1. Beynəlxalq kommersiya əməliyyatlarının növləri Beynəlxalq kommersiya sövdələşmələri: anlayışı,məzmunu, mahiyyəti



Yüklə 107.98 Kb.
tarix26.07.2017
ölçüsü107.98 Kb.
Mövzu 1. BEYNƏLXALQ KOMMERSİYA ƏMƏLİYYATLARININ İQTİSADİ MAHİYYƏTİ

Plan


1.Beynəlxalq kommersiya əməliyyatlarının növləri

2.Beynəlxalq kommersiya sövdələşmələri: anlayışı,məzmunu, mahiyyəti

3.Malların beynəlxalq alqı-satqı müqavilələri barədə konvensiyalar.

4.Beynəlxalq kommersya əməliyyatları subyekti olan kontragentlərin təsnifatı

5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər adı altında çıxış BMT sisteminin ixtisaslaşmış idarələri.

1.Beynəlxalq kommersiya əməliyyatlarının növləri

Beynəlxalq kommersiya əməliyyatları mahiyyətinə görə iki qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.



Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragentləri ) arasında qarşılıqlı ödəniş şərtilə kommersiya əməliyyatlarının həyata keçirilməsi, əlavə əməliyyatlara isə malların (yükün) satıcıdan alıcıyadək yeridilişilə bağlı olan kommersiya əməliyyatları aiddir.

Əsas kommersiya əməliyyatları aşağıdakılardır:

  • malların mübadiləsi (alqı satqı) üzrə kommersiya əməliyyatları (idxalat və ixracat );

  • patent, lisenziya və “Nou-hau” formasında elmi texniki biliklərin mübadiləsi;

  • icarə üzrə kommersiya əməliyyatları;

  • beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə kommersya əməliyyatları;

  • kino filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar.

Əlavə kommersya əməliyyatları aşağıdakılardır (bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və “mal yeridilişi əməliyyatları” adını alıbdır):

  • beynəlxalq yüklərin daşınması əməliyyatları;

  • nəqliyyat-ekspeditor əməliyyatları;

  • beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;

  • yüklərin sığortası əməliyyatları;

  • beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.

Beynəlxalq kommersiya işinin spesifik sferası olan istehsal və elmi texniki əməkdaşlıq sahəsi xüsusi əhəmiyyət kəsb edir.Çünki bu əməkdaşlıq müəyyən təşkilati-idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir.Təşkilati idarəetmə əməliyyatının əsas məqsədi isə aşağıdakı sövdələşmələrin (sazişlərin) bağlanması ilə nəticələnir: a) istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılması barədə; b) obyektlərin və onların istismarının birgə tikintisinin təşkilinə dair; v) mal və mal-material dəyərinin ödənilməsi şərtilə iri sənaye obyektlərinə göndərilməsinə dair; q) elmi-tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr beynəlxalq kommersiya sazişləri (müqavilələri) əsasında realizə olunur.Beləliklə, beynəlxalq kommersiya anlayışına təkcə maddi və xidmətlərin dəyərləri üzrə əməliyyatlar deyil, eyni zamanda beynəlxalq ticarət yolları (üsulları) vasitəsilə realizə olunan ticarət – iqtiadi münasibətlər mexanizmindən səmərəli istifadə edilməsidir. Bu məqsədlə, əvvəla, yüksək bilik səviyyəsinə malik olmalı və ölkə müəssisələrindən, birliklərindən, xarici ticarət təşkilatlarından bacarıqla istifadə etməli, xarici kontragentlərlə kommersiya əməliyyatları sahəsində böyük səriştə və təcrübə olmalıdır; ikincisi, əsas və təminedici əməliyyatlara xüsusi diqqət yetirilməli və bu, kommersiya işinin bütün incəlikləri ilə əlaqələndirilməlidir; üçüncüsü, xarici firmalarla istehsal, ticarət-iqtisadi və elmi-texniki əlaqələrin inkişafından irəli gələn başlıca üstünlüklərdən səmərəli istifadə olunmalı; dördüncüsü, müxtəlif mallar və xidmətlər üzrə beynəlxalq ticarət metodları və formaları hərtərəfli və bacarıqla tətbiq edilməlidir.

Bazarda ən iri beynəlxalq firmaların idarə olunmasını, təşkilati strukturunu və xarekterini, onların kommersiya fəaliyyətinin aparılması praktikasını lazımınca bilmək daha böyük əhəmiyyət kəsb edir. Bütün bunlar xarici firmalarla düzgün və faydalı ticarət əməliyyatlarının aparılmasına hazırlıq üçün ciddi təhlil edilməsini və onları dəqiq öyrənməyi qarşıya qoyur.

Ümumiyyətlə, beynəlxalq kommersya işini öyrənmək üçün aşağıdakı məsələlərin ardıcıl nəzərdən keçirilməsi zəruridir:



  1. Beynəlxalq kommersiyanın yeni formaları və metodları .

  2. Kommersiya əməliyyatlarının aparılması texnikası, o cümlədən alqı-satqı kontraktlarının (müqavilələrinin ) bağlanmasına hazırlıq, onların məzmunu və icra edilməsi.

  3. Ticarət vasitəçi həlqəsinin funksiyaları dünya bazarında kommersiya əməliyyatlarının həyata keçirilməsində onun rolu, ticarət vasitəçilərilə bağlanılacaq müqavilələrin məzmunu.

  4. Beynəlxalq birja ticarəti, beynəlxalq hərraclar, torqlar, yarmarkalar və sərgilər üzrə kommersiya əməliyyatlarının təşkili və texnikası.

  5. Elmi-texniki biliklər və digər xidmətlər üzrə beynəlxalq kommersiyanın təşkili; patentlər, lisenziyalar, texniki xidmətlər (injinirinq tipində), beynəlxalq icarə və turizm üzrə əməliyyatlarının aparılması texnikası.

  6. Xarici firmaların beynəlxalq istehsal-texniki əlaqələrinin təşkili; beynəlxalq istehsal kooperasiyasının və son məhsulun birgə istehsalının xüsusiyyətləri.

  7. Dövlət-inhisarçı tənzimləmənin əsas formaları və vasitələri, firmaların xarici iqtisadi fəaliyyətinə kömək.

  8. Beynəlxalq əlaqələrin inkişafına kömək yolları və vasitələri.



$ 2.Beynəlxalq kommersiya sövdələşmələri:

anlayışı,məzmunu, mahiyyəti

Beynəlxalq kommersiya sövdələşmələri dedikdə, müxtəlif ölkələrin iki və bir neçə tərəfləri arasında kəmiyyəti və keyfiyyəti müəyyənləşdirilmiş mal vahidləri, yaxud xidmətlər üzrə müqavilələrin (sazişlərin) bağlanması nəzərdə tutulur. Həmin müqavilə və sazişlərin beynəlxalq xarakteri subyektlərin, yəni tərəflərin müxtəlif ölkələrdə olmasından irəli gəlir. Tərəflər müxtəlif dövlətlərə məxsus olsalar da belə, əgər onların müəssisələri(firmaları) bir dövlətin ərazisində yerləşibsə,onda bağlanılan müqavilə beynəlxalq hesab olunacaqdır.Eyni zamanda müqavilə həm də bu zaman beynəlxalq müqavilə kimi tanınarki, əgər o, yəni müqavilə bir dövlət daxilində fəaliyyət göstərən iki və daha çox xarici tərəflər arasında bağlanılsın, onların kommersya müəssisələri, firmaları isə xarici ölkələrdə yerləşmiş olsun. Müqavilənin bu cür təsviri BMT-nin beynəlxalq alqı-satqı barəsindəki konvensiyasında verilmişdir (Vyana Konvensiyasi 1980-ci il). 1985-ci ildə isə bu, yenidən Haaqa Konvensiyasında şərh edilmişdir.

Kommersya sövdələşmələrində tərəflər sahibkarların xüsusi kateqoriyalarına aid edilir və tacir adlanırlar.Onların fəaliyyətləri çox hallarda xüsusi qaydaya tabe etdirilir. Qeyd etmək lazımdır ki, bu qayda sazişlərin bağlanmasında formalizmi (rəsmiyyətçiliyi) ləngidir, işgüzar yanaşmanı tələb edir.

Beynəlxalq kommersiya fəaliyyəti təcrubəsində də milli ticarətdə olduğu kimi, mal vahidi dedikdə bir növ malın ayrı-ayrılıqda miqdarı (sayı) başa düşülür. Mal dəsti (mal partiyası) isə bir məntəqədən, ölkədən (malgöndərəndən ) digər məntəqəyə (mal alana) daşınması nəzərdə tutulan bir və yaxud bir neçə mal vahidlərinin məcmu miqdarıdır.



Beynəlxalq kommersiya sövdələşmələrinin xarakterik cəhətləri.

Müasir şəraitdə beynəlxalq kommersiya sövdələşmələrinin xüsusi cəhəti bundan ibarətdir ki, bu sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı mühüm cəhətlərlə xarekterizə olunur:



  1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsulların siyahısının (nomenklaturanın) əhəmiyyətli dərəcədə genişləndirilməsi, dəyişdirilməsi və çeşidin yaxşılaşdırılması.

  2. Bütövlükdə müəssisələrə dəst avadanlıq göndərmək (satmaq) üçün sazişin kompleks xarakteri. Bu cür sazişlərə maşın, avadanlıq, material və xidmətlərin dəsti nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis islərindən, infrastrukturunun inkişafına dair xidmətlərdən ibarətdir.

  3. Sövdələşmələrin miqyasının artması. Burada ayrı-ayrı mallar üzrə alqı-satqı miqyasında deyil, iqtisadi əməkdaşlıq üzrə iri həcmli sövdələşmələrdən (sazişlərdən) söhbət gedir.

  4. Müəssisələrin tikilməsi üzrə bütün kompleks işlərin - layihə sənədlərindən tutmuş, müəssisənin işə salınması üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi praktikasının genişləndirilməsi.

  5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkələrin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmaların (sazişlərin) həyata keçirilməsi.Bu halda sazişin bağlanmasında əsas tərəf kimi aparıcı şirkət çıxış edir.

Beynəlxalq kommersiya sövdələşmələrinin (sazişlərinin) mühüm cahəti həm də onların məqsədyönlü olmasıdır.Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici konkret istehlakçıya yön alması deməkdir. Bu istehsalçıya (satıcıya) onun vasitəçi xidmətindən istifadə etmədiyinə görə adətən malın göndərilməsi dəyərindən 30 faizədək qənaət verir. Həm də müəyyən bir konkret istehlakçıya yönalma istehsalçının xammal, materiallar, komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli əlaqələrdə olmasına şərait yaradır ki, bu da vaxtlı-vaxtında lazımi məhsulların istehsalını təmin edir.

Müasir şəraitdə beynəlxalq əlaqələrin aşağıdakı formaları geniş yayaılmışdır: birgə elmi fəaliyyət və istehlakçılara texniki məsləhət; yeni məmulatların nümunələrinin hazırlanıb işə salınması proseslərində təşəbbüskar sifətində sifarişçilərin iştirakı və i.a.



3.Malların beynəlxalq alqı-satqı müqavilələri barədə konvensiyalar.

Hələlik müasir iqtisadçılar dünyası beynəlxalq alqı-satqı aləmində iki iri həcmli konvensiyanın şahidi olmuşlar. Bunlardan biri malların alqı-satqısı üzrə, digəri isə müqavilələrə tətbiq olunan hüquqi məsələlərə dair konvensiyadır. Bunların hər ikisini qısa şəkildə nəzərdən keçirək:



I. Malların beynəlxalq alqı-satqısı üzrə müqavilələrə dair konvensiya. Bu konvensiya 1996-cı ildə BMT-nin müqavilələrin hüquqiliyinə dair təşkil etdiyi Komissiya tərəfindən işlənib hazırlanmışdır ( 1980-ci ildə BMT –nin xüsusi konfrasında ). Konfrans Vyana şəhərində keçirildiyi üçün o Vyana Konvensiyası adlandırılmışdır. Konfransda 62 ölkə, o cümlədən 22 sənayecə inkişaf etmiş, 29 inkişaf etməkdə olan və digər ölkələr iştirak etmişlər. Konvensiyanın iştirakçıları isə 30 ölkə idi. Sabiq SSRİ həmin konvensiyaya SSRİ Ali Sovetinin xüsusi qərarı ilə 1990-cı ildə qoşulmuşdur.

Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya dünya miqyasında alqı-satqı proseslərinin unifikasiya olunmuş (vahid şəkildə salınmış) qayda-qanunları tənzimləyir. Bu qayda-qanunlar müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə malik olan bir çox ölkələr üçün münasib idi və beynəlxalq kommersiyada hüquqi maneələri aradan götürə bilərdi.

Konvensiya normativ xarakter daşıyırdı. Başqa sözlə, konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları əsk etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən tərəflər konvensiyanın hər hansı bir müddəasını qəbul etməyə qəbul etməyə, hətta onu dəyişə də bilərlər. Konvensiya ancaq beynəlxalq xarakter daşıyan müqavilələrə tətbiq edilir.

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim edən milli qanunçuluğun unifikasiyasına (vahid şəkildə salınmasına) kömək göstərməkdir. Konvensiya əsasən aşağıdakıları nəzərdə tutur:

- mallar üzrə beynəlxalq alqı-satqı müqavilələrinin bağlanma və istifadə edilməsini eyni formada tənzimləyir;

- kommersiya danışıqlarının tezləşdirilməsinə, asanlaşdırılma və ucuzlaşdırılmasına kömək göstərir;

- müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifələrini birmənalı başa düşmələri üçün ilkin şərt yaradır;

- daha güclü tərəf-müqabil (partnyor) tərəfindən müqaviləyə özü üçün daha əlverişli şərtlərin digər tərəfə zorla qəbul etdirməsi hallarının aradan götürülməsinə imkan yaradır;

-müqavilə üzrə satıcının və alıcının əsas öhdəliklərini müəyyənləşdirir;

- konvensiyada iştirak etməyən dövlətlər arasında müqavilə mübahisəsi (münaqişəsi) baş verdikdə, müqavilə tərəfləri (subyektləri) və müqavilə predmetləri (obyektləri) üzrə münasibətləri qaydaya salır;

- alqı-satqı müqaviləsinin obyektlərinin (malların) siyahısını müəyyən edir;

- konvensiyanın aid olmadığı ölkələr üçün alqı-satqı müqaviləsinin nişanələrini (əlamətlərini) müəyyənləşdirir.

Vyana konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən ibarətdir: birincisi, tətbiqi sfera və ümumi müddəalar; ikincisi, müqavilənin bağlanması; üçüncüsü, malın alqı-satqısı; dördüncüsü, son müddəa.

II. Beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquqi qaydalara dair konvensiya. Bu konvensiya yuxarıda göstərildiyi kimi, Haaqa konvensiyası adlanır. Yeni konvensiya 1985-ci ildə Haaqada beynəlxalq xüsusi hüquq konfransının sessiyasında qəbul olunmuşdur. Sessiyanın işində 62 dövlət iştirak edirdi. Bu konfransın məqsədi 1955-ci ildə Haaqa konfransında qəbul olunmuş və artıq köhnəlmiş konvensiyaya yenidən baxılması məqsədini qarşıya qoymuşdur. 1985-ci il konvensiyası isə 1980-ci ildə qismən Vyana konvensiyasına bəzi əlavələr edilməsini də nəzərdə tuturdu. Bundan əlavə, həmin konvensiya (1985-ci il) birmənalı vahid maddi-hüquqi qayda və qanunlarla tənzimlənməyən hüquqi kollizion (toqquşan, bir-birinə zidd olan) qaydaların unifikasiyası (bir şəkilə salınması) barədə əsasnamə hazırladı. Konvensiya həm də universal xarakter daşıyırdı. Belə ki, o, həm iştirakçı dövlətlərə, həm də beynəlxalq müqavilə ilə bağlı olan, lakin konvensiyada iştirak etməyən dövlətlərə tətbiq edilir.

Haaqa konvensiyasının əsas müddəaları aşağıdakılardır:



  1. Vyana konvensiyasına uyğun gələn və cüzi dəyişikliklər edilməklə malların alqı-satqı müqavilələrinin beynəlxalq xarakterinin müəyyən edilməsi;

  2. Ayri –ayrı növ malların (şəxsi istehlak malları) beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənarlaşdırılması.

  3. Vyana konvensiyasından fərqli olaraq, beynəlxalq alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik enerjisinin və s. daxil edilməsi.

  4. Müqavilənin təmzimlənməsində köməyə gələn hüquqların müəyyənləşdirilməsi.

Alqı-satqı müqaviləsinə tətbiq olunan hüquq Haaqa konvensiyasına uyğun surətdə, aşağıdakıları tənzimləyir: müqavilənin şərhini; tərəflərin hüquq və vəzifələrini və müqavilənin icrasını; alıcının mallardan götürəcəyi nəticə və gəlirlərin ilkin şərtlərini; mallara görə alıcı riskinin ilkin şərtləri;mülkiyyətçilik hüququnun saxlanılmasına dair təhihin (düzəlişin) tərəflər üçün həqiqiliyi və nəticələri; müqavilənin yerinə yetirilməsi aqibəti; təəhüddlərin ödənməsi üsullarını; iddia müddəti və müqavilənin öz qüvvəsini itirməsi müddətini və i.a.

$ 4.Beynəlxalq kommersya əməliyyatlarının

subyekti olan kontragentlərin təsnifatı

Beynəlxalq kommersyada kontragent malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Dünya bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məqsəd və xarakterindən asılı olaraq dörd kateqoriyaya ayırmaq olar:

I kateqoriya - firmalar;

II kateqoriya – sahibkarlar ittifaqı;

III kateqoriya - dövlət orqanları (nazirliklər və idarələr)

IV kateqoriya - BMT sisteminin beynlxalq iqtisadi təşkilatları.

Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas olan xarakterik cəhətləri vardır.

Firmalar. Beynəlxalq kommersiya əməliyyatlarının çox hissəsi firmalar tərəfindən həyata keçirilir. Dünya təcrübəsində “firma” termini ticarət məqsədi daşıyan kontragentlərə şamil edilir. Firma dedikdə sənaye, ticarət, tikinti, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı subyektləri, xidmət və s. sahələr üzrə kommersya fəaliyyətində bulunan müəssisələr başa düşülür. Hər bir firma özünə müəyyən bir ad qoyur. Bu adla o, öz bölgəsinin xüsusi siyahısında qeydə alınır. Adətən firmanın adı onun bir və yaxud bir neçə sahibinin adı və soyadı ilə (məsələn, “Kupp”, “Ford”, “Dadaşov qardaşları”), yaxud da firmanın fəaliyyət xarakterini əks etdirən ifadələrlə (“Ceneral motors”, “Koka-kola” və s. ), adlarla ifadə olunur. Firmanın adı məktubların xüsusi blankında, hesablarda , mətbuatda mal nişanələrində, reklamda və s. göstərilir. Dünya bazarında çıxış edən firmalar aşağıdakı xarakterik cəəhətlərinə görə fərqləndirilir: a) təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliyyatlar üzrə; b) hüquqi vəziyyətinə görə; v) mülkiyyətin xarekterinə görə; q) kapitalın və nəzarətin mənsubiyyətinə görə; ğ) fəaliyyət dairəsinə görə.

Ümumiyyətlə, firmalar konkret olaraq aşağıdakı kimi təsnifləşdirilir:

1. Təsərrüfat fəaliyyətinin növünə və iş xarakterinə görə onlar aşağıdakı kimi fərqləndirilir.



a) Sənaye firmaları. Bu növ firmaların dövriyyəsinin 50%-dən çoxu sənaye istehsalının payına düşməlidir; onların nəhəng təmərgüzləşməsi və beynəlmilliləşdirilməsi nəticəsində transmilli korporasiyalar, şirkətlər yaranır. Məsələn, “Koka- kola”, “Françayzinq” və s. Bunlara dair ABŞ, Almaniya, İlgiltərə, Yaponiya və bir neçə digər inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin nəhəng firmalarını da misal gətirmək olar.

b) Ticarət firmaları (ticarət evi). Əsasən alqı-satqı ilə məşğul olurlar. Bundan əlavə, başqa xidmətlər də onların funksiyalarına daxildir. Ticarət firması ya iri sənaye şirkətləri sisteminə (tərkibinə) daxil olur, ya da müstəqil fəaliyyət göstərir. Ticarət firmaları ticarət-vasitəçi funksiyalarını da yerinə yetirə bilərlər.

v) Nəqliyyat firmaları. Bu firmalar beynəlxalq yükdaşıma funksiyasını yerinə yetirirlər. Bunlar aşağıdakılardan ibarətdir:

- dəniz (su nəqliyyatı). Beynəlxalq kommersiyada onun təmərküzləşmiş iri xətti -gəmiçilik şirkəti də olur. Məsələn, yaponiyada bu cür 6 şirkət vardır. Ingiltərədə dəniz-yük daşıması işlərinin 80%-i bu növ gəmiçiliyin payına düşür. Fransada 3 şirkət dəniz yükdaşımasının 45%-ni, Almaniyada 3 şirkət 20%-ni əhatə edir:



  • Hava yükdaşımaları;

  • Dəmir yolu;

  • Avto nəqliyyat;

  • Nəqliyyat-ekspeditor firmaları. Bu növ firma iri sənaye, ticarət firmalarının tapşırığı ilə malı satıcıya çatdırır. Firma yükdaşıma ilə bağlı bütün əməliyyatlara, hətta yükün dəyərinin ödənilməsinə də cavabdehlik daşıyır;

  • Sığorta firmaları.

2. Hüquqi mövqelərinə görə firmaların təsnifatı.

Firmanın hüquqi mövqeyi öz ölkəsinin ticarət və mülki qanunları ilə müəyyən edilir. Bu da hökmən qeydiyyatdan keçir və “hüquqi şəxs “ statusu alır. Xarici kontragentlə saziş bağlayarkən onun statusu və iqtisadi-təsərrüfat hüquqları öyrənilməlidir. Bütün firmalar hüquqi mövqeyinə görə iki qrupa ayrılır:

-təkbaşına idarə olunan firma (buraya bir nəfərin və yaxud bir ailənin mülkiyyəti daxildir).

-sahibkarlar birliyi firması (bu növ birlik iki və daha çox sahibkardan ibarətdir. Birliyin təşkil olunmasında məqsəq, əvvəla, sahibkarların kapitalını təmərküzləşdirməkdən, ikincisi isə firmanın işinin aparılmasında onların hər birinin iştirakını təmin etməkdən ibarətdir).

Sahibkarlar birliyi firması aşağıdakı növlərə ayrılır:

-Tam şəriklik əsasında yaradılan firmalar. Bu növ firmalar, əsasən, geniş yayılmışdır. Kooperativ formasında yaradılır.Əsasən kiçik və orta müəssisələr şəklində iki və daha çox iştirakçıdan ibarətdir.

-Kommandit yoldaşlığı şərikliyi. Bu da iki, yaxud bir neçə sahibkarı birləşdirir. Bunlardan bir neçəsi şirkətin işinə məsuliyyət daşıyır, qalanları isə ancaq öz “payı” ilə iştirak edir.Kommanditin bir forması kimi “məhdud məsuliyyətlilik cəmiyyəti” də olur. Onun iştirakçıları kimi, əsasən yaxın və yaxud qohum adamlar nəzərdə tutulur.

-Səhmdarlar birliyi. Təşkilati baxımdan onların bəzi fərqləri vardır. Məsələn , ABŞ-da birliyin (yoldaşlığın ) iki növü olur: yoldaşlıq və korporasiya.

Ingiltərədə də birliyin iki növü vardır: “Məhdud məsuliyyətlilik birliyi” ; “Qeyri-məhdud məsuliyyətlilikbirliyi”.

3. Mülkiyyətin xarakterinə görə firmalar. Bunlar aşağıdakılardan ibarətdir:

-Xüsusi firmalar. Bunlar ya müstəqil fəaliyyət göstərir, ya da inhisar birliklərinin tərkibinə daxil olurlar. Inhisar birlikləri məqsəd və təsərrüfat münasibətlərinin xarakterinə görə təcrübədə müxtəlif adlar daşıyır. Məsələn, kartel, sindikat, trest, konsern, xoldinq, maliyyə qrupu və s. Bunların xarakterik cəhətlərinə nəzər yetirək:

- Kartel bir sahənin firmalarını birləşdirir. Firmalar birgə ticarət siyasəti aparırlar. Məsələn, satışın tənzimi. Kartelin təsərrüfat maliyyə hüquqları genişdir.

-Sindikat kartel tipli saziş formalarından biri.Özünün, yəni sindikatın iştirakçılarının (firmalarının) məhsullarını vahid satış orqanı vasitəsilə həyata keçirir.

-Trest. Əvvəllər müxtəlif sahibkarlara mənsub olan müəssisələr birləşib iri inhisar birliyi yaradırlar. İri istehal kompleksi təşkil etməklə trestə daxil olan müəssisələr birbaşa əsas şirkətə tabe etdirilir.

-Konsern. Müstəqil müəssisələr birliyidir. Burada müəssisələr iştiraketmə, patent-lisenziya sazişləri, maliyyələşdirməvə bu kimi sıx istehsal münasibətləri ilə bağlıdırlar.

-Xoldinq. Son vaxtlar geniş yayılmışdır. Özləri istehsal (ticarət) fəaliyyətilə məşğul olmurlar. Ancaq ona daxil olan müəssisələrin (firmaların) fəaliyyətinə nəzarət edirlər.

-Maliyyə qrupu hüquqi və təsərrüfat müstəqilliyi olan bir neçə sahə müəssisələrini birləşdirir. Məsələn, sənaye-maliyyə; ticarət-maliyyə, nəqliyyat-maliyyə.

4. Kapital və nəzarət mənsubiyyətinə görə firmalar. Bunlar isə aşağıdakı kimi fərqləndirilir:

-milli firmalar

-xarici firmalar

-qarışıq firmalar

5. Fəaliyyət dairəsinə görə firmalar. Bunlar milli və beynəlxalq firmalara ayrılır. Belə firmaların istehsal və ticarət fəaliyyəti bütün xarici ölkələrə yayıla bilər. Öz kapitalına və nəzarət olunmasına görə bu növ firmalar milli olurlar. Onların xaricdəki şəbəkəsi, xüsusən “qız” müəssisəsi həm istirahət edir, ticarət işi ilə məşğul olur, həm də “ana” müəssisəni xammal və s. materiallarla təchiz edir. “Qız” müəssisəsi (firmaları)hüquqi şəxs olurlar.

Sahibkarlar ittifaqı. Bu ayrı-ayrı qrup biznesmenlərin birliyidir. Sahibkarlıq ittifaqı firmalardan onunla fərqlənir ki, onların məqsədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqanlarında həmin ittifaqa daxil olan iş adamı qruplarının maraqlarını təmsil etmək və ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərməkdir. Bundan əlavə, ittifaqın rəsmi məqsədi müəyyən ümumsahə dairələri fəaliyyətlərini işləyib hazırlamaq və razılaşdırmaqdır. (məsələn, məhsulun standartlaşdırılması, məsləhət xidmətlərinin təşkili, kadr hazırlığı, sahəvi statistikanın aparılması və s. )

Sahibkarlar ittifaqı assosiasiyalar, federasiyalar, sovetlər və bu kimi s. formalarda yaradılır. Formal cəhətdən bazara və qiymətlərə təsir etmə məqsədi güdmürlər. Lakin təcrübədə onlar kartel funksiyalarını yerinə yetirirlər, bəzi hallarda isə nəinki təsir sferasını diktə etməklə, yaxud bölüşdürməklə, hətta ittifaqın iştirakçılarına kvotlar qoymaqla onların istehsal və ticarət məsələlərinə müdaxilə edirlər.

Yuxarıda qeyd edildiyi kimi, sahibkarlar birliyinin çoxu beynəlxalq kommersiya əməliyyatları keçirmirlər və deməli, xarici bazarlarda kontragent sifətində çıxış etmirlər,bəzi dünya regionlarından, o cümlədən Skandinaviya ölkələrindən, Zaqafqaziyadan və bu digər ölkələrdən başqa. Fəqət, bu qəbildən olan bir neçə ölkənin sahəvi sahibkarlar ittifaqı, o cümlədən Finlandiyanın, Fransanın, Kanadanın müvafik ittifaqları inhisar vəziyyətində olduqları məhsullar üzrə geniş miqyaslı ixracatçı kimi kontragent sifətində də fəaliyyətdə bulunurlar. Buraya meşə materialları ixracatçısı Finlandiyanı aid etmək olar. Bunlardan “Kağız və karton istehsal edən vFinlandiya fabrikləri ittifaqı”nı ,, Finlandiya “Meşə taxta-şalban zavodları sahibkarlar ittifaqı”nı, “ İsveçrə kağız fabrikləri birliyi” ni və s. göstərmək olar..

Xarici bazara cıxış hüququ olan dövlət orqanları və təşkilatları.

Dövlət orqanları (nazirliklər , idarələr) və təşkilatları dünya bazarında

çıxış edən kontragentlərin üçüncü kateqoriyasına aid edilirlər.Dövlət

firmalarından fərqli olaraq onlar bir qayda olaraq, kommersiya məqsadləri

güdürlər.Dünya bazarında kommersya əməliyyatlarında ancaq öz ölkəsinin

razılığını alan dövlət orqanları və təşkilatları iştirak edə bilərlər.Xarici

bazara çıxışı olan ən çox dövlət təşkilatları inkişaf etmiş ölkələrdir.

Məsələn , Argentinada taxıl- Taxıl Milli Komitəsi, ət –Ət üzrə Milli Komitə

vasitəsilə həyata keçirilir. Həmin ölkənin sosial təminatı ictimai səhiyyə

nazirliyi tibbi dərmanların, alətlərin və avadanlığın 80%-ni öz ölkəsinə

idxal edir. Xarici bazarda çıxış edən dövlət orqanlarının xeyli hissəsi Misir

Ərəb Respublikasından,Əlcəzairdən, Şri-Lankadan və bu kimi s. Inkişaf

etmiş Şərq ölkələrindəndir.

Qeyd etmək lazımdır ki,xarici ölkələrə çıxış hüququ olan məmləkətlər elmi-texniki, icarə və bu kimi digər kommersiya əməliyyatlarında iştirak edirlər.



5. Dünya bazarında malların və xidmətlərin beynəlxalq alqı-satqısı üzrə kontragentlər adı altında çıxış BMT sisteminin ixtisaslaşmış idarələri.

BMT sisteminin Kontragentlər sifətində çıxış edən bu idarələr dünya bazarında kifayət qədər iri alıcı sifətində çıxış etməyə başladılar. Məsələn, İnvestisiya obyektlərinin tikintisini həyata keçirən təşkilatlar sırasına PROON və YUNİDO kimiləri aid etmək olar.

PROON 1966-cı ildən fəaliyyət göstərir. Onun çoxcəhətli iqtisadi və texniki yardım göstərmək üzrə xüsusi əməli fəaliyyəti maliyyələşdirmək fondu vardır.Onun maliyyələşdirmə fondu BMT çərçivəsində texniki əməkdaşlıq sistemi iştirakçıları olan dövlətlərdən alınan könüllü üzvlük haqqı hesabına yaradılır. PROON həmin sistem üzrə texniki yardımın həcmini və istiqamətlərini tənzimləyən əsas orqan hesab edilir. Onun pul fondu texniki yardım alan ölkələr arasında bölüşdürülür. PROON texniki yardımı innovasiya işlərinin aparılması ərəfəsində həyata keçirir, tikintisi isə yardım alan ölkənin hesabına ödənilir. Lakin son zamanlar PROON bir sıra inkişaf etmiş ölkələrdə iri sənaye obyektlərinin tikintisini 10 mln. Dollardan artıq məbləğdə özü maliyyələşdirməyə və təşkil etməyə başlamışdır.

Çox hallarda layihələrin bilavasitə icraçısı sifətində BMT sisteminin digər ixtisaslaşdırılmış təşkilatlarıda çıxış edirlər,o cümlədən:

YUNİSEF – Uşaq fondu -;

PROON – İnkişaf proqramı-;

FAO – Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı -;

YUNİDO – Sənaye inkişafı təşkilatı -;

YUNKTAD – Ticarət və inkişaf üzrə konfrans -;

YUNEP – Ətraf mühitin qorunması proqramı -;

YUNEKSO – Təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilat -;

MOT – Beynəlxalq əmək təşkilatı

Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzimləyən beynəlxalq

təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Bu təşkilatların strukturunun sxemi aşağıda verilmişdir (1-ci şəkil):

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – 1947- ci ildə Cenevrədə ABŞ da daxil olmaqla 23 ölkənin iştirakı ilə QATT (General agrecment on Tariffs and Trade) Ticarət və Tariflər haqqında Baş Sazişin imzalanması ilə yaradılmış və 1994-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı (ÜTT) adı altında fəaliyyət göstərir.

Bu gün ÜTT –i dünya ticarətinin 85%ni əhatə edən 150-dən artıq ölkəni özündə birləşdirən bir təşkilat olmuşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.




BVF (MVF)

BYİB (MBRR)

AİB (EGS)

ÜTT/TTBR (VTO/QATT/)



İƏİT (OGSR)

Beynəlxalq İnkişaf Assosiasiyası



ƏSAS BEYNƏLXALQ TƏŞKİLATLAR



Beynəlxalq Arbitraj Məhkəməsi

BMT-nin TƏK

(ÖNKTAD)




Avropa Azad Ticarət Assosiasiyası

Beynəlxalq maliyyə korporasiyası

NİÖT

(OPEK)




KÖMRÜK ƏMƏKDAŞLIĞI ŞURASI

Beynəlxalq Ticarət Palatası


Şəkil 1. Xarici fəaliyyət dairəsində əsas beynəlxalq təşkilatların təşkilati-idarəetmə strukturu (MDB ölkələrindən başqa ).

AİB (Avropa İqtisadi Birliyi)-1957-ci ildə yaradılmışdır. Roma müqaviləsinə əsasən, bu təşkilata 6 Qərbi Avropa ölkəsi daxil edilmişdir. Sonrakı inkişaf prosesində üzv ölkələrinin sayı 15-ə çatmışdır. Aİ-nin fəaliyyəti nəticəsində artıq 60-cı illərdən bəri bu ölkələr arasında vahid kömrük ittifaqı yaradılmışdır, üçüncü ölkəyə münasibətdə vahid kömrük tarifi müəyyənləşdirilmiş, kömrük rüsumları və qarşılıqlı ticarətdə kəmiyyət məhdudiyyətləri ləğv edilmidir. Bu ölkələrdə faktiki olaraq vahid maliyyə sistemi fəaliyyət göstərir. Belə ki, Aİ ölkələrindən hər biri bu və ya digər ölkələrdə özlərinin kommersiya banklarının filiallarını açmaq iqtidarındadırlar. 1999-cu ilin yanvar ayının 1-dən bu ölkələrdə vahid valyuta- “avro” tətbiq edilməyə başlanmışdır.

BVF (Beynəlxalq Valyuta Fondu) – 22 iyun 1944-cü ildə Bretton-Vudsda (ABŞ-da) yaradılmış, beynəlxalq ticarətin və valyuta sahəsində əməkdaşlığın inkişafına təsir göstərən dövlətlərarası valyuta- kredit təşkilatı kimi fəaliyyət göstərir.Azərbaycan 18 sentyabr 1992-ci il tarixindən BVF –nin üzvüdür.

BYİB (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı )- 1944-cü ildə Bretton- Vuds müqaviləsi əsasında yaradılmışdır. BYİB inkişaf etməkdə olan ölkələrdə inkişafın investisiya proqramının həyata keçirilməsi üçün köməklik etmək məqsədi ilə həmin ölkələrə vəsait təklif edir. BYİB dövlətlərarası maliyyə-lredit təşkilatı kimi aşağıdakıları həyata keçirir:

  • Beynəlxalq ticarətin inkişafına təsir göstərir;

  • Ödəniş balanslarını dəstəkləyir;

  • Ölkələrin iqtisadi inkişafını stimullaşdırır.

BYİB-nin üzvləri yalnız o dövlətlər ola bilər ki, hansı ki onlar əvvəlcədən BVFnin üzvü olsunlar. 1999-cu ilin məlumatına görə, BYİB-nin sıralarına 180-dən çox dövlət daxil olmuşdur. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür.

İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) – 1948-ci ildə Avropada müharibə illərindən sonra “Marşall Planı” adı altında amerikanların iqtisadi və maliyyə köməklərindən səmərəli istifadə etmək məqsədi ilə yaradılmışdır. Faktiki olaraq İƏİT 1961-ci il müvafiq konvensiyasının imzalanmasından sonra təşkil olunmağa başlamışdır. İƏİT-nin əsas məqsədlərinə aşağıdakıları aid etmək olar:

  • optimal iqtisadi inkişaf yollarının axtarılmasına təsir göstərmək;

  • üzv olan ölkələrdə maliyyə möhkəmliyini qoruyub saxlamaqla əhalinin yaşayış səviyyəsini qaldırmaq və məşğulluğunu artırmaq;

  • üzv ölkələrin siyasi koordinasiyası vasitəsilə İƏİT regionunda sosial və iqtisadi nailiyyətlərə nail olmaq;

  • Avropanın postsosialist və inkişaf etməkdə olan ölkələrə İƏİT –in üzv dövlətlərinin köməklik etməyə razılıqları.

Hal-hazırda 30-dan artıq dövlət İƏİT-in üzvüdür.

BMT-nin YUNKTAD (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı) – BMT-NİN Baş Assambleyasının orqanı olmaqla Beynəlxalq Ticarət Təşkilatı statusuna malik deyildir. Bu təşkilat 1964-cü ildə yaranmış və artıq onun 170-dən çox üzv-ölkəsi vardır. Təşkilatın əsas məqsədi:



  • beynəlxalq ticarətin inkişafına təsir göstərmək;

  • ölkələrarası bərabərhüquqlu qarşılıqlı mənafe baxımından əməkdaşlığa nail olmaq;

  • beynəlxalq iqtisadi münasibətlərin funksiyalaşdırılmasısahəsində müxtəlif təkliflər işləyib hazırlamaq.

Bu təşkilatın əsas ali idarəetmə orqanı ticarət və inkişaf üzrə Şuradır ki, bunun da tərkibinə 6 komitə daxil edilir.

NİÖT (Neft İxrac edən Ölkələr Təşkilatı) - Dövlətlərarası iqtisadi-siyasi təşkilat olub, 1960-cı ildə Bağdad konfransında yaradılmışdır. Bu təşkilatın əsas nizamnəsi 5 il keçdikdən sonra Karakasda qəbul edilmişdir. NİÖT aşağıdakı əsas məqsədləri həyata keçirir:

  • üzv ölkələrinin neft siyasətinin koordinasiyasını və unifikasiyasını;

  • iştirakçı dövlətlərin maraqlarını qorumaq məqsədi ilə bir qədər səmərəli şəxsi və kollektiv vəsaitlərin təyini;

  • dünya neft bazarında qiymətlərin dəyişilməməzliyinin qorunub saxlanılması üçün yolların axtarılıb tapılması;

  • neft istehsal edən ölkələrin gəlirlərinin möhkəmliliyini təmin etmək;

  • ətraf mühitin hərtərəfli qorunması üzrə tədbirlərin keçirilməsi.

Müasir dövrdə NİÖT-un tərkibinə 12 dövlət daxildir: Əlcəzair, Venesuela, Babon, İndoneziya, İraq, İran, Qatar, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı.

BİA (Beynəlxalq İnkişaf Assosiasiyası) - 1960-ildə xüsusi olaraq inkişaf etməkdə olan BYİB-nin üzv ölkələrinə güzəştli şərtlərlə kreditlər və istiqrazlar vermək məqsədilə yaradılmışdır. Assosiasiyayının 4 əsas maliyyə mınbəyi vardır. Bunlara:

  • BYİB-nin mənfəəti;

  • üzv ölkələrinin üzvlük haqları;

  • imkanlı üzv-ölkələrin xüsusi üzvlük haqları;

  • əvvəl verilmiş kreditlərin qaytarılması.

3 ildə bir dəfə kreditor ölkələr qrupu, hansı ki, 34 ölkəni özündə birləşdirir, Assosiasiyaya əlavə vəsaitlər cəlb etmək məqsədilə özlərinin səlahiyyətli nümayəndələrini bir yerə yığaraq məsləhətləşmələr keçirirlər.

BAM (Beynəlxalq Arbitraj Məhkəməsi) – 1923-cü ildə Paris şəhərində təsdiq edilmişdir. Bu məhkəmənin qərarları məcburi xarakter daşımasa da, burada 1998-ci ildə beynəlxalq ticarətə aid olan 8 mindən baxılmışdır.

BMK ( Beynəlxalq Maliyyə Korporasiyası) - BMT-nin xüsusiləşdirilmiş təşkilatı olub, BYİB-nin qrup üzvü keyfiyyətində iştirak edir. Hazırda 160-dan çox dövlət bu korporasiyanın üzvüdür. 1993-cü ildən başlayaraq korporasiya regional strategiyalar işləyib hazırlayır, icra işlərini təkmilləşdirir (xüsusən də, neft, qaz, kimya sənayesi və s.).

Müasir dövrdə BMK-nin kapitalı 700 mln. Dollar həcmində qiymətləndirilir ki, bunun da əsasını iştirakçı ölkələrdən üzvlük haqqı, BYİB-nin kreditləri, mənfəətdən ayırmalar və həmçinin geri qaytarılan kreditlər və s. vəsaitlər təşkil edir.



GƏŞ (Gömrük Əməkdaşlıq Şurası) - daimi fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatı olub, Beynəlxalq Konvensiyaya uyğun olaraq 1950-ci ildə yaradılmışdır (faktiki olaraq 1952-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır). Hal-hazırda 120-dən artıq dövlət bu şuranın üzvüdür. Şuranın əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • kömrük qaydalarının unifikasiyası və təkmilləşdirilməsi;

  • kömrük əməliyyatlarının təkmilləşdirilməsi;

  • kömrük sahəsində qaydaların müəyyənləşdirilməsi üzrə beynəlxalq əməkdaşlıq;

  • malların kömrük məqsədi ilə qiymətləndirilməsi konvensiyası;

  • kömrük nomenklaturası üzrə konvensiya.

Öz fəaliyyəti dövründə Şura iştirakçı ölkələr üçün bir çox məsələlər üzrə təkliflər hazırlayırlar ki, bunların da hər biri müasir beynəlxalq kömrük qaydalarına əməl olunmasına xidmət edir.

AATA (Avropa Azad Ticarət Assosiasiyası)- Qərbi Avropanın AİB-dən sonra ən böyük ticarət-iqtisadi qrupudur. O, 1960-cı ildə Stokholm konfransının işinin nəticəsində yaranmış və aşağıdakı vəzifələri yerinə yetirir:

  • təcili olaraq sənaye malları üzrə azad ticarət zonalarının formalaşdırılması;

  • iqtisadi fəallığın hərtərəfli inkişafı;

  • təbii sərvətlərdən və resurslardan daha səmərəli istifadəni;

  • iqtisadiyyatın bütün sahələrində əmək məhsuldarlığının yüksəldilməsi və s.

Bu gün assosiasiyanın daimi üzvlərini İslandiya, Norveç və İsveçrə, eləcə də Aİ –nə daxil olan ölkələr təşkil edir. Beləliklə, assosiasiya müasir dövrdə region üzrə ticarət-iqtisadi qrupunu yaradır.

BTP (Beynəlxalq Ticarət Palatası) - Qeyri-hökumət beynəlxalq təşkilatı olmaqla, 1919-cu ildə yaranmış və özündə 100-dən artıq ölkəni birləşdirir. BTP-nin əsas fəal iştirakçılarına milli sahibkarçılıq federasiyasını, işgüzar dairələrin nümayəndələrini, kompaniya rəhbərlərini aid etmək olar. Palatanın baş qərargahı Parisdə, filialları isə Cenevrədə və Banqkokda yerləşir.Palatanın əsas orqanı Konqresdir.

Təkrar üçün suallar

1. Beynəlxalq kommersiya əməliyyatı anlayışı necə başa düşülür və onun növləri hansılardır?

2. Beynəlxalq kommersiya razılaşmasının (sövdələşməsinin ) xarakterik xüsusiyyətləri hansılardır?



3. Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya ilə, bilavasitə müqavilənin ümumi hüquqi cəhətlərini xarakterizə edən konvensiyalar arasındakı fərqlər nədən ibarətdir?

4. Kontragent nədir və o, necə təsnifatlaşır?


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə