Bu baxımdan, şərti olaraq “ov törəni” adlandırdı­ğımız toy ritualındakı ov heyvanlarının adlarını bu ritualla eyni semantik sütunda dayanan (və həm də “Şəcəreyi-tərakimə”də bu ritualın ardı ilə gələn) başqa ritualdan bərpa etmək mümkündür.

Oğuz dünya modelinin bərpası baxımından nəzərdən keçir­diyimiz bu təsviri “ov” ritualından başqa, yuxarıda qeyd etdi­yimiz kimi, iki ritual diqqəti cəlb edir. Onlardan dünya modelinin struktur səviyyələri və onları təşkil edən elementlər haqqında daha zəngin bilgilər əldə edə bilirik.

Birinci təsviri ritual birbaşa Oğuz xana aid olub, onun ömrünün sonunda icra olunur. Oğuz xan dünyanı fəth etdikdən sonra yurduna dönür və ulu toy keçirir:

“[Oğuz xan]: “Mən öz uşaqlarım və xalqımla sağ-salamat [öz yurduma] gəldim”,  dedi və böyük toy üçün lazımi hazırlıq görməsini buyurdu, bir də bütün ağac hissələri qızılla örtülmüş və yaqut, ləl, zümrüd, firuzə və mirvari ilə bəzədilmiş böyük alaçıq (x a r g a h) qurulmasını əmr etdi. Həmin alaçığın (öy) tərifi üçün bu şeir qoşulmuşdu:

Bir ev tikdi qızıldan o hökmdar,

Ki o ev göy qübbəsinin qabağını kəsdi.

[Oğuz xan] on min qoyun və doqquz yüz at kəsilməsini tapşırdı. Y ı f t d a n doxsan doqquz h o v u z düzəldilməsini əmr etdi, tapşırdı ki, onlardan doqquzunu a r a k a ilə, doxsanını qımızla doldursunlar. Bütün nökərlərini çağırdı. Özünün altı oğlanlarına çoxlu xeyirli məsləhətlər verdi, bəylərə isə nəsihət verib, ölkələr (y u r t), şəhərlər, həm də hədiyyələr bağışladı...

... Sonra o, döyüşlərdə, yürüşlərdə və işlərdəki xidmətlərinə görə bütün nökərlərinə şəhərlər, sərhədlər, kəndlər və hədiyyələr verdi. Öz oğlanlarına isə dedi: “Siz üç böyüklər qızıl yayı tapıb gətirdiniz və sındıraraq öz aranızda payladınız, B u z u k adla­nacaqsınız. Sizdən olacaq törəmələr də qoy qiyamətə qədər buzuk adlansınlar. Üç oxu gətirən üç kiçik oğlanlar və onlardan törəyən­lər bu gündən dünyanın sonuna qədər qoy U ç u k adlansınlar. Sizin tapıb gətirdiyiniz yay və oxlar insanlardan deyil, Tanrıdan idilər. Bizdən öncə yaşayan adamlar yayı  hökmdar, oxları isə  elçi sandılar. Ona görə ki, yay oxu hara tuşlasa, ox ora uçar. İndi mən öləndən sonra qoy mənim taxt-tacımda Gün xan otursun. Ondan sonra xalq qoy buzukların törəmələrindən [ən çox] qabiliyyəti olanı hökmdar etsin; qoy dünyanın sonuna qədər buzuklardan ən yaxşıları hökmdar olsunlar. Onlardan başqaları qoy sağda otursunlar, uçuklar isə  solda. Qoy onlar evin sol tə­rəfinə otursunlar və qoy dünyanın sonuna qədər nökər vəziy­yətləri ilə kifayətlənsinlər.

[Oğuz xan] yüz on altı il padşahlıq etdi və [sonra] Tanrı dərgahına getdi” (Əbülqazi 2002: 64-65).

İndi isə təsvir olunmuş ritualı daha çox sintaqmatik vahid­lərin düzüm ardıcıllığı boyunca nəzərdən keçirək:

 Mətndən aydın olduğu kimi Oğuz xanın bilavasitə özünün başçılığı ilə keçirilən bu mərasim “janr” strukturuna görə  toydur;

 “Janrdaxili” təsnifata görə  ulu toydur;

 Mövzu və məzmununa görə  siyasi-kosmoqonik ritualdır: burada oğuz kosmosunun Oğuzdansonrakı dövrünün siyasi-ic­timai strukturu və funksionallaşma prinsipləri müəyyənləşdirilir;

 Funksional tipinə görə  inisiasiya (ölüb-dirilmə) ritualıdır: bu mərasimdə Oğuzun oğlanları oğuz kosmosunun tamhüquqlu struktur vahidlərinə çevrilirlər;

 İnisiasiya ritualının V.Ternerin müəyyənləşdirdiyi “status­ar­tırma” və “statusdəyişdirmə” struktur tipləri (Тернер 1983: 232) baxımından  statusartırma ritualıdır: burada Oğuzun oğlan­ları bir sosial-siyasi statusdan o birisinə keçirlər [statusdə­yişmədə isə sosial-siyasi rol və mövqelər mərasim müddətində dəyişdirilir və mərasimin sonunda subyektlər əvvəlki statuslarına qayıdırlar] (Тернер 1983: 232).

 Ulu toy Oğuz xanın özü tərəfindən oğuz kosmosunun (dünyasının) ondan sonrakı dövrünün strukturunun müəyyənləş­dirilməsi və kosmik harmoniyanın təmin edilməsi üçün keçirilmiş mərasimdir.

 Mərasimdə Oğuz xan öz semiotik strukturuna görə oğuz kos­mosunu modelləşdirir. O, kosmosun konsentrasiya mərkəzidir.

 Oğuz xanın mərasimdə qurdurduğu böyük alaçıq (Əbül­qazinin çağatay türkcəsilə yazdığı bu əsərdə həmin alaçıq farsca  “xargah”, türkcə  “öy” adlandırılır) oğuz məkan-zaman konti­nuumunu obrazlaşdıran kosmik dünya modelidir.

 Oğuzun oğlanları oğuz kosmosunu  təbiəti, cəmiyyəti və zamanı simvollaşdıran işarə vahidləri kimi həmin alaçıq-modeldə düzülərək oğuz dünya modelinin daxili struktur sistemini təşkil edirlər.

 Mərasimdə Oğuz xan oğuz kosmosunun nominativ mo­de­lini qurur: üç böyük oğlanı  buzuklar, üç kiçik oğlanı  uçuklar adlandırır. Oğlanların simasında dual prinsip əsasında bölünərək təşkil olunmuş  yenidən qurulmuş oğuz kosmosu nominativ səviyyədə strukturlaşdırılır: ikiyə bölünmüş vahidin hissələrinə ad verilməsi kosmik harmoniyanın nominativ səviyyədə təmin olunması deməkdir.

 Buzuklar sakral səviyyədə  üç hissəyə bölünmüş yay, uçuk­lar  üç ox semiotik vahidlərinin simasında universumlaş­dırılır. Bu halda yay və ox döyüş-hakimiyyət simvolikasının mü­hüm elementləri olmaqla, eyni zamanda, oğuz kosmosunun dual strukturunu özlərində universumlaşdıran, konsentrasiya edən model elementləridir.

 Oğuzun ritualdakı yay və oxların Tanrı mənşəli olmasını elan etməsi həmin müqəddəs əşyaların sahiblərinə çevrilmiş Oğuzun oğlanlarını sakrallaşdırır və eyni zamanda sakral siyasi kultun daşıyıcılarına çevirir: Oğuz xanın öz varlığında konsentra­siya olunmuş siyasi və sakral hakimiyyət oğlanlarına ötürülür.

 Oğuz kosmosunun dual strukturunun yay və ox seman­temlərinin simasında sakrallaşdırılması Oğuzdansonrakı etnokos­mosa verilmiş düzümün sakrallığını təmin edir. Bu, strukturun profan səviyyəsinin sakral səviyyənin paradiqmatik törəməsi  təkrarı olması sxemi əsasında “işləyən” (funksionallaşan) oğuz düşün­cə­sində buzuk-uçuk ierarxik düzümünün sakral kosmik harmoniya kimi qavranılmasını təmin edirdi.

 Oxların (uçukların) yayın (buzukların) siyasi üstünlüyünü qəbul etməsi oğuz etnokosmosunun funksionallaşma (hərəkət) sxemi olaraq qəbul edilir. Bu, eyni zamanda, oğuz kosmosunun şaquli məkan sxemi əsasında təşkil olunması deməkdir.

 Oğuz kosmosunu modelləşdirən alaçıqda (öy-evdə) buzuk­ların sağda, uçukların solda oturdulması oğuz kosmosunun üfüqi məkan sxemi əsasında təşkil olunması deməkdir.

 Oğuz xanın oğuz kosmosunun struktur vahidlərini təmsil edən oğlanlarının düzümünü dünyanın sonuna  Qiyamət gününə qədər davam edəcəyi haqqında hökm verməsi oğuz kosmosunun, eyni zamanda, həm də zaman (temporal) sxemi əsasında təşkil olun­ması deməkdir. Bu halda Oğuz xan  kosmoqonik başlanğıcı, Qiyamət günü  esxatoloji sonluğu bildirir. Ancaq Oğuzdanson­rakı mər­hələnin  pillənin onun oğlanlarının hər hansı birinin adı ilə, yaxud başqa bir adla yox, yenə də məhz “Oğuz” etnokosmik işarəsi ilə adlanması kosmoqonik başlanğıcdan esxatoloji sonluğa qədər olan zamanı düzxətli yox, qapalı dövrə kimi bərpa etməyə imkan verir. “Oğuz” etnokosmik strukturu hər pilləni yenidən təşkil etməklə struktur paradiqmalarının yeni səviyyələrini yarat­maqda davam edir. Bu, kosmik kontinuumun Din (islam) mode­lində Mif (oğuz-türk mifologiyası) modelinin öz arxetipik funk­sionallığını saxlaması deməkdir.

Beləliklə, bu törən (mərasim  ritual) bizə oğuz ritual-mifo­loji dünya modelinin təsvir kodlarını və kosmoqonik struktur vahidlərini aşağıdakı kimi bərpa etməyə imkan verir:

Nominativ kod: Buzuklar ------------- Uçuklar

Sakral kod: Yay -------------------- Ox

Relyef kodu: Günçıxan ------------- Günbatan

Üfüqi məkan kodu: Sağ -------------------- Sol

Şaquli məkan kodu: Yuxarı --------------- Aşağı

Siyasi struktur kodu: Hökmdar ------------- Nökər

İctimai-ierarxik kod: Tabe edən ------------ Tabe olan

Zaman kodu: Əvvəlincilər ---------- Sonrakılar

Oğuzun icra etdiyi bu ulu toy törəni ilə onun bu rituala qədər icra etdiyi ov törəni, əslində, bir ritual, daha doğrusu, bir ritualın tərkib hissələridir. Ritual-mifoloji düşüncə kodunun zaman-zaman epik koda transformasiyası vahid bir ritualın tərkib hissələrini (funksional struktur mərhələlərini) epik hərəkətin müstəqil süjet vahidlərinə  hərəkət bloklarına çevirmişdir.

Oğuz ritual-mifoloji dünya modelinin strukturunu Oğuz xandan sonra onun oğlu (paradiqması) Gün xanın keçirdiyi, Qurultay adlanan və zaman müddəti 40 gün çəkən təsviri ritual­dan daha dərin semantik səviyyədə bərpa etmək mümkün olur.

Bu törənin keçirilməsi ritualın universal funksional struktu­runu bir daha təsdiq edir. Kosmoloji çağda rituallar “struktur pozul­malarını  xaosu” aradan qaldırmaq, “etnokosmik harmoni­yanı  kosmosu” bərpa etmək üçün vasitədir. Oğuzdan­sonrakı çağda onun törəmələrinin artıb-çoxalması mövcud etnokosmik harmoni­yanın pozulması təhlükəsini yaradır. Struktur-Tarix (Törə-Gerçəklik) münasibətlər modelində balans pozulur və oğuz kosmosunun profan strukturu sakral ülgülərdən qırağa çıxmağa başlayır. Bu  konfliktdir və kosmoloji çağ toplumunda konflik­tin həllolunma vasitəsi ritualdır.

“Şəcəreyi-tərakimə”də Konflikt-Ritual ardıcıllıq sxemi təs­viri şəkildə qorunduğu üçün onu bərpaya ehtiyac qalmır:

“Oğuz xanın adı verdiyi tayfanın (c a m a a t) ağsaqqalı və baş­çı­sının Erkil-xoca adlı oğlu var idi. Oğuz xan atasının taxtına oturan­dan ölənə qədər onun vəziri həmin [Erkil-xoca] idi. O, ağıllı, məlu­matlı və çox bilikli adam idi. Gün xan da onu [özünə] vəzir etdi və ölənə qədər onun sözü ilə hərəkət etdi. Erkil xoca uzun ömür sürdü. Günlərin bir günü, xan tək olarkən, [Erkil-xoca] ona dedi: “Sənin atan yüz on altı il ərzində yayın istisində kölgədə otur­madı, qışın soyuğunda isə evdə oturmadı. O, qılınc gücünə çoxlu ölkələr aldı və onları siz altı qardaşlara qoyub getdi. Əgər siz altınız və sizdən törəyəcəklər  hamınız dilbir olsanız, onda uzun illər və çox günlər o ölkələr sizin əlinizdən çıxmaz. Yox, əgər siz dilbir olmasanız, onda fəth etdiyiniz ölkələr də (o l c a y u r t) gedəcək, sizin ata-baba yurdunuz da (b a y ı r ı y u r t) gedəcək, qənimət də, sizin həyatınız da gedəcək”.

Gün xan dedi: “Siz mənim atama məsləhət vermisiniz, indi mənə ata əvəzisiniz, siz  mənim atamsınız və mən o işləri edəcə­yəm ki, onu siz bəyənirsiniz”.

Erkil-xoca dedi: “Oğuz xandan çox ölkələr, şəhərlər, ellər, canlı və cansız qənimət qaldı. Sizin  altı oğulun hər birinizin dörd oğlu var, sizin altınızdan başqa cəmi iyirmi dörd şahzadədir (p a d i ş a h z a d ə); qorxum ondandır ki, dünya malına görə dilbirliyi itirəsiniz”.

Gün xan Erkil-xocanın sözlərinə fikir verdi və böyük qurul­tay çağırdı. Bütün xalq, yaxşıları və pisləri, [hamı] yığılanda, ki­çiklərə  az, böyüklərə böyük pay [verərək], Oğuz xandan sonra qalan vilayətləri, elləri, bütün canlı və cansız qəniməti adı çəkilən otuz şahzadəyə payladı. Bu iyirmi dörd oğlan qanuni arvadlardan idilər; onlardan başqa, kənizlərdən (k o m a) də çoxlu oğlanlar var idi. Onlara da mövqelərinə görə bəzi şeylər verdilər.

Sonra o, düzəldilməsini [hələ] Oğuz xanın əmr etdiyi qızıl alaçığı qurmağı tapşırdı. Əmr etdi ki, sağ tərəfdə altı ağ çadır (ü r g ə) və sol tərəfdə də altı ağ çadır qursunlar. Yenə də sağ tərəfə qırx q u l a ç şüvül qurmağı tapşırdı və əmr etdi ki, uclarına qızıl toyuq bərkitsinlər. Yenə də sol tərəfdə qırx qulaç şüvül qurmağı buyurdu və əmr etdi ki, uclarına gümüş toyuq bərkitsinlər. Xanın əmrinə görə, atla şütüyərək, buzuklar nökərləri ilə qızıl toyuğa ox atdılar, uçuklar [isə] nökərləri ilə gümüş toyuğa ox atdılar. Toyuğu vura bilənlərə çoxlu hədiyyələr verdi. Gün xan atası et­diyi kimi edərək, doqquz yüz at və doqquz min qoyun kəsilməsini buyurdu; yuftdan olan doqquz hovuzu araka ilə doldurmağı əmr etdi, yuftdan olan doxsan hovuzu isə qımızla doldurmağı buyurdu. Onlar qırx gün, [qırx] gecə yeyib-içdilər” (Əbülqazi 2002: 65-66).

40 günlük mərasimin bura qədər təsvir edilmiş hissəsi, əslin­də, ritualda öz təcəssümünü tapmış kosmoqonik dünya modelinin məkan-zaman strukturunu (kontinuumu) təqdim edir. Başqa sözlə, bu, kosmosun dəyişməz strukturudur: Oğuz xandan qalma sakral kosmoloji modeldir. Bunun başqa adı Oğuz törəsidir. Bu baxımdan, burada hələ heç bir ritual hərəkəti yoxdur. Başqa cür desək  bura qədər ritualın dekorasiyasıdır: törəni təqdim edən dün­ya modeli  kosmik məkan-zaman sxemidir. Bir azdan oğuz toplumu ritualdan keçəcək və oğuz dünya modelinin ideal kosmik strukturuna uyğun olaraq düzüləcək, başqa sözlə, hərə məhz ona məxsus olan yerdə duracaqdır. Bununla toplumun mövcud düzü­mündə Oğuz­dan­sonrakı çağ üçün yaranmış disharmoniya  kəmiy­yət artımı və buna uyğun olaraq siyasi, sosial, hərbi, maddi, mənəvi və s. dəyərlərin bölüşdürülməsi ilə bağlı nizamsızlıq aradan qaldırılacaqdır.

Demək, ritualın buraqədərki mərhələsi ritualın (dünya mode­linin) hərəkətini (funksiyasını) yox, strukturunu  sakral kos­moloji düzüm sxemini (invariantı) təqdim edir. Ona diqqət edil­məsi oğuz ritual-mifoloji dünya modelinin strukturunu daha dərin işarələr səviyyəsində bərpa etməyə imkan verir:

 Gün xanın keçirdiyi törən “janr” strukturuna görə qurul­taydır.

 Qurultayın semantik mərkəzində Gün xan dayanır. Bu halda o, Oğuz xanın diaxron paradiqması olsa da, onun tam kos­mik ekvivalenti kimi çıxış etmir. Oğuzun kosmoqonik funksiyası Gün xanla Erkil xocanın arasında bölünmüşdür.

 Oğuz xanın zamanında sakral sfera ilə ünsiyyəti (media­siyanı) o özü həyata keçirir (Qeyd edək ki, “Oğuznamə”nin versiya­sında mediasiya invariantının daşıyıcısı olan Boz qurdu “Şəcəreyi-tərakimə”də birbaşa görmürük. Bu halda Erkil-xoca Boz qurdun paradiqması kimi də çıxış edir.). Belə ki, Oğuz obrazında sakral (qam-şaman) funksiya ilə siyasi funksiya (xan) qovuşuqdur (KDQ-dəki Qam-Ğan semantemini yada salaq). O, insanlarla ilahi sfera arasında ünsiyyəti həyata keçirən mediatordur. Gün xanın zamanında Oğuzun mediator funksiyası artıq Erkil xocada­dır. Bu baxımdan, Erkil xoca funksional tipinə görə KDQ-də qeyb­dən (ilahi aləmdən) xəbər verən Dədə Qorqudla eyni para­diqmatik sırada durur [Heç təsadüfi deyildir ki, Əbdülqadir İnan “Oğuznamə”lərdəki Irkıl Ata obrazının adındakı Irkıl sözünün yakutlarda “qam” (şaman) mənasında olduğunu göstər­mişdir (İnan 1998: 196-197)].

 Gün xanın atasının vəziri olmuş, indi də onun öz vəziri olan Erkil-xocanı “ata əvəzi”  “mənim atam” adlandırması da Erkil xocanın Oğuz xanın sakral funksiyasının paradiqmatik daşıyıcısı olduğunu göstərir.

 Bir ritual olaraq qurultayın keçirilməsini şərtləndirən mo­tivlər klassik ritual sxemini yalnız təsdiq edir: Oğuzdan sonra onun törəmələri artıb-çoxalmış və bu kəmiyyət çoxluğunun ehti­yaclarının nizamlanmasına tələbat yaranmışdır. Başqa sözlə, Oğuz­dan sonra oğuz kosmosunun yenidən düzülməsi zərurəti ortaya çıxmışdır. Həmin düzümün vasitəsi və mexanizmi olaraq, gördüyümüz kimi, qurultay ritualı çıxış edir.

 Bu qurultay funksional tipinə görə inisiasiyadır: oğuzlar burada əvvəlki statusunda “öləcək”, yeni statusda “diriləcəklər”.

 Mövzu təyinatına görə  siyasi-kosmoqonik ritualdır: bu­rada oğuzun mövcud pilləsinin siyasi-ictimai strukturu yenidən sistem­ləşdirilir.

 Semantik strukturuna görə  etnokosmik özünüdə­yər­ləndirmə və özünütəşkiletmə ritualıdır.

 Ritualın arxetipik strukturu və arxisemantik sxemini teokosmik sinergetizm təşkil edir.

 Qurultayda Gün xanın “düzəldilməsini [hələ] Oğuz xanın əmr etdiyi qızıl alaçığı” qurdurması oğuzların kosmoqonik özü­nü­dəyərləndirmə və özünütəşkiletmə törəninin (qurultayın) “Oğuz” kosmoqonik modeli əsasında aparıldığını göstərir.

 Qızıl alaçıq dünya modeli kimi semiotik struktura malik­dir: bir tərəfdən kosmik kontinuumun mərkəzini və bununla oğuzdakı, istisnasız olaraq, bütün dəyərlərin sakral mərkəzə kon­sentrasiya olunduğunu simvollaşdırırsa, o biri tərəfdən birbaşa “Oğuz xan” semi­otik struktur sxemini kosmoantropoloji model olaraq işarə­ləndirir.

 Qızıl alaçığın sağında və solunda “6 - 6” sxemi üzrə qu­rulan çadırlar bir tərəfdən qızıl alaçıq invariantının strukturunu öz səviyyələrində təkrarlayan sinxron paradiqmalar, o biri tərəfdən kosmoqoniyanın Oğuzdansonrakı pilləsini (strukturunu) işarələn­dirən diaxron törəmələr  paradiqmalardır. Çadırlar başqa bir tərəfdən dünyanın üfüqi strukturunu işarələndirir.

 Gün xanın sağ və sol tərəflərdə “1 – 1” sxemi üzrə qur­durduğu 40 qulaç uzunluğunda olan şüvüllər yerə basdırılmış ağaclardır. Bu şüvüllər dünyanın kosmoqonik strukturunun şaquli sxemini işarələndirir. Şüvül burada dünyanın ritualda öz təcəs­sümünü tapmış kosmik modelinin tərkib vahidi olsa da, strukturu baxımından semiotik universumdur. Başqa sözlə, şüvül dünya modelinin çoxsaylı və əsas paradiqmalarından olan “dünya ağa­cını” işarələndirir.

 Şüvül dünya ağacı (modeli) kimi kosmoloji strukturuna görə məkanın şaquli düzümünü və zamanı “üçlük” universumu üzrə modelləşdirir:

a) Şüvüldə zaman “3” universumuna uyğun olaraq Keçmiş  İndi  Gələcək vahidlərinin eyni zamanda diaxron və sinxron düzümü kimi təşkil olunur.

b) Şüvüldə şaquli məkan “3” universumuna uyğun olaraq Göy  Yerüstü  Yeraltı vahidlərinin sinxron-diaxron düzümü kimi təşkil olunur. Şüvül qollu-budaqlı dünya ağacının variant-paradiqmasıdır və bu mənada, dünyanın üfüqi strukturu (4 tərəfi) onda birbaşa olaraq işarələnməmişdir.

 Şüvülün uzunluğunu bildirən “40” universumu semiotik vahid kimi məkan və zaman qatlarını eyni zamanda ifadə edir:

a) “40” universumu məkan vahidi olaraq şüvülün uzunlu­ğun­da işarələnmiş şaquli məkanın 40 hissəsini bildirir.

b) “40” universumu zaman vahidi olaraq şüvülün uzunluq öl­çüsündə işarələnmiş ritual zamanının 40 günlük müddətini bildirir.

c) “40” unviversumu “Oğuz” kosmosunun məkan və zaman ba­­­xı­mından özünü yenidən təşkiletməsinin tamlıq universumu ola­raq çıxış edir: şaquli strukturuna görə 40 vahiddən ibarət olan “Oğuz” kosmik vahidi 40 gün ərzində yenidən təşkil olunub başa çatır.

 Şüvülün yerin altına basdırılmış hissəsi  Yeraltını, gövdəsi  Yerüstünü, təpəsi  Göyü bildirir.

 Şüvülün təpəsində işarələnmiş Göy qatı xüsusi semiotik predmetlə  toyuqla simvollaşdırılmışdır.

 Toyuq zooelement (quş) olmaqla qanadlı, uça bilən heyvan kimi astrosferadır.

 Mərasimdə kəsilən at və qoyunlar bu halda Yerüstünü (şüvülün “mətnində”  gövdəni) simvollaşdırırlar.

 Toyuq, at və qoyun oğuz kosmosunun zooloji kodla (dillə) təsvirinin semantemləridir. Başqa sözlə, təsvir dilinin “leksik” vahidləridir; sintaqmatika həmin “leksemlərin” teoinformativ sxem üzrə funksionallığında aşkarlana bilir.

 Ritualın (qurultayın) mətnində Yeraltının zooloji kodla təsvirinin semantemi görünmür. Mifoloji-kosmoqonik məntiqə uy­ğun olaraq bu, xtonik səciyyəli heyvanlardan biri olmalıdır. Ritualın epikləşməsi onun vacib struktur elementinin süjetaltına enməsinə səbəb olur. Bu baxımdan, Yeraltının təsvir semantemi bütün hallarda var. Ancaq indiki halda süjetüstündə deyil. Ümu­miy­­yətlə isə, Yeraltı zoovahidi, ritual-mifoloji düşüncənin struk­tur məntiqinə görə, süjetüstündə mövcud olan zoovahidlərin hansınınsa ambiva­lentliyində [ambivalentlik iki əks semantemin bir obrazda təcəs­sümüdür. Məsələn, KDQ oğuz inisiasiya ritual­larında qırmızı rəng, yaxud onunla işarələnən qadın obrazı eyni zamanda həm həyatı, həm də ölümü bildirir (bax: Rzasoy 1999)] axtarmaq lazımdır.

 Oğuz kosmosu dual-proporsional struktur sxemi üzrə balanslaşdırılır: dünya modelinin bütün elementləri kod, sütun və qatlar üzrə tənasübləşdirilir (onların mütənasib modeli qurulur).

 Buzukların qızıl toyuğa, uçukların uyğun olaraq gümüş to­yu­ğa ox atmaları “ov törəni” semantemini bərpa etməyə imkan verir.

 Gün xanın keçirdiyi ritualda buzukların  qızıl toyuğu, uçukların  gümüş toyuğu ovlamaları vaxtilə Oğuz xanın keçir­di­yi “ov törənində” buzukların  qızıl yayı, uçukların gümüş oxları tapması elə eyni semantik dəyər daşıyır. Bu halda qızıl yayla  qızıl toyuğun, gümüş oxlarla  gümüş toyuğun daşıdığı sakral semantika eynidir. Hər ikisi sakral mənşəli siyasi-inzibati dəyərin əldə edilməsini nəzərdə tutur. Və “əldə etmə” davamlı struktur sxemi olan “ov etmə” şəklində özünün ritual təcəssümünü tapır.

İndi isə qurultayın sakral kosmoqonik strukturunun cədvə­linə diqqət edək:


M Ə R K Ə Z

(Qızıl alaçıq)

Sol ------------------------------------------------- Sağ

Uçuklar ------------------------------------------ Buzuklar

6 ağ çadır ---------------------------------------- 6 ağ çadır

Şüvül --------------------------------------------- Şüvül

Gümüş toyuq ------------------------------------ Qızıl toyuq
Bu, qurultayda oğuz kosmosunun məkan-zaman strukturunu işarələndirən elementlərin düzüm sxemidir.

“Şəcəreyi-tərakimə”də Əbülqazi Gün xanın keçirdiyi qurul­ta­­­yın kosmoqonik strukturunu təsvir etdikdən sonra «Oğuz xanın oğul­larının və nəvələrinin adları haqqında» başlığı altında sis­tem­li məlu­mat təqdim edir: “Qoy indi onlar yeyib-içsinlər, biz isə Oğuz xanın nəslindən (ə t ə k) törəyənlərin adları haqqında söhbət açaq” (Əbül­qazi 2002: 67). Bundan sonra o, sistemli şəkildə (ar­dı­­cıllıqla) əcdad Oğuzun hər bir oğlunun, hər oğuldan olan dörd uşağın (əcdad Oğuzun iyirmi dörd nəvəsinin), daha sonra bu altı oğu­lun kənizlərdən olan uşaqlarının adları haqqında məlumat verir.

Bu məlumat ilk baxışdan tarixi bilgidir: “Şəcəreyi-tərakimə” öz çağının tarix statusunda olan əsəridir və bu mənada, onda ve­rilmiş bütün məlumatlar informasiyanın tarix kodu ilə təqdimidir. Ancaq unutmaq olmaz ki, Əbülqazinin oğuz-türkmənlərin tarixi ilə bağlı verdiyi məlumatlar, eyni zamanda, etnokosmik informa­siyalar  əsatiri-dini şəcərə bilgiləridir. Bu halda onun tərəfindən təqdim olunmuş məlumatlar, Əbülqazinin bunu nə qədər dərk edib-etmədiyindən heç bir halda asılı olmayaraq, strukturu baxı­mından ritual-mifoloji mənşəlidir. Başqa sözlə, mif və ritual bu “tarixi” məlumatların həm məzmununu, həm də mənşəyini təşkil edir. Ona görə də Əbülqazinin verdiyi “tarixi” bilgilər ritual-mi­foloji “tarixin” orta çağ tarixinə transformasiyasıdır. Bu halda hə­min bilgilərin üzündəki “tarixilik” pərdəsini qaldırıb, altındakı ri­tual-mifoloji dünya modelini asanlıqla bərpa etmək mümkündür.

Burada bir məsələni də təkrarən yada salıb, ona yenidən diq­qət vermək lazım gəlir. Əbülqazinin “Şəcəreyi-tərakimə” əsərinin funksional semantikası kosmoloji çağın etnokosmik rituallarının semantikası ilə üst-üstə düşür: ritual kosmoloji dönəmdə etno­kos­mik konfliktlərin həlli vasitəsi olaraq çıxış etdiyi kimi, “Şəcəreyi-tərakimə” də oğuz-türkmən cəmiyyətində ritualın tarixən yerinə yetirdiyi funksiyanı gerçəkləşdirir. Bu halda “Şəcəreyi-tərakimə” kosmoloji çağ ritualının tarixi çağdakı “yazı” (kitab) ritualı (kos­moqonik əvəzedicisi) kimi çıxış edir. Bu da öz növbəsində Əbül­qazi təhkiyəsinin strukturuna diqqət verməyi tələb edir. Əbülqa­zinin “tarix” təhkiyəsi ənənəyə söykənir. Həmin ənənə öz arxe­tipik mənbəyi, arxitektonik strukturu baxımından əsatiri-dini təh­kiyəyə gedib çıxmaqla onun “tarix” paradiqmasıdır. Bu da öz növ­bəsində Əbülqazinin “Şəcəreyi-tərakimə”də Oğuz xanın oğlanları və nəvələrinin adları haqqında verdiyi məlumatı Gün xanın keçirdiyi qurultay ritualının funksional struktur hadisəsi kimi təhlil müstəvisinə gətirməyə imkan verir.

Təhlildən göründüyü kimi, Əbülqazi buraya qədər Gün xanın keçirdiyi qurultay törəninin yalnız kosmik strukturu  ritual “de­ko­rasiyası” haqqında məlumat verir. Mərasimin necə keçirilməsi haqqında yalnız bircə cümlə deyilir: “Onlar qırx gün, [qırx] gecə yeyib-içdilər” (Əbülqazi 2002: 66).

Ancaq bu cümlə bizə ritualın yalnız zaman strukturu haqqın­da bilgi verərək, oğuz toplumunun qurultay törənindən necə keçməsi, başqa sözlə, özünüdəyərləndirmə aparıb, yenidən necə düzülməsi haqqında məlumat vermir. Demək, Əbülqazinin “ta­rix” təhkiyəsi kontekstində bundan sonra verdiyi etnokosmik struktur bilgiləri ritual kodunun tarixi-epik koda transformasiyası, başqa sözlə, mərasimin epikləşməsi, tarixi-epik informasiyaya çevrilməsidir. Bu halda biz Əbülqazinin Oğuz xanın oğullarının və nəvələrinin adları haqqında verdiyi məlumatları qurultay törəninin “adlandırma” semantemi kimi bərpa edə bilərik. “Ad­lan­dırma” ritualın funksional strukturuna aiddir. Çünki bu, statik kosmik struktur olmayıb, struktur sxeminin hərəkətinin özüdür. Başqa sözlə, “adlandırma” adların hərəkətidir. “Adlan­dır­ma”da, bir növ, ritualın subyektləri  iştirakçıları müəyyənləş­diri­lir. Etno­­sun adı çəkilən hər hansı vahidi bu halda etnokosmik özünüdəyərləndirmənin subyekti olmaq hüququ qazanır. Bu, o deməkdir ki, ritualdan keçən oğuz kosmosunun üzvünə çevrilir və özünü “oğuz” olaraq təsdiq edir.

“Adlandırma” ritualında etnokosmik özünüdəyərləndir­mə­dən keçən etnik vahidlər “üçlük” universumunda işarələnən sxem əsasında təsnif olunur:

Sakral kosmik səviyyə: Oğuz xanın 6 oğlu

Profan etnik səviyyə: 24 nəvə (tayfa)

Periferik etnik səviyyə: kənizlərdən olan 24 nəvə (kənar, calaq etnik vahidlər)

Əbülqazi daha sonra ritualın funksional strukturunu təsvir etməkdə davam edir və biz bu təsvir vasitəsi ilə oğuz ritual-mifoloji dünya modelinin semiotik strukturunun daha yeni qatları və onları təşkil edən elementlərlə tanış ola bilirik.

Təsvirdən bəlli olur ki, qızıl alaçıqda Gün xan oturdulur. “Çadırın içəri qapısında” Erkil-xoca oturur. Bundan sonra 24 nəvə-tayfa dual sxem əsasında 12 ağ çadırda yerləşdirilir. Sağ­dakı çadırda  buzuklar, soldakı çadırda  uçuklar otururlar. Hər çadırda iki nəvə-tayfa oturur. Yerləşdirmə zamanı Oğuzun 6 oğlunun oğuznamə mətnlərində dəyişməz struktur kimi keçən ümumi düzüm prinsipi pozulmur:

Sağ tərəfdə

1-ci çadırda: Gün xanın 1-ci və 2-ci oğlanları

2-ci çadırda: Gün xanın 3-cü və 4-cü oğlanları

3-cü çadırda: Ay xanın 1-ci və 2-ci oğlanları

4-cü çadırda: Ay xanın 3-cü və 4-cü oğlanları

5-ci çadırda: Yulduz xanın 1-ci və 2-ci oğlanları

6-cı çadırda: Yulduz xanın 3-cü və 4-cü oğlanları

Sol tərəfdə

1-ci çadırda: Gök xanın 1-ci və 2-ci oğlanları

2-ci çadırda: Gök xanın 3-cü və 4-cü oğlanları

3-cü çadırda: Dağ xanın 1-ci və 2-ci oglanları

4-cü çadırda: Dağ xanın 3-cü və 4-cü oğlanları

5-ci çadırda: Dəniz xanın 1-ci və 2-ci oğlanları

6-cı çadırda: Dəniz xanın 3-cü və 4-cü oğlanları


Göründüyü kimi, etnokosmik özünütəşkiletmədə Oğuz xan­dan qalma düzüm sxemi yenidən təsbit edilir. Mühüm dəyişiklik etnik özünüdəyərləndirmənin subyekti olan periferik etnik vahid­lərlə bağlıdır. Bu baxımdan, hər çadırda kənizlərdən doğulmuş “24-lüyə” daxil olan bir uşaq atları tutmaq, o birisi isə qapının ağzında oturmaq hüququ qazanmaqla 24 periferik tayfa oğuz kosmosunda (dünya mo­delində) yer almış olur. Yeralma nomi­nativ səviyyədə təsbit olunur: əcdad Oğuzun 24 nəvəsinin törə­mələri  üzlüklər, kəniz­lərdən doğulmuş uşaqlardan törəyənlər oymaklar, yaxud uruqlar adlandırılırlar.

Əbülqazinin qurultay törəni ilə bağlı verdiyi sonrakı təsvir, o cümlədən məlumatlar əcdad Oğuzla başlanan ritual-mifoloji dün­ya modelinin daha üç təsvir kodunun strukturunu bərpa etməyə imkan verir:

1. Yazı kodu: hər tayfanın damğası.

2. Quş (onqon) kodu: hər tayfanın öz onqon quşu.

3. Heyvan kodu: hər tayfaya totem heyvanın ətindən çatan pay.

İndi isə bu kodlar vasitəsi ilə gerçəkləşən kosmoqonik mo­delləri ardıcıllıqla nəzərdən keçirək. Oğuz dünya modelinin yazı kodu ilə təsviri Vahid Kosmo­qonik İnformasiyanın oğuz kos­mosunun yazı səviyyəsində mətn­ləş­diril­məsidir. Damğalar yazı­nın tarixi inkişafının əşya  şəkil (pikto­qra­fik)  fikir (ideo­qra­fik)  heca (sillabik)  səs (fono­qra­fik) diaxron sxemindən müstəqil qrafik “janr” kimi diferensi­yasiya etmiş semiotik sis­temdir. Ona görə də oğuz damğaları, sadəcə olaraq, təsadüfi qra­fik işarələr yox, oğuz kosmosunun “24-lük” univer­su­munda təq­dim olunan bütöv strukturunun tərkib vahidləridir. Bu vahidlər funksional strukturuna görə kosmoqo­nikdir: onların vasitəsi ilə oğuz kosmo­qoniyası damğa kodu ilə təsvir olunaraq bir bütöv şəklində təşkil olunur. Ona görə də həmin işarənin hər biri 24 vahiddən ibarət kosmoqonik “damğa əlifbasının hərfləri”dir. Hər bir damğa semiotik baxımdan bir nəvə-tayfanı işarələndirməklə bərabər, eyni zamanda öz qrafik strukturunda həmin tayfanın “etnokosmik özünəməx­susluğunu  diferensial əlamət və xassələr toplusunu” bildirən məna-işarə qatlarına malikdir. Başqa sözlə, damğalar semiotik baxımdan simvol yox, işarə(ləndirmə)nin başqa bir səviyyəsidir.

Bu dediklərimiz başqa oğuznamələrdəki damğa informasiya­ları ilə də təsdiq olunur. Belə ki, Əndəlib «Oğuznamə»sində 24 damğa-hərfdən ibarət oğuz əlifbası haqqında məlumat verilməsi ilə bağlı tədqiqatçı şəhadəti var. F.Bayat yazır ki, “bu “Oğuzna­mə”­nin qiymətli cəhətlərindən biri də onun ilk dəfə olaraq 24 hərfli Oğuz əlifbasından xəbər verməsidir. Əndəlibə görə, bu əlifba dam­ğalar əsasında tərtib edilmişdi. Belə bir məlumata heç bir qay­naqda rast gəlinmədiyindən güman etmək olar ki, şair 24 oğuz boyunun damğasından danışır” (Bayat 2004: 260).

Əslində, Əndəlib “Oğuznamə”sinin mətnində 24 hərfli oğuz əlifbası haqında birbaşa məlumat yoxdur. Lakin 24 damğa haqqında sənətkarın metaforik obrazlar vasitəsi ilə verdiyi bilgi bu “24 damğa” obrazının oğuz-türk mədəniyyətində nə qədər dərinə işlədiyini göstərir.

Əsərin “Oquzxannın saltanat basqançaqıqa yetqeni” adlanan hissəsində göstərilir ki, Oğuz xan hakimiyyətə gəldikdən sonra onun altı oğlu, 24 nəvəsi dünyaya gəlir. Oğuz xan onların damğa-nişan­larının şəklini çəkir:

Takı xer kaysıqa bar tamqa belli,

Mukarrar kıldı Oquzxan şu zeyilli.
Təemmil birle fennin şekilni,

Çızarqa oylanıp tutdı akılnı.


Birinci bolsun inci malqa belliq,

İkkinci bolsun uruq-ilqe belli.


O şol tamqa bilen malı bilinsin,

Qörüvde kim olay halı bilinsin.


Takı xanlık nışan bolsun alarqa,

Bu yanlıq şekil oylandı bilerqe

(Bekmıradov 1987: 116).

Əndəlib bu hissənin ardı ilə “Tamqalar xakında xalayıknın aytqanı” (“Damğalar haqqında xalqın dedikləri”) adlı növbəti hissəni verir. Bu hissədəki şeirlərin vəzn və janr quruluşu poe­manın yazıldığı əruz vəzni və ümumi janr quruluşu ilə tam uz­laşmır. Bu, həmin hissədə verilmiş şeirlərin bir qisminin xalq şeirləri olduğunu da istisna etmir:

Atası akıl,

Enesi nakıl,

Bir qız toqulmış,

Yiqrim dörd şekil

(Bekmıradov 1987: 116-117).

Bu, göründüyü kimi, damğalar haqqında bir tapmaca mət­nidir və burada 24 işarəli damğa yeni doğulmuş iyirmi dörd şə­killi qıza bənzədilmişdir. Ardı:


Şu yanlıq qözel milletin yarı,

Bul, bizden avval bolsa-da zarı,

İlnin qözünde qörülqen imes,

Türk ili dünyə inqenden narı.


Kim alsa anı,

Bütin ömrini

Şat olup keçirqe,

Tut bul emirni.


İndi öser siz,

Evnı basar siz,

Siz tolup-taşıp,

Ornun qısar siz,

Çıkın cahana, nobat sizinki,

Uçraşsa düşman, başın keser siz.


Könlümqe qetirdim,

Kolumdan ötürdüm,

Bir-birden qaçtı,

Tirkeşip uçtı,

Yerli-yerinde tüzüp bitirdim,

Ki yürek sırımnı ilimqe açtı

(Bekmıradov 1987: 117).

Şeirdə göstərilir ki, bu 24 şəkilli qız gözəl millətin sevgi­lisidir. O, türk eli dünyaya gələndən vardır. Kim bu qız-damğa ilə evlənsə, ömrünü şad keçirər. Əndəlib öz çağdaşlarına üz tutaraq bildirir ki, indi növbə sizindir, dünyaya qoşun və türk elinin düşmənlərini bu 24 şəkilli qızla məğlub edin. Bu qız könüllərdə daşınır, qolla (əllə) yazılır. Onunla ürək öz sirrini elmə açır.

Göründüyü kimi, Əndəlib burada 24 damğanı 24 şəkilli (hərfli) əlifba-qız kimi təqdim etmişdir. Bu əlifbanı millətin sər­vəti kimi tərənnüm etmiş, onu öyrənməklə xalqın xoşbəxt ola­cağını göstərmiş, öz çağdaşlarını ulu babaları kimi bu əlifbanı öy­rənməyə, dünyanı elmlə – yazı ilə fəth etməyə çağırmış, elmin yolunun bu əlifbadan keçdiyini göstərmişdir.

24 damğanın 24 oğuz boyunun işarəsi olduğunu, bu 24 işa­rədə oğuz boylarının bir bütöv (sistem) olaraq işərələndiyini nə­zərə al­saq, onda oğuz damğalarının, sadəcə olaraq, təsadüfi qra­fik işa­rələr yox, əsasında əcdad Oğuz xan universumunun durduğu oğuz etno­kosmik düşüncəsinin damğa kodu ilə təqdim olunan dünya modeli olması bir daha təsdiq olunur. Əndəlibdə 24 dam­ğa-qız me­taforası da arxaik düşüncə ilə bağlı obrazdır. Oğuzların rital-mi­fo­loji dünya modeli “Oğuz kağan” obraz-modelinin zoo­morfik, an­tro­pomorfik səviyyə­ləri (ipostasları) olduğu kimi, oğuz dünya mo­delinin qrafik para­diqması olan 24 damğa-əlifba modeli də an­tro­po­morfik obraza malikdir. 24 damğa-əlifbanın qız olması oğuz-türk etnokosmik düşüncəsində yazının qadın başlanğıcına aid edil­diyini, eləcə də bundan irəli gəlməklə ambivalent (ikili, müs­bət-mən­fi, mediativ) semantikalı olduğunu da ehtimal etməyə imkan verir.

Qurultay törənində ritualın strukturunu təşkil edən dünya modelinin quş (onqon) və heyvan (totem) kodları diqqəti xüsusi cəlb edir. Başqa sözlə, oğuz kosmosunun etnosemiotik strukturu damğa vahidləri vasitəsi ilə təsvir olunduğu kimi, quş vahidləri və heyvanın (qoyunun) bədən üzvləri (ət payı) vasitəsi ilə də təsvir olunur. Qeyd edək ki, hər iki kod vasitəsi ilə təsvir oğuz kosmo­sunun zoomo­delinin ierarxik səviyyələrini təqdim edir. Bu zoo­model dünya modelinin şaquli məkan strukturunun iki səviy­yəsini işarələndirir:
Göy səviyyəsi: 24 onqon quş

Yerüstü səviyyə: Qoyun toteminin 24 payı (ülüş)


Zoomodel oğuz ritual-mifoloji dünya modelinin strukturu və funksional dinamikasının bərpası baxımından çox mühüm əhəmiyyət kəsb etdiyi üçün hər iki səviyyə üzrə 24-lük vahidlərə cədvəl şəklində diqqət etmək zərurəti yaranır.

Əbülqazi yazır: “Qızıl çadırda fəxri yerdə (t ö r) Gün xan oturdu. Elin ən yaxşı adamları ümumi razılığa əsasən, qoyunun ba­şını, belini, arxa can əti hissəsini və böyürünü qoyunun bel sümü­yünün və qabırğasının üstünə qoyub, Gün xana gətirdilər və dedilər:

“Qoy [qoyunun] bu hissəsi o kəsin olsun ki, o, xan olacaq”.

Çadırın içəri qapısında Erkil-xoca oturmuşdu. Onun qarşı­sına qabaq hissəni qoydular və dedilər: “Qoy bu hissə o kəsin olsun ki, o, vəzir olacaq” (Əbülqazi 2002: 68).

Qoyunun qalan hissələrinin və onqon quşların bölünməsinin cədvəlinə nəzər salaq:

TAYFA ƏT PAYI (ÜLÜŞ) ONQONU


B U Z U K L A R

1. Qayı ------- arxa sağ ayağın baldırı -------- şunqar (şunqar)

2. Bayat ------- arxa sağ ayağın baldırı ---------- bayquş (üği)

3. Alka öyli --- qabaq sağ ayağın baldırı ----- siçantutan qırğı

(koykenek)

4. Qara öyli -- qabaq sağ ayağın baldırı -- çalağan (göbek-sarı)

5. Yazır ---- sağ böyür --- bildirçinçalan qırğı (torumtay)

6. Yasır --------- sağ böyür ------------------------ qırğı (kirğu)

7. Dudurğa ----- sağ bud ----- qırmızı qırğı (kızıl-qarçağay)

8. Dükər --------- sağ bud -------------------- çalağan (köçken)

9. Avşar ---------sağ omba -------------- ağ şahin (çere-laçin)

10. Qızıq --------- sağ omba ------------------------ sar (sarıca)

11. Begdeli ------ sağ kürək ----------------------- laçın (bihri)

12. Qarqın ------ sağ kürək ------ su berkutu (su bürkütü)


U Ç U K L A R

13. Bayındır ---- sol omba ------------------ şahin (şahin)

14. Beçenə ---- sol omba --------- ala şahin (ala-toğanaq)

15. Çavuldur ----- sol böyür ------------ artal (buğdaynık)

16. Çəpni ---- sol böyür ---------------- humay (humay)

17. Salur ------ arxa sol ayağın baldırı ------ berkut (bürküt)

18. İmir ---------- arxa sol ayağın baldırı ------------ (ançarı)

19. Ala yontlı ----- sol bud ---------- gərgincək (yağılbay)

20. Ürəgir ------- sol bud ------------------- qırğı (buyqu)

21. İqdir ------- qabaq sol ayağın baldırı ----- qırğı (karçığay)

22. Bükdüz ------ qabaq sol ayağın baldırı ----- ütəlgi (italgu)

23. Avan ------ sol kürək -------------------- ağ şahin (toyğun)

24. Qınıq ------ sol kürək ------------------ qırğı (cere-qarğay)

(Əbülqazi 2002: 68-72).

Beləliklə, oğuz kosmosu dünya modelinin onqon quş və ət payı sxemləri əsasında da təşkil olunur. Bu, bizə oğuz kos­mo­qonik dünya modelinin zoostrukturunu öyrənməyə imkan verir. Öncədən qeyd edək ki, oğuz kosmoqoniyasının quş və heyvan kodları bizi totemizm məsələsi ilə qarşılaşdırır.

Bir daha qeyd edək ki, oğuz etnokosmosunun quş və heyvan səviyyələrində kosmoqonik təsnifata məruz qalması etnosun kosmik vahid olaraq zoomodel səviyyəsində dəyərləndirilməsi de­məkdir. Bunun kosmik mahiyyətində İnsan–Heyvan münasi­bət­ləri modeli durur. Bu, semiotik baxımdan oğuz kosmosunun etnos qatı ilə zooqatının vahid kosmoqonik modeldə birləşməsi deməkdir. Qatların bir-birinə münasibəti semiotikdir: qarşılıqlı şəkildə işarələndirmə sistemini nəzərdə tutur. Etnik struktur va­hidləri zoosəviyyədə həmin sferanın vahidlərində işarələnir. Baş­qa sözlə, tutaq ki, Qayı etnik vahidinin zooişarəsi Şunqar onqo­nudur. Bu halda Qayı və Şunqar elementləri işarə baxımından bir-birinin kosmik ekvivalentləri, eynigüclü kod əvəzləyiciləridir. Qayı sakral onqon səviyyəsində Şunqar demək olduğu kimi, Şunqar da öz növbəsində etnos səviyyəsində Qayı deməkdir.

Etnik qatla zooqatın bir-birinə olan bu semiotik münasibəti kosmoqonikdir: ilahi yaradılışın ilkin sxemlərini gerçəkləşdirir. Bunu “onqon” sözünün etnosemantikasından aydın görmək olur. Əbdülqadir İnanın bu xüsusda apardığı ayrıca tədqiqatdan görün­düyü kimi, onqon ilk əcdad və ölülər kultu ilə bağlı məna vahi­didir (İnan 1998a: 269). N.L.Jukovskaya göstərir ki, “təmiz”, “müqəddəs”, “ilkin”, “bakirə” anlamlarında olan onqonlar mon­qol xalqlarının şaman mifologiyasında ölmüş əcdadlar və onların ruhlarıdır. Onqonların şəkli də onqon adlanır, ağac, yun, xəz, də­ri, keçə, metal və parçadan hazırlanır, ölmüş əcdadların ruhlarının olduğu yaşadığı yer hesab olunur. Kişi və qadın, nəsil və ailə, hey­vandarlıq, dəmirçilik və s. onqonları fərqləndirilir. İlkin on­qon­lar, əsasən, totem mənşəli əcdadlardır (canavar, ayı, atın və s. onqonları). Daha sonralar əksərən antropomorf əcdadlardır... Onların ən hörmətlisi böyük şamanların onqonlarıdır. Şamanlar qamlama vaxtı onqonları çağırırdılar... Tuvinlərin, altaylıların mifologiyasındakı onqutlar, emegenderlər onqonların eynisidir (Жуковская 1982: 255-256).

Bu halda oğuzun iyirmi dörd tayfasının hər birinin onqonu olan quş onun ilkin əcdadı və onun ruhu anlamına gəlir. Bu, formal olaraq 24 tayfanın 24 quş əcdadı (əcdad ruhu) deməkdir. Yada salaq ki, oğuz kosmosu kəmiyyət strukturunun etnokosmik uni­versum dəyərlərinin bir-birinə bərabərliyi, başqa sözlə, kosmik ekvivalentliyi prinsipi üzrə böyüyür: 1 Oğuz = 6 oğul = 24 nəvə. Bu halda “24-lük” daxili strukturu etibarilə 24 vahiddən təşkil olunmuş universum olmaqla bir ölçü vahidi kimi bütün hallarda vahidi (“1”) univer­sumlaşdırır. Beləliklə, vahid Oğuz (xan – əc­dad) sonrakı kosmoqonik pillələrdə 6 Oğuz (xan) və 24 Oğuz (xan) səviyyələrini təşkil etdiyi və eyni zamanda bütün hallarda “1” universumunu işarələndirdiyi kimi, bu 24 onqon quş da “1” zoouni­versumunu işarələndirir. Başqa sözlə, 6 universumu 1 universumunun, 24 universumu 6 universumunun paradiqması olduğu kimi, 24 onqon quş da 1 onqon quş invariantının (kosmo­qonik başlanğıcı təşkil edən modelin) paradiqmasıdır: 1 quş = 6 quş = 24 quş. Bu, bizə əcdad Oğuz universumu əsasında forma­laşan dünya modelinin zoostrukturunu bərpa etməyə imkan verir.

24 oğuz tayfasının əcdadı Oğuz xandır. 24 onqon quş da öz səviyyəsində 24 tayfanın zooəcdadıdır. Oğuz kosmosunun bütün qatlar üzrə əcdadı Oğuz xandır. Demək, 24 tayfa etnik kodla əcdad Oğuz xana gedib çıxdığı kimi, 24 onqon quş da zookodla yenə də əcdad onqon quşa gedib çıxır. Başqa sözlə, 24 onqon quş 24 oğuzu işarələndirdiyi kimi, həmin quşların semiotik baxımdan konsentrasiya olunduğu əcdad onqon quş da Oğuz xanı işarə­ləndirir. Bu da öz növbəsində bizə əcdad Oğuz xanın quş cildli obrazını (zoomodelini) bərpa etməyə imkan yaradır. Bu, mifoloji dünya modelinin məkan-zaman obrazının transformativ inkişaf qanunauyğunluğunu özündə əks etdirir.

F.Bayat bu xüsusda yazır: “Türk mifologiyasında bir çox arxaik obrazlar bir neçə dəfə transformasiya olunub, bir neçə statusdan keçmişlər. Belə obrazların semantikasını öyrənərkən onların keçid mərhələlərini diskret kəsiklərə bölmək lazımdır” (Bayat 1993: 41).

Diskret kəsiklərə bölmə, obrazlı desək, baxımdan mişarlan­mış ağacın en kəsiyinə bənzəyir. En kəsik ağacın bütün diaxron inkişa­fına sinxron (yanaşı) sıra boyunca baxmağa imkan verir. Bu baxım­dan, Oğuz obrazının kosmoqonik strukturunun diskret kəsiklər müstəvisində öyrənilməsi onun strukturunun quş obrazını (modelini) da ortaya qoyur. Tədqiqat göstərir ki, Oğuz obrazı tək­cə quş obra­zından yox, zoomodelin başqa obraz səviyyələrindən də keçmişdir.

V.V.İvanov və V.N.Toporov yazırlar ki, quşlar müxtəlif mi­fo­­poetik ənənələrdə dini-mifoloji sistemin və ritualın dürlü funk­siyalara malik fasiləsiz elementi kimi çıxış edir. Quşlar tanrılar, demiurqlar, insana çevrilmiş qəhrəmanlar, triksterlər, tanrıların, şamanların, qəhrəmanların minik heyvanları, totem əcdadlar və s. ola bilərlər. Onlar ilahi mahiyyətin, yuxarının, aşağının, göy ru­hunun, günəşin, ildırımın, küləyin, buludun, azadlığın, böyümə­nin, həyatın, bolluğun, yoxuşun, yüksəlişin, ilhamın, peyğəmbər­liyin, öncəgör­mənin, kosmik bölgələr arasında əlaqənin, ruhun, körpənin, həyat ruhunun və s. xüsusi mifopoetik klassifikator və simvolları kimi çıxış edir (Иванов – Топоров 1982: 346).

Kosmoqonik sxem 24 oğuz tayfasının bu onqon quşlarını oğuz totem təsnifat sisteminin vahidləri kimi də bərpa etməyə imkan verir. Bu quşların iki funksiyası aydın şəkildə bərpa olunur: əcdad və etnik özünüdəyərləndirmənin təsnifat modeli. Hər iki funksiya totemizm dünyagörüşünün funksional sxemlərini təşkil edir. Bunun belə olduğunu oğuz kosmosunun heyvan modeli (zoomodelin yerüstü səviyyəsi) daha aydın şəkildə təsdiq edir. Belə ki, qurultayın mətnin­də 24 onqon quşun bir zoomodeldə birləşməsi haqqında birbaşa informasiya yoxdur: vahid semiotik model və onun kon­sentrativ strukturu bərpa yolu ilə üzə çıxır. Ancaq bizim bərpamızın məhz oğuz kosmoqonik şüurunun sakral-funksional hərəkət sxemini əks etdirdiyini 24 oğuz tayfasını işarələndirən ət paylarının (ülüş­lərin) bir zoomodeldə  totem qoyunun kosmik strukturunda düzülmə sxemi tam təsdiq edir.

“Oğuznamə”lərdə, o cümlədən Əbülqazi “Oğuznamə”sində qu­rul­­tayda kəsilmiş qoyun (yaxud at) qurbanının əti 24 oğuz tay­fasının arasında bölüşdürülür. Ancaq bu bölüşdürmə ətlərin, sadəcə, paylanması şəklində yox, kosmoqonik bölgü prinsipi əsasında aparılır. Başqa sözlə, bu qoyun (at) oğuz kosmosunun zoo­modelidir. Belə ki, Oğuzun 24 nəvəsinin (uyğun olaraq  tayfa­sının) hər biri qurultayda kəsilən qoyunun (atın) bədəninin istənilən yerinin ətindən yox, bədəndə həmin nəvəyə (tayfaya) məxsus olan hissəni pay olaraq alır. Hər bir nəvənin (tayfanın) oğuz kosmosunda dayandığı pillə (tabe edən - tabe olan), üfüqi və şaquli məkanda tutduğu mövqe (sağ-sol, yuxarı-aşağı) qoyunun (atın) bədənindən alacağı payın yerini müəyyən edir. Əbdülqadir İnanın yazdığı kimi, “Orun” (mövqe  S.R.), “ülüş” (ət payı  S.R.) hər tayfanın və hər oymağın qövm və cəmiyyət içində bir çox şeylər üzərində hüquq­larını göstərən dəlildir; təsisatdır (icti­mai institutdur  S.R.). Yaylaq, ov, hərb qənimətləri bölünərkən hər tayfanın “orun”u və “ülüş”ü nəzərə alınmaqla “pay” verilir. Mühüm toplantıların birində “orun” və “ülüş”ünü bir dəfə itirən tayfa, yaxud oymaq yaylaq, otlaq, ov və s. şeylər üzərindəki hüququnu da itirmək təhlükəsinə məruz qalır. Onun üçündür ki, hər tayfa bu “orun” və “ülüş” haqlarına əhəmiyyət vermək məc­buriyyətindədir (İnan 1998 b: 254).

Beləliklə, qurultay törənində hər bir tayfa üçün ayrılacaq payın qurban kəsilmiş qoyunun (atın) bədəninin harasından olması hər bir nəvə-tayfanın oğuz etnokosmik, ictimai-ierarxik struktu­runda tutduğu yerə uyğun olmaqla birbaşa həmin yeri işarələndirir. Bu pay onların, eyni zamanda, hər birinin qoyun (yaxud at, öküz) obrazında təsəvvür etdikləri kosmik dünya mo­de­lində durduqları yerin işarəsidir. Başlıcası, bu 24 pay (o cüm­lədən Gün xanın və Erkil-xocanın kosmik konsentrasiya mərkə­zini simvollaşdıran payları) birləşəndə qoyun (at) modeli alındığı kimi, həmin paylarda işarə­lənmiş 24 nəvənin qoyun (at) zookos­moqonik sxemi üzrə düzümün­dən də qoyun (at) obrazında təsəv­vür edilən (əcdad) “Oğuz xan” adlı zookosmik dünya modeli alı­nır. 24 nəvə-tayfa “oğuz” etnosunu universumlaşdıran 24 oğuz de­məkdir. Onların birləşməsi bütün səviyyələrdə (kodlar üzrə) “Oğuz xan” kosmik konsen­trasiyasını verir. Qoyun, at, öküz və s. modeli bu halda 24 oğuzun ət payı kodu üzrə birləşməsi deməkdir.

Bu da öz növbəsində Oğuz xan zoomodelinin qoyun (yaxud at) obrazında təsəvvür edilən “diskret” (en) kəsiyinin bərpa edil­məsidir. Bu baxımdan, Oğuz obrazının sinxron zoosəviyyələri tək­cə qoyun, yaxud quşdan ibarət deyil. Əbülqazi, Buxari oğuz­na­mə­lərində bu heyvan qoyundursa, Rəşidəddində eyni qurultay törəni at zoomodeli əsasında aparılır (Rəşidəddin 1992: 38-41). Yaxud F.Bayat yazır ki, “Oğuz kağan” dastanında (“Oğuzna­mə”­nin versi­yasında  S.R.) Tanrı oğlu funksiyasının bir hissəsini boz qurd, o biri hissəsini isə Oğuz yerinə yetirir. Eyni ilə türk eli­nin xilaskarı Oğuz və boz qurddur... Oğuzun qurd atributları, Oğuz-qurd pa­ralelliyi də buradan irəli gəlir. İlkin anda boz qurdun Oğuzun si­masında təzahür etdiyi şübhə doğurmur” (Bayat 1993: 42-43).

Göründüyü kimi, bütün bunlar əsasında əcdad Oğuz xanın durduğu ritual-mifoloji dünya modelini quş, at, qoyun, qurd və s. şəkillərdə aşkarlamağa imkan verir. Bu da eyni zamanda oğuz dünya modelinin kosmoloji struktur səviyyələrini (kosmik, etnik və temporal struktur qatlarını) və hər bir səviyyəyə uyğun təsvir dili – davranış kodlarını ortaya qoyur. Oğuz dövləti də oğuz dünya modelinin struktur səviyyələrindən biridir və bu mənada oğuz dövləti və dövlətçilik düşüncəsinin də kosmoqonik baş­lan­ğıcını əcdad (Oğuz) kultu təşkil edir.


Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə