Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə22/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   18   19   20   21   22   23   24   25   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

1. Nitqin aydınlığı.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir. “Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi.
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını, işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır. Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Radio və televiziya verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları göstərmək olar: Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar çıxış etdilər. Təcili atəşin dayandırılması tələb olundu. Hadisə yerinə çıxılmış; Rəis mədəni (birinci hecadakı ə uzadılaraq tələffüz olunur) adamdır. O, bu işə məhsuldur. Dövlət film fondundan itmiş məşhur bəstəkar Müslüm Maqomayev haqda film tapılmışdır; Başımıza gətirilən ermənilər tərəfindən vəhşilikləri saymaqla qurtarmaz; Ona müvəffəqiyyət uğurları arzulayıram; Bu il havaların pis keçməsi ilə bağlı qəbahət yaranmışdır; Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın üstünə düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini təsəvvürümə gətirirəm” .
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar toplamaq;
2) Həmin materialı sistemləşdirmək;
3) Mətn yazılıdırsa, dönə- dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq;
4) Söz və qrammatik formaları düzgün və aydın tələffüz etmək;
5) Məzmuna uyğun intonasiya seçə bilmək;
6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək;
7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək;
8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq;
9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşüldüyünü, mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək;
10) Dinləyicilərin şəxsi maraqlarını nəzərə almaq.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.
Diksiyanın pozulması digər tələblərə əməl olunduqda belə (sözlər mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir, səslər qarışdırılır, bitişik şəkildə tələffüz olunur. Məsələn; bizəldi (bizə gəldi), gətdi (gətirdi), gə gedək (gəl gedək), lazım təşkilatlar (lazımi təşkilatlar), çəkşə gələnlər (çəkilişə gələnlər), oagörə (ona görə), sonsamitlə bitən (sonu samitlə bitən), ümqrammatik (ümumi qrammatik), sutiyada (studiyada) və s. Bəzən düzgün tələffüz pis diksiya ilə təhrif olunur.
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, diqqətini başqa istiqamətə yönəldir.
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərf etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə deyir və ya oxuyur. Məsələn; Yaz gələndə bütün ağaclar kimi yasəmən də çiçək açardı. Onun açıq-bənövşəyi gülləri salxım-salxım olub sallanardı. Birinci cümlədə gələndə, kimi, ikinci cümlədə isə gülləri sözlərindən sonra ani fasilə edilir, nəfəs alınır ki, bu da sözlərin, ifadələrin asan, aydın, həm də ahəngdar tələffüz olunmasını təmin edir.
Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla, tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin