Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   20   21   22   23   24   25   26   27   28
qayıtmağa ürək eləyəcəkdi? Görəsən, Söhrab bir də nə vaxt gülümsəyəcəkdi? Nə
zaman mənə yenidən etibar edəcəkdi. Bəlkə də, heç vaxt.
Otaqdan çıxıb, başqa bir hotel axtarmağa getdim. Hələ bilmirdim ki, Söhrabın
danışığını bir də bir ildən sonra eşidəcəkdim.
ƏSLİNDƏ SÖHRAB mənim təklifimi qəbul etmədi. Heç imtina da etmədi.
Amma o bilirdi ki, qolundakı sarğılar sağalanda və xəstəxana paltarlarını qayta-
randan sonra o yenidən evsiz-eşiksiz həzara yetimi olacaqdı. Nə seçimi vardı ki?
Hara gedə bilərdi? Odur ki, onun sakit tabeçiliyini razılıq əvəzinə qəbul etməkdən
başqa çarəm yox idi. Bu, nəyisə qəbul etməkdən çox, qərar vermək üçün hədsiz
yorğun və inanmaqdan usanmış birisinin hər şeyi boş verməsinə bənzəyirdi. Onun
arzuladığı keçmiş həyatı idi. Əvəzində isə mən və Amerika vardım. Hər şey nəzərə
alınarsa, bu elə də pis tale deyildi, amma mən bunu ona deyə bilmirdim. Qarşıda
başında kabuslar qaynaşsa da, lüks həyat yaşamaq vardı.
Belə də oldu. Bir həftə sonra zolaqlı xətti keçdik və mən Həsənin oğlunu
Əfqanıstandan Amerikaya gətirdim. Onu bildiyi problemlərin içindən çıxarıb, bilin-
məzlərlə dolu həyatı yaşamaq probleminə düçar etmişdim.
BİR DƏFƏ, 1983, ya 1984-cü il idi deyəsən, Fremontdakı bir video mağazasında
idim. Vestern filmləri bölməsində yanımda super-market kolası içən oğlan barma-
ğını “Möhtəşəm yeddilik” filminə uzadıb, ona baxıb-baxmadığımı soruşdu.
– Hə, on üç dəfə, – dedim. – Sonda Çarlz Bronson ölür, Ceyms Kobörn və
Robert Voun da.
Oğlan mənə elə baxdı ki, elə bil indicə onun kolasının içinə tüpürmüşdüm.
– Çox sağ ol, qaqaş, – deyib, başını bulayaraq, dodaqaltı deyinə-deyinə çıxıb
getdi. Kaseti də almadı. Məhz onda öyrəndim ki, Amerikada filmin sonluğunu kim-
səyə danışmazlar. Bunu etsən, səni lağa qoyub, hekayənin sonluğunu korladığına
görə peşman edəcəklər.
Əfqanıstanda isə adamların bilmək istədiyi elə sonluq idi. Həsənlə mən
Cinema Zeynəbdə hind filminə baxıb, evə qayıdanda Əli, Rəhim Xan, Baba və onun
bir ayağı evimizdə olan çoxsaylı dostları, əmi, dayı uşaqları məhz bunu bilmək

istəyirdilər ki, filmdəki qız xoşbəxt oldumu? Filmdəki uşaq, oğlan muradına yetib,
arzularına çatdımı? Yoxsa filmin sonunda o nakam qalıb, uğursuzluğa düçar oldu?
Sonluq xoşbəxt oldumu – bilmək istədikləri yalnız bu idi.
İndi kimsə məndən Həsənin, Söhrabın və mənim hekayəmizin xoşbəxt
sonluqla bitib-bitmədiyini soruşsa, nə deyəcəyimi bilməzdim.
Əslində kiminsə həyatı xoşbəxt sonluqla bitirmi?
Enində-sonunda həyat hind filmi deyil. Zindəgi miqzara, əfqanlar demişkən,
həyat davam edir, əvvəlindən, sonundan xəbərsiz, xoşbəxt, ya nakam, böhranı,
kulminasiyası ilə birgə tozlu köçəri karvanı kimi yavaş-yavaş yoluna davam edir.
Bu suala necə cavab verəcəyimi bilmirdim. Hətta son bazar günü baş verən
balaca bir möcüzəyə baxmayaraq.
BİZ YEDDİ AY ƏVVƏL, 2001-ci ilin avqustunun isti günlərindən birində evə gəlib
çatdıq. Sürəyya bizi aeroportda qarşıladı. Sürəyyadan heç vaxt bu qədər uzaq
qalmamışdım və o, qollarını boynumun arxasında daraqlayanda, saçlarının almalı
ətri burnuma dolanda onun üçün nə qədər darıxdığımın fərqinə vardım.
– Sən hələ də mənim “yelda” gecəmin dan ulduzusan, – deyə pıçıldadım.
– Nə?
– Heç, – deyib, qulağından öpdüm.
Sonra o Söhrabla göz-gözə gəlmək üçün diz üstə oturdu. Əlini tutdu və ona
gülümsədi.
– Salaam, Söhrabcan, mən sənin Sürəyya xalanam. Biz hamımız səni
gözləyirdik.
Söhraba gülümsəməsinə, gözlərinin dolmasına baxanda onun bətni xilaf
çıxmasa ola biləcəyi ananı görürdüm sanki,.
Söhrab barmağının ucunda qalxıb, gözünü çevirdi.
SÜRƏYYA YUXARI MƏRTƏBƏDƏKİ kabineti Söhrab üçün yataq otağına
çevirmişdi. Onu otağına qaldırıb, yatağında oturtdu. Çarpayının açıq səma rəngli
mələfəsinin üstündə əlvan rəngli çərpələnglər həkk olunmuşdu. Sürəyya divarda
uşağın artan boyunu qeyd eləmək üçün santimetrləri işarələmişdi. Çarpayının ayaq
tərəfində içi kitablarla dolu səbət, lokomotiv və akvarel rəngləri vardı.
Söhrabın əynində İslamabaddan aldığım ağ T-shirt və təzə cins şalvar vardı.
Köynək onun sümüyü çıxmış, batıq çiyinlərində boş sallanırdı. Üzünün rəngi hələ
qayıtmamış, gözlərinin ətrafında hələ də tünd dairələr var idi.
O, indi bizə də xəstəxanada qarşısına qoyulan aş boşqablarına baxdığı kimi,
iştahasız baxırdı.
Sürəyya ondan otağını bəyənib-bəyənmədiyini soruşdu. Onun gözlərini
Söhrabın biləklərindən qaçırdığını, amma yenə də çəhrayı kəsik izinə qaytardığını
gördüm. Söhrabsa əllərini arxasında gizlədib, cavab vermirdi. Sonra, sadəcə,
yatağında yastığın üstündə uzandı. Beş dəqiqə sonra Sürəyya qapının kandarında
dayanıb, onun xoruldamasına baxırdı. Biz də yatmağa getdik və Sürəyya başını

sinəmə qoyub, yuxuladı. Otağın qaranlığında mən yenə də gözüaçıq uzanmışdım.
Yenə gözümə yuxu getmirdi. Yenə oyaq idim. Yenə də öz kabuslarımla üz-üzə.
Gecənin ortasında yataqdan durub, Söhrabın otağına getdim. Orda uşağın başının
üstündə dayanıb, ona baxırdım və yastığın altında nəyisə gizlətdiyini gördüm.
Götürdüm. Rəhim Xanın mənə, mənim də Şah Feysəl Məscidinin qarşısında
oturduğumuz gün Söhraba verdiyim Polaroid şəkil idi. Orada Həsənlə Söhrab
yanaşı dayanıb, günəş şüasından qorunmaq üçün gözlərini qıyıblar. Elə dayanıblar,
sanki, yaxşı, ədalətli bir dünyada yaşayırdılar. Görəsən, Söhrab yuxuya
getməmişdən nə qədər vaxt şəklə gözünü dikibmiş? Şəklə baxdım. Atam ikiyə bö-
lünmüşdü, yazırdı Rəhim Xan. Mən onun rəsmi, cəmiyyətin tanıdığı, qanuni yarısı
və Babanın günahının canlı təcəssümü idim. Həsənə baxdım, iki qabaq dişi yox,
günəş üzünə döyürdü. O da Babanın o biri yarısı idi. Qeyri-rəsmi, imtiyazsız yarısı.
Babanın təmiz və alicənab yarısının varisi. Babanın, ola bilsin ki, qəlbinin
dərinliyində əsl oğlu kimi gördüyü yarısı.
Şəkli geriyə, götürdüyüm yerə qoydum. Bir şeyin fərqinə vardım. Son fikir heç
bir ağrı verməmişdi. Söhrabın qapısını bağlayanda düşündüm ki, ola bilsin
bağışlanma məhz elə belə olur – təntənəsiz-filansız. Sadəcə, ağrı şələ-küləsini
yığışdırıb, heç kimə xəbər vermədən, gecənin bir aləmində yoxa çıxır.
GENERAL VƏ CƏMİLƏ XALA ertəsi gün axşam nahara gəldilər. Saçlarını
əvvəlkindən daha qısa kəsdirmiş və daha tünd çalarlı qırmızı rəngə boyamış Cəmilə
xala desert üçün gətirdiyi badamlı mağutu Sürəyyaya verdi. Söhrabı görəndə üzü
işıqlandı.
– Maşallah! Sürəyyacan bizə sənin nə qədər xoştip, sevimli olduğunu dedi,
amma görürəm sən o dediyindən də yaraşıqlısan, Söhrabcan, – deyib, gətirdiyi
hörmə sviteri uşağa verdi. – Bunu sənin üçün toxumuşam. Gələn qış üçündü.
İnşallah, əyninə yaxşı olar.
Söhrab sviteri ondan aldı.
– Salam cavan oğlan. – Generalın dediyi ancaq bu oldu. İki əli ilə çomağına
söykənib, Söhraba elə baxırdı ki, sanki, kiminsə evində eybəcər bəzək əşyasını nə-
zərdən keçirir.
Cəmilə xalanın zədələrimlə bağlı verdiyi saysız-hesabsız suallara təkrar-təkrar
cavab verdim. Sürəyyadan xahiş etmişdim ki, onlara hücuma məruz qaldığımı
söyləsin. İndi də Cəmilə xalaya heç bir ciddi, ömürlük xəsarət almadığımı,
çənəmdəki məftillərin bir neçə həftə sonra çıxacağını, bundan sonra onun
bişirdiklərini yenə də məmnuniyyətlə yeyəcəyimi dedim və hə, əlbəttə ki, onun
dediyi kimi, yaralarımın daha tez sağalması üçün ravənd kökünün suyunu və şəkər
sürtəcəkdim.
Generalla qonaq otağında oturub şərab içdiyimiz zaman Sürəyya ilə anası
masanı hazırlayırdı. Ona Kabil və Taliban haqqında danışdım. O, əl ağacı dizinin üs-
tündə, dinləyir, ağır-ağır başını tərpədir, ayaq protezini satmaq istəyən adam

haqqında söz açanda isə nırçıldayırdı. Ona Qazi stadionundakı edamlar və Asif
haqqında heç nə danışmadım. Rəhim Xanı soruşdu, bir neçə dəfə Kabildə
görüşdüyünü söylədi. Rəhim Xanın xəstə olduğunu ona deyəndə kədərlə başını
buladı. Amma biz danışdıqca, elə hey başının divanda yatan Söhraba tərəf
çevirdiyini gördüm. Sanki, əslində soruşmaq istədiyinin ətrafında fırlanır, gizlənqaç
oynayırdıq.
General gizlənqaç oyununa nahar zamanı son qoydu. Əlindəki çəngəli yerə
qoyub soruşdu:
– Demək belə, Əmircan, bu oğlanı özünlə niyə gətirdiyini söyləyəcəksən,
eləmi?
– İqbalcan! Bu nə cür sualdır, verirsən? – Cəmilə xala etiraz etdi.
– Sən burda köynək toxuduğun vaxt, əzizim, mən bizim ailənin icma içindəki
nüfuzu haqqında düşünməliyəm. Adamlar sual verəcək. Onlar bilmək istəyəcək ki,
niyə bu həzara uşağı bizim qızımızla yaşayır. Nə deyəcəm onlara?
Sürəyyanın qaşığı əlindən düşdü. Atasına çevrilib, “onlara de ki...” deyə sözə
başlayanda, əlindən tutub araya girdim.
– Yaxşı, yaxşı, Sürəyya, – dedim. – General Sahib haqlıdır. Adamlar sual
verəcək.
– Əmir, – deyə etiraz etmək istədi.
– Təbiidi. – Üzümü generala tutdum. – Bilirsinizmi, General Sahib, atam
qulluqçusunun arvadı ilə yatmış, o da ona Həsən adlı oğlan doğmuşdu. Həsən artıq
ölüb. Divanda yatan o oğlan da Həsənin oğludu. O, mənim qardaşım oğludu.
Adamlar sual verəndə onlara söyləyəcəyiniz də budu.
Hamı gözünü mənə dikmişdi.
– Bir şey də var, General Sahib, – deyə davam etdim. – Bir daha onun
haqqında mənim yanımda “bu həzara uşağı” deyə söz açmayacaqsınız. Onun adı
var – Söhrab.
Yemək bitənə qədər heç kim bir kəlmə də kəsmədi.
SÖHRABIN SAKİT OLDUĞUNU demək yanlış olardı. Sakitlik dinclik ifadəsidir.
Durğunluqmu desəm? Sakitlik olanda həyatın səsi alınır. Burda isə “off” düyməsi
basılmışdı. Söndürülmüşdü. Tamamən.
Söhrabın sükutu məhkumların özünüifadə səssizliyi, yaxud etirazçıların heç
danışmamaqla öz etirazını bəyan etmə üsulu da deyildi. Bu, qaranlıq bir yerdə
qaranlıq bir örtüyün altında gizlənən birisinin sükutu idi.
O bizimlə yaşamaqdan çox, həyatımızda yer tuturdu. Həyatımızın kiçik, amma
çox qiymətli bir parçasını qəsb etsə də. Bəzən marketdə, yaxud parkda adamların
onu, sanki, görmədiyini sezirdim. Sanki o, ümumiyyətlə yox idi. Mən bəzən
oxuduğum kitabdan başımı qaldıranda onun mən sezmədən içəri girdiyinin,
mənimlə üzbəüz oturduğunun fərqinə varırdım. Gəzəndə ayaqlarını, sanki, iz

buraxmamağa çalışırmış kimi basırdı. Hərəkət edəndə havanı yarmamağa
çalışırmış kimi tərpənirdi. Vaxtının çoxunu yuxuda keçirirdi.
Söhrabın sükutu Sürəyya üçün də çox ağır gəlirdi. Biz Pakistanda ikən zəng
edəndə Sürəyya Söhrab üçün planlaşdırdıqlarından söz açardı mənə. Üzgüçülük
dərsləri. Futbol. Boulinq liqası. İndi isə Söhrabın otağının qarşısından keçəndə
baxışları səbətdə açılmamış kitablar, divarda işarələnməmiş boy ölçüsü, yığılmamış
pazlların, yaşana biləcəklərin durğun işarələri üzərində dayanardı. Tumurcuğunda
solan arzuların xatirəsi idi bu əşyalar. Amma o yalnız deyildi. Söhrabla bağlı mənim
özümün də arzularım vardı.
Söhrab sükut içində ikən, dünya susmurdu. Keçən sentyabr ayında bir sabah
Əkiz Qüllələr parça-parça olub yerlə bir oldu və bir gecənin içində dünya dəyişdi.
Birdən-birə hər yerdə Amerika bayrağı peyda oldu. Bayraqlar hər yerdə idi –
taksilərin antenlərində, küçədə, insan axınının içində gəzən piyadaların yaxa-
larında, hətta kiçik incəsənət qalereyalarının və küçə dükanlarının çadır örtükləri
altında əl açıb dilənən San Fransisko yolçularının çirk basmış papaqlarında da. Bir
gün, Satter və Stokton küçələrinin kəsişməsində hər gün akkordeon çalan evsiz-
eşiksiz Editin yanından keçəndə onun da akkordeonunun qutusuna bayraq
yapışdırıldığını gördüm.
Hücumlardan az sonra Amerika Əfqanıstanı bombaladı, Şimal Alyansı
müdaxilə etdi və Taliban siçanlar kimi qaçıb mağaralara doluşdu. Birdən-birə
baqqal dükanında növbədə dayanan adamların mənim uşaqlığımın şəhəri,
Qəndəhar, Herat, Məzari-Şərif haqqında danışmağa başladığını eşitdim. Balaca
olanda Baba Həsəni və məni Qunduz bölgəsinə aparmışdı. Həmin səyahətdən çox
şey xatırlamıram, amma Baba və Həsənlə birgə akasiya ağacının kölgəsində oturub
növbə ilə gil bardaqdan təzə qarpız şirəsi içməyimiz və tumları daha uzağa
tüpürməkdə yarışdığımız yadımdadır. İndi isə Dən Razer və Tom Brokau
43
, hətta
Starbucks kafelərində latte kofesinin kefini çıxaran adamlar da Qunduz bölgəsində
növbəti döyüşdən, Talibanın şimaldakı son istinadgahından danışırdılar. Həmin ilin
dekabrında puştular, taciklər, özbəklər və həzaralar Bonnda toplaşıb, BMT-nin
diqqətli nəzarəti altında vətənlərində iyirmi ildən artıq sürən bədbəxtliyə son qoya
biləcək bir prosesi başladılar. Həmid Kərzayinin qaragül papağı və yaşıl çapanı məş-
hurlaşdı.
Söhrab isə bütün bunların üstündən yarıyuxulu vəziyyətdə keçdi.
Sürəyya da, mən də Əfqan layihələrində işləməyə başladıq. Bunu vətəndaşlıq
borcu ilə yanaşı üst mərtəbədəki sükutu – qara oyuq kimi hər şeyi içinə alıb boğan
sükutu doldurmaq üçün edirdik. Əvvəllər mən belə işlərlə məşğul olmazdım.
Amma bir gün Kəbir adlı birisi – Əfqanıstanın Sofiyadakı keçmiş səfiri zəng edib,
xəstəxana layihəsində yardım edib-etməyəcəyimi soruşanda, mən “hə” dedim.
Əfqanıstan-Pakistan sərhədində yerləşən balaca xəstəxanada minalardan xəsarət
alan əfqan qaçqınlarını müalicə edən balaca cərrahiyyə şöbəsi var idi. Amma sonra
o layihə vəsait çatışmazlığından bağlanmışdı. Mən layihənin meneceri, Sürəyya da

mənim həmkarım oldu. Günün əksər hissəsini kabinetdə, dünyanın dörd bir
tərəfindəki adamlara e-mail yazmaqla, qrant üçün müraciət etməklə, vəsait
toplama tədbirləri planlaşdırmaqla keçirirdim. Hə, bir də Söhrabı Amerikaya
gətirməklə doğru iş gördüyümü deyirdim özümə.
İli Sürəyya ilə divanın üstündə, ayağımız adyalın altında, televizorda Dik Klarka
baxaraq başa vurduq. Ekranda gümüş şar endiriləndə adamlar alqışlayır və bir-
birini öpürdü, gümüş konfettidən səhnə görünməz olmuşdu. Bizim evimizə isə yeni
ilin ilk günü elə ötən ilin son gecəsi kimi girdi. Səssiz.
SONRA, DÖRD GÜN BUNDAN ƏVVƏL, 2002-ci ilin soyuq, yağışlı mart günündə
balaca bir möcüzə baş verdi.
Sürəyyanı, Cəmilə xalanı və Söhrabı Fremontdakı Elizabet gölü parkında
əfqanların toplantısına aparmışdım. General, nəhayət ki, bir ay əvvəl Əfqanıstana,
nazirlikdə hansısa vəzifəyə çağırılmış, iki həftə əvvəl boz kostyumunu və cib saatını
evdə qoyub, ora uçmuşdu. Cəmilə xala əri Kabildə yerləşdikdən bir neçə ay sonra
onun yanına getməyi planlaşdırırdı. Əri üçün yaman darıxır və onun sağlamlığı
sarıdan çox narahat idi, odur ki, təkidlə bir müddət bizimlə qalmasını istədik.
Keçən cümə axşamı, baharın girdiyi və Əfqanların yeni il bayramını qeyd etdiyi
Sal-e-No günü körfəz ətrafında yaşayan əfqanlar yaşadıqları şəhərlərdə tədbirlər
planlaşdırmışdılar. Kəbir, Sürəyya və mənim bayram üçün xüsusi səbəbimiz də
vardı. Ravalpindidəki xəstəxana bir həftə əvvəl işini bərpa etmişdi. Cərrahiyyə hələ
işləməsə də, uşaq klinikası artıq fəaliyyətə başlamışdı. Amma hamımız razılaşırdıq
ki, bu, çox yaxşı başlanğıcdı.
Günəşli günlərdən sonra bazar günü mən başımı yorğanın altından çıxaranda
yağış damlalarının pəncərəni döyəclədiyini eşitdim. Əfqan bəxti buna deyərlər,
düşünüb acı-acı gülümsündüm. Sürəyya yuxuda ikən səhər namazımı qıldım – artıq
məsciddən aldığım namaz dualarına da baxmırdım, ayələr öz-özünə, su kimi axırdı.
Biz günorta gəlib çıxanda altı dirəyin üstündən salınmış müşəmbənin altında
gizlənən bir neçə adam gördük. Artıq kimsə bolani qızardır, fincanlarda çay,
qazanda isə gül-kələm şorbası buğlanırdı. Kasetli maqnitofondan Əhməd Zahir
mahnısının cızılmış lenti səslənirdi. Dördümüz – Sürəyya ilə mən qabaqda, Cəmilə
xala ortada və sarı plaşının quyruğu yellənən Söhrab arxada yaş otun üzərində
qaçanda məni gülmək tutdu.
– Nəyə gülürsən, deyə başının üstündə qəzet tutan Sürəyya səsləndi.
Əfqanları Pağman bağlarından qovub çıxara bilərsən, amma Pağman
bağlarının sevgisini əfqanların canından çıxarmaq qeyri mümkündü, – dedim.
Biz də əldəqayırma çadırın altına keçdik. Sürəyya ilə Cəmilə xala ispanaq
bolanisi qızardan kök qadının yanına keçdilər. Söhrab bir müddət örtüyün altında
qalsa da, sonra yenidən yağışın altına çıxdı. Əlləri plaşının ciblərində, indi qəhvəyi
olduğu görünən, Həsəninki kimi düz saçları başına yapışmış, qəhvə rəngində
nohurun qarşısında dayanıb, ona baxırdı. Heç kim fərqinə varmış deyildi. Heç kim

onu geri çağırmırdı. Vaxt ötdükcə, bizim övladlığa götürdüyümüz qəribə uşaq
haqqında sorğu-suallar yığışmışdı. Əfqan sorğu-sualının necə nəzakətsiz olduğu
nəzərə alınsa, həyatımız xeyli yüngülləşmişdi. Adamlar artıq onun niyə
danışmadığını, niyə başqa uşaqlarla oynamadığını da soruşmurdular. Ən əsası, ona
aşırı qayğı göstərib, halına acımaqla, başlarını yavaş-yavaş bulayıb nırçıldamaları,
“vay, biçarə uşaq, yazıq laldır” deməklə bizə verdikləri işgəncəyə də son qoy-
muşdular. Artıq məsələ köhnəlmişdi. Bozarmış divar kağızı kimi Söhrab da fonun
bir hissəsinə çevrilmişdi.
Mən gümüşü saçlı Kəbirin əlini sıxdım. O, məni ondan artıq adamla tanış etdi.
Onlardan biri pensiyaya çıxmış müəllim, bir başqası mühəndis, daha biri keçmiş
memar, biri də Heyvordda hot-doq dükanı olan keçmiş cərrah idi. Onların hamısı
Babanı Kabildən tanıdıqlarını deyir, onun haqqında ehtiramla danışırdılar. Baba
hamısının həyatına bu və ya digər şəkildə təsir etmişdi. Adamlar mənə bu cür atam
olduğuna görə necə xoşbəxt olduğumu deyirdilər. Biz Kərzayinin qarşısında necə
çətin və yəqin ki, heç kimin çox sağ ol deməyəcəyi bir vəzifə durduğunu, qarşıdan
gələn Loya Cirgə ağsaqqallar məclisini və iyirmi səkkiz illik mühacirətdən sonra
şahın geri qayıtma ehtimalını müzakirə edirdik. 1973-cü ildə Zahir Şahın kuzeninin
onu devirdiyi gecəni xatırladım – pulemyot atəşi və gecənin qaranlığında gümüşü
işıqları, Əlinin məni və Həsəni qolları arasına alıb, bizə “qorxmayın, ördək
ovlayırlar” deməsini.
Sonra kimsə Molla Nəsrəddin lətifələrindən birini danışanda hamı güldü.
– Bilirsənmi, atan çox baməzə adam idi, – Kəbir dedi.
– Eləmi? – deyib, gülümsədim. Babanın, Birləşmiş Ştatlara köçməyimizdən az
sonra Amerika milçəklərindən şikayətlənməsi yadıma düşdü. Mətbəx masasının
yanında, əlində milçəköldürən, oturub, divardan divara uçub, orda-burda
vızıldayan, harasa tələsən milçəklərə baxıb söylənər, “bu ölkədə hətta milçəklər də
zaman basqısını duyur” deyərdi. Mən də gülərdim. İndi də bunu xatırladıqca,
üzümdə təbəssüm oynayırdı.
Saat üç olanda yağış dayandı, amma boz səmada buludlar qatılaşmaqda
davam edirdi. Parkda soyuq meh əsməyə başladı. Daha çox ailə bizə qoşuldu. Əf-
qanlar bir-birini salamlayır, qucaqlayıb öpüşür, yemək ikram edirdilər. Kimsə
manqalda kömür yandırdı və tezliklə sarımsaq və toyuq kababının qoxusu
burnuma doldu. Tanımadığım yeni müğənnilərdən biri oxuyur, uşaqların gülüş səsi
musiqi sədalarına qarışırdı. Söhrab, hələ də plaşını çıxarmayıb, zibil qalağının
yanında çömbəlib, harasa uzağa baxırdı.
Bir az sonra, mən Baba ilə səkkizinci sinifdə birgə oxuduğunu deyən cərrahla
söhbət edəndə Sürəyya qolumdan dartdı.
– Əmir, baxsana.
O göyü göstərirdi. Yuxarıda boz səmada açıq sarıdan tutmuş qırmızıya,
yaşıladək müxtəlif rəngli əlvan çərpələnglər uçurdu.

Sonra, yaxınlıqdakı köşkdə çərpələng satanı göstərib, “gedib sən də birini
alsana”,– dedi.
– Saxla bunu, – deyib, əlimdəki çay stəkanını Sürəyyaya verdim. Üzr istəyib,
ayaqqabılarımı yaş otda şappıldada-şappıldada çərpələng köşkünə doğru addım-
ladım. Orda əlimi sarı rəngli se-parçaya – atlas çərpələngə uzatdım.
– Sal-e-No mübarək, deyib, satıcı uzatdığım iyirmiliyi aldı və mənə çərpələnglə
şüşəli lif sarınmış taxta kələf verdi. Təşəkkür edib, ona da uğurlu yeni il arzuladım.
İpi Həsənin yoxladığı kimi, baş və şəhadət barmaqlarımın arasında tutub dartaraq
yoxladım. Barmaqlarım qanayanda çərpələng uçuran gülümsədi. Mən də
gülümsədim. Çərpələngi Söhrab dayanan yerə apardım. O, hələ də qolları
qoynunda zibil qalağının yanında çömbəlib göyə baxırdı.
– Se-parçadan xoşun gəlir? – soruşdum. Çərpələngi taxta çərçivəsindən
tutmuşdum. Onun gözləri səmadan mənə, sonra çərpələngə, sonra yenidən
səmaya çevrildi. Saçlarından axan yağış suyu üzündən yerə süzülürdü.
– Hardasa oxumuşdum ki, Malayziyada çərpələnglə balıq da tuturlar, – dedim.
– Mərc gəlirəm ki, sən bunu bilmirdin. Onlar tilovun ipini buna bağlayıb, çərpələngi
dayaz suların üstündə uçururlar ki, kölgə salıb balığı qorxutmasın. Qədim Çində isə
generallar döyüş meydanının üstündə uçurduqları çərpələnglərlə ordularına xəbər
çatdırardılar. Doğru sözümdür. Sənə kəf gəlmirəm, – dedim və qanlı barmağımı
göstərdim. – İp də yaxşı ipdir.
Gözümün ucu ilə Sürəyyanın da çadırdan bizə baxdığını gördüm. Əllərini
gərgin şəkildə qoltuğunda gizlətmişdi. Məndən fərqli olaraq o, get-gedə Söhrabla
ünsiyyət qurmaq cəhdlərinə son qoymuşdu. Cavabsız suallar, boş baxışlar, sükut,
bütün bunlar çox ağrılı idi. Odur ki, Sürəyya gözləmə mövqeyinə keçib, Söhrabdan
siqnal gözləyirdi.
Şəhadət barmağımı isladıb, yuxarı tutdum.
– Atan küləyin istiqamətini yoxlamaq üçün yerdən qum götürər, onun
ovcunda hansı tərəfə səpələndiyinə baxardı. O çoxlu belə fənd bilirdi, – dedim.
Barmağımı aşağı saldım. – Məncə, Qərbə tərəfdir.
Söhrab qulağından yağış damcılarını silib, ayağa qalxdı. Heç nə demədi. Bir
neçə ay əvvəl Sürəyya onun səsinin necə olduğunu soruşmuşdu. Mən ona xatırla-
madığımı demişdim.
– Sənə demişdimmi, atan Vəzir Əkbər Xanın ən yaxşı çərpələng uçuranı idi?
Bəlkə də, Kabildə ən yaxşısı olardı, – deyə ipi çərpələngin ortasındakı taxtaya pər-
çimləməyə çalışırdım. – Qonşuluqdakı bütün uşaqlar ona paxıllıq edirdi. O,
çərpələng uçuranda heç göyə də baxmazdı. Adamlar deyirdi ki, o, çərpələngin
kölgəsini izləyir. Amma onlar onu mənim kimi tanımırdılar axı. Atan kölgə-filan
izləmirdi. O sadəcə... bilirdi.
Beş-altı çərpələng də göyə qalxdı. Adamlar əllərində çay, dəstə-dəstə yığışıb,
gözlərini göyə dikmişdi.
– İstəyirsən, bunu uçurmaqda sənə kömək edim? – deyə soruşdum.

Söhrabın gözləri çərpələngdən mənə, sonra yenidən səmaya dikildi.
– Yaxşı, – deyə çiynimi çəkdim. – Belə görürəm bunu tənha uçurmalı olacam.
Tək-tənha.
Kələfi sol əlimdə nizamlayıb, təqribən metr yarım ip boşladım. Sarı çərpələng
yaş otdan azacıq yuxarıda ipdən sallanırdı.
– Son şans, – dedim. Amma Söhrab hələ də gözlərini ağacların yuxarısında
uçan bir cüt çərpələngə zilləmişdi.
– Yaxşı, bax ha, mən getdim, – deyib, qaçmağa başladım. Ayaqqabılarım
gölməçələrdəki suyu kənara sıçradırdı, ipin çərpələng olan ucunu tutan əllərimi
başımın üstündə qaldırmışdım. Son dəfə çərpələng uçurmağımdan xeyli vaxt
keçmişdi və görəsən, bir şey bacararammı deyə düşünürdüm. Qaçdıqca sol
əlimdəki kələfi fırladır, açıldıqca sağ əlimi dalayıb kəsirdi. Çərpələng artıq qalxıb,
çiynimin arxasında süzür, o qalxdıqca, sürəti artırdıqca mən də daha möhkəm qa-
çırdım. Kələf daha sürətlə fırlanır və şüşə lif sağ əlimdə yeni bir yara açırdı. Mən

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin