8 mart 2017-ci il, çərşənbə 8 “Ömrümün ən unudulmaz anını Nyu-Yorkdakı



Yüklə 425.16 Kb.
Pdf просмотр
tarix19.07.2017
ölçüsü425.16 Kb.

8 mart 2017-ci il, çərşənbə

8

“Ömrümün ən unudulmaz  anını Nyu-Yorkdakı  

“Empaer Steyt” 

sarayında Azərbaycanın və Amerikanın himnini oxuyanda yaşadım” 

Bunu Amerika  Birləşmiş Ştatlarının tanınmış soprano müğənnisi, tədqiqatçı alim,  həmin ölkədəki diasporumuzun fəal üzvü Sevinc xanım Sultanzadə dedi

 

ˆ

Əslində, bu qəbildən olan yazılarda əvvəlcə həmsöhbət 



haqqında qısa da olsa məlumat verilir. Ancaq Sevinc xanımın 

özü  cavan olsa da, uğurları və tərcümeyi-halı o qədər zəngindir 

ki,  onun haqqında qısa məlumat vermək  çox çətindir.  Buna 

baxmayaraq, bir neçə cümlə yaza bilərik.  Birləşmiş Ştatlarda 

və digər ölkələrdə Aleksandriya Sultanzadə fon Brüsseldorf  

kimi tanınan Sevinc Sultanzadə Bakıda doğulub böyümüşdür. 

Azərbaycan qarmon ifaçılığı sənətində öz dəst-xətti ilə seçilən, sağ 

ikən adı əfsanəyə çevrilən, misilsiz ifası ilə  təkcə Azərbaycanda 

deyil, bir çox Şərq ölkələrində tanınan sənətkar Əhəd Əliyevin 

– Kor Əhədin nəticəsidir. Bakıdakı 23 nömrəli orta məktəbi 

bitirdikdən sonra Azərbaycan Dövlət  Konservatoriyasının hazırlıq 

fakültəsinin opera bölməsinə –  görkəmli sənətkar Xuraman 

Qasımovanın sinfinə qəbul olunmuşdur. 1991-ci ildə isə təhsilini 

Amerika Birləşmiş Ştatlarında davam etdirmək şansı qazanmışdır. 

Təbii ki, qalan məqamları  özündən soruşmaq daha maraqlı olar:

–  Sevinc xanım, Birləşmiş 

Ştatlarda olduğunuz  ilk illəri necə 

xatırlayırsınız? Sovet təhsili görmüş, 

Şərq mədəni mühitində böyümüş bir 

gənc kimi necə qarşılandınız?

–  Amerikanın həyat, yaşam 

konsepsiyası özündə çoxsaylı 

mədəniyyətləri birləşdirir. Oradakı 

əhalinin milli müxtəlifliyinə baxma-

yaraq vahid orqanizm formalaşıb, 

multikulturalizm çərçivəsində yaran-

mış çoxsəsli Amerika mədəniyyəti 

mövcuddur.  Doğma Azərbaycandan 

uzaqdakı ikinci evimdə –  Amerika-

da mən şəxsi həyatımda və peşəkar 

fəaliyyətimdə qarşıya qoyduğum  

vəzifələri reallaşdırmaq imkanı 

qazandım. 



–  Gəlin, bu fikirlərinizi bir qədər 

də konkretləşdirək.

 Ali təhsili başa vuraraq 2006-cı 

ildə  Riçmond şəhərindəki Virciniya 

Birlik Universitetində “Opera və səsin 

pedaqogikası” ixtisası ilə bakalavr, 

2013-cü ildə isə Nyu-Cersi ştatının 

Prinston şəhərindəki Rayder Univer-

sitetinin Vestminster xor kollecində  

həmin ixtisasın magistr diplomunu 

aldım. Təhsil illəri mənim musiqiçi 

kimi peşəkar və elmi fəaliyyətimin 

təməlini yaratdı. Bir daha deyirəm, bu 

təhsil nəticəsində mən opera sənətinin 

ifaçılığını, vokalın pedaqogikasını və 

elmini, üstəlik, musiqi üzərində quru-

lan mədəni diplomatiyanın əsaslarını 

öyrəndim.

–   Beləliklə, 26 ildir ki, Odlar 

yurdundan uzaqda, okeanın o tayın-

da yaşayır və fəaliyyət göstərirsiniz.

–  Gəlin, məsələni elə qoyma-

yaq. Mən Azərbaycandan uzaqda 

yaşasam da , daim, qəlbən, ruhən 

Azərbaycanda olmuşam, Azərbaycan 

adı ilə bağlı olan istənilən tədbirə 

mütləq qatılmış, cani-dildən iş-

tirak etmişəm.  Belə tədbirlərin 

sayı onlarla olub. Bəlkə də yüzdən 

çoxdur.   Heç zaman yadımdan 

çıxmaz, 2012-ci ildə Azərbaycanın 

Müstəqillik Günü münasibətilə 

“Amerikanın Azərbaycan Cəmiyyəti” 

tərəfindən  Nyu-Yorkdakı “Empa-

er Steyt” sarayında təşkil olunmuş 

tədbirdə  bir vokalçı kimi hər iki 

ölkəmin – həm Azərbaycanın, həm 

də Amerika Birləşmiş Ştatlarının 

himnini oxumuşdum. Azərbaycanın 

ABŞ-dakı səfirliyinin, BMT-nin,  

Türkiyənin, Bolqarıstanın, Make-

doniyanın, Özbəkistanın və təbii ki, 

Birləşmiş Ştatların 100-dən artıq 

siyasətçi və diplomatının iştirak etdiyi  

rəsmi-siyasi tədbirdə hər iki ölkənin 

himninin ifası azərbaycanlı sənətçiyə 

etibar edilmişdisə, bu, mənə və bizə 

göstərilən inamın, etimadın təzahürü 

idi. Ancaq bu, o demək deyil ki, mən  

Azərbaycanla bağlı tədbirlərdə təkcə 

vokal ifaçısı kimi iştirak edirəm. 

Belə deyil.  2006-cı ildən etibarən 

görkəmli ictimai xadim Tomris xanım 

Azərinin rəhbərlik etdiyi “Amerika 

Azərbaycan Cəmiyyəti”nin xətti 

ilə, eləcə də ölkəmizin ABŞ-dakı 

səfirliyi və BMT-dəki nümayəndəliyi 

tərəfindən reallaşdırılan istənilən 

tədbirdə,  həmçinin diaspor 

təşkilatımızın  fəaliyyətində ictimai 

fəal kimi yaxından iştirak edirəm. Bu, 

mənim mənəvi borcumdur.

Belə tədbirlər çox olsa da, cəmi 

bir neçəsini yada salmaq istərdim. 

Məsələn,  2008-ci ildə ulu öndər 

Heydər Əliyevin anadan olması-

nın 85 illiyi münasibətilə “Ame-

rikanın Azərbaycan Cəmiyyəti” 

Nyu-Yorkdakı ən mötəbər və tarixi 

ünvanlardan birində –  Aleksandr 

Hamiltonun ev -muzeyində keçirilən 

konserti bilavasitə mən təşkil etmiş-

dim. Yaxud,  2008-ci ildə Niaqara 

Kamera Musiqisi Festivalında Heydər 

Əliyev Fondunun sponsorluğu və 

“İpək yolu üstündə dayanacaq” 

orkestrinin müşayiəti ilə təşkil edilmiş 

“Azərbaycanın qədim ənənələri” 

konsert proqramının solisti kimi məhz 

mən çıxış etmişdim.



–  Amma, təkcə Birləşmiş 

Ştatlarda deyil, başqa ölkələrdə də 

Azərbaycanı təmsil etmisiniz.

–  Əlbəttə.  Bəzilərini yada 

sala bilərəm. Məsələn, 2012-ci ildə 

İtaliyanın Florensiya şəhərində 

keçirilən “Vokal səsi üzrə Florensiya 

seminarı” proqramında, 2012-13-cü 

illərdə Avstriyanın Vyana şəhərində, 

dünya şöhrətli bəstəkar Şubertin 

ev-muzeyində keçirilən “Vyana ro-

manslarının dili” konsert proqramla-

rında, 2013-cü ildə Avstriyanın Qrats 

şəhərində keçirilən “Amerika Musiqi 

Tədqiqatları İnstitutu” proqramın-

da,  Kanadanın Toronto şəhərindəki  

“İncəsənətin ifaçılıq növləri” üzrə 

Markham Teatrında Azərbaycan 

musiqisinə həsr olunmuş gecədə 

(Xalq artisti, görkəmli pianoçu Çingiz 

Sadıxovla birlikdə)  iştirak edərək 

Azərbaycan adının çəkilməsinə nail 

olmuşam.

–  Yeri gəlmişkən, bilavasitə 

Azərbaycan bəstəkarlarının yaradı-

cılığına, milli musiqi sənətimizə də 

tez-tez müraciət edirsiniz. 

–  Bayaq Nyu-Yorkda keçirilən 

möhtəşəm rəsmi tədbirdə hər iki 

ölkənin – həm Azərbaycanın, həm 

də Birləşmiş Ştatların himnlərini 

oxuduğumu söylədim. Xatırladım ki, 

mən həmin tədbirdə həm də milli mu-

siqimizin ən dəyərli nümunələrindən 

olan “Sarı gəlin” xalq mahnısını və 

Üzeyir bəy Hacıbəylinin “Arşın mal 

alan” operettasından Gülçöhrənin 

ariyasını da ifa etmişdim. Həmin 

əsərlərin hər biri mənim üçün bir növ 

abidə xarakterlidir. Yəni istənilən 

konfrans, simpozium,  festival və 

ya konsertdə iştirak edərkən imkan 

daxilində mütləq Azərbaycan musiqi 

incəsənətinə toxunmağa çalışmışam 

və buna nail olmuşam.

Bundan başqa, mən dövri 

olaraq Azərbaycana gəlirəm və 

hər gəlişimdə ən çox görüşdüyüm 

adamlar məhz musiqiçilər olurlar. Bu 

görüşlərin hər biri mənim  gələcək 

fəaliyyətim üçün bir növ mənəvi 

dayaq olur. Belə görüşlərin birində 

– 2008-ci ildə mən “Şöhrət” ordenli  

Azərbaycan bəstəkarı, Bakı Musiqi 

Akademiyasının professoru Tofiq 

Bakıxanovla tanış oldum. O, təkcə 

yaradıcı insan kimi deyil, həm də 

görkəmli bir nəslin nümayəndəsi kimi 

olduqca maraqlı həmsöhbətdir. Bun-

dan başqa, o,  sözün həqiqi mənasında 

çox dəyərli bir insandır. Bir musiqiçi 

və vokal ifaçısı kimi Tofiq Bakıxa-

novun əsərləri mənim çox xoşuma 

gəldi. 2010-cu ildə ustadın anadan 

olmasının 80 illiyi münasibətilə 

təşkil olunan birinci musiqi festivalı 

çərçivəsində həm Azərbaycan Dövlət 

Filarmoniyasının səhnəsində, həm 

də Bakıdakı Beynəlxalq Muğam 

Mərkəzində onun mahnılarını ifa 

etmək xoşbəxtliyi mənə də nəsib 

olmuşdu.  Səmimiyyətlə deyim ki, 

həmin  tədbirlərdə böyük məmnunluq 

hissləri yaşadım. 2015-ci ilin dekab-

rında isə mən Tofiq Bakıxanovun 85 

illiyi münasibətilə keçirilən ikinci 

ümumrespublika musiqi festivalında 

həm vokal ifaçısı, həm də elmi konf-

ransın iştirakçısı kimi həmin hissləri 

təkrar yaşaya bildim.

Ustad sənətkarın 85 illik 

yubileyinin keçirildiyi  günlər 

həqiqətən unudulmaz xatirələrlə 

uzun müddət yaddaşımda yaşayacaq. 

Azərbaycanın yaradıcı ziyalılarının 

böyük əksəriyyəti Tofiq müəllimin 

yubileyində iştirak edirdi. 2015-

ci il dekabrın 15-də Azərbaycan 

Bəstəkarlar İttifaqının konfrans 

zalında ustadın yubileyinə həsr 

olunmuş festival çərçivəsində elmi 

praktik konfrans keçirilirdi. Orada 

dünya şöhrətli Azərbaycan bəstəkarı, 

Bəstəkarlar İttifaqının sədri Firəngiz 

xanım Əlizadə başda olmaqla 

12  natiq yubilyarın bədii və elmi 

yaradıcılığını əhatə edən müxtəlif 

mövzular üzrə çıxış etdilər. Mən isə 

“Musiqi və siyasət, musiqinin köməyi 

ilə mədəniyyətin diplomatiyası: 

Azərbaycan-Amerika” mövzusunda 

məruzə etdim. 

Hamı tərəfindən maraq və 

alqışlarla qarşılanan həmin məruzədə 

ümummilli liderimiz Heydər Əliyevin 

yaradıcı ziyalılar barədə söylədiyi bir 

fikri də yada salmışdım. Ulu öndər 

xatırladırdı ki, ziyalılıq kütləvi ola 

bilməz, alimlər, şairlər, bəstəkarlar, 

rəssamlar, yazıçılar –  yaranışdan 

xüsusi istedada malik nadir insanlar-

dır. Tofiq müəllimin özünə gəlincə 

isə, deyə bilərəm ki, onun yaradıcılığı 

Azərbaycanın musiqi xəzinəsinin 

çox dəyərli nümunələri arasındadır. 

Mən onun “Sevən könül”, “Bağışla 

məni” və “Sevməyir, qoy sevməsin” 

mahnılarını ( hər üç mahnının sözləri 

Süleyman Rüstəmindir) çox böyük 

həvəs və zövqlə ifa etmişəm.  

Yeri gəlmişkən, Xalq artisti, pro-

fessor Ağaverdi Paşayevin rəhbərlik 

etdiyi Azərbaycan Dövlət Filarmoni-

yasının Xalq Çalğı Alətləri Orkestri 

və  Xalq artisti, professor Rauf Ab-

dullayevin rəhbərlik etdiyi Üzeyir bəy 

Hacıbəyli adına Azərbaycan Dövlət 

Simfonik Orkestri  Tofiq müəllimin 

bütün əsərlərini, xüsusən də, uzaq 

Amerikadan gəlmiş solistin ifası üçün 

– yəni, məndən ötrü –  mükəmməl 

şəkildə ifa edirdi.



–  Siz həm də musiqi vasitəsilə 

reallaşdırılan mədəni diplomatiyanın 

mütəxəssisi kimi təhsil almısınız. 

Azərbaycanda bu istiqamətdə real-

laşdırılan tədbirlər uzaq Amerikadan 

necə görünür?

–  Qətiyyətlə deyə bilərəm ki,  

Azərbaycanın sosial, elmi və iqtisadi 

strukturları arasında bu genişmiq-

yaslı mühüm təbliğat işini və mədəni 

diplomatiyanı həm ölkə daxilində, 

həm də beynəlxalq aləmdə Heydər 

Əliyev Fondu reallaşdırır. Fondun 

prezidenti, Milli Məclisin deputa-

tı, UNESCO-nun və İSESCO-nun 

xoşməramlı səfiri Mehriban xanım 

Əliyevanın rəhbərlik etdiyi bu qurum 

incəsənət, bədii yaradıcılıq,  musiqi 

və elm sahəsindəki yaradıcı ziyalıları 

həvəsləndirməklə yeni cəmiyyətin 

formalaşmasına və ölkənin sosial-iq-

tisadi inkişafına xüsusi töhfələr verir. 

Bu fond qlobal miqyasda reallaşdır-

dığı tədbirlər çərçivəsində isə xalq 

diplomatiyasının imkanlarını artırır, 

yaradıcı ziyalıların fəaliyyətinin 

dəstəklənməsi yolu ilə xalqın milli-

mənəvi dəyərlərinin qorunub sax-

lanılmasını və daha geniş miqyasda 

təbliğ olunmasını stimullaşdırır. Məhz 

bu fondun səyləri nəticəsində bu 

gün dünya ictimaiyyəti Azərbaycan 

mədəniyyəti, incəsənəti, elmi 

barədə, deməli, həm də bütövlükdə 

Azərbaycan haqqında mükəmməl 

məlumatlar ala bilir. Fikrimcə, bütün 

bunları ancaq mədəni diplomatiyanın 

inkişaf etdirilməsi nəticəsində reallaş-

dırmaq mümkündür.



–  Yəqin ki, Bakıya növbəti 

səfəriniz də musiqi ifaçılığı və ya 

elmi yaradıcılıqla bağlıdır. 

–  Bakıya növbəti  gəlişim  

“Muğam və aşıq musiqisi ifaçılığın-

da səs tellərinin akustik və fizioloji 

parametrlərinin özünəməxsusluğu” 

mövzusu üzrə  apardığım elmi 

tədqiqatların davam etdirilməsi ilə 

bağlıdır. Xatırladım ki, bu tədqiqatlar 

2013-cü ildə “Azərbaycan qadın 

muğamının uzunmüddətli orta 

spektrdəki ifasında bəm və zilin 

akustik təhlili” mövzusunda   müdafiə 

etdiyim magistrlik  dissertasiyamın 

əsasında davam etdirilir. Burada mən 

opera və muğam məktəbi ifaçılarının 

səsləri  arasındakı empirik və akustik  

təhlillərin nəticəsini öyrənməyə 

çalışıram.



–  Bu məqsədlə Bakıdan əvvəl 

Londona da getmisiniz.

–  Londondakı tədqiqatlarım 

Qoldsmin Universitetində “Vokal mu-

ğamların akustik xüsusiyyətləri”nin 

öyrənilməsinə həsr edilmişdi. Oradakı 

tədqiqatlar səsyaranma problemi 

üzrə tədqiqatların tərkib hissəsi idi. 

Daha maraqlı cəhət isə o idi ki, bu 

tədqiqatlar məhz Azərbaycan mu-

ğamları əsasında aparılırdı. Onu da 

əlavə edim ki, bu tədqiqatlar mənim 

gələcəkdə yazacağım doktorluq dis-

sertasiyamın əsasları olacaq. Əminəm 

ki, Bakıda apardığım tədqiqatlar 

mənim üçün lazım olan mühüm 

nəticələrin əldə edilməsinə zəmin ya-

radacaq.  Bir  qədər qeyri-adi görünsə 

də, mən Bakıda təkcə mədəniyyət 

və sənət adamları, xanəndələr və 

aşıqlarla deyil, həm də tibb işçiləri ilə 

görüşür, səsyaranma prosesinin elmi, 

fizioloji tərəflərini də öyrənməyə 

çalışıram. 

– Bilavasitə vokal sahəsində ça-

lışan mütəxəssislərlə də əməkdaşlıq 

edirsinizmi?

– Əlbəttə. Ümumiyyətlə, 

Azərbaycan mədəniyyəti, musiqimiz, 

muğamlarımız və aşıq yaradıcılığı-

mız o qədər zəngindir ki, dünyanın 

harasına getsən, bu istiqamətlərdə 

tədqiqat aparmaq üçün istənilən 

qədər material tapmaq mümkündür.  

Xüsusən, mənim tədqiq etdiyim 

sahədə. Ancaq mən öz elmi işimin 

daha uğurlu və sanballı olması üçün 

tədqiqatlarımın böyük əksəriyyətini 

Azərbaycanla bağladım. Çoxsaylı 

alimlərlə, görkəmli ifaçılarla görüş-

düm, onların fikirlərini öyrənməyə 

çalışdım. Muğam ifaçılarımızla 

görüşəndə konkret suallarım da var 

idi: –  Muğam ifası zamanı boğazda 

nə baş verir? Çox təəssüf ki, bir cavab 

tapa bilmirdim. Sonra Milli Konser-

vatoriyanın rektoru, professor Siyavuş 

Kərimi ilə görüşüb öz məqsədimi ona 

da danışdım.O, məni muğam ustaları 

Zabit Nəbizadənin və Aygün Bayra-

movanın dərslərinə apardı. Həmin 

sənətkarların ifası zamanı boğazda 

nələrin baş verdiyini universitetdə 

mənimsədiyim nəzəri biliklər və tex-

niki vasitələrlə öyrənməyə çalışdım. 

Məlum oldu ki, bu gün Azərbaycan 

muğamı özünün renesans dövrünü 

yaşayır. Bir daha xatırladıram, bu 

renesansın təməlini Heydər Əliyev 

Fondu və həmin fondun rəhbəri Meh-

riban xanım Əliyeva qoymuşdur.

–  Siz bu elmi tədqiqatlarınız 

barədə danışarkən,  ulu babanız 

Əhəd Əliyevin  qarmon ifaçılığın-

da nail olduğu yeniliklər mənim 

yadıma düşür. O da musiqi tarixində 

özünəməxsus yol açan sənətkarımız 

idi. Əhəd Əliyev qarmonda  

yarımpərdələrin tətbiqinə, yəni, 

mikrotonallı musiqilərin ifasına nail 

olmaq üçün təkliflər irəli sürmüş və 

öz müasiri,  yəhudi usta Korpuşkinin 

köməyi ilə buna nail olmuşdu.Yəni  

babada olan  qeyri-adi yaradıcılığa 

maraq və həvəs onun nəticəsində 

də görünür. Yeri gəlmişkən, Bakıda 

keçən uşaqlıq illəriniz və burada-

kı qohumlarınız barədə də bir az 

məlumat verməyiniz yaxşı olardı.

–  Mən Azərbaycan əsilli ameri-

kalı kimi fəxr edirəm və xoşbəxtəm 

ki, Odlar yurdu Azərbaycanda, 

küləklər şəhəri Bakıda, Qərblə Şərq 

mədəniyyətlərinin qovuşduğu bir 

diyarda dünyaya gəlmişəm. Bakı ilə 

bağlı təəssüratlarıma  gəlincə isə , 

deyə bilərəm ki, həmin xatirələr ağ 

və qara rənglərlə doludur. Yəni, hələ 

üç yaşım olanda anam dünyasını 

dəyişib. Atam Çingiz Həsənzadə 

və onun valideynləri Həsən və 

Leyla Sultanzadələrin himayəsi ilə 

böyümüşəm. Onların hər üçü mənim 

həyat məktəbimin ilk müəllimləri 

olublar.Onların tərbiyəsi  mənim 

fərdi imkanlarımın formalaşması-

nı, köklərə bağlılığımı təmin edib. 

Əsilzadələr nəslindən olan babam 

Azərbaycanın Əməkdar mühəndis-

energetiki idi. Bütün soydaşlarımız 

kimi  mən də dünyanın harasında 

olsam da, uşaqlıq illərimi, Bakının 

küçələrini, küləklərini və körpəlikdən 

eşitdiyim Azərbaycan musiqisini 

daim ürəyimdə, beynimdə, varlığımda 

yaşadıram.

Sözlərimi ulu öndər Heydər 

Əliyevin  dünyaca məşhur olan 

bir ifadəsi ilə başa çatdırmaq 

istəyirəm: “Mən fəxr edirəm ki, mən 

Azərbaycanlıyam!”

– Təşəkkür edirik!

Bax, belə. Okeanın o tayında, 

dünyanın ən böyük  ölkələrindən 

birində xalqımızı, mədəniyyətimizi, 

musiqimizi, xüsusən, muğam 

sənətimizi təmsil və təbliğ edən ta-

nınmış bir soydaşımızla söhbətimizi 

başa çatdırdıq. Həmsöhbətimiz 

olan xanım sənətkar  “Xalq 

qəzeti”nin oxucularına demək 

istədiyi fiklirlərini ulu öndər Heydər 

Əliyevin dünyaca məşhur olan bir 

ifadəsi ilə yekunlaşdırdı. Biz isə 

bu  sətirləri tamamlayarkən ümum-

milli liderimizin daha bir müdrik 

ifadəsini yada salmaq istəyirik. 

Böyük dövlət xadimi demişdi ki, 

həyatda elə sahələr var ki, orada 

kimsə başqasının yerini tuta bilər. 

Yaradıcılıqda, xüsusən, musiqidə isə 

bir adamın kiminsə yerini tutması 

qətiyyən mümkün deyil. Biz böyük 

sənətkarımız Kor Əhədin nəticəsi 

deyərək təqdim etdiyimiz Sevinc 

Sultanzadənin timsalında növbəti 

dəfə həmin həqiqətin şahidi olduq. 

O da ulu babası kimi həm öz yolu, 

həm də, dünya sənətkarları arasında 

öz yeri olan məşhur soydaşımızdır. 

Biz çoxsaylı musiqisevərlər, xüsusən, 

oxucularımız adından Sevinc xanı-

ma daha böyük yaradıcılıq uğurları 

və cansağlığı arzulayırıq!

Müsahibəni qələmə aldı:  

 Rafiq SALMANOV,   

“Əməkdar mədəniyyət işçisi”, 

fotolar müəllifindir

 

ˆ

Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Gülnar Məmmədova, 



Aydan Höccətova, Nərmin Kazımova. Ötən il sentyabrın birinci yarısında 

Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu bayram 

yazımızın elə ilk sətrlərində adlarını fəxrlə çəkdiyimiz xanımların təmsil etdiyi 

Azərbaycan milli komandasının qarşısına yarışı birinci onluqda başa vurmaq 

vəzifəsi qoyulmuşdu və qızlar tapşırığı şərəflə yerinə yetirdilər. 

Yarandığı elə ilk günlərdən bir çox bö-

yük hadisəyə şahidlik etmiş “Kristal Zal”da 

Olimpiada sınaqları başlanmazdan əvvəl 

komandamız 140 iştirakçı ölkənin (kişilərin 

turnirində 180 ölkə yarışmışdır) siyahısında 

reytinqə görə on ikinci idi, Olimpiadanı isə 

ən güclü on komanda sırasında, səkkizinci 

mövqedə başa vurdu.

Təcrübəli mütəxəssis Fikrət 

Sideifzadənin başçılıq etdiyi koman-

da Beynəlxalq Şahmat Federasiyasının 

(FİDE) yarışlar təqvimində xüsusi yeri 

olan Olimpiadada keçirdiyi 11 matçdan 

yeddisində Nikaraqua, Meksika, Polşa, 

Almaniya, Hindistan, Kolumbiya və Ma-

layziya yığmalarına qalib gəldi, Rumı-

niya və dəfələrlə dünya çempionu Nona 

Qaprindaşvilinin həmvətənləri Gürcüstan 

şahmatçıları ilə heç-heçə oynadı, yalnız 

Olimpiadanın gələcək qalibi Çin komanda-

sına (20 xal) və bürünc mükafatçı Ukray-

naya (17) uduzdu. Z. Məmmədyarova və 

rəfiqələri finişə 16 xalla çataraq Ukrayna-

dan, eləcə də əlavə göstəricilərə görə on-

dan üstün olub ikinci yeri tutan Polşadan 

1 xal geri qaldılar. Müqayisə üçün deyək 

ki, dördüncü nəticə göstərən Rusiya (16 

xal) yalnız “topların fərqinə görə” bizdən 

irəli oldu, Gürcüstan isə (15) onuncu yerlə 

kifayətləndi.

Olimpiadada birinci taxtanın ağırlığını 

öz üzərinə götürüb, bir qayda olaraq, ko-

manda yarışlarında əsl lider keyfiyyətləri ilə 

rəfiqələrini ruhlandırmağı bacaran Zeynəb 

də, Günayla Gülnar da, Aydanla Nərmin də 

şərəfini qoruduqları komandanın inamlı çıxı-

şına öz töhfələrini verdilər. Doqquz görüşdə 

bir dəfə də uduzmayan Gülnarın 7 xalla 

üçüncü taxtada ən yaxşı nəticə göstərməsi 

isə çox böyük uğur idi və o, bu nailiyyətə 

görə Olimpiadanın bağlanış mərasimində 

xüsusi mükafata layiq görüldü. 

Elə həmin anlarda 2014-cü ilin avqus-

tunda Norveçin Tromsö şəhərində keçirilmiş 

41-ci Olimpiada yadımıza düşdü. İki il əvvəl 

yığmamız yekun cədvəlində 23-cü olmuşdu. 

Bakıda isə səkkizinci yer. Böyük fərq göz 

qabağındadır–komanda 23-cü yerdən 8-ci 

mövqeyə yüksəlməklə 15 pillə irəliləmişdir.

Bir sözlə, bu səmimi və mübariz heyət 

“doğma divarlar” arasında, qədim və müdrik 

oyunun azərbaycanlı pərəstişkarları qarşı-

sında böyük məsuliyyətlə oynayıb birinci 

onluğa layiq olduğunu inamla sübuta yetirdi. 

Olimpiadadan sonra Serbiyanın Novi-

Sad şəhərində (2009-cu ilin payızında 

Azərbaycanın kişilərdən ibarət komandası 

məhz burada təşkil edilən Avropa çempi-

onatında ilk dəfə qızıl medal qazanmışdı) 

keçirilən Avropa klublarının kuboku turniri 

də qadın şahmatçılarımız üçün çox ciddi 

sınaq idi. Belə məsul yarışda ilk dəfə iştirak 

edən “Odlar Yurdu” komandası 8 xalla be-

şinci yeri tutdu, Gülnar Məmmədova isə bir 

daha fərqlənərək 7 mümkün xaldan 5,5 xalla 

ikinci taxtada birinci oldu. Başqa heç bir 

komandada heç bir şahmatçı ikinci taxtada 

belə nəticə göstərə bilməmişdi. 

Nəhayət, Olimipadada çıxış etmiş 

həmin heyətin beş üzvündən ikisinin ötən 

ay keçirilmiş növbəti Azərbaycan çempio-

natında fəxri kürsüyə yüksəldiyini, Günayın 

ölkə çempionu adını qazandığını, Zeynəbin 

bürünc medala sahib olduğunu da qeyd 

edək. Azərbaycan çempionatında ikinci yeri 

isə daha bir istedadlı şahmatçımız Ülviyyə 

Fətəliyeva tutmuşdur.

Şahmatımızın ən gözəl xanımla-

rını, eləcə də onların rəfiqələri Türkan 

Məmmədyarova, Xəyalə Abdulla, Nərmin 

Xələfova, Nərmin Məmmədova, Nərgiz 

Umudova, Xanım Balacayeva və digərlərini 

qarşıda yeni-yeni yarışlar və umid edək ki, 

yeni uğurlar gözləyir. 

Bu  gün qadın şahmatımızın 

qrossmeysterlərinə, beynəlxalq ustaları-

na səxavətlə xoş sətrlər həsr edib, onların 

timsalında Azərbaycanın bütün qadın 

idman ictimaiyyətinə ən xoş arzularımızı 

bildirərkən, əlbəttə, hələ sovet dövründən 

məşhurlaşıb respublikamızın yığma koman-

dasının əsasını təşkil etmiş Aynur Sofiyeva, 

Firuzə Vəlixanlı, İlahə Qədimova və Fənarə 

Babayevanı da unutmuruq. Qadın şahmatı-

mızın indiki nəsli bir vaxtlar estafeti məhz 



onlardan qəbul etmişdir. 

Oqtay BAYRAMOV,   

“Xalq qəzeti” 

Şahmatımızın ən gözəl xanımları



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə