Ali-İmran surəsi, 114 harun yəhya


Allahdan qorxub çəkinərlər



Yüklə 0,69 Mb.
səhifə3/8
tarix05.05.2017
ölçüsü0,69 Mb.
#16975
1   2   3   4   5   6   7   8

Allahdan qorxub çəkinərlər


... və Onun qorxusundan tir-tir əsirlər. (Ənbiya surəsi, 28)
Allahın böyüklüyünü, gücünü və sonsuz ağlını qavrayan kamil iman sahibləri Rəbbimizə qarşı "hörmət dolu bir qorxu" duyarlar. Allahın Quranda xəbər verdiyi "Nə qədər bacarırsınızsa Allahdan qorxun..." (Təğabun surəsi, 16) əmrinə itaət edərək bu qorxularına sərhəd qoymazlar. Qarşılaşdıqları hər hadisə, ətraflarında gördükləri hər şey Allahın böyüklüyünü təqdir etmələrinə, imanlarının artmasına, bu səbəbdən də qorxularının dərinləşməsinə vəsilə olar.

Belə dərin bir qorxu güclü şəkildə çəkinməni də özü ilə gətirir. Bu çəkinmənin şiddəti insanın Allahın bütün əmr və tövsiyələrini diqqətlə tətbiq etməkdə və Onun məhrum etdiyi şeylərdən də üz çevirməsində özünü müəyyən edir. Bir ayədə kamil iman sahiblərinin bu rəftarı belə bildirilir:
Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 50)
Allah bir ayədə insanların qavrayışını dərinləşdirəcək bir nümunə verərək, razı olacağı qorxuya belə işarə etmişdir:
Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr. (Həşr surəsi, 21)
Ayədə işarə edildiyi kimi, qəlbən iman edənlərin Allah qorxusu da bu cür şiddətli və dərindir.

Kamil iman sahiblərinin Allah qorxusu son dərəcə güclüdür, lakin bu, cahiliyyənin yaşadığı batil qorxular kimi çətin bir qorxu deyil. Bu qorxu mömini onu yaradan və yaşadan Allaha bağlayan, dərin bir hörmət və dərin bir sevgiyə əsaslanan bir qorxudur. İnsana həyat verən, şövq, həyəcan və əzm verən bir qorxudur. Eyni zamanda da mömini Allahın razı olmayacağı rəftardan çəkindirən, xeyir istiqamətində hərəkətə gətirən, Allahın bəyəndiyi əxlaqı qazandıran və bunun nəticəsində də "mənəvi həzz verən" bir duyğudur. Bu qorxu ancaq Allaha duyulan dərin sevgi ilə bir yerdə yaşana bilər. Kamil iman sahibləri Allahı nə qədər çox sevirlərsə, Ondan bir o qədər də çox qorxurlar. Bu iki anlayış hər an bir tarazlıq içərisində yaşanır. Bunlar kamil iman sahiblərinin imanlarının ən əhəmiyyətli göstəricilərindəndir.

Kamil iman sahiblərinin Allahdan içləri titrəyəcək dərəcədə güclü və hörmət dolu bir qorxu ilə qorxmalarına vəsilə olan isə Allahı təqdir edə bilmələridir. Allahın Qahhar (qəhr edən, hər şeyə, hər istədiyini edən, qalib və hakim), Muazzib (əzablandıran), Müntəqim (intiqam alan), Saiq (cəhənnəmə sürən), Müzil (zillətə salan, xor və alçaq edən) sifətlərini bilən möminlər Allahın həm dünyada, həm də axirətdə dilədiyi an, dilədiyi kimsəyə, dilədiyi əzabı verə biləcəyini bilirlər. Bu əzabdan ancaq lazımınca qorxub-çəkinənlərin xilas ola biləcəyinin də şüurundadırlar. Buna görə də başqa heç bir şeydən deyil, yalnız bütün gücün sahibi olan Allahdan qorxarlar.


Allahı hər kəsdən və hər şeydən çox sevərlər
... “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)



Kamil iman sahiblərinin Allah qorxuları kimi, Allaha olan sevgiləri də çox güclüdür. Özlərini yoxdan var edənin, saysız nemətləri xidmətlərinə verənin, onları hər an qoruyanın Allah olduğunu bilirlər. Bütün varlıqların ancaq Onun iznilə həyatda var olduqlarına və yenə də Onun diləməsilə bir gün mütləq yox olacaqlarına, baqi olanın tək Allah olduğuna iman edərlər. Bu həqiqəti qavradıqları üçün bütün sevgilərini onları yaradan və yeganə sahibləri olan Allaha yönəldərlər. Belə ki, Allahı gördükləri, bildikləri, qavradıqları hər şeydən və hər kəsdən çox daha çox sevərlər.

Quranda xəbər verilən "...O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!" (Ənfal surəsi, 40) ayəsində də bildirildiyi kimi, Allahdan daha gözəl bir vəli və köməkçi ola bilməyəcəyinin şüurundadırlar. Üstün bir imana sahib olan Hz. İbrahimin Quranda xəbər verilən bir duası belədir:
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! (Şuəra surəsi, 78-83)
Göründüyü kimi, Hz. İbrahim də ona can verənin, yer üzündəki hər hadisəni idarə edənin, ruzini verənin, xəstəliyi və ona şəfa olacaq imkanı yaradanın və yer üzünün yeganə hakiminin Allah olduğunu çox yaxşı bilir. Bu səbəblə də Allaha könüldən bir sevgi ilə bağlanmışdır. Kamil iman sahiblərinin nümunə götürdükləri Allah sevgisi məhz budur.

Kamil iman sahibləri yaradılmış digər bütün varlıqları da, Allaha olan sevgiləri və bağlılıqları ilə doğru mütənasib olaraq sevirlər. İnsanlara olan sevgilərindəki ölçü onların Allahın əmr etdiyi əxlaqı üzərlərində nə dərəcə daşıdıqlarından asılıdır. Allahın əmr və qadağalarına diqqət edən, Onun əmr etdiyi əxlaqı ən gözəl şəkildə yaşayanlara qarşı dərin bir sevgi bəsləyərlər. Bu insanları sevmələrinin əsl səbəbi onların da Allahı çox sevən, yalnız Allahı dost və vəli edən insanlar olmalarıdır.

Əsl iman möminlərə dünyada gördükləri hər cür gözəlliyin, ağılın və bütün qabiliyyətin Allaha aid olduğunu dərk etdirər. Gözəl, ağıllı, ya da qabiliyyətli bir insanla qarşılaşan möminlər onun bu xüsusiyyətlərindən çox zövq alarlar, amma bütün bunların əsl qaynağının, əsl Yaradıcısının Allah olduğunu da unutmazlar. Bu səbəblə bu xüsusiyyətlərdən aldıqları zövq insanlara qarşı müstəqil bir sevgi meydana gətirməz. Əksinə, ürəklərində yenə Allaha qarşı dərin bir hörmət və dərin bir sevgi meydana gələr.

Dərin bir imana sahib olmayanların isə Allah sevgisində bir zəiflik olduğu görünür. Əslində, bu insanlar özlərini yaradan və həyat verənin, hər yerdə onları qoruyan, saysız nemətləri onlara bağışlayanın Allah olduğunu bilirlər. Ancaq həyatlarının böyük bir hissəsində bu həqiqəti unudur və ya nəzərə almadan yaşayırlar. Allahın yaratdığı varlıqların Allahdan müstəqil bir gücə sahib olduqlarını zənn edirlər. Bu səbəblə də bu varlıqlara Allahdan müstəqil bir sevgi duyurlar. Quranda bu insanların vəziyyəti belə xəbər verilir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)
Bir başqa ayədə kamil iman sahibləri ilə bu insanlar arasındakı fərq belə açıqlanmışdır:
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)


Allahdan başqa İlah qəbul etməzlər
... Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar... (Nur surəsi, 55)
Kamil iman sahiblərinin imanları ağıla və vicdana əsaslanan möhkəm bir imandır. Bu səbəblə də onlar ayələrdə ifadə edildiyi kimi, "heç bir şübhəyə qapılmadan" iman edərlər. Allahı bütün ucalığı və böyüklüyü ilə qavradıqları üçün ONA bənzər başqa bir ilah olmadığını qəbul edərlər. İnananların yol göstəricisi olan Quranda bu həqiqət belə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Bununla bərabər, insanlardan bəziləri də Allahın varlığına iman etməklə bərabər bəzi dünyəvi varlıqların da güc sahibi olduğuna inanır və bunları özlərinə "ilah" olaraq qəbul edirlər. Ancaq bu varlıqlardan bəhs edərkən ağıla yalnız keçmiş əsrlərdəki bütpərəstlərin tapındıqları daşdan, taxtadan oyma heykəllər, ya da primitiv qəbilələrin, batil dinlərin ortaya atdığı saxta ilahlar gəlməməlidir. Dövrümüzdəki cəmiyyətdə insanların özlərinə ilah etdikləri adı qoyulmamış maddi-mənəvi bir çox şey vardır.

Bir insanın Allahdan başqa hər hansı bir varlığı məmnun etməyə çalışması, bu varlığın ona kömək etməyə güc yetirə biləcəyini zənn etməsi, həyatını o varlığın istəkləri istiqamətində tənzimləməsi onu "ilah" etməsi olaraq təyin oluna bilər. Məsələn, bəzi insanlar pul, gözəllik, etibar, mövqe əldə edə bilməyi, ya da öz nəfslərinin istəklərini yerinə yetirməyi həyatlarının yeganə məqsədi halına gətirirlər. Bu insanlar əsl məqsədlərini, yəni Allahın rizasını və cənnətini qazanmaq üçün işi unudurlar. Məhz bu insanlar Allahdan başqa ilah qəbul edən kəslərdir.

Kamil iman sahiblərinin fərqi də bu mərhələdə ortaya çıxır. Çünki onlar bu insanların tam əksinə, dilləri ilə söylədikləri kimi ürəkləri ilə də Allahdan başqa bir ilah olmadığını təsdiq edir və bütün həyatları ilə də bunu isbat edirlər. Onlar "dini yalnız Allaha məxsus edərək" iman edir və Ondan başqa bir ilah qəbul etmirlər. Allah bu səmimi qullarının xüsusiyyətlərini Quranda belə xəbər verir:
Tövbə edənlər, (əməllərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa surəsi, 146)


KAMİL İMAN SAHİBİNİN İBADƏTLƏRİ

Kamil iman sahibi olan bir insan ibadətlərinə göstərdiyi dəqiqliklə özünü müəyyən edir. Allahın fərz qıldığı 5 vaxt namaz, oruc, dəstəmaz ibadətlərini həyatı boyunca (sağlamlıq şərtləri əlverişli olduğu müddətdə) şövqlə davam etdirir. Allah saleh Müsəlmanların ibadət şövqünü bir çox ayəsi ilə xəbər vermişdir:
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu – əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır... (Rəd surəsi, 22-23)
O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. (Həcc Surəsi, 35)
5 Vaxt Namazın Əhəmiyyəti
İmandan sonra gələn ən əhəmiyyətli ibadətlərdən olan namaz möminlərə həyatları boyunca davam etdirmələri əmr edilən, vaxtları təyin olunmuş bir ibadətdir.

İnsan unutmağa və qəflətə düşməyə meylli bir varlıqdır. İradəsindən istifadə etməyib gündəlik hadisələrin axışına qapılsa, əsl diqqətini verməsi və ağlında tutması lazım olan mövzulardan uzaqlaşar. Allahın hər tərəfdən onu sarıb-bürüdüyünü, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allaha verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, qədərin (taleyin) xaricində heç bir hadisənin meydana gəlməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsl məqsədini xatirindən çıxara bilər.

Gündə beş vaxt qılınan namaz isə bu unutqanlıq və qəfləti yox edər, möminin şüurunu və iradəsini canlandırar. Möminin daim Allaha yönəlməsini təmin edər və Yaradıcımızın əmrləri istiqamətində həyat sürməsinə kömək edər. Namaz qılmaq üçün Allahın hüzurunda dayanan kamil iman sahibi olan mömin Allahla güclü bir mənəvi əlaqə qurar. Namazın insana Allahı xatırlatdığı və insanı hər cür pislikdən saxladığı bir ayədə belə bildirilir:
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
Namaz ibadəti başda peyğəmbərlər olmaqla bütün iman edənlərə fərz qılınmış bir ibadətdir. Tarix boyunca insanlara göndərilmiş peyğəmbərlər qövmlərinə Allahın fərz etdiyi bu ibadəti təbliğ etmişlər, özləri də həyatları boyunca bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olmuşlar. Bu istiqaməti ilə namaz Allahın elçilərinin qövmlərinə etdikləri hərəkəti bir təbliğ şəklidir.

Quranda peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə vardır.
- Bir ayədə Hz. İbrahim barədə belə bildirilir:
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)
- Hz. İsmayıl barədə Quranda belə buyurulur:
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)
- Başqa bir ayədə Allah Hz. Musaya belə bildirir:
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Taha surəsi, 14)
Mömin qadınlara nümunə olaraq göstərilən Hz. Məryəmə də namaz qılması əmr edilmişdir:
Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali-İmran surəsi, 43)
Quranda "Allahın sözü" olaraq xarakterizə edilən Hz. İsa da eyni əmri almışdır:
(Körpə dil açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

Namaz hansı vaxtlarda fərz qılınmışdır?
Quranda namazın möminlərə vaxtları təyin olunmuş bir ibadət olaraq fərz qılındığı bildirilir. Ayədə belə buyurulur:
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)
Namaz vaxtları "səhər", "günorta", "ilkindi", "axşam" və "şam" olmaqla beş vaxtdan ibarətdir. Namaz vaxtları bir çox Quran ayəsində açıqca bildirilmişdir. Bunlardan biri belədir:
Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Taha surəsi, 130)
Allahın vəhy və ilhamı ilə Quranı ən yaxşı anlayan və təfsir edən Peyğəmbərimiz də (s.ə.v.) beş vaxt namazın gün ərzindəki başlanğıc və bitmə zamanlarını möminlərə təsvir etmişdir. Namaz vaxtlarının bildirildiyi ən məşhur hədisi-şəriflərdən biri İbn Abbasın bildirdiyi hədisi-şərifdir:

Rəsulallah (əleyhissalatu vəssalam) buyurdular ki: "Cəbrayıl (əleyhissalam) mənə Beytullahın yanında iki dəfə imamlıq etdi. Bunlardan birincidə günortanı kölgə ayaqqabı bağı qədərkən etdi. Sonra ilkindini hər şey kölgəsi qədərkən etdi. Sonra axşamı günəş batdığı və oruclunun orucunu açdığı zaman etdi. Sonra şamı üfüqdəki işıqlıq (şəfəq) itincə etdi. Sonra səhəri şəfəq söküncə və orucluya yemək haram olunca etdi. İkinci səfər günortanı dünənki ilkindinin vaxtında hər şeyin kölgəsi özü qədər olunca etdi. Sonra ilkindini hər şeyin kölgəsi özünün iki misli olunca etdi. Sonra axşamı əvvəlki vaxtında etdi. Sonra şamı gecənin üçdə biri gedincə etdi. Sonra səhəri yer üzü ağarınca etdi. Sonra Cəbrayıl (əleyhissalam) mənə yönəlib: 'Ey Məhəmməd! Bunlar səndən əvvəlki peyğəmbərlərin (aleyhimüssalatu vəssalam) vaxtıdır. Namaz vaxtı da bu iki vaxt arasında qalan zamandır!' dedi.

İstər Quran ayələri, istər Peyğəmbərimizin (s.ə.v.) səhih hədisləri, istərsə də İslam alimlərinin şərhlərindən aydın olduğu kimi namazın beş vaxt olduğu sabit və müzakirəsizdir.

Beş vaxt namaz fərz, vacib və sünnələri ilə 40 rükətdən meydana gəlir. Bu rükətlər namaz vaxtlarına görə aşağıdakı kimidir:

- Səhər Namazı: 2 rükət sünnə, 2 rükət fərz

- Günorta Namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə

- İlkindi Namazı: 4 rükət sünnə, 4 rükət fərz

- Axşam Namazı: 3 rükət fərz, 2 rükət sünnə

- Şam Namazı: 4 rükət ilk sünnə, 4 rükət fərz, 2 rükət son sünnə, 3 rükət vitr namazı

Kamil İman sahibi huşu içində namaz qılar
Huşu – “hörmət dolu qorxu” mənasını verir. Namazı huşu içində qılmaq isə Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, ONA hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namazda Aləmlərin Rəbbi olan Allahın hüzurunda dayandığının şüurunda olan bir mömin əlbəttə ki, bu güclü heybət və qorxunu içində yaşayacaq və Allaha bu qorxusu və hörməti ölçüsündə yaxınlaşacaq.

Namaz ibadətini haqqı ilə yerinə yetirmək istəyən bir mömin huşuna mane olan şeylərə qarşı tədbir almalı, namazda lazım olan diqqət və konsentrasiyanı maksimum təmin etməyə çalışmalıdır.

Rəbbimiz Öz hüzurunda dayandığımızda yalnız ONU xatırlamamızı, ONU ucaltmamızı və bütün əksikliklərdən münəzzəh tutaraq tək ONA ibadət etməyimizi buyurmuşdur. Namazı doğru-düzgün qılmaq da bütün bunları reallaşdırmaq üçün böyük bir fürsətdir. Belə ki, ayədə Allah Onu zikr etmək üçün namaz qılınmasını buyurmuşdur:
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Taha surəsi, 14)
Namazın Fərzləri
A- Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.

Hadesdən təharət.

Nəcasətdən təharət.

Setri övrət.

İstiqbal-i Qiblə.

Vaxt.

Niyyət.

İftitah və ya Təhrimə Təkbiri.

B- İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.

Qiyam.

Qiraət.

Ruku.

Səcdə.

Kade-i axirə.

Hadesdən Təharət: Dəstəmazı olmayan bir kimsənin dəstəmaz almasına, boy dəstəmazı alması lazım olan bir kimsənin də qüsl etməsinə hadesdən təharət deyilir.
Nəcasətdən Təharət: Bədənə geyilən paltarlardan və ya namaz qılınacaq yerlərdən namaza mane olan pisliklərin təmizlənib aradan qaldırılmasına nəcasətdən təharət deyilir.
Vaxt: 5 vaxt namaz vaxtlı-vaxtında qılınmalıdır.
İstiqbal-i Qiblə: Namazı qibləyə, yəni Məkkə şəhərindəki Kəbəyə doğru qılmaq deməkdir.
Niyyət: Qılınacaq namazın hansı namaz olduğunu xatırlayıb niyyət etməkdir.
Təkbir: "Allahu əkbər" cümləsilə Xaliqimizi ucaltmaq deməkdir.
İftitah Təkbiri: Namaza başlayarkən alınan ilk təkbirlərdir.
Qiyam: Üzürlü səbəbi olmayan bir kimsənin namazlarını qılarkən ayaq üstə dayanmasıdır.
Qiraət: Namazda ayaq üstə durarkən Qurani-Kərimdən bir və ya bir neçə ayə oxumaqdır.
Ruku: Ovcunu diz qapaqlarına yapışdıraraq, baş ilə arxanın düz şəkildə ikiqat olması deməkdir.
Səcdə: Burnu, alnı, əlləri, dizləri və ayaqları yerə qoymaq və toxundurmaq səcdə etmək deməkdir.
Kade-i Axirədə Təşəhhüdə Oturmaq: Qılınan namazın son oturuşunda (Əttəhiyyatu) oxuyana qədər oturmaq.

Yuxarıda sayılan maddələrdən Setri Övrət, Qiblə və Dəstəmaz mövzularını açıqlamaqda fayda vardır:
Setri Övrət nədir?

Mükəlləf olan, yəni ağıllı və yetkin olan insanın namaz qılarkən açması və başqa zamanlarda digərlərinə göstərməsi və başqasının baxması haram olan yerlərinə setri övrət (övrət yeri) deyilir. Kişilərin namaz üçün övrəti göbəkdən diz altına qədərdir. Azad olan qadınların əllərindən və üzlərindən başqa hər yerləri, biləkləri, açıq saçları və ayaqlarının altı namaz üçün övrət yerləridir.
Dəstəmaz

Namaz qılacaq möminin əvvəlcə dəstəmaz alması lazımdır. Dəstəmazın müəyyən fərzləri vardır. Bunlar belədir:

-Üzü bir dəfə yumaq

-Dirsəklərlə birlikdə iki qolu bir dəfə yumaq

-Başın dörddə bir qisminə sığal çəkmək

-İki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaq.

Dəstəmazın fərzləri ilə bərabər sünnələri də vardır. Dəstəmaz alan kamil iman sahibi bir möminin yerinə yetirməsi lazım olan sünnələr isə belədir:

-Bəsmələ çəkmək

-Əlləri biləkləri ilə birgə üç dəfə yumaq

-Ağızı ayrı-ayrı su ilə üç dəfə yumaq

-Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq

-Qaşların, saqqalın, bığın altındakı görünməyən dərini islatmaq

-Üzünü yuyarkən iki qaşın altını islatmaq

-Saqqalın sallanan qisminə sığal çəkmək

-Saqqalın sallanan qisiminin içinə sağ əlin yaş barmaqlarını daraq kimi soxmaq

-Dişləri bir şey ilə sürtmək, təmizləmək

-Başın hər tərəfinə bir dəfə sığal çəkmək

-İki qulağa bir dəfə sığal çəkmək

-Boynun arxasını üç bitişik barmaqlarla bir dəfə sığallamaq

-Əl və ayaq barmaqlarının arasını təmizləmək

-Yuyunacaq yerləri hər birində üzvün hər yeri islanacaq şəkildə üç dəfə yumaq

-Üzü yuyarkən ürəkdə niyyət etmək

-Tərtib, yəni sıra ilə iki əli, ağızı, burnu, üzü, qolları, başı, qulaqları, boynun arxası və ayaqları yumaq və məsh çəkmək

-Yuyunan yerləri sürtmək

-Hər üzvü bir-birinin ardınca yuyub ara verməmək.
Qiblə

Məkkə şəhərində və Məscid-ül Həramda yerləşən Kəbə qiblədir və müsəlmanların namaz qılarkən ona doğru yönəlmələri lazımdır. İslamın beş şərtindən biri olan namaz ibadəti qiblə istiqamətinə dönülərək reallaşdırılır. Qurani-Kərimdə möminlərin namaz qılarkən üzlərini Kəbə istiqamətinə yönəltmələri bildirilmişdir. Məkkənin xaricində və Məkkədən uzaq olanların "qiblə istiqamətinə doğru dayanması" kifayətdir.

İslam dini Kəbəni bir olan Allaha ibadət mərkəzi olaraq tanıtmış və müsəlmanlara namaz qılanlar və ibadət edənlər arasında vəhdət, birlik və nizam olması üçün dünyanın harasında olurlar-olsunlar üzlərini qibləyə çevirmələrini əmr etmişdir.

Qibləyə doğru namaz qılmaq Kəbəni təmir edən Hz. İbrahimlə (ə.s) Hz. İsmayılın (ə.s) xatirələrini xatırlamanın və ibadət üçün Allaha yönəlməyin gözəl bir nümunəsidir. İnsanın yemək yeyərkən, yatarkən də bu işləri qibləyə doğru etməsi yaxşıdır. İnsan ölüncə torpağa tapşırılanda da üzü qibləyə çevrilməlidir.
Qiblə Necə Təyin edilir?
Qiblə Kəbənin binası deyil, torpağıdır, yəni yerdən Ərşə qədər olan boşluq qiblədir. Buna görə dənizin altında, ya da səmada ikən bu istiqamətdə namaz qılına bilər.

Qibləni riyazi hesablarla hesablamaq mümkün olduğu kimi, kompasın (qütb ulduzu) köməyi ilə də doğru istiqaməti tapmaq mümkündür. Hesab və alətlə edilən hesablamalarda qiblə tapılmasa da, istiqaməti müəyyən edilə bilər. Qiblənin təyinində qüvvətli zənnə əsaslanan təsbitlər qəbul olur.

Mehrab tapılmayan, hesab, ulduz kimi şeylərlə də aydın ola bilməyən yerlərdə qibləni bilən müsəlmanlardan soruşmaq lazımdır.

Gəmi, qatar kimi hərəkət edən yerlərdə üzü qibləyə doğru dayanıb, səcdə yerinin yanında kompas qoyulmalıdır. Beləliklə, hərəkət edən vasitə döndükcə, namaz qılmaqda olan adam da qibləyə doğru dönməlidir. Ya da başqa biri, namaz qılan adamı sağa-sola çevirməlidir.

Qiblə istiqamətini bilməyən kimsə mehraba baxmadan, biləndən soruşmadan, ya da özü araşdırmadan namazı qılsa, qibləyə rast gəlsə belə, namaz ibadətinin şərtlərini tam olaraq yerinə yetirməmiş sayılır.


KAMİL İMAN SAHİBİNİN QƏDƏRƏ (TALE) TƏSLİMİYYƏTİ
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)
"Biz, həqiqətən də, hər şeyi qədər ilə yaratdıq" (Qəmər surəsi, 49) ayəsi ilə xəbər verildiyi kimi, Allah canlı-cansız bütün varlıqları qədərləri ilə birlikdə yaratmışdır. Allahın təyin etdiyi qədər (tale) xaricində heç bir varlığın yaxşılığa, ya da pisliyə mane olmağa və ya əksinə çevirməyə gücü yetməz. Məhz kamil iman sahibləri də "Allahın onlar üçün yazdıqlarından başqa başlarına heç bir şey gəlməyəcəyi"nin şüurunda olan insanlardır.

Bu həqiqət əslində möminlər üçün yaradılmış sonsuz bir rahatlıq qaynağıdır. Çünki yer üzündə kiçik-böyük bütün hadisələri, hər cür xırdalığı ilə "sonsuz bir ağıl" planlamaqdadır. Bu səbəblə də hər biri möminlər üçün ən xeyirli şəkildə baş verir.

Bu mütləq həqiqəti qavrayan kamil iman sahibləri Allahın sonsuz ağlı ilə təyin etdiyi qədərə qəlbən təslim olaraq yaşayırlar. Allahın yaratdığı bütün hadisələri dinin mənfəətinə və inananların axirətlərinə faydalı olacaq şəkildə, bir hikmətlə yaratdığını bilirlər. Bir ayədə "...Allah kafirlərə möminləri (məğlub etməyə) yol verməyəcəkdir" (Nisa surəsi, 141) şəklində bildirilməsi, hadisələrin mütləq surətdə inananların lehinə nəticələnəcəyini xəbər verir. Yenə bir başqa ayədə də "... Allah Ona yardım edənlərə, mütləq yardım edər...." (Həcc surəsi, 40) şəklində bildirilmişdir. Çünki Allah iman edənlərin dostu və vəlisidir. Allahı vəkil edən, yalnız ONA güvənən kamil iman sahibləri dünyada və axirətdə bu köməyin mütləq özlərinə çatacağını heç bir zaman unutmazlar. Xüsusilə də ilk baxışda əleyhlərinə görünən bir vəziyyət olduğunda, bu düşüncələrində qətiyyət göstərər, bunda bir xeyir olduğunu bilərlər.

Allah dünyanı insanları sınamaq üçün xüsusi bir imtahan mühiti olaraq yaratmışdır. İnsanların çoxu başlarına bir yaxşılıq, gözəllik, ya da bərəkət gəldiyində bunun Allahdan olduğunu düşünərək Allaha qarşı təslimiyyətli və şükr edici bir rəftar göstərərlər. Ancaq tərs kimi görünən, ya da istəmədikləri bir vəziyyətlə qarşılaşdıqlarında bu təslimiyyətli rəftarlarını dərhal itirərlər. Allaha qarşı üsyan edib baş qaldırmağa qədər çatan bir təvəkkülsüzlük və nankorluq içərisinə girərlər. Quranda insanların bu vəziyyəti belə açıqlanmışdır:
... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. (Şura surəsi, 48)
Kamil iman sahibləri isə, "... Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (Ənbiya surəsi, 35) ayəsində verilən sirri qavramışlar. Lehinə, ya da əleyhinə kimi görünən hər hadisənin əslində Allaha olan imanlarının sınanması üçün xüsusi olaraq yaradılmış olduğunu unutmazlar. Qarşılaşdıqları hadisələr nə olursa-olsun Allaha olan təslimiyyətləri və təvəkkülləri azalmaz. Başlarına gələn və mənfi kimi görünən bir çox hadisənin əslində axirətləri üçün son dərəcə xeyirli nəticələr meydana gətirə biləcəyini bilərlər. Çünki Allah hər hadisəni insanın görə bildiyi və görə bilmədiyi bir çox hikmətlə birlikdə yaradır. Bu həqiqət bir ayədə belə xəbər verilir:
... Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə surəsi, 216)
Ayədə də diqqət çəkildiyi kimi, pislik sandığı şey əslində insan üçün bir yaxşılığa vəsilə ola bilər. Çünki insanın başına gələn bütün hadisələri "sonsuz ağıl" sahibi olan Allah planlayır. İnsanın ağılı və mühakiməsi isə çox məhduddur. Bu səbəblə insanın üzərinə düşən özünü hər ehtimalda yaxşıya çatdıracaq Allahın sonsuz ağlı ilə təyin etdiyi qədərə təslim olmaqdır.

Bir hadisə ilk mərhələdə şər kimi görünə bilər, amma bəlkə də Allah burada bu hadisəyə məruz qalan insanların Özünə olan təslimiyyətlərini sınayır. Və bəlkə də ikinci mərhələdə bu hadisəni böyük bir xeyirə çevirəcək. Allaha güvənməyən insanlar ilk anda bunun bir sınaq olduğunu unudub təlaşa düşərlər. Kamil bir imana sahib olan insanlar isə həm gözəl bir rəftar göstərdikləri üçün Allahın rizasını qazanmış olurlar, həm də hadisənin nəticəsində mütləq bir xeyirə qovuşurlar.

Quranda kamil iman mövzusunda ən gözəl nümunələri təşkil edən peyğəmbərlərin həyatlarından müxtəlif hissələr verilmişdir. Məsələn, Fironun zülmündən uzaqlaşmaq üçün Misir xalqı ilə birlikdə yola çıxan Hz. Musa ilk anda heç bir qurtuluş yolunun görünmədiyi bir vəziyyətlə qarşılaşmışdır. Qarşıya keçmələrinin qeyri-mümkün göründüyü bir dəniz kənarına gəldiklərində də Firon və ordusu onları izləyirdi. İlk baxışda xilas olmalarının qeyri-mümkün kimi göründüyü belə bir vəziyyətdə, Allahın hər yaratdığında bir xeyir olduğunu qavrayanlarla tərəddüdə qapılanlar müəyyən olmuşdur. Bu hadisə Quranda belə izah edilir:
Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları izləməyə başladılar.

İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz ya­­xalanacağıq!”– dedilər.

(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”

Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.

O birilərini də ora yaxınlaşdırdıq.

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

O birilərini isə suya qərq etdik.

Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Şuəra surəsi, 60-67)
Ayələrdə də xəbər verildiyi kimi, peyğəmbərin yanındakı insanlardan bəziləri dərhal ümidsizliyə qapılmış və "tutulduq" demişlər. Hz. Musa isə əsla ümidsizliyə qapılmamış və Allahdan qəti olaraq bir kömək gələcəyini unutmamışdır. Və Allah bu sınaqdan dərhal sonra bir möcüzə yaratmış, dənizin iki böyük su kütləsi şəklində ayrılmasını təmin edərək, peyğəmbər və onun yanındakı inananların xilas olması üçün yol göstərmişdir. Sonra da Firon və ordusunu bu sulara qərq etmişdir.

Allah görünüşcə qəti olaraq şər kimi görünən bir hadisəni möminlərin təslimiyyəti müəyyən olduqdan dərhal sonra çox böyük bir xeyirə çevirmişdir.

Bu mövzudakı digər bir nümunə də Peyğəmbərimizlə (s.ə.v.) əlaqədardır:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) içində olduğu çətin şəraitlərdə üstün bir təvəkkül göstərmiş və yanındakı yoldaşını da Allaha təslimiyyətə dəvət etmişdir. Kamil iman sahibləri də özlərinə Quranda təriflənən peyğəmbərlərin əxlaqını nümunə götürərlər. Və bu yüksək əxlaqı göstərməyi hədəfləyərək başlarına gələn hər çətinlikdə belə deyərlər:
De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)

KAMİL İMAN SAHİBİNİN

DÜNYA HƏYATINA BAXIŞ PRİZMASI
Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)
Allah dünyanı insanlar üçün keçici bir yurd olaraq yaratmışdır. İnsanların sınanması, iman edənlərin əksikliklərindən arınması və öyrədilərək cənnətə layiq olacaq bir quruluşa sahib olması, inkar edənlərin də pisliklərinin ortaya çıxması üçün... Ancaq bu həqiqəti çox az insan düşünüb anlayır ki, məhz onlar da kamil iman sahibləridir.

Kamil imana sahib olan bir möminin dünyaya baxışı Qurana əsasən olur. Belə bir adam inkarçılar kimi dünyaya bağlanmaz, əksinə sonsuz axirət həyatı üçün daim hazırlıq görür. Bundan başqa, Quranda xəbər verilən "... insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (Zariyat surəsi, 56) ayəsinin hökmü ilə dünyada olma məqsədinin hər şeydən əvvəl "Allaha qulluq etmək" olduğunu bilir.

Allaha qulluq etmək, daha əvvəl də ifadə etdiyimiz kimi, yalnız namaz qılmaq, oruc tutmaq kimi ibadətləri yerinə yetirmək deyil. Əksinə, qulluq bir insanın bütün həyatını əhatə edən bir hərəkətdir. Kamil imana sahib olan bir mömin bütün həyatını Allaha qulluq etməklə keçirən insandır. Yalnız Allah üçün yaşayar, Allah üçün çalışar, özünə verilən bütün imkanları yenə də yalnız Allah üçün istifadə edər. Çünki "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik" (İnsan surəsi, 2) ayəsində də ifadə edildiyi kimi, Allah dünya həyatını insanı sınamaq üçün yaratdığını bildirir.

Allah dünya həyatının bir sınanma yeri olduğunu bildirdiyi kimi, bu həyatın hiyləsinə də xüsusilə diqqət çəkmiş və insanları bu mövzuda açıqca xəbərdar etmişdir:
Ey insanlar, heç şübhəsiz Allahın vədi haqqdır; elə isə dünya həyatı sizi aldatmasın... (Fatir surəsi, 5)
Məhz kamil iman sahibləri də, nə qədər cazibədar kimi görünürsə-görünsün, dünya həyatının bəzəklərinə aldanmayan insanlardır. Çünki onlar Allahın haqq kitabından dünya həyatının əsl üzünü öyrənmişlər. Dünya həyatı Quran ayələrində bildirildiyi kimi "bir oyun", "ehtiraslı bir əyləncə", "bir bəzək", "insanların arasında bir öyünmə", "mal və uşaqlarda bir çoxalma ehtirası"dır. Allah bir ayəsində dünya həyatını əvvəl yaşıllanıb əkinçilərin xoşuna gələndən sonra da quruyub çör-çöp olan bir əkin nümunəsinə bənzətmişdir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Quranın bu nümunəsində diqqət çəkildiyi kimi, yer üzündə heç bir şey zamana qarşı heç nə edə bilməz: nə gözəl evlər, avtomobillər, məkanlar, mənzərələr, nə də gənc, gözəl və mövqe sahibi insanlar... Yeni olan hər şey qısa müddətdə köhnəlir, gənc olan hər kəs yaşlanır, gözəl olan köhnəlir və hətta zamanla tanınmaz hala gəlir. Yenə ən dəyər verilən əşyalar zamanla köhnəlib dəyərlərini itirir. Ən xoşbəxt anlar sürətlə keçib tarixə çevrilir, ən gözəl ləzzətlərdən əsər-əlamət belə qalmır. Bir az zaman keçdiyində insan az qala bunları heç yaşamamış kimi hisslər keçirir. Allah bir ayədə insanlara axirəti unutduraraq, onları dünyaya bağlayan ehtirasların nələr olduğunu belə bildirmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Diqqət yetirilsə, ayədə üzərində dayanılan dünya nemətlərinin ortaq yanı, hamısının məhdud və keçici zövqlər olmalarıdır. Bu səbəblə dünya üzərində ehtirasla bağlanılmalı heç bir şey yoxdur. Hər şeydən əvvəl nə insanın ət və sümükdən ibarət olan quruluşu, nə də dünyadakı digər vəsaitlər buna uyğun yaradılmamışdır. Bunlar cənnətdəki nemətlərin çox əksik bir kopiyası olaraq, axirəti xatırlatmaq məqsədilə var edilmişlər.

Məhz bu əhəmiyyətli həqiqəti qavrayan kamil iman sahibi olan bir mömin dünyadakı bütün nemətlərdən faydalanar, amma (dünyaya aldanan insanlardan fərqlənərək) bu nemətlərə qarşı bir ehtirasa qapılmaz. Heç bir zaman əlindəkilərə sahiblənməz, əksinə ona verdiklərindən ötrü hər an Allaha qarşı şükr edici bir rəftar göstərər. Çünki yer üzündəki bütün mülkün əsl sahibinin Allah olduğunu bilər.

Mala, gözəlliyə, gücə sahib olduqlarını sanan insanlar isə əslində, yalnız özlərini aldadarlar, çünki sahib olduqlarını sandıqları şeylərin heç birini özləri yaratmamışlar. Hətta bunların birini belə yaratmağa gücləri çatmaz. Üstəlik bunların yox olmalarına da mane ola bilməzlər. Özləri də yaradılmışlar və bir gün onlar da mütləq dünya həyatına aid olan sahib olduqları hər şeyi geridə buraxıb ölümü dadacaqlar.

Məhz kamil iman sahiblərini qəflətdə olan insanlardan ayıran ən böyük fərqlərdən biri Quranda "... bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar" (İnsan surəsi, 27) ayəsində ifadə edilən həqiqətin şüurunda olmaları və dünyaya deyil, axirətə istiqamətli bir hazırlıq içində olmalarıdır. Allah bu insanların belə söylədiyini xəbər verir:
Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. (Bəqərə surəsi, 201)
Allah bu səmimi davranışlarının və dualarının əvəzinə onlara həm dünyanın, həm də axirətin bütün gözəlliklərini və nemətlərini verir. Allah Quranda bunu belə müjdələmişdir:
Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)
Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 64)

KAMİL İMAN SAHİBİNİN

ÖLÜMƏ BAXIŞ PRİZMASI

Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Ali-İmran surəsi, 185)
Quranda "Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız" (Ənkəbut surəsi, 57) ayəsində də xəbər verildiyi kimi, dünyadakı hər insan özü üçün təqdir edilmiş bir günün təyin olunmuş bir saatında şübhəsiz ki, ölümlə qarşılaşacaq. Belə ki, bu günə qədər heç bir insanın gücü, malı, mülkü, sərvəti, şöhrəti, mövqeyi, etibarı, qüvvəti və gözəlliyi ölümü özündən uzaqlaşdırmağa yetməmişdir. Ölüm Allahın bir qanunudur: gəlmiş-keçmiş bütün insanlar bu qəti və qarşısıalınmaz həqiqətlə qarşılaşmışlar.

"Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə..." (Nisa surəsi, 78) ayəsilə xatırladıldığı kimi, heç kim ölümdən qaçmağı bacara bilməmişdir və bacara bilməyəcək.

Bu həqiqət kamil iman sahiblərinin dərin bir anlayışla qavradıqları bir mövzudur. Ölümün qətiliyini və yaxınlığını dərk etmələrilə birlikdə ölümdən sonrakı sonsuz həyata hazırlq görmələrinin vacibliyini də anlayırlar. Allahın əmr etdiyi əxlaqa tam olaraq çata bilmədən və Allahın razılığını qazana bilmədən ölməkdən qorxar, bu səbəblə də böyük bir səmimiyyət və səylə Allahın dininə sarılırlar. Hər an öləcəkmiş kimi Allaha yaxınlaşmaqda və Onun razılığını qazanmağa çalışırlar. Quranda kamil iman sahiblərinin belə dua etdiklərindən bəhs edilir:
... Ey Rəbbimiz! Bizə çoxlu səbr ver və bizi müsəlman olaraq öldür. (Əraf surəsi, 126)
... Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur. (Yusuf surəsi, 101)
Kamil iman sahibləri ölümü Allahın bir əmri olduğu üçün son dərəcə təslimiyyətlə qarşılayırlar. Hətta ölümü Rəbbimizin müjdələdiyi cənnətə qovuşmaq üçün bir qapı olaraq görürlər. Amma bir tərəfdən də cəhənnəm əzabından çəkinmələri lazım olduğunu bilir, var gücləri ilə xeyrlərdə yarışaraq Allahın razılığını qazanmaq üçün məşğul olurlar. Quranda inanan insanların axirətə qədər "ümid və qorxu" içərisində olacaqları bildirilmişdir. Nəticə olaraq kamil iman sahibləri iman etdikləri üçün cənnəti ümid edərkən, bir tərəfdən də özlərini yetərli görmədikləri üçün cəhənnəmdən qorxurlar. Quranda kamil iman sahibi olan möminlərin "pis hesab"dan qorxuları, göstərdikləri gözəl rəftarlar və çatdıqları xeyrli nəticə belə bildirilmişdir:

O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.

O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər.

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –

əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər):

Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 20-24)




KAMİL İMAN SAHİBİNİN

AXİRƏT İNANCI

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 4)
Cəhənnəmdə yaşanan ağrının və əzabın şiddəti şübhəsiz ki, dünyada yaşanan heç bir ağrı ilə müqayisə edilə bilməz. Yalnız atəş əzabının belə saysız növü vardır. Cəhənnəm əhli qışqırıqlar içində yanar, əlləri boyunlarına bağlı şəkildə atəşin dar yerinə atılar, başlarının üstündən qaynar su tökülər, dəmirdən qamçılarla qamçılanar, aclıqdan və susuzluqdan qıvrılarkən əzabdan-əzaba sürüklənərlər. Sonsuza qədər acıları bitməz. Duyduqları peşmanlıq, çarəsizlik və ümidsizlik hissi onları mənən əzər, yox olmaq istəyərlər. Amma bu əsla reallaşmaz. Yaşadıqları dözülməz ağrıların şiddəti getdikcə daha da artar. Onlara belə deyilər:
Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”. (Tur surəsi, 16)
Məhz kamil iman sahibi olan bir mömin Quran ayələrində təsvir edilən bu mühiti və əzabı həmişə düşünər və Allaha yönələr. Hər an ölüm mələkləri ilə qarşılaşa biləcəyini və beləliklə, axirətə keçə biləcəyini heç unutmadan hərəkət edər. Verdiyi qərarlar, göstərdiyi rəftarlar, davranışı ilə həmişə cənnəti qazana bilməyi və cəhənnəm əzabından uzaqlaşmağı hədəfləyər. Çünki dünyada heç kim Allahın əzabından etibarda ola bilməz.

Qarşısına çıxan zərrə qədər bir əcr imkanını belə qaçırmaq istəməz. Hesab günündə "həssas tərəzilər" (Ənbiya surəsi, 47) qurulacağını bilər. O gün yaxşılıqlarının ağır gəlməsi üçün qarşılaşdığı hər fürsəti qiymətləndirməli olduğunu düşünərək hərəkət edər. Çünki Allah insanları bu mövzuda belə xəbərdar etmişdir:
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.

Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.

Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)
Kamil iman sahibi Allahın rizasına əks olan hər rəftardan da şiddətlə çəkinər. Çünki etdiyi hər hərəkət onu ya cənnətə, ya da cəhənnəmə yaxınlaşdıracaq. Bu ikisindən başqa gediləcək bir yer isə yoxdur.

Bu həqiqətlərin şüurunda olan kamil iman sahibləri həyatları boyunca "qorxu və ümid dolu" olarlar. Hesab günü qorxu içində cənnətə və ya cəhənnəmə girməyi gözləyən insanların ruh hallarını xatirlərindən çıxarmazlar.

İnsanlar bu an cənnətlə cəhənnəm arasındakı ayrı-seçkiliyə gətirilsələr və bir azdan ediləcək bir sorğulama ilə sonsuz bir həyata başlayacaqlarını anlasalar, hansı rəftarı göstərərlər?

Bu şərtlər altındakı bir insanın yanında olan və bəlkə də bir an sonra içərisinə atılacağı cəhənnəmi görə-görə Allahın razı olmayacağı bir rəftar göstərməsi mümkün olarmı?

Şübhəsiz ki, xeyr. Əksinə, belə bir vəziyyətlə qarşı-qarşıya gələn hər insan son da olsa bir fürsətinin olduğunu düşünərək cənnətə girə bilmək üçün ağlını və vicdanını son damlasına qədər istifadə edər, Allahın ən bəyəndiyi rəftarı tətbiq etməyə çalışar. Dünyada ikən bu vəziyyəti özündən çox uzaq görən və axirət həyatı üçün heç bir hazırlıq etməyə ehtiyac duymayan bir insan belə böyük bir çaxnaşma içərisində vəziyyəti kompensasiya etməyə çalışacaq. Ancaq o gün artıq kompensasiya etmək üçün vaxt yoxdur. Çünki Allahın qullarına təyin etdiyi imtahan müddəti ölümləri ilə birlikdə sona çatmış və hesab dəftərləri bağlanmışdır. O ana qədər yaxşılıqdan, ya da pislikdən yana nə etdilərsə, yalnız bunlarla əvəz görəcəklər.

Məhz kamil iman sahiblərinin dünya həyatında göstərdikləri səy də, axirətə - sonsuz cənnət və cəhənnəm həyatına qəti məlumatla iman etmələri, bunu ağıllarından çıxarmamaları və hər an ölümlə qarşılaşa biləcəklərindən qaynaqlanır. Onlar axirətdə bu qorxunu və peşmanlığı yaşamamaq üçün dünya həyatı boyunca özlərini hər an bu toplanma yerində barələrində qərar verilməsini gözləyirmişcəsinə düşünərlər. Sanki oraya getmiş, cənnətin gözəlliyini və cəhənnəmin qorxuncluğunu görüb dünyaya geri dönmüşlər. Bu açıq şüurla və imanla axirətə hazırlıq görərlər. Və beləcə qarşılaşdıqları hər hadisədə ən vicdanlı və ən gözəl rəftarı ortaya qoyarlar. Çünki bilərlər ki, göstərdikləri ən kiçik bir zəiflik, ya da bir vicdansızlıq o gün ürək ağrısı olacaq peşmanlığa səbəb ola bilər.

Nəticə olaraq, kamil iman sahiblərinin axirətə iman etmələri, onların Allaha yaxınlaşmaqda və qorxub-çəkinməkdə sərhəd tanımamalarını təmin edər. Quranda "Nə qədər bacarırsınızsa Allahdan qorxun...." (Təğabun surəsi, 16) ayəsində ifadə edildiyi kimi bütün güclərilə Allahdan qorxub-çəkinərlər və sonsuz məkanlarının cənnət olmasını ümid edərlər.


KAMİL İMANIN NƏSİB ETDİYİ

ÜSTÜN ƏXLAQ

Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm surəsi, 4)
Allaha qəlbən iman edən hər insan Onun bütün əmrlərini qeyd-şərtsiz yerinə yetirər. Bunun nəticəsində də ortaya üstün bir əxlaq modeli çıxar. Məhz kamil iman sahibi olan möminin sahib olduğu da, Quran hökmlərinə itaət etməyin nəsib etdiyi bu üstün əxlaqdır.

İnsan gözəl və qiymətli olan bütün xüsusiyyətlərə ancaq Allahın hökmlərinə riayət etməklə sahib ola bilər. Allah Quranda doğruluğu, ədaləti, səbri, fədakarlığı, vəfanı, sədaqəti, dözümlülüyü, itaəti, təvazökarlığı, xoş münasibəti, şəfqəti, mərhəməti, qəzəbi məğlub etməyi və s. bir çox üstün əxlaq xüsusiyyətini əmr edir. Bunların əksinə olan bütün əxlaq pozuqluqlarını da açıq hökmlərlə qadağan edir.

Quranda təqdim edilən bu üstün əxlaqı yaşamaq isə insanın Allah qorxusunun şiddətindən, bu səbəbdən vicdanının səsini dinləməsindən asılıdır. Çünki bir insan Allahdan nə qədər çox qorxsa və vicdanının göstərdiyi doğrulara nə qədər tabe olsa, Allahın hökmlərinə o qədər itaət edər. Əksinə vəziyyətdəki bir adam isə Quran əxlaqını yaşamaqda stabillik göstərə bilməz. Allahın gözəl olaraq göstərdiyi əxlaqın bəzi xüsusiyyətlərini üzərində daşısa belə, mənfəətlərilə zidd düşdüyü anda tam fərqli bir xarakter göstərə bilər.

Məhz bu məqamda imani yetkinliyə çatmış insanların üstünlüyü ortaya çıxar. "Kamil iman" sahibi gözəl əxlaq nümunələrini həyatının hər anında, əsla imtina etmədən, digər insanlardan qat-qat daha çox və üstün bir şəkildə göstərər. O, səbrin ən çoxunu, fədakarlığın ən gözəlini, təslimiyyətin ən mükəmməlini, Allah sevgisinin ən şiddətlisini yaşamağa cəhd göstərər. Bu səbəblə də digər insanlar içərisində əxlaqi xüsusiyyətləri ilə önə keçər. Qurandakı ifadə ilə desək, "təqva sahiblərinə öndər" olar.

Əlbəttə, hər müsəlman üçün əsas hədəf belə üstün bir əxlaqa sahib olmaqdır. Əksinə, insan özünə bir sərhəd çəksə, özünü yetərli görən bir mövqeyə düşər. Quranın bir çox ayəsində insana özünü heç bir mövzuda yetərli görməməsi lazım olduğu öyrədilir. Bir ayədə insanın özünü yetərli görmənin adamı azdıracağına, yoldan çıxaracağına diqqət çəkilir:
Xeyr! İnsan, doğrudan da, həddini aşır özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. (Ələq surəsi, 6-7)
Məhz bu səbəblə Allaha və axirət gününə inanan hər adamın Quranda əmr edilən əxlaqı gücünün yetdiyinin ən çoxu ilə yaşamağı hədəfləməsi lazımdır. Ancaq belə bir hədəfi olan adam cənnətə girməyi və sonsuz həyatını orada peyğəmbərlərlə, saleh möminlərlə, şəhidlik mövqeyinə çatmış və doğru sözlü insanlarla keçirməyi ümid edə bilər. Allah yalnız itaətin bu gözəl nəticəyə çatdıracağını xəbər vermişdir:
Allaha və (Onun) Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)
Bu hissədə Allahın əmr etdiyi üstün əxlaqı Quranda bildirilən detalları ilə araşdıracağıq. Ayələrin ifadəsilə desək, "qurtulanlardan" ola bilmək üçün insanın nə dərəcə yüksək bir şövq içində olması və səy göstərməsini açıqlayacağıq.

Kamil İman Sahibinin Vicdanı
İnsan özünə daim pisliyi əmr edən bir səslə - nəfsi ilə birlikdə yaradılmışdır. Ancaq bu səsin yanında nəfsinə ilham olunan və ona pisliklərdən çəkinməyi təlqin edən, onu həmişə doğruya və yaxşıya çağıran yanılmayan bir səs də vardır. Nəfsdəki bu doğruya yönəldən səsə "vicdan" deyilir. Allah insanın nəfsindəki bu iki xüsusiyyəti bizə ayələrdə belə tanıdır:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!

Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.

Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Ayədə ifadə edildiyi kimi, Allah insana nəfsinin pisliklərindən çəkinməyi ilham edir. Allahın bu ilhamı insanın vicdanı vasitəsilə olur. Bu səbəbdən vicdan mömini doğruya, gözəl olana çağıran Allahın səsidir. Bu səbəblə də vicdan, eyni zamanda kamil imanın açarıdır.

Kamil iman sahibləri həmişə bu səsə qulaq asırlar. Bu insanların vicdan anlayışı cəmiyyətin daxilində məlum olan vicdan anlayışından çox fərqlidir. Xalq arasında vicdan yalnız yoxsullara, yaşlılara kömək etmək, yardım aksiyalarında iştirak etmək kimi nümunələrlə ölçülür. Buna bənzər nadir hadisələrdən başqa, insanlar vicdanən hərəkət etməz və nəfslərinin nəzərdə tutduğu şəkildə bir həyat tərzi keçirərlər.

Vicdanlarını Quranda əmr edilən şəkildə istifadə edənlər yalnız kamil iman sahibləridir. Çünki onlar vicdanlarını həyatları boyunca hər zaman istifadə edərlər. Hədəfləri Allaha yaxınlaşmaq və Onun məmnuniyyətini qazanmaq olduğu üçün şərtlər nə olursa-olsun, günün iyirmi dörd saatı boyunca vicdanlarının səsinə qulaq asarlar. Nə yorğunluq, nə yuxusuzluq, nə də gündəlik həyatın qarışıqlığı onların bu səsi dinləmələrinə mane ola bilməz. Ən çətin anlarında, ən təcili işlərində belə vicdanlarından gələn bir xəbərdarlıqla dərhal doğrunu görər və ən xeyirli olan rəftara yönələrlər.

Bu mövzunu daha yaxşı açıqlamaq üçün belə bir nümunə verə bilərik: Günlərlə ağır bir işdə çalışdıqdan sonra aç, yorğun, yuxusuz və bəlkə də xəstə bir halda uzun bir səfərdən dönən mömin bir kimsəni düşünək. Bu ehtiyaclarını ödəmək üçün özünə vaxt ayırdığı zaman kömək tələb edən çətin vəziyyətdə qalmış bir insanla qarşılaşsa, heç bir tərəddüdə qapılmadan öz ehtiyaclarını bir kənara qoyaraq, bu kimsənin köməyinə tələsər. Əgər öz fiziki vəziyyəti buna əlverişli deyilsə, bütün imkanlarını bu adam üçün səfərbər edərək ona kömək edə bilən başqa insanlardan yardım istəyər. Və bu qədər çətin vəziyyətdə hər şeyi bir tərəfə buraxıb belə bir kömək etdiyi üçün də qarşı tərəfə əsla minnət etməz. Nə içində olduğu çətin vəziyyəti, nə də qarşı tərəf üçün etdiyi fədakarlığı dilə gətirər. Çünki o bütün bunları yalnız və yalnız Allahın razılığını qazanmaq məqsədilə edir və bundan başqa da heç kimdən nə maddi, nə də mənəvi bir əvəz gözləmir. Bu insanların rəftarı Quranda belə bildirilir:
Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də  minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” (İnsan surəsi, 9-10)
Məhz kamil iman sahibinin vicdan anlayışı budur. Hər cür çətin vəziyyət və şəraitdə vicdanına uyar və etdiyi heç bir yaxşılıq üçün heç kimdən bir əvəz gözləməz. Allahın razı olmasının sevinci ona yetər.

Buna qarşı eyni nümunəni bir də kamil iman sahib olmayan bir kimsə üçün düşünək. Bu adam içində olduğu çətin və əlverişsiz şərtləri özü üçün bir bəhanə olaraq görər və vicdanının göstərdiyi yolu görməzlikdən gələr. Yuxusuzluq, yorğunluq, ya da aclıq kimi fiziki ehtiyaclarının olması rəftarlarının dəyişməsinə səbəb ola bilər. Bir anda dözümsüz, əsəbi və tərs bir insana çevrilə bilər. Belə bir vəziyyətdə nəinki kömək istəyən birinə kömək etmək, hətta özünə kömək etməyə çalışan yaxınlarına qarşı belə anlayışsız və tərs davranmağı təbii bir haqqı olaraq görə bilər. Əgər istisnalı bir vəziyyət olaraq qarşı tərəfə kömək etməyi qəbul etsə belə, bunu mütləq dilə gətirərək və qarşı tərəfi minnət altında buraxaraq edər.

Göründüyü kimi, kamil iman sahibi olan insanlarla, olmayanların əxlaq və rəftarları arasında böyük bir uçurum vardır. Bu fərq həyatlarının hər anında əks olunar və eyni şəkildə axirətdə alacağı əvəzlə də mütləq ortaya çıxacaq.

Kamil İman Sahibinin Səbri
Kamil iman sahibi olan adamın səbr etməyi yalnız çətinliklərə sinə gərmək şəklində məhdud bir anlayış içində qiymətləndirilməməlidir. Quranda xəbər verilən "Ey iman gətirənlər! Səbr edin, dözümlü olun..." (Ali-İmran surəsi, 200) ayəsinin hökmü ilə hər vəziyyətdə Quranın bütün hökmlərini əksiksiz və mükəmməl şəkildə yerinə yetirməkdə, qadağan edilən mövzulardan çəkinməyə maksimum diqqət göstərməkdə və hər vəziyyətdə ən ideal rəftar və davranışı, ən üstün əxlaqı göstərməkdə həyatı boyunca qorxmadan və zəiflik göstərmədən həmişə qətiyyət göstərər. Qısaca, Quranda təsvir edilən ideal mömin modelini yaşamaqda qətiyyətli davranaraq, heç bir şəraitdə və vəziyyətdə yorulmadan, usanmadan, zəiflik göstərmədən səbrini ortaya qoyar. Çünki gözəl əxlaq ancaq səy göstərildiyi zaman ortaya çıxar və kamil iman sahibləri də bu səylərində səbr edənlərdir.

Məhz bu səbəblə də səbr kamil iman sahibinin bütün həyatını əhatə edər, bütün hərəkət və davranışlarında əks olunar. Kamil iman sahibi Rəbbimizin "Sən təmkinlə səbr et!" (Məaric surəsi, 5) hökmü istiqamətində ən dərin səbri göstərər. Təvazökarlıqda səbr göstərər, ən təvazökar insan olar; Allah rizası üçün zəkatda səbr göstərər, ən comərd insan olar; öz nəfsini seçməməkdə səbr göstərər, ən fədakar insan olar.

Ən gözəl əxlaqı göstərən səbrlə əlaqədar Allah Quranda belə bir nümunə vermişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur. (Fussilət surəsi, 34-35)
Ayədən göründüyü kimi, Allah möminlərə bir pisliklə qarşılaşdıqlarında ən gözəl rəftarı göstərmələrini əmr etmişdir. Və bunu da ancaq səbr edənlərin bacara biləcəyini bildirmişdir. Bu nümunə gözəl əxlaq göstərməkdə səbrin nə qədər əhəmiyyətli bir rolu olduğunu açıqca göstərir.

Kamil iman sahibinin bir xüsusiyyəti də, bu gözəl əxlaq nümunələrini göstərərkən qarşılaşdığı mənfi kimi görünən heç bir hadisədə zəiflik və qərarsızlıq göstərməməsi və ya özünə bir nemət verildiyində də əsla təkəbbürə qapılmamasıdır.

Bir insan həyatının bəzi zamanlarında comərd, fədakar və ya son dərəcə təvazökar ola bilər. Və ya bir çətinliyə qarşı dözümlülük göstərə bilər. Ancaq insanın bu gözəl xüsusiyyətləri müəyyən vəziyyətlərdə tərk etməsi, özünə bəzi sərhədlər qoyması, "zəif damarı"nın olması, çətin anlarında gözəl davranışlarından vaz keçməsi, mənfi rəftarlara girməsi o günə qədər etdiklərinin də dəyərsiz qalmasına səbəb ola bilər. Çünki əhəmiyyətli olan təqlidi, saxta, səthi və ya keçici bir gözəl əxlaq deyil, heç bir şəraitdə vaz keçilməyən, şəxsiyyəti ilə inteqrasiya olunmuş, yerləşmiş bir quruluşdur. Allah bir ayədə "... Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir" (Kəhf surəsi, 46) şəklində bildirərək insanın ümumi xarakterinin bir hissəsi olan gözəl əxlaq və davranışların Öz Qatında qiymətli olduğunu ifadə etmişdir.

Səbr möminin Allaha qarşı olan səmimiyyətinin və ONA yaxınlaşmaq üçün göstərdiyi səyin ən əhəmiyyətli göstəricilərindən biridir. Çünki insan ancaq səmimiyyəti, Allaha olan yaxınlığı nisbətində səbr göstərə bilər. Bu xüsusiyyətləri ən üst səviyyədə saxlayan kamil iman sahibləri də səbr göstərmədə yarışarlar. Bir fədakarlıq etmələri lazımdırsa bunu ən gözəl şəkildə, əllərindəki imkanı ən yüksək dərəcədə istifadə edərək edərlər. Bir ayədə "O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbr edir…" (Rəd surəsi, 22) deyə xəbər verilir. Bu insanlar bir çətinliklə qarşılaşsalar da, qətiyyən içlərində bir çətinlik, təvəkkülsüzlük yaşamadan Allahdan kömək diləyərlər.

Xalq arasında səbr "dözüm" ilə qarışdırılır. Halbuki kamil iman sahibinin yaşadığı səbrin dözüm anlayışı ilə heç bir əlaqəsi yoxdur. Çünki dözmək xoşuna gəlməyən, ağrılı-acılı verən bir vəziyyət qarşısında zəruri bir dözmə, ya da məmnuniyyətsiz bir gözləmə halıdır. Allah üçün göstərilən səbr isə bir çətinlik qaynağı deyil, böyük bir zövq və xoşbəxtlik vəsiləsidir. Kamil iman sahibi olan mömin Allahın rizasını qazanmaq məqsədilə səbr edər, bu səbəbdən səbrindən ötrü bir çətinliyə qapılmaz, əksinə bundan mənəvi bir həzz duyar, Allahın bu səbrin əvəzində vəd etdiyi nemət və gözəllikləri ümid edərək böyük bir sevinc duyar. Allah səbrin iman etməyənlər üçün çətinlik verən bir vəziyyət olduğunu bir ayədə belə xəbər verir:
Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Həqiqətən, bu, (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir. (Bəqərə surəsi, 45)
Kamil imanlı bir möminin səbri o qədər dərindir ki, xilas olmaq istədiyi hər hansı bir problemdən qurtulmasa və ya istədiklərinə çata bilməsə belə səbrində və tələbində yenə bir dəyişiklik olmaz. Çünki hər şeyin Allahın idarəsində olduğunu və səbrinin əvəzini axirətdə artıqlaması ilə alacağını bilir. Buna görə qarşısına çıxan hər hadisədə Allahdan həmişə razıdır, Onun sonsuz şəfqətinə və mərhəmətinə iman edər, ONA güvənər. Əgər Allah onun istədiyi bir şeyi dərhal vermirsə, mütləq bunda daha böyük bir xeyir və gözəlliyin gizli olduğunu bilir. Çünki Allah bütün dualara cavab verən və səbr edənə də əvəzini verəndir, vədi haqdır. Bir ayədə bildirildiyi kimi: "... Allahdan daha doğru (söyləyən) kim ola bilər?" (Nisa surəsi, 87). Bunu dərk edən mömin belə düşünür: Bəlkə Allah ona istədiyindən çoxunu verəcək, lakin əvvəlcə onu yetkinləşdirir, bəlkə də onun rəftarını və Özünə olan bağlılığını sınayır. Möminlərin Allaha olan bu təslimiyyətləri Quranda belə bildirilmişdir:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Bəqərə surəsi, 156)
Belə ki, Allah onları sınayacağını bildirərək, möminlərə qarşılarına çıxan çətinliklərə qarşı səbr etmələrini tövsiyə etmiş və bunun xeyirlə nəticələnəcəyini də müjdələmişdir:
Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
Mömin ömrü boyunca gözəl bir səbr göstərər. "Rəbbin üçün səbr et!" (Muddəssir surəsi, 7) hökmünə həyatının hər anında itaət edər. Sonunda isə Allaha qovuşar və Allah onu razılığı və cənnətilə mükafatlandırar. Cənnətin qapısındakı mələklər gələn möminlərə belə səslənərlər:
Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 24)


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin