AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu folklor və DÖVLƏTÇİLİk düŞÜNCƏSİ



Yüklə 6.46 Mb.
səhifə1/17
tarix26.05.2017
ölçüsü6.46 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

______________________________________________

FOLKLOR VƏ

DÖVLƏTÇİLİK

DÜŞÜNCƏSİ
I kitab

BAKI – 2016

AMEA Rəyasət Heyətinin 21 fevral 2015-ci il tarixli, 5/3 say­lı qərarı ilə tövsiyə edilmiş elmi tədqiqat proqramı (“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folk­lor baxımından genezisi”) çərçivəsində nəşr olunur.


Layihə rəhbəri: Muxtar KAZIMOĞLU (İMANOV)

AMEA-nın müxbir üzvü


Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, 312 səh.

folklorinstitutu.com




F 4603000000 Qrifli nəşr

N-098-2016

© Folklor İnstitutu, 2016

İNSTİTUTDAN
Dövlətçilik tarixi qədim olan türklərin xalq yaradıcı­lığında, xalq düşüncə və davra­nışında, ictimai-siyasi əxlaqında sabit mə­nəvi dəyərlər yaranmış, bu dəyərlər müxtəlif folklor janrlarında ifa­də olun­­muşdur. Folklor bir tərəfdən dövlətçiliyin mənəvi əsas­larını möh­­kəm­lən­­dirməyə xidmət etmiş, onu müxtəlif ob­raz, süjet və motivlərdə xalq yaddaşına köçürmüş, digər tərəf­dən dövlət­çi­liyin fəlsəfəsini və estetikasını hazırlamışdır.

Dövlət qurma modeli xalqın arzu və istəklərində, düşüncə və xə­yallarında yaranır və uyğun tarixi şəraitdə gerçəkləşir. İcma, ailə və ya tayfa mədəniyyətinin və bu mədəniyyəti xalq hafizə­sin­də yaşa­dan folklorun dövlətçilikdə xüsusi rolu var. Çünki milli özünü­təşkilin ən nikbin yolu folklorda mövcud olan mənəvi də­yər­lərdən keçir. Baş­qa sözlə, folklorunda döv­lətçilik ideyası olan xalqın dövlət qur­ması da asanlıqla baş ve­rir. Çünki folklor dövlət­çiliyin mənəvi əsası­dır. Folklor irsini yaddaşında və davranışında yaşadan xalq dövlət­çi­lik təcrübə­sində sosial harmoniyanı təmin etmək üçün çətinlik çək­mir.

Folklor ayrı-ayrı janrlarda gerçəkləşən mətnlər olmaqla ya­na­­şı, xalq düşün­cə­sinin və xalq həyatının bütün sahələrini əhatə edən sabit mənəvi dəyərlər sistemi­dir. Folklor milli düşüncənin və davranışın təkcə təzahür forması deyil, həm də onun model­ləş­dirici sistemi, başqa sözlə, dü­şüncə və davranış tərzidir. Dövlət­çilik də bu düşüncə və dav­ranış çərçivəsində gerçəkləşir. Hər bir xalqda olduğu kimi, türk xalqlarında da dövlət simvol, etiket, mə­ra­sim və bayramları milli identifika­siya sisteminin təməl element­ləridir. Bunların folklor baxı­mın­dan öyrə­nil­məsi milli düşüncənin tarixi strukturunu və müasir dövrdəki funksional­lığını müəyyən­ləş­dirən etnopsixoloji düşüncə sis­te­mini bərpa etməyə imkan verir.

Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək for­ma­sıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıq­larını qoruya bilmə­mişlər. Bu mədəniyyətin və ənənənin qo­run­ma­sı­nı isə folklor yaddaşı, xalqın mənəvi bütövlüyünü təş­kil edən ehti­yat­lar təmin edir. Bu məna­da folklor və dövlət­çilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən mə­sələlərdir. Cəmiyyət dün­yə­vi qa­nunlara zaman-zaman uyğun­laşır, amma milli əx­laqa, milli ənənəyə və milli davranışa sıx bağlı olan qanun­lar ictimai mü­nasibətlərdə dərhal öz təsdiqini tapır. Bəzən “ya­zıl­mamış qa­nunlar” ifadəsi işlədilir. Bu əslində etnik ictimai davra­nış və mil­li əxlaq normasının müasir qanunlarda öz ək­sini tapmayan his­səsidir. Bu həm də ənənədə formalaşmış xalq demokratiya­sının müa­sir hüquqdan və qanundan daha geniş­ anlayış olmasının bir təza­hürüdür.

Bütün dünyada folklorşünaslıq araşdırmalarının əsas hədəf və nəticələrindən biri folklor­da yaşayan antropoloji-humanitar təcrü­bənin müasir dünyanın sosial harmoniyasına necə tətbiq olun­masıdır. Bu, folkloru, milli mənsubiyyətindən asılı olmaya­raq, bəşəriyyətin mənəvi təcrübə­sinin yaddaş statusu səviyyəsinə gətirir.

Bu gün Azərbaycan milli, müstəqil, hüquqi, demokratik döv­lət qu­ru­culuğu prosesini yaşayır. Azərbaycan dövlətçilik tarixinin Ümum­­milli Lider Heydər Əliyevlə başlanan və daim onun adı ilə ya­naşı anılacaq ən yeni mərhələ­sinin – müstəqillik dövrünün əlamətdar cəhəti milli dövlətçilik ənənə­sinin bərpasıdır. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” deyən Ulu Öndərin dövlət quruculuğu siyasəti həm də milli mədəniyyətimizdəki sakral dəyərlərə, xalqın milli dövlətçilik təfəkkürünə əsaslanırdı.

Vətənə, xalqa, dövlətə münasibətdə Heydər Əliyev ənənə­lə­ri onun davam­çısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfin­dən uğurla davam etdiril­mək­dədir. Dövlətlə xalqın vəhdəti, dövlət – xalq münasibətlərinin daimi konvergen­siyası “Bizim siyasətimi­zin mər­kəzində Azərbaycan vətəndaşı dayanır” söyləyən Res­publika Prezi­dentinin əməli fəaliyyət proqramının əsas qayəsidir.

Dövlətimizin və dövlətçiliyimizin möhkəm­ləndirilməsi üçün milli dövlətçilik ənə­nəmi­zin tarixi­nə və onun folklorda gerçək­ləşən mənəvi məsə­lə­lərinin təsvi­rinə və təhlilinə diqqəti artırmaq qarşıda duran mühüm vəzifələrdəndir. Bizim araşdırmaya cəlb etdiyi­miz qay­­naq­ların hər biri məhz bu problem üzrə müs­təqil bir tədqiqatın mövzusu ola bilər və olmalıdır. Gə­ləcək tədqiqatlarda bu problem­lərin daha geniş araşdırmalara cəlb edilməsi də nəzər­dən qaçırıl­ma­malıdır.

Öz-özlüyündə qaçılmaz reallıq olan qloballaşmanın acı təcrübəsi elm sahələrini milli identifika­siya problemi ilə üzbəüz qoyur. Məlum olur ki, böyük-kiçik­liyin­dən asılı olmayaraq, etnosfe­ranın hər bir elementi qloballaşan dünyanın harmo­niya­sında öz yerini tapmasa, bəşəriyyət humanitar fəlakətlərlə üzləşə bilər. Bu, Azər­baycan humanitariyası və onun üzvi tərkib hissəsi olan folklorşü­nas­lıqdan milli identifi­ka­siya sisteminin struktu­runun, funksional dina­mi­kasının və əsas dəyərlər korpusu­nun öyrənilməsini tələb edir. Bu qlobal vəzifəni folklordan kənarda həyata keçirmək isə qeyri-müm­kündür. Çünki folklorun tarixən dəyiş­məz qalan funksiyası məhz milli düçüncə sistemi və milli davranış formulları vəzifəsini ye­rinə yetir­məsidir. Bu isə Azəbay­can və ümumtürk folklor düşün­cəsinin aktual olan simvol və formullarının öyrənilməsini birbaşa nəzər­də tutur.

AMEA Rəyasət Heyətinin 21 fev­ral 2015-ci il tarixli, 5/3 saylı qərarı ilə tövsiyə edilmiş “Türk xalq­larında dövlət simvol, etiket, mərasim və bayramlarının folk­lor baxı­mından genezisi” adlı elmi-tədqiqat proq­ramında da başlıca məq­sə­d türk döv­lətçilik düşüncəsi üçün xarakterik olan simvol­ların strukturunu öyrən­mək, milli etiket, mərasim və bayramları etno­sun total davranış formulu və özünütəşkiletmə modeli kimi folk­lor materialları əsa­sında rekons­truksiya etməkdir. Burada döv­lətçiliyimizin mənə­vi əsaslarını gücləndirən folklor ehtiyat­larının öyrənil­məsi, resak­ralizasiya imkan­larının aydınlaşdırıl­ması, dəyər konsept­lərinin müasir düşüncə və dav­ranışın aktiv hissəsinə daxil edil­məsinin yollarının araşdırılması qarşıya qoyulan əsas məsələ­lərdir.

İşin aktuallığı həm də Azərbaycan türklərinin minillikləri aşan humanitar-mənəvi yaşam təcrübəsinin ən işlək və davamlı sxemlərinin müasir dövlət quru­culuğuna tətbiqi imkanları ilə şərt­lənir.

Dövlətçilik mədəniyyətimizi əks etdirən folklor resursları və ya onunla əlaqəli məsələlər digər istiqa­mətlər ilə yanaşı həm də dövlət­çilik yönümündə, məhz dövlətçiliyimizin monolitliyi na­mi­nə öyrənil­məlidir.

Proqram çərçivəsində hazırlanmış “Folklor və dövlətçilik dü­şün­cəsi” adlı I kitab tarixi və müasir türk dövlətlərinin və türk xalq­larının, o cümlədən Azər­bay­ca­nın dövlət mərasim və bay­ram­­­la­rı­nın tarixi, folklor semantikası və ideyası haqqında elmi qənaətlərimizi əks etdirir.


DÖVLƏTÇİLİK DÜŞÜNCƏSİNİN

ƏSAS İSTİQAMƏTLƏRİ VƏ FOLKLOR
Muxtar Kazımoğlu (İmanov)

mukhtarkazimoglu@gmail.com
FOLKLORE AND THE MAIN DIRECTIONS OF STATEHOOD THOUGHT

SUMMARY


The main factors of statehood such as folk, native land, government and army are idealized in folklore and are associated some how with the divine origin. Folk in folklore is an idea embracing the cult of ancestor. The ancestors being the represen­tatives of the famous past of the nation are remembered in different ceremonies with great respect, the eposes including to the Oghuz­name chains are just performed to the honor of the ancestors.

According to the ancient Turk thinking the native land takes the power from the east – where the Sun rises and is connected with the heavens. It is the manifestation of this thinking that in the epos “Dede Gorgud” the native land means the sacral land, the waters, mountains and trees with divine origin. The heroes of the epos “Dede Gorgud” oath on the sky together with the land, they look to the turbulent rivers, the magnificent mountains and great trees as the divine power source. As other nations Turkic nations also believed that the king came to the government with the power of God. It is the expression of connecting the reign with the divine origin that in tales it is possible to become a king with the help of the state bird perching on his head (the divine fate connecting with the heavens); in the ceremonies the candidate for the kingdom is raised to the sky on the felt or a carpet, returning in the direction of the Sun for nine times is taken forward.

If idealized connecting the heavens with both the social organization (folk), the geographical land and the government, of course, it is natural to name the army in Turkic nations as “God’s army”, to connect the symbol of the flag with the grey wolf and the fight music with the thunder protector.

According to the belief the main function of the king and the army with the divine origin is to save the native land with the divine origin, to provide the living of nation in peace and luxury.



Key words: folklore, ceremony, statehood, social organiza­tion, the geographical place, government, army, idealizing, ho­liness
ФОЛЬКЛОР И ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ МЫШЛЕНИЯ ГОСУДАРСТВЕННОСТИ

РЕЗЮМЕ


Главные факторы государственности – народ, родина, власть и армия в фольклоре идеализируются и в некоторой степени связываются с божественным началом. В фольклоре народ является понятием охватывающим культ предков. Пред­ки - представители славного прошлого народа поми­нают­ся с большим почтением на различных обрядах, дастаны входящие в цикл Огузнаме создаются и исполняются именно в честь древних предков.

Согласно древнетюркским представлениям, родная земля берет силы от Востока (сторона восходящего солнца) и бывает связана с небесами. Клятвы земле, наряду с небесами героев дастана «Деде Коркут», а также отношение к бур­лящим водам, высоким горам, разветвленным деревьям как к источникам божественной силы, являются олицетворением этого представления.

Как и другие народы, тюркские народы верили в то, что правитель избирается на трон по воле Всевышнего. Выра­жением божественного происхождения правителя в сказках является птица счастья (божественная доля связанная с небе­сами), севшая на голову; во время обрядов избрания пра­вителя, кандидата поднимают на ковре над головами, и девять раз поворачивая его в направлении движения солнца, ведут вперед.

Если и социальный институт (народ), и географическое пространство (родина), а также власть идеализируясь связы­ваются с небесами, то вполне естественно называния армии «армией Танры (Бога)», связь флага с боз курдом (серым вол­ком), являющимся символом солнца, а боевых песен (мар­шов) с покровителем грома и молнии у тюркских народов.

Согласно поверьям, основной функцией правителя и войска божественного происхождения, является защита род­ной земли божественного происхождения, обеспечение мира и спокойной жизни народа.

Ключевые слова: фольклор, обряд, государственность, социальный институт, географическое пространство, власть, армия, идеализация, сакрализация
Giriş
Dövlətçilik düşüncəsini tarix, fəlsəfə, sosiologiya, politolo­giya kimi elm sahələri üzrə öyrənmək nə qədər vacibdirsə, folk­lorşünaslıq üzrə öyrənmək də bir o qədər vacibdir. Dövlətçilik düşüncəsi folklorşünaslıq predmetinə çevrilərkən bu düşüncəyə, hər şeydən qabaq, arxaik qatlar baxımından yanaşmaq lazım gəlir. Dövlətçilik düşüncəsində arxaik elementlər axtarmaq isə mifo­logiyadan gələn nöqtələrə diqqət yetirməkdən, qədim dövrlə­rin inanclar sistemini nəzərə almaqdan başlanır. Söhbət Azər­baycan dövlətçilik təfəkkü­rünün arxaik qatlarından gedirsə, bura­da, təbii ki, ümumtürk mifo­logiyasını bir kontekst kimi götür­mədən ötüşmək mümkün deyil. Səbəb aydındır: Azərbaycan döv­lətçiliyi ümumtürk dövlətçi­li­yinin, Azərbaycan mifologiyası da ümumtürk mifologiya­sının tərkib hissə­si­dir. Türk xalqlarında dövlət atributlarının arxaik kökləri­ni vahid bir kontekstdə araş­dırmaq Azərbaycan dövlətçilik düşüncəsini araş­dır­mağın mühüm bir yoludur. Azərbaycan dövlətçiliyinin tarixi kökləri ilə bağlı bir sıra vacib suallara məhz ümumtürk kontekstində cavab axtarmaq bir zərurət kimi ortaya çıxır.

Dövlətçiliyin arxaik köklərini araşdırarkən folklorşünasın üz tutub istinad etdiyi qaynaqlar filosof, tarixçi, sosioloq və poli­toloqun əsaslandığı mənbələrdən fərqlənir. Dövlətçiliklə bağlı əf­sanə və rəvayətlər, nağıl və dastanlar, mərasim və bayramlar ta­rix­çi, sosi­oloq, politoloq və filosof üçün ikinci dərəcəli mənbələr­dirsə, folklor­şünas üçün ən mühüm qaynaqlar sırasına daxildir. Hökmdar kultu ilə, hakimiyyət simvolları ilə, dövlətçiliyə daxil olan digər amillərlə bağlı motivlərin mif, əfsanə, rəvayət, nağıl, dastan, lətifə, atalar sözü, məsəl, bayatı… kimi folklor janrlarında necə əks olun­ması başqa mütəxəssisləri az maraqlandırdığı halda, folklor və döv­lətçilikdən bəhs edən folklorşünasın diqqət mərkə­zində dayanır.

Bugünkü müstəqillik şəraitində folklor və dövlətçilik prob­lemi­ni son dərəcə aktual problemlərdən biri sayan AMEA Folklor İnsti­tutu «Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayram­larının folklor baxımından genezisi» layihəsi üzərində çalışır. AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə 2015-ci ildən həyata keçi­rilən həmin layihənin birinci mərhələsində döv­lətçiliklə bağlı mərasim­lərin və bayramların arxaik köklərini araş­dırmaq başlıca isti­qamət kimi nəzərdə tutulub. Layihənin birinci mərhələsindəki araş­dırmalar əsasında elmi məcmuələrdə layihə iştirakçılarının müx­tə­lif məqalələri çap olunub, 7 dekabr 2015-ci ildə «Folklor və dövlətçilik» mövzusunda I Elmi Konfrans keçi­rilib. Bu kitab bir il müddətində aparılan tədqiqatların, ortaya çı­xan elmi əsərlərin və müxtəlif elmi məruzələrin mühüm müddəa­larını özündə əks etdirir və bununla layihənin birinci mərhələsinə yekun vurulmuş olur.

Layihənin birinci mərhələsində aparılan araşdırmaların ümu­mi istiqamətini doğru-düzgün başa düşmək üçün dövlətçiliklə bağ­lı ən mühüm amilləri nəzərə almaq, aparılan araşdırmaların əsas müddə­alarını həmin amillər işığında dəyərləndirmək lazımdır.


Sosial qurum
Məlumdur ki, dövlət və dövlətçilik anlayışı dörd əsas amillə bağlıdır: sosial qurum – xalq, coğrafi məkan – vətən, hakimiyyət və ordu. Bu amillər folklorda mif, əfsanə, rəvayət, nağıl, dastan, lətifə, atalar sözü, məsəl, bayatı və s. kimi janrlar vasitəsilə, özü­nəməxsus şəkildə təqdim olunur. Özünəməxsusluq, ilk növbədə, ideallaş­dır­madan, dövlətçilik anlayışına daxil olan amillərin müəy­yən qədər ilahi mənşəyə bağlanmasından ibarət olur.

Haqqında danışmaq istədiyimiz xalq anlayışı folklorda ata-baba kultunu özündə birləşdirən bir anlayış kimi təqdim olunur. Qorqud Ata kimi bir övliyanın təmsil olunduğu xalq, konkret olaraq Oğuz eli igidlərin iman yeridir, uğrunda ölməyə hazır ol­duqları müqəddəs toplumdur. Xalqın şanlı keçmişini təmsil edən əcdadlar ehtiramla yad edilir, uca dağlar başında əcdadların ruhuna qurbanlar kəsilir. Əcdad qəbirlərinin düşmənlər tərəfindən dağıdıl­ması ən böyük türk savaşlarının mühüm səbəblərindən birinə çevrilir. Əcdadları yad etmə hökmdar seçmə mərasimlərində mü­hüm yer tutur. Qədim türklərlə xeyli miqdarda oxşar mərasimləri olan proto-monqollarda hökmdar seçilən adamın özündən əvvəlki hökmdarın xatirəsini yad etməsi; yenidən doğulma (inisiasiya) mərasimi üçün tikilmiş xüsusi məbədə girib, ölən ata və anasına dualar oxuması, yeddi ata (əcdadlar) məbədini ziyarət etməsi (Ögel 1989: 297, 299) və s. kimi adətlər qeydə alınıb.

«Xalq»la yanaşı, «vətən» və «dövlət» mənalarını da bildir­məsi el (il) istilahının hər topluma yox, qorunan ərazisi və siyasi müstəqilliyi olan topluma aid edilməsi məsələsini ortaya çıxarır. Aydın olur ki, məhz bu səbəblərdən (yəni ordu ilə qorunan əra­ziyə və müstəqil siyasi hakimiyyətə sahib olması səbəblərindən) el (il) ən yüksək sosial qurum sayılır. Kiçikdən böyüyə müxtəlif sosial qurumları özündə ehtiva edən elin yeri və mövqeyi aşa­ğıdakı sıralanmada daha aydın görünür:

oğuş – ailə;

uruq – ailələr birliyi;

boy – qəbilə, tayfa (siyasi birliyinə görə qəbilələr, tayfalar «ok» adlanır);

bodun/budun – boylar birliyi (bu birlik siyasi baxımdan müstəqil ola da bilər, olmaya da bilər);

il (el) – müstəqil topluluq, dövlət, imperatorluq (Kafesoğlu 1991: 215).



Göründüyü kimi, budundan fərqli olaraq, elin başlıca mahiy­yəti müstəqil topluluq olmasında, müstəqil siyasi iradə ortaya qoy­masındadır. Əgər belədirsə, yəni dövlətçilik el anlayışı üçün ən başlıca amillərdən və şərtlərdən biridirsə, onda biz xalq məsə­lə­sinin folklorda necə təqdim olunmasından danışarkən həmin aspekti xüsusi olaraq nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, «Ki­tabi-Dədə Qor­qud»un da daxil olduğu Oğuznamələr silsiləsində sadəcə olaraq xalqdan, ata-baba və ulu əcdaddan yox, dövlət quran, bu dövlətin güc-qüdrətini artırmaq yolunda döyüşüb-çar­pışan bir xalqdan, həmin xalqın təmsilçiləri olan konkret adam­lardan, yarıtarixi-yarıəfsanəvi ata-babalardan və ulu əcdadlardan söhbət açılır: «Oğuznamənin türkman etnik mühitində etnik kim­lik şüurunun ifadəsi olaraq əcdadlar haqqında dastanlar kimi yarandığını qəti şəkildə söyləmək mümkündür. Bir etnosiyasi birlik olaraq oğuzlar, doğrudan da, türkmanların əcdadı idi. Onlar bu tarixi hadisəni epik hadisəyə çev­i­rib öz əcdadları olan oğuzlar haqqında dastanlar yaratdılar. Burada «ol zəmanlar», «oğuz zə­manı» kimi vəsf olunan epik dünya türkman düşüncəsində tarixə qovuşmuş əcdadların dünyası idi» (Əsgər 2013: 53). Tədqiqat­çılar Oğuznamələrin yaranmasını soykim­liyi şüurunun güclən­mə­si amili ilə əlaqələndirirlər. Məsələn, F.Sümər türkçülük şüurunun güclənməsini «Oğuz kağan» dastanı ilə yanaşı, İbn Dəva­da­rinin bəhs etdiyi Oğuznamənin, həmçinin Rəşidəddin Oğuz­naməsinin yazılmasında başlıca səbəb kimi nişan verir (Sümər 2013: 329). Oğuznamələrin meydana çıxmasına təkan verən türkçülük şüuru­nun mayasında, heç şübhəsiz, cahan dövləti qurmaq ideyası du­rur. Ulu əcdadların «günəş – bayrağımız» deyib, cahan dövləti qurmaq uğrunda apardığı mübarizə Oğuznamələrdən ana xətt kimi keçir: «Oğuz haqqında dastanın həm uyğur, həm də Oğuz­namə versiyasında cahangirlik yürüşlərindən sonra Oğuz öz öv­lad­ları arasında hakimiyyət bölgüsü aparır… Dastanın uyğur versiyasından fərqli olaraq, Oğuznamə versiyası Oğuzun altı oğ­lunun 24 törəməsinin də adlarını sıralayır. Bu, 24 törəmənin adlarının əksəriy­yəti başqa bir şey yox, oba-oba, oymaq-oymaq türkman dünyasının hər tərəfinə səpələnmiş oğuz mənşəli tayfa­ların adlarıdır. Oğuzmanənin funksional mahiyyəti də elə bu yer­də üzə çıxır. Gör­mək çətin deyil ki, boyların adları şəxslən­diri­lərək boyun mənsub­larının əcdadları kimi təqdim olunur və «Oğuz övladı» kimi Oğuznamənin qəhrəmanlarına çevrilir… Orta əsrlərdə hər bir türk­man ailəsinin gerçək əcdadla başlayıb Oğuznamə qəhrəmanları ilə sona yetən soykötükləri olmuşdur. Ağqoyunlu sultanları Bayandır xanın, Osmanlı sultanları Kayı xanın övladları sayılırdı» (Əsgər 2013: 52-53). “Atanın adı övlad üçün ən böyük mülkdür” düşüncəsi ilə yaşayan hər hansı türk boyuna məxsus söykötükdə real əcdadla bərabər, Oğuznamə qəh­rəmanlarının da əsaslı yer tutması orta əsrlərdə Oğuznamələrin bir şəcərə göstəricisi kimi nə qədər böyük əhəmiyyət daşıma­sın­dan xəbər verir. Ehtiyac yaranır ki, Oğuz­namələrdə, o cümlədən «Dədə Qorqud» boylarında Oğuz, Qalın Oğuz, Oğuz qövmü, Oğuz eli adları ilə təqdim edilən toplumun dövlətçiliklə bağlı bəzi səciyyəvi cəhətlərinə diqqət yetirilsin.

«Dədə Qorqud» boylarında tanış olduğumuz toplumun ən çox nəzər-diqqətə çarpan qurumu ailədir, ailədəki ərlə arvad, ata-ana ilə oğul, qardaşla qardaş münasibətləridir. Bu münasibətlər bir-birinə sədaqət, birinin o biri yolunda fədakarlığı üzərində qurulub. Burla xatın oğlu Uruzun qıyma-qıyma doğranmağına belə razı olar, təki əri Qazan xanın namusuna ləkə gəlməsin. Vali­deyn oğulu (Dirsə xanın xatunu Buğacı, Salur Qazan və Burla xatun Uruzu) ölümdən xilas etdiyi kimi, oğul da valideyni (Buğac Dirsə xanı, Uruz Qazan xanı, Yegnək Uşun qocanı) ölümdən xilas edir. Bu cür qarşılıqlı məhəbbət, sədaqət və fədakarlıq qar­daşlar arasında da özünü göstərir. Qardaşı Əgrəyin əsir olduğunu biləndə döyüş təcrübəsi olmayan yeniyetmə Səgrəyi düşmən üzərinə yürüşdən saxlamaq mümkün olmur. Qardaşı Qıyan Səlcuqun öldürülməsi Basatın Təpəgöz kimi müdhiş bir varlığa qarşı döyüşə atılmasında başlıca səbəblərdən birinə çevrilir. Bü­tün bunlar öz yerində. Amma ötəri xatırlatdığımız ər – arvad, valideyn – övlad, qardaş – qardaş münasibətləri ailədaxili müna­si­bətlər olaraq qalırmı? Əlbəttə, yox. Məsələ burasındadır ki, mi­sal çəkdiyimiz qarşılıqlı məhəbbət, sədaqət və fədakarlıq faktları dastanda bu və ya digər şəkildə dövlətçilik mənafeyi ilə əlaqələn­dirilir. Oğulun ata-ana, ata-ananın oğul, qardaşın qardaş yolunda fədakarlığı həm də dövlət, dövlətçilik yolunda fədakarlıq mahiy­yəti daşıyır. Oğuz elində ailənin başçısı və sıravi üzvləri atdığı hər mühüm addıma görə dövlət qarşısında məsuliyyət daşıyır. Atılan addımın hünər nümunəsi olub-olmaması onun nədən ötrü atılması ilə üzə çıxır. El üçün, elin tərkib hissəsi olan ev üçün atıl­mayan addım, görülməyən iş hünər yox, üzüdönüklük, namərdlik kimi qiymət­ləndirilir. Bunu Oğuz igidlərinin hamısı bilir və hər kəs də çalışır ki, hadisələrin fövqündə duran iki varlığa, iki böyük qüdrət sahibinə – Allaha və hökmdara xoş gəlməyən hər hansı bir əmələ yol verməsin. Qırx silahdaşın sözünə inanıb Buğacın nalayiq hərəkətlərə yol verməsinə, sərxoş olub ağsaqqal-ağbirçək kultunu pozmasına inanan Dirsə xan bu xəbərin xanlar xanı Bayındır xana çatacağından narahatdır. O dərəcədə narahatdır ki, Dirsə xan nəzir-niyazla tapdığı yeganə oğlunu ən ağır cəzaya – ölüm cəzasına məhkum etməli olur. Övladının cəmiyyətdəki davranışına görə Dirsə xan xanlar xanı qarşısında məsuliyyət da­şı­yırsa, bu o deməkdir ki, Oğuz elində ailə, doğrudan da, dövlətin ayrılmaz bir parçasıdır. Bunu boyda təsvir olunan mərasimlər də aydın şəkildə göstərir. Belə mərasimlərdən biri “toy” adlanan dövlət mərasimidir. Bu mərasimi xanlar xanı Bayındır xan ildə bir dəfə keçirib Oğuz bəylərini «qonaqlayır». Yenə «toy edib» atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdıran Bayındır xan ağ, qırmızı və qara rəngli üç müxtəlif otağın qurulması haqda buyruq verir: «Kimin ki, oğlı-qızı yoq, qara otağa qondurun, qara keçə altına döşən, qara qoyun yaxnısından öninə gətürün, yer isə yesün, yeməzsə, dursun, getsün… Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun» (Kitabi-Dədə Qorqud 2000: 39). Bayındır xanın bu hökmünü ədalətsizlik saymaq olarmı? Suala cavab verməyə tələs­məyək. Əvvəl görək Bayındır xan bu hökmü ve­rərkən özünə necə haqq qazandırır?! Bayındır xan deyir: «Oğlı-qızı olmayanı Tanrı-Taala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün» (Kitabi-Dədə Qorqud 2000: 39). Deməli, övladsızlıq, Ba­yın­dır xanın, həmçinin Oğuz bəylərinin nəzərində bir bədbəxt­lik­dir. Ailədə nəslin-kökün kəsilməyi kimi başa düşülən övladsızlıq cəmiyyət və dövlət üçün də ciddi narahatlıq doğuran bir məsələ­dir. Ailədə oğul-uşağın doğul­maması ilə orduda döyüşəcək adam­ların sayı azalmış olur. Əgər belə­dirsə, onda biz Bayındır xanın övladsızlıqla bağlı sərt qərarına «hər ailədə oğul-uşaq doğulsun» istəyindən irəli gələn bir qərar kimi baxmalıyıq. Məsələyə bu cür baxdıqda dastançının sadədil müdrik­liyi arxasında hansı mətləbin gizləndiyini başa düşmək çətin olmur. Dastançı sadədil bir mən­tiqlə belə hesab edir ki, Bayındır xanın sərt qərarı Allah-təalanın Dirsə xana övlad bəxş etməsinin mühüm səbə­bidir. Bayındır xa­nın verdiyi qərardan mütəəssir olan Dirsə xan, xatununun məs­lə­həti ilə acları doyurur, yalınları geydirir, borcluları borcdan qur­tarır və bir ağzıdualının alqışıyla Allah-təala onlara bir əyal verir. Sərt qərar igid bir oğlanın dünyaya gəlməsi ilə nəticə­lə­nirsə, dastançının nəzərində, həmin qərara haqq qazandırmaq olar.

Mərasimlərin təsviri baxımından səciyyəvi olan «Buğac» bo­yunda «toy»dan sonrakı mərasimlərdən biri adqoyma məra­simidir. Buğanı öldürməklə ilk dəfə xüsusi hünər göstərmiş olan on beş yaşlı yeniyetməyə adqoyma mərasimi necə, hansı şəkildə keçiril­məlidir? Bütün başqa mərasimlər kimi, bu mərasimin də keçirilmə qaydaları qabaqcadan hamıya bəllidir. Bunu dastandan gətirdiyi­miz aşağıdakı parça açıq-aydın göstərir: «Oğuz bəgləri gə­lüb oğlan üstünə yığnaq oldılar, təhsin dedilər. «Dədəm Qorqut gəl­sün, bu oğlana ad qosun, biləsincə alub babasına varsun, baba­sın­dan oğlana bəglik istəsün, taxt alı versün», – dedilər. Çağır­dılar, Də­də Qorqut gəlür oldu. Oğ­lanı alıb babasına vardı. Dədəm Qor­qut oğlanın babasına soylamış, görəlim, xanım, nə soylamış – aydır:

Hey Dirsə xan, bəglik vergil bu oğlana,

Taxt vergil, ərdəmlidir!” (Kitabi-Dədə Qorqud 2000: 40)

On beş yaşında göstərdiyi hünərə görə bəylik taxtı qazanan Buğacın bir vətəndaş kimi rəsmən qiymətləndirilməsinin ən mü­hüm göstəricisi isə xanlar xanı Bayındır xanın ona münasibətində ortaya çıxır. Qırx namərdin xəyanətinin qarşısını almaqla atasını ölümdən, Oğuz elini siyasi böhrandan xilas etməklə Buğac bu dəfə bəylik taxtını ölkə başçısından almış olur. Buğac «ikinci mər­hələdə ümumdövlət səviyyəsində mövqe tutur – ona xanlar xanı Bayındır xan bəylik verir. Birinci bəylikdə Dədə Qorqudun məsləhəti əsasdır – o, siyasi ağsaqqal deyil, ancaq Bayındır xan si­yasi ağsaqqaldır. İkinci bəylik ictimai əhatənin, bəylik mühiti­nin Buğaca münasibətinin nəticəsidir» (Hacıyev 2014: 149). Əslində, Buğaca verilən birinci bəylik də «ictimai əhatə»nin mü­na­sibətini ifadə edir. Yəni Oğuz bəyləri – məhz ictimai əhatə Bu­ğaca bəylik verilməsi fikrini Dirsə xanın özündən əvvəl irəli sü­rürlər. Bu o deməkdir ki, boyda təsvir olunan hadisələr bir ailə daxilində baş versə də, həmin hadisələrin arxasında ciddi ictimai-siyasi mətləblər dayanır. Öz başlanğıcını dövlət səviyyəli «toy» mərasimindən götürən hadisələr boyda dövlətdən – ailəyə, ailə­dən – dövlətə xətti üzrə cərəyan edir. Hadisələrin inkişaf xəttin­dəki bu mənzərənin təsadüfi olmadığını dastandakı başqa boy­lardan da görmək olur.

Əgər «Buğac» boyundakı dövlət və övlad məsələsindən çıxış etsək, həmin məsələnin başqa boylardakı mənzərəsini izləsək, onda ilk olaraq yada düşən «Bamsı Beyrək» boyu olacaq. Çünki bu boyda da dövlət başçısının «toy» mərasimi övlad məsələsinin qabarıq ortaya çıxması ilə yadda qalır. Mərasim zamanı Bayındır xanın qarşısında Qaragünə oğlu Qarabudağın, sağ yanında Qazan oğlu Uruzun, sol yanında Qazılıq qoca oğlu Yegnəyin durduğunu bildir­məklə ozan diqqəti dövlətin sabahkı durumunun başlıca təminatçısı olan oğullara yönəldir və dərhal Baybörə bəyin nara­hatlığını, onun ah çəkdiyini, dəsmal çıxarıb hönkür-hönkür ağla­dı­ğını dilə gətirir. Məlum olur ki, neçə qızı olsa da, Baybörə bəy oğul həsrətindədir. Oğul istəyini Baybörə bəy ən çox dövlətçilik işləri ilə əlaqələndirir: «Bəglər, tacım-taxtım içün ağlaram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kimsə qalmaya… Mə­nim dəxi oğlum olsa, xan Bayındırın qarşusın alsa-dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam, güvənsəyim!» (Kitabi-Dədə Qorqud 2000: 54). İstər taxt-taca sahib çıxacaq bir oğulun olmamasından narahatlığını bildirəndə, istərsə də doğu­lub-böyüyəcək oğulun Bayındır xana xidmət göstərməsindən danışanda Baybörə bəy məhz dövlətçilik düşüncəsi ifadə etmiş olur. Baybörə bəyin oğul övladdan başlıca umacağı Oğuz eli uğrunda qılınc çalıb, hünər göstərməkdir.

On altı yaşa çatsa da, oğulun bir hünər göstərməməsi Oğuz bəyləri üçün böyük dərddir. Bunu Qazan xanın Uruza münasi­bətindən görmək çətin deyil. Baybörə bəy “toy” törənində oğul­suzluq dərdindən kövrəlib ağlayırsa, Qazan xan da özünün təşkil etdiyi “toy” törənində fərsiz oğul dərdindən kövrəlib ağlayır. Ağlamağımın səbəbini Qazan xan Uruza belə başa salır:

Bərü gəlgil, qulunum oğul!

Sağım ələ baqduğumda

qardaşım Qaragünəyi gördüm,

Baş kəsübdür, qan dökübdür,

Çöndi alubdur, ad qazanıbdır.

Solum ələ baqduğumda

dayım Aruzı gördüm,

Baş kəsübdür, qan döküpdür,

Çöldi alubdur, ad qazanıbdır.

Qarşım ələ baqduğumda səni gördüm,

On altı yaş yaşladın,

Bir gün ola, düşəm öləm, sən qalasan –

Yay çəkmədün, ox atmadın,

Baş kəsmədin, qan dökmədin,

Qanlu Oğuz içində çöldi almadın.

(Kitabi-Dədə Qorqud 2000: 66)

Demək, Oğuz bəylərinin nəzərində oğulsuzluq bir dərddirsə, fərsiz oğul atası olmaq da başqa bir dərddir. Qazan xan bu dərd­dən yalnız o zaman yaxa qurtarır ki, oğlu Uruzun hünər göstər­məsinin şahidi olur və yaxud bu hünərin səsini-sorağını eşidir. Uruzun göstərdiyi igidliklərdən biri atasını əsirlikdən xilas et­mək­dir. Yegnəyin Qazılıq qocanı, Səgrəyin Əgrəyi əsirlikdən qur­tarması kimi, Uruzun da Salur Qazanı əsirlikdən qurtarması öz mahiyyətinə görə ailə çərçivəsindən çıxıb sosial-siyasi əhəmiyyət daşıyır. Qardaşın qardaş, oğulun ata yolunda fədakarlığı nəticə etibarilə Oğuz dövlətinin güclənməsi amalına yönəlmiş olur.

Oğuz elində ailələr dövlətə nə qədər bağlıdırsa, boy (tayfa) birlikləri də dövlətə bir o qədər bağlıdır. «Dədə Qorqud» dasta­nın­da dövlətin güc-qüdrətinin iki əsas boy birliyindən asılı oldu­ğunu görürük: Üç Oq, Boz Oq. Məlumdur ki, bu boy birlikləri Oğuz xanın oğlanları ilə bağlıdır. Rəşidəddin Oğuznaməsinə əsas­lanıb qeyd edə bilərik ki, Oğuz xanın üç böyük oğlu ovda qızıl bir yay, üç kiçik oğlu isə üç qızıl ox tapır. Oğuz xan qızıl ya­yı bölüb hər parasını böyük oğlanlarından birinə, həmçinin oxları kiçik oğlanlarına verir. Beləliklə, böyük oğlanlar Boz Oq, kiçik oğlanlar Üç Oq adlanır (Rəşidəddin 2003; 51-52). «Dədə Qor­qud» dastanında Üç Oq – İç Oğuz, Boz Oq isə Daş Oğuz kimi tanınır. İç Oğuz və Daş Oğuz boy birliklərini düşmənə qarşı döyüşdə həmişə bir yerdə görürük. Oğuz elinin qorunmasında Alp Aruzun başçılıq etdiyi Daş Oğuz (Bozoq) boy birliyi Qazan xanın mənsub olduğu İç Oğuz (Üçoq) tayfa bir­liyindən heç də az hünər göstərmir. Daş Oğuzun başçısı Alp Aruzun adını ozan on ikinci boydakı məlum toqquşmaya qədər hər yerdə məhəbbətlə çə­kir. «Çal qılıcın, ağam Qazan, yetdim» deyib köməyə gələn Oğuz igidləri sırasında ozan Alp Aruzun da adını fəxrlə çəkməyi yaddan çıxarmır. On ikinci boyda isə vəziyyət dəyişir. Bu boyda Alp Aruz boy birlikləri arasında qanlı toqquşmaya bais olan bir adam kimi qınaq hədəfinə çevrilir. Daxili münaqişə baiskarının qınaq hədəfinə çevrilməsi də göstərir ki, boy birliklərinin haki­miy­­yətə qarşı silah qaldırması türk epik düşüncəsi üçün səciyyəvi olmayan bir haldır. Amma bu hal (Alp Aruzun başçılıq etdiyi tay­fa birliyinin hakimiyyətə qarşı qiyam qaldırması) türk dövlətçilik düşüncəsi üçün səciyyəvi olan bir məsələ üzərinə işıq salır. Hə­min məsələ aşağılarla yuxarılar arasında münasibət məsələsidir.

Oğuz xanlıq və bəylik sistemində mövqe və vəzifə tutan adam­larla bağlı iki qayda ciddi şəkildə qorunur: a) mövqe və və­zifə sahibi ictimai-siyasi mövqeyinə uyğun hərəkət etməli, öz vəzifəsini axıracan yerinə yetirməlidir; b) mövqe və vəzifə sahib­lərinə, müvafiq səlahiyyətlər verilməli, gördükləri iş müqabilində onlara diqqət və qayğı göstərilməlidir. Birinci qayda pozulduqda yuxarıların, ikinci qayda pozulduqda aşağıların narazılığı başla­yır. Qırx igidin Buğacı və Dirsə xanı aradan götürmək planlarının kökündə diqqətdən kənarda qalmaq qorxusu dayanır. Adaxlı köynəyi geyən Beyrək dərhal qırx yoldaşı barədə düşünməli, sıra ilə onların hər birinin nişan-toy qayğısına qalmalı olur. Yoldaş­larını əsirlikdən qurtar­mayınca Beyrək öz nişanlısına qovuşmaq, murad verib, murad almaq istəmir. Diqqət və qayğının hesabına­dır ki, qırx igid Beyrək yolunda candan keçməyə hazırdır. Um­duq­larından lazımi diqqət görməyən igidlər çox gərgin anlar ya­şayır, diqqətsizliyi ən doğma adamlarına belə bağışlamaq istəmir­lər. Atası tərəfindən layiqincə qiymətləndirilmədiyini güman edən Uruz öz narazılığını kifayət qədər ağır sözlərlə bildirir:

Qalqubanı yerimdən mən duraram.

Qara gözli yigitlərimi boyuma aluram.

Qan Abqaz elinə mən gedərəm,

Altun xaça mən əlümi basaram,

Pilon geyən keşişin əlin öpərəm,

Qara gözlü kafir qızın mən aluram.

Dəxi sənin yüzünə mən gəlməzəm.

Ağladuğuna səbəb nə, degil mana!

Qara başım qurban olsun, ağam, sana!

(“Kitabi-Dədə Qorqud” 2000: 66)

Sonuncu misra göstərir ki, Uruzu atasına böyük sevgi və sə­daqət hissi bağlayır. Amma əvvəlki misralar bu sevgi və səda­qətin hər hansı ciddi laqeydlik müqabilində düşmənçiliklə əvəz olu­na biləcəyindən xəbər verir. Qazan xanın ətrafındakı adam­ların Uruza qısqanc münasibəti ata ilə oğul arasında hər hansı münaqişə ehtimalını daha da gücləndirir. Düzdür, Qazan xanla Uruz arasında heç bir münaqişə baş vermir. Amma Uruzun Qazan xana dediyi ağır sözlər düşündürüb-daşındırır və həmin düşüncə­lər axarında Qazan xan – Bəkil toqquşmasına da nəzər salmaq ehtiyacı yaranır. Toqquşma Bəkilin ovda göstərdiyi məharətin qiymətləndirilməməsi üstündə baş verir. Qazan xandan inciyib Abxaz elinə gedəcəyini bildirən Uruz kimi, Bəkil də Qazan xan­dan öz incikliyini doqquz tümən Gürcüstana gedəcəyi ilə bildirir. Xoşbəxtlikdən xatununun ağıllı məsləhətindən sonra Bəkil “pad­şa­hına asi olanın işi rast gəlməz” fikri ilə razılaşır və hər şey öz yoluna düşür.

Buğacla qırx yoldaşı, Beyrəklə yaxın silahdaşları, Qazan xan­la Uruz, Qazan xanla Bəkil arasındakı münasibətin xatırlatdı­ğımız epizodları məzmun və mahiyyətcə Qazan xan – Alp Aruz münaqişə­sinə oxşardır. Fərq olsa-olsa münaqişənin miqyasında, necə və nə ilə başa çatmasındadır. Qazan xan – Alp Aruz müna­qişəsinin miqyası geniş, nəticəsi isə acınacaqlıdır. Miqyas ona görə genişdir ki, iki şəxs arasındakı münaqişə ölkənin və dövlətin iki böyük tirəsi arasındakı münaqişə şəkli alır. Nəticə ona görə acınacaqlıdır ki, qardaş qardaşa əl qaldırır, Beyrək kimi yenilməz qəhrəman məhz “qardaş” əli ilə öldürülür.

İç Oğuz – Daş Oğuz toqquşmasına gətirib çıxaran Qazan xan – Alp Aruz münaqişəsinin səbəbini aydınlaşdırmaq istərkən döv­lət törənlərini nəzərə almamaq mümkün deyil. Ona görə ki, dö­yüşdə olduğu kimi, Bayındır xanın təşkil etdiyi «toy» törənlə­rin­də də İç Oğuzla Daş Oğuzu həmişə bir yerdə görürük. Qazan xa­nın «yağma» törəninə gəldikdə isə qeyd etməliyik ki, bu törən, adətən, Üç Oq və Boz Oq «yığnaq olanda» – bir yerə toplananda keçirilir. Amma son yağma törəninə Qazan xan Daş Oğuz bəy­lə­rini çağır­mır. Yağma mərasiminə çağırılmamaq boyda Alp Aru­zun qəzəb­lənib Qazan xana qarşı çıxmasının əsas səbəbi kimi gös­tərilir. Qarşıya cavab verilməsi vacib olan belə bir sual çıxır: bəylərbə­yinin sayğısızlığı müqabilində bəyin kəskin etiraz etməsi nə dərəcədə məqbuldur? Suala cavab vermək üçün boy sistemin­dəki ümumi qaydalara – pozulmaz Oğuz törəsinə üz tutmalı olu­ruq. Nəzərə almalı oluruq ki, «Dədə Qorqud» dastanında təsvir edilən Oğuz elində «hər bəyin özünə aid və üzərin­də yalnız özü­nün hakim olduğu bir ərazisi var. Bəylər yurdlarındakı ordala­rın­da yaşayaraq, başında durduqları boyu idarə edirlər… Bəylərin ağaları öz qol bəyləridir. Üçoxların qol bəyi eyni zamanda bozox qolu bəyinin də rəhbəridir. O bu sifətlə bəylərbəyi ünvanını daşı­yır… Bozox başbuğu Aruz məiyyətində öz qolunun bəyləri (ağası – M.K.) olduğu halda, bəylərbəyi Salur Qazanı ziyarət edir. Rəh­bərlərin vəzifələrinə gəlincə, onlar tabeliklərindəkiləri vəzifəyə təyin etmə­li, yanlarına gələnləri, yaxud çağırılanları ənənələrə uy­ğun olaraq qarşılamalı, eyni səviyyədəki adamlara eyni rəftar gös­tərməli, onların heysiyyətinə toxunacaq, qəlblərini qıracaq heç bir davra­nışa yol verməməlidirlər» (Sümər 2013: 343-344). On ikinci bo­yaqədərki əhvalatlarda Salur Qazanla Alp Aruz arasın­dakı müna­sibətlər bəylərbəyi ilə bəy arasında törəyə uyğun müna­si­bətlərdir. On ikinci boyda yağma törəninə çağırılmayan Alp Aruzun Salur Qazana qarşı çıxması da əslində öz mayasını müəy­yən qədər tö­rədən götürür. Törəyə görə «tabelər hakimlərinə qarşı sayğılı ol­maqla bərabər, hərəkətləri bir kölənin ağasına qarşı dav­ranışından çox uzaq idi. Onlar son dərəcə izzəti-nəfs sahibi, məğ­rur insanlar idi. Hakimlərinin ən əhəmiyyətsiz söz və hərəkət­lə­rinə sərt reak­siya verirdilər» (Sümər 2013: 345). Deməli, yuxarı – aşağı müna­sibətində yuxarıların haqsızlığına qarşı aşağıların etiraz etmə hü­quqları var. Bu həmin hüquqlardır ki, Buğac – qırx silahdaş, Bey­rək – qırx igid, Qazan xan – Uruz, Qazan xan – Bə­kil münasibət­lərində olduğu kimi, Qazan xan – Alp Aruz müna­sibətində də özünü göstərir. Bu nümunələrin hər birində dastanı söyləyən ozan, Oğuz törəsini əzbər bilən bir şəxs kimi, igidlərin etiraz hüququnu o nöqtəyə qədər dəstəkləyir ki, həmin etiraz daxili toqquşmaya gə­tirib çıxarmasın. Məhz daxili toqquşmaya gətirib çıxardığına görə Buğacın qırx silahdaşının etirazı, eləcə də haqqında xüsusi danış­dığımız Alp Aruzun etirazı dastanda mənfi planda təqdim edilir.

İstər ailə, istərsə də boy və boy birliyi kontekstində yanaş­dıq­da xalq anlayışının türk epik ənənəsində ümumi-səciyyəvi cəhətlərini müşahidə edirik. Belə ümumi-səciyyəvi cəhətlərdən bi­ri yuxarıda müəyyən qədər nəzərdən keçirdiyimiz xalqın bü­tövlüyü məsələsidir. Türk epik düşüncəsinə görə, yaşından, cin­sindən, sosial mənsubiy­yətindən asılı olmayaraq, toplumun bü­töv­lüyündə hamı məsuliyyət daşıyır. Uşaqdan-böyüyə, qadından-kişiyə, çobandan-hökmdara qədər hər kəs öz imkanı, sosial və siyasi mövqeyi daxilində vahidliyin pozulmaması naminə səy göstərir, yaxud göstərməlidir.



Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə