AKİf aşirli


Əsirlər, onların sayı və vəziyyəti



Yüklə 3.81 Mb.
Pdf просмотр
səhifə2/7
tarix16.07.2017
ölçüsü3.81 Mb.
1   2   3   4   5   6   7

Əsirlər, onların sayı və vəziyyəti 

 

1914-cü  ilin  iyun  ayında  bəşəriyyət  tarixində  öz  miqyasına,  hərbi 



əməliyyatlara  cəlb  olunan  dövlətlərin  tərkibinə  və  qurbanların  sayına  görə,  o 

vaxtadək  görünməmiş  ən  böyük  savaş  -  Birinci  Dünya  müharibəsi  başlandı. 

Müharibənin başlanmasının səbəbkarı Almaniya, İngiltərə, Avstriya, Macarıstan və 

Rusiya  idi.  Sonradan  qlobal  xarakter  alan  bu  müharibədə  38  ölkə  iştirak  edərək, 

mənfəət  savaşı  uğrunda  döyüşməli  oldular.  Almaniyanın  hərbi-strateji  müttəfiqi 

kimi Türkiyə sonu və nəticələri bəlli olmayan müharibəyə başladı və bütün dünya 

müsəlmanlarına  müraciət  edərək  cihad  elan  etdi.  Türkiyə  Rusiya  ilə  müharibədə 

Zaqafqaziya  və  Dağıstandakı  müsəlman  xalqlarının  köməyinə  ümid  bəsləyir,  ən 

böyük  ordu  hissələrini  Qafqaz  cəbhəsində  yerləşdirirdi.  Türkiyənin  müharibədə 

iştirakı  daha  çox  Almaniyanın mənafeyi  və  maraqlarına  cavab  verirdi,  çünki  bu, 

rus  ordusunun  xeyli  qüvvəsini  Qafqaz  cəbhəsinə  cəlb  etməklə almanların  Avropa 

cəbhələrindəki  hərəkətlərini  asanlaşdırırdı.  Türkiyənin  Qafqaz  cəbhəsində 

yerləşdirdiyi hərbi qüvvələrin sayı 190 min nəfər idi. 

1914-cü  ilin  noyabrın  əvvəllərində  Türkiyənin  3-cü  ordusu  Ərzurum-

Sarıqamış istiqamətində hücuma keçdi, qoşunlar Batum vilayətinə daxil oldular və 

Acarıstanadək  irəlilədilər.  Burada  ruslara  qarşı  ayağa  qalxmış  müsəlman  acarlar 

türk  ordusunu  sevinclə  qarşıladılar.  İlk  qazanılan  müvəffəqiyyətdən  ruhlanan  və 

buna böyük əhəmiyyət verən Ənvər Paşa orduya komandanlığı şəxsən öz üzərinə 

götürdü  və  böyük  hücuma  başlamaq əmri  verdi.  Türk  ordusunun  başlıca  vəzifəsi 

rusların dayaq məntəqələri yerləşən Qars və Sarıqamışı ələ keçirmək idi. 

Ordu  komandanı  Ənvər  Paşa  düşmənə  yandan  və  arxadan  zərbə  vurmaq 

üçün soyuq qış ayında, hərbi texnikanın, azuqənin yetərincə olmadığı bir dönəmdə 

Sarıqamış  hərəkatına  qərar  verdi.  Dekabr  ayının  21-də  hərəkata  başlayan  türk 

ordusu Sarıqamışda böyük məğlubiyyətlə üzləşdi, 9-cu hərbi birləşməsi bütünlüklə 

düşmənə əsir düşdü. Soyuqdan donaraq ölən, çətin hava şəraitində düşmənə heç bir 

müqavimət  göstərməyərək  şəhid  olan  əsgərlərin  sayının  30  mindən  90  minədək 

olduğu Türkiyə tədqiqatçılarının araşdırmalarında və müxtəlif məlumatlarda əksini 

tapıb. Rus qaynaqlarında Sarıqamış hərəkatında türklərin 11 min itki verdiyi, 3 min 

500  nəfərin  isə  əsir  alındığı  bildirilir.  Türkiyə  mənbələrinə  görə  isə  Sarıqamışda 

əsir  alınanların  sayı  7  min  nəfərdir.  Rus  ordusu  Sarıqamış  hərəkatından  sonra 

Ərzurum, Qars, Ərdəhan bölgələrində apardıqları hərbi əməliyyat nəticəsində xeyli 

sayda insanları qətlə yetirib dinc əhaliyə qarşı soyqırım hərəkətləri törətdilər. Bu 

işdə  ruslara  bölgənin  silahlı  erməniləri,  Daşnaksütyun  Partiyasının  hərbi 

birləşmələri  köməklik  etdi.  Ermənilər  onlar  üçün  rus  hərbçilərinin  yaratdıqları 

münasib şəraitdən istifadə edərək Qars, Ərzurum bölgəsində müsəlmanlar üçün əsil 

"qan hamamı" qurdular. 

Birinci Dünya müharibəsinin gedişi Azərbaycanın ictimai-siyasi vəziyyətinə 

əsaslı  surətdə təsir  etmiş, ümumtürk həmrəyliyi  fonunda milli  qüvvələrin  fəallığı 



13 

 

artmışdı. Qafqaz cəbhəsindəki hərbi əməliyyatların  başlanılmasından çox da vaxt 



ötməmiş, ilk türk əsirlərinin Tiflisə və Bakıya gətirilməsi də hadisələrin gedişinə, 

istiqamətinə  təsir  edirdi.  Tiflis  yaxınlığındakı  Naftluq  dəmiryolu  stansiyasına 

1914-cü  il  dekabrın  31-də  7  zabit,  88  kiçik  rütbəli  hərbçi,  1915-ci  illərin 

başlanğıcında  isə  1200  əsgər  və  120  zabit  əsir  qiyafəsində  gətirildi.  1915-ci  il 

yanvar  ayının  2-də  Qarsdan  1148 nəfər  əsir  bu  sıraya  əlavə  edildi  ki,  onların  10 

nəfəri yüksəkçinli hərbçi idi. 

I  Dünya  Savaşının  xronologiyasını  bütünlüklə  özündə  ehtiva  edən  rusca 

nəşr olunan "Kaspi" qəzeti türk əsirlərinin ilk sayı barəsində 1914-cü ilin dekabr 

ayı  və  1915-ci  ilin  yanvar,  fevral  aylarında  məlumatlar  çap  edir,  rus  ordusunun 

uğurlu hərbi əməliyyatlarını oxuculara çatdırırdı. 

Qəzetin "Tiflisdən" rubrikası altında əksini tapan məlumatda qeyd olunurdu 

ki,  Qars  ətrafında  yanvarın  ilk  günlərində  523  nəfər  əsgər  və  4  zabit  əsir  alınıb 

Nargin adasına yola salınmışdı.

3

 



"Kaspi"  qəzeti  müharibə  xəbərlərini  "Tiflisdən",  "Türkiyə  cəbhəsi", 

"Müsəlmanlar  və  müharibə",  "Teleqram",  "Bakı  və  müharibə"  rubrikası  altında 

nəşr  etdirir,  informasiyaları  Tiflisdə  olan  müxbirin  verdiyi  məlumatlar  əsasında 

hazırlayırdı. 

Bu  əsirlərin  içərisində mülki  vətəndaşlar,  qocalar,  uşaqlar  da  var idi. Türk 

əsirlərinin  içərisində  ölüm  faktları  artmış,  yoluxucu  xəstəliklər  baş  alıb  gedirdi. 

Əsirlər içərisində xeyli yaralı vardı. 

"Bakı  və  müharibə"  sərlövhəsi  altında  çap  olunan  informasiyada  1915-ci 

ilin yanvarın 13-də cəbhədən Bakıya 750 yaralı əsir gətirildiyi faktı əksini tapır. Bu 

yaralı  əsirlərin  400  nəfəri  Bakının  müxtəlif  hospitallarında,  o  cümlədən  Nargin 

adasına yerləşdirilmiş, 350 nəfər isə Vladiqafqaz dəmir yolu vasitəsilə Rusiyanın 

müxtəlif  əsir  düşərgələrinə  göndərilmişdir.

4

  Tiflisdən  Bakıya  əsirlər  müxtəlif 



qatarlar vasitəsilə göndərilirdi. 1915-ci ilin mayın 11-də 4 nömrəli poçt qatarında 

Tiflisdən Bakıya 27 zabit və 190 müxtəlif çinli zabit heyəti gətirildi.  Zabitlərdən 

ikisi avstriyalı idi.

5

 



Kütləvi  halda  yoluxucu  xəstəliyə  mübtəla  olmuş  əsirlər  üçün  Naftluq 

çölündə 500 çadır qurulmuşdu, ölənlər qardaşlıq məzarlığında torpağa tapşırılırdı. 

Ölənlərin günbəgün artdığı bir vaxtda meyitlərin hər biri üçün ayrıca qəbir qazmaq 

problemə  çevrildiyindən,  onları  toplum  halında  qazılmış  xəndəyə  doldururdular. 

Bəzən  elə  olurdu  ki,  torpaq  dərin  qazılmadığından  meyitlərin  üstü  açıq  qalırdı. 

Belə bir vəziyyətin yaranması əhalinin ciddi narazılığına səbəb olur, milli və dini 

hisslərin  gərginləşməsinə  əsas  yaradırdı.  Əsir  türklərin  dəfni  ilə  məşğul  olan 

şəxslər  hökumətdən  qəbirlərin  qazılması,  şəriətə  uyğun  bükülməsi  və  torpağa 

                                                        

3

 "Kaspi". 10 yanvar 1915-ci il. № 7 



4

 "Kaspi". 14 yanvar 1915-ci il. № 10 

5

 "Kaspi". 12 may. № 103 



14 

 

tapşırılması  işinə  görə  pul  tələb  edirdilər.  Bu  pul  onlara  çatmadığından  ölülər 



təhqiramiz bir vəziyyətdə qəbiristanlıqda atılır, ətrafı üfunət bürüyürdü. 

Türk  əsirlərinin  nəşinə  islam  qayda-qanunlarından  kənar  baş  verən 

hörmətsizlik  Bakıda  fəaliyyət  göstərən  "Qardaş  köməyi"nin,  müsəlman  xeyriyyə 

cəmiyyətlərinin ciddi etirazı ilə qarşılandı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin 

türk  hərbi  əsirləri  üzrə  təyin  olunmuş  nümayəndəsi  İsmayıl  bəy  Səfərəlibəyov 

Tiflisə  gələrək  qardaşlıq  qəbiristanlığına  baş  çəkdi,  vəziyyətlə  tanış  oldu. 

Həqiqətən  də  deyilənlər  doğru  idi.  Ciddi  təhdidlərdən  sonra  ölülərin  dəfni  üçün 

məsul  olan  şəxslər  bu  işdən  uzaqlaşdırıldı,  xəstələr  müxtəlif  xəstəxanalarda 

yerləşdirildi. Həkimlərin çoxunun ermənilərdən ibarət olması xəstələrin vəziyyətini 

daha  da  ağırlaşdırdı.  Türk  tarixçilərinin  araşdırmasından  bəlli  olur  ki,  mədə 

ağrısından,  soyuqdəymədən  öz  gücünü  itirmiş,  gözləri  zəifləmiş  xəstələrdən  200 

nəfəri erməni həkimlər tərəfindən kor edilmişdi. 

Rus  hərbi  birləşmələrinin,  silahlı  ermənilərin  bu  bölgələrdə  müsəlmanlara 

qarşı  törətdikləri  qırğınları  dayandırmaq  üçün  Azərbaycanın  milli  təfəkkürlü 

ziyalıları bir araya gəldilər, vəziyyət təhlil olundu, çıxış yolları arandı. Əlimərdan 

bəy  Topçubaşov  və  sahibkar  Ağabala  Quliyev  Tiflisə,  Əlahəzrət  imperatorun 

Qafqaz  canişinliyinə  1915-ci  ilin  24  yanvarında  müraciət  edərək,  görüş  istədilər. 

Görüşün  nəticəsi  olaraq  elə  həmin  ay  Qarsa  gedərək  bölgədəki  vəziyyətlə  tanış 

oldular,  müsəlmanların  çətin  durumu  barəsində  canişinliyə  məlumat  verdilər.  Bu 

görüşün  nəticəsi  olaraq  yurd-yuvasından  didərgin  düşənlərə,  kimsəsizlərə,  yaralı 

əsir  türklərinə  azərbaycanlıların  yardım  etmələri  barəsində  canişinliyin  razılığı 

alındı. 


Anadolu  türklərinə  qardaş  köməyi  ilə  bağlı  Türkiyə  tarixşünaslığında, 

mətbuatında  kifayət  qədər  məlumatlarla  yanaşı,  Əlimərdan  bəy  Topçubaşovun 

xüsusi missiya ilə Tiflisə, Qafqaz canişinliyinin naibi Qrandulun görüşünə getməsi 

barəsində də məlumatlar əksini tapıb. "Ergenekon yolu" jurnalının 1961-ci il ilk 

sayında  Məmməd  Sadıq  Aranın  "Qardaş  köməyi"  məqaləsi  xüsusi  maraq 

doğurur.  Məqalədə  deyilir  ki,  Anadoluda  fəlakətlərlə,  müharibənin  dəhşətləri  ilə 

təkbaşına qarşı-qarşıya qaldığımız vaxtlarda, Ərzurum, Ərzincan, Trabzon, Rizə və 

digər  Anadolu  vilayətləri  rus  ordusunun  işğalına  məruz  qaldığı  dönəmlərdə 

Azərbaycan türkləri  bizi  yalqız,  köməksiz  qoymadı.  Məhz türklər  üçün  belə  ağır 

vaxtlarda  Azərbaycan  cəmiyyəti  xeyriyyəsi  gizli  tədbirlərdən  əlavə  rus  çarının 

Tiflisdəki  naibi  Qrandulun  yanına  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  xüsusi  heyət 

göndərilmişdi.  Həmin  nümayəndə  heyəti  türklərə  qarşı  aparılan  bu  vəhşiliklərin 

qarşısının  alınması  tələbini  qoymuşdu.  Lakin  Rusiya  hökuməti  onlara  aşağıdakı 

cavabı vermişdi:  "Siz qafqaziyalı müsəlmanlar bizim düşmənlərimiz olan türklərə 



yardım  etmək  istəyirsiniz.  Hərb  içində  olduğumuz  vaxt  Rusiya  buna  imkan 

verməz".  Bu  cavabdan  sonra  Azərbaycan  Xeyriyyə  Cəmiyyətinin  nümayəndə 

heyəti rus hökumətinə üçüncü dəfə bu məzmunda müraciət edir:  "Siz iki dövlət  - 



Osmanlı imperatorluğu ilə Rusiya çarlığı hərb edirsiniz. Biz sizin düşmənlərinizə 

15 

 

deyil,  işğalınız  altına  aldığınız  pərişan  qardaşlarımıza  insani  və  xeyir  yardımı 



etmək  istəyirik".  Cəmiyyətin  bu  müraciətinə  müsbət  cavab  verilmədikdə, 

nümayəndə  heyəti  yenidən  Tiflisə  gedir  və  çar  naibinə  gəncəli  Ələkbər  bəy 

Rəfibəyli  belə  deyir:  "Bu  qədər  milyonlarla  təəbəniz  olan  türk  müsəlmanlarının 

sizin  yanınızda  heç  xatiri  sayılmazmı?"  Ələkbər  bəy  Rəfibəylinin  emosional 

şəkildə dediyi bu sözlərdən sonra Qranduk onun əyləşməsini xahiş edir və Anadolu 

türklərinə yardıma razılıq verir. 

Qars  və  Ərzurumda  yaranmış  ağır  vəziyyət,  insanların  günahsız  qətlə 

yetirilməsi, köçkünlük həyatı yaşamaları, erməni-rus birləşmələrinin kəndləri talan 

etmələrini  Rusiya  Dövlət  Dumasında  bir neçə  dəfə  Yelizavetpol  quberniyasından 

millət vəkili seçilmiş Məmməd Yusif Cəfərov qaldıraraq, ciddi ölçü götürülməsini 

tələb etdi. 

Məmməd  Yusif  Cəfərov  Qars  və  onun  ətrafında  baş  verən  cinayətləri 

sadalayaraq  deyirdi:  "Bu  vilayətlərdə  hərbi  əməliyyatlar  başlanandan  bəri 

müsəlman  əhalisinə  qarşı  qətllər  və  qarətlər  baş  alıb  gedir.  Hakimiyyət  orqanları 

müsəlman  əhalisinin  həyatını  və  əmlakını  qorumaq  üçün  nəinki  tədbirlər 

görməmiş,  əksinə,  bu  əhalinin  tar-mar  olunmasına  göz  yumaraq,  dolayısı  ilə 

soyğunçuların  və  yırtıcıların  cinayətkar  əməllərinə rəvac  vermişlər.  Bu  hallar  ilk 

vaxtlar  tək-tük  baş  verirdi,  lakin  sonralar  bunların  qarşısını  almaq  üçün  tədbir 

görməmiş  hakimiyyət  orqanlarının  fəaliyyətsizliyi  sayəsində  kütləvi  xarakter 

alaraq  hər  cür  cinayətkarlarda  belə  bir  fikir  yaratmışdı  ki,  müsəlmanlara  divan 

tutub cəzasız qalmaq olar". 

Bütün bu etirazlara baxmayaraq Qars və Ərzurumun işğalı ilə xeyli sayda 

mülki  vətəndaş  nəinki  köçkünlük  həyatı  yaşadı,  bir  hissəsi  Nargin  adasında  əsir 

oldu.  Onların  içərisində  bütöv  ailələr,  ahıllar,  xəstə  və  uşaqlar  da  vardı.  Türk 

tarixçilərinin  təqribi hesablamalarına  görə, rusların nəzarətində  60-70  min nəfərə 

yaxın əsgər və zabit, 100 mindən çox mülki vətəndaş əsir həyatı yaşamalı olmuşlar. 

Bu sayda əsirlərin yalnız 10 min nəfərə yaxını Nargin adasında, yerdə qalanlar isə 

Rusiyanın  içərilərinə,  xüsusən  isə  Sibirin  müxtəlif  hərbi  düşərgələrinə 

paylanılmışdı.  Səmərqənd,  Krasnoyarsk,  Tula,  Həştərxan,  Tomsk  türk  əsirlərinin 

saxlanıldığı  məkanlardır  ki,  bu  məkanların  sayının  25  olduğu  türkiyəli 

araşdırmaçılar  tərəfindən  söylənilir.  Vaqonlarda  uzaq  Sibirə,  Urala  və  müxtəlif 

bölgələrə daşınan türk əsirlərinin konkret sayı barəsində heç bir məlumat yoxdur. 

30-40  nəfərlik  vaqona  100-150  nəfər  əsir  salınırdı  ki,  onları  yalnız  məkana 

çatandan sonra yoxlayır, ölüləri yaşamaq uğrunda mübarizə aparıb sağ qalanlardan 

ayırırdılar.  Nargin adası  da  bu  düşərgələrdən  biri  idi.  Cəhənnəm  adası,  ilanlı ada 

kimi hərb  tarixinin  səhifələrinə  düşən  Nargində normal həyat  üçün heç  bir  şərait 

yox idi. Nargində saxlanılan türk əsirlərinin sayı barəsində də dəqiq bir məlumat 

yoxdur.  Belə  ki,  Türkiyə  tarixçilərinin  araşdırmalarına  görə,  adada  10  min, 

Sarıqamış  Dayanışma  Qrupunun  hesablamalarına  görə  isə  15  min  əsir  mövcud 

olmuşdur. 


16 

 

Savaş  meydanlarında  əsir  düşənlərin  çəkdikləri  ağrılar,  ölümlə  üz-üzə 



dayanmaları, 

vaqonlara 

doldurularaq 

Rusiyanın 

hərb 

düşərgələrinə 



göndərilmələrindən başlayırdı. Yaralı və xəstələrlə yanaşı, sağlam əsirlər də eyni 

vaqonda  yol  getməli  olurdu.  Onların  üzərində  nəzarətçi  isə  əsasən  ermənilər 

qoyulurdu  ki,  bu  da  əsirlərin  ac  və  susuz  qalmalarına,  fiziki  işgəncələrinə  səbəb 

olurdu. Bu barədə "Türk ellərində xatirələrim" memuarının  yazarı əsirlik həyatını 

yaşamış Fəxrəddin Ərdoğan geniş məlumatlar verir. 

Osmanlı  dövləti  tərəfindən  türk  əsirlərinin  say  tərkibi,  yerləşməsi,  sağlıq 

durumunu öyrənmək üçün təlimata uyğun 1917-ci ilin avqustunda Rusiyaya gəlib 

araşdırma  aparan  böyük  türk  mücahidi  Yusuf  Akçuralının  hazırladığı  raportda 

"Təxminən 60, 70 min Osmanlının Rusiyada əsir həyatı yaşadığı" bəlli olur. Təbii 

ki, 60-70 min əsirin bütövlükdə hamısı əsgər və zabit deyildi, döyüş bölgələrindən 

köç  etmiş  və  əsir  edilmiş  mülki  şəxslər  də  bura  daxil  idi.  Yusuf  Akçuralının 

hazırladığı  raportda  Nargin  adasının  adı  tez-tez  çəkilir  və  burada  sayı 

dəqiqləşməyən xeyli sayda əsirin mövcudluğu qeyd olunur. 

Başlarına  gətirilən  bəlaları  xatırladan  əsirlərdən  Hüsaməddin  Tuğac  "Bir 



nəslin dramı" memuarında üzləşdikləri çətinlikləri, rus və ermənilərin vəhşətlərini 

xatırlayaraq  yazır:  "1915-ci  ilin  ilk  ayının  ikinci  həftəsində  idik.  Elə  indicə 



Kuybışevin  adını  daşıyan  Samara  stansiyasına  gəlmişdik.  Bir  rus  əsgəri  həkimi 

vaqonumuza  gəldi.  Xəstə  olub-olmadığımızı  sordu.  Demə,  şəhəri  tif  xəstəliyi 

bürüyübmüş.  Əsirləri  ciddi  nəzarət  altına  aldılar...  Sonradan  rus  qəzetlərindən 

öyrəndik  ki,  o  sıralarda  müdhiş  bir  dram  oynanılmışdı.  Türk  əsirləri  heyvan 

saxlanılan  vaqonlarda  kilidli  qapaqlar  altında  həftələrcə  ac  və  susuz  qalmış, 

aclıqdan, susuzluqdan və xəstəlikdən ölüb getmişlərdi". 

Təsadüfən sağ qalmış Hüsaməddin Tuğac əsirlik həyatından sonra Gəncəyə 

gəlmiş,  burada  milli  qüvvələr  ilə  əlaqə  yaratmış,  Azərbaycanın  istiqlaliyyəti 

uğrunda mübarizə aparmışdı. Türkiyənin Azərbaycana hərbi dəstəyi üçün Nağı bəy 

Şeyxzamanlı ilə birgə İstanbula gəlmiş, Qafqaz İslam Ordusunun formalaşmasında 

əməyini əsirgəməmişdi. 

Aparılan  tədqiqatlar  və  statistik  göstəricilərə  görə,  1917-ci  il  ərəfəsində 

Anadolunun müharibəyə məruz qaldığı bölgələrdən Güney Qafqaza 125 min nəfər 

qaçqın gəlmişdi və ümumən 200 min nəfər müharibədən əziyyət çəkən müsəlman 

qeydə alınmışdı. 

"Hümmət", "Bəsirət", "Açıq söz" qəzetlərinin 1917-ci ildə həbsxana həyatı 

ilə  bağlı  dərc  etdikləri  məqalələrindən  isə  bəlli  olur  ki,  bu  həbs  düşərgəsində  7 

mindən çox türk əsiri məhkumluq həyatı yaşayıb. Bir faktı da qeyd etmək yerinə 

düşər  ki,  məlumatların  adı  çəkilən  qəzetlərdə  nəşrinədək  Nargindən  xeyli  sayda 

əsgər və  zabit azərbaycanlı vətənsevər və millətçi qüvvələr tərəfindən qaçırılmış, 

onlar  ölkənin  müxtəlif  bölgələrində  yerləşdirilmiş,  bir hissəsi  isə  Türkiyəyə  yola 

salınmışdı. 


17 

 

Məsələnin insanı düşündürən və maraqlı olan tərəfi ondan ibarətdir ki, əsir 



düşərgəsi kimi niyə Xəzərin içərisində olan Nargin adası seçilmişdi? 

Bakı  arxipelaqının  ən  böyük  adası  olan  Zirədə  yerləşən  Narginin  ümumi 

sahəsi  3,5  kv.  kilometrdir.  Böyük  Zirə  (Nargin)  adası  Bakı  körfəzini  dənizdən 

ayırır,  Abşeron  yarımadasının  cənubunda  yerləşir.  Nargin adasının  uzunluğu  3,1, 

eni isə 0,9 kilometrdir, bitki örtüsü azdır. Körfəzi dənizdən ayıran ikinci ada Daş 

Zirədir ki, buna Vulf adası deyilir. Zirə sözü ərəbcə Cəzirə (ada) sözündən əmələ 

gəlmiş,  Cəzirə  sözündən  "cə"  sözönlüyü  atıldığından  tək  Zirə  sözü  qalmışdı. 

Nargin  və  Vulf  adalarının adı  I  Pyotrdan  xatirədir.  Belə  ki,  Pyotr  onları  xəritədə 

Fin  körfəzində  eyni  adalara  bənzətdiyindən  bu  cür  adlandırılmışdı.  Dənizdə 

gəmilərin hərəkətini izləmək üçün münasib bir yer kimi seçilən bu ərazi həbsxana 

üçün  heç  də  pis  yer  hesab  olunmurdu.  Yazıçı,  o  dövrün  məşəqqətlərini  son 

əsərlərinə  köçürən  Qılman  İlkin  Nargin  adasındakı  həbsxananın  XIX  əsrdən 

mövcud olduğunu yazır: "O zamanlar bu adada tikili adına ancaq bir mayak vardı. 

Boz, daş-kəsəkli sahədə yabanı otlar və atılmış bir neçə çürük balıqçı qayığından 

başqa  heç  bir  şey  nəzərə  çarpmırdı.  Həbsxananın  özü  isə  taxtadan  düzəldilmiş 

baraklardan  ibarət  idi.  Pəncərələri  olmayan  bu  baraklara  işıq  damdan  açılmış 

pəncərələrdən  düşürdü.  Ayaq  yolları  da  məhbusların  yatdıqları  barakların 

içərisində  quraşdırılmışdı".  Qılman  İlkinin  yazdığına  görə,  məhbusların  qohum-

əqrəbaları  Nargin  həbsxanasındakı  dözülməz  şəraitlə  bağlı  Hacı  Zeynalabdin 

Tağıyevə  müraciət  etmiş,  tədbir  görülməsini  ondan  xahiş  etmişdilər.  Hacı 

Zeynalabdin  yenicə  tikdirib  başa  çatdırdığı  dəyirman  binasının  içərisində  düzəliş 

etdirərək  1910-cu  ildə  buranın  həbsxana  olmasını  çar  üsul-idarəsinin  yerli 

təmsilçilərindən  xahiş  etmiş  və  bu  təklif  qəbul  edilmişdi.  Qılman  İlkin  vaxtilə 

həbsxana kimi istifadə olunan Narginin sonradan Birinci Dünya Savaşında yenidən 

diqqətə alındığını, əsirlər üçün istifadə edildiyini yazır.

6

 



Professor Musa Qasımlı "Azərbaycana gətirilmiş Osmanlı hərbi əsirlərinin 

taleyi"  məqaləsində  rusların  nədən  Nargin  adasını  seçməsinə  aydınlıq  gətirərək 

yazır:  "Osmanlı  əsirləri  Cənubi  Qafqaza  gətirilən  kimi  Rusiya  imperatorunun 

köçürmə və sanitar ali komissarı A.P.Oldenburqski həm onların ağır vəziyyətindən, 

həm də göstərə biləcəyi təsirdən narahat olmuşdu. Buna görə də çarizm hakimiyyət 

orqanları  türk  əsirləri  üçün  həbs  düşərgələrini  əhalinin  diqqətindən  kənarda 

yaratmaq barədə düşünürdü".

7

 



Adanın  coğrafiyasından,  təbii  şəraitindən  göründüyü  kimi  bitki  örtüyü  və 

içməli  su  qaynağı  olmayan,  minimum  yaşayış  şərtlərinə  cavab  verməyən  bu 

məkanda  yaşı  80-i  keçmiş,  həmçinin  2  yaşından  15  yaşına  qədər  körpələr  necə 

məhkumluq  həyatı  yaşaya  bilərdi?  Sarıqamış  Dayanışma  Qrupu  başqanı  Bingür 



Sönməzin araşdırmasına görə, adada olan əsirlərin bir çoxu susuzluqdan, aclıqdan, 

                                                        

6

 Qılman İlkin. "Türk ordusu Bakıda". səh. 13 



7

 "Ayna" qəzeti. 2 avqust 2000-ci il 

 


18 

 

həbsxananı  bürümüş  yoluxucu  xəstəliklərdən  və  ilanların  çalmasından  dünyasını 



dəyişib. 

Türkiyə  tarixçisi  Ramazan  Balıcın  Birinci  Dünya  Savaşının  ilk  illərində 

apardığı  araşdırmalara  görə,  1915-ci  ilin  başlanğıcından,  Nargin  adasına  10  min 

əsir gətirilmiş, onlar heç bir yaşayış şəraiti olmayan 40 baraka yerləşdirilmişdi. Hər 

barakda 125 nəfər öz çətin məhkumluq həyatını yaşamışdır. Zaman-zaman sayları 

10 mindən az olmayan bu əsirlər baxımsızlıq, tibbi ləvazimatın olmaması, heç bir 

gigiyenik  qaydalara  əməl  olunmamasının  nəticəsində  xəstələnir,  dünyasını 

dəyişirdi.  Cansız  və  zəif  olan  əsirlərin üzərində  bitlər gəzirdi.  Əsirlərə  verilən  ot 

döşəkçələr  çoxdan  parçalandığından,  quru  taxta  üzərində  yatmalı  olurdular. 

Əsirlərin  ən  çox  ehtiyac  duyduqları  bir  içim  su  idi.  Bəzən  əsirlərə  6  gün  su 

verilmirdi,  mühafizəçilər  şəhərdən  qayıq  və  gəmilərlə  göndərilən  suyu  özləri 

istifadə  edir,  əgər  qalardısa  əsirlərə  paylayırdılar.  Adada  400  nəfərlik  xəstəxana 

vardısa,  sadəcə  bunun adı  xəstəxana  idi,  5 həkim  çalışmasına  baxmayaraq  dava-

dərmanın,  tibbi  ləvazimatın  olmaması  ucbatından  onlar  xəstələrə  baxmır,  öz  iş-

gücü  ilə  məşğul  olurdular.  Həbsxananın  ətrafında  çox  qorxunc  iy  dolaşırdı.  Bu, 

ölüm qoxusu idi. Ölülər islam qayda-qanununa uyğun olmadığı bir şəkildə dəniz 

kənarında  əsirlərin  özləri  tərəfindən  qazılan  quyulara,  üst-üstə  atılırdı.  Yuyunma 

imkanı olmayan əsirlər arasında xolera, tif xəstəliyi baş qaldırmışdı. Qış aylarında 

əsirlər ölüm həyatı yaşayır, baraklar qızdırılmadığından 45 dərəcə şaxtada donaraq 

həyata  son  verirdilər.  Əsirlərə  gün ərzində  içərisində  yağ  və  ot  olmayan,  qaynar 

sudan ibarət olan şorba və 100 qram qara çörək verilirdi. Çox keçmədi ki, çörək 

norması  yarıbayarı  azaldıldı.  Yuyulma  və  dərmanlama  bəhanəsi  ilə  əsirlərin 

geyimləri  bəzən  əllərindən  alınır,  əvəzinə  köhnə,  dağılmış  kətandan  paltarlar 

verilirdi. 

Tarixçi  Ramazan  Balıcın  tədqiqatlarından  aydın  olur  ki,  Nargin  adasında 

türk əsirlərin sayı 6 min nəfərdən az olmayıb.

8

 

1915-ci  ildən  ta  1917-ci  ilin  əvvəllərinədək məhkumların  vəziyyəti  bu  cür 



davam  etdi.  Çar  Rusiyasının  devrilməsi,  müvəqqəti  hökumətin  qurulması  və 

hakimiyyət  boşluğunun  yaranmasından  sonra  həbsxana  daha  dəhşətli  vəziyyətə 

düşmüş,  baxımsız  qalmış,  ərzaq  təchizatında  ciddi  problemlər  ortaya  çıxmışdı. 

1917-ci  ilin  fevral  ayının  25-də  düşərgənin  türk  və  alman  əsirləri  Rus  Qafqaz 

Ordusu  komandanı  Oçilidzeyə  məktub  göndərərək  həbsxanada  da  vəziyyətin 

dözülməz olduğunu bildirərək tədbir görülməsini xahiş etdilər, təəssüf ki, edilən bu 

müraciətin heç bir müsbət nəticəsi olmadı. 

Həbs  düşərgəsində  əsirlərin  vəziyyətinin  dözülməz  olduğu  haqda  ilk  dəfə 

rəsmi şəkildə  Azərbaycanın böyük dövlət və ictimai xadimi Nəriman Nərimanov 

"Hümmət" qəzetinin  28 noyabr  1917-ci  il  sayında  "Göz  yaşı  tökdürən  Cəzirə" 

məqaləsi ilə çıxış etmişdir. Gözəl publisist olan Nərimanov bu məqalədə həbs  

                                                        

8

 Ramazan Balıcı. "Tarixin Sarıqamış Duruşması". İstanbul, 2001 



 
1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə