Az Book Library Ziqmund Freyd



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix04.01.2020
ölçüsü1,25 Mb.
#30042
1   ...   7   8   9   10   11   12   13   14   15
Ziqmund Freyd - Psixoanalizlə ilkin tanışlıq


On dördüncü mühazirə
İSTƏKLƏRİN GERÇƏKLƏŞMƏSİ
Dəyərli xanımlar və bəylər! İndiyəcən keçdiyimiz yolu sizə bir də yenidən
xatırlatmağa dəyərmi? Unutmamısınızsa, biz yararlandığımız texnika ilə
yuxugörmələri yozmağa başlayanda onların korlanması ilə qarşılaşdıq, bu korlanmanı
necə adlamaq üzərində düşünəndə isə yuxugörmənin mahiyyətcə düşüncələrimizin
körpəliyə qayıdışından yarandığı ilə bağlı olduqca dəyərli bilgilər aldıq. Bundan sonra
isə biz araşdırmalarımızın yardımı ilə əldə elədiyimiz bu sonuclarla yaraqlanaraq,
yuxugörmələrin korlanması problemi üzərində çalışmağa başladıq və mənim inamıma
görə, addım-addım da olsa, bu problemi adlaya bildik. Ancaq biz indi gərək
keçdiyimiz bu iki yolun bizi gətirib çıxardığı sonuclar arasında kəskin bir uyuşmazlıq
olduğunu da boynumuza alaq. Beləliklə də, qarşımızda, gəldiyimiz bu sonucları
tutuşdurmaqla, onlar arasında ilişkilər yaratmaq kimi bir məsələ dayanmaqdadır.
Bildiyiniz kimi, bu yanaşmalarımızın ikisində də üst-üstə düşən belə bir sonuc
vardı: yuxugörmənin gördüyü işin mahiyyəti düşüncələrin qarabasmalı
(hallüsinasiyalı) görüntülərə çevrilməsindən ibarətdir. Bunun necə baş verməsi isə, bir
başsındırıcı tapmaca olaraq, ümumi psixologiyanın problemlərindən biri sayılır və
bunu araşdırmaq bizim işimiz deyildir. Uşaq yuxugörmələrini araşdıranda biz
yuxugörmənin gördüyü işin, yatan insanın psixoloji durumunda yaranan qıcıqları
aradan qaldırmaq üçün, bu qıcıqları yaradan istəkləri gerçəkləşdirməyə çalışdığını
öyrənmişdik. Eləcə də korlanmış olduğunu dediyimiz yuxugörmələri yozmayana kimi
onların da mahiyyətində buna oxşar olan nələrinsə olduğunu deyə bilmirdik. Ancaq
bu işə başlamazdan öncə biz korlanmış yuxugörmələrinin araşdırılmasında da uşaq
yuxugörmələrini araşdırarkən tutduğumuz mövqeyə arxalanmağın düzgün olduğunu
kəsdirmişdik. Bizim bu mövqeyimizin düzgünlüyünü göstərən ilkin tapıntılarımız isə,
doğrudan da, bütün yuxugörmələrin mahiyyətcə uşaq yuxugörmələri olduğunu,
yuxugörmələrin işinin isə, uşaqlıq çağının materiallarından yararlanaraq uşaq
psixologiyasına uyğun və uşaqlığa xas olan mexanizmlərlə işlədiyini bütün aydınlığı
ilə göstərdi. Buradaca korlanmış yuxugörmələr üzrə qarşımıza qoyulmuş problemi
adladığımıza arxayın olmaq üçün bu yuxugörmələrdə də uşaq yuxugörmələrindəki

başlıca özəlliyin: istəklərin gerçəkləşdirilməsinin baş verib-vermədiyini araşdırmağa
başlaya bilərik.
Bir az öncə biz bir sıra yuxugörmələri yozduq, ancaq onlarda istəklərin
gerçəkləşməsi məsələsi bizim baxışlarımızdan yayınmışdı. Məncə, bu durumlarda
sizdə də belə bir arasıkəsilməz sorğular yaranmışdı: burada niyə yuxugörmələrin
başlıca məqsədi adlandırdığımız istəklərin gerçəkləşməsindən söz açılmır? Bu çox
önəmli bir sorğudur və elə bizim dayazdüşüncəli tənqidçilərimiz də bizi küncə
qısnaya bilmək üçün dayanmadan bunu soruşmaqdadırlar. Bildiyiniz kimi, insanlığın
istənilən intellektual yeniliyə qarşı instinktiv olan qorunma reaksiyası vardır. Bu isə
belə yeniliklərin kiçildilib dəyərsiz biçimlərə salınmasında, bacardıqda isə onların
şüarçılığa çevirməsində özünü göstərir. Yuxugörmələrlə bağlı yaranan yeni nəzəriyyə
üçün belə bir başaldadıcı şüar isə istəklərin gerçəkləşməsi oldu. Özlərinin yarımçıq
biliyi ilə öyünməyi sevənlər bu yerdə dillərini uzadıb soruşurlar: yaxşı, hanı o sizin
dediyiniz istəklərin gerçəkləşməsi? Onlar yuxugörmələrdə istəklərin gerçəkləşməli
olduğunu eşidən kimi bunun nyə gözə dəymədiyini soruşur və bununla da bizim
nəzəriyyəmizi dana bildiklərini düşünürlər. Onlar o andaca özlərinin çoxsaylı
yuxugörmələrini xatırlayır, bu yuxugörmələrdə qarşılaşdıqları, qorxuncluğa kimi
gedib çıxan, xoşagəlməz duyğuları ortaya qoyur, bütün bunların yuxugörmə ilə bağlı
yeni nəzəriyyə ilə düz gəlmədiyini deyirlər. Biz heç bir çətinlik çəkmədən onların bu
sorğusuna belə cavab verə bilərik: yuxugörmələr korlanmışdırsa, deməli, onlarda
istəklərin necə gerçəkləşdiyi də açıq-aydın gözə çarpa bilməz, yuxugörməni
bütünlüklə yozmadan onu tapmaq mümkün deyildir. Biz bu korlanmış
yuxugörmələrdəki istəklərin yasaqlanmış istəklər olduğunu da bilirik və elə
yuxugörmələrin senzurasının bu istəklərə qarşı çıxdığı üçün də yuxugörmələri
korladığını artıq sübut eləyə bilmişik. Ancaq üstümüzə ayaq alan bu dayazdüşüncəli
adamlara yuxugörmələri yozub qurtarmadan onların bu istəklərinin də yerinə yetirilə
bilməyəcəyini heç cür anlatmaq olmur. Bunu dönə-dönə desək də, onlar az sonra bu
dediklərimizi unudurlar. Onların yuxugörmələrin istəkləri gerçəkləşdirməsi
nəzəriyyəsinə qarşı yönəlmiş bu yersiz danmalarını “doğruldan” yuxugörmənin
senzurasının yuxugörmələri korlayaraq burada istəklərin gerçəkləşməsini anlaşılmaz
bir duruma salmasıdır.
Düzünü desəm, elə bizim də qarşımızda yuxugörmələrin bir çoxunda nə üçün
belə ağrı-acıların və qorxuncluqların olmasını aydınlaşdırmaq kimi bir sorğu
dayanmaqdadır. Bu durumları aydınlaşdıranda biz ilk dəfə yuxugörmələrdə özünü
göstərən emosional çılğınlıqlarla (affektlərlə) üzləşirik və bu dərindən araşdırılmalı
olan fenomeni öyrənmək də bizim işimiz olmadığından, onu incələməkdən boyun
qaçırmalı oluruq. Doğrudan da, yuxugörmə istəklərin gerçəkləşməsi üzərində
qurulursa, onda yuxugörmələrdə, dayazdüşüncəli adamların dediyi kimi, ağrı-acı
doğuran duyğulara yer olmamalıdır. Ancaq burada bu adamların baxışlarından
yayınan üç mürəkkəblik vardır.
Birincisi, ola bilsin, yuxugörmənin işi istəyin gerçəkləşməsini sonacan yerinə
yetirə bilməmişdir və elə buna görə də istəyi doğuran affektin qalıqları bu ağrı-acılar
şəklində yuxugörmədə qala bilmişdir. Onda gərək yuxugörməni yozandan sonra
istəkləri doğuran düşüncələrin yuxugörmədə üzə çıxan düşüncələrdən qat-qat ağrılı
olduğu sübut olunsun. Yuxugörmələrin yozulması, doğrudan da, bunun elə belə də
olduğunu sübut eləyir. Onda biz burada, yuxugörmənin işinin görməli olduğu işi başa

çatdıra bilmədiyindən, yuxugörmənin də gerçəkləşməli olan istəyə sonacan çata
bilmədiyini düşünməliyik. Doğrudan da, yuxugörən birisi yuxugörməsində nə qədər
su içsə də öz yanğısını söndürə bilmir və sonunda yuxudan ayılıb gerçəkdən su
içməklə susuzluğunu yatırır. Ancaq bu yuxugörmə gerçək bir yuxugörmədir və onun
istəyi gerçəkləşdirmək mahiyyəti daşıdığı da göz önündədir. Bu yerdə belə də demək
olardı: Ut desint vires, tamen est laudanda voluntas (Roma şairi Ovidinin şerindəndir:
Görülən işi başa vurmağa güc çatmasa da, onu görməyə çalışmağı öyməyə dəyər).
Burada da özünü açıq şəkildə göstərən niyyəti öyməyə dəyər. Belə durumlarda
uğursuzluqların baş verməsi də tez-tez olur. Bunun səbəbi isə, bir sıra durumlarda,
yuxugörmənin işinin yuxugörməni yaradan məzmunun içində olan affektləri dəyişib
yuxugörməyə gətirməsinin olduqca çətin bir prosesə çevrilməsidir; affektlər birdən
belə bir dəyişikliyə uğramaqla çevrilməyə qarşı çox böyük tərslik göstərirlər. Belə
çıxır, bu durumlarda yuxugörmənin işi yuxugörməni doğuran düşüncənin ağrı-acılı
məzmununu istəyin gerçəkləşməsi şəklinə salır və ardınca da bu istəyin
gerçəkləşməsini doğruldan yuxugörməyə çevirir, ancaq bu məzmundakı affektin bir
sıra bölümləri, dəyişikliyə uğramadan, yuxugörməyə soxula bilir. Habelə
yuxugörmələrə soxulan affektlər bu yuxugörmələrin məzmunu ilə uyumur və bizim
nəzəriyyəni dananlar bu durumda yuxugörmənin istəkləri gerçəkləşdirməkdən uzaq
olduğunu deyir və bu dediklərini çox vaxt adi məzmunlu bir yuxugörmənin içində
özünü göstərən ağrı-acılarla əsaslandırırlar. Bu məntiqsiz irada bizim cavabımız
belədir: bax elə bu cür yuxugörmələrdə yuxugörmənin işinin sıxıntıya uğramış
istəkləri gerçəkləşdirməyə çalışması daha aydın gözə çarpır. Burada
dayazdüşüncəlilərin yanlışa qapılması isə onların nevrozun nə demək olduğunu
anlamamasından doğur, elə buna görə də bu adamlar istənilən məzmun və onunla
bağlı olan affektin bir-biri ilə çox sıx bağlı olduğunu düşünür və bu məzmunun
dəyişikliyə uğramasının heç də həmişə onunla bağlı olan affektin də dəyişilməsi
demək olmadığını anlaya bilmirlər.
Burada dayazdüşüncəli adamların dəyərləndirə bilmədiyi ikinci, daha önəmli və
dərin olan bir məqam da vardır. Yuxugörmədə istəyin gerçəkləşməsindən, doğrudan
da, gərək həzz duyğusu yaransın, ancaq bu həzz kimdə yaranmalıdır? Sözsüz, bu
həzzi istəyinin gerçəkləşməsini istəyən kimsə almalıdır. Ancaq araşdırmalarımızın
göstərdiyi kimi, çox vaxt yuxugörən kimsələrin yuxugörmədə gerçəkləşən istəklərinə
anlaşılmaz bir yanaşmaları olur. Bir də görürsən o, yuxugörmədə gerçəkləşən bu
istəklərinin olduğunu danır, onları özü də ayıqlıq çağında senzuradan keçirir, çox vaxt
da onları bəyənmir, büsbütün danır. Beləliklə də, onların gerçəkləşməsi özlüyündə bu
yuxugörən kimsəyə həzz yox, iztirab gətirir. Daha sonra, aparılan sınaqların da
göstərdiyi kimi, bu alınacaq həzzə qarşı olan duyğular qorxu duyğusuna çevrilib üzə
çıxırlar və bunun niyə belə olduğunu aydınlaşdırmağın özü də yeni bir sorğunun
yaranmasına gətirib çıxarır. Yuxugörən kimsə özünün yuxuda gerçəkləşməli olan
istəklərinə yanaşmasındakı bu durumda, sanasan, bir-biri ilə qırılmaz ilişkilərlə bağlı
olan iki ayrı-ayrı kimsənin bir kimlikdə qovuşmasından yaranan bir varlığa çevrilir.
Dediklərimin daha yaxşı anlaşılması üçün belə ilişkilərin mahiyyətini açan bir örnəyə,
daha doğrusu, bəlli bir nağıla üz tutaq. Yaxşılıqsevər bir pəri çox yoxsul yaşayan ərlə
arvada onların üç istəyini yerinə yetirəcəyinə boyun olur. Ərlə arvad sevincdən
özlərinə yer tapmır, gerçəkləşdirməli olduqları ən yaxşı istəklərini seçməyə çalışırlar.
Birdən qonşu daxmadan gələn qızardılmış sosis iyinə şirnikən arvad iki dənə belə

sosis istəyir. O andaca sosislər ortalığa gəlir və bununla da artıq onların bir istəyi
gerçəkləşir. Arvadının bu acgözlyündən bərk acıqlanan ər bu sosislərin onun burnuna
yapışıb asılmağını istəyir. O andaca sosislər arvadın burnuna yapışıb sallanır və onları
heç cür qoparıb atmaq olmur, beləliklə də, ərin də bu istəyi gerçəkləşir; ancaq onun bu
istəyinin gerçəkləşməsindən arvadı iztirab çəkməyə başlayır. Nağılda daha sonra nə
baş verdiyini bilirsiniz. Burada ərlə arvad mahiyyətcə bir varlığı, ailəni təmsil
eləyirlər, ona görə də istər-istəməz, onların üçüncü istəyi bu sosislərin arvadın
burnundan qopub düşməsi olur. Biz bu nağıldan başqa durumlarla bağlı da hələ çox
yararlana bilərik; burada isə, baxdığımız bu nağılda bir-biri ilə anlaşa bilməyən iki
kimsənin istəklərinin gerçəkləşməsinin onların hər birində necə xoşagəlməz duyğular
yarada bilməsindən öz işimiz üçün yararlana bilərik.
Bu örnəyin anılması qorxulu yuxuları daha yaxşı anlamaq üçün işimizi
yüngülləşdirir. Deyilənlərə bir müşahidəmizi də artırsaq, onda indi demək istədiyimiz
çox önəmli bir mülahizəmizi doğrulda bilmək üçün çoxsaylı dəlillər də qazana
biləcəyik. Bu müşahidənin göstərdiyi kimi, qorxulu yuxular yuxugörmənin
senzurasından yayınır və məzmunca da, demək olar, büsbütün korlanmamış olurlar.
Qorxulu yuxugörmələr çox vaxt ayıqlıq çağında baş tutmayan və ya yasaq olunan sı-
xışdırılmış istəklərin yuxugörmədə üstüörtülü yox, açıq-açığına gerçəkləşməsindən
yaranır. Başqa yuxugörmələrdə senzuranın gördüyü işi burada qorxu duyğusu yerinə
yetirir. Uşaq yuxugörmələri yolverilən istəklərin gerçəkləşməsindən, korlanmış
yuxugörmələr isə yasaq olunub sıxışdırılan istəklərin maskalanaraq gerçək-
ləşməsindən yaranırsa, qorxulu yuxular bu yasaqlanmış istəklərin açıq-açığına
gerçəkləşməsindən törəyir. Buradakı qorxu yasaqlanan istəklərin yuxugörmənin sen-
zurasından güclü olduğunun göstəricisidir və senzuranın dirənişinə baxmayaraq, bu
istəklər onu üstələyib yuxugörmə kimi gerçəkləşə bilirlər, yaxud da buna çox
yaxınlaşırlar. Biz nəyinsə istək olduğunu dəyərləndirməyə çalışırıqsa və
düşüncələrimiz də yuxugörmənin senzurasının meyarlarına uyğundursa, onda hansısa
yasaqlanaraq sıxışdırılmış istəyin gerçəkləşməyə can atması bizdə ağrı-acılı duyğular
və dirəniş doğuracaqdır. Ona görə də, bilmək istəsəniz, yuxugörmədəki bu qorxu
yasaqlanaraq sıxışdırılmış istəyin üzə çıxmasından yaranır. Bu yasaqlanmış istəyə
qarşı olan dirənişin nə üçün qorxu formasında üzə çıxmasını isə yalnız yuxugörməni
öyrənməklə anlamaq mümkün deyildir; bu qorxunun nədən yaranmasını, görünür,
başqa qaynaqlardan öyrənmək gərəkdir.
Korlanmamış qorxulu yuxugörmələr üçün doğru olan nə varsa, onların elə az-çox
korlanmış və qorxuya yaxın olan xoşagəlməz duyğuların yer aldığı başqa
yuxugörmələr üçün də doğru olacağını düşünə bilərik. Qorxulu yuxugörmələr çox
vaxt yatan kimsəni diksindirib yuxudan oyadır və beləliklə də, yasaqlanmış istəklər
yuxugörmənin senzurasını adlayıb bütünlüklə gerçəkləşməyə macal tapmamış
yuxugörən kimsə ayılır. Bu durumda yuxugörmənin sonucu yarımçıq olur, ancaq bu
heç də yuxugörmənin mahiyyətini dəyişmir. Bir az öncə biz yuxugörməni gecələr
şəhərdə insanların dincliyini qoruyub, onların yuxusunu pozanların qarşısını alan
qarovulçulara bənzətmişdik. Ancaq bəlli olduğu kimi, bu gecə qarovulçuları da dara
düşəndə və insanların yuxusunu pozmaq istəyənlərə gücü çatmayanda hay-küy
salmalı, beləliklə də, bizi yuxudan oyatmalı olur. Ancaq birdən belə də olur:
yuxugörmə necə qorxulu olsa da, biz yatmaqda davam eləyirik. Bildiyiniz kimi, bu

durumlarda bizdə belə bir düşüncə yaranır: “Eh, nə olsun, bu onsuz da
yuxugörmədir”. Və beləliklə də, yatmağımıza davam eləyirik.
Görəsən, yuxugörmədəki istəyin gerçəkləşməsinin senzuraya güc gələ bilməsi
necə baş verir? Bunun baş verməsi yuxugörmədə gerçəkləşən istəkdən də, senzuradan
da asılı ola bilər. Anlaşılmaz bir səbəbdən hansısa belə bir istək qarşısıalınmaz
dərəcədə güclü ola bilər; ancaq mənə elə gəlir, işlərin bu yerə gəlib çıxmasında və güc
nisbətinin belə dəyişməsində çox vaxt yuxugörmənin senzurası suçlu olur. Biz artıq
senzuranın yuxugörmənin ayrı-ayrı yerlərində fərqli intensivliklə işlədiyini və onun
hər bir elementinə də fərqli ciddiliklə yanaşdığını bilirik; burada bu bildiyimiz faktı
bir az da dərinləşdirərək demək istəyirəm: yuxugörmənin senzurası çox dəyişkəndir,
habelə onun hansısa eyni bir ədəbsiz yuxugörmə elementinə yanaşmasında da
ciddiliyinin artıb-əskilməsi baş verir. Belə çıxır, yuxugörmənin senzurasının
ciddiliyinin belə əskilən durumlarında o gücsüzləşir və üstünə yeriyib əlbəyaxa
olmağa gələn hansısa istəyin ondan güclü olduğunu görüb, bu çıxılmaz durumda
sonuncu vasitəyə əl atır: yuxugörmənin içində çox bərk qorxu duyğusu yaradaraq
yatan adamın yuxusunu pozur, onu yuxudan oyatmağa çalışır.
Bu araşdırmalarımızın gedişində belə bir sorğu da qarşıya çıxır: görəsən, bu
iyrənc və yasaqlanmış istəklər nə üçün yalnız gecələr üzə çıxmağa və bununla da
bizim yuxumuzu pozmağa çalışırlar? Bu sorunun cavabını ancaq yuxugörmənin
təbiətinə əsaslanan mülahizə ilə vermək olar. Gündüzlər bizim psixologiyamıza hakim
olan senzura bu istəkləri sıxışdırıb onları gerçəkləşməyə qoymur. Gecələr isə, bu
senzura da, bizim yaşamla bağlı olan bütün maraqlarımız kimi, yuxulamaq istəyir, ya
da belə demək olarsa, ən azından yorğunluğunu almaq üçün mürgüləyir. Elə bu
yasaqlanmış istəklər də canlana bilmələri, özlərini gerçəkləşdirməyə girəvə
qazanmaları üçün də, senzuranın “bir hovur gözünü yummasından” yararlanırlar.
Mənim yata bilməməkdən əziyyət çəkən nevrozlu xəstələrimin bir çoxu, öncə özləri
özlərini yatmaqdan çəkindirdiklərini boyunlarına alırlar. Onlar yatanda gördükləri
qorxulu yuxulara, daha doğrusunu desək, senzuranın zəifləməsindən qorxduqlarına
görə yatmaq istəməmişdilər. Mənə elə gəlir, siz senzuranın belə zəifləməsini onun
ehtiyatsızlığı kimi dəyərləndirmək düşüncəsindən uzaqsınız. Doğrudan da, yatmaq
bizim hansısa işləri görə bilmək üçün olan bütün hərəkətlərimizi dayandırır; bizim
yaramaz niyyətlərimiz nə isə eləmək üçün hərəkətə gəlmək istəsələr də, bu yalnız elə
ziyansız yuxugörmələr yaratmaqdan o yana keçə bilmir və insanın ayıqlıq çağında
özünə yaraşdırmadığı istəklərin yuxuda baş verməsi yatan kimsənin özünü belə bir
düşüncə ilə ovutmasına gətirib çıxarır: axı bu sadəcə yuxudur, qoy bu yaramaz
istəklər nə bilirlərsə eləsinlər, təki mən yatıb yuxumu alım.
Üçüncüsü isə, yuxugörməsində öz istəklərinə qarşı çıxan kimsəni bir-biri ilə çox
sıx bağlı olan iki şəxslə tutuşdurduğumuzu xatırlasanız, onda burada başqa bir
durumun olduğunu da kəsdirəcəksiniz: hansısa istəyin yerinə yetməsi olduqca
xoşagəlməz də ola bilər, daha doğrusu, istəyin yerinə yetməsi bu istək yiyəsinin
cəzasına çevrilə bilər. Burada yenə də yuxarıda baxdığımız üç istəyin gerçəkləşməsi
ilə bağlı olan nağıl bizim köməyimizə gələ bilər: boşqabda ortaya gələn qovrulmuş
sosiska birbaşa birinci şəxsin, arvadın istəyinin gerçəkləşməsi idi; sosiskaların arvadın
burnunda bitməsi onun əri olan ikinci şəxsin istəyinin gerçəkləşməsi idi, bu isə hətta
arvadın öz axmaq istəyini gerçəkləşdirməsinə görə cəzalanması idi. Yuxugörmələrdə
bu nağıldakı olaylardan ikisi yaşanırsa, nevrozlarda biz buradakı üçüncü bir istəyin

gerçəkləşdirilməsinə canatma ilə də üzləşirik. İnsanın psixi yaşamında belə
cəzalandırıcı meyillər çoxdur; onlar çox güclüdürlər və bir sıra yuxugörmələrdəki
ağrı-acıları törədən də elə onlardır. Bu yerdə siz indiyədək yuxugörmələrin istəklərin
gerçəkləşməsi kimi öyülməsinin yerinə düşmədiyini deyə bilərsiniz. Ancaq
araşdırdığımız mövzuya bir az dərindən baxsanız, belə düşünməkdə yanıldığınızı
anlayacaqsınız. Bir az sonra görəcəyimiz kimi, yuxugörmələrə xas olan çoxçeşidlikdə
(bir sıra araşdırıcıların düşüncəsinə görə yuxugörmələr çoxçeşidli olmaya bilməz)
özünü göstərən, istəklərin gerçəkləşməsi – qorxu duyğusunun yaranması –
cəzalandırma duyğusunun yaranması kimi özəlliklərdən hərəsinin özünəməxsus yeri
vardır. Habelə qorxunun gerçəkləşməyə can atan istəyin əksinə olduğunu və bu
əksliyin özlüyündə onlar arasında bir bağlılıq yaratdığını da unutmaq olmaz, bəlli
olduğu kimi, şüurdışında belə əks duyğular bir-biri ilə üst-üstə də düşə bilirlər, başqa
bir yandan, cəzalandırmaq da elə senzuranı yürüdən şəxsin istəyinin gerçəkləşməsi
deməkdir.
Beləliklə də, mən sizin yuxugörmələrin istəklərin gerçəkləşməsi demək olduğunu
irəli sürən nəzəriyyəni danmaqla bağlı dediklərinizin qarşısında bir addım da olsa geri
çəkilmədim. Bununla belə, biz istənilən korlanmış yuxugörmənin də istəklərin
gerçəkləşməsindən yarandığını sübut eləməliyik və bu sorudan yayınmaq düzgün
olmazdı. Gəlin bizim bundan öncə yozduğumuz və dönə-dönə üstünə qayıdıb çoxlu
nəsnələr öyrəndiyimiz, 1 florin 50 krona üç teatr bileti alınan yuxugörmənin üstünə
qayıdaq. Düşünürəm, siz bu yuxugörməni unutmamısınız. Gündüz çağı ərindən,
özündən üç ay kiçik olan bacılığı Elizanın adaxlandığı xəbərini eşidən xanım gecə
yuxusunda əri ilə teatra getdiyini görür. Onların oturduğu parterin, demək olar, yarısı
boşdur. Əri öz xanımına danışır: Eliza da öz adaxlısı ilə teatra gəlmək istəyirdi, ancaq
onlara bir florin əlli krona çox pis yerə üç bilet təklif elədiklərindən tamaşadan boyun
qaçırdılar. Xanım onların gəlməməsinə heyifsilənmir. Bizim yozumumuza görə,
yuxugörmənin anlamı bu xanımın tez ərə getməsindən və ərindən soyumasından soraq
verir. Elə isə onun bu qaranlıq istəyinin açıq yuxugörmədəki izlərini axtaraq və onun
bu istəyinin gerçəkləşməsini aydınlaşdırmağa çalışaq. Biz artıq yuxugörmənin
senzurasının “çox tələsik və vaxtından qabaq” kimi elementləri silib atdığını bilirik.
Bu silinmənin yaratdığı boşluq teatrdakı parterin yarısının boş olması ilə gözə
çarpdırılır. Burada tapmacaya dönən bir florin əlli krona üç bilet almaq isə bizim artıq
bildiyimiz simvollaşdırmanın köməyi ilə açılır. Yuxugörmənin bu elementindəki
üçlük açıq yuxugörmədə kişini simvollaşdırır və yuxugörmənin bu elementi yaxşı
cehizlə özünə ər almaq anlamı daşıyır (xanım öz bacılığının ərə getməsi ilə bağlı
düşünür: mən öz cehizimlə indiki ərimdən on qat yaxşısını ala bilərdim). Ərə getmək
burada açıq-aydın teatra getməklə əvəz olunubdur, tez ərə getməyin yerini isə “teatra
bilet almağa tələsmək” tutur. Ancaq belə bir yerdəyişmənin baş verməsində istəyin
gerçəkləşməsi də əks olunmuşdur. Bu xanımın, bacılığının adaxlandığını eşidəndə tez
ərə getdiyi üçün özünü qınaması, bundan öncələr heç də həmişə özünü
göstərməmişdir. Bir zamanlar o, tez ərə getməyi ilə öyünmüş, bunu öz yaşıdlarından
üstün olması kimi dəyərləndirmişdir. Bəlli olduğu kimi, bizim indiki toplumumuzda
bayağı düşüncəli gənc qızlar adaxlanmalarına bir şeyə görə də sevinirlər: onlar
bununla, teatra gedərək bu çağa qədər onlar üçün yasaq olan tamaşalara baxa
biləcəklərini düşünüb özlərini ağ günə çıxmış sanırlar. Burada özünü göstərən nəyəsə
baxmaq, nələrləsə bərk maraqlanmaq ehtirasının kökündə vaxtı ilə uşaqlıq çağlarında

yaranıb güclənməyə başlamış, cinsi ehtiraslarla bağlı güclü maraq dayanır, bu maraq
isə özünü, ilk öncə, valideynlərinin cinsi yaşamına yönəlməkdə, sonra isə tez ərə
getməklə cinsi yaşamla bağlı hər şeyi özünün yoxlamaq istəməsində göstərmişdir.
Beləliklə də, burada teatra getmək ərə getmək istəyini bildirməklə, yuxugörmədə
onun yerini tutmuşdur. Buna görə də, indi özünün tez ərə getməsindən yaranan
peşmanlıq bu xanımı vaxtilə ərə getməyin onun üçün istək olduğu çağlara qaytarır, axı
onun o çağlardakı istəklərindən biri də cinsi yaşamla bağlı istəklərini ödəməkdən
başqa, hətta ərə getməklə teatra gedə bilmək istəyinə də çata bilməsi olmuşdur.
Burada gizli istəyin yuxugörmədə gerçəkləşməsi ilə bağlı götürdüyümüz bu
örnəyin çox da uğurlu olmadığını deyə bilərsiniz. Ancaq biz başqa korlanmış
yuxugörmələri də bu yöndən araşdırıb, dediklərimizin doğruluğunu onların örnəyində
də göstərə bilərik. Vaxtımızın darlığına görə bunu eləyə bilməsəm də, başqa bu kimi
yuxugörmələrdə də istədiyimiz sonuclara gələ biləcəyimizə inanıram. Vaxt darlığına
baxmayaraq, nəzəriyyəmizin bu məqamı üzərində bir az da dayanmaq istərdim.
Təcrübəmdən bildiyimə görə, yuxugörmə nəzəriyyəsinin bu məqamı onun bütün
başqa məqamlarına nisbətən daha həssasdır və nəzəriyyə ilə bağlı olan
anlaşılmazlıqlarla dirənişlər də ən çox bu məqamla bağlıdır. Bundan başqa da, mənim
burada dediyim: “yuxugörmə istəklərin gerçəkləşməsi, yaxud da bu istəklərə qarşı
yönələn qorxu və cəzalandırmanın köməyi ilə onların aradan qaldırılması üzərində
qurulur” sözümü, siz irəli sürdüyüm nəzəriyyədən necəsə geri çəkilməyim kimi də
başa düşə bilərsiniz və yaranmış bu durumu məni öz baxışlarımdan bir az da çox
daşındıra bilmək üçün əlverişli saya bilərsiniz. Sizin belə bir qınağınız da qulağıma
çatır: deməyəsən, mən özüm üçün aydın olan şeyləri çox qısa bir şəkildə danışıram,
ona görə də sizi dediklərimə yetərincə inandıra da bilmirəm.
Sizlərdən kimsə yuxugörmələrin yozulması ilə bağlı indiyədək dediklərimizin
hamısını izləmişsə də, üstəlik, bu işin gedişində alınan sonucları düzgün sayırsa da,
bununla yanaşı olaraq, çox vaxt “yuxugörmənin istəklərin gerçəkləşdirilməsindən
yarandığı” ilə bağlı müddəa onlarda inamsızlıqdan doğan belə bir sorğu yaradır:
Tutalım, istənilən yuxugörmənin bəlli bir anlamı vardır və psixoanalizin yaratdığı
texnikanın yardımı ilə bu yuxugörməni yozub o anlamları tapmaq mümkündür, onda
nə üçün, bu gizli anlam gərək hökmən istəklərin gerçəkləşməsi şəklinə düşərək üzə
çıxmalıdır? Nə üçün bu gecə düşüncələrinin anlamı gündüz, ayıqlıq çağındakı
düşüncələr kimi çoxçeşidli ola bilmir, daha doğrusunu desək, niyə yuxugörmə bir
yandan hansısa bir istəyin gerçəkləşməsi kimi yaranır, o biri yandan, hansısa istəyin
gerçəkləşməsinə qarşı olan qorxu törədir, yaxud da niyyət kimi, nədənsə çəkinmək
kimi, nəyinsə lehinə və əleyhinə olan eyhamlar kimi, vicdanın qınağı təki, hansısa
görüləcək işi öncədən sınamaq kimi, habelə bu sayaq çoxsaylı anlaşılmazlıqlar da
burada üzə çıxır? Nə üçün burada aparıcı yeri yalnız istəyin gerçəkləşməsi tutur, ən
yaxşı durumda isə bir də bu istəyə qarşı çıxan dirənişlər ortaya çıxır?
Eləcə də burada yaranan anlaşılmazlığı və qarşıdurmanı önəmsiz sayaraq, bunları
adlayıb, başqa bütün yönlərdə anlaşma yaranmasına çalışmağın daha doğru yol
olduğunu da düşünə bilərsiniz. Belə də deyə bilərsiniz: biz yuxugörmənin anlamlı
olduğunu və bu anlamı aydınlaşdırmaq üçün yol olduğunu biliriksə, elə bununla da
kifayətlənmək olar; bütün bunların qarşılığında yuxugörmənin tapdığımız anlamını
necəsə məhdudlaşdırmağın heç bir önəmi yoxdur. Ancaq bu, düzgün yanaşma sayıla
bilməz. Burada düşüncələrin belə qarşılaşaraq toqquşması, bizim yuxugörmə ilə bağlı

qavramlarımızın mahiyyətinə toxunur və nevrozun öyrənilməsi üçün yuxugörmələrin
daşıdığı dəyəri heçə endirir. Bundan başqa da, alverdə üstünlük kimi dəyərləndirilən
yolagəlimlilik və üzgörənlik kimi özəlliklər, elmdə çox yersiz, daha düzünü desək,
olduqca ziyanlıdır.
Yuxugörmə nə üçün çoxanlamlı ola bilməz sorğusuna mən yaranmış
qarmaqarışıq duruma uyğun gələn belə bir cavab verməli oluram: “Mən bunun nədən
belə olduğunu bilmirəm. Bunun başqa cür olmasına qarşı da deyiləm. Qoy lap siz
deyən kimi olsun. Ancaq burada sizin dediklərinizin baş tuta bilməyəcəyini göstərən
kiçik bir detal da vardır, yuxugörmələrin öyrənilməsi onun heç bir durumda sizin
istədiyiniz kimi ola bilməyəcəyini göstərir”. Sizə verəcəyim ikinci cavabımda isə mən
yuxugörmələrdəki düşüncələrin çoxçeşidli formalarda və gerçək intellektual
özəlliklərə uyğun olaraq yaranmasını, özümün d, ürəkdən istədiyimi boynuma alıram.
Keçmişdə mən bir xəstəlik tarixçəsində yazmışdım: xəstə üç gecə dalbadal eyni
yuxunu görmüş, sonradan bu yuxugörmə kəsilmişdir, görünür, onun yuxugörmə ilə
uyğun gələn hansısa niyyətindən daşınması yuxugörmənin təkrarlanmasını anlamsız
eləyə bilmişdir. Bundan başqa da, yuxugörməni birbaşa istəklərin gerçəkləşməsi ilə
bağlamadığım yazılarımın olduğunu da boynuma alıram. Elə isə, mən indi nədən
yuxugörmənin yalnız istəklərin gerçəkləşməsindən yarandığını deyirəm?
Mən bunu yolverilməz bir yanlışlığa qapılmamaq üçün eləyirəm, bu yanlışlıq isə
açıq yuxugörməni onun gizli məzmunu ilə qarışdırmaqdan yaranır və yuxugörmənin
açıq məzmunu ilə onun gizli məzmununu, beləcə, bir-biri ilə qarışdıraraq,
yuxugörmələrin araşdırılmasından aldığımız çox dəyərli sonucları puça çıxarır.
Yuxugörmələrin niyyətlərlə, çəkingənliklərlə, mühakimələrlə, nəyəsə hazırlaşmaqla
bağlanması bütünlüklə doğrudur. Ancaq burada bir şeyi unutmaq olmaz, bütün bu
dediklərimizin hamısı yuxugörmənin açıq məzmunu ilə deyil, yuxugörmənin bu açıq
məzmuna çevrilmiş gizli məzmunu ilə bağlıdırlar. Yuxugörmələrin yozulmasından
bildiyiniz kimi, insanların şüurdışındakı düşüncələrində sadaladığımız bu niyyətlər,
şübhələr, mühakimələr, canatmalar hamısı vardır və yuxugörmənin işi də elə
bunlardan yararlanaraq, yuxugörmə yaradır. Sizi yuxugörmənin gördüyü iş
maraqlandırmırsa, yalnız insan düşüncələrinin şüurdışındakı fəaliyyətini öyrənmək
istəyirsinizsə, onda yuxugörmənin işini bir qırağa qoyub, yuxugörmə ilə bağlı
dediklərinizin üstündə dayana bilərsiniz, yəni onun, doğrudan da, nədənsə
çəkinməkdən, hansısa niyyətdən, habelə sadaladığınız başqa özəlliklərlə bağlı olaraq
yarandığını deyə bilərsiniz. Psixoanalitik araşdırmalarda da, belə yanaşma ilə sıx-sıx
qarşılaşmaq olur: bir çoxları yuxugörmənin formasını dağıdıb, onun yerinə bu
yuxugörməni törədən gizli məzmunun özünü qoymaq istəyirlər.
Yeri gəlmişkən, yuxugörmənin gizli qalan məzmununu araşdıranda sadaladığımız
bu olduqca mürəkkəb psixi proseslərin şüurdışında özünə yer elədiyini öyrənə bilirik,
bu isə, doğrudan da, çox dəyərli və vurğunluqla dolu sonuclardır!
Ancaq gəlin geriyə, öz araşdırmalarımıza qayıdaq. Siz bu dediklərinizi yalnız elə
sözünüzü qısaldaraq söyləməyə çalışdığınıza yozsanız, onda bu danışdıqlarınızı doğru
da saymaq olar, ancaq dediklərinizi bütünlüklə yuxugörmənin mahiyyəti ilə bağlamaq
istəsəniz, onda açıq-aydın yanılmış olacaqsınız. Siz yuxugörmədən danışırsınızsa,
onda gərək ya yuxugörmənin işinin yaratdığı açıq yuxugörməni, ya da şüurdışındakı
gizli məzmundan açıq yuxugörməni yaradan psixi prosesi, yəni yuxugörmənin işini
göz önündə tutasınız. Bu mövzuya yanaşmada hansısa başqa sözdən yararlanmağınız

isə qarışıqlıq yaratmaqla düşüncələrinizdə anlaşılmazlığa gətirib çıxaracaqdır. Siz
birdən öz mühakimələrinizdə açıq yuxugörmənin qaynağı olan yuxugörmənin gizli
məzmununu göz önündə tutursunuzsa, onda bunu aydın bir şəkildə deyin, yoxsa
yuxugörmənin problemlərinə yararlandığınız anlaşılmaz deyimlərdən don
geyindirməyin. Gizli məzmun yuxugörmənin işinin açıq yuxugörməyə çevirdiyi
materialdır. Siz axı nə üçün materialı onu formaya salan işlə qatıb-qarışdırmağa
çalışırsınız? Onda sizin hansısa ərzaq məhsulunu görüb onun necə yarana biləcəyini
aydınlaşdıra bilməyən birisindən nə fərqiniz oldu?
Yuxugörmədə önəmli olan yalnız düşüncə materialından yuxugörmələr yaradan
yuxugörmənin işidir. Biz yaranmış hansısa durumda onu gözardı eləsək belə, nəzəri
baxımdan heç bir halda onu dana bilmərik. Bundan başqa da, analitik izləmələrin
göstərdiyi kimi, yuxugörmənin işi təkcə elə düşüncələri reqressiv formalara salmaqla
bitmir. Yuxugörmənin yaranmasında başlıca hərəkətverici qüvvə olan yuxugörmənin
işi yuxugörməyə çevirdiyi bu gündüzdən qalma yaşantılara onlarla bağlı olmayan
çoxlu yeni detallar da artırır. Bax bu qaçılmaz artırmalar da elə şüurdışından
yuxugörməyə sızan istəklərdir və yuxugörmənin məzmunu da onların gerçəkləşməsi
üzərində qurulur. Beləliklə də, yuxugörməyə onu yaradan gizli düşüncə baxımından
yanaşsanız, onda onun yaranmasına bu dediyiniz niyyətlərin, çəkingənliklərin,
sınaqların və başqa bu kimi düşüncələrin qatıldığını da görəcəksiniz; ancaq siz
yuxugörməyə başqa bir yandan, yəni yuxugörmənin işi kimi yanaşsanız, burada bütün
durumlarda yalnız şüurdışından gəlmə istəklərin gerçəkləşdiyini görəcəksiniz.
Beləliklə də, yuxugörmə heç vaxt sadəcə hansısa niyyətin, şübhənin və bu kimi
nəsnələrin daşıyıcısı olmur, o həmişə bu sadalanan nəsnələrin şüurdışı istəklərin
yardımı ilə arxaik formalara salınması və bu istəklərin gerçəkləşməsinə
yönəldilməsidir. Burada əlamətlərdən biri – istəklərin gerçəkləşməsi dəyişməzdir,
qalanları isə dəyişkəndir; qalan əlamətlər də burada istəklərə çevrilib üzə çıxa bilərlər,
beləliklə də, ayıqlıqda yaşanmış və yuxugörmənin gizli məzmununa qoşulan istəklər
şüurdışı istəklərin köməyi ilə gerçəkləşməyə başlayırlar.
Mən danışdığım bu prosesin necə baş verdiyini çox gözəl anlayıram, ancaq
görəsən, bunları sizin üçün anlaşıqlı olan bir dildə danışa bilirəmmi? Dediklərimin
doğruluğunu sizə sübut eləməyə də çətinlik çəkirəm. Bunun səbəbi isə, bir yandan,
olduqca çoxlu sayda yuxugörmələri dərindən araşdırmadan bu dediklərimin sübut
oluna bilməməsidir, başqa bir yandan da, bizim bir az sonra öyrənəcəyimiz bir çox
nəsnələri bilmədən, yuxugörmə ilə bağlı bu çağa qədər öyrəndiyimiz hələlik çox
kövrək və dəyərli olan anlayışları sonradan öyrənəcəyimiz biliklərlə bağlamadan,
bütün bu dediklərimizi sonacan sübut eləmək mümkün də deyildir. Elə siz özünüz də,
bir-biri ilə qırılmaz tellərlə bağlı və asılı olan iki nəsnədən birinin dərinliyinə
varmadan o birisini dərindən anlamağın mümkün olduğuna inanırsınızmı? Biz indiki
durumumuzda yuxugörməyə təbiətcə ən yaxın olan nevrotik simptomlarla bağlı heç
nə bilmiriksə, onda hələlik öyrənə bildiklərimizlə kifayətlənməli olacağıq. Mən indi
sizə daha bir örnək göstərməklə diqqətinizi bir az da yeniləmək istəyirəm.
Yenə də dönə-dönə üstünə qayıtdığımız 1 florin 50 krona üç teatr bileti almaqla
bağlı olan yuxugörməyə baxaq. Sözün düzü, mən bu yuxugörməni ilk dəfə örnək
olaraq götürəndə onun bizim işimizə belə çox yarayacağını düşünməmişdim. Bu
yuxugörmənin gizli məzmunu sizə bəllidir. Çoxdan ərə getmiş bir xanım öz yaşıdı
olan bacılığının ancaq indi adaxlandığını eşidəndə özünün ərə getməkdə tələsdiyini

düşünür və buna görə özünü qınamağa başlayır; onda ərinə qarşı soyuqluq olduğu üzə
çıxır və o, gəncliyində bir az da gözləsəydi, evlənməkdə daha yaxşı seçim eləyə
biləcəyini düşünməyə başlayır. Burada yuxugörmənin hansı istəkləri
gerçəkləşdirdiyini də bilirsiniz, bu xanımın qızlıq çağında olan istəklərindən nələrisə
yaxından görmək və sınaya bilməklə bağlı istəkləri, teatra getməyə yolunun
açılmasını umması, bir sözlə, ərə getməyin nə demək olduğunu dərindən öyrənə
bilməsi kimi diləkləri də bu yuxugörmədə gerçəkləşir. Bəlli olduğu kimi, uşaqlarda
həmişə özünü göstərən seksual maraqlar onların diqqətini valideynlərinin seksual
yaşamlarına doğru yönəldir, eləcə də, bu körpəlik duyğuları yaşarı olduğundan,
yaşlılarda da belə körpəliklə bağlı olan seksual maraqlar qalır. Ancaq bu ehtirasın
yuxugörmədə gerçəkləşməsi yuxugörəni ovutmur, əksinə onda inciklik və sarsıntılar
yaradır. Biz bu yuxugörməni ilk dəfə yozanda, bu dediyimiz istəklərin olmasına önəm
vermədən, yuxugörmədəki inciklik və sarsıntıların nədən yarandığını araşdırmışdıq.
İnciklik duyğusu öz-özlüyündə yuxugörmə yaratmaq gücündə deyildir; ona görə də
yuxugörmənin işi, yuxugörən kimsənin düşüncələrini geriyə qaytarmadan, onu
körpələşdirib (infantillik) yenidən seksual yaşamla bağlı nəsnələri öyrənməyə olan
maraqlarını oyatmadan, yalnız elə “ərə getməyə tələsmək anlamsızlıq imiş”
düşüncəsindən yuxugörmə yarada bilməzdi. Elə bu körpələşməkdən (infantillikdən)
yaranan seksual yönümlü istəklər də yuxugörmənin məzmununu yaradır, ancaq ərə
getməyi teatra getməklə əvəz eləyir, xanımın keçmişdə olmuş ərə getməklə teatra
ayaq aça bilmək istəyini gerçəkləşdirir və onun bir vaxtlar tez ərə gedə bildiyinə görə
yaşıdları qarşısında öyündüyü yaşantılar da burada gerçəkləşir: baxın, mən ərə gedib
sizin üçün yasaq olan teatr tamaşalarına baxa bilirəm, siz isə bunu eləyə bilmirsiniz;
mən artıq ərə getmişəm, siz isə nə vaxt adaxlı tapıb ərə gedəcəyinizi gözləyirsiniz.
Beləliklə də, gerçək durum yuxugörmədə özünün əksinə çevrilmişdir və keçmişdəki
uğurun yerini özünün yenilməsi, uduzması ilə bağlı düşüncələr tutmuşdur. Bildiyimiz
kimi, əlçatmaz olan ehtirasların ödənilməsi insanın eqoistik həzlərini oxşayır və onda
başqlarından üstünlük və onlarla çəkişmə duyğusu yaradır. Bax elə bu eqoist həzlər də
yuxugörmədə özünü göstərməkdədir: yuxugörən xanım teatrda oturmuşdur, onun
öcəşməyə başladığı bacılığı isə bu tamaşaya gələ bilməmişdir. Belə bir həzz almağın
yaratdığı uyğunsuz və anlaşılmaz görünən bir duruma yuxugörmənin gizli anlamı ilə
bağlı olan düşüncələr də qatılmışdır, ancaq onlar ilk baxışdan gözə çarpmırlar. Ona
görə də yuxugörməni yozarkən bütün diqqəti yalnız istəklərin gerçəkləşməsinin
araşdırılmasına yönəltməklə kifayətlənmək doğru deyildir, burada başlıca məqsəd
yuxugörmənin çox vaxt ağrılı olan gizli düşüncəsini arayıb üzə çıxarmaq, onu bütöv
şəkildə qavramaq olmalıdır.
Diqqətinizə çatdırmaq istədiyim bu düşüncələrimlə yuxugörmənin üzə
çıxardığımız bu gizli məzmununa bir az da artıq diqqət yetirməyinizə çalışmaq
istəyirəm. Birincisi, yuxugörmənin bu gizli məzmununun yuxugörən üçün də gizli
qaldığını və onun şüurdışında yerləşdiyini unutmamağınızı çox istərdim; ikincisi, bu
gizli məzmun ağlabatan və məntiqlidir və yuxugörmənin onların doğurduğu
qıcıqlardan yarandığı inandırıcıdır; üçüncüsü, onlar istənilən psixi fəaliyyətə və
intellektual əmələ uyğun olan dəyərlər daşıya bilirlər. Mən indi bu düşüncəmi
öncələrdə olduğundan daha da qətiyyətlə demək istəyirəm: “gündəlik yaşantıların
qalıqları”, yuxugörən kimsənin onları boynuna alıb-almamasından asılı deyildir. Mən
indi yuxugörmədə özünü göstərən gündəlik yaşantıların qalıqlarını və yuxugörmənin

gizli məzmununu bir-birindən ayırıram, beləliklə də, mən yenə də, öyrəşdiyimiz kimi,
yuxugörmənin yozumunun üzə çıxardığı məzmunu yuxugörmənin gizli məzmunu
adlandırıram, gündəlik yaşantıların qalıqlarını isə yalnız yuxugörmənin gizli
məzmununun bir hissəsi sayıram. Daha sonra, bizim anlayışımıza görə, gündəlik
yaşantıların qalıqlarına yuxugörmənin işi nələrisə artırır, bu artırılanlar isə
şüurdışından gəlmə nəsnələr olmaqla hansısa sıxışdırılmış, yasaqlanmış çox güclü
istəklərdir və yuxugörməni də onlar yaradırlar, hətta onlar olmasa yuxugörmələr də
olmazdı. Elə bu şüurdışından gəlmə istəklərin gündəlik yaşantıların qalıqlarına
təsirindən də yuxugörmənin gizli məzmununun başqa hissələri yaranır və onları
ayıqlıq çağının olayları ilə tutuşduranda məntiqi və anlaşıqlı görünmürlər.
Gündəlik yaşantıların qalıqları ilə şüurdışı istəklərin asılılığını aydınlaşdırmaq
üçün çox vaxt yararlandığım tutuşdurmanı mən burada sizinlə bölüşmək istəyirəm.
İstənilən müəssisənin yaranması üçün onun xərclərini öz üzərinə götürən kapitalist və
bu müəssisəni işlətmək üçün ideyası olan və bu ideyanı gerçəkləşdirməyi bacaran iş
adamı olmalıdır. Yuxugörmənin yaranmasında kapitalistin rolunu şüurdışı istəklər
oynayır; onlar yuxugörmənin yaranması üçün psixi enerji verirlər; iş adamı rolunu isə
gündəlik yaşantıların qalıqları oynayır və onlar verilən enerjini xərcləmək işini öz
üzərlərinə götürürlər. Düzdür, ola bilər, kapitalistin özünün də ideyası olsun, yaxud da
iş adamının özünün də kapitalı olsun. Belə olarsa, onda praktik durum sadələşir, ancaq
onun nəzəri anlamı mürəkkəbləşir. Birdən kapitalist həm də iş adamı rolundadırsa,
onda xalq təsərrüfatında bu bir adam öz işini ikili davranışla doğrultmalı olacaqdır, bir
sözlə, o yerinə görə kapitalist kimi də, iş adamı kimi də işləməli olacaqdır və bizim
tutuşdurmamız yenə də öz gücündə qalacaqdır. Yuxugörmənin yaranmasında da bu
iki işin birləşməsi baş verə bilir, ancaq mən bunu aydınlaşdırmağı sizin öhdənizə
buraxıram.
Mənə elə gəlir, yuxugörmələrlə bağlı araşdırmalarımızda buradan o yana getməyə
dəyməz, habelə, bildiyimə görə, artıq çoxdan diqqət çəkən bir sorğu da sizi özünə
çəkir. Siz soruşmaq istəyirsiniz: doğrudanmı, gündəlik yaşantıların qalıqları da
yuxugörmə yaratmaq üçün onlara qatılan şüurdışı istəklərin olduğu anlamda şüurdışı
sayılmalıdır? Düz eləyib soruşursunuz. Bu sorunun cavabı ilə görmək istədiyimiz işin
bütün mahiyyəti açılır. Mənim cavabım isə belədir: bu iki anlayışlar eyni anlamlı
şüurdışının elementləri sayıla bilməzlər. Yuxugörmənin istəkləri başqa şüurdışına
aiddir, biz onu körpələşmək adı ilə tanıyırıq və onun bu körpələşməyə uyğun bir
mexanizmlə işlədiyini düşünürük. Ona görə də bu iki şüurdışı anlayışı bir-birindən
ayırmaq və onlara fərqli adlar vermək doğru olardı. Ancaq gəlin bu işi görməyi bir az
sonraya, nevrozları öyrənəcəyimiz çağlara saxlayaq. Burada çox maraqlı bir məqam
da yaranır: bu çağa qədər bizi bu şüurdışı anlayışını ortaya atdığımıza görə
qınayırdılarsa, görəsən, biz indi iki növ şüurdışının olduğunu deyəndə nə baş
verəcəkdir?
Gəlin burada dayanaq. Siz burada yenidən yarımçıq bilik aldınız; ancaq aldığınız
bu yarımçıq bilik sizə bizim özümüzün, yaxud da başqalarının sonradan daha da bütöv
bilik ala biləcəyimizlə bağlı inam aşılamırmı? Biz özümüz də keçdiyimiz bu yolda
yetərincə yeni və vurğunluqla qarşıladığımız biliklər qazanmadıqmı?

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin