1 ƏZİZƏ CƏFƏrzadə aləMDƏ SƏSİm var məNİM



Yüklə 5.27 Mb.
Pdf просмотр
səhifə3/28
tarix04.06.2017
ölçüsü5.27 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

GÖRÜŞ YERİ 

Qızlar bu gün paltarlarını yumaq, yuyunub arınmaq üçün özlərini çayın adam 

ayağından  uzaq  bir  guşəsinə  vermisdilər.  Buralarda  gediş-gəliş  yox,  gicələr  isə

dərin  idi.  Səhər  gün  istisi  qalxmamış,  Ədil  onları  bura  gətirmiş,  əmin-aman  yer 

olduğuna arxayınlaşıb, onlardan aralanmış, yaxındakı meşəliyin kölgəliyinə çəkilib 

palaz saldırmış, uzanıb yatmışdı... Qızlar deyə-gülə paltar yuyurdular. Sona, İzzət. 

Qəndi çaydakı iri çopur daşları kənara çəkib, paltarları bu daşların üstündə yuyur-

dular. Ağ gilabı suda islandıqca paltarların üstünə yayılır, köpüklənirdi; qızlar yaş

paltarları  çəngələyir,  daşa  çupır,  ovxalayır,  sonra  da  çayın  göz  yaşı  kimi  duru 

suyunda  yaxalayıb,  sahildən  aralı  kolların  üstünə  sərirdilər.  Sona  əlindəki  iri 

mələfəni yuduqca gözləri yol çəkirdi. Qəndi ona sataşdı: 

-Hə, nə əlində paltar dondun aaz... Gözün yol çəkir, deyəsən... 

-Hə, gözüm yol çəkir... 

-Səfərdən gələnin var? Sonanın səsi titrədi: 

-Kimim olacaq ki, sən bilməyəsən, a çoxbilmiş... 

Qəndinin  qələmiqaşları  quş  qanadı  kimi  qalxdı,  elə  bil  körpə  quş  uçacaqdı, 

birdən dayandı... İncə dodaqlarındakı xəfif təbəssüm qəh-qəhəyə çevrildi: 

-Hardan çoxbilmiş oldum? Hansını bilsəm də, sənin bircə sirrini bilmədim ki, 

bilmədim... 

 

 



                                                                                                                                                  

35 


 

- Mənim sirrimi? 

Qəndi  kəlağayısını  suya  çəkməklə  məşğul  olduğu  halda,  onlardan  göz 

çəkməyən İzzətə göz vurdu: 

-Bəs kimin? 

-Mənim heç bir sirrim-zadım yoxdu... Necə deyiblər? 

Pirdirəki pirivüz,  

Mən də sizin birivüz. 

-Elə  var!..  Elə  bilirsən  bilmirik  ki,  axır  vaxtlar  kimin  üçün  oynayırsan,  kimin 

üçün  ah-uf  eləyirsən?  Keçən  üzük  falında  kimin  üçün  üzük  salmışdın  suya,  a 

faqqı?! 

-Sən Allah bəsdi... 

Qəndi süzgün gözlərini bir az da süzdü. Sonaya sanki məhəl qoymadan söhbətə 

başladı: 

-Bilirsən, İzzət, iki adama gümanım gedir, amma hansıdı bilmirəm... 

Hamısından kiçik olmasına baxmayaraq, Sonaya daha çox yaxın olan Nisənin 

üzündə həyəcan duyuldu, elə bil ki, dostunun sirrinin açılmasını istəmirdi, amma 

gizləyə də bilmirdi. Sonaya yaxınlığını göstərmək arzusu bu hıssə qalib gəldi, uşaq 

sadəlövhlüyü ilə gülümsünüb dilləndi: 

-Amma mən bilirəm, bi-li-rəm... 

Sonanın qaşları çatıldı, qara gözlərindəki şəfqətlə Nisəyə baxdı, qıza acıqlana 

bilmədi: 

-Sən heççə şey bilmirsən, Nisə, gəl bu ağı apar sər. 

Nisənin  dolğun  dodaqlarındakı  təbəssüm  dərhal  soldu,  o  dostunun  səsindəki 

kədəri duymuşdu, dostu ondan narazı idi. Qız yaş balaqlarından su süzülə-süzülə

yerindən  qalxdı,  yumaqda  olduğu  balaca  köynəyi  çəngələyib  xışmaladı, 

yumurlayıb  onun  üçün  çanağı  əvəz  edən  daşın  üstünə  qoydu,  ürkək  addımlarla 

sevimli  müəlliməsinə  yanaşdı.  Sona  sıxılmış  mələfəni  Nisəyə  verəndə  gəlinin 

gözlərində  elə  bir  dərd,  elə  bir  ələm  var  idi  ki,  bu  gənc  qızın  nəzərlərindən 

qaçmadı, ağır daş kimi qəlbinə çökdü. Qız təəssüfləndi. Hələ heç bir şey deməsə

də,  sirri  vermiş  kimi,  cinayət  üstə  tutulmuş  uşaq  təki  dodaqları  büzüldü,  az  qala 

ağlayacaqdı. Onun bu halı Sonaya bərk təsir elədi, şəfqətlə şagirdinə baxıb yavaşca 

dedi: 

-Di yaxşı, amma bundan sonra böyük danışanda sən sus... 



-Yaxşı...  -  qız  burulu  mələfəni  alıb  açdı,  çırpdı,  qırışlarını  düzəldə-düzəldə 

qaramığ kollarının üstünə sərdi. 

 

 


                                                                                                                                                  

36 


 

İzzətlə Qəndi isə əl çəkmirdilər; xüsusilə Qəndi bərk maraqlanmışdı: 

-Aha,  torbada  pişik  varmış  ki...  bizim  xəbərimiz  yox...  Sən  Allah,  Nisə,  sən 

mənim canım, de görək bildiyin nədi? 

İzzət da ona qoşuldu: 

-Ayıb  deyil,  Nisə,  bizdən  neyşə  gizləyirsən?  Bu  gün  də  olmasa  sabah 

biləcəyik... bizim ki, bir-birimizdən gizlinimiz yoxdu... 

Qız  duruxub  durmuşdu,  amma  artıq  tərəddüd  etmirdi,  duraxması  da  özünü 

yamanca  yerdə  ələ  verməsinə,  ağzından  lazım  olmayan  söz  qaçırmasına görə  idi. 

İndi daha onu öldürsəydin də bildiyini heç kəsə deməzdi. Təkcə pərt olmuşdu ki: 

"Niyə mən bö'üklərin sözünə qarışdım?" Sona harayına gəlməsəydi, Qəndi ilə İzzət 

ondan əl çəkməyəcəkdilər: 

-Di  yaxşı, bəsdi,  əl  çəkin  uşaqdan... Axı  o  nə bilir, nə desin  sizə...  Paltarınızı

yuyun, gün suyu qızdırıb, nə qədər adam-zadyoxdu, çimək... 

-Aralığa söz qatma, niyə bizdən gizləyirsən?.. 

-Dedim ki, heç bir şey gizlətmirəm... Sona paltar yumağı bitirib durdu: 

-Nisə, gəl başıma su tök... 

Nisə  hələ  də  pərtltyin  təsiri  ilə  aram-aram  yerinden  qalxdı,  qazançada  gün 

altına  qoyulmuş  suyu  yaxına  çəkdi.  Sona  qara,  parlaq  hörüklərini  açdı,  mis 

piyalənin  içinə  iki  yumurta  çırpdı,  bir  az  su  əlave  edib  çaldı,  sonra  başına  töküb 

saçlarını yumağa başladı. Sonanın tələbi ilə Nisə, arabir mis piyalə ilə qazançadan 

ilıq su alıb onun başına tökürdü. 

Sona  saçlarını  yuyub  tağ  ayırdı,  narın  dişli  taxta  daraqla  daramağa  başladı. 

Onun üzündən, çənəsindən, saçtarından və dirsəyəcən çılpaq qollarından təmiz su 

süzülürdü. Tərdən təmizlənmiş, sudan sərinlənmiş başında bir yüngüllük duydu. O 

hər  iki  tərəfdən  saçlarım  hörüb  ayağa  qalxdı,  indi  hörükləri  onun  dizlərinəcən 

enirdi. Sona bu uzun hörükləri bir neçə dəfə başının ətrafına doladı, uclarını gətirib 

əmgəyinin  üstündə  düyünlədi,  ağ  güllü  al  sərqətfə  ilə  başını  bağladı.  İndi  artıq 

gülümsəyirdi,  elə  bil  ki,  bir  az  əvvəlki  kədər  də  üzündən  su  ilə  yuyulub  getmiş, 

qara  fəttan  gözlərinə,  qızarmış  yanaqlarına,  nəm  dodaqlarına  qızılgül  təzəliyi, 

tərliyi gətirmişdi: 

-Qızlar, gəlin çimək... 

Sona üst paltarlarını soyundu. Köynəyini və islaq dizliyini çıxarıb daşın üstünə 

atdı, bircə uzun, ərəbi donu xatırladan, nazik gecə köynəyində qaldı. Cəld cumub 

özünü giconun ən dərin yerinə saldı, tez-tez qol ataraq üzməyə başladı. Qızlar da 

gülüşərək ona qoşuldular. İndi 

 

 


                                                                                                                                                  

37 


 

giconun sakit suyu, (al axan pozulmuşdu, dörd sona üzür, dörd pəri qol atırdı. 

Dumduru  su  köpüklənir,  sıçrayıb  ətrafa  zərrələr  kimi  dağılır,  qızların 

qaqqıltısından,  suyun  şappıltısından  basqa  heç  bir  şey  eşidilmirdi.  Qızlar  aləmi 

unutmuşdular. Ətrafda heç kəsin olmadığına arxayındılar. Amma qızlar tək deyildi. 

Bayaqdan  bəri  qarşı  sahildə  onlan  iki  göz  izləyirdi.  Bu  gözlərin  kimə  məxsus 

olduğunu bilmək üçün gəlin çayın o biri tayına keçək. 

...Tərlanın onları görməsi heç də təsadüfı deyildi. Bir neçə vaxtdan bəri Tərlan 

münasib an gözləyir, çoxdan bəri mütrüf Ədilin evini güdürdü. Məhəbbət Tərlanı

həlak  eləyirdi.  Tərlan  bu  böyük  aləmdə  özünə  yer  tapa  bilmirdi.  Hər  axşam 

Mahmud  ağanın  otağında  Sonanın  rəqslərinə  tamaşa  eləmək  artıq  gəncə  bəs 

eləmirdi. O sevdiyi qızı təklikdə görmək, səsini eşitmək, sözlərini dinləmək, dərd-

sərini söyləmək, nəfəsini duymaq istəyirdi. Bu arzu hava kimi, su kimi, çörək kimi, 

ana  nəvazişi  kimi  çox,  olduqca  çox  böyük  bir  zərurətə  çevrilmişdi.  Bu  arzu 

Tərlanın  körpə  ürəyini  qarsalayıb  qovurur,  yandırıb  yaxırdı.  O  nə  dostlarının 

nəsihətlərini,  nə  də  ata-anasının  hədələrini  eşidəcək  halda  deyildi...  Bu  hiss 

Tərlanın  gücü  çatmayan  azman  bir  qüvvətə  çevrilmişdi,  bir  ahənrüba  olmusdu, 

çəkib aparırdı onu, hara? Özü də bilmirdi... Tək bir təsəllisi var idisə bu da ağanın 

qəzəllərini  oxuyub  məhəbbətin  sehrini  dinlədiyi  anlarda  olurdu.,.  O  gah  çəngi 

dəstəsilə qarabaqara toya gedir, gah onların ardınca dabanbasma Mahmud ağanın 

otağına  gəlir,  gah  qızların  axşam  azanından,  əl-ayaq  yığışandan  sonra  gedə

bildikləri  qəriblər  hamamına  ötürür,  gah  da  Şamaxıdan  qırağa  -  başqa  mahallara 

gedən furqonlarının dalınca atım səyridirdi. Bəzən o qızların qab-qacaq yuduğu və

ya  su  doldurduğu  arxın  baş  tərəfıni  kəsdirib  oturur,  mövsümünə  görə  müxtəlif 

meyvələr,  alça,  gilas,  alma,  armud,  əzgil  alıb  suya  buraxırdı,  bəlkə  Sona  da 

meyvələrdən birini tutub yedi! Amma, yox, uzaqdan-uzağa göz qoyub görürdü ki, 

Nisə,  Qəndi,  İzzət,  Məleykə  və  başqa  qızlar  həmin  meyvələri  tutub  gülə-gülə

yeyirdilər. 

-Görəsən hansı bəxtəverçün axıdırlar? 

-Aaz, Sona, sən də ağzını şirinlət! 

-Ay  təzə  meyvəni  suya  axıdan  oğlan,  neçə  belə  nübarlara  çıxasan,  ha-ha-ha. 

Allah səni istəklüvə yetirsin. 

Tərlan  nə  bileydi  ki,  Sona  bu  meyvələri  yeməkdən  ötrü  ölür,  amma  "bəlkə

cadulanıb"  deyə  yemir,  yemək  istəyir  -  çünki  sevdiynin  əlləri  dəyib  onlara,  əl 

vurmaq, toxunmaq istəyir - çünki bilir, bu meyvələri onun üçün, onun adına alıblar, 

onun məhəbbətilə sulara axıdıblar; amma 

 

 


                                                                                                                                                  

38 


 

yemir  -  qorxur  ki, bu  cadular  onu  yoldan  çıxarar, onun dəyanətini  qırar və o, 

Tərlanı  qoruya,  səhv  addımdan,  xətalardan  saxlaya  bilməz.  Tərlanı  daha  da  eşq 

divanəsi  eləyer,  xata-bəlayə  salar.  Dilə-ağıza  düşər  Tərlan,  daş-qalaq  elərlər 

Tərlanı.  İrağ-irağ  "çəngiyə  vurulub,  çəngiyə  qoşulub",  deyərlər  Tərlana... 

Sevdiyinin bədbəxtçiliyinə səbəb olar. 

Qız  qəlbindən bu  əziz  adı  dönem-dönem  keçirsə  də,  dodaqlarına gətirməkden 

çəkinirdi. 

Tərlana  elə  gəlirdi  ki,  onu  görüb,  məqsədinə  yetiklik  eləyən  yoxdur...  amma 

görən  də,  yetiklik  eləyən  də  var  idi...  Cidanı  çuvalda  gizlətmək  olmaz,  yanan 

yerdən tüstü çıxar, göz acısdırar... Oda, alova, çevrilər. 

Bu  gün,  deyəsən,  güdükçülərdən  heç  birisi  həndəvərdə  yox  idi,  olsaydı  da, 

Tərlanın  bundan  xəbəri  olmayacaqdı.  Gəlin  biz  də  nəticəsiz,  qorxulu  bir 

məhəbbətin  odunda  yanan  Tərlana  baxaq,  biz  də  qara  ürəkliləri  unudaq,  qorxu-

hürkü  bilmədən,  həyatı  haqqında  düşünmədən,  od  ilə  oynayan,  böyük  eşqinin 

dalınca qəlbinin çağırışına cavab verib bayaqdan bəri bu həndəvərdə özünə dalda 

yer tapan Tərlana tamaşa eləyək. 

Tərlan  dünyanı  unutmuşdu,  dedim  -  haqdı...  0  parlaq,  bircə  bulud  da 

görünməyən fıruzəyi fəza altındakı dörd qızdan tək birini - Sonanı görürdü. Onun 

qulaqlarında  gah  Ağanın  qəzəlləri,  gah  Nəcəfqulunun  tarı,  gah  Qəndi  xanımın 

çırtmaları, İzzətin dəfi səslənirdi. Sona isə rəqs edir, gah da qüssəli-qüssəli oturub 

baxırdı... Arabir o özünə çox aşina olan bu xəyalları qovur, indiyə qayıdır, Sonanı

onun  üçün  qeyri-adi  olan  vəziyyətdə,  gah  paltar  yuyan,  gah  sərən,  gah  başını

darayan görürdü... Qəribə idi, Sonanın bugünkü vəziyyəti Tərlan üçün doğrudan da 

adəti deyil, qeyri-adi idi... O, Sonanı beləcə sadə geyimdə, daşa yaş tuman-köynək 

çırpan təsəvvür eləmir, gördüklərinə inana bilmir, sevgilisinin adi işləri bilməsinə

fərəhlənir,  təəccüb  qarışıq  bir  sevinc  duyurdu.  "Sən  beləymişsən,  Sona,  sən 

beləymişsən..."  Adi  həyat!  Sona  burada  tamamilə  başqa  idi.  O  daha  gözəl,  daha 

təbii  görünürdü...  Yad  baxışlardan  ürkən  bir  ceyran  kimi  deyil,  ana  kimi,  bacı

kimi...  Adi  qadınlar  kimi...  "Sən  beləymişsən,  Sona"  sözlərinden  başqa  ürəyinə

bircə  mehriban  söz,  bircə  nəvazişli  kəlmə  gəlmirdi.  Sanki  gəncın  bir  dərya 

məhəbbəti, çocuq heyrəti qarışmış, bircə cümlədə toplanmışdı: "Sən beləymişsən, 

Sona,  beləymişsən"...  O  fərəh  və  sevinclə  qıza  tamaşa  edir,  səsini,  nə  deyib,  nə

danışdığını eşitmək istəyirdi. Amma yerinin bilinəcəyindən ehtiyat edib, tərpənmir, 

qızın yalnız gülümsəməsini, dodaqlarının açılıb-örtülməsini görür, sözlərini isə 

 

 



                                                                                                                                                  

39 


 

eşidə  bilmirdi...  Birdən  o,  Sonanın  qalxdığını,  başını  sərqətfə  ilə  bağladığını

gördü; "kaş o daraq olaydım, tellərinə toxunaydım... kaş o sərqətfə olaydım, başına 

dolanaydım",  -  deyə  düşündü.  Sonanın  yaxasına  əl  atdığını  gördükdə,  qızın  nə

dediyini  anlamasa  da  fərqinə  vardı:  qız  çimmək  istəyir...  İndicə  o,  sevdiyi  gözəli 

çılpaq  görəcək...  Həya  təri  gəncin  pozulmamış  vücudunu  basdı,  dayana  bilmədi, 

baxa bilmədi, ağacların sıx yerinə çəkildi: "Yox, yox, bu günahdı, o bilmir, bilsə

bağrı çatlamazmı? Mən özüm də bu qələti eleyə bilmərəm. Suda çimənə baxmaq 

ayıbdı, xəcalətdən özüm də ölləm, baxa bilmərəm... Naməhrəməm axı... başqasının 

belə elədiyini eşitsəm, binamus deyərəm..." 

O  indi  qızların  suyu  şappıldatmalarını  aydın  eşidirdi.  Kolların  arasında  yeri 

rahat olmasa da, qaramığ tikanları ellərini, paltarını, üzünü cızsa da, tərpənmədən 

uzanıb,  aydın  qəlbi  kimi  təmiz,  buludsuz  göylərə  baxır  və  sevgilisini  xəyalında 

canlandırırdı: Sona ayaq üstündə durub, qarğı saçlarım taxta daraqla darayır, çılpaq 

biləklərindən su süzülür... Bu adi görünüş nə qədər xoş, doğma və gözəl idi... təzə

idi.  Burada  heç  bir  dəbdəbə,  yad  gözlər  yox  idi...  Səslər  kəsildi...  Tərlan  sürünə-

sürən  sahilə,  əvvəlki  yerinə  qayıtdı.  Qızlar  artıq  geyinmişdilər.  Onlar  kollara  və

çaylaq  daşlarına  sərdikləri  paltarları  evir-çevir  eləyir,  quruyanlarını  yığıb 

hamarlayır,  qatlayıb  iri  köhnə  qaxanın  üstünə  qoyurdular...  O,  Sonanın  səsini 

birinci dəfə çox aydın eşitdi: 

-Qızlar, bəsdi, qoy qalanları qurusun, sonra yığarıq. Gedək görək Ədil ağa yatıb 

doyubsa, bir az çörəkdən-zaddan yeyək... 

Onlar  sahildən  ayrılıb  meşəliyə  doğru  yollandılar,  Qızlar  getdi...  Sahildə  mis 

qazança,  piyalə  və  alanəm  paltarlar  qaldı.  Amma  Tərlanın  xəyalından  bir  az 

əvvəlki səhnə hələ də çəkilmirdi. 

"Mən  bu  gün  onu  görməliyəm.  Hökmən  görməliyəm,  necə  olursa  olsun 

görməliyəm onu, mən ona deməliyəm, mən ona deməliyəm, necə olursa olsun mən 

ona deməliyəm". Amma nə, necə, bilmirdi! 

Taleyi  Tərlanın  köməyinə  gəldi,  bir  az  sonra  qızlardan  bəzisi  yemək  yeyib 

xalçanın üstünə uzandı və kölgəlikdə dincəlməyə qərar verdi, Sona isə balaca Nisə

ilə  birlikdə  meşəlikdə  zoğal  yığmağa  başladı...  Elə  bu  zaman  Tərlan  dözməyib 

onların qarşısına çıxdı: 

-Salam!.. 

Sonadan  çox  Nisə  diksindi,  qorxu  ilə  ətrafı,  gəldikləri  cığırla  gerini  gözdən 

keçirtdi. Heç kəs yox idi. O diribaşlıq elədi, daxili bir hissin, özü də anlamadığı bir 

hissin əmrilə gəncləri tək qoyub onlardan aralandı, qarşıdakı zoğal ağacından ala-

dəymiş meyvələri yığmağa başladı. 

 

 



                                                                                                                                                  

40 


 

Üz-üzə qaldılar. Göz-gözə qaldılar. Birinci dəfə idi ki, belə bir səadət əllərinə

düşürdü.  Amma  ikisi  də  bu  səadəti  gözləyirdi,  ikisi  də  bunun  gec-tez  baş

verəcəyini  duyurdu.  Sona  taqəti  kəsilmiş  kimi  quru  ot  basmış  kəsəklərin  üstünə

oturdu.  Tərlan  da  onun  yanında  yerə  çökdü.  Danışa  bilmirdilər,  söz  tapmırdılar. 

Sükut  xeyli  sürdü,  qəfəsə  düşmüş  iki  quş  ürəyi  çırpınırdı,  dilləri  elə  bil  ki, 

bağlanmısdı,  bağlı  dillər  əvəzinə  iki  cüt  göz  danışırdı.  Bu  gözlərdə  elə  dərin  bir 

məlal, elə yanıqlı bir həsrət var idi ki, sözə ehtiyac duyulmurdu. Ürəklər, çırpınan 

ürəklər danışırdı... 

Sona  Tərlanın  qızılı  bafta  ilə  həşyələnmiş  çuxaya  qütəvvər  olmuş  mütənasib 

əndamını,  qara  çatma  qaşlarını,  iri,  ala  gözlərini,  təzəcə  tük  gəlmiş  yetkin  qaysı

kimi  şəfəqli,  allaşmış  üzünü  doymaq  bilməyən  acgözlüklə  seyr  edirdi:  "Hələ  sən 

lap  uşaqsan,  ağa  Tərlan,  necə  də  qorxmursan!  Yoxsa  çəngi  həvəsi  ürəyindəki 

qorxuya üsrün gəlib? Amma gözlərin yalan demir, ürəyinin aynasıdı o ala gözlərin! 

Qara  çatma  qaşların  altında  bu  gözlər  nə  gözəldi,  ilahi  nə  doğruçudu!  Amma 

çifayda,  mənə  onlardan  heç  nə  nəsib-qismət  deyil,  ilahi!  Mən  bu  gözləri  öpə  də

bilmərəm,  ixtiyarım  da  yoxdu!  Amma  ürəyim  elə  əsir  ki...  Bircə  dəfə,  tək  bircə

dəfə  bu  gözlərə  toxuna  bilsəm,  ölmərəm!  Dodaqlarım  da  titrəyir,  ilahi!  Əgər 

mənim  də  gözlərim  arzularımın  aynasıdırsa,  evim  yaxşıca  yıxıldı.  O  mənim 

ürəyimdən keçənləri duya bilər, mənə nifrət elər! Bir də o çəngidən bundan başqa 

nə gözləyə bilər? Hamının nəzərində həyasız, kişilər qabağında oynayan çəngidən. 

Yüz-yüz gözdən ötmüş çəngidən". 

Getdikcə, xəyalı dəyişdikcə, fikrini qara-qura düşüncələr çulğaladıqca Sonanın 

rəngi  qaralır,  üzü  tutulur,  qaşları  çatılırdı...  Görüşün  ilk  dəqiqələrində  Sonanın 

üzündəki  heyranlığı,  sevinci  görüb  fərəhlənən  Tərlan,  ondakı  bu  təbəddülatı

duyduqca heyrətlənirdi: "Görəsən ona nə oldu, niyə tutuldu! Amma əvvəl sevindi, 

vallah, sevindi! İndi gör necə də acıqlı baxır? Acıq da sənə yaraşır, Sona, qəzəb də. 

Nazik  qara  qaşların  çatıldıqca,  gözlərin  qəzəb  saçdıqca  ürəyimə  oxlar  batsa  da, 

gözəlsən!  Vallah,  hüsnünün  tayı-bərabəri  yoxdu...  Yəqin  qorxursan,  Sona. 

Qorxma!  Mən  səni  yağı  caynağına  vermərəm.  Bir  can,  bir  baş  nədi  ki,  dost 

yolunda, istəkli yolunda qurban verməyəsən?" 

Birdən  o  qızın  danışdığını  eşitdi,  daha  doğrusu  dodaqlarının,  xırda  ağzının 

açılıb-yumulduğunu  gördü.  Hələ  sözləri  eşidə  bilmədən,  qəribədir,  qızın 

danışdığını duydu. "Mən sənin səsinin həsrətində idim, 

 

 


                                                                                                                                                  

41 


 

Canım-ciyərim! Olmaya yanına gələndə Allah qulaqlarımı kar elədi, mənə cəza 

verdi ki, sənin səsini eşitməyim". 

-...Necə qorxmadın, ağa Tərlan, özünü işə salarsan axı. 

-Niyə, Sona? 

O  nə  dediyini,  nə  danışdığını  bilmir,  Sonanın  səsindəki  musiqinin  ahənginə 

heyran-heyran qulaq asırdı, mənasındansa səsdəki gözəlliyi dinləyirdi. 

-Nece niyə? Hacı ağa xəbər tutsa, dərimizə saman təpdirər. 

-Qoy  olsun,  mən  sənsiz  ömrü  neynirəm,  Sona!  Mən  bircə  gün  başımı  o 

dizlərinin üstünə qoyum, sonra əzrayıl gəlsin, "buyur, al canımı" deyim, "arzuma 

çatmışam..." 

Gəncin coşqun bir sadəlövhlüklə söylədiyi sözlər Sonaya ilk qəzəbini bir anlığa 

unutdurdu, qız gözlərini yerə dikdi, indi o, Tərlanm səsini hayıl-mayıl dinləyirdi. 

Bunlar  onun  ömründə  çox  eşitdiyi  bayağı  istəklər,  "məhəbbətlər"  deyil,  ürəkdən 

gələn çılğınlıq, həyəcan, əsil ehtiras dolu sözlər idi. Əfsun var idi onlarda! Elə bir 

cazibə  var  idi  ki!  Sona  toylarda  məclislərdə  bəy  və  ağalardan  eşitdiyi  tələblərlə

bunları heç tutuşdura, yaxın qoya da bilmirdi. Ürək yanğısı ilə deyilən bu ecazkar 

sözlər hara, bir anlıq arzu üçün söylənən o şit, söyüşdən murdar sözlərhara!.. Sona 

Tərlanı dinləyirdi! 

Tərlan, qızın sakitləşməyə başladığını görüncə ürəyində çoxdan bəri qövr edən 

və xəyallarını, çəkdiyi nəqşələri, yaratdığı gözəl bir aləmi açıb tökürdü. O, deyirdi 

ki,  "gəl  səni  götürüb  uzaqlara  qaçım,  karvanlardan  birinə  qoşulub  uzaq  ellərə

gedək, Allah kərimdi, başımızı birtəhər dolandırar, bir yana çıxarıq. Bir şəhərdə, ya 

kənddə  özümüze  yurd-yuva  qurruq,  birlikdə  yaşarıq..."  Bu  uşaqca  nağıllar  qıza 

əlçatmaz xəyal kimi uzaq, yuxu kimi şirin gəlirdi. Bəli, çəngi Sonanın da öz evi, 

təmiz-pak bir həyatı, öz əri, uşaqları ola bilər, hər görən "çəngi köpəyin qızı" deyib 

yan keçməz, düşmənini bu adla söyməz, uşaqları bu adla qorxutmaz. Ona heç kəs 

həqarətlə baxmaz... Lakin bu nisyə xəyalların əsil həyatla heç bir əlaqəsi yox idi... 

Tərlandan daha təcrübəli olan Sona bunları yaxşı bilirdi, o bilirdi ki, divan-dərə də, 

sarvan-karvan  da,  kənd-kəsək  də  Hacı  Əsədin,  "qapaqlı"nın  əlində,  tərəfindədi. 

Heç  üç  gün  keçməz  ki,  Şirvandan  çıxan  dörd  karvan  yoluna  dörd  çapar  çıxar. 

Birinci  mənzilə  çatmamış  onları  haqlar,  Sonanı    tikə-tikə  doğrar,  bu  cəhənnəmə, 

Sona özü üçün qorxmurdu, nə olsun ki, 

 

 



                                                                                                                                                  

42 


 

əgər  o  bilsəydi  ki,  bir  onun  ölümü  ilə  Tərlan  bütün  bəlalardan  xilas  olar, 

düşünmədən  ölümü  qəbul  edərdi.  Onu  qorxudan  şey  təkcə,  sevdiyinin,  Tərlanın 

rüsvay  ola  biləcəyi  idi!..  O  özünü  düşünmürdü...  Ona  nə  olacaqdı  ki...  Amma 

Tərlan,  aman  Allah,  Qapaqlı  onun  başına  nələr  gətirə  bilər?!.  Tərlanı  at  döşünə

qatıb  Qapaqlının  qulluğuna  qaytararlar.  Zaman,  istəmədiyinə  evləndirər,  Tərlanın 

dilini də, yotunu da kəsər Qapaqlı!.. Sona Özünü düşünmürdü. O razı olmazdı ki, 

sevdiyi gənc çəngi ilə qoşulub getsin... Tay-tuş, el-camaat arasında xəcil olsun... O 

sevirdi, onu dərin bir məhəbbətlə sevirdi... Başqaları ona salam vermək istəmədiyi 

halda,  Tərlan  onu  özünə  arvad,  şərən  halal  etmək,  ana  görmək  istəyirdi,  bütün 

bunlar  onun  yuxuda  belə  görə  bilməyəcəyi  səadət  idi.  Amma  ürəyi  elə  hey  vird 

edirdi: "Yox, yox, razı olmaram ki, xəcil olsun, çəngiyə qoşulub getsin..." Bu sözü 

elə bir etiqad və inamla təkrarlayırdı ki, sanki bu "çəngi" onun özü deyil, qatı-qanlı

bir düşməni idi... Sonanın gözlərində bir an cavan şair Seyid canlandı, o da bu "çə-

gini" sevir, ona incə-incə qəzəllər qoşur, onu "periter soltanı" adlandırırdı, amma 

ona  bu  şairin  sənətini  sevmişdi,  o  heç  bir  vəchlə  Tərlanı  məftun  olduğu  həmin 

qəzəlləri  qoşan  şairə  də  dəyişməzdi...  Lakin  gəncin  sadə  xəyallarındakı  əfsun 

Sonanı  elə  almışdı  ki,  o  bu  axan  çayın  qabağını  saxlaya  bilmir,  bəlkə  də  heç 

istəmirdi... 

-

 



Nə  bilim,  ağa  Tərlan  necə  deyərlər:  "Avazın  yaxşı  gəlir,  oxuduğun  Quran 

olsa..." Təki arzuların baş futeydi... 

Tərlan sevinclə qızın əlindən tutdu, o bu sozləri razılıq kimi qəbul eləmişdi: 

-  Sən  mənə  inanırsanmı,  Sona,  de,  inanırsanmı?  Bu  təmas  Sonanın  ürəyinə 

işlədi: 

-İnanıram amma çifayda... 

-  Təki  sən  mənə  inan!  Möhlət  ver,  Sona!  Ay  qız,  mən  də  qoy  bir  işimi 

hazırlayım.  Sonra  sənə  xəbər  elərem,  deyərəm,  gün  xoşlatdırram,  cıxarıq  Allah 

qoysa... 

- Bəs elin-günün, bəs əməllərin, arzuların? Bəs aqibətin? 

-  Nə  danışırsan,  ay  qız,  təki  sən  yanımda  ol!  Dünyada  heç  nə  gözümə 

görünməz, Sona! Ağadan xahiş eləmişəm ki, mənim üçün bir qəzəl qoşsun, hayıf 

özüm  qoşa  bilmirəm,  sənə  elə  sözlər  deyərdim  ki...  Onda  ürəyinə  heç  nə 

gəlməzdi... Al, gör necədir? Elə bil ürəyimin içindəymiş... 

Sona  Tərlanın  Seyid  Əzimlə  dostluğunu  bilirdi,  indi  "ağa"  sözünü  gəncin 

ağzından eşitcək söhbətin kimdən getdiyini anladı, gülümsədi. 

 

 


                                                                                                                                                  

43 


 

Sona şairin qəzəllərinin çoxunu əzbər bilir, Mahmud ağanın məclislərində rəqs 

edərkən  gənc  Seyid  Əzimin  ona  necə  göz  qoyduğunu  da  görürdü.  Sona,  hətta, 

şairin onu bir az sevdiyini də duymuşdu. Amma hər bir qəzəlini Necəfquludan da 

əvvəl əzbərlədiyi bu incə şairlə, seyid-peyğəmbər övladı ilə öz arasında elə böyük 

bir  fərq  görünürdü  ki,  xəyalından  daha  başqa  bir  şey  keçmirdi.  O,  yalnız  Seyid 

Əzimin şirin, ürəklərə işləyən qəzəllərinə heyran idi... 

Bir  az  aralıda  isə  Nisənin  hənirtisi  gəlirdi.  O  Şirvanda  təzə  dəb  düşmüş  bir 

havanı zümzümə edirdi: 

Sabab olar, qazlar gələr,  

Dörd bir yanı tozlar gələr,  

Tamaşana qızlar gələr  

Dur get, oğlan, sabah oldu,  

Yandı bağrım, kabab oldu.  

Mənim canım sənə qurban,  

Sənin canın həlak oldu. 

Qız elə bil gəncləri qaralayıb onlar üçün oxuyurdu, mahnı onları bir-birinə daha 

da  yaxınlaşdırır,  dərdlərinə  tərcüman  imiş  kimi  onların  əllərini  bir-birinə

birləşdirir,  qəlblərindən  xəbər  verirdi.  İki  aşiqin  vəziyyətindən,  qəlbindən  keçən 

təlatümlərdən bixəbər qız isə ağzına zoğal ata-ata oxuyurdu: 

Sabah olar atlar gələr,  

Dörd bir yanı tozlar gələr,  

Tamaşana yadlar gələr  

Dur get, oğlan, sabah oldu,  

Yandı bağrım kabab oldu.  

Mənim canım sənə qurban,  

Sənin canın həlak oldu. 

Birdən Nisənin səsi xırp kəsildi, mahnı boğazında qırıldı, dalı gəlmədi... 

Sona  gəncin  ona  uzatdığı  vərəqi  aldı.  Incə  bir  təbəssüm  dolaşan  dodaqları 

tərpəndi, şair, gənc dostunun dililə deyirdi: 

Yüz sərvi-xuraman ola, könlüm səni istər.  

Yüz baği-gülüstan ola, könlüm səni istər.  

Yüz zöhrəcəbin, mahliqa, mehri dilara, 

 

 



                                                                                                                                                  

44 


 

Yüz min mehi-taban ola, könlüm səni istər.  

Ey xublərin şahı, könlüdür sənə talib,  

Aləm hamı xuban ola, könlüm səni istər. 

Qəzəl bitdi. Tərlan dedi: 

-

 



Ağa əvvəl söz verdi, mənə bir qəzəl yaza, ona deməmişdim kiminçün, amma 

özü o saatca başa düşdü, dedi, sənə elə bir qəzəl yazım ki,ceyranın kim olsa 

da, oxuyandan sonra səndən ürkməsin, üzülməsin yaxandan, nə desən, ləbbeyk 

desin. Hayıf ki, özü oxuya bilməyəcək. 

Dedim:  özü  oxuya  bilir,  dedi:  "Adə,  sən  gör  nə  xoşbəxt  adamsan  ki,istəklin 

oxumaq bilir? İndiki zəmanəmizdə bu böyuk nemətdi, bizim hec kişilərimiz əməlli 

oxuya bilmir..." Mən doğrudan da xoşbəxtəm,Sona, mənim Sonam. 

Gənc bu sözlərlə yenidən Sonanın əllərindən tutdu. 

Qəfil  tappıltı  səsi  hər  ikisini  ürkütdü,  qaranəfəs  gələn  Nisə  idi;  pörtmüşdü, 

qorxudan əsirdi, dili dolaşa-dolaşa dedi:- Meşədə yad adam var. Əvvəl at kişnərtisi 

eşitdim, elə bildim yoldan ötəndi, sonra hənirti də duydum, qaraltısın da gördüm, 

deyəsən bizi güdürlər... 

Mahnını qıran bu imiş... 

Sonanın  şirin  xəyalları,  qəfil  pozulan  yuxu  kimi  dağılıb  getdi,  yerində  real 

həyat, qorxu qaldı, bu dəfə özü gəncin əllərinə sarıldı: 

-

 



Ağa Tərlan, qurbanın olum, qaç get, qana çalxama özünü, bizi bir 

yerdə görən olmasın. 

Gənc tələsik: 

-

 



Məni gözlə, Sona, mən mütləq gələcəyəm... - deyib ehtiyatla gözdən itdi. 

Gənc,  sevdıyi  qızdan  ümid  dolu  inam  və  fərəhlə  ayrıldı,  "Gələcəyəm,  Sona, 

mütləq..." dodaqlarına bəxtiyar bir təbəssüm qonmuşdu, amma bilmirdi ki, amansız 

tale  ona  nə  hazırlayır.  Təkcə  kiminsə  onları  görüb  qaçmaqlarına  mane  ola 

biləcəyindən narahat idi. Görən isə olmuşdu. Həm də çoxdan: başqaları heç, amma 

bu gün Molla Qurbanqulunun onlara rast gəlməsi lap təsadüfən oldu. Bir neçə gün 

idi  ki,  molla  kəndə  getmişdi.  Mollanı  orada  vəfat  etmiş  bir  tanışın  malını  tərəkə

eləmək  üçün  çağırmışdılar.  Kənddən  xeyli  qazancla  qayıdan  Qurbanqulu,  yaman 

yorulmuşdu.  Vərəsələr  arasında  malı  təqsim  etməyə  xeyli  vaxt  getmiş  və  kişi 

bundan bərk əziyyət çəkmişdi. Uzun yolun zəhmətindən dincini almaq üçün özünü 

meşəyə  verdi.  Atdan  enib  heyvanı  yancidar  elədi  və  ota  buraxdı.  Özü  isə  çayın 

sahilinə enib əl-ayağını 

 

 


                                                                                                                                                  

45 


 

yumaq,  bir  az  sərinləmək  qəsdinə  düşdü.  Elə  bu  zaman  taladakı  ağac  altında 

əyləşmiş Tərlanla Sonanı gördü. 

-

 



Baho!.. Bu da cənab Hacının vələdi, çəngiynən kef-damaqda... 

Sən  ölməyəsən  yaxşıca  Hacının  evi  tikilib,  kişinin  halal  qazancı  gör  bir  hara 

gedir, kimə məsrəf olur... Yamanca özünü çəkirsən, Hacı, görək qırmızı qulluğuna 

bunu ərz eləyəndə nə deyəcəksən!.. 

Molla  Qurbanqulu  nə  qədər  çalışırdısa  gənclərin  nə  danışdıqlarını  eşidə

bilmirdi. Ehtiyatla özünü irəli vermək istəyəndə əmmaməsi kola ilişib düşdü, molla 

əyilib əmmaməni götürəndə üzüqoylu yerə yıxılıb ufuldadı. Nisənin eşitdiyi hənirti 

də  bu  idi.  Qız  özünü  saxlaya  büməyib  "vay"  elədi  və  qaçdı.  Molla  da  Nisəni  bu 

zaman gördü. 

-

 



Ay köpəyin qızı, güdükçüsü də varmış ki... 

O yerindən qalxdı, artıq güdməyin və gözə görünməyin mənasız olduğunu başa 

düşüb taladan aralandı, əl-ayağını yumağı da məsləhət bilmədi. "Bəlkə tanımadılar, 

Allah kərimdi, yoxsa indiki cavanları nə bilmək olar, boğazlar məni namərd oğlu, 

basdırar  meşənin  dərin  yerində.  Sonra  da  eşşək  gəti,  mərəkə  yüklə.  Yox,  yaxşısı

sağ-salamat aradan çıxmaqdı". O, atın cidarını açıb cəld mindi və götürüldü. 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə