1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3.04 Mb.
Pdf просмотр
səhifə3/35
tarix16.07.2017
ölçüsü3.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

 

 

 

37 



 

 

NATĠQLĠK SƏNƏTĠNĠN TARĠXĠNDƏN 

 

Natiqlik sənəti yeni eradan əvvəl bir sıra Şərq ölkələrində - 

Çində, Hindistanda, Misirdə və s. meydana gəlsə də, lakin elm 

və  mədəniyyətdə  böyük  simalar  yetişdirən  Yunanıstan  gözəl 

danışığın,  təntənəli,  bəlağətli  nitqin,  natiqliyin,  nitq  mədəniy-

yətinin vətəni hesab olunur.  

Natiqlik  haqqında  ilkin  məlumata  əfsanəvi  yunan  şairi 

Homerin (b.e.ə. XII-XI əsrlər) “İliada” və “Odisey” əsərlərində 

rast gəlirik. “Odisey” poemasının bir yerində əsərin qəhrəmanı 

Feaklar  ölkəsinə  gəlib  çıxır.  Ölkənin  çarı  Alkino  qonağın 

şərəfinə  ziyafət  düzəldir,  sonra  idman  yarışına  tamaşa  edirlər. 

Bu tədbirlər Odiseyin ürəyini açmır, vətəninin, ailəsinin fikrini 

çəkir. Feaklardan biri onu ələ salıb deyir: “Qərib, sən heç yarış 

adamına  oxşamırsan,  qazanc  axtaran  tacirə  bənzəyirsən”. 

Odisey ona tərs-tərs baxıb belə cavab verir: 

 

Allah əqli, düşüncəni, yaraşığı, xoş kəlamı, 



Hamıya bir bərabərdə, bir ölçüdə bəxş eləmir.  

Birisi öz görkəmi ilə nəzəri cəlb etməsə də

Görürsən ki, Allah ona xoş kəlamı əta edib. 

O öz gözəl nitqi ilə valeh edir hər bir kəsi; 

Yığıncaqda o hamının diqqətini cəlb eləyir, 

Şəhərdə də hamı ona Allah kimi baxıb keçir. 

Görürsən ki, birinin də Allah kimi görkəmi var

Bir şirinlik əlaməti yoxdur, ancaq kəlamında 



 (Homer. “Odisey”, Bakı, 1977, səh.362) 

 

Göründüyü  kimi  Odiseyin  cavabı  mahir  bir  natiqin  cava-



bına bənzəyir.  

Sonralar  Sokrat  (e.ə.  469-399),  Platon  (Əflatun,  e.ə.  430-

347),  Aristotel  (Ərəstun,  e.ə.  384-322),  Demosfen  (e.ə.  384-


 

 

38 



322)  fəlsəfi  və  humanitar  elmlərin  bu  gün  də  öz  qiymətini 

saxlayan  həmişəyaşar  nümunələrini  yaratmışlar,  natiqlik  sənə-

tini, onun nəzəriyyəsini, təlimini əsaslandırmış və sistemləşdir-

mişlər.  

Həmin  dövrdə  Yunanıstanda  məhkəmə  iclasları,  bayram-

lar, tamaşalar, mərasimlər, idman yarışları – Olimpiadalar açıq 

havada,  çoxsaylı  insanlar  arasında  keçirildiyindən  xalqın 

hörmətini  qazanmış  natiqlər  çıxış  edir,  tədbirə  münasibət 

bildirir,  xalqı  ümumi  həmrəyliyə  çağırırdılar.  Bu  dövrdə  14 

illik natiqlik məktəbləri (7 yaşdan 21 yaşadək) təşkil olunurdu. 

Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat və natiqlik 

sənəti öyrədilirdi.  

Özü  20  il  Platonun  şagirdi  olmuş  Aristotel  343-335-ci  il-

lərdə Yunanıstanın gələcək hökmdarı İsgəndərin təlim-tərbiyə-

çisi işləmiş, məntiq, psixologiya, təbiətşünaslıq,  etika, siyasət, 

tarix,  poeziya  və  ritorikaya  aid  neçə-neçə  qiymətli  əsər  yaz-

mışdır.  O,  “Siyasət”,  “Poetika”,  “Məntiq”,  3  kitabdan  ibarət 

“Ritorika”  əsərləri  ilə  nitq  mədəniyyətini  elm  səviyyəsinə 

qaldırmış, insan nitqi və onun fəlsəfi problemlərini üslub məsə-

lələri  ilə  əlaqələndirmiş,  natiqlik  sənətinin  əsaslarını,  ritori-

kasının  elmi  sistemini  işləmişdir.  Aristotel  deyirdi:  “İnsanlar 

sağlamlıqlarını  xərcləyərək  pul  qazanır  və  sonra  həmin  pulu 

sağlamlıqlarını  geri  qaytarmaq  üçün  xərclərlər.  Onlar  sabah 

üçün narahat olaraq bu gününü itirirlər. Dolyası ilə nə bu günü, 

nə  də  sabahı  yaşamış  olurlar.  Heç  ölməyəcək  kimi  yaşayır, 

ancaq yaşamamış kimi ölürlər.......Kimsəyə özünüzü sevdirmə-

yə cəhd etməyin, görüləsi tək bir iş varsa, o da sadəcə özünüzü 

sevilməyə  buraxmaqdır!.........  Həyatda  ən  çox  şeyə  sahib  ol-

maq  önəmli  deyil,  önəmli  olan  ən  az  şeyə  ehtiyac  duymaq-

dır....... Bəzən başqaları tərəfindən bağışlanmaq yetməz, siz də 

bağışlamağı  bacarmalısınız”  (Ob  oratorskom  iskustve,  M., 

1958, səh.36).  

Nitq  mədəniyyətinin  mədəni  nitq,  tələffüz  mədəniyyəti, 

söz  seçmək  mədəniyyəti,  düzgün  danışmaq  və  yazmaq  mədə-



 

 

39 



niyyəti  olmasını  Demosfen  öz  şəxsi  həyatında,  öz  üzərində 

illərlə  gərgin  çalışmaqla  sübut  etmişdi.  Adamlar  kiçik  boylu, 

zəif,  cır  səsli  Demosfeni  ilk  çıxışında  axıradək  danışmağa 

qoymurlar. İkinci çıxışında da o, uğur qazana bilmir; sifəti, qu-

laqları, boynu qıpqırmızı pörtür. Adamlar qızardığını görməsin 

deyə əlləri ilə üzünü örtməyə, qulaqlarını ovuşdurmağa, əl-qol 

atmağa  məcbur  olur.  Bunlar  ona  son  dərəcə  ağır  təsir  edir. 

Lakin natiq olmaq arzusundan əl çəkmir. Dərdini aktyor dostu 

Satirə danışır. Dostu, Demosfen danışdıqca ona diqqətlə baxır, 

görür  ki,  dostunun  səsi  zəifdir,  aydın  deyil,  danışdıqca  çiyin-

lərini atır. Demosfen aktyor dostunun məsləhəti ilə öz üzərində 

gərgin  işə  başlayır.  Dəniz  sahilində  ağzına  xırda  daşlar  dol-

duraraq  yüksək  səslə  aydın  danışmağa,  öz  səsi  ilə  dəniz  dal-

ğalarının səsini boğmağa çalışır; çiyinlərini atmaq vərdişindən 

qurtarmaq  üçün  tavandan  asılmış  iti  nizələrin  altında  durub 

danışır. Gərgin əmək, fasiləsiz məşqlər öz bəhrəsini verir; artıq 

yığıncaqlarda  ona  böyük  həvəs  və  sonsuz  maraqla  qulaq 

asırlar.  

Demosfen çıxışlarına ciddi hazırlaşırdı. Çıxışlarını əvvəlcə 

yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi-filosof-

larının  yazdığına  görə  Demosfen  öz  üzərində  məhz  gərgin  ça-

lışmaqla  işgüzarlıq  qabiliyyəti,  böyük  zəhməti,  ciddi  çalış-

qanlığı  sayəsində  anadangəlmə  qüsurlarını  islah  edib  məşhur 

natiq  kimi  şöhrət  tapdı  ən  məşhur  natiq  səviyyəsinə  yüksəldi. 

Ondan  üç  yüz  il  sonra  yaşamış  Mark  Tulli  Siseron  yazırdı: 

“Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil” (35, səh.187). 

Aforizmə  çevrilmiş  bu  fikirdən  aydın  olur  ki,  Demosfen  kimi 

zəhmətə qatlaşmayan, öz üzərində gecə-gündüz, saatlarla, gün-

lərlə  çalışmayandan  yaxşı  natiq  ola  bilməz.  Məhz  belə  zəh-

mətin,  gərgin  hazırlığın  hesabına  Demosfenin  61  nitqi,  56  çı-

xışı  və  6  məktubu  bu  gün  də  dünya  natiqlik  mədəniyyətinin 

inkişafında əvəzsiz məxəzlər sayılır.  

Demosfenin  natiqlik  sənətinə  yiyələnməsi  bir  məsələ  ilə 

bağlı olmuşdur. Atasını kiçik yaşlarından itirən Demosfen on-



 

 

40 



dan  qalmış  mirası  qəyyumlarından  almaq  üçün  məhkəmədə 

inandırıcı  və  gözəl  nitqlə  çıxış  edib  Afina  məhkəməsini  inan-

dırmalı  idi.  Onun  nitqi  qanunlara  və  faktlara  əsaslanmalı  və 

məntiqi  olmalı  idi  ki,  hakimlərin  qərarına  təsir  edə  bilsin. 

Demosfen  məhkəmədə  savadlı  və  məntiqi  çıxış  etmək  üçün 

Afina  qanunlarını  mükəmməl  öyrənir.  Lakin  ilk  dəfə  kütlə 

qarşısında çıxış edən Demosfenin nitqi uğursuz alınır: camaatın 

səs-küyü,  gülüşü  onun  zəif  səsini  batırır,  çıxışını  bitirməyə 

imkan vermir. O, başa düşür ki, kütləni ələ almaq üçün yalnız 

maraqlı  mətn  hazırlamaq  azdır,  yaxşı  natiq  eyni  zamanda 

intonasiya  ilə  danışmağı,  səs  tonunu  tənzimləməyi,  jest  və 

mimikadan düzgün istifadə etməyi də bacarmalıdır. Demosfen 

başa  düşür  ki,  kütlə  qarşısında  siyasi  nitq  söyləmək  natiqdən 

böyük məharət, həyat təcrübəsi, dərin ağıl, xüsusi istedad və bi-

lik tələb edir. Özünə tam arxayın olan Demosfen məhz bundan 

sonra qəyyumlarını məhkəməyə verir və qalib gəlir.  

Natiq  olmaq  istəyənlərə  Demosfeni  nümunə  göstərənlər 

demək  istəmişlər  ki,  fitri  qabiliyyət-istedad,  ciddi  səy,  yaradı-

cılıq axtarışları aparmadan həyatda yüksək yer tutmaq mümkün 

deyildir.  Demosfen  özündə  olan  çatışmazlıqlara  baxmayaraq 

(boyunun qısa olması, cır səsli, sısqa, danışarkən çiyinlərini at-

ması  və  s.)  natiq  olmaq  fikrindən  əl  çəkməmiş,  ağır  zəhmətə 

qatlaşaraq  dözümlülük  göstərmiş,  yuxusuz  gecələr  keçirmiş, 

təmkinlə  yaradıcılıq  axtarışları  aparmış,  öz  fiziki  qüsurlarını 

aradan  qaldırmışdır.  Adı  dillər  əzbəri  olmuş  bu böyük  natiqin 

həyatı, siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsr-

lərdə yetişən bir sıra görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir 

ibrətamiz məktəbə çevrilmişdir.  

Demosfen daha çox tarixin yaddaşında Makedoniya çarı II 

Filipə,  sonra  isə  onun  oğlu  İsgəndərə  qarşı  çıxışları  ilə  qalıb. 

Buna  görə böyük fateh  İsgəndər  Demosfeni tutub edam  etdir-

mək istəmişdi, lakin Afina camaatı sevimli natiqini sərkərdənin 

qəzəbindən  qoruya  bilmişdi.  Dünya  tarixində  ən  güclü  natiq 

kimi məşhurlaşan Demosfen bütün ömrünü vətəninə həsr etmiş 



 

 

41 



və  onun  azadlığı  uğrunda  mübarizədə  həlak  olmuşdur.  Ölü-

mündən  42  il  sonra  280-cı  ildə  Afinada  Demosfenin  heykəli 

ucaldılmışdı.  

Lakin burada bir şeyi unutmamalıyıq ki, hər adam rəssam, 

bəstəkar,  heykəltaraş,  şair  ola  bilmədiyi  kimi,  natiq  də  ola 

bilməz.  Natiq  olmaq  üçün  də  fitri  qabiliyyət-istedad  lazımdır, 

zəngin dünyagörüşünə malik olmaq vacibdir. Amma hər adam 

yox, istedadı olan şəxs öz üzərində ciddi çalışmaqla bu sənətin 

sirlərini dərindən öyrənərsə natiq ola bilər.  

Natiqlik  sənəti  Yunanıstan  mərhələsindən  sonra  Roma 

dövrünə qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma 

Yunanıstanı  işğal  etməklə  Ellin  mədəniyyətinə  də  yiyələnir. 

Xüsusən humanitar elmlər estafetini qəbul edən Romanın filo-

sof,  alim  və  ictimai  xadimləri  poetika,  qrammatika  və  ritori-

kanın  nəzəri  problemlərini  sistemləşdirirlər,  natiqlik  sənətinin 

incəliklərini və onlara yiyələnmək yollarını bütün incəliklərinə 

qədər  izah  və  şərh  edirlər.  Mark  Tulli  Siseron  (e.ə.  106-43), 

Qay Yuli  Sezar (e.ə. 102-44), Mark Yuni  Brut  (e.ə. 85-43) və 

başqa  alim  və  ictimai  xadimlər  Roma  natiqlik  sənətini  bütün 

dünyada şöhrətləndirirlər.  

Məşhur şərkərdə, natiq, dövlət xadimi, 49, 46, 44-cü illər-

də dövlət başçısı seçilmiş Qay Yuli Sezar Romanın öz başçılığı 

altında  elm  qanunlarına  uyğun  dövlət  olmasına  çalışmış, 

müharibələrdə çox qanlar axıtmış və qalib gəlmişdi. Bu aman-

sız  diktator  “Hall  müharibəsi  haqqında  qeydlər”,  “Vətəndaş 

müharibəsi  haqqında  qeydlər”  adlı  əsərlərində  dövlətin  rolunu 

cəmiyyətlə bağlamaqla yox, dövlət başçısının istəyi ilə qurmağı 

əsaslandırırdı. Yuli təqvimi islahatını həyata keçirmək üçün öz 

təklif və göstərişlərini vermişdi. Onun məhkəmələrdə vəkil ki-

mi  çıxışları  stenoqramlaşdırılmış,  indi  də  ilk  nümunələr  kimi 

saxlanılır və öyrənilir.  

Demokratik fikirli ziyalı, siyasi xadim, yaş fərqlərinə bax-

mayaraq Qay Yuli Sezar və digər senatorlarla neçə illər dostluq 

etmiş  Mark  Yuni  Brut  natiqlik  sənətinin  sirlərini  mükəmməl 



 

 

42 



öyrənmiş, görkəmli natiq olmuşdur. Lakin o sonralar təkbaşına 

qərarlar verən və dövlətin idarə olunmasında senatorların fikir-

lərinə  dözümsüzlük  göstərən  Qay  Yuli  Sezara  qarşı  başlanmış 

mübarizəyə başçılıq etmiş, diktator hökmdarın qətlində şəxsən 

iştirak  etmişdi.  Senatın  iclasında  Sezarın  təkbaşına  hakimiy-

yətinə  qarşı  sərtliklə  çıxan  senatorlar  paltarlarının  altında 

saxladıqları  xəncərləri  onun  sinəsinə  sancmışdılar.  Bu  sui-

qəsddə Qay Yuli Sezarın özünə dost hesab etdiyi Brut başçılıq 

etmişdi  və  ona  vurulmuş  23  xəncər  zərbəsindən  biri  də  onun 

olmuşdu. Yazılanlara görə 23 senatın cərgəsində Brutun da ona 

qarşı  çıxıb  zərbə  endirməsini  gözləməyən  Qay  Yuli  Sezar 

“Brut,  sən  də?!”  nidası  ilə  öz  münasibətini  bildirmişdi  ki,  bu 

ifadə  afforizmə  çevrilmiş,  dostluqda  xəyanətə  etiraz  kimi 

səslənməkdədir.  

Yeri gəlmişkən qeyd edək ki, bu hadisədən düz bir il sonra 

respublikaçılar dəstəsində mübarizə aparan Brut Sezarın oğul-

luğa  götürdüyü  bacısı  nəvəsi  və  varisi  Oktavyanın  (Oktavyan 

Qay Yuli Sezar tərəfindən Misirə başçı göndərilmişdi) koman-

dasına təslim olmamaq üçün özünü zəhərləyib öldürmüşdü.  

Antik  dövrün  ən  məşhur  natiqi,  yazıçı,  vəkil  və  görkəmli 

siyasi xadimi Mark Tulli Siseron özünün “Natiqlik haqqında”, 

“Brut,  yaxud  məşhur  natiqlər  haqqında”  və  “Natiq”  traktatla-

rında  natiqlik  sənətinin  tarixi,  üslubiyyat  və  nitq  mədəniyyəti 

məsələlərinin  geniş  izahını  vermişdir.  Roma  natiqlik  məktəbi-

nin parlaq ulduzu Siseron iki suala cavab axtarırdı: 

1.

 



Kimə natiq demək olar? 

2.

 



Hər adam natiq ola bilərmi? 

Eyni zamanda “Nəyi demək?”, “Harada demək?” və “Necə 

demək?” sualları da onu düşündürürdü.  

Siseron nitqin qarşısında isə üç tələb qoyurdu: 

1.

 

Nitq öyrətməli, bilik verməlidir; 



2.

 

Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir



3.

 

Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz 



mənbəyi olmalıdır. 

 

 

43 



Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə 

ictimai-siyasi həyatda sonradan yetişirlər”. “Əsl natiq o şəxsdir 

ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta 

səviyyəli  işlər  barədə  isə  yuxarıdakılar  arasında  orta  mövqe 

tutan bir üslubda danışmağı bacarır” (35, səh.17). Natiq öz zəh-

məti  ilə  elm  və  mədəniyyət  ,  təlim  və  tərbiyə  məsələləri  ilə 

bağlı kitablardan bilik  və məlumat  toplamalı,  nitqi  gözəlləşdi-

rən, onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər 

bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq 

haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq 

üçün birinci və ən zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. 

Axı natiq olmaq üçün dərin zəka və həssaslıq tələb olunur. Elm 

bunları  oyada  bilər  (Siseron.  Tri  traktata  ob  oratorskom 

iskustve, M., 1972, səh.99). Siseronun fikrincə, əgər istedad in-

sanın  gözəlliyidirsə,  bu  gözəlliyin  rəngi  natiqlikdir  (Siseron, 

səh.266). Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi-

lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bil-

məz!  Topladığı  faktik  materialları,  müşahidə  etdiyi  hadisələri, 

zərurətdən  doğan  rəqəmləri,  nəzəri  ədəbiyyatdan  götürdüyü 

mülahizələri və s. yadda möhkəm saxlamağı, yeri gəldikcə on-

lardan  məharətlə  istifadə  etməyi  bacarmaq  böyük  hünərdir. 

Ancaq müdrik adam həqiqi natiq ola bilər. Həqiqətən də natiq-

lik gözəllik haqqındakı elmlərə əsaslanır. Müdriklik və hazırca-

vablığı yüksək qiymətləndirən Siseron deyirdi ki, dinləyicilərin 

yorğunluğunu  aradan  qaldıran,  məqamına  düşən  mənalı  zara-

fatlar  da  müdriklik  əlamətidir.  Həqiqi  natiq  öz  müdrikliyi  və 

dinləyicilərə  güclü  təsir  göstərmə  məharəti ilə təkcə  nüfuz qa-

zanmır,  həm  də  vətəndaşlara,  dövlətə  fayda  verir,  uğurlar 

gətirir, səadət bağışlayır (Siseron, səh.83). 

Eramızın I yüzilliyində həm Yunanıstanın, həm də Roma-

nın  əvvəlki  əsrlərdə  yaşamış  natiqlərinin  nitq  mədəniyyəti  ilə 

bağlı fikirlərini ümumiləşdirib yekunlaşdıran Mark Fabi Kvin-

tilian  (35-96-cı  illər)  olmuşdur.  Mark  Fabi  Kvintilian  natiqlik 

sənətinin  incəliklərini  özünün 12 kitabdan ibarət  “Natiqin  təh-



 

 

44 



sili  (formalaşması)  haqqında”  əsərində  əks  etdirmişdir.  Mark 

Fabi Kvintilian natiqlik sənətini 5 hissəyə ayırıb nitq üçün söz 

və  ifadələrin  seçilməsini,  yadda  saxlanılmasını  və  ifadə 

olunmasını  (yüksək,  orta  və  aşağı  üslubda)  başlıca  şərt  kimi 

irəli sürürdü. O, nitq mədəniyyətinə gətirdiyi yenilikləri böyük 

sənətkarlıqla  özündən  neçə  əsr  əvvəl  yaşamış  Demosfenin  və 

Siseronun  adına  çıxaraq  yazırdı:  “Demosfendən  heç  bir  şeyi 

ixtisar etmək, Siserona isə heç bir şeyi əlavə etmək olmur” . 

 

Sonrakı  əsrlərdə  Fransa,  Almaniya,  İtaliya,  İngiltərə, 



İspaniya antik mədəniyyətin bütün incəliklərini Roma məktəbi 

vasitəsilə əldə edib yeni dövrlə əlaqələndirməyə başladılar. 12-

ci əsrdə İngiltərənin Oksford, 13-cü əsrdə Fransanın Sorbon və 

İtaliyanın  Boloniya  Universitetlərində  natiqlik  sənətinə  aid 

mühazirələr oxunurdu.  

VII  əsrdə  İslam  dininin  meydana  gəlməsi  ərəb  mədəniy-

yətinin inkişafında xüsusi mərhələ sayılır. Məhz bu əsrdə ərəb 

ədəbiyyatı,  ərəb  musiqisi,  ərəb  elmi  misli  görünməmiş  dərə-

cədə  inkişaf  etməyə  başladı.  Məkkədə  doğulmuş  Məhəmməd 

Peyğəmbər (570-632) Allahdan gələn vəhyləri (qeybdən gələn 

nidaları, cümlələri) əsl natiq kimi oxuduğu xütbələrdə insanlara 

çatdırır,  onları  qan  qohumluğu  ilə  deyil,  dini  inanc  əsasında 

birləşməyə, bir olan Allaha ibadət etməyə, möminliyə çağırırdı. 

İki tayfaya bölünmüş məkkəlilər – tək bir Allaha inanan və ona 

ibadət  edən  Haşimilər  Məhəmməd  Peyğəmbərin  başçılığı  ilə 

Əbu Süfyanın rəhbərlik etdiyi Bəniüməyyəlilərə - bütpərəstlərə 

qarşı  illərlə  mübarizə  və  müharibələr  aparmışdılar,  müha-

ribələrdə çoxlu insan qırğınına  yol verilmişdi, çox sərkərdə və 

döyüşçü  itirilmişdi.  İnsanlar  Məhəmməd  Peyğəmbərin  yetkin-

lik  yaşında  nümunəvi  əxlaqına,  yüksək  tərbiyəsinə,  çox  ağıllı 

sözlər, fikirlər söyləməsinə, bəlağətli nitqlə danışmasına heyran 

qalırdı.  Həzrət  Məhəmmədə  40  yaşında  (609-cu  ildə)  Hərra 

dağında  peyğəmbərlik  verilmişdi.  Allahdan  ona  peyğəmbərlik 

və  islam  dinini  yaymaq  əmri  gəlmişdi.  “Bir  tək  Allah  var  və 

mən də  onun ən sonuncu rəsuluyam”  – deyən Həzrət  Məhəm-


 

 

45 



məd  Peyğəmbər  bütün  bəşəriyyəti  tək  Allahlığa,  İslam  dininə, 

Allahın  vacib  əməllərindən  olan  Məkkəyə  Həcc  ziyarətinə, 

Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qıl-

mağa, fitrə-zəkat verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa 

olmağa,  haram  yeməməyə,  yalan  danışmamağa,  düzgün  bir 

müsəlman  kimi,  insanlarla  mehriban  olmağa,  müharibələrə 

deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.  

Məhəmməd  Peyğəmbər  616-cı  ildə  İslam  (İtaətetmə)  di-

nini yaradaraq güclü bir natiq kimi müsəlmanları (İslam dininə 

inananları)  Allahın  kəlamlarına,  Qurani-Kərimin  hökmlərinə, 

şəriət qanunlarına tapınmağa dəvət edirdi.  

VII  əsrin axırlarında Əl-Fərabinin  ərəb poeziyası  əsasında 

tərtib  etdiyi  ritmik-melodik  modellərlə  “Qurani-Kərim”  ayələ-

rinin xüsusi avazla oxunması ərəb natiqlik sənətinin inkişafına 

böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu, Peyğəm-

bərin  əmisi  oğlu  və  kürəkəni  (xanım  Fatimeyi-Zəhranın  əri) 

Həzrət  İmam Əli şəriət  haqqında xütbələri ilə özünü mahir bir 

natiq  kimi  tanıtmış,  656-661-ci  illərdə  müsəlman  dövlətinin 

başçısı  olduğu  dövrdə  İslam  dininə  böyük  şöhrət  gətirmişdi. 

Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan 

“Nəhcül-Bəlağə” adlı kitabda toplanmışdır.  

Azərbaycanda  natiqlik  sənətinin  formalaşması  haqqında 

məlumatlara XI-XIII əsrlərdə  yazılmış məxəzlərdə rast gəlirik. 

Görkəmli  söz  ustaları  –  sənətkarlar,  vəzirlər  Azərbaycan-türk 

dilində  olmasa  da,  fars,  ərəb  dillərində  söz,  kəlam,  dil  haq-

qında,  təlim-tərbiyə  haqqında  ibrətamiz  fikirlər  söyləmiş, 

insanların ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer 

ayırmış,  fəzilət  sahiblərinin  məntiqi  çıxışlarını  nümunə  kimi 

təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn Sina (X əsr), 

Nizamül-Mülk  (1017-1092)  və  Xacə  Nəsirəddin  Tusinin 

(1201-1274) xüsusi yeri vardır.  

Nizamül-Mülk  səlcuq  sarayında  əvvəlcə  Alp-Arslanın, 

sonra  Məlik  şahin  vəziri  olmuş,  “Siyasətnamə”  əsərində  söz-

kəlam-dil haqqında öz fikir və nəsihətlərini toplamışdır. 



 

 

46 



Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər 

iki  dünyada  xoşbəxt  olmaq  istəyirsənsə,  özünü  anla.  Oxuyub 

öyrənməyə çalış ki, bilən ilə bilməyən bir deyildir. Tənbəl ol-

ma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz göstər və yax-

şılıq  et.  Danışıq  arasında  kimsəni  utandırma.  Yaxşı  sözləri, 

mənfəətli  danışıqları  eşitməyə  rəğbət  et.  Gözəl  kitablar  və 

məcmuələr oxumağa adət et. Əvvəl  fikirləş, sonra danış. Yox-

sullara kömək et.  Sözündə, işində,  gedişində doğru ol.  Xalqın 

könlünü xoş tutmağa çalış. Sənin yaxşılığını istəyənləri tanıyıb, 

onların gözəl nəsihətlərinə əməl et. Bacarmadığın bir şey üçün 

bacararam  deyib  vəd  vermə.  Bir  işə  başlayanda  əvvəl  onun 

axırını fikirləş. Axırı pis qurtaracaq bir işi başlama. Oxumağa 

və  öyrənməyə  həvəs  et.  Çünki  uşaqlıqda  öyrəndiyin  işlər 

həmişə  yadında  qalacaqdır.  Bu  gün  görə  biləcəyin  işi  sabaha 

saxlama. Bir işə çətin deyib, ondan qorxma, çünki işin çətin tə-

rəfi  yalnız  başlamaqdır.  Başlanan  iş  çox  asanlıqla  tamam  olur 

(Abdullayev  N.,  Qurbanov  V.  Azərbaycan  dili.  Təlimi  rus  di-

lində olan məktəblərin 9-cu sinfi üçün dərslik. Bakı, 2005, səh. 

107). 

Xacə  Nəsirəddin  Tusi  XIII  əsrin  böyük  filosofu,  riyaziy-



yatçısı,  astronomu  kimi  Şərqdə  özünə  böyük  şöhrət  qazandır-

mışdır.  O,  binom  düsturunun  həllini  Nyutondan,  maddə  çəki-

sinin  saxlanması  qanununu  M.Lomonosovdan  çox-çox  əvvəl 

kəşf  etmiş,  bir  sıra  astronomik  tapıntıların  müəllifi  olmuşdur. 

Tusi əxlaq qaydalarına və natiqlik sənətinə aid “Əxlaqi-Nasiri” 

(Nasirin  əxlaqa  aid  fikirləri)  əsərində  (1234-cü  il)  natiqin 

nitqinə,  nitq  mədəniyyətinə  belə  tələblər  qoyurdu:  “İnsan  çox 

danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqası-

nın nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurma-

malı  və  onun  danışıb  qurtarmasına  imkan  yaratmalıdır.  Baş-

qasından soruşulana cavab verməməli, ümumidən edilən sualda 

başqalarını  qabaqlayıb  tələsik  irəli  düşməyə  çalışmamalıdır. 

Biri  cavab  verməklə  məşğul  isə,  daha  qabil  cavab  verməyə 

qadir  olsa  da  səbr  etməli,  o,  sözünü  qurtardıqdan  sonra  öz 



 

 

47 



cavabını verməlidir. Lakin əvvəlkinə tənə etməməlidir... Onun 

yanında iki adam söhbət edirsə, ondan gizlədilirsə, gizlin qulaq 

asmamalıdır,  özləri  müraciət  etməsələr  söhbətə  qoşulma-

malıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, 

nə  yavaşdan,  mülayim  səslə  sözünü  deməlidir.  Danışdığı 

məsələ  qəlizdirsə,  aydın  misallarla  izah  etməyə  çalışmalıdır, 

qısa və yığcam danışmalıdır” (35, səh.182). 

Belə fikirlər həmin dövrdə yaşamış görkəmli sənətkarların 

əsərlərində  müxtəlif  formada  xatırlanır.  Şərq  ədəbiyyatının 

görkəmli  nümayəndələrindən  biri  də  əsərləri  dünya  mədəniy-

yəti  xəzinəsinə  daxil  olan  fars  şairi  Sədi  Şirazidir.  Sədi  Şirazi 

(1184-1291)  “Gülüstan”  əsərində  başqası  danışanda  onun 

sözünü  kəsməyi  ədəbsizlik  hesab  edir  və  öyrədir  ki,  ağıllı 

adamlar məclisi sakit görməyincə dil açıb danışmaz. İnsan hər 

bildiyi  sözü  də  hamıya  söyləməməli,  sözün  yerini  bilməli,  la-

zım gələn yerdə isə öz sözünü deməli, susmamalıdır.  

Sasani  padşahı  Ənuşiravanın  (531-579-cu  illər)  Bozorg-

mehr  adlı  bir  ağıllı  vəziri  var  idi.  O  çox  nitq  söyləyirdi,  nit-

qində heç bir nöqsan tapmaq olmazdı. Hind filosoflarından bir 

neçəsi bir yerə yığışıb Bozorçmehrin fəzilətindən söhbət açmış 

və  nəhayət  onun  asta  danışmasından  başqa  bir  eybini  tap-

mamışlar;  yəni  o  danışarkən  çox  düşünür,  dinləyici  isə  onun 

fikrinin sonunu intizarla gözləməli olurmuş. Vəzir bunu eşidib 

demişdir: “Əvvəlcə nə deyim?” haqqında fikirləşmək, sonradan 

“niyə dedim?” peşmançılığından yaxşıdır”: 

 

             Dünya görmüş qoca söz ustadı, bil 



 Əvvəlcə fikr edər, sonra açar dil,  

 Tələsik söyləməz sözünü bir dəm 

 Fikrini kamil de, gec olsa nə qəm! 

 Düşünüb sonra de sözü müxtəsər, 

 O qədər danışma “bəsdir” desinlər. 

 Nitqilə üstündür heyvandan insan,  

 Heyvandan əskikdir boş-boş danışan.  

(S.Şirazi Gülüstan, Bakı, Azərnəşr, 1987, səh.30-31)  


 

 

48 



Danışan şəxs nitqində özünün biliyini, mərifətini, qanacaq 

və  qabiliyyətini  nümayiş  etdirir.  Nitqi  təsirsiz,  sönük  olanlara 

insanlar qulaq asmır, ona biganə olur, əksinə, nitqi gözəl olan-

lara isə cəmiyyət inanır və onu sevir: 

 

 Nədir dil ağızda, ey ağlı olan,  



 Hünər xəznəsinə açardır inan, 

 Əgər bağlı olsa, kim anlar ki, o,  

 Cəvahir satandır, ya muncuq satan. 

 (Əgər danışmasa, heç kəs bilməz ki,  

 O zərgərdir, ya saqqız satan.) 

 Ədəb sayılsa da məclisdə susmaq, 

 Məsləhət zamanı danışmaq gərək. 

 İki şey ağıla nöqsan sayılır: 

 Yersiz susmaq ilə yersiz söz demək  

(S.Şirazi. Gülüstan. səh.26) 

 

Azərbaycanda  natiqlik  sənətinin  inkişafı  qədim  dövrlərə 



gedib çıxır. Görkəmli Azərbaycan yazıçıları nitq və dil məsələ-

lərinə xüsusi diqqət yetirmişlər. Klassik şairlərimizdən Nizami 

Gəncəvi,  İmadəddin  Nəsimi,  Şah  İsmayıl  Xətai,  Məhəmməd 

Füzuli söz, kəlam, dil haqqında qiymətli fikirlər söyləmiş, məc-

lisdə  gözəl  və  dəyərli  nitqi  döyüş  meydanında  silah  kimi  qiy-

mətləndirmiş, natiqlik sənətinin bir sıra məsələlərinə münasibət 

bildirmişlər. 

Nizami “Xosrov və Şirin” poemasında boş və mənasız söz-

lərdən  uzaq  olmağı,  söhbəti  uzatmamağı,  məclisdə  az  danış-

mağı,  sözün  yerini  bilməyi,  onu  urvatdan  salmamağı  tövsiyə 

edir.  Şair  təmkinlə  danışmağı,  fikri  az  sözlə  ifadə  etməyi, 

duzlu-məzəli atmacalarla, zarafatlarla məclisə təsir göstərməyi, 

dinləyicilərin qəlbinə yol tapmağı ilkin şərt kimi irəli sürür: 

 

Sözün də su kimi lətafəti var,  



Hər sözü az demək daha xoş olar.... 

İnci tək sözlər seç, az danış, az din, 

Qoy az sözlərinlə dünya bəzənsin.... 


 

 

49 



Boş, mənasız sözlər kimə gərəkdir? 

Kim belə sözləri dinləyəcəkdir?.... 

Var doğru danışmağa, madam ki, imkan 

Neçün gəlsin gərək ortaya yalan?! 

 

İ.Nəsimi məharətli natiq kimi hürufilik təriqəti ideyalarını 



təbliğ  etmək  məqsədilə  müxtəlif  ölkələrdə,  Yaxın  Şərqdə  küt-

lələr qarşısında etdiyi çıxışlarında natiqlik məharəti, nitqin ka-

milliyi  və  təsir  qüvvəsi,  nitqdə  forma  və  məzmun  vəhdətinin 

gözlənilməsi  haqqında  fikir  və  mülahizələr  söyləmiş,  söz 

sənətinə yüksək qiymət vermişdir.  

Ş.İ.Xətai  həyatda  sözün  böyük  təsir  gücünə  malik  oldu-

ğuna inanır, sözü ağıl və kamalın, bacarıq və istedadın güzgüsü 

adlandırırdı: 

 

Söz vardır – kəsdirər başı,  



Söz vardır – kəsər savaşı. 

Söz vardır – ağulu aşı,  

Bal ilən edər yağ bir söz.  

 

Bu  bənddəki  hər  bir  “söz”  dil  mənasındadır.  Biz  mis-



ralardakı bütün “sözləri” “dil” sözü ilə əvəz etsək, heç bir anla-

şılmazlıq yaranmaz, fikir şeirdəki anlamda saxlanmış olar.  

İraqda,  Bağdad  yaxınlığındakı  Kərbala  şəhərində  doğulub 

boya-başa çatan və burada da yaşayıb yaradan M.Füzuli (1494-

1556)  ərəb  və  fars  dillərində  mədrəsədə  həm  dini,  həm  də 

dünyəvi  elmlərə dərindən bələd olmuş, əsərlərini də ərəb, fars 

və  ana  dilində  (Azərbaycan  türk  dilində)  yazmışdır.  Həmin 

dövrdə  fars  dilində  yazılan  əsərlərin-qəzəllərin  çoxluğunu,  bu 

dili şeir, sənət dili, Hafizin, Xəyyamın, Sədinin dili kimi başa 

düşüb  həmin  sənətkarların  təsiri  altında  olanlar  bu  dili  nəzm 

üçün, xüsusən də qəzəl janrı üçün yeganə, əlçatmaz zirvə kimi 

mədh  edirdilər.  Fars  dilinə  pərəstiş  edib  ana  dilimizi  qəzəl  və 

iri  həcmli  əsərlər  üçün  səviyyəsiz  hesab  edənlərə  qarşı  çıxan 


 

 

50 



şair  yazdığı  saysız-hesabsız  qəzəlləri  və  “Leyli  və  Məcnun” 

poeması  ilə  sübut  etdi  ki,  Azərbaycan  dili  insanın  daxili 

aləmini  açmaqda,  onun  dəruni  hisslərini  ifadə  etməkdə  elə 

yüksək  zirvədədir  ki,  yalnız  həqiqi  sənətkar  qələmi  ilə  öz 

ecazkar qüdrətini göstərə bilər:  

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,  



Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.  

 .......Məndə tövfiq olsa, bu düşvari asan eylərəm, 

Növbahar olğac tikandan bərgi-gül izhar eylərəm. 

 

Bu  qitədə  Füzuli  türk  dilində  şeir  yazmağın  çətinliyini 



göstərir. Farsca şeirlər ona görə çoxdur ki, türk dilində yazanlar 

dilin  zənginliyini  o  səviyyədə  qiymətləndirə  bilmədiklərindən 

onu  şeir  dili  hesab  etmirdilər.  Azərbaycan  dilində  yazılan 

şeirlərdə isə sözlər guya rabitəsiz və cilalanmamış olur. Şair isə 

bu  çətinliyi  asanlaşdırmaq  gücündə  olduğunu  bildirir.  Axı 

bahar gələndə tikanda gül yarpağı bitir. Bu fikirlə Füzuli özünü 

bahara,  sözlərini  isə  gülə  bənzədir.  Tikan  qönçə  açdığı  kimi, 

tikana bənzədilən bir dil də gül kimi açılır. Həqiqətən, dahi şair 

dilimizin  inkişafında  bahar  təbiətə  xüsusi  təravət,  gözəllik 

gətirdiyi kimi, Füzuli də şeirimizə, xüsusən qəzəl janrına misli 

görünməmiş bir ucalıq gətirdi ki,  hələ də bu ucalığı  fəth  edən 

ikinci bir sənətkar yoxdur.  

Burada  bir  məsələni  də  qeyd  edək  ki,  M.Füzulidə  olduğu 

kimi  şifahi  xalq  ədəbiyyatı  nümunələrində  və  yazılı  ədəbi 

dilimizdə “söz”  “dilin” sinonimi  kimi  işlənir. Qədim bir ağıda 

bu fikir bir daha öz təsdiqini tapır:  

 

Gedən yolun il oldu,  



Bağ-bağçalar gül oldu. 

Dedin, gedib tez gəlləm

Nə yalançı dil oldu. 

 


 

 

51 



Ağıda  dil  təkcə  qafiyə  xatirinə  deyil,  elə  həqiqi  mənada 

“sözə” sinonim götürülmüşdür.  

XIX  əsrin  ikinci  yarısında  və  XX  əsrin  əvvəllərində  ya-

şamış  şair,  rəssam,  musiqişünas,  xəttat,  nəqqaş,  maarifçi-

pedaqoq  kimi  tanınan  Mir  Möhsün  Nəvvab  danışıq  mədəniy-

yəti  haqqında  bir  sıra  maraqlı  fikirlər  söyləmişdir.  Onun 

“Nəsihətnamə”  əsərində  (beş  yüz  nəsihət)  belə  tövsiyələr  var-

dır:  “Bacardıqca  qısa  və  mənalı  danış,  əks  halda,  danışmasan 

yaxşıdır; Sözü deyən vaxt fikrini düzgün ifadə et; Bişirilməmiş 

söz danışma. Danışarkən özündən çıxma; Sözü çox uzadıb tək-

rar etmə ki, avamlığa dəlalət edər; Səndən bir söz soruşmasalar 

demə;  O  adam  ki,  sənin  məsləhətini  eşitmir,  nəsihət  etmə; 

Məclisdə  öz  qədərindən  artıq  danışma,  Yoldaşlara  da  fürsət 

ver; Məclis əhli xahiş etsə, yenə danışa bilərsən”. 

Azərbaycanın  yaxın tarixində  yazıçı, həkim və ictimai xa-

dim  N.Nərimanov  (1870-1925),  ictimai  xadimlər-Şeyx  Mə-

həmməd Xiyabani (1879-1920) və Seyid Cəfər Pişəvəri (1892-

1947),  şair  Səməd  Vurğun  (1906-1956),  ədəbiyyatşünas  alim 

Mikayıl  Rəfili  (1905-1958),  müəllimlər-Əli  Sultanlı  (1906-

1960), Cəfər Xəndan (1910-1961), ictimai xadim, yazıçı Şıxəli 

Qurbanov  (1925-1967),  aktyor  Mehdi  Məmmədov  (1918-

1985), yazıçı İsmayıl Şıxlı (1919-1997), müasir günlərdə şair-

lər-Zəlimxan  Yaqub  (1950-2016),  Sabir  Rüstəmxanlı  (1946), 

ANS-in vitse-prezidenti Mir Şahin, teleaparıcı Orxan Fikrətoğ-

lu və başqaları tanınmış  natiqlərdir. Qadınların böyük  əksəriy-

yəti  kütləvi  çıxışlardan,  ictimai  mövzulardan,  polemikalardan 

yayınırlar,  amma  elə  ki,  onların  şəxsi  həyatından,  ailəsindən, 

sevimli işindən, puldan, ən nəhayət, onların sevdikləri adamlar-

dan  danışılarkən,  əskər  anaları  komitələrində,  toy  və  ya  yas 

məclislərində  olarkən həvəslə  danışırlar. Xalq  artisti,  xanəndə, 

millət  vəkili  Zeynəb  Xanlarova,  teleaparıcı  Flora  Xəlilzadə, 

aşıq  Cığatel,  Aşıq  Telli,  Aşıq  Zülfiyyə  belələrindəndir.  Əksə-

riyyəti  mükəmməl  savada,  geniş  dünyagörüşünə  malik  müasir 

natiqlər  hərtərəfli  inkişaf  etmiş  adamlardır,  haqqında  danışa-



 

 

52 



caqları işi bütün incəliklərinə qədər öyrənir, faktları təhlil edir, 

müqayisələr, tutuşdurmalar aparırlar, buna görə də dinləyicilə-

rin ehtiramını, məhəbbətini qazanmışlar. Onlar ana dilimizi gö-

zəl  bildiklərindən onun incəliklərindən məharətlə  istifadə  edir, 

sözü,  ifadəni,  cümləni  məqamına  görə  işlətməyi  və  beləliklə 

dinləyicilərə güclü təsir göstərməyi bacarırlar.  

Respublikamızda ictimai-siyasi natiqliyin ən bariz nümunə-

lərini  xalqımıza  zəmanəmizin  ən  tanınmış,  ən  görkəmli  siyasi 

xadimi ümummilli lider, ulu öndər Heydər Əliyev (1923-2003) 

bəxş  etmişdir.  Dövlət  xadimi  gözəl  danışığı  ilə  hadisələrin 

mahiyyətini,  qarşılıqlı  əlaqəsini  dəyərləndirdiyinə  və  insan 

hüquqlarını düzgün qiymətləndirdiyinə görə daim xatırlanır. Da-

hi siyasətçi həm siyasi, həm hüquqi, həm də akademik natiqliyin 

sirlərinə  məharətlə  yiyələnmiş  bir  insan  idi.  O,  məruzə,  nitq  və 

çıxışlarında  dilimiz,  incəsənətimiz,  mədəniyyətimiz  və 

mədəniyyət xadimlərimiz haqqında söylədiyi orijinal sözləri, de-

yimləri  və  fikirləri  ilə  bütün  gənclərimizə  nümunə  idi.  Bu  gün 

gənc  nəsil,  xüsusən  tələbələrimiz  müasir  dünya  siyasətini  və 

beynəlxalq hüququ Heydər Əliyev diplomatiyasından öyrənməli, 

Azərbaycanı  sevməyi  və  sevdirməyi  bacarmalıdırlar.  Onun 

natiqlik estafetini bu gün prezident İlham Əliyev davam etdirir, 

Azərbaycanın  uğurlarını  səfər  etdiyi  ölkələrdə,  aparıcı  döv-

lətlərdə,  BMT  və  ABŞ-da bir neçə  dildə, o cümlədən Azərbay-

can, rus, ingilis və fransız dillərində dünya xalqlarına çatdırır.  

Həyatda yaxşı danışmaq arzusunda olan insanlara çox rast 

gəlirik. Lakin onlar özlərini dinləyicilərin qarşısında necə apar-

mağı  bilmir,  çıxış  vaxtı lazımlı,  münasib  söz  və ifadələri  tap-

maqda çətinlik çəkir, fikirlərini ardıcıl şərh etməkdə aciz qalır-

lar.  Yaxşı  danışmaq  arzusunda  olanların  qarşıya  qoyulmuş 

məqsədə çatmasına bəzi hallarda danışa bilməmək qorxusu, bə-

zən də utancaqlıq mane olur. Bunun əksi də mövcuddur, məişət 

münasibətlərində  çox  utancaq  olan,  lakin  xitabət  kürsüsündə 

özünün  sərbəst  danışığı  ilə  tanınmaz  dərəcədə  dəyişən  adam-

lara da az təsadüf olunmur.  



 

 

53 



Natiq  dərin  mühakiməyə,  əqli  nəticəyə,  müdrikliyə  əsas-

lanan dəlillərdən məharətlə istifadə etməyi bacarmalıdır. Onun 

səs  tonu,  intonasiyası,  jestləri,  mimikası,  müəllif  maneraları 

dinləyicilərə  təsir  göstərən,  onlarda  natiqin  fikrinə,  dünyaba-

xışına təsir göstərən başlıca amillərdən olmalıdır.  

Hazırda biz olduqca maraqlı və canlı danışıq aləmi ilə əha-

tə  olunmuşuq.  Evdə,  işdə,  məişətdə,  orta  və  ali  məktəblərdə, 

yığıncaqlarda, mikrofonlar qarşısında, kino-teatr tamaşalarında, 

radioda, televiziya ekranlarında, internet şəbəkələrində adamlar 

mühazirə  oxuyur,  məruzə  söyləyir,  disput  və  müzakirələrdə 

çıxış  edirlər.  Ana  dilini  mükəmməl  bilməyən  adamların  nitqi 

gözəl,  aydın,  dəqiq  və  ifadəli  olmadığından  onlar  yuxarıda 

qeyd  etdiyimiz  yerlərdə  çıxış  edə  bilməzlər.  Əgər  çıxış  edib-

lərsə, deməli onların nitqi arzu olunan səviyyədə olmuşdur. Bu 

da  mədəni  insanın  xüsusi  bir  elm  kimi  inkişaf  etmiş  natiqlik 

sənətinə  yiyələnməsi  hesabına  baş  verir.  Natiq  mütləq  nitqin 

ifadə  tərzinə  –  üslubuna,  bitkinliyinə,  aydınlığına,  dəqiqliyinə, 

məntiqi ardıcıllığına, emosional təsirinə və faktların, sübutların 

obyektiv  təhlilinə  böyük  əhəmiyyət  verməlidir,  bədii  təsvir  və 

ifadə vasitələrindən yeri gəldikcə bəhrələnməlidir.  

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə