1 ƏZİZƏ CƏFƏrzadə aləMDƏ SƏSİm var məNİM



Yüklə 5.27 Mb.
Pdf просмотр
səhifə5/28
tarix04.06.2017
ölçüsü5.27 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

PƏRİLƏR  SOLTANI 

Şair  Sonanı  unuda  bilmirdi...  Günlər  ötür,  günlər  həftələrə,  həftələr  aylara 

çevrilirdi... Şair Sonanı unuda bilmirdi. Gəlinin surəti yalnız tez-tez ziyarət etdiyi 

Mahmud  ağa  məclisində  deyil,  gündəlik  həyatında,  evdə,  bazarda,  məsciddə, 

yuxuda belə onun gözlərini, qəlbini tərk etmirdi... Şair Sonanı unuda bilmirdi. Bu 

vaxt ərzində o, Mahmud ağa ilə dostlaşmış, onun qonaq otağına gələn şeir, musiqi 

və  gözəllik  aşiqi  cavanlarla  həmqəlb,  həmsöhbət  olmuşdu...  Bu  məclislərdə  şeir, 

musiqi  və  gözəllik  haqqında  qoşduğu  qəzəllərini  oxumuşdu,  təhsinlər,  əhsənlər 

eşitmişdi, amma Sona ilə bir kəlmə də kəsməmiş, danışmamışdı. 

 

 



                                                                                                                                                  

60 


 

O hələ də bilmirdi ki, qız onun qəzəllərini eşidibmi? Bilirmi ki, bu şeirlər məhz 

onun  üçün  yazılır,  onun  təsirilə  qoşulur;  bilirmi  ki,  gözləri  dolğun  aya  baxanda 

Sonanı  görür,  əlvan  çiçəkləri  qoxlayanda  Sonanı  düşünür,  cümə  günləri  əqrəbası

ilə  məscidə  gedəndə,  namaz  üstündə  mehrabı  Sonanın  qaşlarına  oxşadır.  Bağdan 

dostu  ona  bir  dəstə  reyhan  verib,  "ətri-peyğəmbərdir,  ağa,  iylə,  səvabı  var"  – 

deyəndə  Sonanın  saçlarını  xatırlayır,  Zoğalavay  çayı  boyu  ucalan  sərvləri  seyr 

etdikdə  Sonanın  qaməti  gözləri  önündə  cilvələnir...  "Ay  Sona...  Sona"  deyə

pıçıldayan  dodaqları  yeni-yeni  qəzəllər  düzür.  Şair  Sonanı  unuda  bilmirdi...  O 

bilirdi  ki,  nə  anası,  nə  əqrəbası,  nə  də  içində  yaşadığı  bu  mühit  onun  Sonanı

sevməsinə,  ona  evlənməsinə  razılıq  verməz...  "Çəngi!"  Bircə  bu  söz  dəhşətli 

damğadan, taundan, vəbadan da qorxunc idi... Sona çəngi idi. O heç vaxt heç kimin 

arvadı,  anası  ola  bilməz.  Heç  kəs  ona  "gəlinim"  deməyə  razılıq  verməz.  Sona 

çəngidir.  Xoşməşrəb  cavanlar  ona  valeh  ola  bilər,  amma  heç  birisi  "övrətim" 

deməz. Dəliqanlı cavanlar Sonadan ötrü ölürdü... Amma heç birisi ona evlənməyi 

ağlına  belə  gətirmirdi.  Onun adını  Mahmud  ağa  məclisindən  başqa  heç bir  yerdə

bündürdən  söyləyə  bilmirdilər.  "Çəngi"  deyirdilər  böyüklər,  arvad-uşaq,  əqrəba 

yanında  onu  görüb  tanıdıqlarını  boyunlarına  belə  almaz,  almaqdan  qorxardılar. 

"Çəngi"...  Qadınlar  onun  adını  lənətsiz  yad  etməkdən  çəkinirdilər.  Şair  bunları

bilirdi, amma Sonanı unuda bilmirdi... 

...Hava  qaralanda  o,  Qəriblərə  tərəf  yollandı.  Artıq  taqəti  qalmamışdı.  O, 

Sonanı təkbətək görməli, qəlbini tüğyana gətirən hissləri ona açmalı idi. Qoy sonra 

nə olur-olsun... O sonranı heç düşünmürdü də. 

O  bugünkü  moizoni  xatırlamaq  istəməsə  də  Molla  Qurbanqulunun  sözləri 

qulağından  getmirdi.  Molla  Qurbanqulu  Mahmud  ağanın  nüfuzundan  qorxaraq, 

onun  öz  adını  çəkməsə  də  bu  gün  o  məclisə  gedən  cavanların  qarasına  çox 

danışmış,  çəngilərin  rəqsini  "şeytan  əməli"  adlandırmış,  "lənətləmiş,  bu  bəlanın 

şəhərdən rəf olunmasını, qovulmasını, sürgün olunmasını hazirundan tələb etmişdi. 

Cavanların yoldan çıxmağa başladığından, şəraba, mütrüfə, çəngiyə meyil etdiyin-

dən,  məsciddən,  Allah  yolundan  uzaqlaşdığından  danışmış,  belələrini  cəhənnəm 

əzabı  ilə  qorxutmuşdu.  İndi  şair  ürəyində  Molla  Qurbanqulu  ilə  mübahisəyə

girişmişdi:  "Niyə  gərək  elə  yaxsı,  gözəl,  insana  fərəh  gətirən,  onu  güldürən, 

sevindirən hər şey şeytan əməli hesab olunsun? Göz yaşı, əzab Allaha xoş getsin? 

Niyə  axı  Allah  öz  yaratdığı  insana  yaxşını  o  dünyada,  əzabı  bu  dünyada  rəva 

görsün?  Nə  üçün  yaxşını  ruh,  pisi  cism  duysun?  Doğrudanmı  Sona,  Nəcəfqulu 

kimi sənət- 

 

 


                                                                                                                                                  

61 


 

karlar, Mahmud ağa təki sənəti qiymətləndirən gözəl insanlar cəhənnəmdə

yanacaq,  Molla  Qurbanqulu,  Qapaqlı  Hacı  Əsəd  kimi  qəlbiqara  adamlar 

behiştə gedəcək? Bəs onda üsuli-dinin əsaslarından biri olan ədl hara gedir? 

Adil  Allah  belə  ədalətsiz  iş  tutarmı?  Musiqi,  şeir,  rəqs  cəhənnəmdə  isə, 

behiştdəki  hurilər-pərilər  nə  edirlər?  Axı  insanı  paklığa,  dostluğa,  səadətə

səsləyən  Füzuli  qəzəllərini  təğənni  edən  xanəndə  nə  günahın  sahibidi? 

Qəlblərə  fərəh  və  həyatın  rüknü  olan  məhəbbət  təlqin  eləyən  Sona  hansı

təqsirinə görə lənətlənir? 

Vaiz əsrari-ləbi-dildan bilməz, bilmişəm  

İçməyən, zövqi-meyi gülnarı bilməz, bilmişəm.  

Olmayan aşiq nə bilsin əhli-eşqin halını,  

Cövri-yarü təneyi-əğyan bilməz, bilmişəm. 

Şübhələr şairin qəlbini didir, ürəyini qana döndərir, beynini gəmirirdi. 

Hava  artıq  tamamilə  qaralmışdı.  Şair  Mütrüf  Ədilin  evinə  çatıb  durdu. 

"Görəsən  o  məni  necə  qarşılayacaq,  nə  deyəcək?  Görəsən  eşqindən  dəli-

divanə olduğumu bilirmi? Duyurmu ki, pərvanə şama, otlar, çiçəklər işığa 

günəşə  can  atan  kimi  mən  də  onun  başına  dolanmağa,  ziyasından 

işıqlanmağa can atıram?". 

Əl çatsa fəda canımı canana edərdim,  

Şəmi-rüxinə könlümü pərvanə edərdim. 

Bir an tərəddüd içində dayandı. Sonra qət edib əlini qapının çaxçaxına 

uzatdı...  Qapını  Mütrüf  Ədil  özü  açdı.  Əlindəki  fanus  ilə  qonağın  üzünü 

işıqlandırdı. Tanıyan kimi özünü itirdi. O bu gəlişi heç vəchlə gözləmirdi. 

Gənc  olmasına  baxmayaraq,  bütün  şamaxılıların  "ağa"  deyə  çağırmağa 

başladığı,  bir  şair  kimi  tanıyıb  hörmət  etdiyi,  bir  seyid  peyğəmbər  övladı

Mütrüf  Ədilin  qapısını  niyə  döysün  gərək?  Yüzlərlə  əcaibliklərin  şahidi 

olmuş  coşməşrəb  cavanlar  məclisində  saç  ağartmış  Mütrüf  Ədil  üçün  bu 

gəliş  o  qədər  nagəhani,  gözlənilməz  idi  ki,  Ədü  salam-kəlamı  unutdu,  bir 

söz soruşmağa cürət etməyib geri çəkildi: 

-Buyurun, buyurun, cənab ağa!.. Nökərçiliyinizdə duraq... buyurun... 

O, evə tərəf irəlilədikcə yolu işıqlandırır və bir kəlmə də demədən 

özünü  müşayiət  eləyən  Seyid  Əzimi  yanpörtü  süzür,  nə  məqsədlə  gəl-

diyini anlamağa çalışırdı. 

Qızlar  şam  yeməyi  süfrəsini  yığışdırırdılar.  Onlar  da  Seyid  Əzimi 

görcək çaşbaş qaldılar. Seyid Əzim özünü ələ alıb dilləndi: 



                                                                                                                                                  

62 


 

-Xeyr,  xeyr,  Allah  eləməsin,  buyurun,  -  deyib,  Mütrüf  Ədil  qızlara  işara  elədi. 

Onlar  süfrəni  və  qabları  götürüb  otağı  tərk  etdilər.  Onsuz  da  bu  gün  müqəddəs 

cümə  günü  olduğundan  məşq  olmayacaqdı.Hərə  öz  mövqeyinə  çəkildi,  təkcə

Sonadan  başqa.  Sona  Sanki  bu  gəlişi  gözləyirdi:  Sanki  bilirdi  ki,  Seyid  buraya 

məhz onu görməyə gəlmişdir. Ona deyiləcək sözləri var... O çıxmadı. Mütrüf Ədil 

həyəcanmı birtəhər gizləyib heykəl kimi dayanmış Sonaya, bir də xəcalət təri bas- 

mış ağaya baxdı, məsələni anladı, amma tərəddüd içində durdu: "Lailahə illəllah, 

bu  olan  işdi?  Bəlaya  düşməsək  yaxşıdı,  gedim,  yoxsa  qalım,bir  söz  soruşum,  ya 

soruşmayım?  Allah,  sən  saxla!  Görəcəkli  günlərimiz  dalda  qalıbmış...  Bu  da 

övladi-peyğəmbər...  Bu  da  Ağa...  Amma  nə  demək  olar,  cavandı...  şairdi.  Yox, 

çıxsam yaxşıdı, gərək olsam çağırtdırar" deyə o da qızları təqib etdi, otaqdan çıxdı. 

Üz-üzə qaldılar, hər ikisi yerə baxırdı, amma göz-gözə durmuş kimi, bir-birini 

qəlbinin  gözü  ilə  görürdü.  Sona  əllərini  köksünə  sıxıb  dayanmışdı,  birdən  elə  bil 

qıçları taqətdən düşdü, diz üstə şairin önündəcə yerə çökdü: "Dillən, dilinə qurban 

olum,  danış,  sözünə  qurban  olum...  -  deyə  düşündü,  -  addımlarının  səsini  yüz 

addım  içində  tanıyıram,  məni  onlar  şerə,  sənətə  səsləyir.  Elə  mütrüfnən  gəlişini 

eşidib duyanda ürəyim yerindən qopdu, dodağımın ucunda çırpındı, a sənə qurban 

olum, niyə dinmirsən? Mən sənin şerinə, qəzəlinin hər bir kəlməsinə bir can qurban 

elərəm.  Möhtərəm  şairim  mənim...  Dillən,  o  rəvan  təbindən  axıb  gələn  kəlmələr, 

misralar,  beytlər  eşq  atəşilə  yanan  ürəyimi  yerindən  oynadır,  elə  bilirəm  sən 

danışdıqcan Tərlanım danışır, sənin hər kəlmən onun sözləridir..." 

Lakin şair danışmırdı. Sükut içində oturub, qızın ürək çırpıntılarına həmahəng 

döyünən qəlbini dinləyirdi: "Nə danışım, özün hamısını, yəqin ki, bilirsən....Yox, 

sən nə bilirsən ki..." 

Sükutu Sona pozdu: 

-Axır  vaxtlarda  səni  üzgün  görürdüm,  Ağa!  Xudanəkərdə,  naxoşzad  deyilsən 

ki... 


-Xeyr...  Elə  bir  az  pərişanam,  -  o,  qızın  bir  musiqi  qədər  xoş  səsini  bu  qədər 

yaxından, belə aydın eşitməmişdi. Sona onu gözləyirdimi? 

-Nə əcəeb bəs qızlarla getmədin, Sona?   

Bildim ki, məni görməyə gəlmisən. Şairin üreyi titrədi: 

-Nədən, Sona, nədən bildin? 

Sonanın kirpikləri titrədi, həya ona qalib gəldi, elə bil ki, yüzlərlə məclislərdə, 

kişilər qarşısında rəqs edən "çəngi" bu göyərçin kimi ürkək qız deyildi. 

 

 



                                                                                                                                                  

63 


 

-Özün demisən Ağa... 

Cavan  təlaşa  düşdü...  Məgər  o,  Sonanın  görüşünə  gedəcəyini  dostlarına 

danışmışdı? Bunu kim bilə bilərdi? O ki bu barədə heç kəslə kəlmə kəsməmişdi... 

-Kimə, haçan, Sona? 

Qız gülümsədi, sərvləri sığallayan xəfif bir meh kimi... 

-Keçən məclisdə oxuduğun qəzəldə: 

O gün olsun ki, səri-kuyüvə düşsün güzərim,  

özümü izzət ilə cənnəti-məvada görüm... 

Şairin təlaşı sevincə çevrildi, əlini alnına sürtdü, o da gülümsədi: 

-Mən  şeir  oxuyanda  sən  heç  vaxt  məclisdə  olmursan,  bəs  bunu  hardan 

eşitmisən? 

-Qapının  dalından.  Rəqs  qurtaran  kimi  biz  otaqdan  çıxırıq,  şeir  məclisi 

başlananda  qapının  dalına  gəlib  sənə  qulaq  asırıq.  Mən  də,  İzzet  də...  elə  o  biri 

qızlar  da...  Sənin  bütün  qəzəllərini  Nəcəfquludan  əvvəl  biz  əzbərləyirik...  Dəsti-

xəttin çatan kimi... 

Gənc şairin ürəyi az qaldı fərəhdən çatlasın. Sona onun qəzəllərini oxuyur... 

-Sən oxumaq bilirsən? 

-Bir az qara tanıyıram. Amma Ağa, sənin qəzəllərini öyrənmək üçün elə qara 

tanımaq  da  bəsdi,  onlar  elə  rəvandır  ki...  Cənab  Mahmud  ağa  buyuran  kimi 

təbisəlim var sizdə... böyük Füzuli kimi... maşalla -namxuda. 

-Mən  ən  xoşbəxt  şairəm,  Sona,  şerimi  sənin  kimi  bir  dilbər  oxuyub  başa 

düşürsə, onu sevib əzbərləyirsə, daha nə dərdim... 

Sona karıxdı, o söhbəti şeirdən salmışdı ki, Ağa "ayrı sözə" keçməsin. Halbuki 

söz buna yönəlirdi. 

-Səni  ilk  gördüyüm  gündən  məftunun  olmuşam,  Sona,  sən  mənim  bütün 

qəzəllərimdəki "büti-ziba"san, Şirinim də, Leylim də sənsən;adını bir qəzəldə çəkə

bilməsəm də Züleyxa deyəndə, Əzra deyəndə,Leyli adı çəkəndə səni görürəm. 

Dünya üzü sərbəsər əgər hur olsun,  

Girməz gözümə, yüz gözü məxmur olsun,  

Ey Zöhrəcəbin, mah rüxündən ayrı  

Xurşidə əgər baxsa gözüm, kur olsun. 

-İraq canından, Ağa, elə demə! 

 

 



                                                                                                                                                  

64 


 

Cavan  çırpındı.  Əllərini  irəli  uzatdı,  amma  rəqqasə  də  olsa,  bu  naməhrəm 

gəlinin əllərinə toxuna bilmədi. Ürəyi isə ilhamla dolmuşdu, sözlər öz-özünə həzin 

bir  çeşmə  kimi  axırdı,  arabir  hicab  daşına  toxunub  titrəyir,  yenə  də  rəvan-rəvan 

süzülür, şahnazın həzin melodiyaları təkin pərdə-pərdə qalxır, enir, gah zildə, gah 

bəmdə sızlayırdı: 

-Sən  bizim  Ceyrankeçməzin  ürkək  ceyranısan,  Sona,  sənin  şəninə  yüzlərlə

qəzəl,  rübai  qoşsam,  genə  də  dərdimi,  hicranın,  fərağın  ələmini  yazıb  qurtara 

bilmərəm.  Sənin  rəqslərin  mənim  ağlımı  başımdan  alıb...  Daha  özümdə-sözümdə

deyiləm... 

-Bilirəm... 

-Nədən? Mən ki bu günəcən səninlə kəlmə kəsməmişəm. 

Qız başını salladı; dərdli-dərdii pıçıldadı: 

-Gözlərindən bilirəm... hər dəfə məclisə çıxanda seyr etdiyim gözlərindən... 

-Sən ki bir dəfə də olsun başını çevirib üzümə baxmamısan. 

-Buna  ehtiyac  da  yoxdur,  Ağa,  amma  mən  sənin  bütün  iztirablarını  görürəm, 

sonra da şeirlərini dinləyirəm, bilirəm ki, mənə yazmısan... 

Gəncin  qorxduğu  oldu:  Sona  onun  ən  çox  ehtiyat  etdiyi  pərdələrdə  çalmağa, 

xallar vurmağa başladı: 

-Özün demisən ki, "bu rəsmdir ki, pəri mərdümə əyan olmaz", - 

amma  mən  əyan  olmuşam.  Səni  sevmək  səadəti  mənə  nəsib  deyil,  Ağa,mən 

Şamaxı  arvadlarının  "çəngi"deyib,  namərbutları  söydüyü,  uşaqları  qorxutduğu 

bədbəxt Sonayam. 

Gənc bütün varlığı ilə etiraz etdi: 

-Bədbəxt demə, yaradan Allah sənə elə bir qabiliyyət verib ki... 

Sən insanlara xoşbəxtlik gətirmək üçün yaranmısan... 

Qız  kəskin  tərzdə  başını  qaldırdı;  üzündəki  həzin  kədər  izi  silinib  yox  oldu; 

acıq istehzalı bir qəzəb duyulan səsi kimi, gözləri də qəzəb atəşi saçdı: 

-Bəs özüm? Kaş heç verməyəydi, o qabiliyyəti mənə Allah... 

Mütrüf əlinə keçib çəngi olanacan, kaş yazıq anam kimi məni də dünyadan tez 

aparaydı; nakam - amma üzü hörmətli... Nə olsun ki, sən demiş, böyük qabiliyyət 

verib  Allah  mənə?  Amma  onun  bu  zəmanədə  nə  qədri  var?  Kimin  gözündə  bir 

füluscan qiyməti var? Tərsinə... 

Bütün bəla və işgəncələr mənə elə bu qabiliyyət ucundan gəlmirmi? 

Mən  bunu  başa  düşürəm  ki,  insan  əzab  çəkməsə,  heç  bir  istəyinə  qovuşa 

bilməz!  Sənətkar  həmişə  əzab  çəkib,  sonra  ucalıb!  Amma,  əvvələn,  mən  özümü 

hələ belə layiqli bir sənətkar hesab eləmirəm, 

 

 



                                                                                                                                                  

65 


 

ikinci, arvad xaylağıyam. Qadının heç bir haqqı olmayan bir zəmanədə sənətkar 

olmağından kimə nə fayda var? Nə çəngi adı alanın özünə, nə də ona nifrət gözüylə

baxan,  lənət  damğası  vuranlara!  Mənim  sənətim  bir  od-alov  olub  işıq  saçsa  da, 

istisinə heç kim qızına bilmir, tüstüsündənsə özüm kor oluram. Belə bir zəmanədə

sənətkar olmağın nə faydası var, Ağa? Mən bir yandan el içindəki ayıblı adıma kor 

olub oturmalıyam, o biri yandan da bütün xoş xəyallara vida eləyib, məclislərində

oynadığım adamlara həzz verməliyəm, vəssalam... 

Qəzəbindən qızın cingildəyən səsi titrəyirdi. 

Sona  qarşısındakını  qəzəl  yazan  və  qəzəllərində  pak  məhəbbət,  ecazkar 

Məcnun-Leyla,  Vamiq-Əzra,  Fərhad-Şirin  məhəbbəti  tərənnüm  edən  şair  kimi 

sevir,  dediyi  qəzətlərdə  Tərlan  məhəbbətinin  təzahürünü  görür,  bir  az  da  Seyyid 

kimi şairi tanıdığı ilə fəxr edirdi. Sona onun tez-tez və çox-çox yazmasını istəyirdi, 

bunun üçün əlindən gələni də eləyər: məhz onun üçün rəqs edər, musiqinin ecazına 

dalıb  özündən  gedənəcən  oynardı,  Təki  bu  qəzəllər  çox  və  daha  incə  yazılsın, 

onlardakı  məhəbbət  daha  çox  dərin  və  bihuşedici  olsun.  Burada  şairin  gözlədiyi 

məhəbbət yox idi. Qız onun üçün məşuqə deyil, ilham pərisi idi... Özü də bilmədən 

hər rəqsilə, hər bir baxışı ilə onu məhz yaratmağa səsləyirdi. 

Şair isə, bir az əvvəl dediyi kimi, özünü şama çırpan pərvanə idi... Axı o cavan 

idi,  o  bu  məhəbbətin  hələ  nə  genişlikdə,  nə  dərinlikdə  olduğunu  dərk  etmədən 

Sonanın rəqsinin gözəllik və qüdrətinə heyran olmuşdu... O qızı məhəbbətə çağırır, 

qız onu sənətə səsləyirdi... 

Seyyid  donub  qalmışdı;  o,  gözəlin  sözlərindəki  həqiqət  qarşısında  aciz  idi; 

halbuki elə zənn edirdi ki, böyük bir valehliklə rəqs edən cilvəkar qız, öz sənətinə

heyrandır, vurğundur... Qız rəqs edəndə elə bil rəqsdən başqa heç nə görmür, heç 

nə duymur, heç nəyi sevmirdi, başqa birhəyat arzulamırdı... Halbuki... 

Cavan kədərlə dilləndi: 

-Mən elə bilirdim ki, sən sənətini sevirsən, bəyənirsən, Sona?! 

Qız qəzəbini boğmağa çalışdı: 

-Nə  olsun  ki,  Ağa?  Mənim  də  çörəyim  ondan  çıxır,  kaş  çıxmayaydı,  çarəm 

nədi?.. Gözümü açıb onu görmüşəm. Doğrudur, mən musiqini çox sevirəm, bunu 

düz  buyurursan,  musiqisiz  bir  günüm  olmasın,eşidən  kimi  dərdim-azarım 

yadımdan  çıxır,  qulaq  asıram.  Əlim-ayağım  öz-özünə  oynayır...  Amma  bu  ayrı

məsələ, sənin dediyin də ayrı məsələdi! Mən bədbəxt olmuşam, daha heç kəsi öz 

dalımcan sürüyüb quyuya qülzümə sala bilmərəm. 

 

 



                                                                                                                                                  

66 


 

-Sən nə danışırsan, Sona, mən sənə...  

Sona nə düşündüsə birdən söhbəti tamamilə dəyişdi və soruşdu: 

-Bu gun Tərlan ağanı görmüsənmi? 

-Yox, necə bəyəm? 

Qızın  gözləri  yol  çəkdi,  dodaqları  xəfıf-xəfıf,  xüsusi  bir  nəvazişlə  gülümsədi, 

dinmədi.  Şair  bu  mübhəm  sükut,  bu  titrəyən  dodaqlar,  parlayan  şəvə  kimi  qara 

gözlərdən  alındı.  "Dayan,  dayan,  səndə  nə  isə  var...  Sən  məndən  Tərlanı  nahaq 

soruşmadın,  Sona,  yoxsa  ürəyində  dostuma  meyil  doğub?"  O,  bir  daha  sualını

təkrar  etdikdə  Sona  sanki  diksindi,  elə  bil  yuxudan  ayıldı,  gözlərinə  xəfıf  bir 

xumarlıq gəldi: 

-Heç, elə-belə, dedim; dostundur, Ağa bilmirsən ki, axır vaxtlar Mahmud ağa 

məclislərində niyə görünmür, görəsən naxoş-zad deyil ki?.. 

Şair duyduğunu duymuşdu: 

-Yox,  xəstə  deyil,  amma  Hacı  Əsəd  xəbər  tutub,  deyirlər  yaman  təpinib  ona, 

ayağını kəsib məclisdən. 

Sona  bu  xəbərdən  bərk  kədərləndi.  Bu  kədər  də  şairin  gözündən  yayınmadı, 

amma  sözü  zarafata  salıb  həqiqəti  bilmək  istədi:"Bəlkə  Tərlanı  yadıma  salmaqla, 

mənə nə isə bildirmək, meylindən xəbər verib, arzularıma sərhəd qoymaq istəyir?!" 

-Sona, deyəsən, dostum Tərlanı məndən çox istəyirsən? 

-Bağışla  məni,  Ağa,  adamın  ürəyi  dəstərxan  deyil,  hər  yerdə  açmaq  olmur; 

könülə də zor yoxdur... 

Cavanın ürəyi ağrıdı: "Kaş bunu əvvəldən duymuş olaydım, heç sənin ürəyini 

nahaq yerə təşvişə salmazdım, ay nazəndə mələk". 

-Doğru  deyirsən,  Sona...  Könülə  zor  yoxdur.  Mən  dostuma  qibtə  edirəm. 

Xoşbəxtdir. 

-Nə fayda... - Sona yenidən halbahal oldu, həyəcanı artdı, bir az əvvəlki kimi 

qəzəbləndi, sonra yenə dəyişib yalvarışa keçdi: 

-Bağışla məni, - dedi. - yesirin olum, Ağa məndən təhər eləmə, mən irəlidə də

nə dediyimi yaxşı bilirdim, indi də. Elə sən də yaxşı başa düşürsən... Məndən nə

ona, nə də sənə heç nə ola bilməz; heç biriniz xoşməşrəb cavan deyilsiniz ki, xuda 

nəkərdə  qəbih  fikirlə  dalıma  düşəsiz;  amma  düşündüyünüz  də  olan  iş  deyil,  səni 

lənətləyərlər,  Şamaxıdan  didərgin  salarlar,  günüvü  göy  əsgiyə  düyəllər,  onu  da 

Hacı  tikə-tikə  elər;  cəddinə  qurban  olum,  Ağa  özünü  gözlə;  məni  də,  özünü  də

sözə-sova salma... Daş-qalaq eləllər məni, sənə qurban olum, Ağa, mənim ürəyim 

sevdiyim insanların, arzusunda olduğum əməllərin qəbiristanına çevrilib, qəlbimdə

bir qəbir də sən qazma!.. 

 

 



                                                                                                                                                  

67 


 

Şairin  ürəyi  sızıldadı,  köksündəki  yara  zoqquldadı;  o  başqalarına  sevinc  bəxş

edən  bədbəxt  insanı  ovundurmaq  üçün  söz  tapa  bilmirdi.  Ona  elə  gəldi  ki,  Sona 

açıq  məzara  diri-diri,  gəlinlik  duvağı,  məşşatə  bəzəyi  ilə  soxulmuş  gəlindir!  "Az 

ömrümdə  bir  çox  açıq  və  örtülü  məzar  görmüşəm,  amma  heç  birində  sənin  kimi 

canlı  meyit,  süslü  gəlin  görməmişəm.  Göllərimizin  yaşılbaş  sonası,  düzlərimizin 

körpə  ceyranı,  səni  qadınlıq  və  analıq  səadətindən  məhrum  edən  zəmanə  lənətə 

gəlsin". 

Sona  onun  üzündən  keçən  kədəri,  dərin-dərin  qəlbini  çulğalayan  əzabı,  yası

duyurdu. Nə qədər gözüaçıq, görüb-götürmüş olsa da, birdən könlünə amansız bir 

qorxu hakim kəsildi. "Axı o seyid peyğəmber övladıdı, narazı qaytararam, birdən 

Allah  eləməmiş,  qarğış  elər  mənə,  nəfsi  üstümdə  qalar,  yıxıllam  qıçım  sınar,  ay 

Allah,  mən  nə  iş  tutdum.  Peyğəmbər  balasının,  həzrət  Fatimə  nəvəsinin  könlünə 

dəydim, ah-naləyə düşərəm; kaş dilim quruyaydı..." 

Sona  qəfıldən  əyildi,  Seyidin  əlindən  tutdu.  Cavan  nə  olduğunu  dərk  etməyə

macal tapmamış, qız onun əllərini isti göz yaşları qarışıq odlu öpüşlərə qərq etdi. 

Şairin ürəyinin başı yandı. Qız deyirdi: 

-Cəddinə qurban olum, məndən incimə, Ağa! Sənə sadağa gedim,mənə qarğış

eləmə, yesirin olum, Ağa, məni ah-nalə yiyəsi eləmə!.. 

Şair  indicə  mətləbi  başa  düşdü:  Sona  qorxurdu!  Axı  ömrü  uzunu  görüb  ki, 

qapıya gələn hər dərviş özünü seyid adlandırıb, cəddinin payını istəyib, verməyənə

nifrən eləyib. "Aşıq gördüyünü çağırar, Sona fağır neyləsin". Onun üzündə acı bir 

istehza  duyuldu:  əllərini  qızın  əllərindən  çəkdi,  barmaqlarını  onun  saçlarına 

toxundurdu: 

Sən  nə  danışırsan,  Sona?  Mən  o  payyığan  seyidlərdən  deyiləm,  sənin 



dərgahuva da cəddimin payını almağa gəlməmişəm. Sən mənim könlümün soltanı, 

gözəllər gözəli Sonamsan, sən mənim təbimin bəzəkli pərisisən. Mən qarğış-nifrən 

bilmirəm, bilsəm də sənə nifrin etsəm - özümə etmiş ollam. Əksinə, mən həmişə

sənə minnətdar olacağam, mənim mələk misallı Sonam! Bəyəndiyin o qəzəllərimi 

mənə sən təlqin etmisən, sənin gözəlliyin, sənin sənətin yazdırıb onları mənə. Qoy 

mən də nakam olum... 

-Allah əsirgəsin... 

-Sənin kimi... Təki sən sevdiyin kimdisə, onunla xoşbəxt ol! 

Birdən  gənc  şair  nəyi  isə  xatırladı,  xəfıfcə  gülümsədi,  söhbəti  dəyişmək  üçün 

dedi: 


-Hə, sənə bir qızılgül gətirmişəm axı, Sona, bir də süsənbər... 

Öz  həyətimizdən  dərmişəm...  Mən  həmişə  bu  güllərə  baxanda  səni 

düşünürəm... Sən bizim ellərin qızılgülüsən, Sona!.. 

 

 



                                                                                                                                                  

68 


 

Şair  çuxasının  iç  cibindən,  ürəyinə  yaxın  yerdən  bir  qızılgül,  bir-iki  də

yamyaşıl, ətirli süsənbər yarpağı çıxartdı. "İlahi, o bunları cibində necə saxlayıb ki, 

əzilib solmayıb?" - düşünən Sona, dəmətciyi aldı, gül kimi zərif burnuna tutdu. 

-Bağışla, səhvin var, Ağa! Mən qızılgül hardan oldum? Olsa-olsa boynu bükük 

bənövşəyəm,  yaza  həsrətəra...  Ellərimizin  qızılgülü  isə  sənin  qəzəlindi...  Əgər 

mənə bircə qəzəl yazıb versən, həm də onu təkcə mənə versən, təkcə mənim üçün 

düzsən, onda xoşbəxt ollam. 

Şairin  ilhamı  coşdu,  bu  sözlər,  ah  bu  sadə  sözlər  ona  necə  dəruni  bir  təsir 

buraxmışdı. O özünü saxlaya bilmirdi: 

-Yaz, Sona, sənin üçün. 

Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gələr gözümə nişi-xar gül. 

Seyid dedikcə qız qızardı, güclə çatdırırdı. Amma yazırdı. Qəzəl bitər-bitməz, 

Sona minnətdarlıq dolu gözlərini şairə dikib dedi: 

-Çox  sağ  ol,  Ağa,  bundan  böyük  mükafat  görməmişəm,  bundan  xoşbəxt 

olduğum gün də yoxdu. 

-Bundan  sonra  harda  bir  pəriçöhrəni  təsvir  etsəm,  bil  ki,  o  sənsən;  nə  zaman 

kuyi-dilbərdən söz açsam - bil ki, bu gün səninlə diz-dizə oturub söhbət etdiyim bu 

bəxtiyar dəqiqələri yadıma salıb yazmışam: 

Gərəkdi kim, sala hal əhlini bəlayə fələk,  

Verir həzar bəla mərdi-mübtəlayə fələk. 

Əgər ki, bir-birinə mebriban ola iki kəs  

Salar bəlavü qəmü fırqəti araya fələk... 

Şair ayağa qalxdı, Sona da durdu; indi onlar könlü qırıq, ruhu pərişan iki gənc 

idi ki, bir az əvvəl qəlbləri sevinclə, həmahəng çırpınan cavanlara bənzəmirdilər. 

Oğlan  əlini  bir  daha  qızın  saçlarında  gəzdirdi,  göz  yaşlarından  islanıb  alnına, 

yanaqlarına yapışmış çətir və birçəklərini kənar elədi: 

-Əlvida,  pərilər  soltanı,  inan  ki,  "Vəlleyl"'  zülfündən,  "Vəşşəms"





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə